1-ci xütbə
İmam Əlinin (əleyhis-salam) səmanın və yerin yaradılışının, Adəmin xilqətinin başlanğıcının xatırlandığı xütbələrindəndir.
Bütün danışanların mədh etməkdə və öyməkdə aciz qaldığı Allaha həmd olsun![1] Onun nemət və bəxşişlərini saymaq istəyənlər, sayıb qurtara bilməzlər.[2] Çalışanlar Onun nemətlərinin haqqını qaytara bilməzlər.[3] O, elə bir mə’buddur ki, dərin düşüncəlilər belə Onu dərk edə bilməzlər. Əql və fikir dəryasına dalanlar (düşüncə dənizinə baş vuranlar) Onun zatının əslinə vara bilməzlər. (Vücudu mümkün olan Onun zatının həqiqətlərini necə dərk edə bilər?) O, elə bir mə’buddur ki, sifətlərini əhatə edə bilən hüdud yoxdur. (Onun heç bir sifəti zatına əlavə deyil ki, məhdud olsun.) Nə də Onun mövcud və sabit (Onda məhdudlaşan, özəlləşən və Onun bütün sifətlərini əhatə edən) sifəti vardır.[4] Onun üçün müəyyən edilmiş zaman da yoxdur.[5] Nə də Onun üçün uzun müddət vardır.[6] Məxluqatı Öz qüdrəti ilə yaratdı.[7] Küləkləri Öz mərhəmət və mehribanlığı ilə əsdirdi.[8] Yerin hərəkətini, titrəyişlərini nəhəng daşlar və əzəmətli dağlarla möhkəmləndirdi.[9]
Dinin əsası (Allaha sitayişin səbəbi) Onu tanımaqdır. (Bilinməlidir ki, varlıqları yaradan Odur.) Allahı tanımağın kamalı Onu təsdiqləyib Ona tərəf yönəlməkdir. Təsdiq etməyin kamalı tovhid və Onu tək bilməkdir. Tovhidin kamalı əməlləri Onun üçün xalis etməkdir.[10] İxlasın kamalı Onun zatına əlavə olunmuş sifətin təsəvvür edilməməsidir.[11] Çünki hər bir sifət vəsf olunandan ayrı olduğunu göstərir. Hər vəsf olunan isə sifətdən ayrı olduğuna dəlalət edir. (Buna görə də) Allahı vəsf edən (Onun zatına əlavə olunmuş sifətlə vəsf edərsə) Onun üçün hər hansı bir bənzər və tay bilmiş, («vacib-ül-vücud» olmaqda başqa mövcudu Ona tay tutmuş olar). Başqasını Ona tay bilən ikiliyə düşmüş olar. İkiliyə düşən isə Onun bölünüb-parçalana biləcəyinə inanmış olar[12] Onun bölünə biləcəyinə inanan hər kəs Onu tanımır. Onu tanımayan Ona doğru işarə edər. Ona işarə edən Onu məhdudlaşdıraraq çevrələyər. (Onun üçün hədd və nəhayət yaradar.) Onu məhdud hesab edən Onu sayar. (Onu özündən xaricdə say vahidinə çevirər.) «Nədədir?» sualını verən isə Onu nəyinsə daxilində yerləşdirər. (Onun üçün yer və məkan seçər.) «Nəyin üstündədir?» deyə soruşan bəzi yerləri Ondan boş hesab edər.[13]
Allah-təala həmişə olmuşdur, sonradan əmələ gəlmiş və yeni yaranmış deyil.[14] Yoxdan var olmayan bir varlıq və mövcuddur.[15] Hər şeylə yanaşı olmadan onlarladır. (Beləliklə, O, hər bir şeylədir. Yəni, hər bir şey Onunla dirçəlib, mövcud olub.) Hər bir şeydən fərqlidir, amma onlardan kənar, ayrı deyil.[16] İş görəndir, Ondan iş hasil olur, amma bu, nə haldan-hala keçmə, nə hərəkət[17] və nə də alət mənasında deyil. (Əgər alət vasitəsilə iş görərsə, demək Onun Özündən başqasına ehtiyacı var. Ehtiyac isə nöqsandır. Vücudu vacib olanın nöqsanlı olması qeyri-mümkündür. Buna görə də zatən gözü olmadan) görəndir.
