“Casiyə” surəsi
Rəhman və Rəhim Allahın adı ilə!
- Ha, Mim!
- Bu kitab qüdrətli, müdrik Allah tərəfindən nazil edilmişdir.
- Şübhəsiz, göylərdə və yerdə möminlər üçün nişanələr vardır.
- Sizin yaradılışınızda və (yer üzünə) yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün nişanələr vardır.
- Gecə və gündüzün bir-birini əvəz etməsində, Allahın göydən bərəkət endirib onun vasitəsilə yerə ölümündən sonra həyat bəxş etməsində, habelə küləklərin əsməsində düşüncəli insanlar üçün nişanələr vardır.
- Bunlar Allahın nişanələridir. Biz onu sənə haqq olaraq oxuyuruq. Onlar Allahın sözünə və ayələrinə inanmadıqdan sonra daha hansı sözə inanacaqlar?!
- Vay halına günahkar yalançının!
- O, Allahın ona oxunan ayələrini eşidir və sonra, sanki onları eşitməmiş kimi təkəbbür göstərərək əks mövqeyinə israr edir. Beləsini ağrılı-acılı bir əzabla müjdələ.
- Ayələrimizin hansındansa xəbərdar olduğu zaman onu lağa qoyur. Belələri üçün alçaldıcı bir əzab vardır.
- Onları Cəhənnəm izləyir. Nə qazandıqları, nə də Allahdan başqa tutduqları himayəçilər onları (əzabdan) xilas edə bilməyəcəklər. Onları böyük bir əzab gözləyir.
- Bu (Quran) doğru yol göstəricisidir. Rəbbinin ayələrini inkar edənləri ən pis cəza – ağrılı-acılı əzab gözləyir.
- Gəmilərin Onun əmri ilə dənizdə üzməsi və sizin də Onun lütfündən faydalanmağınız üçün dənizi sizə ram edən Allahdır. Bəlkə şükür edəsiniz.
- Göylərdə və yerdə olanların hamısını Özü sizə ram etmişdir. Bunda düşünən adamlar üçün nişanələr vardır.
—————————————————————————————–
“Casiyə” surəsinin ümumi məzmunu: Bu surə yeddi mövzunu əhatə edir: 1. Quranın əzəməti; 2. Təkallahlığı sübuta yetirən dəlillərin bir qismi; 3. Naturalistlərin bəzi iddiaları və onlara cavab; 4. Keçmiş xalqların, o cümlədən İsrail oğullarının aqibətinin necə olmasına işarə; 5. Öz azğın inancları üzərində israrla dayanmış azğınlara qarşı təhdid; 6. Doğru yoldan sapmamaq və qətiyyət göstərməklə yanaşı əfv və güzəştə dəvət; 7. Qiyamətin təkanverici hadisələrinə işarə.[1]
- İnsanın qəribə yaranışına diqqət: Bu ayəyə əsasən insanın mürəkkəb yaranışına diqqət varlıq aləminin bilikli və qüdrətli yaradıcısını tanımaq üçün uyğun nərdivan rolunu icra edə bilər. İnsan bütün kainatı özündə xülasələşdirmiş kiçik bir cismdir. Onun bir hüceyrəsinin quruluşu böyük bir sirli sənaye şəhərinin quruluşu boydadır. Elmi araşdırmalar nəticəsində bəzi xüsusiyyətləri kəşf edilmiş bir tük kompleks olaraq bütün xüsusiyyətləri ilə yaranışı Allahın böyük nişanələrindən biridir. Bədəndə irili-xırdalı minlərlə kilometr uzunluqda olan damarların, həddən artıq incə olan kapillyarların, minlərlə kilometr uzunluqda sinir sistemlərinin mövcudluğu, onların beyində yerləşən həddən artıq mürəkkəb, sirli, eyni zamanda güclü olan bir mərkəzlə əlaqəsi, bədənin daxilindəki orqanların hər birinin işləmə mexanizmi, qəfil hadisə baş verdiyi zaman onların heyrətamiz rabitəsi, xarici amillərin hücumu zamanı mühafizəçi qüvvələrin ciddi müdafiəsi və sair ayrı-ayrılıqda bütün mövcudat aləmini Allahın tanınma əlaməti kimi qəbul edən iman və qətiyyət axtarışında olan, fikir və düşüncə sahibləri üçün çox mühüm bir nişanədir. Maddə və dünya həyatından kənar bir həqiqətin olduğunu qəbul etməyən insanlar bütün ömürlərini tanınmazların tanınmasına, bilinməzlərin bilinməsinə sərf etsələr də bu reallığı dərk edə bilməyəcəklər.[2]
- Üç böyük nemətə – işıq, su və havaya diqqət: Bu ayədə insan və digər varlıqların həyatında mühüm rol oynayan üç böyük nemətə işarə edilmişdir. Birinci nemət işıq və qaranlıq, onların bir-birini əvəzləməsidir. Əgər gündüz daimi olsaydı, temperatur o qədər yüksələrdi ki, bütün canlılar yanardı. Əgər gecə daimi olsaydı, hər şey soyuqdan donardı. Alimlər bildirirlər ki, gecə və gündüzlərin uzunluğu və qısalığı baxımından Yer kürəsinin ayrı-ayrı regionlarının fərqlənməsinə baxmayaraq, ilin bütün günlərinin məcmusunu hesabladıqda, bütün regionların günəş enerjisindən eyni ölçüdə istifadə etdiyinin şahidi oluruq. İkinci nemət göyün həyat bəxş edən yağışdır. Nə zərifliyinə etiraz oluna bilər, nə də həyat bəxş etməsinə. Hər yerdə həyat, gözəllik və təravət nişanəsi sayılır. Niyə də olmasın? Halbuki insan, heyvan və bitkilərin çoxunun əsas hissəsini su təşkil edir. Üçüncü nemət küləkdir. Külək oksigenli havanı yerbəyer edib canlıların ixtiyarına verir. Karbonlu havanı təmizləmək və distillə etmək üçün meşələrə, düzlərə, səhralara aparır, təmizlədikdən sonra şəhər və kəndlərə qaytarır. Qəribəsi isə bitki və heyvanların fərqli tənəffüs sisteminə malik olmasıdır. Heyvanlar oksigeni alır, dioksidin karbon qazını buraxır. Bitkilər isə dioksidin karbonu alıb oksigeni verir, bununla da balansı təmin edir. Zaman keçdikcə faydalı ehtiyatın tükənməməsi üçün küləklər bitkiləri tozlandırmaqla yanaşı toxumları başqa yerlərə səpir, meşə və təbii guşələri becərir, okeanlarda dalğa yaradır, dalğa isə öz növbəsində dənizə həyat və hərəkət bəxş edir, suyu üfunətdən və zibildən xilas edir, gəmiləri suyun üzündə hərəkət etdirir.[3]
- İman gətirənlərə de: “Allah, etdikləri əməllərə görə hər bir tayfanın cəzasını versin deyə, Allahın günlərinə (Qiyamət gününə) ümidi olmayanları bağışlasınlar.
