“Kəhf” surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

 

  1. Həmd bu kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha məxsusdur!
  2. (Bu kitab günahkarları) Allahın şiddətli əzabı ilə qorxutmaq, yaxşı işlər görən möminləri gözəl mükafata nail olacaqları ilə müjdələmək üçün sabit, doğru və digər səmavi kitabları qoruyan bir kitabdır.
  3. (Möminlər) orada (onlara müjdə verlən Cənnətdə) əbədi qalacaqlar.
  4. (Kitabı həm də ona görə nazil etdi ki,) “Allah Özünə övlad götürmüşdür!”– deyənləri qorxutsun.

———————————————————————————–

  1. Quranın təhrifə uğramaması: “Quranı haqq olaraq nazil etdik” və “o, haqq olaraq nazil oldu” cümlələrinin fərqi ilə bağlı müxtəlif izahlar verilmişdir. Aydın məsələdir ki, bəzən insan hər hansı işə başlayır, ancaq gücü məhdud olduğu üçün onu doğru-düzgün şəkildə başa çatdıra bilmir. Hər şeyi bilən, hər şeydən xəbərdar olan, hər şeyə gücü çatan şəxs isə həm işə düzgün başlayır, həm də onu tam şəkildə başa çatdırır. Məsələn, bəzən insan suyu öz çeşməsindən tərtəmiz çıxarır, ancaq yolda onun bulanmasının qarşısını ala bilmədiyi üçün istifadəçi duru və təmiz sudan faydalana bilmir. Öz işini bilən və bütün imkanlara sahib olan şəxs isə həm suyu öz çeşməsindən tərtəmiz çıxarır, həm də susuzlara tərtəmiz çatdırır. Quran da Allah tərəfindən haqq olaraq nazil olmuş, bütün çatdırılma mərhələlərində, yəni həm Cəbrail (ə) vasitəsilə göndərilərkən, həm də Peyğəmbər (s) tərəfindən qəbul edilərkən, ümumiyyətlə, heç bir halda heç bir zaman təhrifə məruz qalmır. “Biz zikri nazil etdik, Özümüz də onu qoruyacağıq” ayəsinə əsasən Quran heç bir zaman təhrifə məruz qalmamış və qalmayacaqdır. Çünki Allah-taala onu qorumağı Öz üzərinə götürmüşdür. Deməli, ilahi vəhyin zülal suyu Peyğəmbərin (s) zamanından dünyanın sonuna qədər toxunulmaz şəkildə insanların qəlbinə yol tapmış və tapacaqdır[1].
  2. Quranın tədricən nazil olma arqumentlərindən biri: Bu ayədə Quranın tədricən nazil olmasının mühüm dəlillərindən birinə işarə edilmişdir. İnsanların Quranı yaxşı qavraması, başa düşməsi, əzbərləməsi, ehtiva etdiyi məlumatları yaxşı dərk etməsi, əməli göstərişlərinə əməl edə bilməsi üçün Peyğəmbər (s) onu hissə-hissə oxuyurdu. Əgər Quran birdəfəyə nazil olsaydı, insanlar ondakı məlumatları qavraya və hökmlərinə əməl edə bilməzdilər. Çünki etiqad məsələləri və əməli göstərişləri ehtiva edən böyük həcmin birdəfəyə göndərilməsi o vaxta qədər xilqət, məad və şəriət haqqında heç bir məlumatı olmayan insanlara çətin gələr və onları birdəfəyə qəbul etmələri çətin olardı[2].
  3. Gözəl adlar Ona məxsusdur: Bu ayənin nazilolma səbəblərindən bəhs edən hədislərdə bildirilir ki, bir gecə Peyğəmbər (s) Məkkədə səcdədə ikən Allahı Rəhman və Rəhim adları ilə çağırırdı. Bəhanəçi müşriklər fürsətdən istifadə edib deyirlər: Bu adam bizi çoxallahlı olmaqda ittiham etdiyi, təkallahlı olduğunu və yalnız bir məbudun olduğunu iddia etdiyi halda, özü iki Allaha ibadət edir. Bu ayə nazil olur və onlara çağırılan Allahın bir pak zata aid olduğu cavabı verilir[3].
  4. Namazın qılınma forması: 110-cu ayənin son hissəsində Məkkə müşriklərinin Peyğəmbərin (s) namazına etirazlarına işarə edilmişdir. Onlar deyirdlər ki, Peyğəmbər (s) namazı ucadan qılıb bizi narahat edir. Bu nə ibadətdir, nə proqramdır? Ayədə Peyğəmbərə (s) belə bir göstəriş verilir: “Namazını nə çox uca səslə, nə də çox asta səslə qıl. Bunların arasında orta bir yol seç”. Görəsən orta hədd hansıdır? “Cəhr” və “ixfat” qadağası nəyi ifadə edir? “Cəhr” fəryad qoparmağa, “ixfat” isə insanın özünün eşitməyəcəyi dərəcədə astadan oxumağa deyilir. İmam Sadiq (ə) bu ayənin təfsiri ilə bağlı belə buyurmuşdur: “Cəhr” səsi həddən artıq ucaltmağa, “ixfat” isə insanın özünün eşitməyəcəyi dərəcəyə deyilir. Namaz bu ikisinin arasında olmalıdır.”[4]

“Kəhf” surəsinin ümumi məzmunu: Digər Məkkə surələri kimi bu surədə daha çox xilqət, məad, müjdələmək, qorxutmaq məsələlərindən bəhs edilir. Surədə həmçinin “Əshabi-kəhfin” (mağara yoldaşlarının) əhvalatı, “Musa və Xızırın əhvalatı”, “Zülqərneynin əhvalatı” kimi ibrətamiz və maraqlı hadisələrə toxunulur[5].

  1. Bu haqda nə onların, nə də atalarının heç bir məlumatı yoxdur. Ağızlarından çıxan söz necə də ağırdır! Onlar yalnız yalan danışırlar.
  2. Əgər bu kəlama inanmırlarsa, etdikləri əməllərə görə özünü qəm-qüssədən həlakmı edəcəksən?
  3. İnsanların hansının daha yaxşı əməl etdiyini sınaqdan keçirmək üçün yer üzündə olan hər şeyi ona (yerə) bəzək etdik.
  4. (Amma bu bərbəzəklər daimi deyil.) Biz yer üzünü bitkisiz torpaq edəcəyik.
  5. Sən mağara və Rəqim yoldaşlarının bizim qəribə möcüzələrimizdən olduğunumu güman edirsən?
  6. (Xatırla!) Bir zaman o gənclər mağaraya sığınıb: “Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və bizə xilas yolu göstər!”– demişdilər.
  7. Biz mağarada onların qulaqlarını (yuxu pərdəsi ilə) bağladıq, uzun illər yuxuya daldılar.
  8. Sonra o iki dəstədən hansının öz yuxu müddətini daha düzgün hesabladığını bilmək üçün onları oyatdıq.
  9. Biz onların əhvalatını sənə doğru-düzgün danışırıq. Onlar Rəblərinə iman gətirmiş gənclər idi. Biz də onların hidayətini artırdıq.
  10. Onlar qalxıb: “Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz heç vaxt Ondan başqa heç bir məbudu çağırmarıq. Əks halda, böyük danışmış olarıq!”– deyərkən onların qəlbinə qüvvət verdik.
  11. “Bizim tayfamız özünə Allahdan başqa məbudlar seçib. Nə üçün (buna) aşkar bir dəlil gətirmirlər? Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?!