Yaratdıqlarından heç biri olmayarkən də görən idi. Onunla üns tutmaq (aramlıq tapmaq üçün) və yoxluğundan dəhşətə gəlməmək üçün üns tutulan və aramlaşdıran (əminlik əldə olunacaq bir şey) olmadığı halda da tək və vahid idi. (İndi ki, Onu tanıdın, qısacası bil ki, Odur tam qüdrət sahibi olan Allah ki,) fikir və düşüncədən istifadə etmədən,[18] heç bir təcrübə və sınaqdan faydalanmadan,[19] Özündə heç bir hərəkət yaratmadan[20] və iztirablı, narahat nəfsin səyləri olmadan məxluqatı yaratdı.[21] Hər bir şeyi yoxdan və heçlikdən öz vaxtında varlığa çevirdi (məsləhət olan anda onlara varlıq libası geydirdi) və onların müxtəliflikləri arasında uyğunluq yaratdı və təbiətlərini sabitləşdirdi. (Hər bir tələbat və təbiəti öz istedadı qədərincə olan yerdə yerləşdirdi) və O, təbiətləri həmin əşyaların ayrılmaz hissəsinə çevirdi[22] halbuki onları yaratmamışdan öncə, onlardan agah idi. O, şeylərin hüdudlarını, ətrafını və sonlarını əhatə edirdi. O, əşya, onun hissə və kənarlarına bağlı olan şeylərlə də tanış idi (bütün məxluqatı ümumiliklərinə və xüsusiliklərinə qədər bilirdi).
(Allah-təalanı tanıdıqdan və aləmlərin yaranma tərzi barədə ümumi anlayışın olduqdan) Sonra (deyilənlərin ardı olaraq, indi müfəssəl şəkildə bil ki, Allah-təala öz güc və qüdrətiylə) ucsuz-bucaqsız səmaları yardı, onun ətraf və kənarlarını açdı, fəzanın yuxarısında hava və boşluq yaratdı. Daha sonra isə arasıkəsilməyən təlatümlü dalğaları olan və çoxluqdan bir-birinin üzərinə sıx yığılan suyu axdırdı. O, suyu möhkəm uğultu ilə əsən şiddətli və bərk küləyin belinə yüklədi, sonra isə küləyə o suyu (bir-birindən ayrılıb qopmaması üçün hər tərəfdən) qaytarmağı və möhkəm saxlamağı əmr etdi, küləyi suyun sərhədlərində saxladı və o suyun məkanında yerləşdirdi. Hava geniş və açıq küləyin altında, axan su isə yuxarısında (hərəkətdə idi). Bu zaman başqa bir külək yaratdı və onun əhatəsini məhdud etdi (O, küləyi başqa bir şey üçün deyil, yalnız su dalğası üçün yaratdı). Onu daima suyu hərəkət etdirməsi üçün yaratdı, onu möhkəm əsdirdi, onun yaranma mənşəyini (əsmə yeri öyrənilə bilinməyən hissəsini) əlçatmaz etdi. Sonra isə ona bol olan suyu hərəkətə gətirib bir-birinə qarışdırmaq və dənizlərin dalğasını təlatümləndirib qaldırmaq əmri verdi (dənizin özündən olan suyun hər bir hissəsini dalğalandırmağı əmr etdi). Sonra külək də suyu nehrə kimi çalxalayıb qarışdırdı, külək boş və geniş ərazidə əsirmiş kimi şiddətlə ona (doğru) əsdi. (O suyu elə çalxaladı ki,) suyun əvvəlini axırına qaytardı və hərəkətsizini, böyük su kütləsini yuxarı qalxıb, bir-birinin üzərinə sıx yığılmış su hissəsini köpükləndirəcəyi həddə qədər hərəkətə gətirdi. Sonra Allah-təala o köpükləri boş və geniş yerdə, açıq fəzada yuxarı qaldırdı, yeddi səmanı (O köpüklərdən heç bir əyrilik olmadan yaratdı). O, səmaların altında axıb tökülməsin deyə dalğa yaratdı, onların üstündə isə saxlayıcı sütunları olmadan, onları nizamlayan mıx (və ya kəndir) olmadan qorunan tavan yaratdı. Bu zaman O, səmaları ulduzlar və nur ələyənlərin işığı ilə zinətləndirdi. Onda günəşin nursaçan çırağını və parlaq ayı, dövr edən üfüqdə, seyr edən tavanda və hərəkətli lövhədə yerləşdiyi halda (ulduzların, günəşin və ayın hər birini) hərəkətə gətirdi.
Bu zaman isə səmaların arasını açdı, Özünün müxtəlif növ mələkləri ilə doldurdu (Onların birinci dəstəsi elə mələklərdilər ki,) onlardan bəziləri səcdə halındadırlar, ruku etmirlər, bəziləri isə ruku halındadırlar, ayağa qalxmırlar, bir dəstəsi isə cərgə ilə dayanıblar, öz yerlərindən kənara çıxmırlar və bəziləri də yorulmadan təsbih edəndirlər. (Mələklərin heç bir növü maddi olmadığına görə) onların gözlərinə yuxu, ağıllarına səhv gəlməz, onlarda nə süstlük, nə də unutqanlıq baş verər.