- Kim yaxşı iş görsə, (xeyri) özünə, kim də pislik etsə, zərəri özünə olar. Sonra hamınız Rəbbinizə qaytarılacaqsınız.
- Biz İsrail oğullarına kitab, hökmranlıq və peyğəmbərlik bəxş etmiş, onlara pak nemətlərdən ruzi vermiş və onları aləmlərdən üstün etmişdik.
- Onlara peyğəmbərlik və şəriətə dair aydın dəlillər vermişdik. Amma elm onlara gəldikdən sonra zülm və ağalıq etmək istəyi üzündən ixtilafa düşdülər. Amma sənin Rəbbin ixtilafa düşdükləri məsələlər barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir.
- Sonra səni doğru din və şəriət yolunda qərarlaşdırdıq. Sən ona tabe ol və bilməyənlərin istəklərinə tabe olma!
- Onlar səni Allahdan (və onun əzabından) əsla qurtara bilməzlər. Zalımlar bir-birinin dost və yoldaşıdır, Allah da təqvalıların dost və yoldaşıdır.
- Bu (Quran və İslam şəriəti) qəti inamı olanlar üçün görmə, doğru yola yönəlmə və mərhəmət vasitəsidir.
- Yoxsa günah qazanan və pis işlərlə məşğul olanlar onları iman gətirib yaxşı işlər görənlərlə eyni tutacağımızı və həyatları ilə ölümlərinin eyni olacağınımı güman edirlər? Nə pis mühakimə yürüdürlər!
- Allah göyləri və yeri ədalətlə yaratmışdır ki, hər kəs qazandığının əvəzini alsın. Onlara heç bir haqsızlıq edilməyəcəkdir.
————————————————————————————-
- Allahın günlərinə ümidi olmayanları bağışlasınlar: Bu ayə Məkkədə nazil olub. Özlərini üstün tutan və Allahın ayələrinə istehza edənlərdən bəhs edən ayələrdən sonra gəlir və onları çox ağır əzabla təhdid edir. Möminlər Peyğəmbərə (s) tənələr yağdıran, onu təhqir edən, təhqirlərində hədlərini aşan, Allahın ayələrinə rişxənd edən insanlarla qarşılaşanda ixtiyarları əllərindən gedir, Allahın kitabı və Peyğəmbərin (s) müdafiəsinə qalxar, kafirlərdən çirkin davranışlarından əl çəkmələrini, Allaha və Peyğəmbərə (s) iman gətirmələrini tələb edərmişlər. Ancaq onlar kafirlərin inad və təkəbbürləri ucbatından Allahın əzabına düçar olduqlarını və əsla doğru yola yönəlməyəcəklərini bilmirdilər. Buna görə də Allah Peyğəmbərə (s) göstəriş verir ki, möminlər bu tip kafirlərə güzəştə getsinlər, onlara etiraz etməsinlər. Çünki onlar tezliklə öz əməllərinin cəzasını alacaqlar. (Allahın günləri mövzusu ilə bağlı daha ətraflı məlumat almaq üçün bax: İbrahim-5).[4]
- Peyğəmbər (s) haqq din və şəriət yolu üzərində: “Şəriət” suyu yer səthində aşağıda olan çayın suyundan istifadə etmək üçün düzəldilmiş yola və ümumiyyətlə, insanı məqsədinə çatdıran istənilən yola deyilir. Bu ifadənin haqq din barəsində işlədilməsi onun vəhy mənbəyinə, Allahın razılıq çeşməsinə, dirilik suyuna bənzəyən əbədi xoşbəxtliyə çatdırması ilə bağlıdır. Bu ifadə Quranda cəmi bir dəfə, o da İslam dini haqqında işlədilmişdir.[5]
- Möminlərlə kafirlərin bir-birindən fərqlənən həyatı və ölümü: Quranın ayrı-ayrı ayələrində mömin və kafir, təqvalı və günahkar insanlar müqayisə edilmişdir. Bu ayədə Allah iman və saleh əməlin və ya küfr və günahın insan həyatına təsir etmədiyini söyləyənlərin fikirlərinin səhv olduğunu başa salmaq istəyir. Əslində, bu qrupların həyatları bir-birindən fərqlənir. Möminlər iman və saleh əməl sayəsində xüsusi rahatlıq əldə edir və bu rahatlıq nəticəsində dünya həyatının ən ağır hadisələri belə onlara təsir göstərmir. Halbuki imanı olmayan və günah çirkabına bulaşmış insanlar hər zaman stress və narahatlıq içindədirlər. Üzdə rifah içində olduqları təsəvvürü bağışlaslar da, hər zaman maddi mülkiyyətlərinin məhv olacağından əziyyət çəkir, çətinliklə qarşılaşdıqda onunla mübarizə apara bilmirlər. Möminlər Allahın himayəsi ilə doğru yolda olurlar, ancaq ikinci qrup insanların həyatda bəlli hədəf və proqramları olmur. Buna görə də qaranlıqlar içində özlərini itirmiş halda gəzirlər. Bu cəhətlər dünya həyatına aiddir. Ancaq əbədi aləmə bir qapı, axirətə bir darvaza olan ölüm təqvalılar üçün bütün çətinliklərdən xilas, əzab-əziyyətsiz həyata başlanğıcdır. Halbuki ölüm imanı olmayan günahkarlar üçün çətinliklər, əzab-əziyyətlə dolu olan ağır həyatın başlanğıcıdır. “Nəhl” surəsinin 32-ci ayəsində təqvalılar haqqında belə buyurulmuşdur: “O kəslər ki, mələklər onların canlarını tərtəmiz olduqları halda alıb deyirlər: “Sizə salam olsun! Əməllərinizə görə Cənnətə girin!” Halbuki imanı olmayan günahkarlarla başqa cür davranılacaq. “Nəhl” surəsinin 28-29-cu ayələrində belə buyurulur: “Mələklər özlərinə zülm edən kimsələrin canlarını aldıqları zaman onlar itaət göstərib: “Biz heç bir pis iş görmürdük!” (– deyəcəklər) Xeyr! Allah sizin nələr etdiyinizi bilir. (Onlara deyiləcək:) “İndi isə içində əbədi qalacağınız Cəhənnəmin qapılarından daxil olun! Təkəbbürlülərin qalacağı yer necə də pisdir!”[6]
- Nəfsinin istəyini öz tanrısı edən şəxsi gördünmü? Allah (əzəli) elmi sayəsində onu azğınlığa salıb, qulağını və qəlbini möhürləyib, gözünə də pərdə çəkib. Bu vəziyyətdə onu Allahdan başqa doğru yola kim yönəldə bilər? Məgər yada salıb xatırlamırsınız?
- Onlar dedilər: “Bizim dünya həyatımızdan başqa həyat yoxdur. Kimimiz ölür, kimimiz də onun əvəzinə doğulur. Bizi öldürən ancaq təbiət və zamandır”. Bu haqda onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar.
- Bizim aydın ayələrimiz onlara oxunduğu zaman onların: “Əgər doğru deyirsinizsə, atalarımızı (dirildib) gətirin!” – deməkdən başqa bir dəlilləri yoxdur.