————————————————————————————–

  1. Əshabi-kəhfin əhvalatı: Surənin bu ayəsindən 26-cı ayəsinə qədər olan hissəsində ibrətamiz və çox maraqlı olan əshabi-kəhfin əhvalatından bəhs edilir. Hədislərə əsasən bu əhvalat Peyğəmbərdən (s) soruşmaları üçün yəhudilərin müşriklərə öyrətdiyi üç sualdan biri olmuşdur. Əgər Peyğəmbər (s) bilsəydi, deməli, düz danışdığı məlum olacaqdı. Onların müşriklərə öyrətdiyi digər iki məsələ Musa (ə) ilə Xızırın (ə) və Zülqərneynin əhvalatı idi. Bu surədə onların hər üçündən bəhs edilmişdir. Əshabi-kəhf və Rəqim yoldaşları eyni adamlardır. Onların Əshabi-kəhf (mağara yoldaşları) adlandırılmasının səbəbi aydındır. Rəqim adlandırılmalarının səbəbinə gəlincə, “Rəqim”in mənası yazılmış deməkdir. Mağara yoldaşları ona görə Rəqim yoldaşları adlandırılmışdılar ki, onların əhvalatı bir lövhəyə yazılıb mağaranın divarına vurulmuş, ya da şahların xəzinələrində mühafizə edilirdi[6]. Dini mənbələrdə mağara yoldaşları ilə bağlı çox sözlər deyilsə də, onların bəzisinin əsası yoxdur. Buna görə də onların arasında ziddiyyət və fərqliliklər olduğu diqqət çəkir. Əli ibn İbrahim Qumminin öz təfsirində qeyd etdiyi hədisin mətn və məzmun, Quran ayələri ilə uyğunluq təşkil etməsi baxımından digər hədislərlə müqayisədə daha düzgün olduğu nəzərə çarpır. İmam Sadiqə (ə) istinadən qeyd edilmiş həmin əhvalatın xülasəsi belədir: Onlar öz ölkələrinin əhalisini bütpərəstliyə məcbur edən, əmrdən boyun qaçıranları isə qətlə yetirən zülmkar və despot bir şahın zamanında yaşayırdılar. Bunlar böyük Allaha ibadət edir, lakin öz əqidələrini hökumətdən gizlədirdilər. Zalım şah paytaxt şəhərin darvazasında məmurlar saxlamışdı. Şəhərdən çıxmaq istəyən şəxs orada olan bütlərə səcdə etmək məcburiyyətində idi. Bu imanlı insanlar ov etmək bəhanəsi ilə şəhərdən çıxır və qərara gəlirlər ki, bir daha çirkaba bulaşmış şəhərlərinə qayıtmasınlar. Yolda bir çobanla qarşılaşır və onu da təkallahlılıq inancına dəvət edirlər. Çoban dəvəti qəbul edir. Çox maraqlıdır ki, çobanın iti dallarınca düşüb onlardan ayrılmır. Bütpərəstlikdən qaçmış bu gənclər günün sonunda bir mağaraya çatır və orada dincəlmək qərarına gəlirlər. Allah onları burada o qədər yatırdır ki, həmin zalım şah ölür, şəhər əhalisi bir neçə nəsil dəyişir, nəsillər bir-birini əvəz edir. Mağara yoldaşları uzun yuxudan ayılır və nə qədər yatmaları ilə bağlı bir-birindən soruşurlar. Günəşin yüksəldiyini görüb: “Bir gün, ya günün bir hissəsini yatmışıq” deyirlər. Sonra bir nəfəri şəhərə göndərib deyirlər: “Bu gümüş sikkəni götür və şəhərə get, bizə yeməyə bir şey al. Ancaq ehtiyatlı ol, səni tanımasınlar. Çünki bizdən xəbər tutsalar, ya bizi öldürəcəklər, ya da öz dinlərinə məcbur edəcəklər.” Həmin kişi şəhərə daxil olduqda şəhərin tamamilə dəyişdiyini, əhalinin onun tanımadığı tamamilə fərqli, hətta dillərini belə başa düşmədiyi bir əhali olduğunu görür. Bu kişi kimi, şəhər əhalisi də onun dilini başa düşmür, ondan kim olduğunu, haradan gəldiyini soruşurlar. Nəhayət, kişi sirrin üstünü açmalı olur. Həmin vaxt allahpərəst olan şah öz əyan-əşrafı və həmin kişi ilə birlikdə mağaraya doğru hərəkət edirlər. Onlar mağaraya çatıb içəri boylansalar da heç nə görmürlər. Allah həmin vaxt mağaraya bir qorxu pərdəsi çəkdiyindən həmin kişidən başqa heç kəs cürət edib mağaraya daxil ola bilmir. Dostları mağaraya daxil olduqdan sonra mağara yoldaşlarının qorxu içində olduğunu görür. Onlar bu gələnlərin bütpərəst və zalım şah Dəqyanusun adamları olduğunu güman etmişdilər. Kişi onlara uzun müddət yatdıqlarını və Allahın bunu insanlara bir möcüzə olaraq göstərdiyini xəbər verir. Dostlar sevinir, göz yaşları tökür və Allahdan onları elə bu vəziyyətlərində öldürmələrini istəyirlər. Dövrün şahı deyir: Bunlar imanlı şəxslər olduqları üçün burada məscid tikmək lazımdır[7]
  2. (Onlara dedik:) Madam ki, siz onları və Allahdan savayı ibadət etdiklərini tərk etdiniz, onda mağaraya sığının ki, Rəbbiniz sizə Öz mərhəmətini geniş etsin və bunda sizin üçün rahatlıq yaratsın.
  3. (Əgər orada olsaydın,) günəşin doğduğu zaman onların mağarasının sağ tərəfinə yönəldiyini, batdığı zaman isə sol tərəfə adladığını, onların da mağaranın geniş bir yerində yerləşdiklərini görərdin. Bu, Allahın nişanələrindəndir. Allah kimi doğru yola yönəldərsə, həqiqi doğru yola yönəlmiş odur. Kimi azdırarsa, ona doğru yolu göstərən bir rəhbər tapa bilməzsən.
  4. (Əgər onlara baxsaydın,) yatmış olduqları halda, oyaq olduqlarını düşünərdin. Biz onları sağa-sola çevirirdik. Onların iti isə qabaq pəncələrini mağaranın ağzında uzadıb (gözətçilik edirdi). Əgər onları görsəydin, onlardan qaçar­­dın və səni başdan-ayağa dəhşət bürüyərdi.
  5. Beləcə onları oyatdıq ki, bir-birindən soruşsunlar. Onlardan biri soruşdu: “Nə qədər yatdınız?” Dedilər: “Bir gün, yaxud günün bir hissəsi qədər”. (Nə qədər yatdıqlarını dəqiqləşdirə bilmədikləri üçün) dedilər: “Rəbbiniz nə qədər yatdığınızı daha yaxşı bilir. Birinizi bu gümüş pulunuzla şəhərə göndərin. Qoy baxsın ən təmiz yemək hansıdırsa, ondan sizə bir miqdar yemək gətirsin. Amma ehtiyatlı olsun və sizin barənizdə heç kəsi duyuq salmasın!
  6. Çünki onlar sizi tapsalar, ya sizi daşqalaq edər, ya da öz dinlərinə döndərərlər. Onda siz əsla xilas üzü görməzsiniz!”

———————————————————————————–

  1. 17. Əshabi-kəhfin mağaradakı yeri: Allah-taala bu ayədə qısa açıqlama ilə mağaranın günəş şüasının səhər və ya günortadan sonra yalnız bir dəfə düşə biləcəyi şərq-qərb deyil, qütb istiqamətində olduğunu başa salır. Yəni mağaranın ağzı cənub qütbünə doğrudur, həm gün çıxanda, həm də batanda günəş şüası mağaranın içərisinə düşürdü. Habelə Əshabi-kəhf girişdən aralı və mağaranın geniş ərazisində olduqları üçün günəş şüaları onların üzərinə birbaşa düşmürdü. Allah bu vasitə ilə onları günəşin istisindən, rənglərini dəyişməkdən, paltarlarını çürüməkdən qorumuşdur. Yatdıqları yerin havası boğuq olmadığı üçün onlar rahat yatmışdılar. Mağaranın içində hava şərq və qərb istiqamətindən cərəyan etmiş və onlar bu hava dövranı içində rahat olmuşdular[8].
  2. Açıq gözlə yatmaq: Ayədə Əshabi-kəhfin yatışının adi bir yatış olmadığı, mağarada olduqları uzun müddət ərzində gözlərinin ayıq insanlar kimi tamamilə açıq olduğu qeyd edilmişdir. Bu da ona görə idi ki, heyvanlar, qurd-quş ayıq olduqlarını güman edib onlara yaxın durmasın. Ya da ona görə idi ki, qorxulu görkəm alsınlar, hətta insanlar belə onlara yaxın durmağa cürət etməsinlər. Bunun özü bir qoruma vasitəsidir[9].
  3. Əshabi-kəhf hansı məqsədlə uzun müddət yatızdırılmışdı? Bu ayədən belə başa düşülür ki, Allahın mağara yoldaşlarını uzun müddət yatızdırmaqda məqsədi “haqqın batil üzərində qələbə çaldığını” onlara göstərmək idi. Mağara yoldaşları elə bir cəmiyyətdə yaşayırdılar ki, küfr və batil hər tərəfi bürümüşdü, haqqın qələbə çalacağına az da olsa ümid yox idi, hətta yoldaşlar az qalırdı ki, şübhəyə düşsünlər. Buna görə də mağaraya sığındıqları zaman Allahdan onları rəhmət kölgəsinin altına almasını, hidayət edib tərəddüddən xilas etməsini istəyirlər. Allah-taala da dualarını qəbul edir, onları uzun illər yuxuya aparır, sonra yuxudan oyadır. Oyadır ki, bir-birindən nə qədər yatdıqlarını soruşsunlar. Biri bir gün, digəri günün bir hissəsini yatdıqlarını desin, sonra ətraflarına baxsınlar, dünyanın dəyişdiyini görsünlər və yavaş-yavaş on illərlə yuxuda oldqularını, bu onillərin başqasının gözündə onillər olduğu halda, onlara bir gün və ya yarım gün gəldiyini, elə buradan da dünya həyatının haqqı öldürəcək, batili həyatda saxlaya biləcək qədər uzun olmadığını, Allahın haqqi batil üzərində qalib etmək istəyində olduğunu, dünyanın zahiri güc və qüdrətinin, cah-cəlalının məhvə məhkum olduğunu başa düşsünlər[10].
  4. Pak və halal qidanın əhəmiyyəti: Bu ayədə haqq yolunun bütün yolçularına təkcə mənəvi qida deyil, həm də cismani qidanın təmizliyini gözləmələri, istənilən qarışıqdan qorunmaları, hətta ən böhranlı vəziyyətlərdə belə bu prinsipi unutmamaları tövsiyə edilir. Bu gün dünya əhalisinin əksər hissəsi bu həqiqəti başa düşmüş və çalışır ki, yeməklərini hər növ zahiri bulaşıqdan qorusun. İnsanlar yeməkləri gigiyenik tələblərə cavab verən qablarda, mikrobdan, toz-torpaqlı və bulaşıq əllərdən uzaq tutmağa çalışırlar. Əlbəttə, bu, çox yaxşı bir işdir, lakin bu miqdarla kifayətlənmək olmaz. Qidalar haram, sələm, təcavüz və istənilən növ batini çirkabdan da qorunmalıdır. Hədislərdə halal ruzi qazanılmasına çox təkid edilmiş, onun dua və qəlb səfasına təsirindən çox danışılmışdır. Hədislərin birində qeyd edilir ki, bir nəfər Peyğəmbərin (s) yanına gəlib ondan soruşur: “İstəyirəm duam qəbul olsun.” Peyğəmbər (s) buyurur: “Yeməyini təmiz et, haram yeməyi qarnına daxil etmə!”[11]
  5. Beləcə, Allahın (Qiyamət günü ilə bağlı olan) vədinin doğru olduğunu və dünyanın sonu və Qiyamətin qopacağı ilə bağlı şübhə olmadığını bilsinlər deyə, insanları onların halından xəbərdar etdik. Öz işləri barəsində öz aralarında mübahisə etdikləri zaman bir dəstə dedi: “Onların üstündə bir bina tikin (ki, həmişəlik gözlərdən uzaq olsunlar). Rəbləri onların halından daha yaxşı xəbərdardır!” Onların sirlərindən agah olanlar (bunun Qiyamət üçün bir əlamət olduğunu bilənlər) isə dedilər: “Onların (məzarı) kənarında mütləq, bir məscid tikəcəyik!”.
  6. Bir dəstə: “Onlar üç nəfər idi, dördüncüləri köpəkləri idi!”– deyəcək. Başqa bir dəstə deyəcək: “Beş nəfər idilər, altıncıları köpəkləri idi!” Bütün bunlar əsassız sözlərdir. Bəziləri deyəcək: “Onlar yeddi nəfər idi, səkkizinciləri köpəkləri idi!” De: “Onların sayını Rəbbim daha yaxşı bilir.” Onların sayını yalnız az sayda adam bilir. Onlar barəsində yalnız dəlillər əsasında mübahisə et və heç kəsdən onların barəsində heç nə soruşma!
  7. Heç vaxt heç bir iş barəsində: “Mən onu sabah edəcəyəm!”– demə!
  8. Yalnız: “Əgər Allah istəsə!” (“inşallah” – de!) Unutduğun zaman Rəbbini yada salıb: “Ümidvaram ki, Rəbbim məni bundan daha aydın olan bir yola yönəldər”– de.
  9. Onlar mağarada üç yüz il, üstəlik doqquz il (də) qaldılar.
  10. De: “Onların nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Göylərin və yerin qeybi Ona məxsusdur. Doğrusu, (O,) necə də görən və eşidəndir! Onların Ondan başqa heç bir vəli və himayədarı yoxdur. O, Öz hakimiyyətinə heç kəsi şərik etməz!”
  11. Rəbbinin kitabından sənə vəhy olunanları oxu. Onun sözlərini heç kəs dəyişdirə bilməz. Ondan başqa heç bir sığınacaq tapa bilməzsən.

