“Loğman” surəsi
Rəhman və Rəhim Allahın adı ilə!
- Əlif, Lam, Mim.
- Bu, hikmətli kitabın ayələridir.
- Əməlisalehlər üçün doğru yol göstərən və rəhmət vasitəsidir.
- O kəslərə ki, namaz qılır, zəkat verir və axirətə qətiyyətlə inanırlar.
- Onlar Rəblərindən gələn doğru yoldadırlar. Nicat tapanlar onlardır.
- Bəzi adamlar nadanlıqları üzündən insanları Allah yolundan sapdırmaq və Allahın ayələrini lağa qoymaq üçün mənasız sözləri satın alırlar. Onlar üçün alçaldıcı bir əzab var.
- Ayələrimiz onlara oxunduğu zaman sanki onları eşitmirmiş, qulaqları karmış kimi təkəbbürlə üz çevirərlər. Onları ağrılı-acılı bir əzabla müjdələ.
- Cənnətin bol nemətli bağları iman gətirib yaxşı işlər görənlərə məxsusdur.
- Onlar orada əbədi qalacaqlar. Bu, Allahın qəti vədidir. O, yenilməz qüdrət və hikmət sahibidir.
- O, göyləri görə biləcəyiniz bir dirək olmadan yaratmış, sizi silkələməsin deyə, yer üzündə möhkəm dağlar yaratmış və oraya cürbəcür heyvanlar yaymışdır. Göydən yağmur yağdırıb onun vasitəsilə yer üzündə cürbəcür əhəmiyyətli bitkilər bitirdik.
- Bunlar Allahın yaratdıqlarıdır. İndi siz mənə göstərin görüm, Ondan başqaları nə yaradıblar? Xeyr! Zalımlar açıq-aydın azğınlıq içindədirlər.
—————————————————————————————
“Loğman” surəsinin ümumi məzmunu: Bu surənin ehtiva etdiyi məzmunları beş bölmə üzrə ümumiləşdirmək olar: 1. Müqəttəə hərflərindən sonra Quranın əzəməti, onun spesifik xüsusiyyətlərə malik möminlər üçün yönləndirici və rəhmət olmasına işarə edilmişdir. 2. Səmanın yaradılışında Allahın nişanələri, onun gözəgörünməz sütunlar üzərində dayanması, dağların, müxtəlif canlıların yaradılışı, yağışın yağması və bitkilərin göyərməsindən danışlır. 3. Loğmanın övladına verdiyi hikmətli nəsihətlərin bir qismi qeyd edilir. 4. Yenidən tövhid arqumentləri işıqlandırılır, göyün və yerin ram edilməsi, Allahın insanlara bəxş etdiyi bol nemətlər, təkcə əcdadlarını təqlid etməklə azğınlıq vadisinə yuvarlanmış bütpərəstlərin məntiqinin yanlışlığından danışlır, parlaq bir misalla Allahın böyük və sonsuz olmasına işarə edilir. 5. Ölüm lakonik və düşündürücü bir misalla izah edilir.[1]
- Oynaq musiqi (ğina) Şeytanın böyük tələlərindən biridir: “Boş-boş sözlər” deyilərkən insanı azğınlığa və mənasız işlərə sövq edən istənilən qəflətə səbəb olan və məşğuledici söz və musiqi nəzərdə tutulur. Burada insanı ehtiraslandıran musiqi və ahəng və məzmunu ilə insanı fəsada, boş və mənasız işlərə sövq edən sözlər arasında heç bir fərq yoxdur. Bu ayənin təfsiri ilə bağlı Əhli-beyt imamlarından (ə) çoxlu sayda hədis nəql edilmişdir. Hədislərə görə xaredici əzaba səbəb olan boş-boş danışıqlardan biri oynaq musiqidir. İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “Oynaq musiqi, boş-mənasız və batil musiqi məclisi Allahın əhlinə nəzərə salmadığı bir məclisdir. Bu, Allahın “bəzi adamlar mənasız sözləri satın alırlar” – deyə