“Haqqə” surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

  1. (Qiyamət günü) mütləq, gerçəkləşəcək bir gündür!
  2. Necə də gerçəkləşəcək bir gün!
  3. Sən nə bilirsən gerçəkləşəcək həmin gün nədir?!
  4. Səmud və Ad qövmləri Allahın əzici əzabını inkar etdilər (acı nəticəsini də gördülər.)
  5. Səmud qövmü qarşısıalınmaz bir əzabla məhv edildi.
  6. Ad qövmü isə hədsiz soyuq, şiddətli və qarşısıalınmaz bir küləklə həlak edildi.
  7. Allah bu dağıdıcı tufanı yeddi gecə, səkkiz gün fasilə vermədən onların üstündə əsdirdi. (Sən orada olsaydın,) həmin tayfanın o tufanın içində içiboş və çürümüş xurma ağacları kimi yerə düşüb həlak olduğunu görərdin.
  8. Sən onlardan qalan bir kimsəyə heç rast gəlmisənmi?

————————————————————————————–

  1. Nəzər varmı? İnsanların çoxu bəzi gözlərin xüsusi təsirə malik olduğuna, nəyəsə təəccüblə baxdıqda həmin şeyə xəsarət yetirəcəyinə və ya onu məhv edəcəyinə, insanı xəstə və ya dəli edəcəyinə inanır. Bu inanc əqli cəhətdən mümkünsüz bir şeydir. Bu gün alimlərin çoxu bəzi gözlərdə çox böyük təsir gücünə malik, hətta xüsusi təlim və məşqlər vasitəsilə daha da təkmilləşdirilə bilən maqnit qüvvəsinin olduğu qənaətindədirlər. Gözlərin maqnit gücü vasitəsilə qarşı tərəfi hipnoz etməsi mümkün haldır. Bu gözlər görünməz lazer şüalarının mövcud olduğu bir dünyada heç bir dağıdıcı silahın qadir olmadığını edə bilər. Qarşı tərəfə xüsusi dalğalar vasitəsilə təsir göstərən gözlərdə hər hansı bir gücün olması təəccüblü bir şey deyil. Bəzi şəxslərin gözlərinin bu cür sirli gücə malik olması, insanları, heyvanları və ya hər hansı əşyanı bir baxışla məhv etməsi faktını çoxlarının dilindən eşitmək olar. Deməli, bu reallığı inkar etməkdə israrlı olmaq əvəzinə onun elmi və əqli cəhətdən mümkün olduğunu qəbul etmək lazımdır. Hədislərdə bu fakt müxtəlif formalarda təsdiq edilmişdir. Bir gün Əsma bint Ümeys Peyğəmbərə (s) deyir: “Arada Cəfərin[1] uşaqlarına göz dəyir. Onlar üçün ruqyə[2] götürə bilərikmi?” Peyğəmbər (s) buyurur: “Bəli, heç bir eybi yoxdur. Əgər nə isə qəza-qədərin qarşısını ala bilsəydi, o, nəzər olardı.” İmam Əlidən (ə) nəql edilmiş hədislərin birində deyilir ki, Peyğəmbər (s) İmam Həsən (ə) və İmam Hüseyn (ə) üçün ruqyə götürərək bu duanı oxudu: “Sizi ölümün, ziyanverici heyvanların, bədnəzərin və paxıllıq edən hər bir paxılın şərindən Allahın gözəl sözləri və adlarına tapşırıram.” Sonra Peyğəmbər (s) bizə baxıb buyurdu: “Həzrət İbrahim də İsmail (ə) və İshaqın (ə) şərdən qorunması üçün bu cür dua edib.” Başqa bir hədisində İmam Əli (ə) belə buyurmuşdur: “Həm göz dəyməsi haqdır, həm də onu dəf etmək üçün duadan istifadə etmək”. Bir məsələni də qeyd etməliyik ki, ümumilikdə dualar bir çox dağıdıcı amillərin qarşısını alıb Allahın izni ilə onları zərərsizləşdirdiyi kimi bu duaların da Allahın əmri ilə gözlərin sirli maqnit gücünün təsirinin qarşısını alması mümkün bir işdir. Əlbəttə, nəzəri qəbul etmək heç də bu demək deyil ki, bu fakta əsaslanıb xurafatlarla məşğul olmağa, nəticədə, şəriətin göstərişlərinə zidd hərəkət etməyə, mövzunun əsl mahiyyətindən xəbəri olmayan insanlarda şəkk-şübhə yaratmağa icazə verilir. Ümumiyyətlə bir çox həqiqətlərin təhrifi və onlara xurafatların qarışdırılması zehnlərdə həmin həqiqətlərlə bağlı mənfi təsəvvürün yaranmasına səbəb olur.[3]

