“Məryəm” surəsi
Rəhman və Rəhim Allahın adı ilə!
- Kaf, Ha, Ya, Ayn, Sad.
- (Bu,) sənin Rəbbinin Öz qulu Zəkəriyyaya olan mərhəmətindən bir xatırlatmadır.
- Bir zaman Rəbbinə gizlicə dua edib
- demişdi: “Ey Rəbbim! Artıq sümüklərim zəifləmiş, başım da ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə dua edərkən onun qəbulundan əsla məhrum edilməmişəm.
- Mən özümdən sonra gələn qohumlarımdan (onların Sənin haqq dinini qorumayacaqlarından) qorxuram. Zövcəm də sonsuzdur. Mənə Öz tərəfindən elə bir canişin bəxş et ki,
- həm mənim, həm də Yaqubun nəslinin varisi olsun. Elə et ki, Sənin razılığını qazanmış olsun!”
- “Ey Zəkəriyya! Səni Yəhya adlı bir oğulla müjdələyirik. Biz bu adı (ondan) öncə kimsəyə qoymamışıq!”
- Dedi: “Ey Rəbbim! Zövcəm sonsuz bir qadın ikən, özüm də qocalıb əldən düşdüyüm halda, mənim övladım necə ola bilər?”
- (Mələk) dedi: “Belədir, Rəbbin: “Bu, Mənim üçün asandır. Daha öncə sənin özünü də sən heç bir şey deyilkən xəlq etmişdim!”, – deyə buyurub”.
- Dedi: “Ey Rəbbim! Mənim üçün bir əlamət müəyyən et”. Buyurdu: “Əlamətin budur ki, danışa bildiyin halda, üç gün adamlarla danışmayacaqsan!”
- O, ibadət etdiyi mehrabdan öz camaatının qarşısına çıxıb işarə ilə onlara dedi: “Səhər-axşam (Allaha) təriflər deyin!”
——————————————————————————–
“Məryəm” surəsinin ümumi məzmunu: Bu surə məzmun baxımından bir neçə hissədən ibarətdir: 1. Bu surənin ən mühüm hissəsində həzrət Nuh, İbrahim, İshaq, Yaqub, Musa, İsmail, İdris, Zəkəriyya, Yəhya, İsa (Allahın salamı olsun onların hamısına) kimi bəzi böyük peyğəmbərlər, o cümlədən pak və müqəddəs xanım Məryəmin (ə) əhavalatları nəql edilir. Bu əhvalatlarda xüsusi tərbiyəvi nüanslar yer almışdır. 2. Surənin digər hissəsi Qiyamət, Qiyamətin necə olacağı, günakarların aqibəti, təqvalı insanların mükafatı və sair kimi mövzuları ehtiva edir. 3. Əvvəlki hissələri tamamlayan öyüd və nəsihət hissəsi. 4. Sonuncu hissə ümumlikdə, insan nəfsinin iman, təmizlik, paklıq və təqvaya sövq edilməsində rol oynaya biləcək Quran, Allahın övladının olmaması və şəfaətlə bağlı olan tərbiyəvi mövzuları əhatə edir[1].
- Kaf, Ha, Ya, Ayn, Sad: “Bəqərə” surəsinin birinci ayəsində “müqəttəə” hərfləri ilə bağlı izahat vermişik. Burada qeyd edilməsi lazım olan məsələlərdən biri budur ki, sözügedən surənin müqəttəə hərflərindən bəhs edən hədislər iki qrupa bölünmüşdür: 1. Hədislərdə bu hərflərdən hər biri ilə Allahın gözəl adlarına işarə edildiyi qeyd edilmişdir: Kaf hərfi ilə Kafi, ha hərfi ilə Hadi, ya hərfi ilə Vəli, ayn hərfi ilə Alim, sad hərfi ilə Sadiqül-vəd adı nəzərdə tutulmuşdur. 2. Hədislərdə bu hərflər vasitəsilə İmam Hüseynin (ə) qiyamına işarə edildiyi qeyd edilmişdir: Kaf hərfi ilə Kərbəla, ha hərfi ilə Peyğəmbər ailəsinin (ə) həlak ediləcəyinə, yə hərfi ilə Yezid, ayn hərfi ilə ətəş (susuzluğa), sad hərfi ilə İmam Hüseyn (ə) və yoldaşlarının səbrinə işarə edilmişdir. Nəzərə almalıyıq ki, Quran ayələrinin müxtəlif mənaları vardır. Ayələrin mənası bəzən keçmiş və gələcəyə aid olsa da, bu müxtəlifliklər heç bir təzada səbəb olmur. Əks təqdirdə, əgər ayənin mənasını bir yozumla məhdudlaşdırsaq, bu məhdudlaşdırma ayənin nazilolma şəraiti və zamanı baxımından problem yarada bilər[2].
- Yaqub sülaləsinin varisi olan övlad: Zəkəriyyanın (ə) həyat yoldaşı həzrət Süleymanın (ə), həzrət Süleyman (ə) isə həzrət Yaqubun (ə) nəslindəndir. Buna görə də Zəkəriyya (ə) Allahdan ona özünün və Yaqub (ə) nəslinin varisi olacaq bir övlad verməsini istəyir[3].
- Yəhya adı analoqu olmayan bir ad olmuşdur: Bu ayədən belə məlum olur ki, Yəhyanın adını Allah Özü qoymuş və ondan əvvəl heç kəs bu adı daşımamışdır. Əlbəttə, Yəhyanın adının analoqu olmaması deyilərkən onun kimi bir şəxsiyyətin olmaması da nəzərdə tutula bilər. Bu iddianı Allahın Quranda əvvəlki peyğəmbərlərdən heç biri haqqında demədiyi və yalnız Yəhya ilə bağlı qeyd etdiyi xüsusiyyətlər təsdiq edir; uşaq yaşında peyğəmbərliyə çatması, evlənməməsi, doğularkən, ölərkən və qaldırılarkən Allah tərəfindən salamlanması. Əlbəttə, həzrət İsa (ə) da bu xüsusiyyətlərdə onunla ortaq olmuşdur, ancaq nəzərə almaq lazımdır ki, İsanın (ə) doğuluşu Yəhyanın (ə) doğuluşundan sonra olmuşdur[4]. Bir məsələni də qeyd etməliyik ki, bu ilahi peyğəmbərin evlənməkdən imtina etməsinin xüsusi bir səbəbi olmuşdur. Yoxsa ki, evlənməkdən imtina etmək, ümumiyyətlə, insan üçün kamillik hesab edilmir. Daha ətraflı məlumat almaq istəyənlər “Nümunə” təfsirində bu və “Ali-İmran” surəsinin 29-cu ayəsinin təfsirinə baxa bilərlər. Deyilənlərə bir də bunu əlavə etməliyik ki, bir peyğəmbərin spesifik xüsusiyyətlərinin söylənməsi onun məqam baxımından digər peyğəmbərlərdən üstün olması kimi başa düşülməməlidir. Bütün bunlar onun özünəməxsus imtiyazlarını göstərmək üçündür[5].