buyurduğu ayənin bir nümunəsidir.” Fəqihlərin bu mövzu ilə bağlı verdikləri açıqlamalardan belə qənaətə gəlmək olar ki, oynaq musiqi (ğina), mənasız, batil, günah məclislərinə xas olan, insanın ehtiraslarını təhrik edən musiqilərdir. İmam Sadiq (ə) buyurmuşdur: “Ğina olan ev ağır bəlalardan sığortalanmayıb, orada dua qəbul olmaz, mələklər oraya daxil olmaz.” O həzrət başqa bir hədisində belə buyurmuşdur: “Ğina münafiqlik ruhiyyəsini gücləndirir, yoxsulluq və bədbəxtlik gətirir.” Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Şeytan ğina oxuyan ilk şəxs olmuşdur.” Ğinanın haram olmasının səbəbini izah edərkən qeyd edirlər ki, insanların çoxu ğina musiqilərinin təsiri altında təqva və Allah qorxusunu unudub ehtiraslar və günahların əsirinə çevrilir. Ğina məclisləri adətən müxtəlif fəsad və günahların mərkəzi olur. Günah və fəsada səbəb olan isə məhz həmin ğinadır. Ğinanın neqativ cəhətlərindən biri də onun Allahı unutdurmasıdır. Bəzi hədislərdə ğina anlayışının mənasız sözü ilə ifadə edilməsi də bununla bağlıdır. Belə ki, ğina insanı ehtiraslar içində elə məst edir ki, Allahı yaddan çıxarır. Ayədə boş və mənasız sözlərin Allah yolundan sapdıran amillərdən biri və ağrıdıcı əzaba səbəb olduğu qeyd edilmişdir. Diqqət yetirməli cəhətlərdən biri də budur ki, ğina və musiqi əsəblərə təsir göstərir, hətta insanı dəlilik dərəcəsinə çatdırır. Onun ürəyə, qan təzyiqinə, digər xoşagəlməz hallara təsiri çoxdur. Müasir dövrümüzə aid ölüm hallarının statistik rəqəmləri keçmişlə müqayisədə qəfil ölümlərin daha çox olduğunu göstərir. Bu artımı müxtəlif səbəblərlə izah edirlər. Həmin səbəblər sırasında qlobal səviyyədə musiqinin artması amili yer alır.[2]
- Biz Loğmana hikmət verdik (və ona belə dedik): “Allaha şükür et! Kim şükür etsə, öz xeyrinə şükür etmişdir. Kim nankor olsa, (Allaha heç bir zərər toxundurmaz), çünki Allah ehtiyacsız və tərifəlayiqdir”.
- Bir zaman Loğman öz oğluna nəsihət edərək demişdi: “Oğlum! Heç nəyi Allaha şərik qoşma. Çünki Allaha şərik qoşmaq böyük zülmdür!”
- Biz insana ata-anasının qayğısına qalmağı tövsiyə etdik. Anası onu gücsüzlük üzərinə gücsüzlük gəlməsinə baxmayaraq, daşımışdır. Onun südəmər dövrü iki il çəkir. Mənə və valideynlərinə şükür et ki, axır dönüş Mənədir.
- Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün cəhd göstərsələr, onlara itaət göstərmə! Ancaq dünyada onlarla gözəl davran. Tövbə edərək Mənə üz tutanların yolu ilə get! Sonra isə hamınızın dönüşü Mənə olacaq. Mən sizə nə etdikləriniz barədə xəbər verəcəyəm.
- “Oğlum! (Gördüyün yaxşı və ya pis iş) bir xardal dənəsi ağırlığında da olsa, bir daşın içində, yaxud göylərdə və ya yerin dibində də olsa, Allah onu (Qiyamətdə hesablamaq üçün) gətirər. Allah dəqiq, xəbərdardır.
- Oğlum! Namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. Başına gələn müsibətlər qarşısında dözümlü ol ki, bu, mühüm işlərdəndir.