“Haqqə” surəsinin ümumi məzmunu: Bu surəni üç mövzu üzrə ümumiləşdirmək olar: 1. Qiyamət və onun biz çox xüsusiyyətləri. 2. Keçmişdə yaşamış kafir qövmlər, xüsusilə Ad, Səmud və Firon qövmləri, Qiyaməti inkar edən bütün kafirlərin qorxudulması. 3. Quranın əzəməti, Peyğəmbərin (s) məqamı və onu yalançı sayanların cəzası.[4]

 

  1. Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş kəndlərin sakinləri (Lut qövmü) də böyük günahlar işlətmişdilər.
  2. Onlar öz Rəblərinin elçisinə asi oldular, O (da) onları şiddətli bir əzaba düçar etdi.
  3. Su aşıb-daşdıqda Biz sizi gəmiyə mindirdik.
  4. Sizə bir xatırlatma olsun və dinləyən qulaqlar onu anlayıb dərk etsinlər deyə (belə etdik).
  5. Surun bircə dəfə üfürüləcəyi,
  6. yer və dağların qaldırılıb qəfildən bir-birinə çırpılaraq parça-parça olacağı zaman –
  7. həmin gün “böyük hadisə” qopacaq.
  8. Göy yarılacaq və həmin gün o, süstləşib yerə töküləcək.
  9. Mələklər isə onun ətrafında olacaq (və öz vəzifələrini yerinə yetirməyə hazırlaşacaq)lar. O gün sənin Rəbbinin ərşini onların hamısının üzərindən səkkiz (mələk) daşıyacaqdır.
  10. O gün siz Allahın hüzuruna gətiriləcəksiniz və heç bir işiniz gizli qalmayacaq.
  11. Əməl dəftəri sağ əlinə verilən (sevincindən) qışqırıb deyəcək: “Əməl dəftərimi alın oxuyun!
  12. Mən əmin idim ki, etdiklərimin hesabına qovuşacağam”.
  13. O, xoşbəxt həyat sürəcəkdir
  14. uca bir Cənnətdə,
  15. (elə bir Cənnətdə ki,) onun meyvələri əlçatan olacaqdır.
  16. (Onlara deyiləcək:) “Keçmiş günlərdə etdiyiniz əməllərə görə nuşcanlıqla yeyin-için!”
  17. Əməl dəftəri sol əlinə verilən kəs isə deyəcəkdir: “Kaş əməl dəftərimi mənə verməyəydilər!
  18. Hesabımdan da xəbərim olmayaydı!
  19. Kaş ölümüm yetişəydi!
  20. Var-dövlətim məni zəngin etmədi.
  21. Qüdrətim də məhv olub getdi”.
  22. (Mələklərə deyiləcək): “Onu yaxalayıb zəncirləyin!
  23. Sonra da Cəhənnəmə atın!
  24. Onu uzunluğu yetmiş dirsək olan zəncirə vurun!
  25. Çünki o, böyük Allaha iman gətirmirdi,
  26. və (heç kəsi) kasıbı yedirtməyə təşviq etmirdi.