- İmam Hüseynlə (ə) həzrət Yəhyanın (ə) oxşarlıqları: Hədislərdə İmam Hüseynlə (ə) həzrət Yəhyanın (ə) ortaq cəhətlərinin olduğu qeyd edilmişdir. Ad cəhətdən onların heç birinin özündən əvvəl adaşı olmamışdır; hər ikisinin başı Allah dinini müdafiə etdiyi üçün kəsilmişdir; hər ikisinin qatili haramzada olmuşdur; hər ikisi qətlə yetrildikdən sonra qırx gün göy üzü günəş çıxıb batana qədər qırmızı rəngə boyanmışdır[6].
- “Ey Yəhya! Kitabdan möhkəm yapış!” Biz uşaq ikən ona peyğəmbərlik əmri verdik.
- Üstəlik Öz tərəfimizdən ona bir şəfqət və paklıq da bəxş etdik. O, müttəqi idi.
- Ata-anasına qarşı qayğıkeş idi; zülmkar və asi deyildi.
- Doğulduğu gün də, öləcəyi gün də, yenidən dirildiləcəyi gün də ona salam olsun!
- Bu kitabda Məryəmi də yada sal. O zaman o, ailəsindən ayrılıb (Beytül-müqəddəsdən) şərq tərəfdə olan bir yerə çəkilmiş,
- özü ilə onlar arasına bir pərdə tutmuşdu. Bu zaman Biz Öz Ruhumuzu onun yanına göndərdik. O, Məryəmin qarşısında eyibsiz və nöqsansız insan surətində peyda oldu.
- (Məryəm bərk qorxub) dedi: “Mən sənin şərindən Rəhman Allaha sığınıram! Əgər Allahdan qorxursansa (mənə toxunma!)”.
- Dedi: “Mən sənə ancaq pak bir oğlan bəxş etmək üçün Rəbbinin elçisiyəm”.
- (Məryəm) dedi: “Mənə bir insan toxunmadığı və özüm də bulaşmış bir qadın olmadığım halda, mənim övladım necə ola bilər?”
- Dedi: “Elədir, ancaq Rəbbin: “Bu, Mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə və Öz tərəfimizdən bir mərhəmət edəcəyik. Bu, (hökmü verilib) sona çatmış (qəti) bir əmrdir” – deyə buyurub”.
- Nəhayət, (Məryəm) uşağa qaldı və onu uzaq bir yerə apardı.
- Doğuş sancıları onu bir xurma ağacının yanına getməyə vadar etdi. O dedi: “Kaş bundan əvvəl öləydim və birdəfəlik unudulaydım!”
- Qəfildən ayağının altından bir səs ona dedi: “Qəm yemə, Rəbbin sənin ayağının altından bir bulaq axıtdı.
- Xurma ağacının gövdəsini özünə tərəf silkələ ki, sənin üçün yetişmiş, təzə xurma tökülsün.
————————————————————————————–
- Allah kitabından möhkəm yapışmaq: Böyük ehtimalla bu ayədə “kitab” deyilərkən Tövrat, ya da Tövratla bərabər Yəhyadan (ə) əvvəl göndərilmiş peyğəmbərlərin kitabları nəzərdə tutulmuşdur. Çünki həmin vaxt şəriət və ilahi hökmlərin mənbəyi Tövrat olmuşdur. Kitabdan möhkəm yapışmaq deyilərkən onun hökmləri və göstərişlərinə diqqət və ciddiyyətlə əməl nəzərdə tutulur[7].
- Allahın Yəhyaya (ə) qarşı xüsusi məhəbbəti: Təfsirçilər bu ayədə işlənmiş xüsusi məhəbbət ifadəsi ilə bağlı müxtəlif fikirlər irəli sürmüşlər. Bəziləri hesab edir ki, xüsusi məhəbbət deyilərkən burada Allahın ona bəxş etdiyi peyğəmbərlik və rəhbərlik nəzərdə tutulmuşdur. Belə ki, “Hud” surəsinin 28-ci ayəsində Allah Nuhun (ə) dilindən belə buyurmuşdur: “Öz dərgahından mənə bir mərhəmət lütf etmiş olsa…” Məlumdur ki, o, bu cümləsində Allah tərəfindən peyğəmbərlik verilməsini nəzərdə tutmuşdur. Bəziləri hesab edir ki, bu cümlə Yəhyanın (ə) yalnız onu sevənlərin gözünə görünməsini ifadə edir. “Taha” surəsinin 39-cu ayəsində də Musa (ə) haqqında belə buyurulduğunu oxuyuruq: “Öz tərəfimdən sənə qarşı bir sevgi yaratdım.” Yəni Allah insanların qəlbində Musaya (ə) qarşı sevgi yaratmışdı. Bəzilərinə görə xüsusi məhəbbət deyilərkən onun başqalarına qarşı sevgi və məhəbbəti nəzərdə tutulur. O, insanlara qarşı mehriban və xeyirxah idi, onları Allah yoluna və tövbə etməyə çağırırdı. Ancaq ayənin özündən belə məlum olur ki, Allahla Yəhya (ə) arasında xüsusi bir əlaqə və bağlılıq olmuş, Allah onu bu xüsusiyyətlə tərifləmişdir. İmam Baqir (ə) hədislərinin birində belə buyurmuşdur: “Allahın Yəhyaya olan xüsusi məhəbbəti elə idi ki, Yəhya nə vaxt “ya Rəbb” desəydi, Allah: “Bəli”, – deyə cavab verərdi.”[8]
- İnsan həyatının ən qorxulu mərhələləri: İmam Rza (ə) buyurmuşdur: “İnsan həyatının ən qorxulu mərhələləri üç mərhələdir: Doğulduğu və dünyaya göz açdığı gün; öldüyü, axirət və onun sakinlərini gördüyü gün; qaldırılacağı və bu dünyaya hakim olmayan qanunları görəcəyi gün. Allah-taala bu üç mərhələdə Yəhyaya salamatlıq nəsib etdi, ona qorxular qarşısında əminlik və sakitlik bəxş edərək “salam olsun ona”, – deyə buyurdu”[9].
