“Mumtəhinə” surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

  1. Ey iman gətirənlər! Mənim düşmənimi də, öz düşməninizi də özünüzə dost tutmayın! Onlar Haqq tərəfindən sizə gələni inkar etdikləri halda, siz onlara mehribanlıq göstərirsiniz. Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi şəhərinizidən, yurdunuzdan qovub çıxardırlar. Əgər siz Mənim yolumda və Mənim razılığımı qazanmaq üçün hicrət etmisinizsə (onlarla dostluq etməyin). Onlarla gizlində dostluq edirsiniz. Halbuki Mən sizin gizli saxladığınızı da, aşkar etdiyinizi də hər kəsdən yaxşı bilirəm. Sizlərdən bu işi kim tutsa, doğru yoldan sapmış olar.
  2. Əgər onlar sizi ələ keçirsələr, sizə düşmən kəsilər, əlləri və dilləri ilə sizə pislik edər və sizin küfrə dönməyinizi istəyərlər.
  3. Qohumlarınız və övladlarınız sizə Qiyamət günü heç bir fayda verməyəcək, aranıza ayrılıq salacaq. Allah nə etdiklərinizi görür.
  4. İbrahim və onunla birlikdə olanların həyatında sizin üçün gözəl bir örnək vardır. Onlar öz qövmlərinə dedilər: “Biz sizdən və Allahdan başqa tapındığınız şeylərdən uzağıq. Biz sizdən imtina edirik. Siz bir olan Allaha iman gətirənə qədər bizimlə sizin aranızda daim ədavət və nifrət olacaqdır!” Yalnız İbrahimin öz atasına (əmisi Azərə): “Mən sənin üçün bağışlanma diləyəcəyəm. Fəqət, Allaha qarşı sənin üçün heç bir ixtiyar sahibi deyiləm!” – deməsi istisnadır. (Onlar dedilər): “Ey Rəbbimiz! Biz Sənə təvəkkül etdik və Sənə doğru qayıtdıq. Bütün sonlar Sənə doğrudur.
  5. Ey Rəbbimiz! Bizi kafirlərin azmasına vasitə etmə. Ey Rəbbimiz, bizi bağışla. Sən qüdrətlisən, müdriksən!”

————————————————————————————–

“Mumtəhinə” surəsinin ümumi məzmunu: Bu surəni məzmun etibarı ilə iki hissəyə bölmək olar: 1. Allaha görə dostluq və düşmənçilik, müşriklərlə dostluğun qadağan edilməsi. 2. Hicrət etmiş qadınlar, onların yoxlanılması və bu mövzuya aid hökmlər.[1]

1-3. Allahın düşmənləri və öz düşmənlərinizlə dostluq etməyin: Bu ayələrin nazilolma səbəbi: Hatib ibn Əbu Bəltəə adlı bir nəfər İslamı qəbul etdikdən sonra Mədinəyə hicrət edir, ancaq ailəsi Məkkədə qalır. Həmin ərəfədə Peyğəmbərin (s) hücum edəcəyindən ehtiyatlanan qüreyşlilər Hatibin arvadının yanına gedib ondan ərinə məktub yazmasını, Mühəmmədin Məkkəyə hücum edib-etməməsini öyrənməsini istəyirlər. Məktub yazıb Hatibə göndərir və bu haqda maraqlanırlar. Hatib onlara Peyğəmbərin (s) belə bir fikirdə olduğunu yazıb məktubu Səfiyyə adlı bir qadına verir. Qadın məktubu saçlarının arasında gizlədib yola düşür. Cəbrail nazil olub Peyğəmbəri (s) bu hadisədən xəbərdar edir. Peyğəmbər (s) Əli (ə) və Zübeyr ibn Əvamı həmin qadının ardınca göndərir. Onlar həmin qadına çatdıqda İmam Əli (ə) məktubu harada gizlətdiyini soruşur. Qadın deyir: Məndə heç nə yoxdur. Məktub haqqında onu sorğu-suala çəksələr də, heç bir şey hasil olmur. Zübeyr deyir: Onda heç nə yoxdur. İmam Əli (ə) buyurur: “And olsun Allaha, Peyğəmbər (s) yalan deməyib, Cəbrailin adından heç nə uydurmayıb, Cəbrail də Allahın adından yalan danışmayıb. And olsun Allaha, ya məktubun yerini söyləyirsən, ya da başını Peyğəmbərə (s) aparıram”. Qadın deyir: “Onda məndən aralanın ki, onu çıxarım”. Məktubu saçlarının arasından çıxarır. İmam Əli (ə) məktubu alıb Peyğəmbərə (s) aparır. Peyğəmbər (s) buyurur: “Ey Hatib, bu nədir?” Hatib: “Ey Allahın rəsulu! And olsun Allaha, mən ikiüzlülük etmədim, dini və əhd-peymanımı dəyişmədim. Mən Allahdan başqa bir tanrı olmadığına və sənin peyğəmbərliyinə şahidlik edirəm. Ancaq ailəm mənə qüreyşlilərin onlarla yaxşı davrandıqlarını yazdı. Mən də onların bu davranışlarına qarşılıq olaraq onlara hədiyyə etmək istədim”. Bununla əlaqədar olaraq Allah-taala bu ayələri nazil etmişdir.[2]

