“Məaric” surəsi
Rəhman və Rəhim Allahın adı ilə!
- İstəyən kimsə baş verən əzabı istədi –
- Bu əzab kafirlər üçündür. Heç kəs onu dəf edə bilməz.
- O, (mələklərin enib qalxdığı) pillələr sahibi olan Allah tərəfindəndir.
- Mələklər və Ruh (Allaha yaxın mələk) Ona doğru sayı əlli min ilə bərabər bir gün ərzində qalxırlar.
- Sən təmkinlə səbr et!
- Çünki onlar həmin günün uzaqda olduğunu güman edirlər.
- Biz isə onun yaxın olduğunu görürük.
- O gün göy ərimiş metal kimi olacaqdır.
- Dağlar da didilmiş rəngli yuna bənzəyəcək.
- Dost dostunu axtarmayacaq.
———————————————————————————-
44-47. Allahın adından yalan danışmağa möhlət yoxdur: Burada ortaya belə bir məsələ çıxır ki, əgər Allah Onun adından yalan danışan hər bir kəsi dərhal cəzalandırıb məhv etsəydi, onda yalançı peyğəmbərlərin hamısı tez bir zamanda məhv edilməli idi. Halbuki biz bunun belə olmadığının, onların uzun illər yaşadıqlarının, hətta yanlış dinlərinin özlərindən sonra da davam etdiyinin şahidi oluruq. Məsələ burasındadır, ki, Allah “hər bir iddiaçı deyil, yalnız İslam peyğəmbərinin yalan deyəcəyi təqdirdə belə edəcəyini” buyurur. Yəni Allahın möcüzə verdiyi, həqiqətən peyğəmbər olduğunu göstərən dəlillərini təsdiq etdiyi bir peyğəmbər haqq yoldan çıxarsa, ona bir an olsun belə, möhlət verməz. Çünki o, insanların haqq yoldan sapmasına səbəb olar. Əgər belə bir addım atsa, Allah onu məhv etməklə sözlərinin yalan olduğunu hər kəsə sübut edər.[1]
“Məaric” surəsinin ümumi məzmunu: Bu surədə Qiyamət günü kafirlərin başına gələcək ağrılı-acılı əzablardan danışılır.[2]
1-2. Əlinin (ə) imam olduğunu inkar edənin dərhal əzaba düçar olması: İmam Sadiq (ə) buyurmuşdur: “Allah rəsulu (s) Qədiri-Xum günü həzrət Əlini (ə) xəlifə təyin etdikdən və haqqında “mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır”, – deyə buyurduqdan sonra bu xəbər bütün şəhərlərə yayıldı. Bir gün Nöman ibn Haris Fəhri adlı bir şəxs Peyğəmbərin (s) yanına gəlib dedi: “Sən bizə Allahın təkliyinə və sənin də Onun elçisi olduğuna şahidlik etməyimizi göstəriş verdin, biz də şahidlik etdik. Sonra cihadı, orucu, namazı və zəkatı əmr etdin, biz də qəbul etdik. Ancaq bunlarla da kifayətlənməyib bu gənci (Əlini) özünə canişin təyin etdin və “mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” dedin. İndi bu söz sənin sözündür, yoxsa Allahın?” Peyğəmbər (s) buyurdu: “And olsun Allaha ki, Ondan başqa heç bir məbud yoxdur! Bu, Allahın sözüdür. Nöman üzünü çevirib dedi: “İlahi, əgər bu söz Sənin tərəfindən nazil olmuş bir həqiqətdirsə, göydən bizim başımıza daş yağdır.” Elə bu vaxt onun başına göydən bir daş düşüb onu öldürdü. Sonra bu ayələr nazil oldu.”[3]