- İnsanlardan etinasızlıqla üz çevirmə, yer üzündə özünü darta-darta gəzmə. Allah heç bir özündənrazı təkəbbürlünü sevmir.
- Yerişində orta həddi gözlə, (danışanda) səsini alçalt. (Heç vaxt qışqırma,) çünki ən çirkin səs uzunqulağın səsidir”.
—————————————————————————————
- Loğman kim olub: Loğman adına Quranda, məhz elə bu surədə iki yerdə rast gəlmək olar. Onun peyğəmbər, yoxsa sadəcə müdrik şəxs olduğunu göstərəcək heç bir aşkar dəlil yoxdur. Sadəcə, Quranın Loğmandan danışan ayələrinin məzmunu onun peyğəmbər olmadığını deməyə əsas verir. Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Doğrusunu deyim ki, Loğman peyğəmbər olmayıb. Ancaq çox düşünən və imanın ali dərəcəsinə çatmış bir bəndə olmuşdur. O, Allahı, Allah da onu sevmiş, hikmət nemətini ona layiq görmüşdür…” Bəzi tarixi mənbələrin yazdığına görə, Loğman əslən Misirin Sudan əyalətindən olan qaradadərili bir qul olmuşdur. Üzü gözəl olmasa da, aydın qəlbə və səfalı ruha malik olmuşdur. Hədislərdə qeyd edilənlərə görə, bir nəfər Loğmana deyir: Sən bizimlə çobanlıq etmirdinmi? O: “Bəli, elədir ki var”, – deyə cavab verir. Həmin adam soruşur: “Bəs bütün bu elm və hikmətə necə nail olmusan?” Loğman deyir: “Bu, Allahın istəyi ilə belə olub. Səbəb isə əmanətə xəyanət etməməyim, doğru danışmağım, mənə aid olmayan işlərə qarışmamağım olmuşdur.” Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Bir gün Loğman istirahət etmək üçün günün günorta çağı yatmışdı. Qəfildən belə bir səs eşidir: “Ey Loğman! İnsanlar arasında hakimlik etməyin üçün Allahın səni yer üzündəki xəlifəsi etməsini istəyirsənmi?” Loğman deyir: “Əgər Rəbbim seçimi öz ixtiyarıma qoysa, mən rahat yol seçib bu böyük imtahanın altına girmərəm. Ancaq əmr etsə, fərmanını cani-dildən qəbul edərəm. Çünki bilirəm ki, belə bir məsuliyyəti mənə həvalə etsə, hökmən, mənə yardım göstərəcək, tərəddüdlərdən qoruyacaq.” Mələklər soruşur: “Nə üçün?” Deyir: “Çünki insanlar arasında münsiflik etmək vəzifələrin ən çətini, mərhələlərin ən əhəmiyyətlisidir. Zülm və haqsızlıq dalğası hər tərəfdən ona doğru hücum çəkir. Əgər Allah insanı qorusa, xilas olmağa layiqdir, əgər yanlışa yol versə, Cənnət yolundan sapmışdır. Dünyada başıaşağı olub, axirətdə başıuca olan adam dünyada başıdik olub axirətdə başıaşağı olan adamdan yaxşıdır. Dünyanı axirətdən üstün tutan şəxs dünyaya nail olmayacaq, axirəti də əldən verəcək.” Mələklər Loğmanın gözəl məntiqi qarşında heyrətləndilər. Loğman bunları deyib yuxuya getdi. Allah hikmət nurunu onun qəlbinə bəxş etdi. Yuxudan oyandıqdan sonra hikmətli sözlər danışmağa başladı.”[3]
