Mursəlat” surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

  1. And olsun dalbadal göndərilən mələklərə
  2. və iti külək kimi hərəkət edənlərə!
  3. And olsun (buludları) yayanlara,
  4. ayıranlara!
  5. And olsun ayıldıcı ayələri çatdıranlara –
  6. son xəbərdarlığı etmək və ya qorxutmaq üçün.
  7. Sizə (Qiyamət barədə) vəd edilən şey, mütləq, vaqe olacaqdır.
  8. Ulduzlar sönəcəyi zaman;
  9. Göy yarılacağı (planetlər bir-birindən uzaqlaşacağı) zaman;
  10. Dağlar yerindən qopduğu zaman;
  11. Peyğəmbərlərə (şahidlik etmək üçün) vaxt təyin olunacağı zaman –
  12. (deyiləcəkdir): “Verilmiş möhlət hansı günə qədərdir?”
  13. (Deyiləcəkdir): “(Haqqın batildən) ayırd ediləcəyi günədək!”
  14. Ayırd etmə gününün nə olduğunu sən haradan biləsən?
  15. Yalan sayanların o gün vay halına!
  16. Biz (günah edən) ilk nəsilləri həlak etmədikmi?!
  17. Sonra başqalarını da onların dalınca göndəririk.
  18. Biz günah sahibləri ilə belə davranırıq.
  19. Yalan sayanların o gün vay halına!

———————————————————————————-

“Mursəlat” surəsinin ümumi məzmunu: Bu surədə daha çox Qiyamət və onu inkar edənlərin, yalan sayanların təhdid edilməsinə, qorxudulmasına aid məsələlər yer almışdır.[1]

1-6. And: Çox mühüm məsələlərdən xəbər verən bu andlarla bağlı üç yozum irəli sürülmüşdür: 1. Bu beş and vasitəsilə təbiətin bir çox hadisələrində mühüm rol oynayan küləklərə işarə edilmişdir. Buna görə ayələrin mənası belə olur: And olsun bir-birinin dalınca əsən küləklərə, and olsun şiddətlə əsən tufanlara, and olsun buludları yayan və onlardakı yağış damcılarını quru torpağa yollayan küləklərə, and olsun yağış yağdıqdan sonra buludları dağıdan küləklərə, and olsun bu nizam-intizamla Allahı xatıladan küləklərə. 2. Bu andlarla mələklərə işarə edilmişdir. Ayələrin mənası belədir: And olsun peyğəmbərlərə dalbadal göndərilən mələklərə, and olsun öz vəzifələrini icra etmək üçün tufan kimi sürətlə hərəkət edənlərə, and olsun səmavi kitabların ayələrini peyğəmbərlərin qarşısında açıb yayanlara, bu vasitə ilə haqqı batildən ayıranlara, Allahın zikrini və əmrlərini peyğəmbərlərə endirənlərə. 3. Birinci və ikinci andda küləklər və tufanlar, üç, dörd və beşinci andda Allahın ayələrinin mələklər tərəfindən yayılması, haqqın batildən ayırd edilməsi, son xəbərdarlıq və qorxutmaq məqsədilə Allahın əmrlərinin peyğəmbərlərə çatdırılması nəzərdə tutulmuşdur. Üçüncü təfsir bir çox cəhətlərdən daha uyğun görünür.[2]

11-13. Peyğəmbərlər üçün vaxt təyin edilməsi: Qiyamət haqqında məlumat verildikdən sonra bu ayədə deyilir: O vaxt növbə ilə gəlib öz ümmətlərinə şahildik etmələri üçün peyğəmbərlərə vaxt təyin ediləcək. “Əraf” surəsinin 6-cı ayəsində belə buyurulmuşdur: “Biz həm özlərinə peyğəmbər göndərilmiş şəxslərdən soruşacağıq, həm də peyğəmbərlərin özlərindən.” 12-ci ayədə Allah-taala belə buyurur: “Şahidlik etmələri üçün peyğəmbərlərə verilmiş möhlət hansı günə qədər təxirə salınıb?” Ardınca belə cavab verilir: “(Haqqın batildən) ayırd ediləcəyi günədək!” Həmin gün haqqın batildən, möminlərin kafirlərdən, əməlisalehlərin pis əməl sahiblərindən ayırd edildiyi, Allahın hər kəs haqqında hökm verəcəyi gündür. Bu sual-cavab həmin günün böyüklüyünü göstərmək üçündür. “(Haqqın batildən) ayırd ediləcəyi gün!” həmin gün haqqında söylənmiş çox dərin məzmunlu bir ifadədir.[3]

