“Fussilət” surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

  1. Ha, Mim.
  2. Bu, rəhman və rəhim olan Allah tərəfindən nazil edilmiş bir kitabdır,
  3. ayələri anlaya bilən bir cəmiyyət üçün yerli-yerində qeyd edilmiş fəsahətli və rəvan bir kitab.
  4. O, həm müjdə verən, həm də qorxudandır. Lakin onların çoxu üz çevirdi. Buna görə heç nə eşitmirlər.
  5. Onlar dedilər: “Qəlbimiz sənin bizi dəvət etdiyinə qarşı qapalıdır, qulaqlarımızda ağırlıq (karlıq) vardır, bizimlə sənin arana pərdə çəkilmişdir. Sən öz işində ol, biz də öz işimizdə olacağıq!”
  6. De: “Mən yalnız, sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin məbudunuz tək olan tanrıdır. Elə isə bütün diqqətinizi Ona yönəldin, Ondan bağışlanma diləyin. Vay müşriklərin halına!
  7. Zəkatı ödəməyən və axirəti inkar edənlərin.
  8. İman gətirib yaxşı işlər görənləri daimi mükafat gözləyir”.
  9. De: “Siz yeri iki günə yaradanı inkar edir və Ona bənzərlər təyin edirsiniz? O, aləmlərin Rəbbidir.
  10. O, yerdə möhkəm dağlar yaratdı, onu bərəkətli etdi və tələb edənlərin ehtiyacı qədər qida müəyyən etdi, bütün bunlar dörd gün ərzində oldu.
  11. Sonra O, tüstü halında olan göyü yaratdı, ona və yerə: “Ya itaət göstərərək, ya məcburi olaraq əmələ gəlin!” – dedi. Onlar: “Biz itaət göstərərək gəldik!” – dedilər.

——————————————————————————————

“Fussilət” surəsinin ümumi məzmunu: Surə məzmun etibarı ilə aşağıdakı hissələrə bölünür: 1. Qurana diqqət və bu mövzunu ehtiva edən məzmunlar; 2. Göyün və yerin yaranışına diqqət; 3. Keçmişdə yaşamış təkəbbürlü və asi xalqların həyatına işarə; 4. Kafirlərin qorxudulması və təhdid edilməsi; 5. Məadla bağlı dəlillər və onun bəzi xüsusiyyətləri; 6. Müxtəlif öyüd və nəsihətlər; 7. Allahın insanın daxili və onu əhatə edən aləmdəki nişanələrindən bəhs edən qısa və gözəl bir mövzu.

  1. Zəkat: Ayənin məzmunundan Allah yolunda xərcləmək nəzərdə tutulduğu başa düşülür. Onun şirk əlamətləri sırasında qeyd edilməsi ona görədir ki, Allah yolunda xərcləmək fədakarlıq, bağışlamaq və Allaha olan sevginin əlamətlərindən sayılır. Belə ki, mal insanın ən sevdiyi şeylərdəndir, xərcləmək və ya xərcləməmək bir çox məqamlarda şirk və iman üçün meyar hesab edilə bilər. Başqa sözlə desək, Allah yolunda xərcləməmək Allaha imanın olmamasının göstəricisidir. Buna görə də məadın inkarını ehtiva edən əməllər sırasında yer alır.[1]

9-11. Göy və yerin yaradılış mərhələləri: Bu ayələrdə diqqət yetirilməsi zəruri olan nüanslar var: 1. “Gün” deyilərkən burada adi gün nəzərdə tutulmur. Çünki yer və göy yaranmazdan əvvəl bu gün başa düşdüyümüz gün ümumiyyətlə, mövcud olmamışdır. Əslində, burada bəzən bir neçə milyon və ya milyard il sürən yaranış dövrləri nəzərdə tutulur.[2] 3. Quran ayələrində göylərin və yerlərin altı günə, daha doğrusu, altı dövrdə yaradıldığı qeyd edilmişdir. Lakin bu ayələrdə yerin iki günə, dağların, bərəkətlərin və qidaların dörd günə, göylərin isə iki günə yaradıldığı buyurulmuşdur. Bu da ümumilikdə səkkiz gün edir. Belə olan halda, ziddiyyət yaranmırmı? Bəzi böyük təfsirçilər bu suala belə cavab vermişlər: Altı gün müddətindən bəhs edən ayələrdə təkcə göy və yerin yaradılışına işarə edilir, 10-cu ayədə qeyd edilənlərin, yəni dağların yaradılışı, yer üzünün bərəkətli edilməsi, yerdəki canlıların qidalanması üçün zəruri olan qidaların yaradılması nəzərdə tutulmur. Ümumiyyətlə, 10-cu ayədə ümumi yaradılışdan bəhs edilmir. Ayədə “dörd gün” deyilərkən yer kürəsinin böyük bir hissəsi üçün səciyyəvi olan dörd fəsil nəzərdə tutulur. Buna görə də ayənin mənası belə olur: Allah yer kürəsini iki günə yaratdı, yerə aid olan hadisələri dörd fəsil üzrə tənzimlədi. Tüstü şəklində olan göyü iki günə formaya saldı, onu yeddi təbəqə etdi. Buna görə də sözügedən ayələrlə varlıq aləminin altı günə yaradıldığını bəyan edən ayələr təzad təşkil etmir.[3] 3. “Summə” (sonra) zərfi 11-ci ayədə olduğu kimi, adətən zaman ardıcılığını, bəzən isə söz ardıcıllığını ifadə edir. Birinci mənaya əsasən göylər yerdən sonra yaradılmışdır. İkinci mənaya əsasən göylərin birinci, yerin isə ondan sonra yaradılmasına baxmayaraq, ifadə zamanı yer, insanların tələbatlarına uyğun olan qidaların və zəruri vasitələrin daha öncə qeyd edilməsi, ardınca göylərin yaradılışından danışılmasının heç bir problemi yoxdur. İkinci məna elmi kəşflərlə uyğunluq təşkil etməsi ilə yanaşı, Quranın digər ayələri ilə də uyğun gəlir. (Bax: Naziat-22-24). 4. “Tüstü halında olan” ifadəsi onu bildirir ki, yaradılışın ilkin mərhələsində göylər böyük qaz kütlələrindən ibarət olmuşdur. Bu həqiqət yaradılışın başlanğıcı ilə bağlı aparılan son araşdırmaların nəticələri ilə də səsləşir. Bu gün də ulduzların çoxu sıxılmış qazlar formasındadır. 5. 11-ci ayədə Allahın yer və göylə danışmasından bəhs edilir. Əslində, bu, heç də başa düşdüyümüz sözlü danışıq deyil. Allahın danışması Onun yaratmaq istəyi və obyektiv əmri deməkdir. “İtaət edərək və ya məcburən…” ifadəsi Allahın göylər və yerin formalaşması ilə bağlı qəti istəyini ifadə edir. İstənilən halda, başqalarının istəyib-istəməməsindən asılı olmayaraq onlar bu şəkildə olmalı idilər.[4]