—————————————————————————————-

  1. Məadın bir nişanəsi: Mağara yoldaşlarının on illər çəkən uzun yuxusu ilə ölüm, oyanması ilə Qiyamət arasında bir bənzərlik vardır. Hətta demək olar ki, bu yatmaq və oyanmaq bir sıra cəhətlərdən ölməkdən və yenidən həyata qayıtmaqdan da qəribə olmuşdur. Çünki onillər keçməsinə baxmayaraq, bədənləri çürüməmişdi, yemədən və içmədən salamat qalmışdılar. İstənilən ağıl sahibi üçün belə bir sual yaranır ki, onlar bu uzun müddət ərzində necə salamat qalmışdılar? Bu, Allahın hər şeyə qadir olduğunu göstərmirmi? Belə bir hadisə ölümdən sonrakı həyatın mümkünlüyündən xəbər verən bir əlamətdir[12].
  2. Mağara yoldaşlarının məzarı kənarında məscid tikilməsi: Bəzi tarixçilər yazırlar ki, mağara yoldaşları hadisənin həqiqətindən, yəni on illərlə yatdıqlarından xəbər tutduqda çox təəccübləndilər. Bütün övladlarını, qardaşlarını və dostlarını itirdiklərini, həyatın onlar üçün yaşanmaz olduğunu hiss etdikdə Allahdan ölmələrini və Allahın rəhmətinə qovuşmalarını istədilər və Allah da onların duasını qəbul etdi. Onlar dünyaya göz yumdular və cəsədləri insanlar oraya gələnə qədər mağarada qaldı. Burada cismani qayıdışı qəbul edənlərlə ona qarşı olanlar arasında mübahisə düşdü. Müxaliflər mağara yoldaşlarının tezliklə unudulmasını və bu əsaslı arqumentin ona əsaslananların əlindən çıxmasına çalışdılar. Buna görə təklif etdilər ki, mağaranın qapısı bağlansın və mağara yoldaşları tamamilə unudulsun. Onlar insanları susdurmaq üçün deyirdilər: Bu barədə çox danışmayın, onların sirli həyatı olub, Allah onların vəziyyətindən daha yaxşı xəbərdardır. Onların əhvalatını unudun, onlarla işiniz olmasın. Bu hadisənin mahiyyətinə varan və onun Qiyaməti sübut etmək üçün canlı bir arqument olduğunu başa düşən həqiqi möminlər isə bu hadisənin unudulmamasına çalışdılar . Buna görə də dedilər: “Biz onların məzarının kənarında məscid və ibadətgah tikməliyik ki, insanlar onları unutmasın, pak ruhlarını Allaha vasitəçi qərar verib mədəd umsunlar”[13].
  3. “İnşallah” (əgər Allah istəsə) deməyin əhəmiyyəti: Gələcəkdə görülməsi planlaşdırılan və bu barədə qərara gəlindiyi vaxt “inşallah” demək lazımdır. Çünki biz müstəqil qərar qəbul etmək səlahiyyətində deyilik. Əgər Allah istəməsə, heç kəs heç nə edə bilməz. Buna görə də öz güc və qüdrətimizin Allahın istək və qüdrətindən asılı olduğunu təsdiq etməyimiz üçün danışığımıza “inşallah” ifadəsini artırmağımız daha yaxşıdır. Digər tərəfdən, hər hansı hadisə haqqında qətiyyətlə xəbər vermək gücü və qüdrəti məhdud olan, yerinə yetirəcəyi işlərin həyata keçməsinə mane olan amillərin meydana çıxacağını ehtimal edən bir insanın gələcəkdə görəcəyi işlər haqqında danışarkən “inşallah” deməməsi düzgün və məntiqli deyil. Bəzi hədislərdən belə məlum olur ki, kimsə gələcəklə bağlı danışarkən “inşallah” deməsə, Allah onu başlı-başına buraxar və Öz himayəsi altına almaz. Bir hədisdə oxuyuruq ki, İmam Sadiq (ə) bir məktub yazılması üçün göstəriş verir. Məktub sona yetdikdən sonra onu gözdən keçirərkən orada “inşallah” ifadəsinin olmadığını gördükdə belə buyurur: “İnşallah” ifadəsi olmadığı halda, siz bu məktubun sona çatacağına nə qədər əmin idiniz? Baxın, harada bu ifadə yoxdursa, onu həmin yerə əlavə edin!”[14] Bu ayənin izahı ilə bağlı Əhli-beytə (ə) istinad edilən bir sıra hədislərdə qeyd edilir ki, əgər gördüyünüz hər hansı işin üstündən bir il keçsə və həmin işdən əvvəl “inşallah” sözünü demədiyinizi xatırlasanız, səhvinzi düzəldib “inşallah” sözünü deyin[15].
  4. Səhər və axşam öz Rəblərini çağıran, yalnız Onun razılığını istəyənlərlə birlikdə ol. Dünyanın bərbəzəyinə xatir gözlərini onlardan çevirmə. Qəlbini Bizi anmaqdan xəbərsiz etdiyimiz, nəfsinin istəklərinə uyan və işlərində ifrata varanlara itaət etmə!
  5. De: “Bu, Rəbbiniz tərəfindən haqdır. Kim istəyir inansın, kim də istəyir inkar etsin”. Biz zalımlar üçün elə bir od hazırlamışıq ki, onun pərdələri onları əhatə etmişdir. Onlar su istədikdə onlara üzləri bişirən əridilmiş metala bənzər bir su gətiriləcəkdir. Nə pis içkidir! Nə pis məskəndir!
  6. İman gətirib yaxşı əməllər edənlərə gəlincə, Biz yaxşı işlər görənlərin mükafatını puç etmərik.
  7. Ağacları və qəsrləri altından çaylar axan əbədi Cənnət bağları məhz onlar üçündür. Onlar orada qızıl bilərziklərlə bəzədiləcək, qalın və nazik ipəkdən yaşıl paltarlar geyəcək və orada taxtların üzərində dirsəklənəcəklər. Nə gözəl mükafat, necə də gözəl məskəndir!
  8. Onlara iki kişini misal çək. Bunların birinə iki üzüm bağı verib onları xurmalıqlarla əhatə etdik və aralarında bərəkətli əkin saldıq.
  9. Hər iki bağ bol məhsul verdi və bu məhsuldan heç bir şey əskilmədi. Onların arasından bir çay axıdırdıq.
  10. Bu bağ sahibinin çoxlu gəliri var idi. Buna görə də öz (mömin) yoldaşı ilə söhbət edərkən ona: “Mən sərvət sarıdan səndən daha üstün və adamlarıma görə səndən daha qüvvətliyəm!”– dedi.

———————————————————————————–

  1. Quranın kasıb möminlərə diqqət ayırması: Təfsirçilər bu ayənin nazilolma səbəbi haqqında belə qeyd etmişlər: Peyğəmbərin (s) yanına gəlmiş bir qrup özlərindən razı və lovğa varlı zadəgan məclisin yuxarı başında əyləşmiş Salman, Əbuzər, Süheyb, Xəbbab kimi səhabələrə işarə edərək deyir: Əgər sən məclisin yuxarı başında əyləşsən, bədənlərinin qoxusu insanı narahat edən, əyinlərində cod və yun paltarları olan bu cür insanları özündən uzaqlaşdırsan, biz sənin yanına gələr, məclisində əyləşər, sözlərindən faydalanarıq. Ancaq nə edək ki, bu cür insanların olduğu yerdə ola bilmərik. Bu zaman sözügedən ayə nazil olur və Peyğəmbərə (s) aldadıcı və boş sözləri qəbul etməmək, bütün həyatı boyu yoxsul olmalarına və yun paltarlar geyinmələrinə baxmayaraq, Salman və Əbuzər kimi imanlı, təmizürəkli insanlarla birlikdə olmaq göstərişi verilir. Ayə nazil olduqdan sonra Peyğəmbər (s) varlıların tikanlı sözlərindən inciyərək məclisi tərk etmiş kasıb möminləri axtarır. Onlar məscidin bir küncünə çəkilib Allahı zikr edirdilər. Peyğəmbər (s) onları tapdıqdan sonra buyurur: Allaha şükür olsun ki, sizin kimi insanlarla birlikdə olmaq göstərişi verincəyə qədər ölmədim[16].

32 və 46. Dünyanın həqiqətini izah etmək üçün iki gözəl misal: Allah-taala bu surənn 7-ci ayəsində yer üzü üçün bəzək yaratdığı bütün mövcudatın insanların sınaq və imtahan vasitəsi olduğunu, kimin əməlinin daha yaxşı olduğuna aydınlıq gətirən bir meyar olduğunu, bir müddətdən sonra bu bərbəzəyin məhv olacağını, heç bir əsər-əlamətlərinin qalmayacağını buyurmuşdur. Bu ayələr 7-ci ayədəki məsələni izah edir. Belə ki, Allah iki gözəl məsəl çəkməklə (iki kişinin məsəli və 45-c ayədə qeyd olunacaq məsəl) insanın dünya həyatında sahib olduğu sərvət və övladların həqiqətini izah edir, tezliklə məhv olub gedəcək aldadıcı və tezliklə sıradan çıxacaq bərbəzəyin insana Allahı necə unutdurduğunu, onu özünə məşğul etdiyini, qəlbini öz quluna çevirdiyini buyurur. Dünyanın bərbəzəyi insanı elə aldadır ki, o, bütün bunların həqiqi sahibi olduğu güman edir. Ancaq qəfildən Allah tərəfindən bir bəla gəlir, həmin əzəmətli həyat məhv olur, qəflət yuxusundan ayıldıqdan sonra insan üçün xatirədən başqa bir şey qalmır[17].

