“Əhzab” surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

  1. Ey Peyğəmbər! Allahdan qorx, kafirlərə və münafiqlərə itaət etmə. Allah biləndir və hikmət sahibidir.
  2. Rəbbindən sənə vəhy olunana tabe ol ki, Allah nə etdiyinizdən xəbərdardır.
  3. Allaha təvəkkül et! Allahın qoruyan və müdafiəçi olması kifayətdir.
  4. Allah heç kəsin daxilində iki ürək yaratmamışdır. Allah özünüzə haram etdiyiniz zövcələrinizi analarınız etməmiş, oğul deyə çağırdıqlarınızı da oğullarınız etməmişdir. Bunlar sizin dilinizə gətirdiyiniz (əsassız) sözlərdir. Allah isə haqqı deyir və doğru yola yönəldir.
  5. Onları öz atalarının adı ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir. Atalarını tanımasanız, onlar sizin din qardaşlarınız və azad edilmiş qullarınızdır. Yol verdiyiniz səhvlərdə sizə heç bir günah yoxdur. Lakin qəsdən dediklərinizə görə (sorğu-sual olunacaqsınız). Allah bağışlayandır, rəhmlidir.
  6. Peyğəmbər möminlərə onların özlərindən daha haqlıdır. Zövcələri isə möminlərin analarıdır. Allahın yazısına görə qohumlar bir-birlərinə möminlərdən və mühacirlərdən daha yaxındırlar. Dostlarınıza yaxşılıq etmək istəməyiniz (mallarınızdan bir hissəsini ona vermək istəməyiniz) isə istisnadır. Bu hökm kitabda yazılmışdır.

————————————————————————————-

“Əhzab” surəsinin ümumi məzmunu: Bu surə məzmun etibarı ilə beş yerə bölünür: 1. Allaha itaət  və kafirlərə itaətsizlik göstərməyə çağırış, münafiqlərin təklifləri. 2. Cahiliyyət dövrünün bəzi xurafatları. 3. Əhzab döyüşü. 4. Peyğəmbərin (s) müsəlman qadınlara bütün cəhətlərdən nümunə olmalı zövcələri. 5. Zeynəb bint Cəhşin əhvalatı. 6. Hicab. 7. Məad və o böyük səhnədəki qurtuluş yolu, həmçinin insanın böyük əmanətdarlığı.[1]

  1. Əsassız iddialar: Ayələrin davamında Peyğəmbərə (s) kafir və münafiqlərə deyil, yalnız vəhyə tabe olmaq göstərişi verilir. Ayədə onlara itaət göstərilməsinin insanı bir ovuc xurafatlara və azğınlıqlara sövq etdiyi qeyd edilmişdir. Ayədə həmin xurafatların üçünün adı çəkilir. Öncə belə deyilir: “Allah heç kəsin daxilində iki ürək yaratmamışdır”. Yəni insanın yalnız bir qəlbi var və həmin qəlbə təkcə bir tanrının sevgisi sığışa bilər. Çoxallahlılığa və şirkə çağıran insanların çox qəlbi olmalıdır ki, hər birini bir tanrının sevgi ocağına çevirə bilsinlər. Bu ayəni təfsir edərkən İmam Əli (ə) belə buyurmuşdur: “Bizim məhəbbətimizlə düşmənlərimizin məhəbbəti bir qəlbə sığışmaz. Çünki Allah bir insanın daxilində iki qəlb yaratmayıb ki, biri ilə sevib digəri ilə nifrət etsin. Bizim dostlarımız bizə qarşı sevgilərində qızıl od kürəsində xalisləşdiyi kimi xalisdirlər. Bu həqiqəti dərk etmək üçün hər kəs öz qəlbini yoxlasın. Qəlbində düşmənlərimizə qarşı sevgisi ilə bizə olan sevgisi qarışmış insan bizdən deyil, biz də ondan deyilik.” Quran daha sonra Cahiliyyət dövrünün digər xurafatlarından olan “zihar” məsələsindən söz açır. Belə ki, Cahiliyyət dövrünün ərəbləri öz həyat yoldaşlarından incidikdə və onlara qarşı olan nifrətlərini izhar etmək istədikdə onlara “sən mənim üçün anamın arxası kimisən” deyirdilər. Bununla da onlar öz zövcələrini anaları kimi qələmə verərək boşanmış sayırdılar. İslam bu cahil ənənəyə son qoyur, hətta bu davranış üçün cəza da təyin edir. Belə ki, İslam bu cür davranan ərə cərimə ödəməyənə qədər zövcəsinə yaxınlaşmaq qadağası qoyur, ər cərimə ödəmədiyi və arvadına yaxınlaşmadığı təqdirdə arvada şəriət hakiminə müraciət edərək ərinə iki seçim təyin etdirmək hüququ verir. Məhkəmənin hökmü ilə ər ya arvadını qanuni qaydada boşayıb ondan ayrılmalı, ya da cərimə ödəyərək əvvəlki evlilik həyatını davam etdirməlidir. Quranda daha sonra üçüncü cahil xurafata işarə edilir: “Oğul deyə çağırdıqlarınızı da oğullarınız etməmişdir.” Cahiliyyət dövrünün ənənlərinə görə bəziləri övladlığa uşaq götürür və onları oğul deyə çağırırdılar. Daha sonra oğulun malik olduğu bütün hüquqları onlara da aid edirdilər. İslam bu məntiqsiz və xurafat qaydaları kəskin şəkildə inkar edir.[2]
  2. Peyğəmbərin (s) həyat yoldaşları möminlərin analarıdır: Bu ayəyə əsasən Peyğəmbərin (s) həyat yoldaşları möminlərin anaları hesab edilir. Əlbəttə, bu hökm mənəvi münasibətlərlə məhdudlaşırdı. Yəni bu məhdudiyyət onlara hörmət göstərilməsi və onlarla ailə qurulmasının haramlığı ilə çərçivələnirdi. Yəni müsəlmanlar Peyğəmbərin (s) qızları ilə ailə qura bilərdilər. Halbuki heç kəs öz anasının qızı ilə ailə qura bilməz. Bundan başqa, məhrəmləri istisna olmaqla heç kəs onlara baxa bilməzdi. Habelə möminlər Peyğəmbərin (s) zövcələrinin varisləri ola bilməzdilər. Ayədə bəyan edilən məsələlərdən biri Peyğəmbərin (s) möminlərin onlara özlərindən üstün olması məsələsidir. Yəni Peyğəmbər (s) fərdi, ictimai, hökumət və sair məsələlərdə hər bir insana onun özündən üstün, Peyğəmbərin (s) istəyi onun özü ilə bağlı istəyindən üstündür. Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Canım əlində olana and olsun, mən insana onun özündən, malından, övladından və bütün insanlardan sevimli və üstün olmayınca o, həqiqi imanı dada bilməz.”[3] Çox hədislərdə Peyğəmbərin (s) eyni haqqı İmam Əli (ə) üçün tanıdığının, onu müsəlmanlara onların özlərindən haqlı bir şəxs kimi təqdim etdiyinin şahidi oluruq.[4]

 

 

  1. Bir zaman Biz peyğəmbərlərdən əhd aldıq; səndən, Nuhdan, İbrahimdən, Musadan və Məryəm oğlu İsadan! Biz onların hamısından (peyğəmbərlik və təbliğat vəzifəsini yerinə yetirərkən səhlənkarlıq etməmələri haqqında) möhkəm bir əhd aldıq.
  2. Ona görə belə etmişik ki, Allah doğru danışanlardan doğruçuluqları barədə soruşsun. Kafirlər üçün isə ağrılı-acılı bir əzab hazırlayıb.
  3. Ey iman gətirənlər! Qoşunlar sizin üzərinizə gəldiyi zaman Allahın sizə bəxş etdiyi neməti xatırlayın. Biz də onların üstünə şiddəyli külək və görmədiyiniz qoşunlar göndərdik. Allah sizin nə etdiyinizi hər zaman görür.
  4. Bir zaman onlar (şəhərin) həm yuxarı, həm də aşağı tərəfindən üstünüzə gəlmişdilər (və Mədinəni mühasirəyə almışdılar). O vaxt gözlər qorxudan bərəlmiş, ürəklər ağıza gəlmiş və siz Allah barəsində zənnə-gümana qapılmışdınız.
  5. Orada möminlər sınağa çəkilmiş və güclü sarsıntıya məruz edilmişdilər.
  6. O zaman münafiqlər və qəlbində xəstəlik olanlar deyirdilər: “Allah və Onun elçisi bizə ancaq yalan vədlər vermişdir”.
  7. Onlardan bir dəstə dedi: “Ey Yəsrib[5] əhli! Bura sizin duruş gətirə biləcəyiniz yer deyil. Geri qayıdın!” İçərilərindən bir qismi: “Evlərimiz nəzarətsiz qalıb” – deyərək Peyğəmbərdən geri qayıtmaq üçün izn istəyirdi. Halbuki evləri nəzarətsiz deyildi. Onlar, ancaq, qaçmaq istəyirdilər.
  8. Əgər düşmən Mədinənin hər tərəfindən üstlərinə hücum etsəydi və onlardan şirkə dönmələrini istəsəydi, qəbul edər və yalnız qısa müddət ləngiyərdilər.
  9. Baxmayaraq ki, onlar bundan əvvəl düşmənə arxa çevirməyəcəklərinə dair Allaha söz vermişdilər. Onlar Allaha verdikləri sözə görə sorğu-sual olunacaqlar.