Onların başqa bir dəstəsi (ikinci dəstə mələklər) Allah vəhyinin əminləridir. Onun peyğəmbərləri uçün danışıq vasitəsi və tərcumanlarıdır, Onun hökm və fərmanlarını yetirmək üçün get-gəl edirlər. Onların bir dəstəsi isə (üçüncü hissəsi) Onun bəndələrinin mühafizəçiləri, behiştlərinin keşikçiləridirlər.
Onların başqa bir hissəsinin (mələklərin dördüncü dəstəsinin) ayaqları yerin ən alt təbəqələrində sabitdir, boyunları ən yüksək səmaları ötüb, əzaları cahanın hüdudlarından kənara çıxıb, onların çiyinləri ərşin dayaqlarıyla bərabərdir. (İlahi nurun əzəmət və heybətindən) ərşin müqabilində nəzərləri yerə dikilib və onun altında özlərini qanadlarına bürüyüblər.[23] O mələklər və onlardan daha aşağıdakılar arasında izzət hicabları və qüdrət pərdələri çəkilib.[24] (O mələklərin Allahı tanımağı və mərifəti elə bir səviyyədədir ki,) Allahı xəyallarında canlandırmaz, məxluqatın sifətlərini Ona aid etməzlər, Onu məkanla məhdudlaşdırmazlar, bənzər və misli olanlarla Ona işarə etməzlər.[25]
Bu xütbənin bir hissəsi Adəm əleyhis–salamın xəlq olunması barəsindədir
(Böyük Allah yeri, göyü, günəşi, ayı və ulduzları yaratdıqdan) sonra daşlıq ərazidən, torpağın hamar, əkin-səpinə yararlı yerindən və şoran torpaqdan bir qədər torpaq yığaraq onun üstünə təmizlənib saflaşana qədər su tökdü və bir-birinə yapışana qədər su ilə qarışdırdı. Yoğrulmuş torpaqdan ətrafları, üzvləri, birləşmələri və kəsişmələri olan surət yaratdı. Bir-birindən qopmaması üçün onu bərkitdi, möhkəmləndirib yumşaltdı, palçıq quruduqda müəyyən zaman üçün (onu öz ixtiyarına buraxdı. Bu vaxt ona ruh və həyat verilməsi üçün zəruri idi). Sonra qurumuş palçığa can verdi, insan şəklində ayağa qaldırdı. O, dərk oluna bilənlərin idrakında istifadə üçün idrak qüvvəsinə, işlərə yiyələnmək üçün düşüncəyə, özünə xidmət göstərmək üçün əzalara, işlərində hərəkət etdirmək üçün (əl və ayaq kimi) haqla batili, dadına baxılanlarla qoxulanları rənglərlə cinsləri bir-birindən ayırd etmək üçün fəhmə malik oldu. (Qurumuş palçıq elə bir insan oldu ki,) onun xilqəti və təbiəti müxtəlif rənglərlə qarışdı,[26] bir-birinə bənzər şeylərə (sümük və diş kimi) biri digərinə zidd halətlərə, bir-birindən ayrı təbiətlərə sahib oldu (həmin təbiətlər bundan ibarətdir:) istilikdən (səfra), soyuqluqdan (bəlğəm), rütubətdən (qan), quruluqdan (sovda) və (təzadlı hallar isə bunlardır) sevinc və qəm (yuxu və oyaqlıq, aclıq və toxluq kimi hallar). Böyük Allah (insanı yaratdıqdan və onu Adəm adlandırdıqdan sonra) öz əmanətini mələklərdən istəyərək onlarla bağladığı əhd-peymanı yerinə yetirmələrini, (mələklərlə bağlanan əhd-peyman, onlara verilən əmanət bu idi:) Adəmə səcdə etmək üçün hazır olmalarını, onun böyüklük və əzəməti qarşısında təvazökarlıq göstərmələrini istədi.[27] Beləliklə, Allah-təala onu xəlq etdikdə Adəmə səcdə etmələrini buyurdu. Şeytandan başqa hamı səcdə etdi. Şeytan qürurlandı və lovğalandı, bədbəxtlik ona qalib gəldi, təkəbbür etdi. Oddan yaradıldığına görə özünü böyük sayaraq bir parça quru torpaqdan yaranmış Adəmi özündən aşağı sandı.[28] Beləliklə, Allah qəzəbinin ona şamil olması üçün Şeytana möhlət verdi.[29] Və (şeytana da möhlət verdi) onun imtahan və sınağının tamamlanması, ona verdiyi vədin başa çatması üçün buyurdu: «Sən məlum günə qədər möhlət verilmişlərdənsən» (müəyyən olunmuş günə qədər həyatdan bəhrələn).