  1. İki gün ərzində onları yeddi göy formasında yaratdı və hər göyə onun öz işini vəhy etdi. Aşağı səmanı çıraqlarla (ulduzlarla) bəzədik və qoruduq. Bu, qüdrətli və bilən Allahın əzəli hökmüdür.
  2. Əgər onlar üz döndərsələr, de: “Mən sizi Ad və Səmud qövmünə göndərilmiş ildırıma bənzər bir ildırımdan qorxmağa çağırıram”.
  3. Onları önlərindən və arxalarından (hər tərəfdən): “Allahdan qeyrisinə ibadət etməyin!” – deyə çağıran elçilər gəldikdə onlar dedilər: “Əgər Rəbbimiz istəsəydi, mələklər endirərdi. Buna görə də biz sizin təyin edildiyiniz risaləti inkar edirik!”
  4. Ad qövmü yer üzündə haqsızcasına təkəbbür göstərib: “Bizdən daha güclü olan varmı?” – dedi. Məgər onları yaradan Allahın onlardan daha qüvvətli olduğunu bilmirdilərmi? (Buna görə) onlar ayələrimizi, elə hey inkar edirdilər.
  5. Biz dünya həyatında onlara rüsvayedici əzabı daddırmaq üçün nəhs günlərdə üstlərinə çox şiddətli, dəhşətli, soyuq və güclü bir külək göndərdik. Axirət əzabı isə ondan da rüsvayedicidir. Onlara kömək edilməz.
  6. Səmud qövmünə gəlincə, biz onlara doğru yol göstərdik, ancaq onlar korluğu doğru yola yönəlməkdən üstün tutdular. Buna görə də etdikləri əməllər üzündən onları ildırım – alçaldıcı əzab yaxaladı.
  7. İman gətirib təqvalı olanları isə xilas etdik.
  8. Bir gün Allahla düşmənçilik edənlər Cəhənnəmə doğru toplanılacaq və ilk sıralarda saxlanılacaqlar.
  9. Oraya çatdıqları zaman qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində şahidlik edəcəkdir.

——————————————————————————————-

  1. Göyün yaranışı ilə bağlı iki nüans: 1. “İki gün ərzində onları yeddi göy formasında yaratdı” cümləsində göylərin iki dövrdə yarandığına işarə edilmişdir. Bu dövrlərin hər biri milyonlar və milyardlarla il sürmüş, hər dövr də öz növbəsində ayrı-ayrı dövrlərə bölünmüşdür. Bu iki dövrdə sıxılmış qazlar mayeyə və ərimiş maddələrə, ərimiş maddələr isə bərk maddələrə çevrilmişdir.[5] 2. “Vəhy” deyilərkən burada təyin etmək nəzərdə tutulur.[6] “Hər göyə onun öz işini vəhy etdi” cümləsi ilə işlərin təkcə göylərin yaradılışı ilə bitmədiyinə işarə edilmişdir. Bu göylərin hər biri üçün xüsusi varlıqlar, nizam-intizam, ayrı bir sistem təyin etmişdir. Bunların da hər biri öz növbəsində Allahın əzəmət, elm və qüdrətindən xəbər verir (Daha ətraflı məlumat üçün bax: “Bəqərə” surəsi, 29-cu ayə).[7]