————————————————————————————–

9-26. Əhzab döyüşü: Bu ayələrdə İslam tarixinin ən mühüm hadisələrindən biri olan “Əhzab” döyüşü haqqında məlumat verilir. Bu müharibə İslam tarixinin dönüş nöqtəsi olmuşdur. Bu müharibə müsəlman və kafir qüvvələrin balansını müsəlmanların xeyrinə dəyişmiş, bu müharibədə əldə edilən qələbə gələcəkdə qazanılacaq böyük qələbələr üçün giriş rolunu oynamışdır. Əslində bu müharibədə düşmənlərin beli sınmış, bundan sonra onlar heç bir mühüm iş görə bilməmişdilər. Əhzab döyüşü, adından da göründüyü kimi, İslam düşmənləri və bu dinin çiçəklənməsi ilə qeyri-qanuni maraqları təhlükəyə məruz qalan qrupların İslama qarşı koalisiyası idi. İlk döyüş qığılcımını Məkkəyə gələrək, Qüreyş tayfasını Peyğəmbərə (s)  qarşı müharibəyə qalxmağa təhrik edən, son nəfəslərinə qədər onların yanında olacaqlarını söz verən Bəni-Nəzir yəhudiləri alovlandırmışdı. Yəhudilər Qüreyş qəbiləsindən sonra Ğətfan qəbiləsinə gedərək onları da müharibə etməyə razı salmışdılar. Qüreyş və Ğətfan qəbilələri isə öz müttəfiqlərini, o cümlədən Bəni-Əsəd və Bəni-Səlim qəbilələrini də müharibəyə çağırmışdılar. Qəbilələr özlərinə qarşı təhlükə hiss etdikləri üçün İslam dininin kökünü yer üzündən birdəfəlik kəsmək üçün birləşdilər. Müsəlmanlar Peyğəmbərin (s) göstərişi ilə müzakirə aparırlar. Salman Farsinin təklifi ilə Mədinənin ətrafına xəndək qazırlar. Bu səbəbdən də sözügedən müharibə həm də “Xəndək” müharibəsi adlanır. Bu döyüş zamanı Peyğəmbər (s) çox çətin anlar yaşayır, canlar ağıza gəlir. İslam qoşunlarında olan münafiqlər daha canfəşanlıq edirlər. Düşmən ordusunun böyüklüyü və müsəlmanların azlığı (10 min nəfərə qarşı 3 min nəfər), düşmənlərin döyüş hazırlığı və silah-sursat ehtiyatı müsəlmanlarda gələcəklə bağlı qorxu yaratmışdı. Ancaq Allah bu döyüşdə küfrün başına sonuncu zərbə endirilməsini, münafiqlərin müsəlman sıralarından ayrılmasını və hiyləgərlərin ifşa olmasını, həqiqi müsəlmanların sınanmasını istəyirdi. Nəhayət, bu döyüş Allahın lütf və köməyi sayəsində müsəlmanların qələbəsi ilə başa çatır. Allahın əmri ilə tufan qoparaq kafirlərin çadırlarını dağıdır, düşərgələrini darmadağın edir, həyatlarını iflic vəziyyətinə salır, digər tərəfdən, görünməz mələk ordusu da müsəlmanlara yardım göstərir. Döyüş zamanı müsəlmanların göstərdiyi heyrətamiz qəhrəmanlıqlar, o cümlədən, möminlərin əmiri İmam Əlinin (ə) heç kəsin təkbətək döyüşə cürət etmədiyi Əmr ibn Əbdivudlə döyüşü və onu məğlub etməsi də bu döyüşün müsəlmanların xeyrinə qələbə ilə bitməsində mühüm rol oynayır. Müşriklər heç bir iş görmədən döyüş meydanını tərk edib qaçırlar. Müharibədən sonra bu yeddi ayə nazil olur, öz ifşaedici təhlilləri ilə münafiqlərin iç üzünü açır və müsəlmanların qalibiyyət səbəblərini göstərir. Maraqlıdır ki, xəndək qazdıqları vaxt müsəlmanlar ciddi həyəcan keçirdikləri və İslamın yer üzündən silinəcəyindən qorxduqları halda, Peyğəmbər (s) İran, Rum və Yəmənin müsəlmanlar tərəfindən fəth ediləcəyini xəbər verir. Məhz bu səbəbdən münafiqlər Peyğəmbəri (s) yalan vədlər verməkdə ittiham edirlər. 12-ci ayədə məhz bu məsələyə işarə edilmişdir. Ancaq Peyğəmbərin (s) ilahi aləmlərə açılan gözləri İran, Rum və Yəmən hökmdarlarının saraylarının qapılarının açıldığını görməyə, müsəlmanlara müjdə verməyə və gələcək sirlər üzərindən pərdə götürməyə imkan verirdi.[6]

 

  1. De: “Əgər ölməkdən və ya öldürülməkdən qaçsanız, o, sizə bir xeyir gətirməz. Belə olduğu təqdirdə sizin həyatdan yalnız cüzi faydanız olacaq.”
  2. De: “Əgər Allah sizə bir pislik etmək istəsə, sizi Ondan kim qoruya bilər və ya sizə yaxşılıq etmək istəsə, kim Onun istəyinə mane ola bilər?” Onlar özlərinə Allahdan başqa nə bir himayəçi, nə də bir yardımçı tapa bilərlər.
  3. Allah camaatı müharibədən çəkindirənləri və öz qardaşlarına: “Bizə qoşulun! (və döyüşdən əl çəkin)” – deyənləri tanıyır. Onlar yalnız nadir hallarda döyüşə qatılırlar.
  4. Onlar hər şeydə sizin paxıllığınızı çəkirlər. Qorxu yarandığında görürsən, sənə elə baxır və gözləri elə bərəlir ki, sanki canlarını tapşırırlar. Qorxu keçib getdikdə isə mala hərislik və xəsislik edib səni qəzəb yağan kobud və acı dilləri ilə sancırlar. Onlar iman gətirməyiblər. Buna görə də Allah onların əməllərini puç etmişdir. Bu, Allah üçün asandır.
  5. Onlar müttəfiqlərin çıxıb getmədiklərini güman edirlər. Əgər müttəfiqlər qayıtsalar, onlar bədəvilər arasına yayılıb barənizdəki xəbərləri soruşub öyrənmək istəyərlər. Əgər aranızda olsalar, yalnız az bir hissəsi döyüşər.
  6. Allahın elçisinin həyatı sizə – Allahın rəhmətinə və axirət gününə ümidi olanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir.
  7. Möminlər müttəfiqlərin qoşunlarını gördükdə dedilər: “Bu, Allahın və Onun elçisinin bizə olan vədidir. Allah və elçisi düz deyiblər!” Bu onların yalnız imanını və itaətini artırdı.