  1. İbrahim hamınız üçün bir örnəkdir: Allah Quranın bir çox yerində öz təlimatlarını təkmilləşdirməkdən ötrü insanlıq tarixində mövcud olmuş böyük örnəklərdən sitatlar gətirir. “Mumtəhinə” surəsində də Allahın düşmənləri ilə dostluq edilməsi kəskin şəkildə qadağan edildikdən sonra bütün xalqlar, xüsusilə ərəblər üçün örnək hesab edilən İbrahim (ə) və onun proqramından söz açılmışdır. O, bütün həyatı başdan-başa Allaha bəndəlik, Allah yolunda cihad və Ona qarşı sevgi dərsi olmuş böyük bir peyğəmbərdir. “Onunla birlikdə olanlar” deyilərkən onun ətrafında olan azsaylı səhabələri nəzərdə tutulur. Tarixi mənbələrin də yazdığına görə İbarhimin (ə) Babildəki möcüzələrini gördükdən sonra bir qrup insan ona iman gətirmiş, Şama hicrət edərkən onu müşayiət etmişdir. Bu isə onun vəfalı dostlarının olduğundan xəbər verir.[3] Böyük örnəklər həyatları boyu insanların tərbiyə olunmasında mühüm rol oynamışlar. Buna görə də peyğəmbərlər və məsum imamlar həqiqət yolunun ən mühüm qollarını insanlara öz əməlləri ilə göstərmişlər. Sünnə məsumların sözü, əməli və təsdiqindən ibarətdir. Yəni məsum öndərlərin sözləri, əməlləri və sükutları istiqamətləndiricidir. Buna görə də həyatın bütün sahələrində örnək ola bilmələri üçün peyğəmbərlər və imamların hamısının məsum olması şərtdir. İmam Sadiqin (ə) hədisində də qeyd edildiyi kimi, insanların dillə deyil, əməl vasitəsilə dəvət edilməsi şüarı da bu cəhəti təsdiq edir. Bütün həqiqi müsəlmanlar öz növbələrində başlarına örnək olmalı, öz əməlləri ilə İslamı bütün dünyaya tanıtdırmalıdırlar. Əgər belə olsaydı, İslam bütün dünyaya hakim olardı.[4]
  2. Onların həyatında sizin üçün – Allaha və axirət gününə ümid bəsləyənlər üçün gözəl nümunə vardır. Kim üz döndərsə, (özünə ziyan vurub, çünki) Allah ehtiyacsızdır, tərifəlayiqdir.
  3. Ümid var ki, Allah sizinlə ədavət bəslədiyiniz (müşrik) kimsələr arasında (İslam vasitəsilə) dostluq yaratsın. Allah qadirdir. Allah bağışlayandır, rəhmlidir.
  4. Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla ədalətlə davranmanızı sizə qadağan etmir. Allah ədalətli olanları sevir.
  5. Allah sizə ancaq sizinlə din uğrunda vuruşan, sizi evlərinizdən qovub çıxardan və çıxarılmanıza kömək edən kim­­sələrlə dostluq etmənizi qadağan edir. Onlarla dostluq edənlər zalımlardır.
  6. Ey iman gətirənlər! Mömin qadınlar hicrət edib sizin yanınıza gəldikləri zaman onları sınaqdan keçirin. Allah onların imanına daha yaxşı bələddir. Əgər mömin olduqlarını görsəniz, onları kafirlərə qaytarmayın. Nə bunlar kafirlərə halaldır, nə də kafirlər bunlara halaldırlar. Həyat yoldaşlarının (evlənərkən mehriyyə olaraq) bunlara xərclədiklərini özlərinə qaytarın. Həmin qadınların mehriyyələrini onların özlərinə verdiyiniz təqdirdə onlarla evlənməyinizdə sizə heç bir günah yoxdur. Kafir zövcələrinizi öz kəbninizdə saxlamayın, ödədiyiniz mehriyyələri də onlardan tələb etməyə haqqınız var. Onların da (ayrılmış zövcələrindən) ödədikləri mehriyyəni sizdən tələb etməyə haqları var. Allahın hökmü budur. O, sizin aranızda hökm verir. Allah biləndir, müdrikdir.
  7. Əgər zövcələrinizdən hər hansı biri sizi qoyub kafirlərin yanına getsə və siz də döyüşdə kafirlərə qalib gəlsəniz, (ələ keçirdiyiniz qənimətdən) zövcələri çıxıb getmiş şəxslərə onların ödədikləri mehriyyə qədər verin. İman gətirdiyiniz Allahdan qorxun!