————————————————————————————–

  1. Su aşıb-daşanda sizi gəmiyə mindirdik: Bu ayədə Nuh qövmünün aqibəti və onlara göndərilən ağrılı-acılı əzabdan bəhs edilir. Həmin vaxt qara buludlar göy üzünü örtmüş, sonra göydən sel yağırmış kimi yağış yağmağa başlamışdı. Yerdəki bulaqlar da aşıb-daşmağa başlamışdı. Hər ikisi birləşərək qarşılarına çıxanı altına almış, yalnız Nuha iman gətirənlər xilas olmuş və onunla birlikdə gəmiyə minmişdilər. “Sizi mindirdik” ifadəsi ilə bizim ata-babalarımıza işarə edilmişdir. Çünki onlar xilas olmasaydılar, biz də əsla olmazdıq.[5]
  2. Dinləyən və eşidən qulaqlar: Bəzən elə olur ki, insan bir sözü eşidib onu tez də unudur. Adi danışıq dilimizdə də “bir qulağından alıb digər qulağından verdi” ifadəsi işlədirik. Bəzən isə eşitdiyimiz haqqında düşünür, onu qəlbimizə hopdurur, həyat yoluna çıraq edirik. Deyilənə görə bu ayə nazil olduqdan sonra İslam peyğəmbəri (s) buyurmuşdur: “Rəbbimdən istədim ki, onu (eşidən qulaqları) Əlinin qulaqları etsin.” Ondan sonra İmam Əli (ə) buyurmuşdur: “Mən ondan sonra Allah rəsulundan (s) nə eşitdimsə, hamısı yaddaşıma həkk oldu, heç zaman da unutmadım.” Bu, Peyğəmbərin (s) sirlərinin sirdaşı və bütün elmlərinin varisi olan o böyük öndər üçün çox böyük bir hədiyyə olmuşdur. Buna görə də Peyğəmbərdən (s) sonra İslam cəmiyyəti elmi məsələlərdə hansı problemlə qarşılaşsaydı, müxalif və tərəfdar olmasından asılı olmayaraq, ona müraciət edər, probleminin həllini ondan soruşardı. Bu barədə mənbələrdə çox faktlara rast gəlmək olar.[6]
  3. Ərş və onun səkkiz daşıyıcısı: Ayədə bu daşıyıcıların mələklər olacağı açıq şəkildə qeyd edilməmişdir. Ancaq kontekstdən onların mələklər olduğu məlum olur. Habelə həmin səkkiz daşıyıcının səkkiz mələk, yoxsa səkkiz böyük və ya kiçik mələklər qrupu olduğu da dəqiq göstərilmir. Hədislərdə indi həmin daşıyıcıların dörd mələk (və ya mələklər qrupu) olduğu, Qiyamətdə isə onların sayının səkkizə çatacağı buyurulmuşdur. Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “İndi onlar dörd nəfərdir, Qiyamət günü isə onlar dörd digər mələklə gücləndiriləcək və sayları səkkiz nəfər olacaq.” Görəsən “ərş” nədir? Bu mələklər kimlərdir? Əslində “ərş” heç də fiziki mənada başa düşülən “səltənət taxtı” deyil, bütün varlıq aləmidir. “Ərş” Allahın hökumətidir və o, Allahın əmrlərini icra edən mələklər tərəfindən idarə olunur. Belə bir ehtimal da var ki, Allahın bu idarəediciləri mələklərdən daha üstün varlıqlardır. Belə ki, hədislərdə də qeyd edilmişdir ki, Qiyamət günü Allahın ərşini daşıyanlar əvvəllərdən olan dörd nəfər və axırdan olan dörd nəfərdir. Əvvəllərdən olan dörd nəfər Nuh, İbrahim, Musa və İsa əleyhimis-salamlar, axırdan olan dörd nəfər isə Muhəmməd, Əli, Həsən və Hüseyn əleyhis-salamlardır. Şübhəsiz ki, Qiyamət gününə aid olan hadisələr bu məhdud və qaranlıq dünyanın sakinləri olan bizlər üçün dəqiq və aydın olmadığı üçün ərşin daşıyıcıları ilə bağlı məsələ də dəqiq məlum deyil. Qeyd etdiklərimiz Allahın ayələrinin işığında yürütdüyümüz xəyaldır. Onların həqiqətini həmin vaxt görəcəyik.[7]

 

  1. Buna görə də bu gün burada onun mehriban dostu yoxdur.
  2. Qan və irindən başqa yeməyi də yoxdur.
  3. Onu ancaq günahkarlar yeyər”.
  4. And olsun həm gördüklərinizə,
  5. həm də görmədiklərinizə!
  6. Bu, Quran möhtərəm bir elçinin sözüdür.
  7. O, şair sözü deyildir! Amma az inanırsınız!
  8. O, kahin sözü də deyildir! Hərçənd ki, az diqqət yetirib xatırlayırsınız!
  9. O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir!
  10. Əgər o, bir sözü özündən uydurub Bizə aid etsəydi,
  11. Biz onu Öz qüdrətimizlə yaxalayar,
  12. sonra da şah damarını kəsərdik.
  13. İçərinizdən heç kəs də buna mane ola bilməzdi.
  14. Bu, əlbəttə, müttəqilər üçün bir xatırlatmadır.
  15. Bəzilərinizin onu yalan saydığını da bilirik!
  16. Bu, kafirlər üçün bir peşmançılıq səbəbidir.
  17. Bu, əsl həqiqətdir.
  18. Elə isə böyük Rəbbinin adına təriflər de!

[1] Cəfər onun əri olub.

[2] Nəzər üçün yazılıb üstdən asılan dua.

[3] Nümunə, c.24, səh.426

[4] Nümunə, c.24, səh.433

[5] Nümunə, c.24, səh.443

[6] Nümunə, c.24, səh.444

[7] Nümunə, c.24, səh.451