————————————————————————————-

  1. Mane olmağa çalışan dəstə: Bu ayədə iki qruplaşmadan danışıldığı ehtimal edilə bilər: 1. Müsəlmanlar arasında yer almış münafiqlər. Ayənin orijinalında işlədilmiş “minkum” (sizdən) ifadəsi onların imanları zəif olan müsəlmanları döyüşdən yayındırmağa çalışdıqlarını göstərir. 2. Döyüş meydanından kənar olan, Peyğəmbərin (s) əsgərlərini gördükdə “bizə qoşulun və döyüşdən əl çəkin” deyən münafiqlər və yəhudilər. Başqa bir ehtimal da var ki, bu ayə bir zümrənin iki vəziyyətini bəyan edir. Ayədə müsəlmanların arasında olanda onları döyüşməkdən yayındırmağa çalışan, döyüş meydanından kənarda olduqda isə digərlərini də onlara qoşulmağa çağıran bir qrup haqqında nazil olmuşdur. Hədislərin birində qeyd edilir ki, Peyğəmbərin (s) səhabələrindən biri ehtiyacını təmin etmək üçün şəhər kənarına gedir. Bu zaman qardaşının qarşısına çörək, qızardılmış toyuq və şərab qoyub içdiyini görür. Ona deyir: “Sən burada kefdə-damaqdasan, Allahın elçisi qılınclar və nizələr arasında döyüşməkdədir.” O isə belə deyir: “Ay əbləh, sən də gəl, bizimlə otur, kefini çək. Mühəmmədin and içdiyi Allah bu meydandan əsla qayıtmayacaq.” Həmin səhabə deyir: “Yalan danışırsan. And olsun Allaha! Gedib dediklərini Peyğəmbərə (s) çatdıracağam”. Səhabə Peyğəmbərin (s) yanına gəldikdən sonra əhvalatı ona danışır və sözü gedən ayə nazil olur.[7]
  2. Müsəlmanlar üçün gözəl nümunə: Peyğəmbərlərin insanların arasından seçilməsinin səbəbi onların insanlara əməli nümunə ola bilməsi ilə bağlıdır. Çünki peyğəmbərlərin təbliğat və dəvətlərinin ən mühüm hissəsini onların əməli çağırışları təşkil edir. Buna görə də İslam alimləri məsumluğu peyğəmbərliyin qəti şərti hesab edirlər. Bu iddianın dəlillərindən biri də məhz olanların mütləq nümunə olmasıdır. Doğrudan da əgər peyğəmbərlər həyatımızın iman və təvəkkül, ixlas və şücaət, nizam-intizam və təmizlik, dindarlıq və təqva nümunəsi olsalar, həyat proqramlarımız tamamilə dəyişər, həyatımız başdan-başa nura boyanar. Quranda bu nümunənin yalnız Allaha və dirilişə ümidi olanlara və Allahı çox-çox xatırlayanlara aid olduğu qeyd edilmişdir. Əsl həqiqətdə yaradılışın əvvəli və məada inam, bu hərəkətin motivasiyası, Allahı xatırlamaq isə onun davamlılıq səbəbidir. Şübhəsiz ki, qəlbi bu cür imanla dolu olmayanlar Peyğəmbərin (s) addımının izləri ilə addımlaya, davamlı olaraq Allahı xatırlamadıqca və Şeytanı özündən uzaqlaşdırmadıqca, Peyğəmbərin (s) nümunəvi həyatını davam etdirə bilməzlər.[8]
  3. Allah və peyğəmbərinin möminlərə vədi: Bəziləri hesab edir ki, burada “vəd” deyilərkən Peyğəmbərin (s) öncədən ayrı-ayrı qrupların müsəlmanlara qarşı birləşəcəkləri nəzərdə tutulmuşdur. Buna görə də onlar koalisiya qoşunlarını gördükdə bunun Peyğəmbər (s) tərəfindən öncədən verilmiş xəbər olduğunu başa düşdülər. Bəziləri hesab edir ki, bu vəd Allah-taalanın “Bəqərə” surəsinin 214-cü ayəsində buyurduğu ayədir: Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş Cənnətə daxil olacağınızımı sanırsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və ona iman gətirənlər: “Allahın köməyi nə vaxt gələcək?” – dedilər. (Kömək istədikdə onlara deyildi:) Bilin ki, Allahın köməyi yaxındır. Müsəlmanlar bunu daha öncə də eşitmişdilər və bilirdilər ki, əvvəlki peyğəmbər və möminlərin qarşılaşacağı müsibətlərlə qarşılaşacaq, iztirab və qorxu keçirəcəklər. Koalisiya qoşunlarını gördükdə bu hadisənin həmin vəd olunan hadisə olduğunu, tezliklə Allahın onlara yardım edəcəyini və düşmən üzərində qələbə çalacaqlarını başa düşdülər. Əslində, ayədə hər iki mövzu nəzərdə tutula bilər. Çünki ayədə vəd həm Allaha, həm də Peyğəmbərə (s) aid edilmişdir. Yəni möminlər koalisiya qoşunlarını gördükdə həm Allahın, həm də Peyğəmbərin (s) verdiyi vədi xatırladılar. Bu məsələlərdən biri Allahın, digəri isə Peyğəmbərin (s) verdiyi vədi ifadə edir.[9]

 

  1. Möminlərin arasında Allahla bağladıları əhd-peymana sadiq qalan kişilər vardır. Onlardan bəzisi əhdini yerinə yetirmiş (və şəhid olmuş), bəzisi də gözləyir. Onlar öz əhdlərini əsla dəyişdirməyiblər.
  2. Bu ona görədir ki, Allah doğru danışanları sədaqətlərinə görə mükafatlandırsın, münafiqlərə də ya istəsə, əzab versin, ya da onların tövbələrini qəbul etsin. Çünki Allah bağışlayandır, rəhmlidir.
  3. Allah kafirləri ürəkləri qəzəblə dolu halda heç bir nəticə hasil etmədən geri qaytardı. Allah möminləri döyüşdən ehtiyacsız etdi (və onlara qələbə nəsib etdi). Allah yenilməz güc və qüvvət sahibidir.
  4. Allah kitab əhlindən (yəhudilərdən) onlara (müşriklərə) yardım edənləri möhkəm qalalarından endirdi və qəlblərinə qorxu saldı. (Elə bir vəziyyətə düşmüşdülər ki,) siz onların bir qismini öldürür, bir qismini də əsir götürürdünüz.
  5. (Allah) onların yerlərini, yurdlarını, mallarını, üstəlik, ayağınız dəyməyən bir yeri də ixtiyarınıza verdi. Allah hər şeyə qadirdir.
  6. Ey Peyğəmbər! Zövcələrinə de: “Əgər siz dünya həyatını və onun bər-bəzəyini istəyirsinizsə, gəlin sizi bir hədiyyə ilə məmnun edib gözəl tərzdə sərbəst buraxım.
  7. Yox, əgər Allahı, Onun elçisini və axirət yurdunu istəyirsinizsə, (bilin ki), Allah aranızdan yaxşı işlər görənlər üçün böyük bir mükafat hazırlamışdır”.
  8. Ey Peyğəmbərin zövcələri! Sizlərdən hər kim açıq-aşkar günah və çirkin bir iş tutsa, onun əzabı ikiqat artar. Bu, Allah üçün asandır.

—————————————————————————————-

  1. Şəhidlər və gözləyənlər: Bu ayədə hansı insanlar haqqında danışılması ilə bağlı müxtəlif fikirlər irəli sürülmüşdür. İmam Əli (ə) buyurmuşdur: “Möminlərdən bəziləri var …” ayəsi bizim haqqımızda nazil olub. Şəhadəti gözləyən şəxs mənəm. (Daha öncə şəhidlik şərbətini içmiş şəhidlər ağası Həmzə kimi kişilərin bizdən olduğunu bilirsiniz.). Mən də öz əhd-peymanımı əsla dəyişmədim.” Ümumiyyətlə, ayənin məzmunu genişdir. Bütün dövrləri, əsrləri əhatə edir, həm Allah yolunda döyüşüb şəhidlik şərbətini içmiş, həm də heç bir tərəddüd etmədən öz əhd-peymanına sadiq qalaraq cihad və şəhidliyə hazır olan bütün ixlaslı möminlərə şamil olur. Deyilənə görə, İmam Hüseynin (ə) Kərbəlada olan silahdaşları meydana yollanmaq istədikdə İmamla (ə) vidalaşarkən o həzrətə: “Salam olsun sənə, ey Peyğəmbərin (s) oğlu!” – deyərmişlər. İmam isə onlara: “Salam olsun sizə, biz də sizin arxanızca gəlirik”, – deyər və sonra bu ayəni buyurarmış: Onlardan bəzisi əhdini yerinə yetirmiş (və şəhid olmuş), bəzisi də gözləyir. Deyilənə görə İmam Hüseyn (ə) bəzi şəhidlərin şəhid olması xəbərini eşitdikdə bu ayəni oxuyarmış.[10]

28-29. Peyğəmbərin (s) zövcəsi olmaq, yoxsa dünyanın bər-bəzəyini seçmək: Təfsirçilər bu ayənin nazilolma səbəbi ilə bağlı bir-birindən fərqlənməyən müxtəlif fikirlər qeyd etmişlər. Naziolma səbəblərindən məlum olur ki, Peyğəmbərin (s) zövcələri bir neçə döyüşdən əldə edilən külli miqdarda qənimətləri gördükdən sonra Peyğəmbərdən (s) çox şeylər istəməyə başlayırlar. Peyğəmbər (s) bu istəklərin yerinə yetirələcəyinin peyğəmbər ailəsi üçün acı nəticələr verəcəyini bildiyi üçün onların istəklərini yerinə yetirməkdən imtina edir və bir ay onlara yaxın getmir. Nəhayət, bu ayələr nazil olur və möminlərin zövcələrinə nümunə olmalı olan Peyğəmbər (s) zövcələrinin vəzifələrini müəyyənləşdirir. Onlara göstəriş verilir ki, Peyğəmbərin (s) zövcələri dünyanın bər-bəzəyinə qarşı etinasız olmalı, iman, saleh əməl və mənəviyyata diqqət ayırmalıdırlar. Bu göstərişlərə riayət etdikləri təqdirdə Peyğəmbərlə (s) yaşamağa və Peyğəmbərin (s) həyat yoldaşı olmağa davam edə bilərlər, əks təqdirdə, ondan ayrılmalıdırlar. Ayələrin xitab obyekti Peyğəmbərin (s) zövcələri olsa da, onların məzmunu və nəticəsi əslində, hər kəsə, xüsusilə rəhbərlik və öndərlik vəzifəsində olanlara şamil olur. Onlar hər zaman iki seçimlə qarşı-qarşıyadırlar; öz zahiri mövqe və vəzifələrindən sərvətə nail olmaq üçün istifadə etsinlər, ya da Allahın razılığını qazanmaq və insanların doğru yola yönəlməsi üçün məhrumiyyətləri qəbul etsinlər.[11]