- De: “Allah sizə həyat verir, sonra öldürür, sonra da sizi (gələcəyinə) heç bir şəkk-şübhə olmayan Qiyamət günü (dirildib) bir yerə toplayacaqdır”. Lakin insanların çoxu bilmir.
- Göylərin və yerin hökmranlığı ancaq Allaha məxsusdur. Qiyamət qopacağı gün yanlış yolda olanlar ziyana uğrayacaqlar.
- Sən bütün ümmətləri diz çökmüş görəcəksən. Hər bir ümmət öz kitabına tərəf çağırılacaqdır. (Onlara deyiləcək:) “Bu gün sizə etdiyiniz əməllərin əvəzini verəcəklər!
- Bu, Bizim sizin əleyhinizə həqiqəti söyləyən kitabımızdır. Biz sizin etdiyiniz əməlləri yazırdıq!”
- İman gətirib yaxşı işlər görənlərə gəlincə, Rəbləri onları öz rəhmətinə daxil edəcək. Bu, böyük qurtuluşdur.
- Kafir olanlara gəldikdə isə, (onlara deyiləcəkdir): “Məgər ayələrim sizə oxunmurdu? Siz isə təkəbbür göstərdiniz və günahkar adamlar idiniz.
- “Allahın vədi haqdır və Qiyamətlə bağlı heç bir şəkk-şübhə yoxdur!” – deyildiyi zaman siz deyirdiniz: “Biz Qiyamətin nə olduğunu bilmirik! Bu barədə yalnız güman edirik, heç bir əminliyimiz yoxdur.”
—————————————————————————————–
- Materialistlərin inancları: Bu ayədə tövhidi inkar edənlər haqqında bir mövzu açılmış və materialist qrupuna işarə edilmişdir. Materisalistlər varlıq aləminin yaradıcısı olduğunu qeyd-şərtsiz olaraq inkar edirlər. Halbuki müşriklərin çoxu Allahın varlığına inanır, ibadət etdikləri bütləri Onun şəfaətçiləri olduğunu düşünürlər. Kainatda baş verən hadisələrin subyektinin zaman və ya başqa bir iddiaya görə fələklərin hərəkət və vəziyyəti olduğunu iddia edən klassik materialistlər dünyada baş verən hadisələri fələklərlə əlaqələndirmiş, əsl səbəbkarın kürələr olduğuna inanmışlar. Bu xurafat zaman keçdikcə sıradan çıxmışdır. Xüsusilə astronomiya elmi inkişaf etdikdən sonra obyektiv aləmdə fələklər (büllur soğan qabığının iç-içə kürələri) deyilən bir fenomenin olmadığı, ulduzların da az-çox eynilə Yer kürəsinə bənzər quruluşa malik olduğu sübuta yetmişdir. Sadəcə, bəzisi sönükdür, bəzisi digər kürələrdən işıq alır, bəzisi işıq saçır. Materialistlər bəzən xoşagəlməz hadisələrə görə fələyi söyürlər. Çox maraqlıdır ki, müasir ədəbiyyatda bəzi allahpərəst şairlərin fələyin qəddar, tərsinə fırlanan çarx olduğunu söylədiklərinin şahidi oluruq. Onlar hər hansı hadisədə zamanı lənətləyib onu nifrin edirlər. Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Zamanı söyməyin, zaman Allahdır”. O bununla zamanın yalnız quruca söz olduğunu başa salmaq istəmişdir. Yəni bu dünyanın idarəedicisi və fırladanı Allahdır. Bu dünyanın idarəedicisini söyən özü də bilmədən Allahı söymüş olur. Bəzi böyüklər, hətta imamların kəlamlarında zamana nifrin edilməsi faktı ilə qarşılaşırıq. Təbii ki, onlar həmin ifadələrlə fələkləri və varlıq sistemini deyil, zəmanə insanlarını nəzərdə tutmuşlar.
- Diz çökmüş ümmətlər: Təfsirçilərin yazdıqlarından belə məlum olur ki, keçmişdə məhkəməyə çağırılmış insanlar başqalarından seçilmək üçün diz üstə əyləşərmişlər. Qiyamət günü də mühakimə olunmaları üçün o böyük məhkəmə qarşısında hər kəs diz üstə çökəcək. Çünki hazır vəziyyətdə oturan insanlar diz üstə otururlar. Qeyd olunan ifadə ilə ola bilsin ki, onların mühakiməyə hazır olduqları və ya zəif və aciz olduqları, varlıqlarını bürümüş qorxu ucbatından oturmaq nəzərdə tutulmuşdur. Ayədə bütün bu deyilənlərin hamısının birlikdə nəzərdə tutulduğunu da söyləmək olar.[7]
- Köçürmək: Bu ayə ilə bağlı müxtəlif izahlar irəli sürülmüşdür. Ancaq onların arasında ən uyğunu bu ikisindən biri ola bilər: Ola bilsin ki, burada “köçürmə” deyilərkən ya elə yazmaq nəzərdə tutulur, ya da insanın əməlləri insanın ixtiyarı olmadan yazdığı bir kitab kimidir, əməlləri hafizələrinə yazan mələklər həmin kitabın üzünü köçürürlər. Buna görə də “Yasin” surəsinin 12-ci ayəsində bu ifadənin əvəzinə “yazmaq” ifadəsi işlədilmişdir: “Həqiqətən, Biz ölüləri dirildir, öncədən göndərdiklərini və onların təsir və nəticələrini yazırıq”. (Qiyamət günü insanın öz əməllərindən xəbərdar olacağı ilə bağlı daha ətraflı məlumat almaq üçün bax: Muminun-62; Kəhf-49).[8]
- Onların etdikləri əməllərin pis nəticələri özlərinin qarşısına çıxacaq, nəhayət, istehza etdikləri onları bürüyəcək
- Onlara deyiləcəkdir: “Siz bu gününüzlə qarşılaşacağınızı unutduğunuz kimi, Biz də bu gün sizi unudacağıq. Yeriniz Cəhənnəmdir. Sizin heç bir köməkçiniz yoxdur.
- Bu, ona görədir ki, siz Allahın ayələrini məsxərəyə qoyurdunuz və dünya həyatı sizi aldatdı”. Bu gün onları oradan çıxarmayacaq və heç bir üzr qəbul edilməyəcək.
- Həmd göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha məxsusdur!
- Göylərdə və yerdə böyüklük və əzəmət yalnız Ona məxsusdur. Qüdrətli və müdrik Odur.
“Əhqaf” surəsi
Rəhman və Rəhim Allahın adı ilə!
- Ha, Mim!
- Bu kitab qüdrətli, müdrik Allah tərəfindən nazil edilmişdir.
- Biz göyləri, yeri və bu ikisi arasında olanları yalnız haqq olaraq və məlum bir zaman üçün yaratdıq. Kafirlər isə qorxudulduqları şeylərdən üz döndərdilər.