—————————————————————————————–

  1. Bir qrup müsəlmana sevgilərinin boş qalan yerini doldurmaq müjdəsi: Bu ayədə Allaha xatir sevgi və nifrət, müşriklərlə olan əlaqənin kəsilməsindən bəhs edən ayələrin mövzusu davam etdirilir. Qeyd olunan əlaqələrin kəsilməsi bir qrup müsəlmanda sevgi boşluğu yaradırdı. Ancaq buna baxmayaraq, həqiqi möminlər və Allah rəsulunun dostları bu yolda qətiyyət nümayiş etdirirdilər. Allah-taala onları mükafatlandırmaq və çatışmazlıqlarını aradan qaldırmaqdan ötrü onlara müjdə verir, qəm yeməmələrini, vəziyyətin heç də belə davam etməyəcəyini xəbər verir. Bu müjdə nəhayət, reallaşır. Hicrətin səkkizinci ili yetişir, Məkkə fəth edilir, Məkkə əhalisi dəstə-dəstə İslamı qəbul edir, qara düşmənçilik buludları onların həyat səmasından çəkilir, iman günəşi dostluq və sevgi istisi ilə şəfəq saçır.[5]

8-9. Döyüşməyən kafirlərlə yaxşı münasibət: Bu ayələrə əsasən qeyri-müsəlmanlar iki qrupa bölünürlər: 1. İslam və müsəlmanlara qarşı olan ədavət və düşmənçiliklərini söz və əməlləri ilə büruzə verən qrup. Müsəlmanlar onlarla istənilən formada dostluq və əlaqə qurmaqdan çəkinməlidirlər. 2. Kafir və müşrik olduqlarına baxmayaraq müsəlmanlarla işləri olmayan qrup. Hətta onlardan elələri də var idi ki, müsəlmanlarla düşmənçilik etməmək haqqında saziş bağlamışdılar. Bu qrupa yaxşılıq etməyin, onlara qarşı xoş münasibət bəsləməyin heç bir maneçiliyi yox idi, onlarla hər hansı müqavilə bağlandıqda ona əməl etmək və ədalətli olmaq vacib idi. Bu ayələrdən müsəlmanların kafirlərlə davranış formasını ehtiva edən ümumi bir qanun əldə edilir. O da bundan ibarətdir ki, müsəlmanlar düşmən mövqeyində olan istənilən qruplar, cəmiyyət və ölkələr qarşısında sərt mövqe sərgiləməli, bütün dostluq əlaqələrini kəsməlidirlər. Ancaq müsəlmanlar, kafir olduqları halda, İslama və müsəlmanlara qarşı bitərəf mövqedə dayanan və ya müsəlmanlara meyilli olan qruplarla dostluq əlaqəsi yarada bilərlər. Ancaq yenə də bu əlaqələr müsəlman qardaşlarla olan əlaqə səviyyəsində, onların müsəlmanlara nüfuz edəcəyi həddə olmamalıdır.[6]