20-21. Qiyamətdə insanın bədən üzvlərinin şahidlik etməsi: Bu ayələrdən başqa, “Yasin” surəsinin 65-ci və “Nur” surəsinin 24-cü ayələrində də insanın bədən üzvlərinin Qiyamət günü şahidlik edəcəyindən söhbət açılmışdır. Həmin gün artıq bədən üzvləri sahibinin istəklərinə tabe olmayacaq. Hər biri Allaha itaət göstərəcək, dərgahında baş əyəcək, həqiqətləri öz şahidlikləri ilə aşkara çıxaracaq. Necə də heyrətamiz məhkəmədir, şahidlər insanın öz bədən üzvləri, günaha alət olmuş üvlərin özü olacaq! Bəlkə də bədən üzvləri ona görə şahid qismində dindiriləcək ki, günahkarlara etdiyiniz əməllərə görə cəzanız Cəhənnəm odudur deyildiyində onlar inkar edəcək, bu məhkəmənin də eynilə dünya məhkəməsi kimi olduğunu, günahlarını bir-birinin boynuna ataraq həqiqətləri gizlədə biləcəklərini  güman edəcəklər. Məhz elə bu məqamda  Allahın əmri ilə bədən üzvləri dilə gələcək, etdikləri günahları etiraf edəcəklər. Bununla da bütün qaçış yolları insanın üzünə bağlanacaq. Təfsirçilər bədən üzvlərinin necə danışa biləcəyi ilə bağlı müəyyən ehtimallar irəli sürmüşlər: 1. Həmin gün Allah-taala bədən üzvlərinin hər birinə şüur, ağıl, dərketmə və danışıq qabiliyyəti verəcək. Onlar həqiqəti söyləyəcək. Belə ki, bu qabiliyyəti dil adlı bir ət parçasına və ya beyinı verən varlıq üçün eyni qabiliyyəti başqa üzvlərə də verə biləcəyi heç də təəccüblü deyil. 2. Onların şüur və idrakı olmayacaq, ancaq Allah onları danışmağa vadar edəcək. Əslində, üvzlər dilə gələcək və Allahın əmri ilə həqiqətləri bəyan edəcəklər. 3. Hər bir insanın bədən üzvləri bütün ömrü boyu gördüyü işlərin təsirlərini özü ilə daşıyacaq. Çünki du dünyada heç bir əməl məhv olmur. Şübhəsiz ki, əməllərin təsirləri bədən üzvlərinin üzərində və fəzada qalır. Həqiqətlərin aşkar olduğu gün həmin təsirlər əl, ayaq və digər üzvlər üzərində aşkara çıxacaq. Bu təsirlərin aşkara çıxmasının özü elə bir növ şahidlikdir. Öz aramızda danışarkən də “yanağın qızarması gizli bir sirdən xəbər verir” idiomundan istifadə edirik.[8] İmam Əli (ə) belə buyurmuşdur: “Bilin, ey Allah bəndələri! Özünüzdən-özünüzə nəzarətçilər, bədən üzvlərinizdən casuslar, gördüyünüz işləri yazıya alan, nəfəslərinizin sayını qeyd edən casuslar və doğruçu mühafizəçilər təyin edilmişdir. Qaranlıq gecələrin qaranlığı sizi onlardan gizlədə bilməz. Bağlı qapılar arxasında gizlənsəniz də onların gözündən gizlənə bilməzsiniz.”[9] Əlbəttə, bədən üzvlərinin şahidliyi kafir və günahkarlar üçündür. Yoxsa ki, möminlərin hesabı aydındır. Hədislərinin birində İmam Baqir (ə) belə buyurmuşdur: “Bədən üzvləri möminə qarşı şahidlik etmir. Onlar əzab əmri qəti olan insana qarşı şahidlik edir. Möminin əməl dəftərini sağ əlinə verirlər. Allah-taala “İsra” surəsinin 71-ci ayəsində belə buyurmuşdur: “Əməl dəftərləri sağ əllərinə verilənlər onu (şadlıq içində) oxuyarlar. Onlara xurma çərdəyinin yarığındakı tel qədər haqsızlıq edilməz.[10]

  1. Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şahidlik etdiniz?” – deyəcəklər. Onlar deyəcək: “Hər bir varlığı danışdıran Allah bizi danışdırdı. O, sizi ilk dəfə yaratmış, qayıdışınız da Ona doğru olacaqdır”.
  2. Siz günahlarınızı qulaqlarınızın, gözlərinizin və dərilərinizin şahidlik edəcəyindən qorxaraq gizlətmirdiniz. Əksinə, siz elə güman edirdiniz ki, Allah etdiyiniz əməllərin çoxunu bilmir.
  3. Bu, sizin öz Rəbbiniz barəsində etdiyiniz pis zənn idi, o, sizin məhvinizə səbəb oldu, nəhayət, ziyan çəkənlərdən oldunuz.
  4. Dözsələr də, onların yeri oddur. Əfv də diləsələr, əfv olunmazlar.
  5. Biz onlara (çirkin) yoldaşlar qoşduq və (bu dostlar) onlara çirkinlikləri öndən və arxadan gözəl göstərdilər. Onlardan əvvəl gəlib-getmiş cinlərdən və insanlardan olan ümmətlər barəsindəki ilahi əmr onlar barəsində də gerçəkləşdi. Onlar həqiqətən, ziyana uğrayanlardır.
  6. Kafirlər: “Bu Qurana qulaq asmayın, o oxunarkən hay-küy salın. Bəlkə qalib gələsiniz” – dedilər.
  7. Biz kafirlərə, mütləq, şiddətli bir əzab daddıracaq və onları etdikləri əməllərin ən pisi ilə cəzalandıracağıq.
  8. Bu od Allahın düşmənlərinin cəzasıdır! Əbədi evləri orada olacaq. Bu, ayələrimizi inkar etdikləri üçün verilən bir cəzadır.
  9. Kafirlər deyəcəklər: “Ey Rəbbimiz! Bizi tovlayıb yoldan çıxaran cinlərdən və insanlardan bizə göstər ki, onları ayağımızın altına alıb insanların ən aşağı dərəcəlisinə çevirək.