18-19. Əməldə və danışıqda orta hədd: Bu iki ayədə iki xüsusiyyət qadağan, iki xüsusiyyət isə əmr edilmişdir. Özünü hər kəsdən üstün görmək insanın Allah bəndələri qarşısında təkəbbürlü olmasına, özünü bəyənməsi onun özünü kamil hesab etməsinə, nəticədə, bütün kamillik qapılarını öz üzünə bağlamasına səbəb olur. Bu bəyənilməyən iki xüsusiyyətə qarşılıq olaraq, davranış və danışıq zamanı orta həddin qorunması əmr edilmişdir. Bu iki xüsusiyyətə malik olan şəxs insanlar arasında ən xoşbəxt, Allah qarşısında ən dəyərli və sevimli adamdır. Diqqət çəkən məqam budur ki, ayədə təkəbbürlülərin və əbləhlərin çığırtısı uzunqulaq səsinə bənzədilmişdir. Bunu da təfsirçilər onunla izah edirlər ki, digər heyvanlar adətən nəyəsə ehtiyac duyduları zaman səs çıxarırlar, uzunqulaq isə bəzən səsini heç bir səbəb və ehtiyac olmadan ucaldır. Onun səsinin xoşagəlməz olmasından isə danışmağa dəyməz. Hədislərinin birində İmam Sadiq (ə) burada hündür səslə asqırmağın və ya danışarkən çığıra-çığıra danışmağn nəzərdə tutulduğunu qeyd etmişdir. Təbii ki, bu, ayələrin ehtiva etdiyi mənalardan biridir. Hədislərdə heç nəyə təvazökarlıq, gözəl əxlaq, davranışlarda mülayimlik və kobudluğun tərk edilməsi mövzusu qədər yer verilməmişdir. Bir nəfər Peyğəmbərin (s) yanına gedib deyir: “Mənə nəsihət ver!” Peyğəmbərin (s) həmin adama verdiyi nəsihətlərdən biri belə olur: “Müsəlman qardaşınla gülər üzlə görüş”. Başqa bir hədisində Peyğəmbər (s) belə buyurmuşdur: “Qiyamətdə insanın əməl tərəzisində gözəl əxlaqdan üstün heç nə olmayacaq”[4]
- Allahın göylərdə və yerdə olanları sizə ram etdiyini, Özünün aşkar və gizli nemətlərini sizə bol-bol verdiyini görmürsünüzmü? İnsanlar arasında eləsi də vardır ki, heç bir biliyi, doğru yolu göstərəni və nur saçan bir kitabı olmadan Allah barəsində mübahisə edir.
- Onlara: “Allahın nazil etdiyinə itaət edin!” – deyildikdə, onlar: “Yox! Biz əcdadımızın getdiyi yolu tutub gedəcəyik!” – deyərlər. Əgər Şeytan onları yanan odun əzabına doğru çağırsa belə (yenə tabe olacaqlar)?
- Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən şəxs ən möhkəm dəstəkdən yapışmış olar. Bütün işlərin sonu Allaha qayıdır.
- Kafir olanın küfrü səni kədərləndirməsin. Onların dönüşü Bizə olacaq. Biz də onlara etdikləri əməllər barədə xəbər verəcəyik. Allah kökslərdə olanları bilir.
- Biz dünya malının az bir hissəsini onların ixtiyarına verəcəyik, sonra da onları ağır bir əzaba məcbur edəcəyik.
- Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, onlar, mütləq: “Allah!” – deyəcəklər. De: “Həmd olsun Allaha!” Lakin onların çoxu bilmir.
- Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah ehtiyacsızdır, sitayişə layiqdir.
- Əgər yer üzündəki bütün ağaclar qələm olsa, dəniz də onun mürəkkəbi olsa və ona yeddi dəniz də artırılsa, yenə də Allahın sözləri qurtarmaz. Allah yenilməz qüdrət və hikmət sahibidir.
- Sizin hamınızı yaratmaq və (yenidən həyat sürmək üçün Qiyamət günü qəbirdən) qaldırmaq bir adamı yaratmaq və qaldırmaq kimidir. Allah eşidəndir, görəndir.