- Onlara de: “Mənə göstərin görüm, sizin Allahdan başqa tapındıqlarınız yer üzündə nə yaratmışlar? Yoxsa göylərin yaradılmasında onların bir şərikliyi var? Əgər doğru danışırsınızsa, (sözlərinizin doğruluğunu sübuta yetirmək üçün) mənə bundan əvvəl (nazil olmuş) bir kitab və ya keçmişdəkilərə aid bir elmi əsər gətirin”.
- Allahı qoyub Qiyamət gününə qədər onlara cavab verə bilməyən, çağırılmasından da xəbərsiz olan əşyaları çağıran şəxsdən daha azğın kim ola bilər?
—————————————————————————————
- Bu gün sizi unudacağıq: Şübhəsiz ki, elmi bütün varlıq aləmini əhatə edən Allah əsla unutmaz. Əslində, bu ifadə günahkar insana etinasızlıq və ona etina edilməməsini ifadə etmək üçündür. Dilimizdə də bu formadan istifadə edirik. Məsələn, “filan vəfasız dostu birdəfəlik unut, onu heç vaxt axtarma!”
Bu ifadə forması əməllərin təcəssümünü, cəza və cinayətin uyğunluğunu ifadə etmək üçündür. Çünki Qiyamət günündə unutmaq mərhəmətli və mehriban Allahın kimisə bütün lütf və mərhəmətindən məhrum etməsi deməkdir.[9]
“Əhqaf” surəsinin ümumi məzmunu: Bu surə aşağıdakı mövzuları ehtiva edir: 1. Quranın əzəməti; 2. Bütün növ şirk və bütpərəstliyə qarşı mübarizə; 3. Məad və Allahın ədalətli məhkəməsi; 4. Əhqaf diyarının Ad qövmü; 5. Peyğəmbərin (s) dəvətinin ümumiliyi və genişliyi (insanlarla yanaşı cinlərə də şamil olması). 6. Möminlərin həvəsləndirilməsi, kafirlərin qorxudulması; 7. Peyğəmbəri (s) daha çox səbirli və dözümlü olmağa, keçmiş peyğəmbərlər kimi davranmağa çağırmaq.[10]
- Keçmiş ümmətlərə aid kitab və ya elmi əsərin gətirilməsini istəmək: Bu ayədən belə başa düşülür ki, dəlil ya səmadan göndərilmiş vəhy əsaslı nəqli, ya rasional və məntiqi olmalı, ya da elm adamlarının təsdiqinə əsaslanmalıdır. Müşriklər öz bütləri ilə bağlı irəli sürdükləri iddialarda nə hər hansı səmavi kitaba əsaslanırdılar, nə də ibadət etdikləri bütlərin göylərin və yerin yaradılışına ortaq olduqlarını sübuta yetirə bilirdilər. Onların iddialarını nə ağıl qəbul edir, nə də keçmiş xalqların elmi əsərləri təsdiq edirdi. Onların dinləri yalnız bir ovuc xurafatdan və yalançı xəyallardan ibarət idi.[11] İmam Əli (ə) İmam Həsənə (ə) etdiyi vəsiyyətində belə buyurmuşdur: “Bil ay oğlum! Əgər Rəbbinin şəriki olsaydı, onun da peyğəmbərləri gələrdi, onun da hökmranlıq və idarəçiliyinin əlamətlərini görərdin, işləri və xüsusiyyətlərindən xəbərdar olardın. Amma sənin Allahın Özü-Özünü səciyyələndirdiyi kimi təkdir.” Allah hikmət sahibidir, müdrikdir, hikmət sahibi olan Allahın həm yaradılış, həm də qanunvericilik aləmində doğru yola yönəldən bələdçisi və lütfü vardır. Bəs kainatda heç bir əsər-əlaməti, elçiləri olmayan başqa Allahın varlığı necə təsəvvür edilə bilər? Əgər varsa, bu, onun müdriklikdən kənar olduğunu göstərir, çünki insanları onu, onun əzəmət və qüdrətini tanımaqdan məhrum edib. Bundan başqa, bütün peyğəmbərlərin insanları təkallahlığa dəvət etməsi ikinci Allahın fərz edilməsi ilə uyğun gəlmir. Çünki peyğəmbərləri göndərən bir Allahın yalan danışıb insanları təkallahlı olmağa çağırması qeyri-mümkündür. Çünki bu da Onun hikmət və müdrikliyi ilə düz gəlmir. Əlbəttə, Allahın təkliyini sübut edən başqa dəlillər də mövcuddur. Ancaq bütün peyğəmbərlərin insanları tək olan Allaha doğru çağırması da müstəqil dəlillərdən biridir.[12] Buna görə də “mənə göstərin görüm, sizin Allahdan başqa tapındıqlarınız yer üzündə nə yaratmışlar?” cümləsi ilə əqli dəlilə, “əgər doğru danışırsınızsa, (sözlərinizin doğruluğunu sübuta yetirmək üçün) mənə bundan əvvəl (nazil olmuş) bir kitab və ya keçmişdəkilərə aid bir elmi əsər gətirin” cümləsi ilə nəqli dəlilə, “keçmişdəkilərə aid bir elmi əsər” ifadəsi ilə peyğəmbərlərin və onların icraçılarının ənənəsinə, keçmiş alimlərin əsərlərinə işarə edilmişdir. İmam Baqir (ə) “elmi əsər” ifadəsini təfsir edərkən buyurmuşdur: “Burada peyğəmbərlərin canişinlərinin elmi nəzərdə tutulmuşdur”.[13]
- İnsanlar bir yerə toplanılacaqları zaman məbudları onlara düşmən kəsiləcək, hətta ibadətlərini inkar edəcəklər.
- Açıq-aydın ayələrimiz onlara oxunduğu zaman kafirlər onlara gəlmiş həqiqət qarşısında dayanıb: “Bu, açıq-aşkar bir sehrdir!” – deyirlər.
- Yaxud: “Bu ayələri Allahın adından uydurub!” – deyirlər. De: “Əgər mən onu Allahın adından uydurmuşamsa, siz məni Allahdan qoruya bilməzsiniz. O, sizin etdiyiniz əməllərdən daha yaxşı xəbərdardır. Allahın mənimlə sizin aranızda şahid olması yetər. O, bağışlayandır, rəhmlidir”.
- De: “Mən təzəcə zühur etmiş bir peyğəmbər deyiləm. Mənim və sizin başınıza nə gələcəyini də bilmirəm. Mən yalnız mənə vəhy olunana tabe oluram. Mən yalnız açıq-aşkar qorxudanam!”
- De: “Mənə deyin görüm, əgər bu Quran Allah tərəfindən olsa və siz də onu inkar etmiş olsanız, halbuki İsrail oğullarından biri də ona şahidlik edib iman gətirsə, siz isə təkəbbür göstərsəniz (sizdən zülmkar adam olarmı)? Allah zalımları doğru yola yönəltməz!”
- Kafirlər möminlər haqqında belə dedilər: “Əgər (İslam) yaxşı bir şey olsaydı, onlar bunda bizi qabaqlaya bilməzdilər!” Bunun vasitəsilə doğru yola gəlmədikləri üçün: “Bu, köhnə bir yalandır!” – dedilər.