30-31. İkiqat savab və cəza: Bu ayələrdə Peyğəmbərin (s) zövcələrinə xitab edilərək onların Allaha itaət edəcəkləri təqdirdə ikiqat savaba, aşkar günah etdikləri təqdirdə ikiqat cəzaya layiq görüləcəkləri buyurulsa da, əslində, ümumi məzmun daşıyır. Yəni o, ictimai mövqeyi və vəzifəsi olan hər bir şəxsin ailəsinə şamil olur. Çünki bu cür şəxslər təkcə özləri ilə məhdudlaşmırlar, onların iki yönü olur: yönlərindən biri özlərinə, digəri isə cəmiyyətə aid olur. Onların həyat proqramları cəmiyyəti haqq yola yönəldə və ya haqq yoldan sapdıra bilər. Buna görə də davranışlarının fərdi və ictimai olmaqla iki təsiri var. Bu yönlərin də hər birinin ayrı-ayrılıqda öz  mükafat və cəzası var. Hədislərinin birində İmam Sadiq (ə) belə buyurmuşdur: “Alimin bir günahı bağışlanınca cahilin yetmiş günahı bağışlanar.” Bundan əlavə, elmin və məlumatın qədər və ölçüsü ilə mükafat və cəza arasında sıx əlaqə var. İmam Baqir (ə)  buyurmuşdur: “Allah-taala Qiyamət günü bəndələrinin sorğu-sualına dünyada onlara verdiyi ağlın ölçüsünə əsasən nəzər salıb, sorğu-sual edəcək.” Bəzi hədislərdə mükafatın insanın dərk və məlumatı ölçüsündə veriləcəyi qeyd edilmişdir.[12]

 

  1. Sizlərdən hər kim Allah və Onun elçisi qarşısında itaət və təvazökarlıq göstərib yaxşı işlər görsə, ona mükafatını ikiqat verərik. Biz onun üçün çox qiymətli ruzi hazırlamışıq.
  2. Ey Peyğəmbərin zövcələri! Siz hər hansı bir adi qadın kimi deyilsiniz, (əlbəttə) əgər təqvalı olsanız. Əda, işvə və nazla danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. Layiqli tərzdə danışın.
  3. Evlərinizdə qalın! İlk Cahiliyyət dövründə olduğu kimi görünməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun elçisinə itaət edin. Allah günah və çirkinliyi yalnız siz Əhli-beytdən uzaqlaşdırmaq və sizi tamamilə tərtəmiz etmək istəyir.
  4. Evlərinizdə oxunan Allah ayələrini, elm və hikməti yada salın. Allah lütfkardır, xəbərdardır.
  5. Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, Allahın fərmanına itaət edən kişilər və qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbirli kişilər və səbirli qadınlar, təvazökar kişilər və təvazökar qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və ismətlərini qoruyan qadınlar, Allahı çox yad edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır.

—————————————————————————————

  1. “Təthir” (təmizləmə) ayəsi: Allah-taala ayənin əvvəlində Peyğəmbərin (s) zövcələrinə xitab edir, onlara evlərində oturmaq, camaat arasına İslamdan əvvəlki Cahiliyyət dövründə olduğu kimi çıxmamaq, iffətli olmaq, namaz qılmaq, zəkat vermək, Allaha və elçisinə itaət etmək göstərişi verir. Ayənin bu hissəsində işlədilmiş altı bitişən əvəzliyin hamısı qadın cinsinin cəmindədir. Sonra ayənin ahəngi dəyişir və Allah belə buyurur: “Allah yalnız siz Əhli-beytdən günah və çirkinliyi uzaqlaşdırmaq və sizi tamamilə tərtəmiz etmək istəyir.” Ayənin bu hissəsində iki cəm əvəzliyi işlənmiş, ikisi də kişi cinsindədir. Doğrudur ki, ayənin əvvəli ilə davamı eyni məzmunu ehtiva etməlidir. Ancaq bu qanun fərqli məzmunu ifadə edən faktlar olmadığı məqamlarda doğrudur. Buna görə də ayənin ikinci hissəsinin də Peyğəmbərin (s) zövcələrinə aid olduğunu iddia edənlər ayənin zahirinə və onda olan əlamətlərə, yəni əvəzlik fərqlərinə zidd söz deyiblər. Digər tərəfdən, İslamın həm sünni, həm də şiə təriqətinə mənsub olan böyük alimləri bu ayə ilə bağlı çoxlu sayda hədis olduğunu yekdilliklə təsdiq etmişlər. Hər iki məzhəbin mötəbər kitablarında yer almış bu hədislərin sayı həddən artıq çoxdur. Həmin hədislərdə bu ayənin xitab obyektinin, Peyğəmbərin (s) zövcələri deyil, Peyğəmbər, Əli, Fatimə, Həsən və Hüseyn (Allahın salavat və salamı olsun onlara!) olduğu qeyd edilmişdir. Ayənin orijinalındakı “yurid” (iradə edir, istəyir) feli Allahın obyektiv iradəsini ifadə edir. Yəni Allah-taala əzəli fərmanı ilə siz Əhl-beyti bütün çirkinliklərdən uzaq tutmaq istəmişdir. Burada istək subyektiv deyil, obyektivdir. Çünki subyektiv istək deyilərkən Allahın onları pak və təmiz olmaq vəzifəsi ilə vəzifələndirdiyi başa düşülür. Halbuki bu vəzifənin təkcə Peyğəmbər (s) ailəsinə deyil, hər müsəlmana aid olduğunu bilirik. Belə ki, bütün müsəlmanlar Allah qarşısında özlərini təmiz saxlamaq öhdəliyi daşıyırlar. Burada obyektiv istəyin bir növ məcburiyyət yaratması təsəvvürü ortaya çıxa bilər. Belə olan təqdirdə, məsum olmağın heç bir üstünlüyü və dəyəri olmayacaq. Bu fikrə cavab olaraq deməliyik ki, məsumlar iki növ potensiala malikdirlər – zati, natural və bəxş edilən; əməllər və natural potensial əsasında formalaşan potensial. Ən azı biri ixtiyari olan bu iki potensialın məcmusundan həmin yüksək məqam hasil olur. Başqa sözlə desək, Allahın istəyi bu yüksək məqama nail olmaq üçün zəmin yaradır, bu zəmindən istifadə etmək isə artıq onların öz istək və iradəsindən asılıdır. Günahı tərk etmək və ya günah etməmək onlar üçün əqli deyil, praktiki olaraq mümkünsüzdür. Məsələn, praktiki mümkünsüzlüyə məlumatlı və imanlı bir adamın məscidə özü ilə şərab aparıb camaat namazının birinci sırasında durub içməsini misal göstərə bilərik. Ancaq bu davranış əqli olaraq mümkündür və bu davranışın ixtiyari olması ilə heç bir təzad təşkil etmir. Peyğəmbər və imamların günah etməməsi də belədir. Məsum olmaq ilahi yardımlar sayəsində olsa da, bu yardımlar özləri də hesab-kitabsız deyil. Belə ki, Quranda İbrahim Xəlilin (ə) Allahın mühüm sınaqlarından keçmədən yüksək imam və rəhbərlik məqamına layiq görülmədiyi buyurulmuşdur (Bəqərə-124). “Rics” ərəb dilində insan təbiəti baxımından və ya ağıl və şəriətin hökmü ilə nifrət edilən və çirkin sayılan istənilən çirkinliyə deyilir. İmamların bəzi kəlamlarında “rics”in günah, şirk, batil inanc, paxıllıq və həsəd mənasında işlədilməsi bu sözün daha geniş mənada götürüldüyünü göstərir. “Təthir” sözünün “təmizləmək” və “pak etmək” mənasını daşıdğını nəzərə alsaq, “sizi tərtəmiz etmək istəyir” cümləsinin əvvəlki cümlədə qeyd edilmiş “çirkinliyi sizdən uzaqlaşdırmaq istəyir” məzmununu gücləndirdirməyə xidmət etdiyini deyə bilərik. Ümumiyyətlə, Allah-taala burada təkidlə pak beşliyi (ə) istənilən çirkinlikdən təmizləmək istədiyini buyurur.[13]

 

 

 