—————————————————————————————–

  1. Allah haqqında yaxşı və pis düşünmək: Bu ayə açıq şəkildə göstərir ki, Allah haqqında bədgüman olmaq o qədər təhlükəlidir ki, bəzən insanın əbədi məhvinə və əzaba düşməsinə səbəb olur. Belə ki, bir qrup kafir Allahın onların nə etdiklərini görmədiyini, danışıqlarını eşitmədiyini güman edirdilər. Bu pis gümanları onların ziyana uğramasına və məhvinə səbəb olmuşdur. Halbuki Allah haqqında yaxşı düşünmək dünya və axirətdə xilasa səbəb olur. Hədislərinin birində İmam Sadiq (ə) belə buyurmuşdur: “Yaxşı olar ki, bəndə Allahdan Cəhənnəm odunun kənarında dayanıb, ona daxil olacaqmış kimi qorxsun. Allaha sanki Cənnət sakiniymiş kimi ümid bəsləsin. Allah-taala buyurur: “Bu, sizin öz Rəbbiniz barəsində etdiyiniz pis zənn idi, o, sizin məhvinizə səbəb oldu”. Bilin ki, Allah Öz bəndəsinin etdiyi zənnin yanındadır. Əgər zənni yaxşı olsa, nəticəsi yaxşı, əgər zənni pis olsa, nəticəsi pis olar.” Başqa bir hədisində İmam Sadiq (ə) belə buyurmuşdur: “Allah haqqındakı gümanı xeyirli olan elə bir bəndə yoxdur ki, Allah onun gümanının yanında olmasın. Allah-tala: “Bu, sizin öz Rəbbiniz barəsində etdiyiniz pis zənn idi”, – deyə buyurmuşdur.”[11]
  2. Quranı eşitməmək üçün hay-küy salın: Hədislərdə qeyd edilir ki, Peyğəmbər (s) Məkkədə uca səslə Quran oxumağa, Allahın şirin, cazibədar, məzmunlu sözlərini dilə gətirməyə başladıqda müşriklər camaatı ondan uzaqlaşdıraraq deyirdilər: “Onu eşitməmək üçün fit çalın, ucadan şeir deyin”. Bu, haqq sözə mane olmaq üçün lap keçmiş dövrlərdən mövcud olan ümumi mübarizə metodlarından biri idi. Bu gün də camaatın fikrini qarışdırmaq, haqq-ədalət carçılarının səsini boğmaq, hay-küy salaraq kiminsə bu haqq carçılarının səsini eşitməsinə mane olmaq üçün eyni metoddan daha geniş və daha təhlükəli şəkildə istifadə edilir. Bunun üçün bəzən hay-küy salıb fitə basmaq, bəzən yalan və xurafatlar danışmaq, lirik və ehtirasları coşduran əfsanələrdən də istifadə edilir. Bəzən söz həddini aşaraq məşğuliyyət, əyləncə, fəsad mərkəzləri, bauyağı filmlər, məzmunsuz və baş qarışdıran mətbu vasitələri, qondarma siyasi oyunlar, süni həyəcanlar, xülasə, elə şeylər yaradırlar ki, insanların fikrini haqq yoldan sapdırsınlar. Daha acınacaqlısı də budur ki, bəzən elm adamları, alimlər arasında boş və mənasız mövzuları müzakirəyə çıxarır, onların arasına elə təfriqə salırlar ki, hər hansı fundamental məsələlər haqqında fikirləşməyə fürsətləri olmur.

O dövrün müşrikləri Qurana qalib gələ bilmədilər, şeytani fəaliyyətləri puç oldu, Quran günbəgün vüsət aldı, daha çox fayda verməyə başladı, nəhayət, bütün dünyaya işıq saldı.[12] Bu ayə kafirlərin Quran qarşısında tamamilə aciz qaldığını göstərir. Quran kafirlərdən ona hər cəhətdən tay ola biləcək bir kitab gətirilmələrini  istəyir. Ancaq onlar o qədər aciz qalırlar ki, bir-birindən susmamağı, yalnız hay-küy salmalarını, Peyğəmbər (s) Quran oxuyarkən boş-boş sözlər danışmalarını, bununla da Qurana mane olmalarını, insanların Quranı dinləməsinin qarşısını almalarını, qoyduğu təsiri aradan aparmalarını istəyirlər. Onlara görə bu, qələbə hesab edilirdi.[13]