- Ondan əvvəl Musanın rəhbər və rəhmət olan kitabı var idi. Bu isə zalımları qorxutmaq və yaxşı iş görənlərə müjdə vermək üçün ərəb dilində, fəsih və aydın şəkildə nazil edilmiş, Tövratın əlamətləri ilə uyğunluq təşkil edən bir kitabdır.
- “Rəbbimiz Allahdır!” – deyib sonra düz yol tutanlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.
- Onlar Cənnət əhlidirlər və etdikləri əməllərin əvəzi olaraq orada əbədi qalacaqlar.
——————————————————————————-
- Müşriklərin iradlarının çoxuna bir cavab: Bu ayənin çox qısa, eyni zamanda dərin məzmunlu cümlələri müşriklərin iradlarının çoxuna bir cavabdır. Bəzən müşriklərə adi bir insanın Allahla əlaqə yarada bilməsi təəccüblü gəlirdi. Bəzən deyirdilər ki, nə üçün o yemək yeyir, küçə və bazarları gəzir, bəzən ondan əcaib möcüzələr göstərməsini istəyir, hər adam bir şey arzu edirdi. Bəzən Peyğəmbərin (s) qeyb elminin mədəni olduğunu hesab edib gələcəkdə baş verəcək bütün hadisələri onlara danışmasını istəyirdilər. Bəzən onun təkallahlıq və məbudun yeganə olması inancına çağırış etməsinə təəccüblənirdilər. Allah-taala bu ayə vasitəsilə bütün bəhanələrə cavab verərək buyurur: “De: “Mən təkallahlıq dininə çağıran ilk adam deyiləm. Məndən qabaq çoxlu peyğəmbərlər gəlib, hamısı da insan olub, hamısı paltar geyinib, yemək yeyib, heç biri də qeybi qeyd-şərtsiz olaraq bildiyini iddia etməyib. Hamısı qeyb hadisələrindən Allahın öyrətdiyi qədər xəbərdar olub. Onların heç biri insanların nəfsani istəklərindən qaynaqlanan təklifləri qarşısında təslim olmayıb. Hər kəs bilməlidir ki, Peyğəmbər (s) də Allahın bəndələrindən biridir. Onun da elmi və qüdrəti Allahın verdiyi miqyasla məhdudlaşır. Mütləq olan sonsuz elm və qüdrət Allaha məxsusdur.” İnsanların yersiz iradlara son qoyması üçün bunlar onların bilməli olduqları gerçəklərdir. Peyğəmbərin (s) qeybi bildiyi qeyd edilən ayənin bu ayə ilə təzad təşkil etmədiyini diqqətdən qaçırmamalıyıq. Çünki bu ayə qeyd-şərtsiz, mütləq, başqa sözlə desək, müstəqil bilməni inkar edir. Ancaq digər ayələrdə Peyğəmbərin (s) qeybdən Allahın təlimatı ilə xəbərdar olduğu buyurulur.[14]
- İsrail oğullarından Quranın düzlüyünə şahid: Təfsirçilərin çoxu qeyd edir ki, həmin adam Mədinədə iman gətirib müsəlmanlara qoşulmuş məşhur yəhudi alimi Abdullah ibn Səllam olmuşdur. Peyğəmbər (s) bir nəfər müsəlmanın, bir qrup da yəhudinin olduğu bir məclisdə ilarkən Abdullah ibn Səllam öncə yəhudilərdən onun (özünün) Tövratı onlardan yaxşı bildiyini öz dilləri ilə təsdiq etmələrini istəyir, bundan sonra İslam peyğəmbərinin (s) peyğəmbər olduğunu təsdiq edir, onun Tövrat və İncildə haqqında müjdə verilən peyğəmbər olduğuna şahidlik edir, sonra İslamı qəbul edir və oranı Peyğəmbərlə (s) birlikdə tərk edir.[15]
- Nəfsani istəklərin köləsi olmuş varlıların dinlə bağlı məntiqləri: Təfsirçilər bu ayənin nazilolma səbəbi ilə bağlı bir neçə mülahizə qeyd etmişlər. Onların hamsının məcmusundan belə başa düşülür ki, yoxsul, səhranişin, kasıb təbəqə İslamı çox sürətlə qarşıladı. Çünki onların nə təhlükəyə məruz qalacaq qeyri-qanuni mənfəətləri var idi, nə də beyinləri təkəbbür havası ilə dolmuşdu, digər tərəfdən isə, onların qəlbi əyyaş və nəfsani istəklərin əsirinə çevrilmiş varlıların qəlbindən çox-çox təmiz idi. Bu təbəqənin İslama isti qucaq açması Allah dininin ən güclü cəhətlərindən idi. Halbuki bu cəhət özlərini hər kəsdən yuxarı tutan müşriklər üçün zəif cəhət hesab edilirdi. Onlar deyirdilər: Bu necə dindir ki, onun davamçıları səhrada yaşayan yoxsul və kasıblar, kənizlər və qullardır? Əgər məntiqli bir məktəb olsaydı, onu heç də cəmiyyətin yalnız aşağı təbəqəsi deyil, eyni zamanda yüksək təbəqənin adamları, cəmiyyətin yanan çırağı olan bizlər də qəbul etməli idik. Din haqqındakı bu azğın və yanlış təfəkkür tərzi bu gün də özündənrazı varlılar və nəfsani istəklərin ardınca gedən imkanlılar arasında geniş yayılıb. Onlar deyirlər ki, din yoxsul və ayaqyalın adamlar üçündür, ümumiyyətlə, onlar bir-biri üçün yaxşıdır, biz daha yüksək təbəqənin adamlarıyıq. Quranın bu ayəsində Allah-taala onlara yetərli cavab verir.[16]
- Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Anası onu (bətnində) əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun (bətndə) daşınma və süddən ayrılması otuz ay çəkir. Nəhayət, o, güc və inkişafın yüksək həddinə yetişib qırx yaşa çatdıqda deyər: “Ey Rəbbim! Mənə, ata və anama bəxş etdiyin nemətə şükür etmək və Sənin razı qalacağın yaxşı işlər görmək üçün kömək et, övladlarımı da əməlisaleh et. Mən Sənə doğru qayıdıram. Mən müsəlmanlardanam!”
- Belələri, əməllərinin ən yaxşısını qəbul edəcəyimiz, günahlarından keçəcəyimiz və Cənnət əhli içərisinə daxil edəcəyimiz şəxslərdir. Bu, onlara verilmiş doğru vəddir.
- Kimisi də ata-anasına: “Off sizin əlinizdən! Məndən əvvəl neçə-neçə nəsillər gəlib-getdiyi halda, Qiyamət günü siz mənim çıxarılacağımı vəd edirsiniz?” – deyər. Onlar fəryad qoparıb Allahdan sürəkli yardım diləyəcək və deyəcəklər: “Vay sənin halına! İman gətir, Allahın vədi haqdır!” O isə deyəcək: “Bunlar keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir!”