  1. Yalan hesab edənlərin vay halına: “Vay” sözü insanlar həlak olduqda, əzab və bədbəxtliyə düçar olduqları vaxt deyilir. Bəziləri onun əzab sözündən daha ağır məna daşıdığını bildirmişlər. Bəziləri “Vay”ın Cəhənnəmdə bir quyu və ya dərə adı olduğunu, burada onun leksik mənası deyil, real nümunəsinin nəzərdə tutulduğunu qeyd etmişlər. Quranda bu sözə çox yerdə, o cümlədən kafirlər, müşriklər, yalançılar, yalan hesab edənlər, günahkarlar, çəkidə aldadanlar, qafil namazqılanlar haqqında işləndiyinə rast gəlinir. Ancaq Quranda bu söz daha çox yalan hesab edənlər haqqında işlədilmişdir. O, sözü gedən surədə on dəfə təkrar edilmişdir.[4]
  2. Məgər Biz sizi dəyərsiz bir sudan (nütfədən) xəlq etmədikmi?
  3. Sonra onu etibarlı və hazır bir yerdə yerləşdirmədikmi –
  4. məlum bir vaxta kimi?
  5. Biz buna qadir olduq. Deməli Biz yaxşı qüdrət sahibiyik (və ölüləri dirildib hüzurumuza gətirmək Bizə asandır)!
  6. Yalan sayanların o gün vay halına!
  7. Məgər Biz yeri insanların toplaşdığı mərkəz etmədik –
  8. həm diri olduqları, həm də ölü olduqları vaxt?
  9. Orada möhkəm və uca dağlar yaratdıq və sizə şirin sulardan içirtdik
  10. Yalan sayanların o gün vay halına!
  11. (O gün onlara belə deyiləcək): “Dərhal gedin yalan hesab etdiyinizə (Cəhənnəmə) doğru!
  12. Üç qola ayrılan (boğucu və yandırıcı) kölgəyə tərəf gedin!”
  13. O kölgə nə rahatlıq gətirir, nə də alovdan qoruyur.
  14. Hər biri hündür imarət həcmində olan qığılcımlar püskürür.
  15. Onlar sanki sarı dəvələrdir.
  16. Yalan sayanların o gün vay halına!
  17. Bu, (günahkarların) danışa bilməyəcəkləri (və özlərini müdafiə edə bilməyəcəkləri) bir gündür.
  18. Onlara üzrxahlıq etmək üçün izn verilməyəcəkdir.
  19. Yalan sayanların o gün vay halına!
  20. (Onlara deyiləcək:) Bu gün həm sizi, həm də əvvəlkiləri topladığımız (haqqı batildən) ayırd etmə günüdür!
  21. Əgər qarşımdan qaçmağa bir çarəniz varsa, həyata keçirin!
  22. Yalan sayanların o gün vay halına!
  23. (Həmin gün) müttəqilər kölgəliklərdə, çeşmələr başında
  24. və istədikləri meyvələrin arasında olacaqlar.
  25. (Onlara deyiləcək): “Nuşcanlıqla yeyin-için. Bunlar etdiyiniz əməllərin qarşılığıdır!
  26. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!”
  27. Yalan sayanların o gün vay halına!
  28. (Günahkarlara de:) “Yeyin və bu az müddətdə (dünya həyatından) ləzzət alın (ancaq bilin ki, Allahın əzabı sizi gözləyir)! Çünki siz günahkarlarsınız!
  29. Yalan sayanların o gün vay halına!
  30. Onlara: “Rüku edin!” – deyildiyi zaman rüku etməzlər.
  31. Yalan sayanların o gün vay halına!
  32. (Əgər onlar bu Qurana inanmırlarsa,) ondan sonra hansı sözə inanacaqlar?