(Şeytanın İlahi əmrin əleyhinə çıxaraq, Adəmi öz qibləsinə çevirməməsindən, mələklər etdiyi kimi ona təzim etməməsindən) sonra Allah-təala Adəmə azad və xoş güzərana şərait olan məkanda yer verdi və onun məkanını (bütün hadisələrdən) amanında saxladı.[30] Şeytandan və onun düşmənçiliyindən qorxutdu.[31] Sonra düşməni onu aldatdı (Qur’ani-Kərimin Taha surəsinin 120-ci ayəsində buyurulduğu kimi: فَوَسْوَسَ إِلَيْهِ الشَّيْطَانُ قَالَ يَا آدَمُ هَلْ أَدُلُّكَ عَلَى شَجَرَةِ الْخُلْدِ وَمُلْكٍ لَّا يَبْلَى «Şeytan Adəmə vəsvəsə edərək dedi: «Ey Adəm! Səni əbədiyyət ağacı və zavalsız mülkə tərəf yönəltməyimi istəyirsənmi?» Belə sözlərlə Adəmi aldatdı). Sonra düşməni o Həzrətin əbədi sarayda olmasının və xeyir əməl sahiblərilə ünsiyyətinin paxıllığını çəkdiyinə görə onu aldatdı, beləliklə, (Adəm şeytanın vəsvəsəsinin təsirindən) öz yəqinliyini itirərək şəkk və tərəddüdə düşdü.[32] (Qadağan olunmuş ağacın meyvəsindən yeməmək barədə) öz qərarını (Allahın əmrinə itaətdə) süstlük və səhlənkarlığa dəyişdi (və meyvədən yedi). Şadlıq və sevinc yerinə xofa və qorxuya mübtəla oldu (şeytana aldandığını görüb öz əməlindən xəcalət çəkdi) və peşmançılığını bildirdi. Beləliklə, Haqq-təala tövbənin yolunu öyrədərək rəhmət kəlməsini ona təlim etdi[33] və yenidən Behiştə (əvvəlcə olduğu yerə) qaytaracağına söz verdi. Sonra onu dərd-qəmli, bəla ilə dolu olan dünyaya, nəsilartırma və övladlarının doğum yerinə göndərdi.
Və[34] böyük Allah onun övladları arasından peyğəmbərlər seçdi, onlardan vəhy və risalətin təbliği üçün əhd-peyman aldı (ki, Haqq-təala tərəfindən onlara çatdırılanların hamısını yerinə yetirəcəklər və xalqı Allahı tanımağa dəvət edərək bu yolda heç nədən çəkinməyəcəklər).[35] Halbuki insanların çoxu (onlarda fitri olan) ilahi əhd-peymana vəfa etmədilər.[36] Beləliklə, Onun haqqını bilmədilər (və Onu vahid saymadılar) və Ona bənzərlər, şəriklər qoşdular. Şeytanlar onları ilahi mərifətdən (ki, əsas və fitri məqsəd idi) daşındırdılar (aldatdılar) və Allaha sitayişdən çəkindirdilər. Beləliklə, Allah-təala onların arasından Öz peyğəmbərlərini seçərək onlarda fitri olan Tanrının əhd-peymanını tələb etmək və unudulmuş neməti (fitri tovhidi) xatırlatmaları, təbliğ yolu ilə onlarla söhbət etmələri (dəlillərlə danışmaları), gizlənmiş ağılları (ki, küfrün tozu altında gizlənmiş və zəlalətin, günahların qaranlığının təsirindən örtülmüş idi,) üzə çıxararaq işə salmaları və Allahın qüdrət nişanələrini onlara (insanlara) göstərmələri üçün onları bir-birinin ardınca göndərdi. (Və onun qüdrət nişanələri bunlardan ibarətdir:) Başlarının üstündə ucaldılmış səma, ayaqlarının altında sərilmiş yer, məişət güzəranları, məhv edən əcəllər, qocaldan və əldən salan xəstəliklər, dalbadal üzləşdikləri hadisələr. Allah-təala bəndələri göndərilmiş peyğəmbərlərdən, ya nazil edilmiş kitabdan, ya qəti dəlillərdən və ya möhkəm yoldan məhrum etmədi (və peyğəmbərlər) elə elçilər idilər ki, dostlarının azlığı və onlara qarşı çıxanların çoxluğu onları (risalətin təbliğindən) çəkindirmədi. Elə peyğəmbərlər idilər ki, gələcək peyğəmbərin adı qabaqcadan onlara deyilmişdi və ya ondan əvvəlki peyğəmbər onu tanıtdırmışdı.