- Ruh: Məşhur təfsirçilərin demək olar ki, hamısı burada Ruh deyilərkən Cəbrailin (ə) nəzərdə tutulduğunu qeyd etmişdir. Cəbrailin (ə) nə üçün Ruh deyə təqdim edildiyini isə onun həm ruhani, həm də həyat bəxş edən bir varlıq olması ilə izah etmişlər. O, Allahın ismarışlarını peyğəmbərlərə çatdırdığı üçün layiqli insanların həyatvericisi hesab edilir. Ruh sözünün Allaha aid edilməsi (Bizim Ruhumuz deyilməsi) bu ruhun əzəmətli və şərafətli olduğunu göstərmək üçündür[10].
- Nə üçün Məryəm (ə) Allahdan ölüm istədi? Allahdan ölüm istəmək düzgün bir iş deyil. Ancaq bəzən insanın həyatında elə hadisələr baş verir ki, ölümün dadı insana həyatın dadından daha şirin gəlir. Məryəm həmin anlarda bu uşağın dünyaya gəlməsi ilə abır-həyasının ağılsız insanlar qarşısında təhlükəyə düşəcəyindən qorxurdu. Buna görə də ölməyi və tamamilə unudulmağı arzu edir. Bu da onu göstərir ki, o, iffət və həyasını hətta canından da çox istəyirdi, abır-həyası onun üçün hətta canından da üstün idi. Lakin bu fikirləri elə də uzun sürmədi, iki möcüzə görməklə bu fikirlərini tamamilə unutdu[11].
- Xurma hamilə qadınlar üçün ən yaxşı qidadır: Allah rəsulu (s) hədislərinin birində belə buyurmuşdur: “Qadınların azad olduqdan sonra yeyəcəkləri ilk şey xurma olmalıdır. Məryəm azad olduqdan sonra Allah-taala ona “xurma ağacının gövdəsini özünə tərəf silkələ ki, sənin üçün yetişmiş, təzə xurma tökülsün”, – deyə buyurmuşdur. Bəzi hədislərdə hamilə qadın üçün ən yaxşı qida və dərmanın xurma olduğu buyurulmuşdur[12].
- (Bu dadlı qidadan) ye, (bu dadlı sudan) iç, (bu körpənin doğumu münasibətilə) gözün aydın olsun! Əgər insanlardan kimisə görsən, (işarə ilə) de: “Mən Rəhman Allaha oruc tutmağı nəzir etmişəm. Odur ki, bu gün heç kimlə danışmayacağam”.
- (Məryəm) körpəni qucağına alıb öz tayfasının yanına gətirdi. Dedilər: “Ey Məryəm! Sən yaramaz və qəribə bir iş tutmusan.
- Ey Harunun bacısı! Atan pis kişi, anan da pozğun qadın olmamışdır”.
- (Məryəm) ona işarə etdi. Dedilər: “Beşikdə olan körpə ilə necə danışaq?”
- (Qəfildən İsa dil açıb) dedi: “Mən Allahın quluyam! O, mənə kitab verib və məni peyğəmbər etmişdir.
- Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi tövsiyə etdi.
- Məni anama qarşı qayğıkeş etdi, zülmkar və bədbəxt etmədi.
- Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!”
- Barəsində şübhəyə düşdükləri haqq söz olan Məryəm oğlu İsa budur.
- Allaha övlad götürmək əsla yaraşmaz. O, pak və müqəddəsdir! O, nəyisə əmr etdikdə ona ancaq: “Ol!”– deyər, o da dərhal olar.
- “Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Yalnız Ona ibadət edin! Doğru yol budur”.
- Ancaq (ondan sonra) ardıcıllarından olan firqələr arasında ixtilaf düşdü. Böyük günü görəcək kafirlərin vay halına!
- Onlar Bizim hüzurumuza gələcəkləri gün necə də yaxşı eşidən qulağa və necə də yaxşı görən gözlərə sahib olacaqlar! Lakin bu zalımlar bu gün açıq-aydın azğınlıq içindədirlər.
—————————————————————————————–
- Sükut orucu və oruc olanda sükut: Ayənin zahiri məzmunundan belə məlum olur ki, İsanın (ə) özünün danışması, anasının müdafəsinə qalxması və onun pak olduğunu sübuta yetirmək üçün Məryəmə (ə) sükut etmək əmri verilmiş və o da Allahın əmri ilə bir müddət sükut etməli olmuşdu. Bu üsul hər bir cəhətdən faydalı idi. Ayədən həm də belə başa düşülür ki, sükut nəziri həmin cəmiyyətə məlum bir ibadət növü olmuşdur. Buna görə ona heç bir etiraz bildirmirlər. Hərçənd ki, bu oruc növü İslam üçün səciyyəvi deyil. İmam Zeynülabidin (ə) hədislərinin birində belə buyurmuşdur: “Sükut orucu haramdır”. Bu, o dövrün şəraiti ilə İslamın meydana gəldiyi dövrün şəraiti arasında fərq olduğundan irəli gəlirdi. Əlbəttə, İslamda oruc adətlərindən biri oruc olarkən insanın dilini günah və bəyənilməyən sözləri danışmaqdan, gözlərini istənilən günaha baxmaqdan qorumasıdır. İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “Oruc tutmaq təkcə insanın özünü yemək və içməkdən saxlamasından ibarət deyil. Məryəm demişdi: “Mən Rəhman Allaha xatir nəzir orucu tutmuşam”. Qəsdi susmaq və sükut etmək olmuşdu. Buna görə də oruc olduğunuz vaxt dilinizi və gözlərinizi günahdan qoruyun. Bir-birinizə qarşı paxıl olmayın, mübahisə etməyin.”[13]
- Məryəm – Harunun bacısı! Onların “ey Harunun bacısı!” deməsi təfsirçilər arasında müxtəlif yozumların meydana çıxmasına səbəb olmuşdur. Daha düzgün ehtimal budur ki, Harun pak və əməlisaleh bir insan olmuşdur. Bu cəhətinə görə də İsrail oğulları arasında məsələ çevrilmişdi. Onlar kiminsə pak olduğunu söyləmək istədikdə ona “ey Harunun qardaşı və ya ey Harunun bacısı”, – deyə xitab edirdilər. Bu məzmun Peyğəmbərə (s) aid edilən qısa bir hədisdə də öz əksini tapmışdır. Peyğəmbərə aid edilən hədislərin birində isə İsrail oğulları arasında yaxşı və əməlisaleh insanların peyğəmbərlər və əməlisaleh insanlarla təqdim edilməsi ənənəvi bir davranış olduğu qeyd edilmişdir[14].