  1. Ey Rəbbimiz! Bizi tovlayıb yoldan çıxaranları bizə göstər! İnsan hər hansı bəlaya düçar olduğu, xüsusilə çıxılmaz vəziyyətdə qaldığı vaxt əsas səbəbi tapmaq, intiqamını almaq, hətta imkanı çatsa, onu parça-parça etmək fikrinə düşür. Ayədə kafirlərin Cəhənnəmdə ikən belə bir vəziyyətdə olacaqlarına işarə edilir. Burada “cinlər və insanlar” deyilərkən müəyyən şəxslər deyil, şeytanlardan və insanlardan olan şeytansifət azdırıcılar nəzərdə tutulur.[14]
  1. Həqiqətən də: “Rəbbimiz tək olan Allahdır!” – deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub (deyirlər:) “Qorxmayın və kə­­dərlənməyin! Sizə vəd olunan Cənnət müjdəniz olsun!
  2. Biz dünya həyatında da, axirətdə də sizin dostlarınız və yardımçılarınızıq. Cənnətdə sizin üçün ürəyiniz istəyən hər şey hazırdır. Nə istəsəniz sizə veriləcək.
  3. Bunlar bağışlayan və rəhmli Allah tərəfindən verilən ziyafətdir”.
  4. Allaha doğru çağıran, yaxşı iş görən və: “Mən müsəlmanlardanam!” – deyən kəsdən daha gözəl söz danışan kim ola bilər?
  5. Yaxşılıqla pislik əsla eyni deyil. Sən pisliyi yaxşılıqla dəf et! Belə olduqda səninlə ədavəti olan şəxs sanki yaxın və səmimi bir dost olar.
  6. Bu məqama isə yalnız səbir edib dözümlülük göstərənlər, (iman və təqva cəhətdən) böyük nəsibi olanlar nail olurlar.
  7. Əgər sənə Şeytandan vəsvəsələr gəlsə, Allahdan sığınacaq istə, çünki O, eşidəndir, biləndir.
  8. Gecə və gündüz, günəş və ay Onun nişanələrindəndir. Əgər Ona ibadət etmək istəyirsinizsə, onda günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin.
  9. Əgər onlar təkəbbür göstərsələr (bilsinlər ki,) sənin Rəbbinin yanında gecə-gündüz usanmadan Onun şəninə təriflər deyən şəxslər var.

——————————————————————————————

  1. İman və düz yol – xoşbəxtliyin iki amili: Bu ayə bütün yaxşı əməllərə və üstün cəhətlərə şamil olur. İlk öncə Allaha sevgi bəsləmək, Ona iman gətirmək, sonra bütün həyatı iman rənginə boyamaq, bu istiqamət üzrə davam etdirmək. Allahı sevdiklərindən dəm vurub əməlində düz olmayanlar çoxdur. Zəif və gücsüz insanlar nəfsani istəklər tufanı ilə qarşılaşdıqda imanla vidalaşır, əməldə müşrik olurlar, mənafeləri təhlükəyə düşəndə olan-qalan zəif imanlarını da əldən verirlər. Bu ayəni oxuduqdan sonra İslam peyğəmbəri (s) belə buyurmuşdur: “Bir qrup adam bu sözü dedi, sonra çox hissəsi kafir oldu. Ancaq bu sözü deyib ölənə qədər sözünün üstündə dayanan şəxs ondan ayrılmaz.” İmam Rza (ə) ayədə işlədilmiş “düz yol” deyilərkən nəyin nəzərdə tutulduğunu soruşan şəxsə belə cavab vermişdir: “Düz yol sizin etiqad bəslədiyiniz vilayət xəttidir.” Bu izah qeyd olunan sözün mənasını məhdudlaşdırmır. Əslində, Əhli-beyt imamlarının (ə) rəhbərliyini qəbul etmək tövhid və İslam dininin əsas xəttinin, saleh əməlin davam etməsinin birinci dərəcəli sığortaçısı olduğu üçün İmam (ə) bu sözü qeyd olunan şəkildə izah etmişdir.[15]

34-35. Pisliyin yaxşılıqla dəf edilməsi: Quranın bu ayəsində buyurulan davranış tərzi, xüsusilə inadkar və nadan düşmən qarşısında aparılan ən mühüm, ən incə və ən məhsuldar təbliğat metodlarındandır. Psixoloqların apardığı son araşdırmalar da bunu təsdiq edir. Çünki pislik edən hər bir şəxs, xüsusilə özü də pis olan, hər hansı pisliklə qarşılaşdıqda bəzən bir neçə qatını qaytaran şəxs qarşı tərəfin də eyni addımı atacağını gözləyir. Ancaq qarşı tərəfin pislik deyil, yaxşılıq etdiyini gördükdə daxilində bir tufan qopur, ruhunda çevrilmə baş verir, utanır, özünün kiçildiyini, cılızlaşdığını, qarşı tərəfin isə böyük olduğunu hiss edir. Nəticədə, içində baş qaldırmış tufan kin-küdurəti aparır, ədavəti sevgi və səmimiyyət əvəz edir. Əlbəttə, bu daimi deyil, ümumi bir qanundur. Çünki bu qanundan sui-istifadə edən azlıqlar da mövcuddur. Onlar cəza qamçılarının zərbələrini yemədən adam olmaz, çirkin davranışlarından əl çəkməzlər. Bu zümrənin hesabı ayrıdır, onlara qarşı sərt olmaq lazımdır. Ancaq yaddan çıxarmaq olmaz ki, bu zümrə hər zaman azlıqdadır, pisliyin yaxşılıqla əvəz edilməsi qanunu əksəriyyətə aiddir.[16]

