İslam Peyğəmbəri (s) hicrətin 11-ci ilində sonuncu həcc mərasimi zamanı Məkkədə (Ərəfatda), Məkkədən qayıdarkən “Qədi-Xum” çölündə, eləcə də Mədinədə ümumxalqın qarşısında açıq-aşkar əbədiyyətə qovuşacağından xəbər verdi. Həmçinin o həzrət vəfatından bir ay öncə də buyurdu: “Ayrılıq və Allaha dönüş zamanı yaxınlaşmışdır. Bu yaxınlarda Haqqın dəvətini qəbul edəcəyəm. Sizin aranızda iki ağır və qiymətli əmanət qoyub gedirəm: Allahın kitabı və Əhli-beytimi. Lətif və agah Allah mənə xəbər verib ki, bu iki əmanət “Kövsər” hovuzunda mənə qovuşana qədər, heç zaman bir-birindən ayrılmayacaq. Elə isə, yaxşı düşünün və görün onlarla necə rəftar edəcəksiniz…”
Bir gün Peyğəmbərə (s) xəbər verdilər ki, İslam ümməti sizin vəfat edəcəyinizdən nigarandır. O həzrət xəstə olduğu halda imam Əli (ə) ilə Fəzl ibn Abbasa təkyə edib məscidə yollandı. Allaha həmd-səna etdikdən sonra buyurdu: “Mənə xəbər verdilər ki, siz öz peyğəmbərinizin vəfat edəcəyindən qorxur və nigaransınız. Məgər məndən əvvəlki peyğəmbərlər vəfat etməyib? Bilin ki, həm mən Rəbbimin rəhmətinə qovuşacağam, həm də siz!”
Peyğəmbər (s) xəstəlik yatağında ikən qüsl, kəfən və namazını həzrət Əliyə vəsiyyət edəndə, həzrət Əli (ə) dedi: “Ey Allahın Rəsulu! Qorxuram ki, mənim bu işə taqətim çatmasın!” Peyğəmbər (s) imam Əliyə (ə) işarə etdi ki, ona yaxınlaşsın. Həzrət qılıncını, zirehini, üzük və möhrünü imam Əliyə (ə) verib onunla xüsusi olaraq söhbət etdi. (“Ət-təbəqatul-kubra”, İbn Səd, 2-ci cild, səh. 214.)
Peyğəmbər (s) ömrünün son anlarında qızı Fatimeyi-Zəhranın (s.ə.) ağladığını görüb yanına çağırır və ona bir söz deyir. Xanım Zəhra (s.ə.) təbəssüm edir. Xanım Zəhradan (s.ə.): “Peğəmbər (s) nə buyurdu ki, sizin təbəssübünüzə səbəb oldu?” – deyə soruşduqda, xanım Zəhra (s.ə.) atası Peyğəmbərin (s) belə buyurduğunu nəql etdi: “Sən Əhli-beytimdən mənə qovuşacaq ilk şəsx olacaqsan.” (Ət-təbəqatul-kubra”, İbn Səd, 2-ci cild, səh. 238.)
Nəhayət, Peyğəmbər (s) hicrətin 11-ci ilinin Səfər ayının 28-də, Mədinə şəhərində imam Əlinin (ə) qucağında ikən əbədiyyətə qovuşdu və “Məscidün-Nəbiyy”ə birləşən evində – dünyasını dəyişdiyi hücrəsində torpağa tapşırıldı.
İmam Əli (ə) “Nəhcül-bəlağə”nin 188-ci xütbəsində Peyğəmbərin (s) əbədiyyətə qovuşduğu anı belə xatırlayır: “Allahın Peyğəmbəri (s) başı mənim sinəmdə olan halda canını tapşırdı, mənim əllərim üzərində ikən ruhu bədənindən ayrıldı və mən (təbərrük olaraq) əlimi üzümə çəkdim. O həzrətin (s) qüslünü öz öhdəmə götürdüm və mələklər (bu işdə) mənə kömək etdilər. Sonra ev və onun ətrafı (orada olanlar və get-gəl edən mələklər) ağlayaraq nalə qopartdılar. Mələklərin bir dəstəsi enir, digər bir dəstəsi isə yuxarı qalxırdı. Onların Həzrətə qıldıqları namazın səsi onu qəbrinə qoyana qədər qulağımdan getmirdi. Belə olan halda, kim o həzrətə həyat və ölümündə məndən daha yaxın və layiqdir?!”
Allahın salam və salavatı olsun kainatın ən şərəflisi həzrət Muhəmmədə (s)!
Rza Şükürlü (Maide.az)