—————————————————————————————-
- Aşkar və gizli nemətlər: Aşkar nemətlərə göz, qulaq, bədən üzvləri, sağlamlıq və hiss üzvləri ilə qavranılan nemətlər aiddir. Gizli nemətlərə isə şüur, iradə, ağıl, ixlaslı əməllər sayəsində qazanılmış mənəvi məqamlar aiddir. Bunlar beş hiss üzvü ilə qavranılmayan nemətlərdir. Hədislərdə Allahın bu ayədə buyurduğu iki qrup nemətlərlə bağlı müxtəlif nümunələr qeyd edilmişdir. Bəzi hədislərdə “aşkarda olan nemətlər” deyilərkən aşkarda olan imamın, “gizlində olan nemət” deyilərkən isə qeybdə olan imamın nəzərdə tutulduğu qeyd edilmişdir. Hədislərinin birində İmam Sadiq (ə) belə buyurmuşdur: “Aşkar nemət Peyğəmbər (s), onun Allahı tanıma və təkallahlıqla bağlı gətirdikləri, gizli nemət isə biz Əhli-beytin rəhbərliyi və bizimlə dostluq əhdidir.”[5] Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Aşkar nemət İslam, sənin Allah tərəfindən kamil və nizam-intizamlı yaradılışın, sənə verilmiş nemətlərdir, gizli nemət isə çirkin əməllərinin örtülməsi, insanlar qarşısında rüsvay edilməməndir.” Əlbəttə, bu təfsirlər arasında heç bir təzad yoxdur. Bunların hər biri gizli və aşkar nemət ifadəsinin ayrı-ayrı nümunələrini simvolizə edir. Bu da məna məhdudiyyətinə deyil, onun daha geniş məzmun ifadə etməsinə səbəb olur.[6]
- Allahın sözü bitib-tükənməz: Bu ayədə çox möhtəşəm və bədii bir təsvirlə Allahın elminin tükənməzliyi təsvir edilmişdir. İnsanın elmi nə qədər artsa da, Allahın elmi qarşısında zərrədən artıq deyil. İnsan qatında daha çox olan Allah qatında daha azdır. “Sözlər” sözü cəmdir və insanın danışdığı sözləri və ifadələri ehtiva edir. Bu ifadə daha geniş mənada fikir və məna ifadə edən hər şeyə şamil olur.
Kainatda mövcud olan varlıqların hər biri Allahın zatı, elmi və qüdrətini ifadə etdiyi üçün bu sözü bütün varlıqlara, xüsusilə ən dəyərli varlıqlara şamil etmək olar. İsa peyğəmbəri (ə) buna misal göstərə bilərik (“Nisa” surəsi – 171, “Ali-İmran” surəsi – 45). Deməli, “Allahın sözləri” deyilərkən Allahın elmi də nəzərdə tutulur. Ayənin forması çox maraqlı və düşüncə tələb edəndir. İri bir ağacdan minlərlə, hətta milyonlarla qələm düzəldilə bildiyini nəzərə alsaq, bütün ağacların qələmə çevrilməsi, dənizlərin və okenların mürəkkəbə çevrilməsi, yeddi dənizin də onlara əlavə edilməsi (təbii ki, burada yeddi deyilərkən say deyil, çoxluq nəzərdə tutulur) təsviri Allahın elminin böyüklüyünü göstərmək üçündür.[7] Hədislərin birində belə deyilir: “Bu ayənin məqsədi Allahın elminin daha çox olduğunu göstərməkdir. Sizə verilən elm öz aranızda çox, Allah yanında az və cüzidir.”[8] Bu ayənin məzmunu o qədər aydındır ki, insanın təfəkkür dalğalarını özü ilə birlikdə sahilsiz üfüqlərə doğru aparır, heyrətlərə qərq edir, elm və biliyinin Allahın elmi ilə müqayisədə nə qədər kiçik olduğunu başa salır.[9]
- Allahın gecəni gündüzə, gündüzü də gecəyə daxil etdiyini, günəşi və ayı ram etdiyini, hər birinin müəyyən olunmuş vaxtadək hərəkət etdiyini görmədinmi? Allah nə etdiklərinizdən xəbərdardır.