  1. Varlıların özlərini üstün tutmaları: Bu ayədə nəzər nöqtəsi olan şəxsin yanlış düşüncəsinə və çirkin inancına işarə edilmişdir. O da çox dünyapərəstlər kimi, özünü öz sərvətinin və var-dövlətinin həqiqi sahib sanır, bütün əmlakının Allah tərəfindən olduğunu və ona sınaq üçün verildiyini unudur. Zahiri səbəbləri və vasitələri görsə də səbəblərin həqiqi sahibini unudur. Bu düşüncə ilə dostuna: “Mən səndən varlı və imkanlıyam” – deyir. Bu, eynilə Qarunun təfəkkürüdür. Qarun ona nəsihət verməyə çalışan, sərvətin çoxluğuna sevinməməyi məsləhət görən, ondan başqasına ehsan verməyi tövsiyə edən insana: “Bu sərvəti malik olduğum bilik sayəsində əldə etmişəm”, – demişdi[18].
  2. O, özünə qarşı zülm edərək bağına daxil olub dedi: “Bunun nə vaxtsa yox ola biləcəyini düşünmürəm.
  3. Qiyamətin qopacağına da inanmıram. Əgər Rəbbimin dərgahına qaytarılmalı olsam, bundan da yaxşı bir yer nəsibim olacaq!”
  4. Onunla söhbət edən (mömin) yoldaşı isə dedi: “Səni torpaqdan, sonra nütfədən yaratmış, daha sonra səni tam bir kişi qiyafəsinə salmış Allahı inkarmı edirsən?
  5. Lakin Allah mənim Rəbbimdir və mən heç kəsi Rəbbimə şərik qoşmaram!
  6. Nə üçün bağına girdiyin zaman: “Bu, Allahın istədiyi bir nemətdir! Güc və qüvvət yalnız Allaha məxsusdur!”– demədin? Əgər var-dövlətcə və övladca məni özündən kasıb sayırsansa,
  7. ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını versin, sənin bağına isə göydən böyük bir bəla göndərsin və o, bitkisiz hamar bir yerə dönsün.
  8. Yaxud onun suyu yerin dərinliklərinə sovrulub getsin və bir də onu əldə edə bilməyəsən!”
  9. (Hər halda, Allahın əzabı yetişdi) onun bütün meyvələri məhv oldu. Bütün bağ talvarların üzərinə tökülmüşdü. O, buraya çəkdiyi xərcə görə dayanmadan əllərini bir-birinə sürtüb deyirdi: “Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!”
  10. Allah qarşısında ona yardım edəcək insanlar yox idi və o da öz-özünə kömək edə bilməzdi.
  11. Orada sübuta yetmişdi ki, rəhbərlik (güc) yalnız haqq olan Allaha məxsusdur. Ən yaxşı mükafat verən və ən gözəl aqibət nəsib edən Odur.
  12. Onlara dünya həyatını misal çək. Bu (dünya həyatı) göydən göndərdiyimiz suya bənzəyir. Yerdəki bitkilər onun vasitəsilə (yetişər və) bir-birinə sarmaşar, bir müddətdən sonra isə küləyin sovurub apardığı quru çör-çöpə dönər. Allah hər şeyə qadirdir.

————————————————————————————-

  1. “Allahın istədiyi olur; güc yalnız Allaha məxsusdur”: Bunlar mömin şəxsin kafir olmuş varlı həmsöhbətinə dediyi son sözlərdir. Öncəki ayələrdə qeyd olunanlara əsasən, bu kafir kişi öz sərvətinə elə aldanır ki, özünün və sərvətinin əbədi, Allahdan ehtiyacsız olduğunu güman edir. Mömin həmsöhbəti onun küfr dolu fikirlərinə cavab verərkən iki cümlə işlədir: “Allahın istədiyi olur” və “güc yalnız Allaha məxsusdur”. Bu iki cümlə ilə başa salır ki, heç nə və heç kəs Allahdan ehtiyacsız deyil, yer üzündə nə qədər güc və güclü varsa, O sonsuz zatdan asılıdır[19]. Bu iki qısa cümlə insan həyatı və onun dünyaya baxışında böyük dəyişiklik yarada bilər. Möminlərin əmiri İmam Əli (ə) hədislərinin birində belə buyurmuşdur: “Biz Allahın varlığı ilə heç nəyə malik deyilik və O bizi malik etmədən heç nəyə sahib ola bilmərik. Deməli, O, bizə bəxş etdiyinə bizdən daha layiqdir. Üzərimizə bir vəzifə qoymuşdur. Verdiyini bizdən aldıqda üzərimizdə olan vəzifəni də götürmüş olur.”[20]
  2. Kainatın həqiqi rəhbəri: “Vilayət” deyilərkən bu ayədə idarəedici rəhbər nəzərdə tutulur. Ayənin geniş mənası belədir: Fəlakət və müsibətlər hər tərəfdən hücuma keçdiyi, zahiri səbəblər öz güclərini itirdyi zaman özünü heç nədən asılı hesab etməyən, Allaha ehtiyacı olmadığını və müstəqil bir varlıq olduğunu düşünən insanın acizliyi və gücsüzlüyü, insanın bütün işlərinin, ümumiyyətlə dünyadakı bütün mövcudatın rəhbəri və idarəedicisinin Allah olduğu aydın olur. Çünki həqiqi sahib odur. Bu dünyada təsir və nüfuz sahibi olduğu təsəvvür edilən hər bir şey O ehtiyacsız varlıqdan asılıdır, Onun rəhbərliyi, təsiri, himayəsi altındadır[21].
  3. Sərvət məğrurluğu: Bu məsəldə sərvət məğrurluğunun canlı təsvirinin şahidi olur, sonu şirk və küfürlə nəticələnən məğrurluqla tanış oluruq. Tutumları az olan insanlar hər hansı məqama yetişdikdə, sərvət və mövqe baxımından digərlərindən azacıq üstün olduqlarını gördükdə məğrurluq, lovğalıq və təkəbbür bəlasına düçar olurlar. Hər şeydən öncə öz imkanlarını başqasına göstərməyə, bunu bir üstünlük kimi təqdim etməyə çalışırlar. Quranda bu xüsusiyyət belə ifadə edilmişdir: “Mən mal və adamlarımın çoxluğuna görə səndən üstünəm”. Bu adamların dünyaya olan sevgisi onlarda əbədi olacaqları təsəvvürü formalaşdırır və nəhayət, uca səslə deyirlər: “Bu bağın nə vaxtsa məhv ola biləcəyini güman etmirəm!” Maddi dünyanın əbədi olacağına inanmaq Qiyamət inancı ilə təzad təşkil edir. Bu cür şəxslər məadı inkar edərək deyirlər: “Qiyamət qopacağına inanmırıq.” Xudbinlikləri və lovğalıqları onların özlərinin Allaha və Allah dərgahına yaxın olduqlarını söyləmələrinə, özləri üçün qeyri-adi mövqelər təsəvvür etmələrinə, “əgər Allah tərəfinə qaytarılsaq, axirət dünyası olsa, bundan da yaxşı yerə sahib olacağıq” demələrinə səbəb olur. Qeyd olunan dörd mərhələ dünyapərəst insanların həyatlarında müşahidə edilən xüsusiyyətləri əks etdirir. Əslində onların haqq yoldan azması dünyapərəstlikdən başlayıb şirk, küfr, məadın inkarı ilə sona çatır. Çünki onlar maddi gücə büt kimi ibadət edərək, ondan qeyrisini yaddan çıxarırlar[22].
  4. Dünya həyatının həqiqətinə dair gözəl bir misal: Allah-taala bu ayədə insanlara belə buyurur: Həyatınızın başlanğıcından sonuna qədər olan bütün illəri gözləriniz önündə təkrarlanır. Bahar fəslində çəmənliyə gedin, hər qarışından həyat nəfəsi gələn, ürək oxşayan gözəlliklərə tamaşa edin. Payız fəslində də həmin yamyaşıl düzə gedin, hər tərəfdən ölüm əlamətlərinin necə diqqət çəkdiyinə baxın. Bəli, siz özünüz də uşaq vaxtı yeni açmış bir qönçə kimi idiniz, sonra tərafətli bir gül kimi gənc oldunuz, daha sonra solub qurumuş, yarpaqları saralıb tökülmüş güllər kimi qocalıb zəiflədiniz, nəhayət, əcəl küləyi sizi biçdi, bir neçə gündən sonra çürümüş torpağınız küləklərlə sovrulub hər tərəfə yayıldı[23].
  5. Var-dövlət və övladlar dünya həyatının bəzəyidir. Əbədi qalan yaxşı əməllərin isə Rəbbinin dərgahındakı savabı daha yaxşı və ümidvericidir.
  6. (Xatırla!) Bir gün Biz dağları hərəkətə gətirəcəyik. Yerin dümdüz olduğunu görəcəksən. Hamını qaldıracaq və onlardan heç birini diqqətdən kənarda qoymayacağıq.
  7. Onlar Rəbbinin hüzurunda sıra ilə duracaqlar. (Onlara deyiləcək:) “Hamınız hüzurumuza sizi ilk dəfə yaratdığımız kimi gəldiniz. Amma siz elə güman edirdiniz ki, Biz sizə müəyyən bir vaxt təyin etməyəcəyik”.
  8. Kitab (bütün insanların əməllərinin yazıldığı kitab) oraya qoyulacaq və sən günahkarların orada olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! Onda heç bir kiçik, heç bir böyük əməl ötürülmədən hesablanaraq yazılmışdır!” Etdikləri bütün əməlləri qarşılarında görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!
  9. Bizim mələklərə: “Adəm üçün səcdə edin!” – dediyimiz zamanı xatırlayın. Cinlərdən olan İblisdən başqa hamısı səcdə etdi. O, Rəbbinin əmrindən çıxdı. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və onun nəslini özünüzə rəhbərmi seçirsiniz? Zalımlar üçün bu, necə də pis mübadilədir!
  10. Mən onları nə göylərin və yerin yaradılışına, nə də özlərinin yaradılışına şahid etmədim. Mən (başqalarını) yoldan çıxaranları Özümə köməkçi tutmuram.
  11. (Xatırlayın!) Bir gün (Allah): “Mənə qoşduğunuz şərikləri çağırın!”– deyəcək. Ancaq onları nə qədər çağıracaqlarsa, cavab verməyəcəklər. Biz bu iki dəstə arasında həlakedici bir yarğan yaratdıq.
  12. Günahkarlar odu görən kimi, onunla qarışacaqlarına əmin olacaqlar. Oradan qaçmağa heç cür yol tapa bilməyəcəklər.

