
İslam Peyğəmbəri (s) — Bioqrafiya
İslam Peyğəmbərinin adı Mühəmməd (s), məşhur künyəsi Əbülqasim, məşhur ləqəbləri Əhməd və Mustafa, bərəkətli ömrü isə 63 ildən ibarət olmuşdur. O həzrət “amul-fil”in (fil ili) Rəbiül-əvvəl ayının 17-də (miladi tarixi ilə 570-ci ildə), mübarək cümə günü dünyaya gəlmişdir. (Həmin il Allah-Taala Kəbə evini uçurmağa gələn “fil səhabələri”ni “əbabil” quşları ilə məhv etmişdir.) Həzrət İsa (ə) əsrlər öncə “İncildə” o həzrətin adını müjdə vermişdir: “Mən sizi məndən sonra gələcək bir peyğəmbərlə müjdələyirəm, onun adı Əhməddir.” Qurani-Kərimdə də o həzrət həm Əhməd, həm də Mühəmməd adı ilə yad edilir. (“Səff” surəsi, ayə 6; “Əhzab” surəsi, ayə 40.) Nəhayət, o həzrət bir yəhudi qadının vasitəsi ilə zəhərlənərək 11-ci hicri-qəməri ilinin Səfər ayının 28-də dünyasını dəyişmişdir.
Peyğəmbər (s) 25 yaşında olarkən həzrət Хədicə (s) ilə evlənmiş və “amul-fil”in 40-cı ili, Rəcəb ayının 27-də gecə ikən peyğəmbərliyə seçilmişdir. O həzrət İslam dinini təbliğ etdiyi üçün 13 il Məkkədə dözülməz müsibətlərə məruz qalaraq Qüreyş kafirlərinin dinin inkişafının qarşısını aldıqları zaman Mədinə şəhərinə hicrət etmişdir. Qeyd etmək lazımdır ki, o həzrətin Mədinəyə hicrət etdiyi gün İslam tarixinin başlanğıcı sayılır. Peyğəmbər (s) hicrətdən sonra, Mədinədə sakin olduğu 10 il ərzində İslam dinini kamil surətdə bəşəriyyətə çatdırmışdır.
İslam Peyğəmbərinin (s) doğulduğu gecə dünyada böyük hadisələr və möcüzələr baş vermişdir. O cümlədən: bütün bütlər yıxılır; İranda Kəsra eyvanı lərzəyə gəlib parçalanır və 14 sütunu sınır; Savə dəryaçası quruyur; min ildən sonra fars atəşgahı sönür.
Peyğəmbərin (s) Ata və Anası
Tarixdə Peyğəmbərin (s) atası Abdullah haqda belə yazılır: Bir gün Əbdül-Müttəlib Zəmzəm quyusu qazılanda nəzr edir ki, əgər on oğlu olarsa, birini Allah yolunda qurban etsin. Onun duası qəbul olur və Allah-Taala ona onuncu oğulu, yəni Abdullahı əta etdikdə, Əbdül-Müttəlib öz nəzərini yerinə yetirmək məqsədilə övladları arasında püşk atır. Püşk Abdullaha düşür. Abdullahı qurbangaha aparır. Bu iş sonralar bir adətə çevrilməsin deyə, qohum-əqraba yığışıb bu işə mane olmaq istəyirlər. Təklif edirlər ki, on dəvə və Abdullah arasında püşk atılsın. Püşk yenə də Abdullaha düşür. Dəvələri yüzədək artırdıqdan sonra püşk dəvələrə düşür. Beləcə, 100 dəvə Abdullahı əvəz edir.
Peyğəmbərin (s) atası Abdullah çox yaşamır. O, Amənə ilə evləndikdən sonra, Peyğəmbər (s) dünyaya gəlməzdən öncə Şam səfərindən qayıdarkən xəstələnir və 25 yaşında ikən Mədinədə dünyasını dəyişir. Peyğəmbər (s) dünyaya gəldikdən sonra babası Əbdül-Müttəlibin himayəsinə keçir.
Peyğəmbərin (s) anasının adı Amənədir. Amənə o həzrəti (s) dünyaya gətirdikdən bir müddət sonra ona süd vermək üçün Bəni-Səd qəbiləsindən olan Həlimə Sədiyyə adlı bir qadını dayə tuturlar. Peyğəmbər (s) beş il dayənin yanında qalıb, sonra ana qucağına qayıdır.