- İsa (ə) Allahın bəndəsidir: Həzrət İsa (ə) sözünə Allahın bəndəsi olduğunu söyləməklə başlayıb, Allaha ibadət etməyə əmr olunduğunu deməklə bitirmişdi (36-cı ayə). Bununla da onun haqqında ifrata varanların və ona Allah deyənlərin qarşısını almaq məqsədi güdmüşdür. Halbuki 37-ci ayədə də işarə edildiyi kimi, ondan sonra ardıcıllarından olan firqələr arasında ixtilaf yaranmış, onu Allah və ya Allahın oğlu adlandırmışdılar[15].
- Namaza çağırış: Bir nəfər İmam Sadiqdən (ə) insanı Allaha yaxınlaşdıran ən yaxşı vasitələrin və bu vasitələr arasında Allah qatında ən sevilən əməlin hansı olması ilə bağlı soruşduğunda İmam (ə) buyurmuşdu: “Allahıtanımadan sonra namazdan yaxşı əməl yoxdur. Məgər Allahın saleh bəndəsi olan Məryəm oğlu İsanın (ə): “Mənə namaz qılmaq tövsiyə edilmişdir”, – deyə buyurduğunu eşitməmisənmi?”[16]
- Ananın məqamı: Allahın əmri ilə atası olmadan dünyaya gəlmiş həzrət İsa (ə) anasına qarşı qayğıkeş olması ilə fəxr etməsi ananın məqamının çox yüksək olduğundan xəbər verir. Bu barədə çoxlu sayda hədislər mövcuddur. Müsəlmanlar təkcə sözdə deyil, əməldə də buna səy göstərməlidirlər. İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: Bir nəfər Peyğəmbərin (s) yanına gəlib ona dedi: Ey Allahın rəsulu, kimə yaxşılıq edim? Buyurdu: “Anana”, Dedi: Sonra kimə? Buyurdu: “Anana”, Dedi: Daha sonra kimə? Buyurdu: “Anana”. Dördüncü dəfə sualını təkrar etdikdə Peyğəmbər (s) buyurdu: “Atana”. Hədislərin birində isə belə qeyd edilmişdir: Bir gənc (ümumi səfərbərlik elan edilməmiş) cihadda iştirak etmək üçün Peyğəmbərin (s) yanına gəldi. Peyğəmbər (s) buyurdu: “Anan varmı?” Gənc: “Bəli”, – deyə cavab verdi. Peyğəmbər (s) buyurdu: “Ananın xidmətində dur, Cənnət anaların ayaqları altındadır.”[17]
- Sən onları hər şeyin sona yetəcəyi vaxt həsrət çəkiləcək günlə qorxut! Onlar qəflətdədirlər və iman gətirmirlər.
- Biz yerə və onun üstündə olanlara sahib çıxacağıq. Hamısı bizə doğru qaytarılacaq.
- Bu kitabda İbrahimi də xatırla! O, çox düz danışan və peyğəmbər idi.
- Bir zaman o, atasına (əmisi Azərə) demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənin heç bir probelmini həll etməyən bir şeyə sitayiş edirsən?
- Ata, sənə gəlməyən bir elm mənə gəlmişdir. Buna görə də arxamca gəl ki, səni doğru yola yönəldim.
- Ata, Şeytana ibadət etmə! Şeytan Rəhman Allaha asi olub.
- Ata, qorxuram ki, Rəhman Allahdan sənə bir əzab toxunsun və nəticədə, Şeytanın dostlarından olasan”.
- Dedi: “İbrahim, sən mənim tanrılarımdan üzmü çevirirsən? Əgər (bu işindən) əl çəkməsən, səni daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq ol!”
- (İbrahim) dedi: “Sənə salam olsun! Mən tezliklə Rəbbimdən sənin üçün bağışlanma diləyəcəyəm. Çünki O, hər zaman mənə qarşı lütfkar olmuşdur.
- Mən sizi və Allahdan başqa sitayiş etdiyinizi tərk edir və öz Rəbbimə dua edirəm. Rəbbimi çağırarkən cavabsız qalmayacağıma ümidvaram.
- İbrahim onları və onların Allahdan başqa yalvardıqlarını tərk etdiyi zaman Biz ona İshaqı və Yaqubu bəxş etdik. Biz onların hər ikisini peyğəmbər etdik.
- Onlara öz mərhəmətimizdən əta etdik və onlara (gələcək ümmətlər arasında) yaxşı ad və yüksək məqam nəsib elədik.
- Bu kitabda Musanı da xatırla! O, ixlaslı, yüksək məqama sahib elçi və peyğəmbər idi.
—————————————————————————————
- Ölümün öldürüləcəyi gün: Allah rəsulu (s) buyurmuşdur: Cənnətliklər Cənnətə, cəhənnəmliklər Cəhənnəmə daxil olduqlarında bir nəfər: “Ey Cənnətin sakinləri!” – deyə çağıracaq. Sonra yenə: “Ey Cəhənnəmin sakinləri”, – deyə səslənəcək. Hər iki dəstə səsin sahibinə doğru boylanacaq. Bu vaxt ölümü ağ və qara qoyun şəklində gətirəcəklər. Həmin səsin sahibi deyəcək: “Ölümü tanıyırsınızmı?” Deyəcəklər “Budur”. Hamı onu tanıyacaq. Sonra həmin şəxs qoyunun başını kəsib deyəcək: “Artıq sizə ölüm yoxdur, əbədi olaraq Cənnətdə qalacaqsınız”. Üzünü cəhənnəmliklərə tutaraq deyəcək: “Sizə də ölüm yoxdur, əbədi Cəhənnəmdə qalacaqsınız”. Allah-taala bu barədə belə buyurmuşdur: “Onları həsrət çəkiləcək günlə qorxut!” Bu hədisi nəql etdikdən sonra İmam Baqir (ə) və İmam Sadiq (ə) belə buyurmuşlar: “Cənnətliklər o qədər sevinəcəklər ki, əgər o gün kimin üçünsə ölüm olsa, şübhəsiz ki, sevincdən olar. Cəhənnəmliklər o qədər həsrət çəkəcəklər ki, əgər həmin gün ölüm olsa, şübhəsiz ki, ölərlər.”[18]
- İbrahimin atası kim olub? Bu ayələrdə İbrahimin (ə) ata deyə çağırdığı şəxsin adı “Ənam” surəsinin 74-cü ayəsinə əsasən Azər olmuşdur. Bu şəxs İbrahimin həqiqi atası deyil, ya əmisi, ya ana babası, ya da atası vəfat etdikdən sonra anasının ailə qurduğu şəxsdir. (Daha çox məlumat əldə etmək istəyənlər “Ənam” surəsinin 74-cü ayəsinə baxa bilərlər)[19].