————————————————————————————-

  1. Əbədi qalan yaxşı əməllər: “Əbədi qalan yaxşı əməllər” deyilərkən bəyənilən və layilqi işlər nəzərdə tutulur. Qurana görə, insanın əməlləri Allah dərgahında qorunub saxlanır. Əgər o əməllər yaxşı olsa, əbədi qalan yaxşı əməllər silsiləsinə aid olacaq. Məsumlara aid olan bir hədisdə deyilir: Əbədi qalan yaxşı əməllər deyilərkən namaz nəzərdə tutulur. Hədislərin birində Əhli-beyt (ə) sevgisi bu əməllərin bir nümunəsi kimi təqdim edilmişdir. Məlumdur ki, hədislərin hər birində bu əməllərin yalnız adıçəkilən əməllə məhdudlaşdırıldığına deyil, onların bir nümunəsinə işarə edilmişdir[24].
  2. Qiyamət ərəfəsində dünyanın viran qalması və dəyişməsi: Bu və sonrakı iki ayədə Qiyamət ərəfəsində baş verəcək hadisələrə işarə edilmişdir. Bu hadisələr çoxdur. “Qiyamət əlamətləri” adlanan bu hadisələrdən Quranın son hissəsindəki kiçik surələrdə daha çox bəhs edilir. Bu əlamətlərin məcmusu göstərir ki, yaşadığımız bu dünya tamamilə dağılacaq və dəyişəcək, dağlar parçalanacaq, ağaclar və binalar yerə batacaq, yer tamamilə düz olacaq, zəlzələlər onu darmadağın edəcək, günəş, ay və ulduzların işığı yoxa çıxacaq, ondan sonra xarabalıqlar üzərində yeni dünya, yeni yer və göy meydana gələcək, insanların yeni həyatı həmin yeni dünya üzərində qurulacaq[25].
  3. Qiyamətdəki üç kitab: Quran ayələrinin məcmusundan belə qənaətə gəlmək olar ki, Qiyamətdə insanların üç cür kitabı (əməl dəftəri) olacaq. Birincisi, xilqətin əvvəlindən sona qədər bütün insanların əməllərinin qeyd olunduğu vahid bir kitab. “Kitab qoyulacaq” cümləsi bütün insanların hesab-kitabının qeyd edildiyi vahid bir kitabın olacağından xəbər verir. İkinci kitab ayrı-ayrı ümmətlərin əməllərinin qeyd edildyi kitabdır. “Casiyə” surəsinin 28-ci ayəsində hər bir ümmətin öz kitabına doğru çağırılacağı buyurulmuşdur. Üçüncü kitab ayrı-ayrılıqda hər bir insan üçün olan kitabdır. “İsra” surəsinin 13-cü ayəsində belə buyurulmuşdur: “Hər bir insanın əməllərini öz boynundan asdıq. Qiyamət günü onun üçün qarşısında açıq şəkildə görəcəyi bir kitab çıxararıq.”[26] Əlbəttə, nəzər nöqtəsi olan ayələr insanın əməllərinin bu kitablarda qeyd edildiyini göstərməklə yanaşı, onların əməllərinin təcəssüm edəcəyindən və görünəcəyindən xəbər verir. Bu dünyada dağınıq enerjilər formasında məhv olmuş əməllər, əslində, məhv olmamışdır. Müasir elm də heç bir enerji və maddənin yox olmadığını, davamlı olaraq bir haldan başqa bir hala keçdiyini sübuta yetirir. Həmin gün bu itmiş enerjilər maddəyə çevriləcək və uyğun şəkillərdə təzahür edəcəkdir. Gözəl əməllər gözəl şəkillərdə, pis əməllər isə çirkin və utancverici şəkildə təzahür edib bizimlə birlikdə olacaq[27].
  4. Mələklər sırasında olan cin: Bu ayədən İblisin mələklərdən deyil, cinlərdən olduğu məlum olur. Ümumiyyətlə, Quran ayələri və məsumların (ə) hədislərinə əsasən məlum olur ki, etdiyi çoxlu ibadətlər sayəsində İblis Allaha yaxın olan mələklər sırasına qədər yüksəlmişdi. Ancaq Allahın əmri qarısında təkəbbür və dikbaşlıq etdiyinə, Adəmə (ə) səcdə etməkdən boyun qaçırdığına görə uca məqamdan qovulmuş, Allahın qəzəbinə tuş gəlmişdir[28].
  5. Biz bu Quranda insanlar üçün cürbəcür məsəllər çəkdik. İnsan isə daha çox mübahisə edəndir.
  6. İnsanlara doğru yolu göstərən rəhbər gəldiyi zaman onların iman gətirmələrinə və Rəbbindən bağışlanma diləmələrinə mane olan şey yalnız əvvəlkilərin başına gələnlərin onların da başına gəlməsini, yaxud da gözləri görə-görə əzabın gəlib onlara yetişməsini gözləmələri oldu.
  7. Biz elçiləri yalnız müjdə verənlər və xəbərdarlıq edənlər olaraq göndəririk. Kafirlər isə haqqı batil vasitəsilə yalana çıxarmaq üçün mübahisə edirlər. Bizim ayələrimizi və vəd verilmiş əzabları istehza edirlər.
  8. Rəbbinin ayələri xatırladılarkən onlardan üz döndərən, əvvəllər öz əlləri ilə etdiklərini unudan adam­­dan daha zalım kim ola bilər? Anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarını da kar etdik. Buna görə də sən onları doğru yola çağırsan da, onlar heç vaxt doğru yola gəl­­məzlər.
  9. Rəbbin bağışlayandır, mərhəmət sahibidir. Əgər onları etdikləri əməllərə görə cəzalandırsaydı, əzabı onlara daha tez göndərərdi. Lakin onlar üçün heç vaxt qaça bilməyəcəkləri bir vaxt vardır.
  10. Bunlar zülm və haqsızlıq etdikləri zaman məhv etdiyimiz şəhər və kəndlərdir. Biz onları məhv etmək üçün vaxt müəyyən etmişdik.
  11. Bir zaman Musa öz dostuna belə demişdi: “Mən iki dənizin qovuşduğu yerə çatana qədər, səfərim uzun sürsə də, axtarışdan əl çəkməyəcəyəm”.
  12. O dənizlərin qovuşduğu yerə gəlib çatdıqda (yemək üçün özləri ilə götürdükləri) balıqlarını unutdular. Balıq isə dənizdə yol alıb getdi.

—————————————————————————————-

  1. Allahın əzabını gözləyən inadkar kafirlər: Bu ayədə inadkar, məğrur kafirlərin iki hal istisna olmaqla, heç bir halda iman gətirməyəcəklərinə işarə edilmişdir: Birincisi, əvvəlki qövmlərə gəlmiş şiddətli əzab onları da ağuşuna almayınca; ikincisi, ilahi əzabı öz gözləri ilə görməyincə. Əlbəttə, bu məcburi inamın heç bir əhəmiyyəti yoxdur. Nəzərə almaq lazımdır ki, bu insanlar heç zaman belə bir son gözləmirlər. Ancaq belə bir tale onlar üçün qaçılmaz olduğuna görə Quran onu intizar və gözləmə adlandırmışdır. Əslində, sözügedən ifadə bir növ kinayə səciyyəsi daşıyır. Bu, eynilə bizim haqq yoldan sapmış bir nəfərə “sən yalnız cəzalandırılmaq istəyirsən” deməyimizə bənzəyir. Yəni cəza sənin qaçılmaz taleyindir və sən sanki onu gözləyirsən[29].
  2. Nə üçün Musa (ə) Xızırın (ə) arxasınca getdi? Bu ayə Musa (ə) və onunla iki dənizin qovuşduğu yerdə görüşən alimin əhvalatı ilə başlayır. Hədislərdə adı Xızır kimi qeyd edilən bu alim hadisələrin sirlərindən xəbərdar olan bir şəxsdir. Allah-taala bu əhvalatla İslam peyğəmbərinə (s) sanki insanların üz çevirdiklərinə və dünyapərəstlik etdiklərinə görə kədərlənməməyi, öz çağırışında qətiyyətli və dözümlü olmağı nəsihət edir. Çünki görünən hər bir şeyin bir batini var, kafirlərin qüdrət və sərvətlərinin fövqündə Allah dayanır. Necə ki, Xızırın (ə) gördüyü işlərin bir batini var idi və bu batin sonradan aşkara çıxdı. Burada adı çəkilən Musa (ə) ülül-əzm peyğəmbərlərin üçüncüsü olan İmran oğlu Musadır. Hədislərə görə 60-cı ayədə “onun dostu” deyə işarə edilən şəxsin Musanın (ə) canişini Yuşə ibn Nun olduğu yazılmışdır. İmam Baqirin (ə) hədislərinin birində belə qeyd edilmişdir: “Musa (ə) İsrail oğullarından olan bir qrupun əhatəsində oturduğu vaxt bir kişi ona dedi: “Mən Allah haqqında səndən daha məlumatlı olan bir adam tanımıram”. Musa (ə) dedi: “Mən də tanımıram”. Bu vaxt Allah vəhy göndərərək buyurdu: “Niyə? Bəndəm Xızır səndən daha çox məlumatlıdır.” Musa (ə) Allahdan Xızırla görüşməyin necə mümkün olacağını soruşdu. Musanın (ə) balığının itəcəyi yer Xızırın olduğu məkanın əlaməti oldu. Allahın Quranda buyurduğu hadisə bundan sonra baş verdi.”[30]
  3. İki dənizin qovuşduğu yer: Burada hansı iki dənizdən söhbət getməsi ilə bağlı təfsirçilər arasında fikir ayrılığı mövcuddur. Ancaq daha böyük ehtimalla bura Əqəbə körfəzi ilə Süveyş kanalının kəsişdiyi yerdir. Bildiyimiz kimi, Qırmızı dəniz şimalda iki istiqamətdən quru sahəsinə girmişdir, bunun biri şimal-şərq istiqamətində, digəri isə şimal-qərb istiqamətində. Birincisi Əqəbə körfəzini, ikincisi isə Süveyş kanalını təşkil etmişdir. Bu körfəzlə kanal cənubda birlikdə Qırmızı dənizə birləşirlər[31].
  4. Balıq dənizdə necə hərəkət etdi? Əllamə Təbatəbai bu ayə haqqında belə qeyd etmişdir: Bu ayələrdə balığın öldükdən sonra dirilməsi açıq şəkildə qeyd edilməmişdir. Cümlələrin məzmunundan belə qənaətə gəlmək olar ki, balıq dənizin kənarında bir qayaya qoyulmuş, yuxarıya doğru çırpınan dalğa ilə birlikdə dənizə düşərək dərinə getmişdir. 60-cı ayənin təfsirini ehtiva edən bəzi hədislər də bu fikri təsdiq edir. Çünki həmin hədislərdə balığın dirilməsi deyil, məhz itməsi qeyd edilmişdir[32].
  5. Onlar oradan getdikdən sonra (Musa) öz səfər yoldaşına: “Yeməyimizi gətir. Biz bu səfərimizdə lap əldən düşdük”– dedi.
  6. Dedi: “(İstirahət etmək üçün) qayanın kənarına sığındığımız vaxt yadına gəlirmi? Mən balığın əhvalatını danışmağı unutdum. Doğrusu, onu mənə yalnız Şeytan unutdurdu. Balıq qəribə bir şəkildə dənizə düşüb getdi”.
  7. (Musa:) “Elə istədiyimiz də bu idi!”– dedi. Sonra onlar öz ləpirlərinin izinə düşüb geri qayıtdılar.
  8. (Orada) Öz dərgahımızdan mərhəmət bəxş etdiyimiz və Öz tərəfimizdən elm öyrətdiyimiz qullarımızdan birinə rast gəldilər.
  9. Musa ona dedi: “Sənə öyrədiləni, inkişaf və islaha səbəb olanı mənə öyrətmən üçün sənin arxanca gələ bilərəmmi?”
  10. Dedi: “Sən mənim yanımda əsla səbirli ola bilməzsən.
  11. Axı sən sirlərindən xəbərdar olmadığın bir şeyə necə dözə bilərsən?”
  12. (Musa) dedi: “Allahın istəyi ilə səbirli olduğumu görəcəksən. Heç bir işdə əmrindən çıxmayacağam”.
  13. (Xızır) dedi: “Əgər ardımca gəlmək istəyirsənsə, özüm sənə deməyincə heç bir şey haqqında soruşma”.
  14. Hər ikisi yola düzəldi. Nəhayət, gəmiyə mindilər. (Xızır) gəmini deşdi. (Musa) dedi: “Sən gəmidə olanları suya qərq etmək üçünmü onu deşdin? Doğrusu, çox pis bir iş tutdun”.
  15. Dedi: “Mən demədimmi sən mənim yanımda əsla səbirli ola bilməzsən?”
  16. (Musa) dedi: “Unutduğum bir şeydən ötrü məni qınama və öz işimdə məni çətinliyə salma!”.
  17. Yenə öz yollarına davam etdilər. Nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqda (Xızır) onu öldürdü. (Musa) dedi: “Heç kəsi öldürməyən günahsız bir insanımı öldürdün? Doğrusu, çox pis bir iş tutdun”.