Amənə bir müddət sonra öz övladı Peyğəmbərlə (s) birgə qohumlarını görmək və həyat yoldaşı Abdullahın qəbrini ziyarət etmək üçün Mədinəyə gedir. Mədinədə bir ay qaldıqdan sonra geri dönərkən xəstələnib yolda otuz yaşında ikən vəfat edir. Onu Mədinə ilə Məkkə yolunun kənarında Əbva adlı bir yerdə dəfn edirlər. Anasının dəfnindən sonra Ümmü-Əymən adlı bir qadın Peyğəmbəri (s) gətirib Əbdül-Müttəlibə çatdırır. Peyğəmbər (s) səkkiz yaşında olarkən babası Əbdül-Müttəlib də dünyasını dəyişir, sonra onu əmisi Əbu Talib və onun həyat yoldaşı Fatimə binti Əsəd öz himayələrinə götürürlər.
Peyğəmbərin (s) Övladları
İslam Peyğəmbərinin (s) üç oğlu və dörd qız övladı olmuşdur.
- Qasim: İki yaşında ikən Məkkədə vəfat etmişdir. Peyğəmbər (s) bu münasibətlə “Əbülqasim” adlanmışdır.
- Abdullah: Məkkədə vəfat etmişdir. Bəziləri onun adını Təyyib və Tahir kimi də qeyd etmişlər.
- İbrahim: Mədinədə Mariyyə Qibtiyyədən olmuş, hicrətin 10-cu ilində on yeddi aylığında vəfat etmişdir.
- Zeynəb: Böyük qızıdır, Əbülas ibn Rəbi ilə ailə qurmuş və 8-ci hicri-qəməri ilində vəfat etmişdir.
- Rüqəyyə: Əvvəl Utbəyə nişanlı olmuş, sonra Osman ibn Əfvan ilə ailə qurmuşdur. İkinci hicri ilində vəfat etmişdir.
- Ümmü-Gülsüm: Osman ibn Əfvan ilə ailə qurmuşdur. Üçüncü hicri ilində vəfat etmişdir.
- Fatimeyi-Zəhra (s): İmam Əli (ə) ilə ailə qurmuş, 18 yaşında şəhid olmuşdur.
İslam Peyğəmbərinin (s) Risaləti
İslam Peyğəmbəri (s) peyğəmbərliyindən öncə hər il bir neçə günlük “Hira” mağarasına gedər, ibadət və raz-niyazla məşğul olardı. Peyğəmbər (s) qırx yaşında ikən, hicrətdən on üç il əvvəl, Rəcəb ayının 27-də vəhy mələyi Cəbrail-Əminin Allah tərəfindən nazil olması və “Ələq” surəsinin bir neçə ayəsinin tilavəti ilə peyğəmbərliyə seçilir. O həzrətə iman gətirən və dəvətini qəbul edən ilk kişi imam Əli (ə) və ilk qadın Peyğəmbərin (s) həyat yoldaşı Xədicə olur.
Üç il gizli dəvətdən sonra, “Şüəra” surəsi 214-cü ayə nazil olur və o həzrət qohumlarını risalətə dəvət edir. Daha sonra “Hicr” surəsi 94-95-ci ayələri nazil olur və ümumi dəvət başlayır. Bu dövrdə müsəlmanlar ağır işgəncələrə məruz qalırlar.
Nəhayət, Məkkədə təhlükələr artdıqda, Allahın əmri ilə Peyğəmbər (s) Mədinəyə hicrət edir. İmam Əli (ə) Peyğəmbərin yatağında yatır. Mədinəyə gedərkən “Quba”da qarşılanır. Burada ilk məscid – Quba məscidi tikilir. Daha sonra Mədinədə Peyğəmbər məscidi inşa edilir.
Hicrətin 2-ci ilində Bədr döyüşü, 3-cü ildə Ühüd, 5-ci ildə Əhzab, 7-ci ildə Xeybər döyüşü, 8-ci ildə Məkkə fəthi baş verir. 10-cu ildə Vida Həcci zamanı “Qədir-Xum” hadisəsi olur və İmam Əli (ə) canişin elan edilir. 11-ci hicri ilin Səfər ayının 28-də Peyğəmbər (s) dünyadan köçür.