- Əlli min ilə bərabər gün: Yəni Qiyamət günü dünya illərinə uyğun əlli min il qədər davam edəcək. Əlbəttə, bu, günahkar, zalım və kafirlərə aiddir. Bir gün Peyğəmbərdən (s): “Həmin gün nə qədər çəkəcək?” – deyə soruşulduqda o həzrət (s) belə cavab vermişdir: “Mühəmmədin canı əlində olan Allaha and olsun! O gün möminlər üçün dünyada qılınan bir vacib namazdan asan olacaq.” Bu ayə Qiyamət gününün min il sürəcəyi qeyd edilən Səcdə surəsinin 5-ci ayəsi ilə ziddiyyət təşkil etmir. Çünki həmin ayədə Qiyamətin əlli dayanacağından birinə, burada isə bütün Qiyamət müddətinə işarə edilmişdir.[4] Hər kəs Qiyamətdə dünyada əməl etdiyi qədər qalacaq, bu dünyada Allahın əmrlərinə cani-dillə qucaq açan, böyük sevgi ilə onları qəbul edib yorulmadan və usanmadan çalışsa, Qiyamətin dayanacaqlarından böyük şadlıqla keçəcək. Allahın qanunlarını yerinə yetirməyə ərinən, onlardan imtina edən şəxs Qiyamətin dayanacaqlarından çətinliklə keçəcək və onun həmin keçidlərdən keçməsi çox uzun çəkəcək.[5]
- Onlar bir-birini göstərəcəklər. Elə olacaq ki, günahkar o günün əzabından qurtarmaq üçün qurban vermək istəyəcək – öz övladlarını,
- həyat yoldaşını və qardaşını,
- hər zaman onu himayə etmiş qəbiləsini
- və yer üzündə olanların hamısını – təki (bu) onu xilas etsin.
- Xeyr! (Bunlarla əsla xilas olmaq olmaz!) Bu odun yandırıcı şölələridir –
- başın dərisini sıyırıb çıxaran, əli, ayağı qoparıb aparan (bir od)!
- (O od) çağırır Allahın əmrinə arxa çevirəni
- və mal-dövlət yığıb saxlayanı.
- İnsan həris və kəmhövsələ yaradılmışdır.
- Ona bir pislik toxunduqda dözümsüzlük göstərir,
- bir xeyir nəsib olduqda isə xəsislik edir.
- Namaz qılanlar istisnadır.
- O kəslər ki, namazlarında davamlıdırlar.
- O kəslər ki, onların mallarında məlum bir haqq vardır-
- dilənən və kasıblar üçün.
- O kəslər ki, haqq-hesab gününə inanırlar.
- O kəslər ki, Rəblərinin əzabından qorxurlar.
- Çünki heç kəs Rəbbinin əzabından amanda deyil.
- O kəslər ki, tənasül üzvlərini qoruyurlar –
- zövcələri və sahib olduqları cariyələr istisnadır. (Buna görə) onlar əsla qınanmazlar.
- Bundan artığını istəyənlər isə həddi aşanlardır.
- O kəslər ki, əmanətlərinə və əhdlərinə sadiqdirlər.
- O kəslər ki, şahidliklərində mətindirlər.
- Bir də o kəslər ki, namazlarında diqqətlidirlər.
- Onlara Cənnət bağlarında hörmət göstəriləcək.
- Bu kafirlərə nə olub belə, Sənə doğru sürətlə gəlirlər –
- sağdan-soldan, dəstə-dəstə (və Cənnət arzusundadırlar)?!
- Onların hər birinin tamahında var ki, nemətlərlə dolu Cənnət bağlarına daxil edilsinlər?
- Əsla! Biz onları özləri bildikləri şeydən xəlq etmişik.