- Bütün bunlar Allahın haqq olduğunu, Onu qoyub çağırdılarının batil olduğunu göstərən dəlillərdir. Allah ucadır, böyükdür.
- Onun dəlillərinin bəzisini sizə göstərməkdən ötrü dənizdə gəmilərin Allahın neməti sayəsində üzdüyünü görmürsünüzmü? Bunlarda səbirli olanlar və şükür edənlər üçün nişanələr var.
- (Dənizdə səfər edərkən) bir dalğa buludlar kimi başlarının üstünü aldığında Allahı ixlasla çağırarlar. Ancaq quruya çıxarıb xilas etdiyində aralarından bəziləri orta yol tutar. Bizim ayələrimizi yalnız nankor xəyanətkarlar inkar edər.
- Ey insanlar! Rəbbinizdən qorxun. Valideynin övladın, övladın da valideynin əməllərinin məsuliyyətini qəbul etməyəcəyi, onun yerinə cəza çəkməyəcəyi gündən qorxun. Şübhəsiz ki, Allahın vədi haqdır. Məbada dünya həyatı sizi çaşdırsın, hiyləgər (Şeytan) sizi Allahın kərəmi ilə aldatsın.
- Qiyamətin nə zaman qopacağını yalnız Allah bilir. Yağışı O yağdırır və bətnlərdə olanı O bilir. Heç kəs sabah nə əldə edəcəyini bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah biləndir, xəbərdardır.
—————————————————————————————–
- Haqq yoldan sapmanın ən böyük amilləri: Bu ayədə insanlara dünya həyatının bərbəzəyinə aldanmamaq barədə xəbərdarlıq edilir. Daha sonra Şeytanın hiyləsindən söz açılır və onun təhlükəli olduğu bildirilir. Belə ki, insanlar bir neçə qrupa bölünürlər: Bəziləri o qədər zəif və gücsüzdürlər ki, dünyanın bərbəzəyini görən kimi aldanırlar. Bəzilərinin müqavimət gücü bir qədər artıqdır. Onlaırn aldanması üçün Şeytanın vəsvəsəsi də lazımdır. Bu cür insanları aldatmaq üçün xarici və daxili şeytanlar əl-ələ verməlidirlər. Ayədə hər iki qrupun mənsublarına xəbərdar edilir. Bir nüansa diqqət yetirməyimiz lazımdır ki, ayənin orijinalındakı “ğərur” sözü istənilən aldadıcıya şamildir. Bu sözün Şeytan kimi izah edilməsi onun birinci dərəcəli aldadıcı olması ilə bağlıdır. Yoxsa ki, o, istənilən aldadıcı kitaba, aldadıcı insana, vəsvəsə yaradan mövqeyə, insanı azdıran istənilən varlığa şamil olur. Ümumiyyətlə, insanı haqq yoldan sapdıran hər bir varlıq bu sözün geniş məna çərçivəsinə daxildir. Bəzilərinin onu dünya kimi izah etmələri dünyanın aldadıcı olması ilə bağlıdır. İmam Əli (ə) dünya haqqında belə buyurmuşdur: “Dünya aldadır, ziyan verir və keçir”. Diqqət yetirilməli olan nüanslardan biri də budur ki, dünyanın aldadıcı olması və məzəmmət edilməsi onun təzahürlərinin insana Allahı unutdurması ilə əlaqəlidir. Bəzən dünya insanı özünə elə məşğul edir ki, o, dünyadan başqa hər şeyi unudur. Buna baxmayaraq, dünya həyatının ayrı-ayrı səhnələri arasında elə səhnələr də var ki, dünyanın əbədi olmadığını, bərbəzəyinin puç nolduğunu açıq şəkildə bəyan edir. Elə hadisələr var ki, o, ağılı başında olan istənilən insanı ayıldır, huşu başında olmayanları isə huşa gətirir.