——————————————————————————————

  1. Şeytan Allah peyğəmbərinə nəyisə unutdura bilərmi? Bu ayəni oxuyarkən belə bir sual yarana bilər: Şeytan Yuşə ibn Nun kimi bir peyğəmbərin fikir və düşüncəsini təsir altına ala bilərmi? Halbuki peyğəmbərlərin Şeytandan qorunduqlarını bilirik. Qeyd etməliyik ki, peyğəmbərlərin Şeytandan qorunması deyilərkən Şeytanın peyğəmbərləri günaha çəkə bilməməsi nəzərdə tutulur. Ancaq Şeytanın peyğəmbərlər üçün çətinliklər yaratmadığına dair heç bir arqumentimiz yoxdur. Belə ki, Şeytan nəyisə onlara unutdura bilər. Quranın bəzi ayələri də bunu təsdiq edir. “Sad” surəsinin 41-ci ayəsini buna misal göstərə bilərik: “Bəndəmiz Əyyubu xatırla! Rəbbini çağıraraq (dedi: “Ey Rəbbim,) Şeytan məni çətinliyə və zəhmətə salıb.”[33]
  2. Musa (ə) ilə Xızırın (ə) görüşü: Musanın görüşdüyü və bu ayədə çox gözəl xüsusiyyətlərlə səciyyələndirilən alimin adı Quranda qeyd edilməmişdir. Ancaq hədislərdə həmin alimin adının Xızır (ə) və həzrət Musanın (ə) müasirlərindən olan peyğəmbərlərdən olduğu qeyd edilmişdir. Bəzi hədislərdə Allahın ona uzun ömür verdiyi, hələ də yaşadığı və dünyadan köçmədiyi haqqında xəbər verilmişdir[34].
  3. Xızırın (ə) ilahi elmi qəbul etməsi: Təfsirçilər “Öz dərgahımızdan mərhəmət” ifadəsi ilə bağlı müxtəlif fikirlər irəli sürmüşlər. Bəziləri onu peyğəmbərlik, bəziləri uzun ömürlülük kimi izah etmişlər. Başqa bir ehtimala görə isə burada ilahi elmi qəbul edə bilməsi üçün Allahın ona bəxş etdiyi böyük istedad, geniş ruh, köks genişliyi nəzərdə tutulmuşdur. “Dərgahımızdan” ifadəsi onu göstərir ki, həzrət Xızırın (ə) elmi adi bir elm olmamışdır, bu elm dünyanın və hadisələrin yalnız Allaha məlum olan sirlərinin bir hissəsi olmuşdur. Qeyri-müəyyənlikdə işlədilmiş və belə məqamlarda daha çox böyüklüyü ifadə edən “elm” sözü Xızırın ilahi elmdən daha çox bəhrələndiyindən xəbər verir[35].
  4. Musa və Xızırın ayrı-ayrı sahələrdəki nfərqli vəzifələri: Nəzərə almalıyıq ki, həzrət Xızır (ə) hadisələrin sirli və görünməz tərəflərin ehtiva edən elm qapıları ilə əhatə olunmuşdu. Halbuki həzrət Musa (ə) hadisələrin görünməyən tərəflərini bilmək və onlardan xəbərdar olmaq üçün vəzifələndirilməmişdir. Hadisələrin görünən tərəfləri əksər hallarda görünməyən tərəflərdən fərqlənir. Belə ki, hər hansı davranış zahirən şüursuzcasına edilmiş bir hərəkət kimi görünsə də, görünməz tərəfində müqəddəs, məntiqli və hesablanmış bir hərəkət ola bilər. Belə olan halda hadisənin görünən tərəfinə baxan şəxs səbir və ixtiyarı əldən verib etiraza qalxmalı olur. Ancaq görünməyən tərəflərdən xəbərdar olan şəxs soyuqqanlılıqla öz işinə davam edir, hövsələsizlik edənin etiraz və fəryadına baxmır, həqiqəti açıb söyləmək üçün münasib bir vaxt gözləyir. Şagird isə mütəmadi olaraq dözümsüzlük göstərir, lakin sirlərdən xəbərdar olduqda tamamilə rahatlanır. Burada ortaya belə bir sual çıxır: Ülül-əzm və şəriət sahibi olan bir peyğəmbərin öz müasirlərinin hamısından çox bilməsi zəruri deyilmi? Cavab veririk ki, peyğəmbər ona əmr olunan vəzifənin sərhədləri, yəni subyektiv hadisələr sistemi çərçivəsində hər kəsdən elmli olmalıdır. Musa (ə) subyektiv, insanların ixtiyarına verilmiş sistem çərçivəsində dövrünün ən elmli və bilikli şəxsidir. Musanın (ə) dostunun aid olduğu aləmə gəlincə, onun subyektiv, zahirdə aləmlə heç bir əlaqəsi yoxdur. Başqa sözlə desək, Xızır (ə) peyğəmbərlik missiyasının şərtlənmədiyi sirlərdən xəbərdar idi. Hədislərinin birində İmam Sadiq (ə) belə buyurmuşdur: “Musa (şəriət, qanun elmində) Xızırdan elmli olmuşdur.” İmam Rzaya (ə) aid edilən bir hədisdə də bu iki böyük şəxsiyyətin vəzifələndirildiyi çərçivənin fərqli olduğu, hər birinin aid olduğu öz aləmində digərindən daha bilikli olması nəql edilmişdir[36].
  5. (Yenə də o alim kişi) dedi: “Sənə demədimmi ki, mənim yanımda səbir edə bilməzsən?”
  6. (Musa) dedi: “Əgər bundan sonra səndən bir şey barəsində soruşsam, daha mənimlə yoldaşlıq etmə. Artıq mənim tərəfimdən üzürlü hesab ediləcəksən.”
  7. Yenə yollarına davam etdilər. Nəhayət, bir kənd camaatına çatdılar. Onlardan yeməyə bir şey istədilər. Camaat onları qonaq etmək istəmədi. Orada dağılmaqda olan bir divar gördülər. (O alim kişi) onu düzəltdi. (Musa) dedi: “Əgər istəsəydin, bunun müqabilində zəhməthaqqı alardın”.
  8. (Xızır) dedi: “Budur, artıq mənimlə sənin ayrılmağının zamanı çatdı. Səbir edə bilmədiyin şeylərin yozumunu tezliklə sənə xəbər verəcəyəm.
  9. Gəmi dənizdə çalışan kasıb adamlara məxsus idi. Mən o gəmini ona görə korlamaq istədim ki, onları hər bir sağlam gəmini zorla alan zalım bir şah gözləyirdi.
  10. Oğlan uşağına gəldikdə, onun ata-anası mömin idi. Onları azğınlığa və küfrə sürükləməsindən qorxduq.
  11. Buna görə istədik ki, onların Rəbbi onun əvəzində o ikisinə ondan daha təmiz və daha sevimli bir övlad versin.
  12. Divara gəldikdə isə, o, şəhərdəki iki yetim oğlanın idi. Altında onlara məxsus bir xəzinə vardı. Onların atası əməlisaleh adam olmuşdu. Rəbbin onların həddi-buluğa çatmalarını və öz xəzinələrini çıxartmalarını istədi. Bu, Rəbbinin bir mərhəməti idi. Mən bunları öz ixtiyarımla etmirdim. Sənin səbir edə bilmədiyin işlərin yozumu budur!”
  13. Səndən Zülqərneyn barəsində soruşarlar. De: “Onun əhvalatının bir hissəsini tezliklə sizə danışacağam”.