[37] (Şeytan insanların çoxunu aldatdığına və elə buna görə də fitri əhd-peymanlarına vəfa etmədiyinə, Haqqın haqqını dandığına görə, böyük Allah da hüccətin tamam olması və insanların doğru yola yönəlməsi üçün bir-birinin ardınca peyğəmbərlər göndərdi.) Beləliklə də, əsrlər yarandı, ruzgarlar ötüşdü, atalar vəfat etdi və övladları onların yerinə keçdi. Nöqsan sifətlərdən münəzzəh olan Allah Öz vədini yerinə yetirmək, peyğəmbərliyi o Həzrətlə yekunlaşdırmaq üçün (ondan sonra peyğəmbər göndərməyəcəkdir) Allahın Rəsulunu (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçdi. (Çünki o böyük insanı sonuncu peyğəmbər seçəcəyini əvvəlki peyğəmbərlərə vədə vermişdi.) Peyğəmbərlərdən əhd-peyman almışdı,[38] onun əlamət və nişanələri məşhurlaşdı. Anadan olduğu vaxt əziz və bəyənilmiş (vaxtların ən yaxşısı) idi və o vaxtlar camaat arasında dağınıq məzhəblər, çoxsaylı bid’ətlər, müxtəlif təriqətlər yayılmışdı. Bir dəstə Allah-təalanı Öz yaratdıqlarına bənzədirdi[39] bəziləri Onun adında təsərrüf edirdilər.[40] Bir dəstə isə Ondan qeyrisinə işarə edirdilər.[41] Beləliklə, Allah-təala o Həzrətin vasitəsilə həmin insanları azğınlıqdan xilas etdi və onun şəxsiyyətinə görə onlara nadanlıqdan nicat verdi. Sonra (o Həzrət xalqı doğru yola yönəltdi, onları ilahi maariflə tanış etdi və xeyir-ziyanlarını bəyan etdi) Haqq-təala o böyük şəxsiyyətə öz yaxınlıq və rəhmətinin ən yüksək dərəcəsini əta etdi. Heç kəsin təsəvvürünə gətirə bilmədiyi məqam və rütbəni onun üçün bəyəndi, meylini dünyadan Özünə tərəf döndərdi. Onu müsibət və bəlalardan qurtararaq ruhunu Öz dərgahına götürdü. Ona və Əhli-beytinə Allahın salamı olsun! (Camaatın qiyamət gününə qədər doğru yola yönəldilməsi üçün özünün dünyadan köçməsindən əvvəl) sələfi olan peyğəmbərlərin öz ümmətləri arasında qoyduğunu sizin aranızda qoydu. Çünki peyğəmbərlər onları aydın yolsuz və aşkar nişanəsiz özbaşına buraxmamışlar. O Həzrət də Allahınızın Kitabını sizin ixtiyarınızda qoydu. Onun halal-haramını, vacib-müstəhəblərini, nasix-mənsuxunu, ruxsət və əzaimlərini, ümum və xüsusunu, ibrət və məsəllərini, mütləq və müqəyyədini, möhkəm və mütaşabehini bəyan etməklə mucməllərini təfsir, müşküllərini aşkar etmişdir.[42] Və o kitabın mətləbləri bilmək və öyrənmək vacib olandan[43] onu bilməməyin maneəsi olmayandan[44] vacibliyi sübuta yetirilmiş, sünnədə isə nəsx edilib aradan qaldırıldığı məlum olandan[45] əməl edilməsi sünnədə vacib olan və ona əməl edilməməsinə də icazə veriləndən[46] xüsusi bir vaxtda vacib olan, başqa vaxtlarda isə vacib olmayandan[47] ibarətdir. O kitab haram olmuşlar arasında fərq qoymuşdur: Belə ki böyük günah törədənə atəş və əzab vədəsi vermiş,[48] kiçik günaha batan kəs üçün isə bağışlanmaq hazırlamışdır.[49] Və (yenə də o kitabın mətləbləri) azının qəbul edildiyi, çoxunun isə daha layiqli, bəyənilən olan və ilzami olmayan şeylərdən (ibarətdir).[50]
Bu xütbənin bir hissəsi də Həcc barəsindədir