- Şeytana ibadət: Məlumdur ki, burada ibadət deyilərkən Şeytana səcdə etmək, namaz qılmaq, oruc tutmaq deyil, bir növ ibadət və sitayiş hesab edilən əmrə tabeçlik nəzərdə tutulmuşdur. Allah rəsulu (ə) belə buyurmuşdur: Söz danışana qulaq asan şəxs ona sitayiş edir. Əgər danışan Allah tərəfindən danışarsa, dinləyici Allaha, əgər İblis tərəfindən danışırsa, İblisə ibadət etmiş olur[20].
- İbrahimin (ə) Azərə salam verməsi: Bu salam vidalaşma və xudahafizləşmə mənasında ola bilər. Ola bilsin ki, İbrahim bu salama bir neçə cümlə də əlavə edərək atası Azəri tərk etmişdir. Bu salam mübahisəyə son qoymaq məqsədi ilə də deyilmiş ola bilər. Necə ki, “Qəsəs” surəsinin 55-ci ayəsində buyurulmuşdur: “Onlar lağlağı eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahillərə qoşulmaq istəmirik!”– deyirlər.”[21] Salam deyilərkən bu ayədə əmin-amanlıq və salamatlıq da nəzərdə tutula bilər. Çünki Azər İbrahimi ölümlə təhdid edir, o isə qarşılığında Azərə əmin-amanlıq və salamatlıq arzulayırdı. Nadanların cahil davranışlarına onların özləri kimi qarşılıq vermək alicənablıqdan deyil. Onlar qarşı tərəfə alicənablara xas olan şəkildə cavab verirlər. Necə ki, “Furqan” surəsinin 64-cü ayəsində buyurulmuşdur: “Rəhmanın (əsl) bəndələri … cahillər söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman onlara salam deyən, etinasızlıq və alicənablıq göstərən şəxslərdir.”[22]
- Tezliklə sənin üçün bağışlanma diləyərəm: İbrahimin müşrik Azər üçün bağışlanma diləyəcəyi ilə bağlı vəd verməsi hələ də onun haqq yola gələcəyinə və iman gətirəcəyinə ümid bəsləməsi ilə bağlı idi. Ancaq Azərin Allah düşməni olduğu və iman gətirməyəcəyi tam aydın olduğunda ondan uzaqlaşdı. “Tövbə” surəsinin 114-cü ayəsində bu nüansa işarə edilmişdir[23].
- Biz (Musanı) Tur dağının sağ tərəfindən çağırdıq və xəlvəti danışaraq onu Özümüzə yaxın etdik.
- Biz Öz mərhəmətimizdən ona peyğəmbər olan qardaşı Harunu da bəxş etdik.
- Bu kitabda İsmaili də xatırla! O, öz vədinə sadiq, elçi və peyğəmbər idi.
- O, öz ailəsinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını qazanmışdı.
- Bu kitabda İdrisi də xatırla! O, çox düz danışan və bir peyğəmbər idi.
- Biz onu yüksək bir məqama ucaltdıq.
- Onlar Allahın nemət bəxş etdiyi peyğəmbərlərdən, Adəmin və Nuhla birlikdə (gəmidə) daşıdığımız kimsələrin nəslindən, İbrahimin və İsrailin nəslindən və seçib haqq yola yönəltdiyimiz kimsələrdəndirlər. Onlar Rəhman Allahın ayələri oxunduğu zaman səcdə edib ağlayanlardır.
- Amma onlardan sonra namazı dəyərdən salan, şəhvətə uyan övladlar gəldi. Tezliklə öz azğınlıqlarını(n cəzasını) görəcəklər.
- Ancaq (Allaha) tövbə edib iman gətirənlər və xeyirxahlıq edənlər istisnadır. Onlar Cənnətə daxil olacaq və heç bir haqsızlığa məruz qalmayacaqlar.
- Onlar Rəhman Allahın Öz qullarına vəd etdiyi və onların görmədikləri əbədi bağlara daxl olacaqlar. Onun vədi, mütləq, yerinə yetəcəkdir.
- Onlar orada boş və mənasız sözlər eşitməyəcəklər, “salam”dan başqa bir söz olmayacaq. Orada (Cənnətdə) səhər-axşam onların ruzisi olacaqdır.
- Qullarımızdan olan müttəqilər üçün miras verəcəyimiz Cənnət budur.
- (Vəhy bir müddət təxirə düşdükdən sonra Cəbrail Peyğəmbərə dedi:) “Biz yalnız sənin Rəbbinin əmri ilə enirik. Önümüzdə, arxamızda və onların arasında nə varsa, Ona məxsusdur. Rəbbin əsla unudan deyildir”.
—————————————————————————————-
- Vədinə sadiq İsmail: Əhli-beyt (ə) hədislərinə əsasən, bu ayədə adı çəkilən İsmail (ə) İbrahimin (ə) oğlu deyil, Allahın göndərdiyi peyğəmbərlərdən olan İsmail ibn Hizqildir. Bir gün İmam Rza (ə) səhabələrinin birindən soruşur: “İsmailin nə üçün “vədinə sadiq” adlandırılmasının səbəbini bilirsənmi?” Hədisin ravisi: “Xeyr”, – deyə cavab verdikdə İmam (ə) buyurur: “O, bir kişi ilə bir yerdə görüşməyi qərarlaşdırmışdı. (Həmin şəxs qərarlaşdırılan yerə gəlməmiş, ancaq) İsmail bir il həmin adamı gözləmişdi.”[24] Təbii ki, İsmail bütün iş-gücünü atıb həmin adamı gözləməmişdir. Öz həyatına davam etsə də həmin şəxsin gəlişini gözləmişdir[25].
- Təbliğata ailədən başlamağın zəruriliyi: Peyğəmbərliyin ilk təbliğat mərhələsi insana hər kəsdən yaxın olan ailədən başlayır. Bu səbəbdən də İslam peyğəmbəri (s) təbliğatına həyat yoldaşı Xədicə və əmisi oğlu Əli (ə) ilə başlamışdır. Daha sonra “Şuəra” surəsinin 214-cü ayəsində “yaxın qohumlarını qorxut” əmrinə əsasən yaxın qohumlarına çağırış etmişdir. “Taha” surəsinin 122-ci ayəsində belə buyurulduğunu görürük: “Ailəni namaza dəvət et, namazın yerinə yetirilməsində səbirli ol”[26].
- İdris (ə): Təfsirçilərin çoxunun yazdığına görə İdris (ə) Nuhun (ə) ata babası olmuşdur. Tövratda onun adı Əxnux kimi qeyd edilmişdir ki, onun da ərəbcə tərcüməsi İdrisdir. Bəziləri bu sözün kökünün “dərs” olduğunu qeyd etmişlər. Çünki o, qələmlə yazan ilk şəxs olmuşdur. İdris (ə) peyğəmbərliklə yanaşı astronomiya, hesab və astrologiya elmlərini də bilmişdir. O, insanlara paltar tikməyi öyrədən ilk şəxs olmuşdur[27].