————————————————————————————–

  1. Yer insanların toplaşdığı mərkəzdir: Yer bütün insanların toplaşdığı məkandır: diriləri üzərində cəm edib bütün ehtiyaclarını təmin edir, özündə ölülərə də yer verir. Təsəvvür edin, əgər yer ölülərin dəfn edilməsi üçün əlverişli olmasaydı, onlardan yaranan xəstəliklər bütün canlı aləmi üçün faciə yaradardı. Yer övladlarını ətrafına toplayıb qanadları altına alan bir ana kimi, insanları öz üzərində toplayır, qidalandırır, paltarla təmin edir, yaşamaları üçün yer verir, ehtiyacalrını ödəyir, ölənlərini bağrına basır, pis təsirlərini məhv edir. Möminlərin əmiri İmam Əli (ə) Siffeyn müharibəsindən Kufəyə qayıdarkən Kufə yaxınlığına çatanda Kufə darvazasından kənarda olan qəbristanlığa nəzər salıb buyurmuşdur: “Bu, ölülərin toplaşdığı məkandır”. Sonra isə üzünü Kufəyə tərəf tutaraq: “Bu da dirilərin toplaşdığı məkandır”, – deyə buyurmuşdur. Ardınca sözü gedən ayəni oxumuş, həyat ilə ölüm mənzili arasında çox az məsafə olmasına işarə etmişdir.[5]

30-33. İmarət kimi qığılcımlar: 29-cu ayədə Qiyamət günü məadı inkar edənlərə hər zaman inkar etdikləri Cəhənnəmə doğru hərəkət etmələri əmrinin veriləcəyi buyurulmuşdur. Bu ayələrdə onların çəkəcəkləri əzab haqqında bir qədər izah verilmişdir. “Üç qola ayrılmış kölgə” deyilərkən üç boğucu tüstü nəzərdə tuutulmuşdur: yuxarıdan, sağdan və soldan gələn tüstü. Həmin qatı tüstü onları hər tərəfdən əhatə edərək öz kamına alacaq. 32-ci ayədə Cəhənnəmin yandırıcı odu ilə bağlı başqa bir izah verilmişdir: Hər biri hündür imarət həcmində olan qığılcımlar püskürür. Yəni oranın odunun qığılcımı bu dünyadakı odun iynə ucu boyda olan qığılcımı boyda deyil, daha böyük olacaq. Burada “imarət” ifadəsi ilə daha dərin məna nəzərdə tutulmuşdur. Əslində, burada “dağ boyda qığılcım” da deyilə bilərdi. Ancaq unutmaq olmaz ki, elə bu surənin 27-ci ayəsində dağlar xeyir və bərəkət, şirin su mənbəyi kimi təqdim edilmişdir. Ancaq imarətlər, saraylar, qəsrlər qığılcım saçan yandırıcı odun şölələrinin mənbəyidir. Buna görə də günahkarlar o dünyada imarətləri boyda olan qığılcımlar içində yanmalıdırlar. 33-cü ayədə həmin qığılcımlar haqqında başqa bir ifadə işlədilmişdir: Onlar sanki sarı dəvələrdir.” Əvvəlki ayədə bu qığılcımlar imarətlərə həcm baxımından bənzədildiyi halda, burada çoxluq, rəng, hərəkət, hər tərəfə yayılma baxımından ətrafa səpələnmiş dəvə sürüsünə bənzədilmişdir. Qığılcımları bu cür olan bir odun özü haqqında danışmağa isə artıq lüzum qalmır.[6]

35-36. Yalan hesab edənlərin danışmayacağı gün: Qiyamət elə bir gündür ki, onu yalan hesab edənlərə nə danışmağa, nə üzr istəməyə, nə də özlərini müdafiə etməyə icazə veriləcək. Çünki bütün həqiqətlər ortada olacaq, deməyə heç nə qalmayacaq.[7] Soruşula bilər ki, dillərin danışa bilməməsinə Qiyamətin böyük qorxusu səbəb olacaq, ya onların üzr istəməyə, deməyə və danışmağa sözləri olmayacaq? Yoxsa Allahın hökmü ilə dil öz funklsiyasını itirəcək, əvəzinə bədən üzvləri şahidlik edəcək? Üçüncü təfsir daha münasib görünsə də, ayədə hər üç təfsirin nəzərdə tutula biləcəyini söyləyə bilərik.[8] İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “Allah əsaslı üzrü olan bəndəsinin üzr istəməsinə icazə verməməkdən daha uca, daha böyük, daha ədalətlidir. Əslində, onların ümumiyyətlə, istəməyə üzrləri olmayacaq.”[9]

 

 

[1] Nümunə, c.25, səh.391

[2] Nümunə, c.25, səh.397

[3] Nümunə, c.25, səh.401

[4] Nümunə, c.25, səh.402

[5] Nümunə ,c.25, səh.411

[6] Nümunə, c.25, səh.417

[7] Nümunə, c.25, səh.421

[8] Pəyame-Quran, c.5, səh.110

[9] Nümunə, c.25, səh.421