  1. Şeytanın vəsvəsələri qarşısında nə edək? Xoşbəxt olmaq, Allahın razılığını qazanmaq üçün insanın qət etdiyi uzun-uzadı yolda Şeytanın pusqu qurduğu keçilməz keçidlər var. Əgər insan tək qalsa, bu yolu qət edə bilməz, bu təhlükəli yolda irəliləyə bilmək üçün insan Allaha təvəkkül etməli, tufan və qasırğa gücləndiyində Onun lütfünə daha çox sığınmalıdır. Bir nəfər başqa birisi haqqında pis danışır, həmin şəxsə qarşı qəlbində qəzəb odu yanır. Peyğəmbər (s): “Mən elə bir söz bilirəm ki, qəzəbli şəxs onu desə, qəzəbi soyuyar, həmin cümlə budur: “Qovulmuş Şeytanın şərindən Allaha sığınıram”, – deyə buyurur. Həmin qəzəbli adam deyir: “Mənim dəli olduğumu düşünürsünüz (Şeytanın bədənimə girdiyini güman edirsiniz)?” Peyğəmbər (s) Quranın bu ayəsini buyurur: “Əgər sənə Şeytandan vəsvəsələr gəlsə, Allaha sığın”. Peyğəmbər (s) bu cümlə ilə nəfsani istəklər kimi, qəzəbin Şeytanın qaldırdığı vəsvəsə tufanlarından olduğunu çatdırmaq istəyir. Möminlərin əmiri İmam Əli (ə) hədislərinin birində belə buyurmuşdur: “Şeytan sizlərdən hər kimi vəsvəsə etsə, Allaha sığınıb “Allaha iman gətirdim və dinimi Onun üçün xalis etdim”, – desin.”[17]
  2. Yer üzünü qupquru görməyin də Onun nişanələrindəndir. Ancaq Biz onun üzərinə su endirdikdə o, hərəkətə gəlib artır. Onu dirildən, ölüləri də dirildəcəkdir. O, hər şeyə qadirdir.
  3. Ayələrimizi təhrif edənlər Bizdən gizli qalmazlar. Oda atılan adam yaxşıdır, ya Qiyamət günü Məhşər səhnəsinə əmin-amanlıq içində gələn adam? İstədiyinizi edin! O, nə etdiyinizi görür.
  4. Zikr onlara gəldiyi zaman onu inkar edənlər (də Bizdən gizli qalmayacaqlar). Bu, yenilməz bir kitabdır.
  5. Nə öndən, nə də arxadan batil ona nüfuz edə bilməz. Çünki o, hikmət sahibi, tərifəlayiq olan (Allah) tərəfindən nazil edilmişdir
  6. Haqqında deyilən xoşagəlməz sözlər səndən əvvəlki elçilər haqqında deyilmiş eyni sözlərdir. Sənin Rəbbin bağışlayandır, ağrılı-acılı cəza verəndir.
  7. Əgər Biz onu başqa bir dildə Quran etsəydik, hökmən, deyərdilər: “Nə üçün ayələri aydın deyil? Ərəb peyğəmbərdən əcnəbi dildə olan Quran?!” De: “Bu, iman gətirənlərə doğru yol göstərən və şəfadır”. İman gətirməyənlərin isə qulaqlarında ağırlıq vardır. Onlar ona qarşı sanki kordurlar, onu görmürlər. Onlar (sanki) uzaq bir yerdən çağırılırlar.
  8. Biz Musaya kitab verdik, sonra onun barəsində ixtilaf düşdü. Əgər bu barədə Rəbbin tərəfindən bir əmr olmasaydı, onların arasında hökm verilmiş olardı. Amma onlar hələ də onun barəsində iftira dolu bir şübhə içindədirlər.
  9. Kim yaxşı iş görsə, xeyri özünə, kim də pislik etsə, zərəri özünə olar. Sənin Rəbbin bəndələrə əsla zülm etməz.