- Belələri o kəslərdir ki, onların əzab fərmanı onlardan əvvəl gəlib-getmiş cin və insanlardan olan qövmlərlə birlikdə gerçəkləşmişdir. Çünki onlar hamısı ziyana uğrayanlardır.
- Allahın onlara əməllərinin əvəzini tam verməsi və heç bir haqsızlıq etməməsi üçün onların hər birinin etdiyi əməllərə görə dərəcələri vardır.
- Kafirlər odun qarşısına gətiriləcəkləri gün (onlara deyiləcəkdir:) “Siz dünya həyatınızda pak nemətlərinizdən istifadə edib zövq aldınız. Bu gün isə siz yer üzündə haqsız olaraq təkəbbür göstərdiyinizə və günah etdiyinizə görə alçaldıcı əzabla cəzalandırılacaqsınız!”
————————————————————————————–
- Ey insan, ata və anana yaxşılıq et: Bu ayədə bütün insanlara ata və analarına yaxşılıq etmələri tövsiyə edilir, stimul vermək üçün ananın hamiləlik, hamiləlikdən azad olma və süd verdiyi dövrlərin çətinlikləri xatırladılır. Ayədə “otuz ay” deməklə hamiləlik müddətinin minimum həddinə – altı ay və üstə gəl, süd vermə müddətinin maksimum həddi olan iki illik dövrə işarə edilmişdir. Hamiləliyinin altı ayında azad olan xanımlara, dünyaya gələn uşağın da sağlam olmasına çox təsadüf edilmişdir.[17] Hər halda qadın minimum otuz ay ərzində böyük fədakarlıq göstərib övladı üçün çox çətinliklərə dözür. Nütfənin tutduğu ilk günlərdən başlayaraq ananın vəziyyəti dəyişir, çətinliklər bir-birini əvəzləməyə başlayır. Döl böyüdükcə ananın canının şirəsini daha çox tükədir, hətta əsəblərinə və sümüklərinə təsir göstərir, tez-tez ananın yuxusunu, yeməyini, istirahətini, rahatlığını əlindən alır, hamiləliyin son dövrlərində yerimək, hətta oturmaq və durmaq onun üçün çətinləşir. Ancaq ana səbir edir, yüksək sevgi ilə onu dünyaya gətirir. Uşaq tezliklə gözünü açıb anasının üzünə gülümsəyən kimi hamiləliyin bütün çətinlikləri yadından çıxır. Hamiləlik dövrü ananın həyatının ən çətin dövrlərindən biridir. Hətta bəzən elə olur ki, ana canını övladına tapşırır. Hər halda bu ağır yük yerə qoyulduqdan sonra onun digər çətin dövrü başlayır. Bu dövrdə ana gecə-gündüz övladını gözdən qoymamalıdır. Bu, elə bir dövrdür ki, ana heç bir ehtiyacını deyə biləcək gücdə olmayan körpəsinin bütün ehtiyaclarını ödəməlidir. Bu mərhələdə körpənin ağrısı olduqda ağrıyan yerini göstərə bilmir, aclıq, susuzluq, isti və soyuqdan əziyyət çəkdikdə dərdini dilə gətirib deyə bilmir, əlindən gəldiyi şey yalnız ağlamaqdır. Ana ayıqlıq, səbir və hövsələ göstərib körpənin ehtiyaclarını tək-tək təmin etməlidir. Quranın burada ananın çətinliklərindən söz açıb atanın əziyyətlərinə işarə etməməsi atanın mövqeyinin yüksək olmaması ilə bağlı deyil. Sadəcə, ananınm əzabları çox olduğu üçün Allah burada onu daha çox qabartmışdır. Məhz buna görədir ki, hədislərdə də anaya daha çox yer verilmişdir. Ayədə diqqət çəkən məqamlardan biri qırx yaş həddidir. Ümumiyyətlə, bu nüans qırx yaşındakı insanın adətən əqli cəhətdən daha çox kamilləşməsi ilə bağlıdır. Peyğəmbərlərin əksəriyyətinə də peyğəmbərlik vəzifəsi məhz bu yaşda verilmişdir. Hədislərin birində belə deyilir: “Şeytan əlini qırx yaşına çatıb tövbə etməyənin üzünə çəkərək deyir: Heç vaxt nicat tapmayacaq surətə atam qurban.”[18]
- Zahidlik axirət üçün bir ehtiyatdır: Şübhəsiz ki, Allahın bu dünyadakı nemətlərindən istifadə etmək heç də pis hal deyil. Ən pis cəhət maddi ləzzətlərə batmaq, Allahı xatırlamağı, Qiyaməti unutmaq, dünya nemətlərindən tamamilə qeyd-şərtsiz istifadə, başqalarının hüquqlarını qəsb etməkdir. Bu ifadəyə Quranın yalnız bu ayəsində rast gəlinir. Belə ki, insan bəzən dünya nemətlərinə göz yumur, ya da Allahın buyurduğu əmrləri yerinə yetirmək üçün onlardan ehtiyacı qədər götürür. Belə olan halda həmin nemətləri axirəti üçün azuqə saxlamış olur. Ancaq çox vaxt dördayaqlılar kimi heç bir qeyd-şərtsiz onlardan istifadə edir, hamısını məhv edib dağıdır, axirət azuqəsini darmadağın etməklə yanaşı özü üçün günah xurcunu da hazırlayır. Bir gün möminlərin əmiri İmam Əli (ə) yumşaq çörəklə ciyərdən hazırlanmış bir yemək yeyir. Bu yeməyin üzərindən bir il keçir, ancaq İmam (ə) həmin il ərzində o yeməkdən bir daha yemir. Bir gün oruc olduğu vaxt İmam Həsənə (ə) həmin yeməkdən hazırlamasını istəyir. Həmin yeməklə iftarını açmaq istədikdə qapıya bir dilənçi gəlir. İmam (ə) buyurur: “Oğlum, bu yeməyi apar ona ver ki, sabah Qiyamətin günündə əməl dəftərimizdən: “Siz dünya həyatınızda pak nemətlərinizdən istifadə edib zövq aldınız”, – cümləsi oxunmasın.”[19]
- Ad qövmünün qardaşını (Hudu) xatırla! Bir zaman o, Əhqaf diyarında özündən əvvəl yaxın və uzaq keçmişlərdə çoxlu peyğəmbərlərin gəlib: “Allahdan başqasına ibadət etməyin!” – deyə qorxutduğu qövmünə: “Mən sizə üz verəcək böyük günün əzabından qorxuram!” – deyə qorxutmuşdu.
- Onlar isə demişdilər: “Sən (öz yalanlarınla) bizi məbudlarımızdan döndərməyəmi gəlmisən? Əgər doğru danışanlardansansa, bizə vəd etdiyin əzabı gətir!”
- Dedi: “Bu haqda bilgi təkcə Allaha məxsusdur. Mən sizə yalnız mənimlə göndəriləni təbliğ edirəm. Lakin mən sizin sürəkli olaraq cəhalət içində qalan bir qövm olduğunuzu görürəm”.