  1. Allah və Onun elçisi hər hansı işi lazım bildiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qə­­rarı verə bilməz. Allaha və Onun elçisinə asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür.
  2. Bir zaman Allahın nemət verdiyi və sənin özünün nemət verdiyin kəsə (oğul çağırdığın Zeydə): “Zövcəni saxla, Allahdan qorx!” – deyirdin (və bunu dəfələrlə təkrar edirdin). Allahın aşkar edəcəyi şeyi ürəyində gizli saxlayır və insanlardan çəkinirdin. Halbuki əslində qorxmalı olduğun məhz Allahdır. Zeyd zövcəsini boşadıqda səni onunla evləndirdik ki, oğulluqları övrətlərini boşadıqları zaman möminlərin onları almasında heç bir sıxıntı olmasın. Allahın əmri, mütləq, yerinə yetəcəkdir.
  3. Allahın Peyğəmbərə vacib buyurduğu heç bir şeydə ona maneə yoxdur. Daha öncə olanlar haqqında da Allahın qayda-qanunu belə idi. Allahın əmri dəqiq bir hesab və proqram üzrədir.
  4. Onlar Allahın tapşırıqlarını təbliğ edir, Ondan qorxur və Allahdan başqa heç kəsdən qorxmurdular. Allahın haqq-hesab çəkməsi kifayətdir.
  5. Mühəmməd aranızdakı kişilərdən heç birinin atası olmayıb və deyildir. Lakin o, Allahın elçisi və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi bilir.
  6. Ey iman gətirənlər! Allahı çox-çox xatırlayın!
  7. Səhər-axşam Onun şəninə təriflər deyin!
  8. Sizi zülmətlərdən (cəhalət və şirk zülmətlərindən) nura (iman, elm və təqva nuruna) çıxartmaq üçün sizə salam və rəhmət göndərən Odur. Onun mələkləri də (sizin üçün rəhmət diləyərlər). O, möminlərə qarşı hər zaman mehriban olmuşdur.

————————————————————————————–

  1. Ənənəni pozmaq üçün evlənmək: Bu ayə Peyğəmbərin (s) bibisi qızı Zeynəb bint Cəhş ilə Peyğəmbərin (s) azad etdiyi Zeyd ibn Harisənin evliliyi haqqında nazil olmuşdur. Besətdən əvvəl və Xədicə ilə ailə qurduqdan sonra Xədicə Zeyd adlı bir qul alır, sonralar onu Peyğəmbərə (s) hədiyyə edir. Peyğəmbər (s) isə onu azad edir. Tayfası Zeydi qəbul etmədiyi üçün Peyğəmbər (s) onu oğulluğa götürür. Peyğəmbər (s) ona bibisi qızı Zeynəbi almaq qərarına gəlir. Zeynəb əvvəl elə bilir ki, Peyğəmbər (s) onu özünə almaq istəyir. Buna görə də sevinclə razılıq verir. Ancaq sonradan Peyğəmbərin (s) özü üçün deyil, Zeydə görə elçi düşdüyünü başa düşdükdə narahat olur və Zeydlə ailə qurmaqdan imtina edir. Qardaşı Abdullah da bu izdivaca razı olmur. Bu zaman 36-cı ayə nazil olur, Zeynəb və Abdullah kimilərə xəbərdarlıq edilir ki, Allah və peyğəmbəri nəyisə lazım bildiyində kiminsə etiraz etməyə ixtiyarı yoxdur. (Çünki Allah və peyğəmbəri insanlara nəyin daha xeyirli olduğunu onların özlərindən yaxşı bilirlər). Zeynəb və qardaşı bu ayəni eşitdikdən sonra Allahın fərmanına itaət göstərirlər. Ancaq bu evlilik uzun sürmür, tərəflərin yola getməməsi onların boşanması ilə nəticələnir. Peyğəmbər (s) onların ayrılmaması üçün nə qədər səy göstərirsə, xeyri olmur. Boşanma baş verir. Sonra Zeynəbin bu ailə uğursuzluğunu aradan qaldırmaq üçün Allahın əmri ilə Peyğəmbər (s) onunla ailə qurur. Ancaq izdivacdan əvvəl Peyğəmbəri (s) iki məsələ narahat edirdi: Birincisi, Zeyd onun oğulluğu idi. Cahiliyyət dövrünün ənənələrinə görə, oğulluğa götürülmüş adam eynilə doğma oğul kimi sayılırdı. Buna görə də oğulluğa götürülmüş adamın boşadığı qadınla ailə qurmaq haram iş sayılırdı. İkincisi, Peyğəmbərin (s) azad etdiyi bir qulun boşadığı qadınla ailə qurması onun məqam və mövqeyinə uyğun davranış sayılmırdı. Ancaq Allahın əmrinə boyun əyərək böyük fədakarlıq nümayiş etdirən Peyğəmbər (s) bu cahil ənənəyə son qoyur.[14]
  2. Xatəmiyyət: Bu ayə Cahiliyyət dövrünə aid olan yanlış bir ənənəyə son qoymaq üçün Peyğəmbərin (s) Zeynəb bint Cəhş ilə evlənməsindən bəhs edən sonuncu ayədir. Öncə belə buyurulur: İstər Zeyd olsun, istərsə də başqası, “Mühəmməd aranızdakı kişilərdən heç birinin atası olmayıb və deyildir.” Bir zamanlar əgər Zeydə “Mühəmmədin oğlu” deyiliridisə, bu, təbii və qohumluq əlaqəsi deyil, İslamın və Quranın hökmü ilə ortadan qaldırılmış bir adət və ənənədən irəli gəlirdi. Əlbəttə, Peyğəmbərin (s) Qasim, Təyyib, Tahir və İbrahim adlı oğlanları olmuşdur. Ancaq tarixi mənbələrin yazdığına görə, onların hamısı yetkinlik yaşına çatmamış dünyalarını dəyişmişdilər. Sonra Allah peyğəmbərlə insanların əlaqələrinin peyğəmbərlik və xatəmiyyət prinsipinə əsaslandığını buyurur. Ayənin əvvəlində qohumluq əlaqəsi tamamilə inkar edilir, ardınca isə əlaqənin peyğəmbərlik və xatəmiyyət prinsipinə əsaslanan mənəvi əlaqə olduğu isbat edilir. Ayənin çatdırmaq istədiyi başqa bir həqiqət Peyğəmbərin (s) insanlara olan sevgisinin bir ata sevgisindən daha üstün olmasıdır. Onun ümmətə olan sevgisi bir peyğəmbərin öz ümmətinə olan sevgisidir. Xüsusilə də o, özündən sonra heç bir peyğəmbər gəlməyəcəyini bilirdi. Buna görə də onlar üçün Qiyamətə qədər lazım olacaq proqramı yüksək sevgi və şəfqətlə təqdim etməli idi. “Xatəm” sonluğa deyilir. Bu ayə peyğəmbərlik missiyasının İslam peyğəmbəri ilə başa çatdığını və ondan sonra heç bir peyğəmbər gəlməyəcəyini göstərir. Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Mənim digər peyğəmbərlərlə olan müqayisəmi bir misalla belə izah edə bilərəm: Bir kişi gözəl bir ev tikir. Camaat evin ətrafına toplaşıb “bundan gözəl bina yoxdur. Yalnız bir kərpici çatmır”, – deyirlər. Bax həmin boş yeri dolduran sonuncu kərpic mənəm.”[15]

 

  1. Onunla görüşəcəkləri gün xeyir-duaları “salam” olacaqdır. (Allah) onlara çox qiymətli mükafat hazırlamışdır.
  2. Ey Peyğəmbər! Biz səni şahid, müjdəçi və qorxudan göndərdik.
  3. Həm də Allahın fərmanı ilə Ona tərəf çağıran və nur saçan bir çıraq (göndərdik).
  4. Möminlərə müjdə ver ki, onlara Allah tərəfindən böyük bir lütf nəsib olacaqdır.
  5. Kafirlərə və münafiqlərə itaət etmə. Onların əziyyətlərinə fikir vermə və Allaha təvəkkül et. Allahın himayəçi və müdafiəçi olması kifayətdir.
  6. Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənsəniz, sonra da onlara toxunmazdan əvvəl talaqlarını versəniz, artıq onlar üçün gözləmə müddətini saymağa haqqınız yoxdur. Onları münasib bir hədiyyə ilə razı salın və gözəl tərzdə sərbəst buraxın.
  7. Ey Peyğəmbər! Mehriyyələrini verdiyin zövcələrini, Allahın sənə qənimətlər vasitəsilə bəxş etdiklərindən sahib olduğun cariyələri, səninlə birlikdə hicrət etmiş əmin qızlarını, bibilərinin qızlarını, dayın qızlarını, xalalarının qızlarını, habelə Peyğəmbər evlənmək istədiyi təqdirdə özünü (heç bir mehriyyə istəmədən) Peyğəmbərə bağışlayan hər hansı bir mömin qadını sənə halal etdik. Ancaq bu cür (sonuncu) izdivac digər möminlərə deyil, yalnız sənə məxsusdur. Onlara zövcələri və sahib olduqları cariyələr barəsində hansı hökmü vacib buyurduğumuzu bilirik. Bu, ona görədir ki, sənə (peyğəmbərlik vəzifəsini yerinə yetirərkən) bir çətinlik olmasın. Allah bağışlayandır, rəhmlidir.