———————————————————————————-

  1. Nə öndən, nə də arxadan batil ona nüfuz edə bilməz: Təfsirçilər bu cümlənin təfsiri ilə bağlı çox fikirlər söyləmişlər. Onların arasında ən əhatəlisi budur: Heç bir batil heç bir vasitə ilə Qurana nüfuz edə bilməz, yəni Quranın təqdim etdiyi məsələlər arasında heç bir ziddiyət yoxdur, inkişaf etmiş elmlər və kitablar ona zidd ola bilməz, gələcəkdə əldə ediləcək elmi nailiyyətlər ona müxalif olmayacaq, heç kəs onun həqiqətlərini yalana çıxara bilməz, gələcəkdə qüvvədən düşməyəcək, təqdim etdiyi məlumatlar, qanunlar, verdiyi xəbərlər və nəsihətlər arasında ixtilaf yoxdur, sonra da belə bir hal baş verməyəcək, heç bir ayəsi, hətta heç bir kəlməsi də azalmamış, ona heç nə artırılmamışdır. Başqa sözlə desək, təhrif edənlərin əli onun uca zirvəsinə çatmamış, çatmır və çatmayacaq.[18]
  2. Quranla bağlı başqa bir bəhanəyə cavab: Kökü “ucmə” olan “əcəm” sözünün mənası fəsahətsiz və anlaşılmaz söz və danışıqdır. Ərəblər ərəb olmayanların dillərini yaxşı başa düşmədikləri üçün onları əcəm adlandırıblar. Ayədə inadkar kafirlərin bəhanələrindən söz açılır və gətirdikləri bəhanələrdən birinə cavab verilir. Onlar bəhanə edirdilər ki, nə üçün Quran əcnəbi dildə nazil olmayıb? Əgər belə olsaydı, biz ona daha çox əhəmiyyət verərdik və digər tərəfdən, ərəb olmayanlar da ondan faydalanardılar. Əslində, belə deyərkən məqsədləri başqa idi. İstəyirdilər ki, camaat onu başa düşməsin və “bu Qurana qulaq asmayın, oxunduğu zaman hay-küy salın” (26-cı ayə) göstərişinə də ehtiyac qalmasın. Quran onlara belə cavab verir: Əgər biz Quranı başqa bir dildə göndərsəydik, hökmən, deyəcəkdilər: Nə üçün ayələri aydın deyil? Nə üçün qarışıqdır? Biz ondan baş açmırıq. Ya da deyəcəkdilər: Ərəb xalqına yad olan bir kitab? Ərəb dilində olduğu, hər kəs tərəfindən yaxşı dərk edildiyi, dərinliklərinə qədər aydınlıq gətirildiyi halda, hələ də “Qurana qulaq asmayın, hay-küy salıb camaatın ona qulaq asmasına mane olun” deyə car çəkirlər.[19]
  3. Allahın bəndələrə zülm və haqsızlıq etməsi qeyri-mümkündür: Ayənin son hissəsi ixtiyar və iradə azadlığına aydın bir dəlildir. Allah-taala bu ayədə kiməsə səbəbsiz yerə cəza vermədiyini və heç bir əsas olmadan əzabını artırmadığını buyurur. Allahın proqramı xalis ədalət üzərindədir. Çünki zülm və haqsızlıq çatışmazlıq, nöqsan, cəhalət, məlumatsızlıq və ya nəfsani istəklərdən qaynaqlanır. Halbuki Allahın müqəddəs zatı bütün bunlardan ucadır. “Zəllam” mübaliğə formasında olan sözdür, mənası çox-çox zülm edən deməkdir. Ayələrə əsasən deyə bilərik ki, Allahın heç bir səbəb olmadan zülm və haqsızlığa yol verməsi Onun böyük bir zülmkar olmasından qaynaqlanmalıdır. Allah isə belə bir xüsusiyyətdən ucadır. Bəziləri hesab edir ki, bəndələri çox olduğu üçün, hər kəs haqqında ediləcək kiçik bir zülm üst-üstə gələrək mübaliğə yaradır. Bu yozumlar arasında heç bir təzad yoxdur. Hər halda Quran bu ayələrdə fəsadın yayılması, müxtəlif çirkinliklərə imza atılması və məsuliyyətin götürülməsinə səbəb olacaq “cəbr” (məcburiyyət, ixtiyarsızlıq) məktəbi üzərindən xətt çəkir, hər kəsin öz əməlləri qarşısında məsuliyyət daşıdığını, etdikləri əməllərin nəticəsinin birinci növbədə özlərinə qayıdacağını buyurur. Səhabələrindən biri İmam Rzadan (ə): “Allah Öz bəndələrini günaha məcbur edirmi?” – deyə soruşduqda İmam (ə) buyurur: “Xeyr, onları sərbəst buraxır, günahlarını bağışlatmaları üçün onlara möhlət verir.” Səhabə soruşur: “Bəndəyə öhdəsindən gələ bilməyəcəyi vəzifəni tapşırırmı?” İmam (ə) buyurur: “Özü “bəndələrə əsla zülm və haqsızlıq etməz”, – deyə buyurduğu halda, bunu necə edər?” Sonra belə əlavə edir: Atam Musa ibn Cəfər atası Cəfər ibn Mühəmmədə istinadən belə bir hədis nəql etmişdir: “Əgər kimsə Allahın Öz bəndələrini günaha məcbur etdiyini və ya imkanları xaricində olan vəzifəni tapşırdığını güman edirsə, həmin şəxsin kəsdiyi heyvanın ətindən yeməyin, şahidliyini qəbul etməyin, arxasında namaz qılmayın, zəkatdan ona pay ayırmayın.”[20]

 

  1. Qiyamət haqqında bilgi yalnız Ona məxsusdur. Onun xəbəri olmadan heç bir meyvə toxumundan cücərib çıxmaz, heç bir qadın hamilə qalmaz və daşıdığı yükü (bətnindəkini) yerə qoymaz. O gün onları çağırıb: “Mənə qoşduğunuz şəriklər haradadır?” – deyə soruşduqda deyəcəklər: “Biz Sənə bildirdik ki, dediklərimizə heç bir şahid yoxdur!” – deyəcəklər.
  2. Əvvəllər çağırdıqları bütün məbudlar məhv olacaq və onlar heç bir qaçış yerinin olmadığını biləcəklər.
  3. İnsan özünə xeyir diləməkdən usanmaz. Lakin ona bir pislik dəysə, çox məyus olub ümidini itirər.
  4. Başına gələn bəladan sonra öz tərəfimizdən ona bir rəhmət daddırsaq, deyər: “Bu, mənim haqqımdır və Qiyamətin gələcəyini güman etmirəm. Rəbbimə doğru qaytarılsam, Onun yanında mənim üçün gözəl mükafatlar var!” Biz kafirləri nə etdiklərindən xəbərdar edəcəyik və onlara ağır bir əzab daddıracağıq.
  5. (Qəflət yuxusunda olan) insana nemət verdiyimiz zaman üz çevirib təkəbbürlü halda haqdan uzaqlaşar. Lakin kiçik bir problemlə qarşılaşdıqda uzun-uzadı yalvarıb-yaxarar.
  6. De: “Bir deyin görək, əgər bu Quran Allah tərəfindən olarsa, siz də (bilə-bilə) onu inkar edərsinizsə, qəti şəkildə müxalifətçilik edən şəxsdən daha azğın kim ola bilər?
  7. Onun haqq olduğu onlara aydın olana qədər Biz nişanələrimizi onlara həm kainatda, həm də onların özlərində, mütləq, göstərəcəyik. Rəbbinin hər şeyə şahid olması kifayət deyil?
  8. Bilin ki, onlar öz Rəbləri ilə qarşılaşacaqlarına şübhə edirlər. Bilin ki, O, hər şeyi əhatə edir.

