Famil Burxanoğlu yazır :
İmanı öyrət, şirki öyrətmə!
İmam Sadiq (ə) buyurur: “Əməvilər imanın öyrədilməsinə icazə versələr də, şirkin öyrədilməsinə imkan vermədilər ki, insanlar əməvilərin onları şirkə sövq etdiklərini anlamasınlar”.
Hədisdə diqqət çəkən bir, ondan da çox diqqət çəkən başqa bir nüans var. Əməvilər din, iman, tövhidin təbliğinə və öyrədilməsinə imkan verir, şərait yaradırdılar. Ancaq küfrün və şirkin tanıtdırılmasına imkan vermirdilər. Bunu ona görə edirdilər ki, insanlar şirk və küfrün mahiyyətindən xəbərdar olub kafir və müşrik rəhbərləri tanıyıb onları şirkə sürükləyənlərə qarşı çıxmasınlar.
İş o yerə gəlmişdi ki, insanlar imanın zövq və səfasında qərq olduqları vaxt əməvilərin onları şirkə necə sürüklədiklərindən xəbərsiz qalıb, əməvilərə dinin təbliğinə şərait yaratdıqları, məscidlər tikdirdikləri üçün dua edirdilər. Onları mömin, ədalətli rəhbərlər adlandırırdılar.
Əməvi sultanı Qurandan ayə deyəndə hayıl-mayıl olurdular. Peyğəmbərdən (s) yuxu danışanda, onun qəbrini ziyarət edəndə qəlblərinə su səpilirdi…
Hədisdə başqa bir incə məqam “öyrətmə” ilə bağlıdır. Hədisdə insanların “öyrənməsi” yox, məhz “öyrətmə” ilə bağlı icazə və qadağanın olduğu vurğulanır. Bəli, əməvilər məhz təbliğatçı və öyrədicilərə nəyi deyib, nəyi deməməyi əmr edirdilər. “Öyrənmənin” qarşısını almaq olmaz, amma “öyrətmənin” olar. Öyrədəni proqramlaşdırsan, o, cəmiyyəti həmin proqram üzrə yetişdirər. Bu, birbaşa yox, dolayı da ola bilər. Cəmiyyət münbit torpaqdır, hansı toxumu səpsən, onu cücərdər. Əməvilərin zəkası bunda idi. Onların icazə və qadağaları məhz təbliğatçılara idi. Vaiz irfan danışıb auditoriyanı məst etsin, imandan gen-bol vəz edib irfana susamış qəlbləri sirab etsin. Beləcə, (nəzəri) irfanın və imanın zövqü-səfasında qərq olmuş qəlb küfrü, şirki unutsun. Hələ üstəlik, kafirə, müşrikə, fasiqə, facirə bu estetik zövqü almağa imkan yaratdığı üçün dua etsin. Vaiz və mübəlliğ də sevgi ilə dolub daşsın, dinin sevgi və şəfqəti ilə coşsun, amma mülayim ahəngi aşmasın ki, cəmiyyət diksinər…