Muzzəmmil” surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

  1. Ey paltara bürünmüş!
  2. Gecəni – az bir hissəsi istisna olmaqla – dur!
  3. Gecənin yarısını, yaxud ondan bir az əskilt,
  4. və ya onun yarısına artır. Quranı diqqətlə və düşünərək oxu!
  5. Biz tezliklə sənə ağır bir söz vəhy edəcəyik.
  6. Sözsüz ki, gecənin namazı və ibadəti sabit və möhkəmdir (mənəvi təsirləri sabit və davamlıdır).
  7. Gündüz sənin uzun-uzadı və davamlı işlərın olacaq.
  8. Rəbbinin adını yad et və qəlbini yalnız Ona bağla!
  9. O, gündoğanın və günbatanın Rəbbidir. Ondan başqa məbud yoxdur. Onu özünə mühafizəçi və vəkil seç!
  10. (Düşmənlərin) dediklərinə səbir et və onlardan xoşluqla uzaqlaş.
  11. Məni, yalan sayan var-dövlət sahibləri ilə tək burax və onlara bir az möhlət ver.
  12. Bizdə (onlar üçün) buxovlar, zəncirlər və Cəhənnəm hazırlanmışdır,
  13. boğazda tıxanıb keçməyən yemək və ağrılı-acılı bir əzab da (vardır).
  14. O gün yer və dağlar şiddətlə titrəyəcək, dağlar yumşaq qum topalarına dönəcəkdir.
  15. Biz Firona elçi göndərdiyimiz kimi sizə də şahidlik edəcək elçi göndərdik.
  16. Firon elçiyə asi oldu. Biz də onu şiddətli bir əzabla yaxaladıq.
  17. Əgər küfr etsəniz, uşaqları qocaldacaq gündə özünüzü (əzabdan) necə xilas edəcəksiniz?!
  18. Göy parçalanacaq. (Allahın) vədi mütləq yerinə yetəcəkdir.
  19. Bu, bir xatırlatmadır. Kim istəsə, Rəbbinə tərəf yönələr.

—————————————————————————————

“Muzzəmmil” surəsinin ümumi məzmunu: Bu surə məzmun etibarı ilə beş hissədən ibarətdir: 1. Peyğəmbərin (s) peyğəmbərliyin ağır proqramını qəbul etməyə hazırlaşmaq üçün gecəni oyaq qalmağa və Quran oxumağa dəvət edilməsi. 2. O həzrətin (s) xüsusən bu zaman kəsimində müxaliflərə qarşı səbirli və dözümlü olmağa çağırılması. 3. Məad mövzusu və Musa ilə Fironun əhvalatından sitat. 4. Müsəlmanların çətinliyi olduğu üçün surənin əvvəlində gecəni qalxmaqla bağlı olan göstərişin yüngülləşdirilməsi. 5. Quran oxumağa, namaz qılmağa, zəkat verməyə, Allah yolunda xərcləməyə və Allahdan bağışlanma diləməyə dəvət.[1]