10-11. Müsəlman və kafirlərin ziyanlarının aradan qaldırılması: Bu ayələrin nazilolma səbəbi haqqında belə qeyd etmişlər: Peyğəmbər Hüdeybiyyədə Məkkə müşrikləri ilə bir müqavilə imzalayır. Müqavilənin şərtlərindən biri belə idi ki, Məkkə əhalisindən müsəlmanlara kim qoşulsa, müsəlmanlar onu geri qaytarmalıdırlar. Ancaq müsəlmanlardan kimsə İslamı tərk edib Məkkə müşriklərinə qoşulsa, onu geri qaytarmaya bilərlər. Bu vaxt Səbiə adlı bir xanım İslamı qəbul edir və elə Hüdeybiyyədə müsəlmanlara qoşulur. Həmin qadının həyat yoldaşı Peyğəmbərin (s) yanına gəlib deyir: Ey Mühəmməd, həyat yoldaşımı geri qaytar. Çünki müqavilənin şərtlərindən biridir, hələ heç müqavilənin mürəkkəbi qurumayıb. Bu surənin 10-cu ayəsi nazil olur və mühacir qadınların imtahan edilməsi göstərişi verilir. İbn Abbasa istinad edilən bir hədisdə deyilir: İmtahanları da bundan ibarət idi ki, onlar and içib hicrətlərinin həyat yoldaşına qarşı kin-küdurət, yeni əraziləri görmək marağından və ya digər dünyəvi məqsədlərdən ötrü olmadığını deməli idilər. Həmin qadın da and içib həmin sözləri deyir. Bu zaman Peyğəmbər (s) həmin qadının mehriyyəsini onun ərinə ödəyir, ehtimal edilən xərci ödəyib buyurur: Bu müqavilədəki maddə təkcə kişilərə aiddir, qadınlara yox. Bununla da həmin müsəlman qadının kafir diyarına göndərilməsinin qarşısını alır. Bu ayəyə əsasən belə hallarda İslam hökuməti kafir ərin müsəlman həyat yoldaşına ödədiyi mehriyyənin əvəzi beytül-maldan qaytarmağa borcludur. Eyni zamanda müsəlman həyat yoldaşını tərk edib kafir olaraq küfr diyarına gedən qadının mehriyyəsi də kafirlərdən tələb edilməlidir. 11-ci ayədə buyurulur ki, əgər kafirlər bu işdən boyun qaçırsalar, həyat yoldaşları kafir olub kafirlərin yanına qaçmış kişilərin hüquqlarının pozulmaması üçün əldə eidlən qənimətlərdən öncə həmin kişilərin haqqı ödənilsin, yalnız bundan sonra bölgü aparılsın. İslamın nə malın, nə də canın heç bir qiyməti olmadığı bir mühitdə insanların hüquqlarının qorunmasına, hətta təkcə dostlar deyil, düşmənlərin də haqlarının qaytarılmasına bu qədər səy göstərilməsi kimi hökmləri Peyğəmbərin (s) dəvətinin haqq olduğunu göstərən əlamətlərdəndir.[7]

 

 

  1. Ey Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqlarına, oğurluq və zina etməyəcəklərinə, uşaqlarını öldürməyəcəklərinə, qarşılarındakı ilə bağlı böhtan və iftira atmayacaqlarına (ərlərindən olmayan uşaqlarını onlara isnad etməyəcəklərinə) və heç bir yaxşı işdə sənə qarşı çıxmayacaqlarına dair sənə beyət etmək üçün yanına gəldikləri zaman onların beyətini qəbul et və Allahdan onlar üçün bağışlanma dilə. Allah bağışlayandır, rəhmlidir.
  2. Ey iman gətirənlər! Allahın qəzəbinə gəlmiş adamlarla dostluq etməyin. Kafirlər qəbirdəkilərin (bir daha) diriləcəyinə inanmadıqları kimi axirət gününə də ümid etmirlər.

 

[1] Nümunə, c.24, səh.5

[2] Əl-Mizan, c.19, səh.244

[3] Nümunə, c.24, səh.17

[4] Nümunə, c.24, səh.24

[5] Nümunə, c.24, səh.29

[6] Nümunə, c.24, səh.31

[7] Nümunə, c.24, səh.35