————————————————————————————-

  1. Özlərini Peyğəmbərə (s) bağışlamış möminə xanımlar: Şübhəsiz ki, “mehriyyə vermədən izdivac etmək” icazəsi Peyğəmbərə xas olan xüsusiyyətlərdən idi. Ayədə bu məsələ açıq şəkildə buyurulmuşdur. Buna görə də İslam fiqhinin açıq hökmlərindəndir. Ayədə verilən ümumi hökmün real həyatda nümunəsinin olub-olmaması təfsirçilərin mübahisə mövzularındandır. Ayədə qeyd edilən hökmün real həyatda həqiqətən baş verməsi tarixi cəhətdən məlum deyil. Ancaq Allahın Peyğəmbərə (s) belə bir icazə verməsi bu ayə ilə dəqiqdir.[16]
  2. Peyğəmbərin (s) zövcələrinin çox olmasının bie neçə səbəbi: Ayədəki bu ona görədir ki, sənə bir çətinlik olmasın” cümləsi ilə Peyğəmbərə (s) xas olan hökmlərin fəlsəfəsinə işarə edilmişdir. Allah bu ayə ilə demək istəyir ki, Peyğəmbərə (s) xas olan şərtlər başqaları üçün keçərli deyil. Məhz bu fərqlilik hökmlərdə fərqlilik yaranmasına səbəb olur. Daha aydın dillə desək, bu hökm fərqliliyi Peyğəmbəri (s) məhdudiyyət və çətinliklərdən xilas etmək məqsədi daşıyır. Bu incə nüans Peyğəmbərin (s) ayrı-ayrı xanımlarla ailə qurmasının bir sıra ictimai və siyasi problemləri həll etmək məqsədi daşıdığından xəbər verir. Bilirik ki, Peyğəmbər (s) İslam dininə çağırış etməyə başlayanda tək idi, uzun müddət az sayda adam istisna olmaqla ona iman gətirən olmamışdı. O, dövrünün və yaşadığı mühitin bütün xurafat inanclarına qarşı çıxmışdı. Təbii ki, bu da bütün qəbilə və tayfaların ona qarşı səfərbər olmasına səbəb olmuşdur. Buna görə də Peyğəmbər (s) düşmənlərin bu xoşagəlməz ittifaqını darmadağın etməkdən ötrü bütün vasitələrdən istifadə etməli idi. Bu vasitələrdən biri evlilik vasitəsilə qohumluq əlaqələri yaratmaq idi. Çünki qohumluq münasibətləri Cahiliyyət dövrünün ən möhkəm bağlarından hesab edilirdi. Onlar qəbilənin kürəkənini özlərindən hesab edir, daim onu müdafiə edir, onu yalqız qoymağı günah sayırdılar. Əldə olan çoxlu sayda faktlar Peyğəmbərin (s) izdivaclarının həm də siyasi səciyyə daşıdığından xəbər verir. İzdivacların bəzisi xurafat ənənələrin darmadağın edilməsinə xidmtə edirdi. Bəzisi düşmənləri azaltmaq və dostları artırmaq, inadkar və təəssübkeş insanların və qəbilələrin məhəbbətini qazanmaq məqsədi daşıyırdı. Bildiyimiz kimi, o, gəncliyinin ən qiymətli vaxtı hesab edilən 25 yaşında dul bir qadınla (Xədicə ilə) ailə qurmuşdu. 52 yaşına qədər həmin qadınla yaşamışdır. Bu şəkildə gənclik dövrünu arxada qoyub, ömrünün son on ilində bir çox izdivaclara imza atmışdır. Deməli, bu davranışın, mütləq, heç bir cinsi istəklə əlaqəsi olmayan əsaslı səbəbləri olmalıdır. Ümumiyyətlə, o dövrün insanları arasında çoxarvadlılıq sadə və normal bir davranış sayılırdı, hətta bəzən elə olurdu ki, birinci zövcə ikinci zövcənin elçiliyini edirdi, heç kəs də buna qeyri-adi yanaşmırdı. Deməli, gənc yaşlarında Peyğəmbərin (s) bir neçə arvad almasına heç bir ictimai məhdudiyyət və ağır maliyyə şəraiti mane olmur. Digər tərəfdən, buna mane olacaq heç bir fiziki qüsuru da olmamışdır. Diqqət çəkən məqəm budur ki, tarixi mənbələrdə Peyğəmbərin (s) zövcələri arasında yalnız birinin (Aişə xanımın) bakirə və ailə qurarkən yaşının az olması qeyd edilmişdir. Bəzi tarixi mənbələrin yazdığına görə, Peyğəmbərin (s) bəzi xanımlarla izdivacı təkcə rəsmi xarakter daşımış, heç bir faktiki evlilik baş verməmişdir. Bəzən münasibətlər elçilik həddindən o tərəfə keçməmişdir. Yəni Peyğəmbər (s) yalnız elçilik etmişdir. Bu davranışı tayfa üçün fəxr səbəbi hesab edilmişdir. Bu şəkildə Peyğəmbər (s) tayfa və qəbilələrlə olan münasibətlərini möhkəmləndirmiş və onlar Peyğəmbərin (s) müdafiəsində daha qərarlı olmuşlar. Bundan başqa Peyğəmbərin (s) zövcələrinin sayının çox olmasına baxmayaraq, uşaqlarının sayı az olmuşdur. Bu da Peyğəmbərin (s) evlilikdən daha ali məqsədlər güddüyünü göstərir.[17]

 

 

 

  1. Həyat yoldaşlarından istədiyini təxirə sala, istədiyini də yanına ala bilərsən. Özün­­dən kənarlaşdırdıqlarından hansı birini yanına almaq istəsən, sənə heç bir günah olmaz. Bu, onların gözlərinə işıq gəlməsi (sevinmələri), kədərlənməmələri və sənin onlara verdiklərindən razı qalmaları üçün daha münasibdir. Allah qəlbinizdə olanları bilir. Allah biləndir, səibrlidir.
  2. Bundan sonra sənə başqa qadınla evlənmək, onları, gözəllikləri səni heyran etsə də, başqa qadınlara dəyişmək halal deyildir. Sahib olacağın cariyələr isə istisnadır. Allah hər şeyə nəzarət edəndir.
  3. Ey iman gətirənlər! Sizə yemək yeməyə icazə verilməyincə Peyğəmbərin evlərinə girməyin və (təyin edilmiş vaxtdan əvvəl gəlib) yeməyin hazırlanmasını da gözləməyin. Amma dəvət olunduğunuzda girin və yemək yedikdən sonra dağılışın, söz-söhbətə oturmayın. Çünki bu hərəkətiniz Peyğəmbəri narahat edir, amma o, sizdən utanır (və heç bir söz demir). Allah isə həqiqət(i söyləmək)dən utanmır. (Peyğəmbərin) zövcələrindən (məişət əşyalarından) bir şey istədikdə, pərdə arxasından istəyin. Bu, həm sizin qəlbinizin, həm də onların qəlbinin təmiz qalması üçün daha yaxşıdır. Allahın elçisini incitməyə haqqınız yoxdur. Ondan sonra həyat yoldaşları ilə də əsla evlənməyin ki, bu, Allah yanında böyük (günahdır).
  4. Sizin bir şeyi aşkara çıxarmanızdan və ya gizli saxlamanızdan asılı olmayaraq, Allah hər şeydən xəbədardır.