(Kə’bənin tikilməsinin bəzi sirləri, Həcc ziyarətini yerinə yetirənlərin əməlləri və imkanı olanın onu ziyarət etməsinin vacibliyi xatırlanmışdır) Böyük Allah Beytül-Həramın ziyarətini sizə vacib etdi (elə bir Evin həccini ki, ora daxil olanlara bir çox şey haram edilmişdir) və onu xalqın qibləsi etdi. Həcc ziyarətini yerinə yetirənlər oraya dördayaqlılar kimi daxil olar,[51] göyərçinlərin (öz yuvalarına olan) şövqü kimi ora gəlməyə şövqlə can atarlar. Pak olan Allah xalqın Onun əzəmət və böyüklüyü qarşısında baş əyməsi, izzət və səltənətinin onlar tərəfindən təsdiqi üçün o evi bir əlamət və nişanə etdi. Öz bəndələrindən dəvətini eşidib qəbul edənləri seçdi[52] və fərmanını təsdiqləyərək yerinə yetirər. Onlar peyğəmbərlərin yerində dayanıb özlərini Allah-təalanın ərşini təvaf edən mələklərə oxşadırlar və Allaha bəndəlik, sitayiş müamiləsindən (imanın sərmayəsi ilə) böyük qazanc götürürlər. Onun, günahları bağışlayacağını vədə verdiyi yerə (çatmaq üçün) tələsir, bir-birindən önə keçirlər. Pak Allah o Evi İslamın əlamət və nişanəsi, pənah gətirənlərin pənahgahı etdi, onun həccini vacib, ehtiramının qorunmasını lazım bilib ora getməyi əmr etdi. Sonra (Qur’ani-Kərimin Ali-İmran surəsinin 97-ci ayəsində) buyurdu: «Beytül-Həramın ziyarəti insanlardan, ora getmək iqtidarında olanın üzərində Allahın haqqıdır. (Bu haqqı yerinə yetirmək vacibdir.) Haqq-təalaya kafir olan hər kəs (ora getməyə iqtidarı olduğu halda İlahi əmri yerinə yetirməzsə) Allah-təalaya heç bir ziyan vurmayıb, çünki Allahın dünya əhalisinə ehtiyacı yoxdur (bəndələrin ibadət və imanına möhtac deyil. Deməli, itaətsizlik edən özü ziyana uğramış olar).
[1] Onun zatına layiq olan tərif və mədh etmək gücündə deyillər. Buna görə də Həzrəti Seyyid-ul-mürsəlin buyurmuşdur: لا أُحْصِى ثَنَاءً عَلَيْكَ *** أَنْتَ كَمَا أَثْنَيْتَ عَلى نَفْسِكَ «Mən Səni mədh etmək qüdrətində deyiləm. Gərək Sən Özün müqəddəs zatını mədh edəsən».
[2] Haqq-təalanın əta etdiyi nemətlər saysız-hesabsızdır və onların sonunu təsəvvür etmək mümkün deyil. Qur’ani-Kərimin İbrahim surəsinin 34-cü ayəsində buyurulur: وَاِنْ تَعُدُّوا نِعْمَتَ اللهِ لا تُحْصُوها «Allahın nemətlərini saymaq istəsəniz buna qüdrətiniz çatmaz.» Elə isə Yaradanın nemətlərini saya bilməyən kimsə, Onun haqqını necə ödəyə və Ona necə şükr edə bilər?
[3] Belə isə, şükür etməyin ən yüksək dərəcəsi bəndənin Onun nemətlərinin haqqını ödəməkdə aciz olduğunu etiraf etməsidir.
[4]Məhdudlaşma və ehtiva olunma vücudu mümkün olanlara xasdır. Vücudu vacib olan Allah-təala bundan münəzzəhdir.
[5] Onun barəsində «xeyli vaxt öncədən mövcud olduğu» söylənilə bilməz. Çünki O, zamanın yaradıcısıdır və zamanın içində olmağa ehtiyacı yoxdur ki, zaman onu əhatə edə bilsin.
[6] Onunla tamamlansın. Yəni, Onun müddəti yoxdur, əzəli və əbədi olan Odur. Zamanı yoxdur ki, sonu və müddəti olsun. Belə ki, zaman hərəkətin ölçüsüdür. Hərəkət isə maddənin xassələrindəndir. O isə materiyadan uzaqdır. Deməli, Onun zaman içində olması qeyri-mümkündür.
[7] Qur’ani–Kərimin İsra surəsinin 51-ci ayəsində buyurulur: «فَسَيَقُولُونَ مَنْ يُّعِيدُنا قُلِ الَّذِى فَطَرَكُمْ أَوَّلَ مَرَّةٍ» Deyərlər bizi ölümdən sonra kim qaytarıb dirildəcəkdir? Ey Peyğəmbər, onların cavabında de ki, sizləri ilk dəfə yaradan yenidən dirildəcək.
[8] Qur’ani–Kərimin Ə’raf surəsinin 57-ci ayəsində buyrulduğu kimi: َوهُوَ الَّذِى يُرْسِلُ الرِّياَحَ بُشْراً بَيْنَ يَدَىْ رَحْمَتِهِ «Rəhməti olan yağışı yerə yağdırmazdan öncə küləkləri müjdə kimi göndərən Odur.