—————————————————————————————

  1. Ehtimal edilən zərərin dəf edilməsi əqli cəhətdən vacibdir: Bu ayə inadkar kafirlərə xitab edir, məşhur bir əqli qanunu aydın şəkildə onlara izah edir. Əlbəttə, bu prinsip heç bir məntiqi dəlili qəbul etməyənlərə aiddir, daha doğrusu, inadkar, təkəbbürlü və təəssübkeş insanlara ünvanlanmış son sözdür. Belə ki, əgər siz Quranın həqiqətlərini, tövhidi, ölümdən sonrakı həyatın varlığını yüz faiz qəbul etməsəniz də onu inkar etmək üçün heç bir dəliliniz yoxdur. Deməli, Quranın çağırışı və axirət mövzusunun gerçəklik olması ehtimalı daha güclüdür. İndi belə bir sapma, kəskin reaksiya və Allah dini qarşısında cəbhə almağınızla sizi hansı qorxulu və qaranlıq aqibətin gözlədiyini düşünün. Bu, din öndərlərinin inadkar insanlara söylədikləri son sözdür. Hədislərdə İmam Sadiqin (ə) dövrünün məşhur materialist və dönüklərindən olan İbn Əbülövca ilə olan mübahisəsinin çox uzun sürdüyü qeyd edilmişdir. Bir gün həcc mərasimində olarkən İmamın (ə) onunla rastlaşan bəzi səhabələri İbn Əbülövcanın müsəlman olduğunu deyirlər. İmam (ə) buyurur: “O, daha kor qəlblidir. Heç vaxt müsəlman olmayacaq.” İbn Əblövca İmamı (ə) görən kimi deyir: Mənim ağam, mənim böyüyüm! İmam (ə) soruşur: “Səni bura gətirən nədir?” İbn Əbülövca: “Fiziki ibadət, bu ərazinin adət-ənənəsi. Gəlmişəm ki, camaatın axmaq-axmaq hərəkətlərinə, başlarını qırxmalarına, daş atmalarına tamaşa edim.” İmam Sadiq (ə): “Sən hələ də öz təkəbbür və azğınlığında qalmısan?” İbn Əbülövca ağzını açıb nə isə demək istədikdə İmam Sadiq (ə) buyurur: “Həcc mübahisə yeri deyil”. Əbasını onun əlindən dartıb bu cümləni buyurur: “Əgər məsələ sən dediyin kimi olsa (Allah və Qiyamət yoxdursa ki, heç də belə deyil), həm sən xilas olacaqsan, həm biz. Əgər məsələ biz dediyimiz kimi olsa (əslində, elə biz dediyimiz kimidir), biz xilas olacaq, sən isə həlak olacaqsan.” İbn Əbülövca üzünü yoldaşlarına tutub deyir: Ürəyimin dərinliyində bir ağrı hiss etdim, məni qaytarın. Onu qaytarırlar və bir müddətdən sonra dünyasını dəyişir.[21]
  2. Tezliklə öz nişanələrimizi onlara göstərəcəyik: “Həm kainatda, həm də onların özlərində” olan nişanələr deyilərkən nələrə işarə edilməsi və onların nəyi sübuta yetirməsi ilə bağlı müxtəlif fikirlər irəli sürülmüşdür. Bu fikirlər arasında ikisi daha çox diqqətəlayiqdir: 1. Dünya həyatına vida edərkən kafirin son anlarda gördükləri. O vaxt bütün düşüncələrinin alt-üst olduğunu, etdiyi iddiaların tamamilə havaya sovrulduğunu, əlinin hər yerdən üzüldüyünü görəcək, Allahın haqq, Ondan qeyri nə varsa, hamısının yalan olduğunu başa düşəcək. 2. Gələcəkdən xəbər verən Quran ayələri. Müsəlmanların müşriklər üzərində qələbə çalacağını vəd verən ayələri buna misal göstərə bilərik. Belə ki, Allahın müsəlmanlara dünyanın hər tərəfində müşriklər üzərində ardıcıl qələbələr nəsib etməsi, kafirlərin müsəlmanlar tərəfindən qətlə yetirilməsi Quranın bu ayələrinin gerçəkləşdiyini aydın şəkildə göstərir. Quran ayələri haqq yolunda olanlara Allah dininin tezliklə bütün dünyaya hakim olacağını, yer üzündə Allahdan qeyrisinə ibadət edilməyəcəyini vəd vermişdir. Əhli-beyt (ə) hədislərində bu ayədə Həzrət Mehdinin (ə) zühur edəcəyi dövrün nəzərdə tutulduğu buyurulumuşdur.[22]

 

[1] Nümunə, c.20, səh.216

[2] Nümunə, c.20, səh.225

[3] Əl-Mizan, c.17, səh.364

[4] Nümunə, c.20, səh.227

[5] Nümunə, c.20, səh.229

[6] Təfsiri-mövzui, c.3, səh.76

[7] Nümunə, c.20, səh.230

[8] Nümunə, c.20, səh.431

[9] Təfsiri-mövzui, c.4, səh.420

[10] Nümunə, c.20, səh.433

[11] Nümunə, c.20, səh.253

[12] Nümunə, c.20, səh.264

[13] Əl-Mizan, c.17, səh.388

[14] Nümunə, c.20, səh.267

[15] Nümunə, c.20, səh.270

[16] Nümunə, c.20, səh.281

[17] Nümunə, c.20, səh.286

[18] Nümunə, c.20, səh.298

[19] Nümunə, c.20, səh.304

[20] Nümunə, c.20, səh.308

[21] Nümunə, c.20, səh.325

[22] Əl-Mizan, c.17, səh.404