————————————————————————————-

  1. Başqa bir problemin həlli: Bilirik ki, İslamın çoxarvadlılıqla bağlı hökmlərindən biri ərin öz vaxtını onlar arasında ədalətli şəkildə bölməsidir. Bir gecə bir zövcəyə aid olduğu halda, digər gecə başqasına aiddir. Şərait fərqli və böhran vəziyyəti olduğu, xüsusilə Mədinədə olarkən hər ay demək olar ki, bir müharibənin baş verdiyi halda bu hüquqlara riayət etmək çətin idi. Allah-taala nəzər nöqtəsi olan ayəni göndərməklə bu hökmü Peyğəmbərin (s) üzərindən götürür. Onlar öz vaxtlarını istədikləri kimi tənzimləyə bilərdilər. Baxmayaraq ki, tarixi faktlar Peyğəmbərin (s) imkan daxilində ədalət və bərabərliyə riayət etdiyini təsdiq edir. Bu ayənin və ayənin ehtiva etdiyi hökmün nazil olması Peyğəmbərin (s) həyat yoldaşlarına və onların daxili həyatlarına rahatlıq bəxş edir.[18]
  2. Allah rəsulunun (s) izdivacına dair başqa bir hökm: Bu ayənin təfsiri ilə bağlı müxtəlif fikirlər irəli sürülmüşdür. Burada onlardan daha mühüm olan ikisini qeyd edirik: 1. Tarixi faktlar göstərir ki, müxtəlif tayfalar və fərdlər Peyğəmbərin (s) onlardan qız alması və belə bir iftixarı onlara da bəxş etməsi üçün Peyğəmbərə (s) çox təzyiqlər göstərirmişlər. Əlbəttə, bu əlaqənin müəyyən mənada Peyğəmbərin (s) ictimai-siyasi məqsədlərinə də xeyri var idi. Ancaq bir şey həddini aşdığında əlavə problemlər yaranır. Bütün qəbilələrin belə bir gözləntisi olduğu üçün Allah-taala qəti bir hökm göndərərək bu əmələ son qoyur. Həmin vaxtlar bəziləri Peyğəmbərə (s) deyirmişlər ki, sənin zövcələrinin çoxu dul və yaşlı arvadlardır. Sənə gözəl və gənc bir xanımla ailə qurmaq yaraşır. Allah diqqətləri məhz bu nöqtəyə yönəldərək, hətta gözəl olsalar belə, Peyğəmbərin (s) artıq izdivac etməsinə icazə vermədiyini buyurur.[19] 2. Bəzi hədislərdə bu ayədə “Nisa” surəsinin 23-cü ayəsində evlənilməsi qadağan olan qadınların nəzərdə tutulduğu qeyd edilmişdir. Bu təfsirə əsasən ayənin mənası belə olur: “Nisa” surəsinin 23-cü ayəsindən sonra məhrəmlərlə izdivac etmək haram, digər qadınlarla evlənmək isə halaldır. (Buradakı tərcümə birinci təfsirə əsaslanır).[20]
  3. Peyğəmbərin (s) hörmət və heysiyyətinin qorunması üçün göndərilmiş hökmlər: Bu ayədə əsasən, iki nüansa işarə edilmişdir: 1. Həm ərəblər, həm də bir çox xalqlarda belə bir adət var ki, hətta hansı məişət əşyasına və sairəyə ehtiyac duyulduğunda adətən qonşular bir-birinə müraciət edirlər. Peyğəmbərin (s) evi də bu adətdən istisna edilməmişdi. Ara-sıra Peyğəmbərin (s) də evinə gəlib həyat yoldaşlarından nə isə istəyirdilər. Təbii ki, nə qədər hicaba riayət etsələr də, Peyğəmbərin (s) həyat yoldaşlarının göz önünə çıxmaları elə də yaxşı hal sayılmırdı. Buna görə də Allah göstəriş verir ki, nə isə istədikdə pərdə və ya qapı arxasından istəsinlər. Burada “hicab” deyilərkən qadınların örtdükləri adi örtük deyil, Peyğəmbərin (s) həyat yoldaşlarına xas olan örtükdür. Əlbəttə, bu hökm başqa qadınlar haqqında nazil edilməmiş, onlar üçün hicaba riayət etmək yetərlidir. Ümumiyyətlə, İslam müsəlman qadınlarına pərdə arxasında oturmaq əmri verməmişdir. Müsəlman qadından tələb olunan yalnız İslam qaydalarına uyğun örtünməkdir. 2. Bəziləri Peyğəmbərdən (s) intiqam almaq və onu təhqir etmək üçün Peyğəmbərin (s) vəfatından sonra onun zövcələri ilə izdivac etmək, bununla da onun heysiyyətinə ləkə gətirmək qərarına gəlmişdilər. Əgər bu davranışa icazə verilsəydi, bəziləri Peyğəmbərin (s) zövcəsi ilə ailə həyatı qurduğunu bəhanə gətirərək ictimai mövqe iddiasına düşə, habelə Peyğəmbərin (s) evinin içindən və onun təlimatları ilə şəxsən tanış olduğunu iddia edib İslamı təhrif etmək xəyalına düşə və yaxud da münafiqlər bu fürsətdən istifadə edib Peyğəmbərin (s) əleyhinə, ona yaraşmayan sözlər uydurub onu hörmətdən salmağa çalışardılar. Buna görə də Peyğəmbərin (s) zövcələri özündən sonra müsəlmanlar arasında çox böyük hörmətə layiq görülmüş, həyatlarından çox razı qalmış, məhrumiyyətlərini bu qürurverici məqam qarşısında çox əhəmiyyətsiz bir şey saymışlar.[21]

 

  1. Onlara (Peyğəmbərin (s) zövcələrinə) ataları, oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, müsəlman qadınlar, sahib olduqları kölə və cariyələrin yanında (hicab geyməmələrində) heç bir günah yoxdur. Allahdan qorxun ki, Allah hər şeyə şahiddir.
  2. Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də ona salavat göndərib, salam deyin və tam şəkildə itaət göstərin.
  3. Allahı və Onun elçisini incidənləri Allah həm bu dünyada, həm də axirətdə rəhmətindən uzaqlaşdırmış və onlara alçaldıcı bir əzab hazırlamışdır.
  4. Mömin kişiləri və mömin qadınları etmədikləri bir işdən ötrü incidənlər çiyinlərinə böhtan və aşkar bir günah yükü götürmüşlər.
  5. Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, çarşablarını özlərinə bürüsünlər. Bu onların tanınmaması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhmlidir.
  6. Əgər ikiüzlülər, qəlbi xəstə olanlar və Mədinədə yalan xəbərlər və əsassız şayiələr yayanlar əməllərindən əl çəkməsələr, səni onlara qarşı qaldırarıq. Sonra onlar bu şəhərdə sənin yanında yalnız qısa müddət qala bilərlər,
  7. hər tərəfdən qovularlar. Harada ələ keçsələr, yaxalanıb amansızcasına öldürülərlər.
  8. Bu, Allahın əvvəlki qövmlərlə bağlı qanunu idi. Sən Allahın qanununda heç bir dəyişiklik tapa bilməzsən.

————————————————————————————-

  1. Peyğəmbərə (s) salavat: Keçən ayələrdə Peyğəmbərə (s) hörmət edilməsi, heysiyyətinin qorunması, ona əziyyət verilməməsi haqqında danışıldıqdan sonra bu ayədə öncə Allah və mələklərin Peyğəmbərə (s) olan xüsusi sevgisi qeyd edilir, ardınca möminlərə buyurulur ki, Peyğəmbərin (s) dərəcəsi o qədər yüksəkdir ki, varlıq aləminin yaradıcısı olan Allah və Allahın əmri ilə kainatı idarə edən bütün mələklər ona salam göndərirlər. İndi ki belədir, siz də bu işə qoşulun. O, yaradılış aləminin qiymətli gövhəridir. Əgər Allahın lütfü ilə onunla görüşmək sizə nəsib olsa, qiymətini bilin, onun Allah və mələklərin yanındakı qiymət və dəyərini unutmayın. Sünni və şiə raviləri tərəfindən nəql edilən çoxlu sayda hədisdə Peyğəmbərə (s) salavat göndərilərkən “Ali Mühəmməd” ifadəsinin də salavata əlavə edilməsinin zəruriliyi açıq şəkildə qeyd edilmişdir. Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Mənə yarımçıq salavat göndərməyin. Soruşdular: Yarımçıq salavat nədir? Buyurdu: təkcə “əllahummə səlli əla Muhəmməd” deyib davam etdirməmək. Əslində, belə deməlisiniz: “Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd”.[22]
  2. Hicab yaramazlar qarşısında qoruyucu vasitədir: Ayədə “tanınmasınlar” deyilərkən iki fikrin nəzərdə tutula biləcəyi qeyd edilmişdir: 1. O dövrdə kənizlərin başlarını və boyunlarını örtmədən küçəyə çıxmaları adi hal idi. Əxlaqi cəhətdən elə də yaxşı vəziyyətdə olmadıqları üçün bəzən avara gənclərin təcavüzlərinə məruz qalırdılar. Allah-taala bu ayədə azad qadınlara İslamın göstəriş verdiyi hicaba tam şəkildə riayət etməyi əmr verir. Məhz bununla onlar kənizlərdən fərqləndirilə və avara insanların əziyyətlərindən xilas ola bilərdilər. Əlbəttə, bu cümlə avara insanlara haqq qazandırmırdı. Əslində, məqsəd günahkarların bəhanələrinə son qoymaq idi. Ayənin məqsədlərindən biri də bu idi ki, bəzi müsəlman qadınlar hicab məsələsinə laqeyd yanaşır, hicaba laqeyd yanaşan məsuliyyətsiz qadınlar kimi, bədənlərinin bəzi hissələrini açıq qoyur, bu da əxlaqsız insanların diqqətinin cəlb edilməsinə səbəb olurdu. Ərəb dilində “cilbab” sözünün bir neçə mənası var. Ancaq daha çox yaylıqdan uzun, cadradan qısa örtüyə deyilir. “Yudninə” (yaxınlaşdırsınlar), yəni qadınlar bədənlərini tam qorumaq üçün örtüklərini özlərinə yaxın etsinlər, ona bürünsünlər. Örtükləri tez-tez yuxarı qalxıb bədənlərin görsənməsinə səbəb olacaq şəkildə sərbəst buraxmasınlar. Daha sadə və loru dildə desək, paltarlarına möhkəm sarılsınlar.[23]