—————————————————————————————
- İnsan həris və kəmhövsələdir: Allah-taala insanda kamilləşmək, tərəqqi etmək, səadətə nail olmaq üçün vasitə olan və öz-özlüyündə pis olmayan xüsusiyyətlər, instinktlər və potensial qüvvələr yaratmışdır. Ancaq həmin qüvvələrdən sui-istifadələr edilərsə, yanlış yolda istifadə edilərsə, onlar bədbəxtliyə, şər və fəsada səbəb olarlar. Məsələn, hərislik insanın səy və fəaliyyətdən tez əl çəkməsinə, hər hansı nemətə nail olduqdan sonra doymasına imkan vermir. Bu, insanın varlığına hakim kəsilmiş bir yandırıcı susuzluqdur. Əgər bu xüsusiyyət elm, bilik, mənəvi kamilliklərin əldə edilməsinə sərf edilərsə, şübhəsiz ki, onun inkişafına səbəb olar, yox, əgər sərvət, şəhvət, ehtiras və bu kimi yollara sərf edilərsə, şər və bədbəxtliyə səbəb olar.[6]
- Namaza diqqət özünü islah etmiş insanların ən üstün xüsusiyyətidir: Namaz özünü islah etmiş insanların ən başlıca xüsusiyyətidir ki, onun vasitəsilə Allahla olan əlaqələrini qoruyub saxlayır, qəflət, təkəbbür, ehtiras, Şeytan və nəfsi istəklər əsarətindən qorunurlar. “Namazlarında davamlıdırlar” deyilərkən hər zaman namaz halında olmaq nəzərdə tutulur. Burada namazları vaxtı-vaxtında qılmaq da nəzərdə tutula bilər. Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Yəni nafilələri özlərinə vacib edib davamlı olaraq yerinə yetirirlər.” İmam Baqir (ə) buyurmuşdur: “Bu ayədə nafilə namazlarına, 34-cü ayədə isə vacib namazlara işarə edilmişdir.”[7] Hər halda Allah özünü islah etmiş insanların xüsusiyyətlərini sadalamağa onların namaza diqqətli olmasını qeyd etməklə başlayır. Məhz eyni xüsusiyyətlərlə də bu sıralamaya son verir. Bu da onu göstərir ki, sadalanan xüsusiyyətlər arasında namaza diqqət ən mühüm və ən üstün xüsusiyyətdir.[8]
- İffət: Quran iffət məsləsinə çox böyük əhəmiyyət verir. Hədislərdə də bu xüsusiyyət maraqlı ifadələrlə təsvir edilmişdir. İmam Sadiq (ə) buyurmuşdur: “Allaha qarın və iffətin qorunmasından üstün bir şeylə ibadət edilməmişdir.” Bu iki işin ən üstün ibadət adlandırılmasının səbəbi qarını haram tikədən və iffəti haram münasibətlərdən qorumaqdan çətin işin olmamasıdır. Bir nəfər İmam Baqirə (ə) deyir: Mən müstəhəb əməlləri yerinə yetirməkdə zəifəm və az oruc tuturam, amma çalışıram ki, yalnız halal yeyim və yalnız halal cinsi münasibətdə olum. İmam (ə) buyurur: “Qarın və iffətin qorunmasından böyük cihad varmı?!” Peyğəmbərin (s) bu məzmunda bir hədisi var. O həzrət (s) həmin hədisdə buyurur ki, mənim ümmətimi Cəhənnəmə daxil edən ən böyük şey qarın və iffəti qorumamaq olacaq. Hədislərinin birində Peyğəmbər (s) dil və iffətini qoruyan şəxsə Cənnəti zəmanət vermişdir. İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “… Camaatın qadınlarına qarşı iffətli olun ki, sizin də qadınlarınız iffətli olsunlar.” Hədislərdə iffətə xələl gətirən harama baxmaq, naməhrəmlə əl görüşmək və sair kimi ilkin addımlardan qorunmaq da göstəriş verilmişdir.[9]
- And olsun gündoğanların və günbatanların Rəbbinə! Biz qadirik ki,
- onları daha yaxşıları ilə əvəz edək. Biz əsla məğlubiyyətə uğramayacağıq.
- Vəd verilmiş günə çatanadək onları özbaşına burax, qoy öz batillərinə qərq olub oynasınlar.
- O gün məbudlarına ibadətə can atırmışlar kimi qəbirlərdən çıxacaqlar.
- O gün utandıqlarından və qorxudan baxışları yerə dikiləcək, zillət, xarlıq və rüsvayçılıq pərdəsi ilə örtüləcəklər. Bu onlara vəd verilmiş həmin gündür.
[1] Nümunə, c.24, səh.483
[2] Əl-Mizan, c.20, səh.5
[3] Nümunə, c.25, səh.7
[4] Nümunə, c.25, səh.16; Əl-Mizan, c.20, səh.8
[5] Mənşuri-cavid,c.9, səh.311
[6] Nümunə, c.25, səh.29; Əl-Mizan, c.20, səh.14
[7] Nümunə, c.25, səh.30
[8] Nümunə, c.25, səh.39
[9] Biharül-ənvar, c.68, səh.268