[9] Sizin rahat yaşamanız üçün tərpənib silkələnməsin. Qur’ani–Kərimin Nəhl surəsinin 15-ci ayəsində buyurulduğu kimi: وَأَلْقَى فِي الْأَرْض رَوَاسِيَ أَن تَمِيدَ بِكُمْ «Böyük Allah yeri, tərpənib sizi bir tərəfdən başqa tərəfə atmaması üçün nəhəng dağlarla möhkəmləndirdi.
[10] Çünki tovhid ixlasdan başqa bir yolla kamilləşə bilməz. Yəni, Allahı tanıyanın hər bir sözü, hər bir əməli Ona xatir olmalıdır, heç bir dünyəvi məqsədlərə qarışmamalıdır.
[11] Məsələn, «Haqq–təalanın elmi Onun zatına artırılmış, özündən xaric bir sifətdir» deyilməsin. Belə düşüncə təkallahlılığa və tovhidə ziddir.
[12]Bölünüb–parçalana bilən hər bir şey isə tərkibdən təşkil olunub və hər tərkib də hissələrdən ibarətdir.
[13] «Harada deyil», «nəyin üstündədir» deyərsə Onu materiya və tərkibdən ibarət sanmış olar. Bundan isə belə çıxar ki, O sonradan əmələ gəlmiş, yeni yaranmışdır.
[14] Bu cümlədə O Həzrət müəyyən zamanda yaranışı Haqq–təaladan istisna edir.
[15] Onun varlığı zatən sonradan yaradılmış deyil. Bu cümlədə də Onun zatının yoxdan var olması istisna olunur.
[16] Belə ki, hər hansı bir şeydən kənara çəkilsə, ondan bir şey qalmaz. Çünki hər şeyi saxlayan Odur.
[17] Çünki hərəkət materiyanın xassəsidir. O isə, materiyadan uzaqdır.
[18] Çünki hər bir işdə düşünmək, olmamış bir işin baş tutması üçündür. Belə ki, hər şey zat məqamında Allah–təala üçün əzəli və əbədi olaraq sabitdir.
[19]Çünki təcrübə sınaq vasitəsilə elm əldə etmək istəyənlərə aiddir, elmi zatı ilə eyni olan Allah–təala üçün deyil.
[20]Onun yaratması hərəkətə əsaslanmır. Çünki hərəkət dəyişiklik deməkdir. Dəyişiklik isə, imkan aləminin xassələrindəndir.
[21]Gördüyü işin düzgün olub–olmaması barədə narahatlıq keçirmədən. Belə ki, iztirab və narahatlıq işlərin sonunu bilməməkdən irəli gəlir. Nadanlıq və cəhalət isə, zatı ilə elmi eyni olana rəva deyil.
[22]Belə ki, onların arasında ayrılıq mümkün deyil; Şücaət igid insanın ayrılmaz xüsusiyyəti, səxavət kəramətli insanın ayrılmaz sifəti olduğu kimi bir sözlə məxluqatı yaratdı,
[23] İki qanadı ilə bacardığı qədər havada uça bilən quş tək, İlahi maarifin sonsuz aləmlərində seyr edə biləcək həddə öz elm və mərifətlərinə qərq olublar.
[24] O pərdənin arxasına peyğəmbərlər, onların vasiləsi və Allahın xüsusi bəndələrindən başqa heç kəsin elmi yolu yoxdur.
[25] Çünki mələklər elmli və Allahı tanıyandırlar. Allahı bir şəkildə təsəvvür edən, məxluqatın sifətlərini Ona aid edən, Onu məhdudlaşdıran və Ona tərəf işarə edən nadandır; bundan əvvəl Allahı tanıma və mərifət fəslində bəyan olunduğu kimi.
[26] Sümüyünün ağlığı, qanının qırmızılığı və tükünün qaralığı kimi, əzasının hər bir üzvü hikmətə uyğun olaraq bir rəngdə oldu.
[27] Qur’ani-Kərimin Sad surəsinin 71-ci və 72-ci ayələrində buyurulduğu kimi: إِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَةِ إِنِّي خَالِقٌ بَشَرًا مِن طِينٍ فَإِذَا سَوَّيْتُهُ وَنَفَخْتُ فِيهِ مِن رُّوحِي فَقَعُوا لَهُ سَاجِدِينَ «Sənin Allahının mələklərlə «Mən Adəmi torpaqdan xəlq edəcəyəm, yaradıb ruh verildikdə onun müqabilində əyilərək səcdə qılarsınız» dediyi günü yada sal. Yəni, ona təzim edin və ya onu öz qiblənizə çevirin».