- Nəhayət onun (əzabın) vadilərinə və su bəndlərinə doğru bir bulud şəklində gəldiyini gördükdə (sevinc içində): “Bu, bizə yağış yağdıracaq buluddur!” – dedilər. (Ancaq onlara deyildi:) “Xeyr! Bu, gəlməsinə tələsdiyiniz – özü ilə ağrılı-acılı əzab gətirən bir küləkdir!
- O, öz Rəbbinin əmri ilə hər şeyi yerlə-yeksan edəcəkdir!” Onlar evlərindən başqa heç bir şeyin gözə dəymədiyi bir halda səhəri açdılar. Biz günahkar adamları belə cəzalandırırıq.
- Sizə vermədiyimiz qüdrəti Biz onlara vermişdik. Onlara qulaq, göz və qəlb vermişdik. Lakin (əzab nazil olanda) nə qulaqları, nə gözləri, nə də qəlblərinin onlara heç bir faydası olmadı. Çünki onlar Allahın ayələrini inkar edirdilər. İstehza edib ələ saldıqları onları yaxaladı.
- Biz sizin ətrafınızda olan şəhərləri məhv etdik. Ayələrimizi onlara müxtəlif formalarda izah etdik ki, bəlkə dönələr.
- Bəs nəyə görə Allaha yaxınlaşdıracağını güman edərək seçdikləri məbudlar onlara kömək etmədi? Əksinə, onlardan uzaqlaşıb yox oldular. Bu, onların iftiraları və uydurmalarının nəticəsidir.
———————————————————————————
- Əhqaf diyarı: “Əhqaf” küləklərin əsməsi nəticəsində səhralarda əyri-üyrü düzbucaqlı şəklində bir-birinin üzərinə qalaqlanmış çınqıllara (qumsal təpələrə) deyilir. Deməli, Ad qövmünün məskunlaşdığı ərazi qumsal yer olmuşdur. Bu ərazinin harada yerləşməsi ilə bağlı müxtəlif mülahizələr irəli sürülmüşdür. Bu mülahizələr arasında daha ağlabatanı Ərəbistan yarımadasının cənubu, Yəmən yaxınlığında bir ərazidir.[20]
24-25. Ad qövmünə göndərilən əzabla bağlı bəzi nüanslar: Təfsirçilərin yazdığına görə, onların məskunlaşdığı ərazilərə uzun müddət yağış yağmır, nəticədə, hava isti, quru və boğucu vəziyyət alır. Ad qövmü uzaq üfüqlərdən onların səmasına doğru iri və qara buludların gəldiyini görüb çox sevinir, onları qarşılamağa tələsir, bərəkətli yağışın yağmasına tamaşa edib ruhlarını təzələmək üçün vadilərin, arxların ətrafına toplaşır. Ancaq onlara bunun yağış olmadığı, gəlməsinə tələsdikləri həmin vəd olunan əzab olduğu xəbər verilir. Nəhayət, dağıdıcı tufan qopur, onların özlərini və mallarını məhv edir, cəsədlərini və mallarını uzaq-uzaq səhralara və dəniz sahillərinə səpələyir. Deyilənlərə görə onlar bir də toz-torpaqlı tufan onların ərazilərinə çatıb heyvanları, çobanları, onların çadırlarını havaya qaldıranda ayılırlar. Tufan onları o qədər yüksəyə qaldırır ki, havada sanki çəyirtkə sürüsünü xatırladırlar. Onlar bu səhnəni gördükdə evlərinə qaçıb qapılarını bağlayırlar. Amma külək qapıları yerindən qoparır, onların özlərini havaya qaldırıb ya yerə çırpır, ya da özü ilə uzaqlara aparır, meyitlərinin üstünü qum təpələri ilə örtür. Allah-taala “Haqqə” surəsinin 7-ci ayəsində belə buyurur: “Allah bu dağıdıcı tufanı yeddi gecə, səkkiz gün fasilə vermədən onların üstündə əsdirdi. (Əgər sən orada olsaydın,) o tayfanı xurma ağacının yıxılmış çürük gövdələri kimi yerə sərilmiş görərdin.” Onlar qum təpələrinin altında durmadan nalə çəkib inildəyirdilər. Allah külək əsdirib qumları kənara çəkir, yenidən bədənləri aşkara çıxır, onları götürüb dənizə tökür.[21]
- Sizin ətrafınızdakı şəhərləri məhv etmək: Allah Məkkə ətrafında məskunlaşmış, naşükürlük və nankorluq etdiklərinə görə əzaba düçar olmuş bir neçə qövmü xatırladır. Ad qövmü Ərəbistan yarımadasının cənubunda Əhqaf ərazisində, Səmud qövmü yarımadanın şimalında Hicr adlı ərazidə, Səba qövmü Yəməndə, Lut qövmü onların Şam istiqamətində olan yolları üzərində, Şüeybin qövmü Mədyəndə yaşayırdı. Şüeybin qövmü də çoxlu günah və nankorluq etdiyi üçün müxtəlif əzablara düçar olmuşdu.[22]
- Bir zaman bir dəstə cini Quranı dinləmək üçün sənin yanına yolladıq. Gəlib çatdıqdan sonra bir-birinə: “Susun və dinləyin!” – dedilər. (Quran oxunub) qurtardıqdan sonra isə öz tayfalarının yanına qayıdıb onları xəbərdar etdilər.
- Dedilər: “Ey qövmümüz! Biz, Musadan sonra nazil edilmiş, özündən əvvəlkiləri təsdiqləyən, haqqa və düz yola yönəldən bir kitab dinlədik!
- Ey qövmümüz! Allaha doğru dəvət edəni qəbul edin və ona iman gətirin ki, günahlarınızı bağışlasın və sizi ağrılı-acılı əzabdan qurtarsın!”
- Allaha doğru dəvət edəni qəbul etməyən şəxs yer üzündə Allahın əzabından yaxa qurtara bilməz və Allahdan başqa onun yar-yoldaşı da olmaz. Bu cür adamlar aşkar azğınlıq içindədirlər.
- Məgər onlar göyləri və yeri yaradan, onları yaratmaqla zəifləməyən Allahın ölüləri də diriltməyə qadir olduğunu görmürlər? Bəli, O, hər şeyə qadirdir.
- Kafirlərə odun qarşısına gətirilib: “Məgər bu, həqiqət deyilmi?” – (deyiləcəyi), onların: “Bəli, Rəbbimizə and olsun ki, (həqiqətdir!)” – deyə cavab verəcəkləri, (Allahın da): “Küfr etdiyinizə görə dadın əzabı!” – deyə xitab edəcəyi günü xatırla!
- Sən ulul-əzm peyğəmbərlər səbir etdikləri kimi səbirli ol! Onlar üçün (əzab istəməyə) tələsmə. Onlara vəd olunanları gördükdə (dünyada) günün yalnız bir saatı qədər qaldıqlarını sanacaqlar. Bu, hamıya ünvanlanmış bir elandır. Heç fasiq adamlardan başqası məhv olarmı?