  1. Ey paltara bürünmüş: Bu və “Müddəssir” surəsinin ayələrinin məzmunundan belə məlum olur ki, müşriklər Peyğəmbəri (s) məsxərəyə qoyub onu çox incidirlər. Peyğəmbər (s) öz vəzifəsini yerinə yetirərkən bu cür dözülməz çətinliklərlə qarşılaşdığı üçün kədərlənir, qəm-qüssəsini dağıtmaq üçün paltarını özünə bürüyüb yatır. Buna görə də Allah Peyğəmbərə (s) “ey paltara bürünmüş!”, – deyə xitab edir, onu gecəni oyaq qalmağa, namaz qılmağa, kafirlərin söylədikləri qarşısında səbirli və dözümlü olmağa çağırır. “Bəqərə” surəsinin 153-cü ayəsində də ona “səbir və namazdan kömək al”, – deyə göstəriş verilmişdir. Ümumiyyətlə, Peyğəmbərə (s) çətinlik və problemlərə müqavimət göstərə bilmək üçün namaz və səbirdən yardım almaq, əbaya bürünüb yatmaqdan çəkinmək əmr edilmişdir.[2]
  2. “Tərtil”in mənası: Bu ayədə daha çox qabardılan məsələ Quran oxumaq deyil, “tərtil”dir. “Tərtil” haqqında müxtəlif hədislər nəql edilmişdir. Lakin onların hər biri bu sözü müxtəlif yönlərdən izah etməyə xidmət edir. Möminlərin əmiri İmam Əli (ə) hədislərinin birində belə buyurmuşdur: “Onu aydın şəkildə bəyan et, şeir kimi sürətlə və dalbadal oxuma, qum dənələri kimi səpələmə, elə oxu ki, onunla sərt qəlbləri əzib ayıldasan, hədəfiniz yalnız surəni sona çatdırmaq olmasın.” İmam Sadiq (ə) “tərtil” barəsində belə buyurmuşdur: “Cənnətin xatırlandığı ayələri oxuduqda Allahdan Cənnət istə, Cəhənnəmdən bəhs edən ayələri oxuduqda ondan Allaha sığın.” İmam Sadiq (ə) başqa bir hədisində belə buyurmuşdur: “Tərtil odur ki, ayələr üzərində dayanıb onları gözəl səslə oxuyasan.” Bu və eyni məzmunu ifadə edən başqa hədislərdən belə başa düşülür ki, Quran ayələri məzmunsuz və məqsədsiz sözlər kimi oxunmamalı, onda oxucuya və dinləyiciyə təsir göstərəcək məsələlər diqqət mərkəzinə alınmalıdır. Yaddan çıxarmaq olmaz ki, bu, Allahın ismarışıdır və məqsəd ayələrin ehtiva etdiyi mənaların həyata keçirilməsidir.[3]
  3. Gecə namazı sabitdir: Gecə edilən ibadətin, xüsusilə, səhər, dan yeri sökülməmişdən qabaq qılınan namazın ruhun saflaşmasına, nəfsin təmizlənməsinə, insanın mənəvi tərbiyəsinə, qəlbin paklanmasına, iman və iradənin güclənməsinə, təqva əsaslarının qəlbdə və ruhda möhkəmlənməsinə böyük təsiri var. Hətta bir dəfə sınaqdan keçirməklə insan onun təsirlərini özündə açıq-aşkar hiss edir. Buna görə də Quran ayələri ilə yanaşı hədislərdə də ona xüsusi önəm verilmişdir. İmam Sadiq (ə) belə buyurmuşdur: “Üç şey Allahın xüsusi nəzarətində olan davranışlardandır: gecə namazı, oruc tutana iftar vermək, müsəlman qardaşla görüşmək.” İmam Sadiq (ə) “Hud” surəsinin 114-cü ayəsinin izahı ilə bağlı belə buyurmuşdur: “Gecə namazı gündüz edilən günahları aradan aparır.”[4]

 

  1. Rəbbin bilir ki, sən və səninlə olan insanların bir qismi ya gecənin üçdə ikisindən az, ya yarısını, ya da üçdə birini durursunuz. Gecə və gündüzü Allah ölçüb müəyyən­­ləşdirir. O, bilir ki, siz bu miqdarı (dəqiq) hesablaya bilmirsiniz, buna görə sizi bağışlayır. Elə isə Qurandan imkanı çatdığı qədər oxusun! O bilir ki, tezliklə bəziləriniz xəstə olacaq, digərləriniz Allahın mərhəmətindən (ruzi) əldə etmək məqsədilə səfərə çıxır, bir qisminiz də Allah yolunda vuruşur. Buna görə Qurandan sizə mümkün olan qədərini oxuyun! Namaz qılın, zəkatınızı ödəyin və Allaha gözəl bir borc verin. Özünüz üçün öncədən göndərdiyiniz xeyirli işlərin Allah yanında daha xeyirlisi ilə və daha böyük mükafatla əvəz olunduğunu görəcəksiniz. Allahdan sizi əfv etməsini istəyin! Allah bağışlayandır, rəhmlidir!

[1] Nümunə, c.25, səh.163

[2] Əl-Mizan, c.20, səh.66

[3] Nümunə, c.25, səh.170

[4] Nümunə, c.25, səh.172