- Dəbdəbəli həyata meyilliliyin pislənməsi: İmam Əli (ə) buyurmuşdur: “Nəfsi istəyinin dalınca düşən şəxs möhkəm bina tikdirən, insanların gözlərini qamaşdıran miniyə minən və barmaqla göstərilən paltar geyinən şəxsdir.”[28] Bu hədis ayənin məzmunun məhdudlaşdırmır, onun ən parlaq nümunəsini ehtiva edir.
- Sübh və şam vaxtı Cənnət sakinlərinə verilən qiymətli hədiyyələr: Allah rəsulu (ə) buyurmuşdur: “Cənnət sakinlərinə dünyada namaz qıldıqları vaxtlarla eyni vaxtda Allah tərəfindən qiymətli hədiyyələr bəxş edilir.” Bu hədisdən belə məlum olur ki, təsəvvürə gəlməyən, təxmin belə edilə bilməyən bu hədiyyələr Cənnətin spesifik nemətləri ilə yanaşı səhər və axşam vaxtları Cənnət sakinlərinə hədiyyə ediləcək çox qiymətli nemətlərdir. Bu deyilənlərdən Cənnət həyatının monoton olmayacağı qənaətinə gəlmək olar. Hər səhər-axşam Allah yeni lütfü ilə onları sevindirəcək. Onlar özlərinə bu dünyadakı pak etiqadları və saleh əməlləri ilə təmin etdikləri miniklə öz kamillik səfərlərini davam etdirəcəklər[29].
- Kafirlərin Cənnətdəki məskənlərinin varisləri: “Miras” insan öldükdən sonra onun başqasının mülkiyyətinə keçən malına deyilir. Hədislərinin birində Peyğəmbər (s) belə buyurmudşur: “İstisnasız olaraq hər kəsin Cənnətdə və Cəhənnəmdə bir yeri vardır. Kafirlər möminlərin Cəhənnəmdəki yerlərinə, möminlər isə kafirlərin Cənnətdəki yerlərinə sahib olurlar.”[30]
- Vəhy mələyi yalnız Allahın əmri ilə enir: Bu və sonrakı ayə ilə bağlı müxtəlif yozum və izahlar verilmişdir. Allah-taala 63-cü ayəni göndərdikdən sonra vəhy mələyi vasitəsilə Peyğəmbərə (s) bunları söyləməsini əmr etmişdir: De: “Bu sözləri mən özümdən demirəm, bunlar Allahın kəlamıdır, mən yalnız yerin və göylərin Rəbbi olan Allahın əmri ilə enirəm. Gərək ona ibadət edəsən. Çünki onun tayı-bərabəri və bənzəri yoxdur.” Ayə mələyə aid sözlər olması təəssüratı yaratsa da, əslində, Allahın ismarışıdır[31].
- O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Ona ibadət et və Ona ibadətdə səbirli ol! Heç Ona oxşarını tanıyırsanmı?!
- İnsan deyər: “Doğrudanmı mən öldükdən sonra (qəbirdən) diri çıxardılacağam?”
- Məgər insan bundan əvvəl heç bir şey deyilkən onu yaratdığımızı xatırlamırmı?
- Rəbbinə and olsun ki, onların hamısını şeytanlarla birlikdə bir yerə toplayacaq, sonra da diz üstə çökmüş halda Cəhənnəmin ətrafına yığacağıq.
- Sonra hər firqədən Rəhman Allaha ən çox asi olanı ayıracağıq.
- Odda yanmağa daha çox layiq olanları Biz daha yaxşı tanıyırıq.
- Hamı oraya daxil olacaqdır. Bu, Rəbbinin qəti bir əmridir.
- Sonra Biz müttəqiləri oradan xilas edəcək, zalımları isə orada diz üstə çökmüş halda tərk edəcəyik.
- Onlara açıq-aydın ayələrimiz oxunduğu zaman kafirlər möminlərə deyərlər: “Bu iki firqədən hansının məqamı daha yaxşı, məclisi daha gözəldir?”
- Biz onlardan əvvəl var-dövlət və zahiri görünüşcə onlardan daha üstün olan neçə-neçə qövmləri məhv etdik.
- De: “Qoy Rəhman Allah azğınlıqda olan şəxsə ilahi vədi; ya əzabı, ya da Qiyaməti öz gözləri ilə görənə qədər möhlət versin! (Həmin gün) kimin yerinin daha pis, kimin ordusunun daha zəif olduğunu biləcəklər”.
- Allah doğru yolda olanların doğruluğunu artırar. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab baxımından daha xeyirli, aqibətcə daha yaxşıdır.
—————————————————————————————–
- Kafirlərin şeytanlarla yoldaşlığı: Onlar dünyada imansızlıqları sayəsində şeytanların hakimiyyəti altına keçdikləri, buna görə də axirətdə öz rəhbərləri ilə çağırılacaqları üçün ayədə “onları şeytanlarla birlikdə bir yerə toplayacağıq”, – deyə buyurulmuşdur. “Əraf” surəsinin 27-ci ayəsində belə buyurulmuşdur: “Biz şeytanları iman gətirməyənlərin rəhbəri etdik.” Şeytanlar da dünyada onlarla oturub-durduqları üçün axirətdə onlarla birlikdə çağırılacaqlar. “Zuxruf” surəsinin 36-cı ayəsində belə buyurulmuşdur: “Hər kəs Allahı xatırlamaqdan üz çevirsə, hər zaman yaxınında olan Şeytanı ona düçar edərik”[32].