60-61. Narahatlıq yaradan və şayiə yayanlara ciddi xəbərdarlıq: Ayənin məzmunundan belə başa düşülür ki, Mədinədə işləri-gücləri fitnə-fəsad törətmək olan üç qrup olmuşdur. Birinci qrup İslamı məhv etmək üçün çalışan münafiqlər idi. İkinci qrup xəstə qəlbli insanlar hesab edilən avara və əxlaqdan kəm insanlar idi. Üçüncü qrupa şayiə yayan, xüsusilə Peyğəmbər (s) müharibəyə yolandıqdan sonra şəhərdə qalanların ruhiyyəsini zəiflətməyə, Peyğəmbərin (s) və möminlərin məğlubiyyətə uğraması ilə bağlı yalan xəbərlər yayan şayiəçi insanlar aid idi. Burada qeyd edilən üç davranışın münafiqlərə aid olduğu da ehtimal edilə bilər. Bu fərqlər ayrı-ayrı qruplar deyil, bir qrupun üç ayrı xüsusiyyəti idi. Hər halda Allah buyurur ki, əgər onlar bu davranışlarını davam etdirsələr, onlara qarşı ümumi hucum əmri verəcək və möminlər bir hücumla onları şəhərə bir daha geri dönməyəcəkləri şəkildə Mədinədən qovacaqlar. Əgər şəhərdə qalanları olsa, İslamın himayəsindən çıxmış olacaqlar və müsəlmanların əlindən yaxa qurtara bilməyəcək, harada görülsələr, qətlə yetiriləcəklər.[24]

 

  1. Camaat səndən Qiyamət (onun nə vaxt baş verəcəyi) haqqında soruşur. De: “Onu yalnız Allah bilir!” Nə bilirsən, bəlkə də, Qiyamət lap yaxındır.
  2. Allah kafirləri lənətləmiş və onlar üçün yandırıcı od hazırlamışdır.
  3. Orada əbədi qalacaq, heç bir himayəçi, heç bir yardımçı tapmayacaqlar.
  4. Üzləri həmin odda dəyişiləcəyi gün deyəcəklər: “Kaş biz Allaha itaət edəydik, Onun elçisinə müti olaydıq!”
  5. Deyəcəklər: “Ey Rəbbimiz! Biz başçılarımıza və böyüklərimizə itaət etdik, onlar da bizi haqq yoldan azdırdılar.
  6. Ey Rəbbimiz! Onlara ikiqat əzab ver və onları böyük bir lənətə məruz qoy!”
  7. Ey iman gətirənlər! Musanı incidən şəxslər kimi olmayın. Allah onu onların dediklərindən təmizə çıxartdı. O, Allahın yanında çox abırlı (və hörmətli) şəxsdir.
  8. Ey iman gətirənlər! Allahdan qorxun və haqq söz danışın ki,
  9. Allah əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Kim Allaha və Onun elçisinə itaət etsə, böyük bir qurtuluşa (və uğura) nail olar.
  10. Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar onu daşımaqdan imtina etdib qorxdular. Lakin insan onu boynuna götürdü. O, çox zalım və cahildir.
  11. Məqsəd bu idi ki, Allah münafiq kişiləri və münafiq qadınları, müşrik kişiləri və müşrik qadınları cəzalandırsın, mömin kişilərin və mömin qadınların tövbələrini qəbul etsin. Allah bağışlayandır, rəhmlidir.

—————————————————————————————

70-71. Əməllərinizin islahı üçün haqq söz danışın: Haqq söz (qavlun sədid) reallığı olan, mənasızlıqdan uzaq, faydası şəritə uyğun olan sözə deyilir. Söz gəzdirmək və sair kimi günah sözlər olmasın. İmanlı insan dediyinə əmin olmalı, boş, mənasız və günah olmaması üçün danışdığı sözü ölçüb-biçməlidir. Quranda bu cür danışıq əməllərin islah və günahların bağışlanma səbəbi hesab edilir. Çünki insan bu cür sözlər danışmamağa adət etdiyində artıq yalan, qeybət, mənasız, fitnə-fəsad yaranmasına səbəb olan sözlərdən uzaq olacaq, avtomatik olaraq günahdan da uzaq olacaq. Nəticədə insan islah olacaq, günahkar keçmişinin peşmançılığını çəkəcək. Əslində, elə  tövbə hesab edilən bu peşimançılığın ardınca tövbə edəcək. Allah da ömrünün qalan hissəsində onu böyük günahlardan qoruyacaq, kiçik günahlar edəcəyi təqdirdə də günahlarını bağışlayacaq (Nisa-31).[25] Əxlaq alimləri dili bədənin ən bərəkətli, eyni zamanda da ən təhlükəli və insanı günaha daha çox sürükləyən üzvü hesab edirlər. Bu kiçik üzv vasitəsilə insanın otuz günah edəcəyi qeyd edilmişdir. Hədislərinin birində İmam Sadiq (ə) belə buyurmuşdur: “Dil hər gün digər bədən üzvlərindən hal-əhval tutaraq soruşur: “Sabahı necə açdınız?” Onların hamısı “bizim vəziyyətimiz yaxşı olar, əgər sən imkan versən”, – deyə cavab verir. Sonra əlavə edirlər: “Bizim vəziyyətimizi nəzərə al, biz sənə görə mükafatlandırılır, sənə görə cəzalandırılırıq.”[26]

  1. İlahi əmanəti daşıması insanın ən böyük fəxridir: Böyük İslam təfsirçiləri bu ayə haqqında müxtəlif mülahizələr irəli sürmüş, əmanətin nə olduğunu müəyyən etməyə çalışmışlar. Sözügedən əmanətin əsl mahiyyətinin nədən ibarət olduğunu dərk etmək üçün insana nəzər salınmalı, onun göylər, yer və dağlarda olmayan nəyə malik olduğu dəqiqləşdirilməlidir. İnsan elə bir fövqəladə potensiala malikdir ki, bu potensialı ilə “Allahın xəlifəsi” ifadəsinin kamil nümayəndəsinə çevrilə, maariflənmə və özünü təmizləmə vasitəsilə yaradılışın ən yüksək iftixar zirvəsinə yüksələ, mələklərdən də yüksəyə qalxa bilər. Bu istedad iradə azadlığı və ixtiyarla müşayiət olunur. Yəni insan sıfırdan başlayıb sonsuzluğa istiqamət alan bu yolu öz ixtiyarı və ayaqları ilə qət edir. Göy, yer və dağlar Allahı tanıyıb Ona müti olsalar da, bu mütilik obyektiv, qeyri-ixtiyari və icbaridir. Buna görə də kamilləşmirlər. Yüksəliş və enişi sonsuz olan, ixtiyari şəkildə kamillik zirvəsinə doğru pərvaz edə biləcək olan varlıq insandır. Bu, bütün mövcudatın qəbul etməkdən imtina etdiyi, təkcə insanın öz üzərinə götürdüyü ilahi əmanətdir. Buna görə də növbəti ayədə insanlar üç qrupa təsnif edilmişlər: möminlər, kafirlər və münafiqlər. Deməli, ilahi əmanət “iradi və ixtiyari şəkildə sonsuz kamilləşmə gücü, kamil insan, xüsusi bəndəlik məqamı və ilahi rəhbərliyi qəbul etmək”dir. Əhli-beyt (ə) imamlarından nəql edilən çoxlu sayda hədislərdə “ilahi əmanət” deyilərkən möminlərin əmiri İmam Əli (ə) və övladlarının rəhbərliyinin nəzərdə tutulduğu qeyd edilmişdir. Bu da onunla bağlıdır ki, peyğəmbər və imamların rəhbərliyi bütün ilahi rəhbərliyin güclü bir şüasıdır. Allahın təyin etdiyi rəhbərlərin rəhbərliyini qəbul etmədən bəndəlik məqamına yüksəlmək və kamillik yolunu qət etmək qeyri-mümkündür.[27]

 

 

 

 

[1] Nümunə, c.17, səh.184

[2] Nümunə, c.17, səh.192

[3] Nümunə, c.17, səh.204

[4] Əl-Mizan, c.16, səh.288

[5] Mədinə

[6] Nümunə, c.17, səh.216-225

[7] Nümunə, c.17, səh.234

[8] Nümunə, c.17, səh.243-264

[9] Əl-Mizan, c.16, səh.296

[10] Nümunə, c.17, səh.225

[11] Nümunə, c.17, səh.278-282

[12] Nümunə, c.17, səh.284

[13] Pəyame-Quran, c.9, səh.137

[14] Nümunə, c.17, səh.316

[15] Nümunə, c.17, səh.336

[16] Nümunə, c.17, səh.379

[17] Nümunə, c.17, səh.381

[18] Nümunə, c.17, səh.386

[19] Nümunə, c.17, səh.391

[20] Ətyəbül-bəyan, c.10, səh.520; Əl-Mizan, c.16, səh.342

[21] Nümunə, c.17, səh.401

[22] Nümunə, c.17, səh.415

[23] Nümunə, c.17, səh.427

[24] Nümunə, c.17, səh.430

[25] Əl-Mizan, c.17, səh.354

[26] Nümunə, c.17, səh.447

[27] Nümunə, c.17, səh.452