——————————————————————————————

  1. Musanın (ə) Xızıra (ə) qarşı insaflı davranması: Bu ayə Musanın (ə) son dərəcə insanflı və uzaqgörən olduğundan xəbər verir. Çünki üçüncü sınaqdan sonra onunla Xızırın missiyasının tamamilə fərqli olduğunu başa düşüb haqq qarşısında təslim olur. Ustaddan ayrılmaq ona çətin və dözülməz olsa da, bu reallıq qarşısında inadkarlıq etmir, insaf göstərib həmin alim kişiyə haqq verir. Halbuki bu qısa sürən dostluqdan böyük həqiqət xəzinələri əldə etmişdi. İnsan bütün ömrünü özünü sınamağa həsr etməməlidir, nəticə almaq üçün bir neçə sinaq yetərlidir[37].
  2. İnsanın düzlüyünün övladın taleyinə təsiri: Bu ayədən belə məlum olur ki, insanın düzlüyü bəzən varislərinə yaxşı təsir göstərir, onların səadət və xoşbəxtliyinə səbəb olur. “Nisa” surəsinin 9-cu ayəsindən də göründüyü kimi, ata və ananın əməlisaleh olması övladın taleyinə təsir göstərir: “Özlərindən sonra zəif övladlar qoyub gedəcəkləri təqdirdə onlardan ötrü qorxan kəslər (yetimlərdən ötrü də) qorxsunlar.” İmam Sadiq (ə) buyurmuşdur: “Allah mömin kişinin ləyaqətinə xatir onun övlad və nəvəsini də islah edir, ailəsini və ətrafını qoruyur. Onlar daim həmin möminə xatir Allah yanında qorunurlar.”[38]
  3. Xızırın (ə) davranış tərzi meyardırmı? Musa (ə) ilə Xızırın (ə) əhvalatında alimlər arasında mübahisəyə səbəb olan ən mühüm məsələlərdən biri bu iki dostun qarşılaşdığı üç hadisədir. Musa (ə) hadisələrin görünməyən tərəflərindən xəbərdar olmadığı üçün etiraz edirdi. Sonradan ustadının izahlarını eşitdikdə qane olmuşdu. İndi soruşula bilər ki, qəsbkarın əlinə keçməməsi üçün sahibinin icazəsi olmadan kiminsə malını korlamaq olarmı? Bir yeniyetməni gələcəkdə edəcəyi bir işdən ötrü öncədən cəzalandırmaq olarmı? Başqasının malını qorumaq üçün zəhmət haqqı almadan işləməyə lüzum varmı? Qeyd etməliyik ki, bizi əhatə edən dünyaya iki sistem hakimdir: Bizdən asılı olmayan obyektivlik; bizdən asılı olan subyektivlik. Bu iki sistem ümumi prinsiplərdə koordinasiya təşkil etsə də, xırdalıqlarda bir-birindən ayrıdır. Məsələn, Allah-taala bəndələrini sınağa çəkmək üçün qarşılarına qorxulu hadisələr, var-dövlətin, məhsulun azalması, əzizlərin itirilməsi kimi hadisələr çıxarır. Bununla da kimin səbirli və dözümlü olması sınanılır. Görəsən hər hansı peyğəmbər belə bir addım ata bilərmi? Allah naşükürlük etdiyinə görə insanın sağlamlığını əlindən ala bilər. Ancaq subyektivlik aləmində kimisə naşükürlük etdiyinə görə sağlamlıqdan məhrum etmək olarmı? Obyektiv sistemdə Allah heç bir görünən səbəb olmadan istənilən hadisə vasitəsilə yetkinlik yaşına çatmamış bir uşağın həyatına son qoya bilər. Çünki həmin uşaq gələcəkdə böyük təhlükələrə səbəb ola bilər. Eyni zamanda bu cür şəxslərin qorunub saxlanılması imtahan və sınaqlara xidmət edə bilər. Allah bir qrup insanı (Musa kimi) subyektiv sistemin qanunlarını icra etmək, mələklər və insanlardan ibarət olan başqa bir qrupu isə obyektiv sistemin qanunlarını idarə etmək üçün ezam etmişdir. Əlbəttə, bu qrupların heç biri özbaşına addım ata bilməz. Addım atmaları üçün həqiqi hakim və malikdən icazə almaları şərtdir. Buna görə də Xızır açıq şəkildə bildirir ki, mən bu işləri özbaşına etmirəm[39].
  4. Biz ona yer üzündə qüdrət və hökmranlıq verdik və hər şeyin səbəblərini onun ixtiyarına verdik.
  5. O, bu səbəblərə tabe oldu (onlardan istifadə etdi).
  6. Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə batan gördü (gözünə belə göründü). Orada bir tayfaya rast gəldi. Biz buyurduq: “Ey Zülqərneyn! Ya onları cəzalandırmalı, ya da onlarla bağlı yaxşı bir davranış seçməlisən!”
  7. Dedi: “Haqsızlıq edəni cəzalandıracağıq. Sonra Rəbbinə qayıdacaq və Allah ona ağır bir əzab verəcəkdir!
  8. İman gətirib yaxşı iş görənə isə ən gözəl mükafat veriləcəkdir. Biz ona əmrimizdən asan olanı buyuracağıq”.
  9. Sonra o, (yenidən ixtiyarında olan) vasitələrdən istfadə etdi.
  10. Nəhayət, günəşin doğduğu yerə çatdıqda onu elə bir qövm üzərində doğan gördü ki, onlar üçün (günəşə) qarşı heç bir örtük yaratmamışdıq.
  11. Bax belə! Biz onun ixtiyarında olan imkanlardan xəbərdar idik.
  12. Sonra o, yenə (ixtiyarında olan) vasitələrdən istifadə etdi.
  13. Nəhayət, iki dağ arasına gəlib çatdıqda onların ətrafında heç bir söz anlamayan (özlərinə məxsus dilləri olan) bir tayfaya rast gəldi.
  14. Onlar dedilər: “Ey Zülqərneyn! Yəcuc və Məcuc bu ərazilərdə fitnə-fəsad törədir. Bəlkə biz sənə xərac verək, sən də bizimlə onlar arasında bir sədd düzəldəsən?”
  15. (Zülqərneyn) dedi: “Rəbbimin mənə əta etdiyi daha yaxşıdır. Yaxşısı budur qüvvənizlə mənə kömək edin, mən də sizinlə onların arasında möhkəm bir sədd çəkim.
  16. Mənə böyük dəmir parçaları gətirin!” Nəhayət, iki dağın arasını tamamilə doldurduqda dedi: “(Onun ətraında ocaq qalayın və) Körükləyin!” Dəmir qızarıb əriyənə kimi (körüklədilər). Dedi: “Mənə ərimiş mis gətirin, onun üstünə töküm!”
  17. Onlar (Yəcuc və Məcuc tayfaları) onun nə üstünə çıxa bildilər, nə də onu dələ bildilər.

——————————————————————————————-

  1. Zülqərneyn: Zülqərneynin kimliyi təfsirçilər arasında fikir ayrılıqlarının yaranmasına səbəb olmuşdur. İrəli sürülən ehtimallar arasında Quran ayələri və tarixi faktlarla uyğunluq təşkil edən ən böyük ehtimal Zülqərneynin Əhəməni şahı II Kir olması ehtimalıdır. Tarixi mənbələrin yazdığına görə II Kir Şərq, Qərb və Şimala yürüşlər etmişdir. Bu üçistiqamətli yürüşlər Quranda işarə edilən üç səfərə uyğun gəlir. II Kir birinci dəfə Kiçik Asiyanın şimalında yerləşən Lidiya torpaqlarına yürüş etmişdir. Bu ölkə II Kirin hökumətinin qərbində yerləşirdi. Əgər Kiçik Asiyanın qərb sahilinin xəritəsinə baxsaq, sahilin böyük bir hissəsinin kiçik körfəzlərlə əhatə olunduğunu, xüsusilə çeşmə formasını almış İzmir körfəzində bitdiyini görərik. 86-cı ayədə buyurulur ki, Zülqərneyn qərb səfərində günəşin qara və palçıqlı çeşmədə batdığını görür. Bu səhnə günəşin körfəzlərdə batarkən II Kirin şahidi olduğu səhnədir. II Kirin ikinci yürüşü Şərq istiqamətində olmuşdur. Yunan tarxçisi olan Herodot yazır: II Kirin Şərqə hücumu Lidiya ölkəsinin fəthindən sonra baş vermişdir. II Kiri bu yürüşə vadar edən səhrada yaşayan bəzi vəhşi qəbilələrin zülm və haqsızlıqları olmuşdur. Quranın təbirincə (90-cı ayə) II Kir Şərq səfərində günəş şüalarının qarşısını tutacaq heç bir daldanacaq və kölgənəcəkləri olmayan səhra xalqlarını görmüşdür. II Kirin üçüncü yürüşü şimal istiqamətində, yəni Qafqaz dağları istiqamətində olmuşdur. II Kir iki dağ arasındakı dar keçidə çatdıqda yerli əhalinin xahişi ilə vəhşi xalqların qarşısını almaq üçün iki dağ arasına möhkəm bir sədd çəkmişdir. Bu boğaz hal-hazırda Daryal adlanır. Vladiqafqaz və Tiflisin arasında yerləşən bu sədd və dəmir hasar indi də qalmaqdadır. Bu sədd II Kirin inşa etdirdiyi həmin səddir. Quranın Zülqərneyn səddi ilə bağlı təqdim etdiyi xüsusiyyətlər bu sədd ilə tamamilə uyğunluq təşkil edir[40].
  2. Zülqərneynin ixtiyarında olan vasitələr: “Səbəb” ərəb dilində ağaca çıxmaq üçün istifadə edilən kəndirə, ümumiyyətlə, istənilən vasitəyə deyilir. Ayədə bu söz daha geniş məna ifadə edir. Bu da onu göstərir ki, Allah hədəfinə çatmaq üçün bütün vasitələri Zülqərneynin ixtiyarına vermişdi – yetərli dərəcədə ağıl və bacarıq, düzgün idarəçilik qabiliyyəti, güc və qüdrət, ordu və insan qüvvəsi, maddi imkanlar. Zülqərneyn bu imkanlardan çox yüksək səviyyədə istifadə edirdi[41].
  3. Zülqərneyn heç bir söz anlamayan xalqla hansı dildə ünsiyyət qurmuşdur? 93-cü ayədə buyurulur ki, Zülqərneyn heç bir söz anlamayan və özlərinə məxsus dilləri olan bir xalqa rast gəldi. Ancaq 94-cü ayədə bu xalqın Zülqərneynlə danışdığı, camaatın ondan Yəcuc və Məcuca qarşı bir sədd tikdirməsini xahiş etdiyi qeyd edilmişdir. Bu danışıqlar işarələr və ya danışıq hesab edilməyən sözlər vasitəsilə ola bilər. Bəzilərinin ehtimalına görə onların arasında baş verən anlaşma tərcüməçilər və ya Allah tərəfindən edilən ilham vasitəsilə baş tutmuşdur. Bu ilham formasına Süleymanın bəzi heyvanlarla danışığını misal göstərə bilərik[42].
  4. Yəcuc və Məcuc: Faktlara əsasən deyə bilərik ki, böyük ehtimalla Yəcuc və Məcuc Qafqaz xalqlarının başına bəla olmuş monqol tayfalarından biri olmuşdur. II Kirin bu ərazilərə yürüşü zamanı Qafqaz xalqları onların qarşısının alınması üçün ondan yardım istəmiş, o da məşhur Zülqərneyn səddini tikdirmişdir[43].
  5. Dedi: “Bu, Rəbbimdən olan bir mərhəmətdir. Rəb­­bimin vədi yetişdikdə isə onu yerlə yeksan edəcəkdir. Rəbbimin vədi həqiqətdir”.
  6. O gün (Yəcuc və Məcuc tayfalarını) onları axışıb izdiham yaratdıqları halda buraxarıq. Sur üfürüləndə Biz hamını bir yerə toplayarıq.
  7. O gün Biz Cəhənnəmi kafirlərə göstərərik.
  8. O kəslərə ki, gözlərinə Məni anmamaq üçün pərdə çəkilmişdi, özləri də eşidə bilmirdilər.
  9. Kafirlər Məni qoyub qullarımı özlərinə dost tutacaq­­larınımı güman edirdilər? Biz Cəhənnəmi kafirləri qəbul etmək üçün hazırlamışıq.
  10. De: “Sizə əməllərində ən çox ziyana uğrayanların kimlər olduğunu xəbər verimmi?
  11. O kəslər haqqında ki, dünya həyatındakı səyləri boşa çıxdığı halda, yaxşı işlər gördüklərini güman edirdilər.
  12. Onlar Rəblərinin ayələrini və Onunla görüşəcəklərini inkar edən, buna görə də bütün əməlləri boşa çıxan kimsələrdir. Odur ki, Qiyamət günü onlar üçün heç bir çəki və hesab-kitab olmayacaq”.
  13. Kafir olduqları, ayələrimi və elçilərimi məsxərəyə qoyduqları üçün cəzaları Cəhənnəmdir.
  14. İman gətirib xeyirxah əməllər edənlərə gəldikdə isə, Firdovs bağları onları qəbul edən məskən olacaq.
  15. Onlar orada əbədi qalacaq, oradan köçmələrini istəməyəcəklər.
  16. De: “Əgər Rəbbimin sözlərini yazmaq üçün dənizlər mürəkkəb olsa və bir o qədər də ona əlavə etsək belə, Rəbbimin sözləri qurtarmadan dənizlər qurtarardı”.
  17. De: “Mən də sizin kimi bir insanam. (Üstünlüyüm ondadır ki,) mənə vəhy olunur ki, sizin məbudunuz tək olan məbuddur. Kim Rəbbi ilə qarşılaşmağa ümid bəsləyirsə, gərək yaxşı işlər görsün və ibadətlərində heç kəsi Rəbbinə şərik qoşmasın!”