71-72. Hamı Cəhənnəmə daxil olacaq: Bu ayəni təfsir edərkən təfsirçilərin əksəriyyəti bildirmişdir ki, istisnasız olaraq bütün yaxşı və pis insanlar Cəhənnəmə daxil olacaqlar. Nəmrudun odu İbrahim (ə) üçün sərin olduğu kimi, Cəhənnəm də Cənnət sakinləri üçün sərin və əzabsız olacaq. Çünki odun onlarla heç bir əlaqəsi olmayacaq. Yalnız Cəhənnəm odu ilə uyğunluğu olan Cəhənnəm sakinləri alışqanan maddə kimi alovlanacaqlar. Bir nəfər Cabir ibn Abdullah Ənsaridən bu ayənin təfsiri haqqında soruşduqda Cabir iki barmağı ilə iki qulağına işarə edərək deyir: Bu qulaqlarımla Peyğəmbərdən (s) eşitdim. Əgər yalan desəm, kar olum. Peyğəmbər (s) buyurdu: “Daxil olmaq bu ayədə girmək mənasındadır. İstisnasız olaraq bütün yaxşı və pis əməlli insanlar Cəhənnəmə daxil olacaqlar. Od İbrahimə qarşı sərin olduğu kimi, Cəhənnəm möminlər üçün də sərin və əziyyətsiz olacaq. Nəhayət, Cəhənnəm soyuğun şiddətindən fəryad qoparacaq. Sonra Allah təqvalıları oradan çıxaracaq, zalımları isə xar şəkildə orada tərk edəcək.” Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: Qiyamət günü od imanlı şəxsə deyəcək: “Məndən tez ötüb keç ki, nurun alovumu söndürməsin.” Hədisdəki Cəhənnəmin üzərindən çəkilmiş tükdən nazik, qılıncdan iti olan Sirat körpüsü ifadəsi də bu yozumu təsdiq edir. Əsilndə, Cəhənnəmi və oradakı əzabları görmək Cənnət nemətlərinin ləzzətinin bir neçə dəfə artmasına səbəb olur. Belə ki, möminlər hansı təhlükəni adladıqlarının şahidi olacaqlar. Bundan əlavə onlar oddan elə sürətlə keçəcəklər ki, azacıq da olsa zərər görməyəcəklər. Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “İnsanların hamısı Cəhənnəm oduna daxil olacaq. Sonra oradan əməllərinə uyğun şəkildə çıxacaqlar; bəziləri ildırım sürətilə, bəziləri sürətlə əsən külək, bəziləri iti qaçan at, bəziləri adi süvari, bəziləri iti gedən piyada, bəziləri isə adi gedən piyada kimi çıxacaq”[33].
- Sərvətə görə lovğalanmaq: Bütün dövrlərdə olduğu kimi, o dövrün də cahil cəmiyyətinin dəyər meyarı qızıl-gümüş, pul, məqam, mövqe, vəzifə, zahiri görkəm olduğu üçün Nəzr ibn Haris kimi despot varlılar Peyğəmbərə (s) ilk iman gətirmiş vəfalı və yoxsul möminlərin yanında lovğalanaraq deyirdilər: Bizim şəxsiyyətimizi göstərən əlamət bizimlədir, ancaq sizin şəxsiyyətsizliyinizin əlaməti yoxsulluğunuz və məhrumiyyətinizdir. Bu da bizim haqq və doğru, sizin isə nahaq olduğunuzun br sübutudur. Hədislərdə var ki, bu zadəganlar ən gözəl paltarlarını geyinir, özlərini bəzəyir, Allah rəsulunun (s) səhabələrinin önünə düşür və onlara istehza ilə baxırdılar[34].
- Gizli əzab: Burada Quranın təbirincə tədrici əzab adlanan ilahi əzaba işarə edilmişdir. Bəzən Allah imansız və kafir insanları cəzalandırmaq üçün bol nemətə qərq edir, Allahı və Onun ayələrini tamamilə yadlarından çıxarmaları üçün möhlət verir, iman gətirmələri üçün heç bir ümid yeri qoymur. Bu insanlar dünya və axirətdə Allahın əzabını görmədən öz ixtiyarları ilə iman gətirmirlər. Əzabı gördükən sonra məcburi imanlarının isə heç bir faydası olmaz[35].
- Ayələrimizi inkar edib: “Mənə var-dövlət və övlad veriləcəkdir!”– deyən adamı gördünmü?
- Olmaya, o, qeybdən xəbərdar olub, yoxsa Allahdan vəd alıb?
- Əsla belə deyil! Biz tezliklə onun dediklərini yazacaq və əzabını davamlı edəcəyik.
- Onun söylədiyi şeylər (var-dövlət və övlad) Bizə qalacaq və o, hüzurumuza tək-tənha gələcəkdir.
- Onlar Allahdan başqa tanrılar qəbul etdilər ki, onları izzət sahibi etsinlər.
- Əsla! Tezliklə (məbudları) onların ibadətini inkar edəcək və onlara qarşı çıxacaqlar.
- Məgər kafirlərin üstünə onları təhrik etmələri üçün şeytanları göndərdiyimizi görmürsənmi?
- Odur ki, onlardan ötrü tələsmə. Biz onları (və əməllərini) diqqətlə sayırıq.
- O gün Biz müttəqiləri Rəhman Allahın hüzuruna hörmətli nümayəndələr kimi toplayarıq.
- Günahkarları isə Cəhənnəmə (susuz dəvə suya qaçan kimi) susamış halda qovarıq.
- Rəhman Allahdan əhd almış kəslərdən başqaları şəfaət etməyə qadir olmazlar.
- “Rəhman Allah Özünə övlad götürmüşdür!”– dedilər.
- Doğrusu, olduqca çirkin sözlər dediniz.
- Bu sözə görə az qaldı göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun –
- Rəhman Allaha övlad aid etdiklərinə görə.
- Rəhman Allaha övlad götürmək yaraşmaz.
- Göylərdə və yerdə olanların hamısı Onun qullarıdır.
- Allah onları hesablamış və diqqətlə saymışdır.
- Hamısı Qiyamət günü Onun hüzuruna tək-tənha gələcək.
————————————————————————————–
- Varlı olmağa görə qovulma: Bir neçə ayədə yuxarıda dünyapərəst kafirlərin möminlərin yanında lovğalanmasından söz açılmışdır. Ayələrin ümumi məzmunundan belə başa düşülür ki, inamı zəif olan möminlər, ya da iman gətirmək ərəfəsində olan insanlar kafirlərin təsiri altına düşür, varlı olmağın küfrlə, yoxsul olmağın isə imanla birbaşa əlaqəsinin olduğunu düşünərək kafir olurdular. Allah-taala bu ayələrdə təəccüb ifadə edən bir ahənglə, onların bu qənaətə hansı əsasla gəldiklərini, qeybdən xəbərdarmı olduqlarını, varlı olmaları ilə bağlı Allahdan əhdmi aldıqlarını soruşur. Sonra buyurur ki, Biz bütün var-dövləti onlardan alacaq, özlərini də hüzurumuza tək-tənha gətirəcək, küfrə bulaşmış inancları ilə tanıtdıracaq, çirkin inancına görə davamlı əzaba düçar edəcəyik[36].