[10] Bir gün İmam Əli (ə) bir nəfərin dünyanı aldadıcı adlandıraraq məzəmmət etdiyini görüb buyurdu: “… Dünya, onun söylədiklərinə inananlar üçün düzlük, mahiyyətini dərk edənlər üçün sağlamlıq, axirətinə azuqə toplayanlar üçün sərvət, öyüd-nəsihət alanlar üçün öyüd-nəsihət diyarıdır. Dünya Allah dostlarının məscidi, mələklərin namazgahı, vəhyin nazil olduğu yer, Allah dostlarının ticarət etdiyi məkandır…”[11]
- Allaha məxsus olan elmlər: Ayədə yalnız Allahın elmi çərçivəsində olan üç hadisəyə işarə edilmişdir: Birincisi, Qiyamətin qopacağı zaman. Allah həmin günün nə vaxt olacağının yalnız Özünə aid bir məsələ olduğunu, Ondan başqa heç kəsin (hətta peyğəmbər və imamların da) həmin hadisənin nə zaman baş verəcəyindən xəbərdar olmadığını buyurur. İkincisi, yağışın yağması və analarının bətnində olan körpələrin xüsusiyyətləri (həmin körpənin gözəl və ya çirkin, Cənnət, yoxsa Cəhənnəm əhli olacağı və sair)[12] ilə bağlı bilgi yalnız Allaha məxsusdur. Yalnız Allahın xəbərdar etdiyi şəxslər istisnadır. Sonuncu iki hadisə (sabah hansı hadisənin baş verəcəyi, insanın hansı məkanda öləcəyi) insanların bilməyəcəkləri hadisələrdir. Belə ki, insan gələcəkdə baş verəcək hadisələrdən xəbərdar ola bilməz. Əlbəttə, bir nüansı də qeyd etməliyik ki, Allahın istəyi ilə Ondan qeyriləri də son dörd hadisədən xəbərdar ola bilərlər. Hədislərdə məsumların öz gələcəklərindən, öləcəkləri məkan və zamandan xəbər verdikləri qeyd edilmişdir.[13] İmam Sadiq (ə) buyurmuşdur: “İmam qeybdən xəbərdar olmur. Ancaq nəyisə bilmək istədikdə Allah onu məlumatlandırır.”[14] Hədislərdə imamların qeybi bilməməsi və ayədə qeyd edilən beş hadisənin yalnız Allahın bilgisi daxilində olmasının qeyd edilməsinin səbəbi onların yaşadıqları dövrdə qeyb elminin Allahın zatı elminə aid edilməsi və Allahın təlimatı olmadan bilinən elm kimi başa düşülməsi olmuşdur. İmamlar bu təfəkkür tərzinin bir növ şirk olduğunu nəzərə alaraq, onun yayılmasının qarşısını almaq üçün bu cür bəyanatlar vermişlər. İmam Kazim (ə) hədislərinin birində belə buyurmuşdur: Bizim malik olduğumuz elm qeyb elmi deyil, Allah rəsulundan bizə irsən keçmiş bir elmdir. Biz nə biliriksə, bizə Allah rəsulundan irsən keçib. Allahın rəsuluna da bildiklərini Allah öyrətmişdir.[15]
[1] Nümunə, c.17, səh.5
[2] Nümunə, c.17, səh.15
[3] Nümunə, c.17, səh.44
[4] Nümunə, c.17, səh.55
[5] Əl-Mizan, c.16, səh.234 və 244
[6] Nümunə, c.17, səh.65
[7] Nümunə, c.17, səh.74
[8] Təfsiri-Qummi, c.2, səh.143
[9] Nümunə, c.17, səh.76
[10] Nümunə, c.17, səh.95
[11] Nəhcül-bəlağə, qısa kəlamlar, 131-ci hikmət
[12] Nəhcül-bəlağə, 128-ci xütbəyə istinadən
[13] Əl-Mizan, c.16, səh.243
[14] Nümunə, c.17, səh.100
[15] Mənşuri-cavid,c.8, səh.389