—————————————————————————————-
29-32. Cin tayfası iman gətirir: Bu ayənin nazil olma səbəbi ilə bağlı müxtəlif hədislər mövcuddur. Hədislərin birində belə qeyd edilir: Allah rəsulu (s) insanları İslama dəvət etmək məqsədilə Zeyd ibn Harisə ilə birlikdə Məkkədən Taifin Ukaz bazarına gəlir. Ancaq heç kəs onun çağırışını qəbul etmir. Əlacsız qalan Peyğəmbər (s) Məkkəyə qayıdır, “Cin vadisi” adlanan yerə çatdıqda gecənin qaranlığında Quran oxumağa başlayır. Həmin vaxt oradan bir dəstə cin keçirmiş. Peyğəmbərin (s) Quran oxuduğunu görüb ona qulaq asır, bir-birinə: “Susun!” deyirlər. Peyğəmbər (s) Quranı oxuyub başa vurduqdan sonra onlar iman gətirir, bu həqiqəti öz tayfalarına çatdırmaq üçün tayfalarına doğru yollanır və onları İslama dəvət edirlər. Bu çağırışı müsbət qarşılayan bir dəstə cin iman gətirir və təbliğatçılara qoşulub Peyğəmbərin (s) yanına gəlir. Peyğəmbər (s) İslam dinini onlara öyrədir. Bu ayələr və “Cinn” surəsi də məhz elə burada nazil olur. Bu ayədə diqqət çəkən məqamlardan biri təbliğatçı cinlərin öz tayfaları arasında tətbiq etdikləri metoddur. Onlar Peyğəmbərin (s) yanına gəldikdən, Quranı eşitdikdən və onun mahiyyətini dərk etdikdən sonra sürətlə öz tayfalarının yanına gedib İslamı təbliğ edirlər. Öncə Quranın haqq olduğunu söyləyib iddialarını üç dəlillə sübuta yetirir, sonra onları bu dinə həvəsləndirir, sonda isə axirət əzabından xilas olmanın yeganə yolunun dünyanın keçici dəyərlərindənsə axirətin həqiqi dəyərlərinə və məada daha çox əhəmiyyət verən bu səmavi kitab olduğunu söyləyirlər. Üçüncü mərhələdə imanı tərk etmənin təhlükələrini onlara xatırladır, dəlil-sübutlar gətirərək canıyananlıqla onları xəbərdar edir, bu yoldan sapmanın sonunun aşkar azğınlıq olduğunu bəyan edirlər. Şübhəsiz ki, bu metod hər kəsə və hər topluma təsir edə biləcək bir metoddur.[23]
- Ulul-əzm peyğəmbərlər: Bu ayədə “ulul-əzm” deyilərkən hansı peyğəmbərlərin nəzərdə tutulması ilə bağlı müxtəlif fikirlər söylənilmişdir. “Əzm” sözünün mənası möhkəm və sarsılmaz iradə deməkdir. Deməli, ulul-əzm möhkəm və sarsılmaz iradəsi olana deyilir. Yeni şəriət və yeni ayin sahibi olan peyğəmbərlər daha böyük çətinliklərlə qarşılaşdıqları üçün onlara daha möhkəm iradə və əzmkarlıq lazımdır. Buna görə də onlara əzm sahibi olan peyğəmbərlər deyilmişdir. Sözügedən bu ayədə də həmin mənaya işarə edilmişdir. Ayə və hədislərə əsasən ulul-əzm peyğəmbərlər bunlardır: Nuh (ə), İbrahim (ə), Musa (ə), İsa (ə), Mühəmməd (s). İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “Peyğəmbər və elçilərin ən böyükləri beş nəfərdir. Onlar ulul-əzm peyğəmbərlərdir. Peyğəmbərlik və nəbilik dəyirmanın çarxı onların varlığının ətrafında fırlanır. Onlar Nuh, İbrahim, Musa, İsa və Mühəmməddir (hamısına salam olsun).” Bu peyğəmbərlərin, xüsusilə İslam peyğəmbərinin həyatı onların güclü tufanlar, əzab-əziyyətli hadisələr, güc tükədən problemlər qarşısında hədsiz dərəcədə dözümlü olduğunu göstərir. Haqq yol hər zaman problem və çətinliklərlə müşayiət olunduğu üçün haqq yolunun yolçuları öz fəaliyyətlərində onlardan ilham almalıdırlar. Biz adətən, keçmiş xalqların qaranlıq günlərinə İslam tarixinin parlaq nöqtəsindən boylanırıq. Gələcəkdən keçmişə istiqamətlənən bu baxış gerçəkləri bizə başqa cür göstərir. O günləri daha yaxından hiss etmək üçün özümüzü həmin gündə təsəvvür etməliyik, peyğəmbər tək-tənha olmuşdu, hətta ən yaxın qohumları belə, ona qarşı mübarizə aparanların ön sırasında yer almışdılar, iqtisadi, siyasi və ictimai cəhətdən onu elə mühasirəyə almışdılar ki, bütün yollar onun və yoldaşlarının üzünə bağlanmışdı. Bəziləri aclıqdan həlak olmuş, bəzilərini xəstəlik əldən salmışdı. Peyğəmbərin (s) sayca az olan yoldaşlarına işkəncə verir, onu fiziki və mənəvi cəhətdən incidirdilər. Hətta özünü qətlə yetirəcək həddə gəlmişdilər, sehrbaz, dəli və şair deyə çağırır, İslamı məhv etmək üçün əllərindən gələn heç nəyi əsirgəmirdilər. Ancaq bütün bunlara baxmayaraq, Peyğəmbər (s) əzmkarlıq və dözümlülük göstərirdi. Nəhayət, bu əzmkarlıq və dözümün şirin meyvəsini dadmış, dini təkcə Ərəbistan yarımadasını deyil, bütün Şərq və Qərbi bürümüşdü. Bu gün qələbə çağırışı olan azan səsi dünyanın dörd bir tərəfində, bütün qitələrdə eşidilir. “Sən ulul-əzm peyğəmbərlər səbir etdikləri kimi səbirli ol!” cümləsinin mənası məhz budur.[24]
[1] Nümunə, c.21, səh.223
[2] Nümunə, c.21, səh.229
[3] Nümunə, c.21, səh.240
[4] Əl-Mizan, c.18, səh.167
[5] Nümunə, c.21, səh.253
[6] Nümunə, c.21, səh.258
[7] Nümunə, c.21, səh.279
[8] Nümunə, c.21, səh.280
[9] Nümunə, c.21, səh.288
[10] Nümunə, c.21, səh.295
[11] Nümunə, c.21, səh.302
[12] Pəyame-Quran, c3, səh.199
[13] Nümunə, c.21, səh.302
[14] Nümunə, c.21, səh.310
[15] Nümunə, c.21, səh.313
[16] Nümunə, c.21, səh.317
[17] Əl-Mizan, c.18, səh.205
[18] Nümunə, c.21, səh.326
[19] Nümunə, c.21, səh.346
[20] Nümunə, c.21, səh.351
[21] Nümunə, c.21, səh.355
[22] Nümunə, c.21, səh.361
[23] Nümunə, c.21, səh.365
[24] Nümunə, c.21, səh.377