- Qiyamət günü bütlərin öz ardıcıllarına qarşı durması: Bu ayədə “Fatir” surəsinin 13 və 14-cü ayələrinin ehtiva etdiyi məzmuna işarə edilmişdir. Həmin ayələrdə Allah-taala belə buyurmuşdur: “Ondan başqa çağırdıqlarınız… Qiyamət günü sizin şirkinizi inkar edəcəklər.” Habelə “Əhqaf” surəsinin 6-cı ayəsində belə buyurulmuşdur: “İnsanlar toplandıqları vaxt, bu məbudlar onların düşmənləri olacaqlar.” Əlbəttə, mələklər, şeytanlar, cinlər kimi şüurlu və ağıllı varlıqların vəziyyəti məlumdur. Cansız məbudlara gəlincə, ola bilsin ki, həmin gün Allahın əmri ilə dilə gələcək və onlara ibadət edənlərdən xoşlanmadıqlarını deyəcəklər. İmam Sadiqin (ə) bu ayə ilə bağlı olan hədisində belə buyurulmuşdur: “İbadət təkcə rüku və səcdədən ibarət deyil. İbadət (həm də) ona və buna itaətdən ibarətdir. Yaradana üsyan edərkən hər hansı yaranmışa itaət edən şəxs ona ibadət etmiş sayılır. (Onu müşrik və bütpərəstlərin aqibəti gözləyir.)”[37]
- Şeytanlar izzət, yoxsa bədbəxtlik səbəbidirlər: 81-ci ayədə buyurulur ki, müşriklər Allaha qoşduqları şəriklərin onları izzət sahibi edəcəyini düşündükləri üçün Allahdan qeyri varlıqlara ibadət edirdilər. Müşriklərin ibadət etdiyi məbudlar sırasında cinlər və şeytanlar da yer alırdı. Bu ayədə buyurulur ki, müşriklərin izzət və yüksəliş səbəbi hesab etdikləri şeytanlar onların bədbəxtlik səbəbidir. Çünki onları şər və fəsada təhrik edir, əbədi bədbəxtliyi onlara ərməğan edirlər[38]. Ümumiyyətlə, şeytanların insanlar üzərindəki hökmranlığı məcburi hökmranlıq deyil. Əslində, qəlbinə və ruhuna daxil olması üçün Şeytana insan özü icazə verir. “Nəhl” surəsinin 100-cü ayəsində belə buyurulmuşdur: “Onun hakimiyyəti yalnız onu özünə rəhbər seçən və Allaha şərik qoşanlar üzərindədir.”[39]
- Əhd və peyman şəfaətin şərtidir: Bu ayədə buyurulur ki, şəfaətçilərin şərtlərindən biri əhd sahibi olmalarıdır. Təfsirçilər “əhd” sözü ilə bağlı müxtəlif fikirlər irəli sürmüşlər. Əhli-beyt (ə) hədislərinə əsasən deyə bilərik ki, əhdin ən bariz nümunəsi İmam Əli (ə) və ondan sonrakı imamların rəhbərliyidir. Habelə Allahın tək olmasına, Mühəmmədin (s) peyğəmbərliyinə, vəhyə əsaslanan bütün məlumatların; Quran, qohumluq, öldükdən sonra dirilmə, Cənnət, Cəhənnəm, hesab-kitab, əməllərin düzgün ölçüləcəyinin haqq olduğuna şahidlik etmək, möminin qəlbini şad etmək, namazı bütün şərtləri ilə düzgün və tam qılmaq onun nümunələrindəndir[40].
- Göylərin parça-parça olması və yerin yarılması nə deməkdir? Bu cümlə Quran ifadələrinə əsasən xüsusi bir həyat, şüur və dərkə sahib olan kainatın (Ənam surəsi, 38-ci ayə; İsra surəsi, 44-cü ayə) pak və müqəddəs olan Allaha atılan bu iftiradan (Allahın övlad sahibi olması iftirasından) bərk qorxuya düşdüyünə işarə edir. Bu cümlə iftiranın çox çirkin olduğunu ifadə etmək üçün obrazlı şəkildə deyilmiş bir cümlə də ola bilər. Bəzən elə biz də hər hansı xoşagəlməz bir hadisə ilə qarşılaşdıqda belə deyirik: “Sanki yer-göy uçub başıma töküldü”[41].
- İman gətirib yaxşı işlər görənlərə qarşı Rəhman Allah şübhəsiz ki, qəlblərdə bir sevgi yaradacaq.
- Biz onu (Quranı) sənin dilinlə asanlaşdırdıq ki, onunla müttəqilərə müjdə verəsən və inadkar düşmənləri qorxudasan.
- Biz onlardan əvvəl neçə-neçə qövmü məhv etdik. Heç onlardan hansınısa hiss edir və yaxud onlardan az da olsa, səs eşidirsənmi?
[1] Nümunə, c.13, səh.3
[2] Nümunə, c.13, səh.6
[3] Nümunə, c.13, səh.14
[4] Əl-Mizan. C.14, səh.15
[5] Nümunə, c.13, səh.17
[6] Əl-Mizan. C.14, səh.15; Ətyəbül-bəyan, c.8, səh.420
[7] Əl-Mizan, c.14, səh.18
[8] Əl-Mizan, c.14, səh.18
[9] Nümunə, c.13, səh.27
[10] Nümunə, c.13, səh.36
[11] Nümunə, c.13, səh.44
[12] Nümunə, c.13, səh.46
[13] Nümunə, c.13, səh.45
[14] Nümunə, c.13, səh.51
[15] Əl-Mizan, c.14, səh.46; Nümunə, c.13, səh.69
[16] Kafi, c.3, səh.264
[17] Əl-Mizan, c.14 ,səh.46; Nümunə, c.13, səh.69
[18] Əl-Mizan, c.14, səh.54
[19] Əl-Mizan, c.14, səh.56
[20] Nümunə, c.13, səh.78
[21] Nümunə, c.13, səh.84
[22] Əl-Mizan, c.14, səh.59
[23] Əl-Mizan, c.14, səh.59
[24] Əl-Mizan, c.14, səh.64
[25] Nümunə, c.13, səh.95
[26] Nümunə, c.13, səh.96
[27] Nümunə, c.13, səh.102
[28] Əl-Mizan, c.14, səh.80
[29] Nümunə, c.13, səh.107
[30] Nümunə, c.13, səh.108
[31] Əl-Mizan, c.14, səh.81
[32] Əl-Mizan, c.14, səh.87
[33] Nümunə, c.13, səh.118
[34] Nümunə, c.13, səh.122
[35] Nümunə, c.13, səh.124
[36] Əl-Mizan, c.14, səh.104
[37] Nümunə, c.13, səh.129
[38] Əl-Mizan, c.14, səh.107
[39] Nümunə, c.13, səh.132
[40] Təfsiri-mövzui, c.5, səh.123
[41] Nümunə, c.13, səh.142