——————————————————————————————

  1. Cənnət və Cəhənnəm təsəvvürəgəlməz mükafat və cəzanın müqəddiməsidir: “Nüzul” ərəb dilində qonağa ilk təklif edilənə deyilir. Bu ayədə Cəhənnəmin kafirlərə təklif edilən ilk yer olduğu buyurulmuşdur. 107-ci ayədə isə Cənnətin saleh əməl sahibi olan möminlərə təklif edilən ilk yer olduğu qeyd edilmişdir. Bəzi təfsirçilər bu ayələrə istinadən Cənnət və Cəhənnəmin mömin və kafirlərə təklif edilən ilk yerlər olduğunu, bundan sonra isə təsəvvür edilə bilməyəcək savab və mükafat olduğunu söyləmişlər. Bəzi Quran ayələri də bu fikri təsdiq edir: Orada (Cənnətdə) onlar üçün istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı (heç kəsin təsəvvür edə bilməyəcəyi nemətlər) mövcuddur! (Qaf surəsi, 35-ci ayə) Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələrin saxlandığını heç kəs bilmir. (Səcdə surəsi, 17-ci ayə); Və onlar üçün əsla güman etmədikləri görünəcəkdir.” (Zümər surəsi, 47-ci ayə)[44]

103-104. İnsanların ən ziyana uğramışı: Bir insanın bəzən yanlış bir iş gördüyü halda, yaxşı və mühüm bir iş gördüyünü güman etdiyinin çox şahidi oluruq.  Bu cür mürəkkəb cəhalət bir an, bir il, hətta bir ömür də davam edə bilər. Doğrusu, bundan böyük bədbəxtlik ola bilməz. Quranın bu cür şəxsləri insanların ən ziyana uğramışı adlandırmasının səbəbi aydındır: Günaha batıb, ancaq günah etdiyini bilən şəxslər adətən öz yanlışı üçün həd və sərhəd müəyyən edirlər. Çox təsadüf edilib ki, onlar özlərinə gəlmiş və yanlışlarını düzəltmək üçün tövbə edib yaxşı işlər görmüşlər. Günah edib günahlarını ibadət sayanlar çirkin əməllərini düzgünlük hesab edirlər. Bu adamların öz əməllərini islah etməməklə bağlı qərarları bir tərəfə, öz əməllərini davam etdirməkdə israr da göstərirlər. Quran onların haqqında diqqət çəkən çox maraqlı bir ifadə işlədir və onları “əməllərində ən çox ziyana uğrayanlar” adlandırır. Hədislərdə bu ifadənin fikir və düşüncə tələb edən çox aydın nümunələrinə rast gəlinir. Bəzi hədislərdə tərki-dünya kişi və qadınlar bu ayənin xitab obyektləri kimi təqdim edlmişdir. Çünki onlar ömürlərini məbədlərdə keçirir, özlərini dünyanın halal zövqlərindən məhrum edir və bu məhrumiyyəti Allaha yaxınlaşma səbəbi hesab edirlər. Bəzi hədislərdə Nəhrəvan çölündəki xəvaric bu ayənin xitab obyektlərindən biri hesab edilmişdir. Bu kütbeyin və nadan insanlar Əlini (ə) öldürmək kimi böyük günahı Allaha yaxınlaşmaq səbəbi hesab edir, Cənnətin onların inshisarında olduğunu düşünürdülər. İfrat təəssüblər, qürur, təkəbbür, eqoizm, özünü bəyənmə, lovğalıq, dünyapərəstlik bu cür yanlış düşüncələrin meydana gəlməsinin ən mühüm amillərindəndir[45].

  1. Allahla görüş: Şübhəsiz ki, “Allahla qarşılaşma” deyilərkən hissi qarşılaşma nəzərdə tutulmur. Çünki hissi qarşılaşma cisim olmanı, cisim olmaq məhdud, möhtac və fani olmanı tələb edir. Hər bir ağıl sahibi Allahın bu xüsusiyyətlərdən uzaq olduğunu bilir. Deməli, Allahla qarşılaşma deyilərkən batini müşahidə nəzərdə tutulur. Yəni insan Qiyamətdə Allahın nişanələrini hər zamankından daha çox görəcək və onda sanki Allahı qəlb gözü ilə aşkarda görürmüş kimi bir təəssürat yaranacaq. Buna görə də hətta ən inadkar inkarçılar belə, Qiyamətdə inkar etmək üçün heç bir bəhanə qalmadığını görüb etiraf edəcəklər[46].
  2. İxlas saleh əməlin həqiqətidir: Bu ayədə saleh əməlin həqiqəti qısa bir cümlə ilə ifadə edilmişdir. Daha aydın desək, ixlas və səmimiyyət olmadan əməl saleh hesab edilməz[47]. İslam peyğəmbəri (s) belə buyurmuşdur: “Riyakarlıq və özünü göstərmək niyyəti ilə namaz qılan, oruc tutan və sədəqə verən şəxs ibadətində Allaha şərik qoşmuşdur.” Sonra Peyğəmbər (s) sözügedən ayəni oxumuşdur. İmam Baqir (ə) və İmam Sadiqə (ə) aid edilən bir hədisdə belə buyurulmuşdur: “Əgər bəndə hər hansı əməli Allahın rəhmətini qazanmaq və axrət niyyəti ilə etsə, ancaq bu əmələ kiminsə xoşuna gəlmək niyyəti də qatsa, əslində, həmin bəndə müşrik olmuşdur.”[48]

[1] Nümunə, c.12, səh.315

[2] Əl-Mizan, c.13, səh.316

[3] Nümunə, c.12, səh.324

[4] Nümunə, c.12, səh.327

[5] Nümunə, c.12, səh.327

[6] Əl-Mizan, c.13, səh.241

[7] Nümunə, c.12, səh.395

[8] Əl-Mizan, c.13, səh.251

[9] Nümunə, c.12, səh.369

[10] Əl-Mizan, c.13, səh.253

[11] Nümunə, c.12, səh.375

[12] Nümunə, c.12, səh.381

[13] Nümunə, c.12, səh.382

[14] Nümunə, c.12, səh.384-389

[15] Nümunə, c.12, səh.390

[16] Nümunə, c.12, səh.414

[17] Əl-Mizan, c.13, səh.304

[18] Əl-Mizan, c.13, səh.306

[19] Əl-Mizan, c.13, səh.311

[20] Nəhcül-bəlağə, 403-cü hikmət

[21] Əl-Mizan, c.13, səh.314

[22] Nümunə, c.12, səh.439

[23] Nümunə, c.12, səh.447

[24] Əl-Mizan, c.13, səh.315

[25] Nümunə, c.12, səh.451

[26] Əl-Mizan, c.13, səh.320

[27] Nümunə, c.12, səh.457

[28] Nümunə, c.12, səh.466

[29] Nümunə, c.12, səh.471

[30] Əl-Mizan, c.13, səh.333

[31] Nümunə, c.12, səh.480

[32] Əl-Mizan, c.13 ,səh.335

[33] Əl-Mizan, c.13, səh.336

[34] Əl-Mizan, c.13, səh.334

[35] Nümunə, c.12, səh.486

[36] Nümunə, c.12, səh.487 və 515

Bu peyğəmbərlərdən birinin vəzifəsi görünən, digərininki görünməz aləmlə bağlıdır. Birinə hadisələrin görünən tərəfləri, digərinə isə görünməyən tərəfləri əsasında davranmaq vəzifəsi tapşırılmışdır. Heç biri digərinə aid olan tərəflər əsasında davrana bilməz. Əks təqdirdə vəzifə səlahiyyətlərini aşmış olar. Hər birinə özünə aid olan sahəyə uyğun yüksək bilgi verilmişdir. Hər ikisi Allahın bu sahələrə uyğun olan əmrlərini icra etməklə vəzifələndrilmişdir.

[37] Əl-Mizan, c.13, səh.494 və 519

[38] Əl-Mizan, c.13, səh.345

[39] Nümunə, c.12, səh.505

[40] Nümunə, c.12, səh.542-549

[41] Nümunə, c.12, səh.529

[42] Nümunə, c.12, səh.533

[43] Nümunə, c.12, səh.552

[44] Əl-Mizan, c.13, səh.364

[45] Nümunə, c.12, səh.563

[46] Nümunə, c.12, səh.566

[47] Nümunə, c.12, səh.577

[48] Əl-Mizan, c.13, səh.402