14-Məsum (Əhli-Beyt)İmam Əli (ə)

Əhli-sünnə alimləri “Əliyyun məəl-həqq” hədisini hansı ifadələrlə nəql etmişlər?

Əhli-sünnə alimləri “Əliyyun məəl-həqq” hədisini hansı ifadələrlə nəql etmişlər?

Qısa cavab:Əhli-sünnə alimləri "Əliyyun məəl-həqq" hədisini hansı ifadələrlə nəql etmişlər?

Əliyyun məəl-həqq” (“Əli haqq ilədir”) hədisini əhli-sünnə alimlərindən bir çoxu öz kitablarında nəql etmişlər, o cümlədən Xətib Bəğdadi, Heysəmi, İbn Quteybə, Zəməxşəri, Təbərani, Hakim Nişapuri, Fəxr Razi, Hafiz Gənci və Xətib Xarəzmi.


Ətraflı cavab:

“Əliyyun məəl-həqq” (“Əli haqq ilədir”) hədisini əhli-sünnə alimlərindən bir çoxu öz kitablarında nəql etmişlər ki, onların bəzilərinin sözlərini qeyd edirik:

1 – Xətib Bəğdadi sənədlərlə Əbu Zakirin qulamı Əbu Sabitdən belə nəql edir: Mən Ümmü Sələmənin yanına gedəndə ağladığını gördüm. O, Əlini yad edərək deyirdi: Peyğəmbərin (s) onun barəsində belə buyurduğunu eşitdim:

 

عَلِىٌّ مَعَ الْحَقِّ وَالْحَقُّ مَعَ عَلِىٍّ لَنْ یَفْتَرِقَا حَتَّى یَرِدَا عَلَىَّ الْحَوْضَ

“Əli haqq ilə, haqq da Əli ilədir. Bu ikisi qiyamət günündə hovuzun kənarında mənə qovuşana qədər bir-birindən ayrılmazlar.” (1)

 

2 – Heysəmi həmin məzmunlu hədisi sənədlərlə Səd ibn Əbu Vəqqasdan, o da Ümmi Sələmədən nəql etmişdir. (2)

3 – İbn Quteybə, Məhəmməd ibn Əbubəkrin belə dediyini nəql edir: Bacım Aişənin yanına gedib dedim: “Peyğəmbərin (s) “Əli haqq ilə, haqq da Əli ilədir”-deyə buyurduğunu eşitdiyin halda nə üçün onun əleyhinə qiyam edərək müharibə apardın?!” (3)

4 – Zəməxşəri nəql edir ki, Əbu Sabit icazə alaraq Ümmü Sələmənin yanına getdi. Ümmü Sələmə ona buyurdu: “Mərhəba sənə, ey Əbu Sabit! Qəlblər müxtəlif tərəflərə uçan zaman sənin qəlbin kimə doğru meyl etdi?” Əbu Sabit dedi: “Əlinin ardınca getdim.” Ümmü Sələmə buyurdu: “Müvəffəq oldun! And olsun o Allaha ki, canım onun qüdrəti əlindədir! Həqiqətən mən Peyğəmbər (s)-in belə buyurduğunu eşitdim:

 

عَلِىٌّ مَعَ الْحَقِّ وَالْقُرْآنِ وَالْقُرْآنُ مَعَ عَلِىٍّ وَلَنْ یَفْتَرِقَا حَتَّى یَرِدَا عَلَىَّ الْحَوْضَ

“Əli haqq ilə və Quran ilə, Quran da Əli ilədir. Onlar hovuzda mənim yanıma gələnə qədər bir-birindən ayrılmazlar.” (4)

 

5 – Təbərani və başqaları səhih sənədlərlə Peyğəmbər (s)-in Qədir-Xum günündə belə buyurduğunu nəql etmişlər:

 

اَللَّهُمَّ وَالِ مَنْ وَالَاهُ وَعَادِ مَنْ عَادَاهُ… وَاَدِرِ الْحَقَّ مَعَهُ حَیْثُ دَارَ

“Pərvərdigara, onu sevənləri sev, ona düşmən olanlarla düşmən ol… Əli hər yerdə olsa, haqqı onunla birgə et!” (5)

 

6 – Hakim Nişapuri, Tirmizi və başqaları səhih sənədlərlə Peyğəmbər (s)-in belə buyurduğunu nəql etmişlər:

 

رَحِمَاللهُ عَلِیّاً، اَللَّهُمَّ اَدِرِ الْحَقَّ مَعَهُ حَیْثُ دَارَ

“Allah Əliyə rəhm etsin! Pərvərdigara, Əli hər yerdə olsa, haqqı onunla birgə dolandır!” (6)

 

7 – Fəxr Razi öz təfsirində yazır:

“Əli ibn Əbutalibin həmişə “Bismillahir-Rəhmanir-Rəhim”i uca səslə oxuması çoxsaylı nəqllərlə sübut olunmuşdur. Hər kəs dinində Əli ibn Əbutalibə iqtida etsə (tabe olsa), mütləq hidayət olunmuşdur. Bu məsələnin dəlili də Peyğəmbər (s)-in buyurduğu bu sözdür:

 

اَللَّهُمَّ اَدِرِ الْحَقَّ مَعَهُ حَیْثُ دَارَ

“Pərvərdigara, Əli harada olsa, haqqı onunla (Əli ilə) birlikdə dolandır.” (7)

 

8 – Hafiz Gənci və Xətib Xarəzmi, Zeydin “Müsnəd”indən nəql ediblər ki, Peyğəmbər (s) İmam Əlinin barəsində buyurdu: “Həqiqətən haqq səninlədir, haqq sənin dilində, qəlbində və iki gözlərinin arasındadır. İman mənim ətimlə-qanımla qaynayıb qarışdığı kimi, sənin ətinlə-qanınla da qaynayıb-qarışmışdır.” (8)

9 – Əbu Yəla və başqaları sənədlərlə Əbu Səid Xudridən nəql edirlər ki, Peyğəmbər (s) Əliyə işarə edərək buyurdu: “Haqq onunladır, haqq onunladır.” (9)

10 – Heysəmi sənədlərlə Ümmü Sələmədən belə nəql edir: “Əli haqq üzərindədir, hər kəs ona tabe olsa, haqqa tabe olmuş, hər kəs ondan ayrılsa, haqdan ayrılmışdır. Bu bir əhddir ki, bu gündən qabaq bağlanmışdır.” (10) (11)


Qeydlər:

1. “Tarixu Bəğdad”, cild, 14, səh. 321.
2. “Məcməuz-zəvaid”, 7-ci cild, səh. 236.
3. “Əl-imamətu vəs-siyasət”, 1-ci cild, səh. 73.
4. “Rəbiul-əbrar”, 1-ci cild, səh. 828.
5. “Əl-mu`cəmul-ovsət”, 5-ci cild, səh. 455, hədis: 4877.
6. “Mustədrək”, Hakim, 3-cü cild, səh. 135, hədis: 4629; Camiu Tirmizi, 5-ci cild, səh. 592, hədis: 3724.
7. “Ət-təfsirul-kəbir”, 1-ci cild, səh. 205.

8.Kifayətut-talib”, səh. 265, bab 62; Mənaqibu Xarəzmi”.
9. “Musnədi Əbu Yə`la”, 2-ci cild, səh. 318, hədis: 1052; “Məcməuz-zəvaid”, 7-ci cild, səh. 35.
10. “Məcməuz-zəvaid”, 9-cu cild, səh. 134.
11. Əli Əsgər Rizvani, “İmamşünaslıq və şübhələrə cavab”, (2), səh. 421.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir