Məlumdur ki, bütün peyğəmbərlər hər şeydən qabaq özünü camaatın gözündə
doğrultmalı, camaatın rəğbətini qazanmalı və camaatın ona etimadı olmalıdır. Belə ki, heç
kim onun sözlərində yalan, səhv, xilafkarlıq olduğunu ehtimal belə etməməlidir. Əgər belə
olmasa, onun rəhbərlik məqamı aradan çıxacaq.
Əgər peyğəmbərlər məsum olmasalar, bəhanə axtaranlar onların səhvlərinə görəcək,
həqiqət axtaranlar isə onların dəvətlərinin məğzi aradan qalxdığına görə, onlara tabe
olmayacaqlar. Tabe olsalar da, sidqi-ürəklə tabe olmayacaqlar. «Etimad dəlili» adlandırılan
bu dəlil peyğəmbərlərin nə üçün məsum olduqları sualına bir cavab, şahid və sübutdur.
Başqa sözlə, necə ola bilər, Allah sərgərdan və laqeyd bir insana itaət etməyi əmr etsin,
həmin insan isə səhv, yaxud günah işlətsin? Belə bir vəziyyətdə insanlar onun ardınca gedib
itaət etməlidirlərmi? Əgər itaət etsələr, günah və səhvə itaət etmiş olarlar, yox, əgər itaət
etməsələr, onda peyğəmbərin rəhbərlik məqamı aradan qalxar. Özü də, peyğəmbərlərin
rəhbərlik məqamı başqalarının rəhbərlik məqamından fərqlənir. Çünki bütün insanlar əqidə
və məsləklərini onun dediyi sözlərə əsasən tənzimləyir. Məhz buna görə, müfəssirlər
(təfsirçilər) «Allaha, peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin»
ayəsinə yetişdikdə deyirlər ki, qeyd-şərtsiz itaət əmri həm peyğəmbərlər, həm də ixtiyar
sahiblərinin məsum olduqlarına sübutdur. (İxtiyar sahibləri dedikdə isə imamlar başa
düşülür). Əgər onlar (peyğəmbərlər və ixtiyar sahibləri) məsum olmasaydılar, Allah açıq
şəkildə onların ardınca getməyi və itaət etməyi əmr etməzdi.
Peyğəmbərlərin məsum olduqlarını sübut edən başqa bir yol peyğəmbərlərdə günahın
səbəbinin olmamasıdır. (yəni, elə bir səbəb yoxdur ki, onlar bu səbəbdən günaha əl atsınlar.)
İzah: Biz özümüzə nəzər saldıqda görürük ki, bəzi günah və ya pis işlərə münasibətdə
demək olar ki, məsumuq.
Aşağıdakı nümunələrə diqqət edin
39
Ağıllı bir şəxsin od, kül və çirkin şeyləri yemək fikrinə düşdüyünü görmüsünüzmü?
Əlbəttə ki, xeyr. Əgər görsək, bir nəfər bu cür hərəkətlər edir, dərhal onun dəli olduğunu
zənn edəcəyik. Çünki ağıllı şəxsin bu hərəkətləri etməsi mümkün deyil və bunu heç cür
ağlımıza sığışdıra bilmərik. Bu kimi işlərin pis və bəyənilməz olduğunu təhlil etdikdə
görürük ki, bu işlər o qədər pisdir ki, heç bir düşüncəli insan bunlara əl atmaz. Qısaca deyə
bilərik ki, düşüncəsi olan hər bir insan bu cür iş və hərəkətlərdən yana məsumdur (günahsız
və təqsirsizdir).
Bəhsimizin dairəsini bir az da genişləndirib deyirik ki, insanların bir qismi bəzi
günahlar və pis işlərə nisbətən məsumdur, lakin başqa bir hissə həmin günahlara düçar
olmuşdur. Məsələn, mahir bir həkim mikroblu və bulanlıq suyu içməz. Amma savadsız bir
əkinçi o suyu içir. Çünki o, suda olan mikrobları tanımır və onun zərərindən xəbərsizdir.
Deməli, belə çıxır ki, insanın bir mövzu barədə elmi, məlumatı nə qədər çox olsa, bir o
qədər pis işlərdən çəkinər və günahlardan uzaq olar. Bu hesabla, əgər bir nəfərin imanı,
biliyi həddən artıq yuxarı səviyyədə olsa və Allaha, onun ədalət məhkəməsinə sanki
bunların hamısını gözləri qarşısında görürmüş kimi etiqad bəsləsə, bütün günahlardan uzaq
olar. Onun pis əməllərə, günahlara olan münasibəti, bizim küçədə anadangəlmə çılpaq
hərəkət etməyə olan nisbətimiz kimidir. Haram malı yemək onun nəzərində ağıza od
aparmaq kimi bir şeydir. Biz odu ağzımıza almadığımız kimi, o da haram malı ağzına almaz.
Deyilənlərdən belə nəticəyə gəlirik ki, peyğəmbərlərin yüksək dərəcədə olan elmi,
imanı onları günah etməkdən çəkindirir. Günah onların hətta fikrlərinə belə gəlmir. Buna
görə deyirik ki, peyğəmbərlər məsumdurlar.
İsmət (günahsızlıq) məqamı necə iftixar ola bilər?
İsmətin və məsum olmanın mənasını yaxşı anlamayan bəzi şəxslər deyirlər ki, əgər
Allah bir nəfəri məsum edibsə və günahı onun hətta fikrinə belə gətirmirsə, bunun harası
fəxrdir? Bu məcburi məsumluqdur. Məcburi məsumluğun da heç bir şərafət və dəyəri
yoxdur. Yuxarıda verilmiş izahatda bu məsələnin cavabı tamamilə aydındır. Peyğəmbərlərin
günahlardan məsum olmaları heç də məcburi deyildir. Əksinə, onlar bu rütbəyə, bu
dərəcəyə öz güclü iman, elm, yəqinlikləri sayəsində nail olmuşlar. Bu da onlar üçün ən
böyük şərəfdir. Əgər təcrübəli bir həkim özünü xəstəliklərdən qoruyursa, bu onun məcbur
olduğunumu göstərir? Bu cür bir həkim bütün təmizliklərə riayət edirsə, bu onun üçün şərəf
hesab olunmurmu? Hüquqşünas təhlükəli bir cinayətin hansı pis nəticələr verəcəyini bilir və
həmin cinayətdən özünü gözləyirsə, bu onun üçün şərəf deyilmi?
Deməli, peyğəmbərlərin nail olduğu məsumluq rütbəsini onlar öz ixtiyarları ilə
qazanmışlar və bu onlar üçün böyük bir iftixardır.
Fikirləşin və cavab verin
1.Məsumluğun neçə budağı var?
2.Əgər peyğəmbərlər məsum olmasaydılar, nə olardı?
3.İsmət (məsumluq) məqamının həqiqəti nədir?
4.Dərsdə deyilən misallardan başqa bütün və ya bəzi insanların uzaq olduğu bir neçə
günah saya bilərsinizmi?
5.Peyğəmbərlərin məsumluğu məcburidir, yoxsa öz iradələri ilə qazanmışdır? İsbat
edin.
Nə üçün peyğəmbərlər məsumdurlar? (günahsızdırlar?) Günah və səhvdən uzaq olma