Peyğəmbərin əzəmətli ağacının gövdəsindən ayrılmış, öz genişliyi və incəliyi ilə əql və hikmət sahiblərini heyrətə qoyan, islam dininin hüquq sistemini (fiqh) mükəmməl formada bəşəriyyətə təqdim edən, Cəfəri məzhəbinin banisi 6-cı imam Cəfəri Sadiqin (ə) hicri- qəməri tarixinin 83-cü il rəbiyul-əvvəl ayının 17-si (may ayının 19-da) təvəllüd günüdür. Həmin tarix həmçinin sevimli Peyğəmbərimizin (s) təvəllüd günü ilə üst- üstə düşür. Bu münasibətlə cəmi müsəlmanları təbrik edirik. O cənabın adı Cəfər,künyəsi Əbi Əbdillahdır. Onun bir neçə ləqəbi varki, ən məşhuru Sadiqdir. Atası 5-ci imam Məhəmməd Baqir (ə), anası isə Məhəmməd Əbu- bəkrin nəvəsi “Ümmü fərvə” adı ilə məşhur olan Fatimə xanımdır. Bu xanım dövrünün ən möhtərəm və nəcib qadınlarlndan olmuşdur. O həzrət imamət məqamına 34 yaşında olarkən çatdı. Və imamlığı 31 il davam etdi.
İmam Cəfər Sadiqin (ə) həyatı islam aləminin ən mürəkkəb və çətin dövrünə təsadüf etmişdir. Çünki Əməvilər sülaləsi zəifləyib Abbasilər hakimiyyətə gəlirdi. Bu iki sülalənin başının mübarizəyə qarışması xalis islam fikrinin geniş təbliğ olunmasına şərait yaratmışdı. Belə bir məqamda imam cənabları Mədinə şəhərində müasir universitet formalı bir məktəb təsis etdi. Universitetdə üsul və fiqh (hüquq), fəlsəfə və kəlam, riyaziyyat, fizika, kimya, irfan və s fənləri tədris edilmiş və burada böyük alimlər yetişdirməyə nail olunmuşdur. Həmin alimlər mükəmməl təhsil aldıqdan sonra islam xilafətinin ən ucqar nöqtələrinə gedib öz biliklərini camaata çatdırmışlar. İmamın əzəməti, elmi, ad-sanı xalq arasında olan nüfuzu həmişə zəmanə hakimlərinin qorxutmuşdur. Onlar hər vasitə ilə çalışmışlarki, imamı (ə) hörmətdən salıb alçaltsınlar. Lakin bu məqsədlə hakimlər tərəfindən təşkil olunan elmi mübahisə və münazirə məclislərində İmam (ə) öz lədunni elmi ilə bübün müxaliflərinə qalib gəlib onları aciz qoyurdu. Nəhayət İmamı (ə) özləri üçün təhlükə görən Abbasi xəlifəsi Mənsur dəvaniqi o həzrəti zəhərli üzüm salxımı ilə zəhərlətmişdir. O cənab 65 yaşında şəhadət məqamına nail olmuş və Mədinə şəhərindəki bəqi qəbiristanlığında dəfn edilmişdir.
İmam Sadiqin (ə) elmi irsi müxtəlif Avropa dillərinə tərcumə olunmuş və ali məktəblərdə tədris edilmişdir. Belə ki, Almaniyada olan universitetlərin birinin kitabxanasında Cabir ibn həyyanın üç kitabı saxlanılır. Cabir ibn həyyan Cəfəri Sadiqin (ə) riyaziyyat, fizika, kimya və digər dəqiq elmlər sahəsində ən məşhur yetrirməsi olmuşdur və Cəfəri Sadiqin (ə) şəhadəti günü həmin universitetdə bayrağı bir neçə dəqiqəlik aşağı endirib o cənabın xatirəsini yad edirlər.
Cəfəri Sadiqin (ə) şəxsiyyəti, elmi barədə ətraflı danışmaq, sözsüz ki, çox çətindir. Lakin çalışacağıq ki, cənabın haqqında müxtəsər də olsa, siz əziz oxuculara məlumat verək.
Fikir və əqidə müxtəlifliklərinə malik olmaqlarına baxmayaraq, 4000 nəfər şəxs o cənabın elm dəryasından bəhrələnmiş vəhədislərini nəql etmişdir. İndiyədək Əhli beytin (ə) heç birindən bu qədər hədis nəql olunmamışdır. Öz dövrünün ən məşhur alimləri, təfsir və hikmət ustadları o şəxsdən dərs almışlar.
Əhli sünnəninbir çox alimləri, xüsusən də Hənəfi və Maliki məzhəbinin baniləri Əbu Hənifə və Malik ibn Ənəs onun tələbələri olmuşlar. Əbu Hənifə xəlifə Mənsurun göstərişi ilə sarayda təşkil olunmuş elmi toplantıda İmam Cəfəri Sadiqdən (ə) soruşduğu qırx suala aldığı mükəmməl və ətraflı cavabların yekununda belə demişdir: “Nəzərlərin müxtəlifliyinə daha yaxşı vaqif olan şəxsin elmi və fəqahəti camaatın hamısından üstündür”.
Malik ibn Ənəs İmam Cəfəri Sadiqin (ə)abidliyi barədə nəql edir ki, Mən həmişə o həzrəti üç haldan birində görərdim: Ya oruc, ya ibadət, yada zikrlə məşğul olardı. Əbdül Əla belə deyir: “Yayın qızmar günlərinin birində gördüm ki, Cəfəri Sadiq (ə) Mədinə küçələrindən biri ilə harasa gedir. O həzrətə dedim ki, qurbanın olum, sən Peyğəmbərin (ə), nə üçün yayın bu istisində özünü zəhmətə salırsan?”İmam buyurdu:”ruzumu qazanmaq üçün evdən çıxmışam ki, başqalarına möhtac olmayım”. O həzrətin barəsində olan hekayətlərin birində bildirilir ki, Əbu Cəfər Xəsəli deyir: “İmam Sadiq (ə) mənə bir kisə qızıl verib buyurdu ki, bunu filan haşimi (seyyid) kişiyə ver və kimin verdiyini ona demə” ravi deyir ki, o malı həmin kişiyə verdikdə dedi: ” bunları mənə verən hər kimdirsə, Allah ondan razı olsun. Həmişə mənə beləcə pul göndərir.mənim dolanışığımda onun sayəsində təmin olunur. Lakin Cəfəri Sadiq (ə) bax ki, çoxlu malı olduğu halda mənə heç bir dirhəmdə vermir”. Bu onu göstərir ki, İmam Sadiq (ə) sidq ürəklə və təmənnasız etdiyi yaxşılıqların heç zaman söylənilməsini istəməmişdir. Daha dəqiq desək, özünü təbliğdən kənar olmuşdur. Buradan belə bir nəticə çıxarmaq olar ki, İmam Cəfəri Sadiq (ə) Məhəmməd (s) nəslindən olan Peyğəmbərin digər davamçıları kimi gözəl əməllərini və yaxşı xüsusiyyətlərini daim gizlətməyə çalışmışdır. Bu da onun böyüklüyündən irəli gələn bir cəhətdir.