[28] Həzrəti Rəbbil–Aləminə qarşı çıxaraq dedi: «Mən ondan daha üstün olduğuma görə Adəmə səcdə etmədim. Çünki məni oddan, onu isə torpaqdan xəlq etmisən». Bu iddiada olduğuna görə, Allah ona mələklərin sırasından çıxmasını əmr etdi: «Sən Mənim rəhmətimdən qovuldun. Qəzəb və lənətim cəza gününə qədər səninlədir». Bu vaxt Şeytan dedi: (Qur’ani–Kərimin Sad surəsinin 79-cu ayəsində buyurulduğu kimi🙂 رَبِّ فَأَنْظِرْنِي إِلَى يَوْمِ يُبْعَثُونَ «Ey Allah, insanların diriləcəyi günə qədər mənə möhlət ver» Bəlkə də məqsədi ölümdən xilas olaraq daima diri qalmaq olmuşdur.
[29]Necə ki, Qur’ani–Kərimin Ali–İmran surəsinin 178-ci ayəsində kafirlər barəsində buyurur: وَلاَ يَحْسَبَنَّ الَّذِينَ كَفَرُواْ أَنَّمَا نُمْلِي لَهُمْ خَيْرٌ لِّأَنفُسِهِمْ إِنَّمَا نُمْلِي لَهُمْ لِيَزْدَادُواْ إِثْمًا وَلَهْمُ عَذَابٌ مُّهِينٌ «Kafir olanlara möhlət verməyimizin onlar üçün yaxşı olduğunu güman etməsinlər. Möhlət verməyimiz daha çox günah edib rüsvayedici əzaba mübtəla olmalarından başqa bir şey deyil».
[30] Qur’ani–Kərimin Bəqərə surəsinin 35-ci ayəsində buyurulduğu kimi: وَقُلْنَا يَا آدَمُ اسْكُنْ أَنتَ وَزَوْجُكَ الْجَنَّةَ وَكُلاَ مِنْهَا رَغَداً حَيْثُ شِئْتُمَا وَلاَ تَقْرَبَا هَـذِهِ الشَّجَرَةَ فَتَكُونَا مِنَ الْظَّالِمِينَ «Dedik: Ey Adəm! Sən və zövcən Həvva cənnəti öz məkanınıza çevirin, onun nemətlərindən istədiyiniz qədər tam şadlıqla yeyin və bu ağaca yaxınlaşmayın. Əgər yaxın gəlsəniz, zülümkarlardan olmuş olarsınız».
[31] Qur’ani–Kərimin Taha surəsinin 117-ci ayəsində buyurulur: فَقُلْنَا يَآ ادَمُ إِنَّ هَذَا عَدُوٌّ لَّكَ وَلِزَوْجِكَ فَلَا يُخْرِجَنَّكُمَا مِنَ الْجَنَّةِ فَتَشْقَى «Dedik: Ey Adəm! Bu səninlə və zövcənlə düşməndir. Diqqətli olun ki, sizi cənnətdən çıxardaraq, bədbəxtliyə düçar eimək üçün bir iş görməsin».
[32] Həmin ağacın meyvəsini yeməmək ona əmr edilsə də, xeyrinin, meyvəni yeməkdə olduğunu güman etdi.
[33] Tövbəsini qəbul etmək istədiyinə görə, rəhmət kəlməsini ona öyrətdi ki, tövbəsinin qəbul olunması üçün Allah–təalanı onunla səsləsin.
[34] Həzrəti Adəm dünyada məskunlaşdıqdan və ondan çoxlu övladları və nəsli dünyaya gəldikdən sonra.
[35] Qur’ani–Kərimin Əhzab surəsinin 7-ci ayəsində buyurulur: وَإِذْ أَخَذْنَا مِنَ النَّبِيِّينَ مِيثَاقَهُمْ وَمِنكَ وَمِن نُّوحٍ وَإِبْرَاهِيمَ وَمُوسَى وَعِيسَى ابْنِ مَرْيَمَ وَأَخَذْنَا مِنْهُم مِّيثَاقًا غَلِيظًا «Peyğəmbərlərdən vəhy və risalətin təbliği haqda əhd–peyman aldığımızı yada sal. Səndən, Nuh və İbrahimdən, Musa və İsa ibn Məryəmdən möhkəm əhd–peyman aldıq».
[36] Necə ki, Qur’ani–Kərimin Ə’raf surəsinin 172-ci ayəsində buyurulur: وَإِذْ أَخَذَ رَبُّكَ مِن بَنِي آدَمَ مِن ظُهُورِهِمْ ذُرِّيَّتَهُمْ وَأَشْهَدَهُمْ عَلَى أَنْفُسِهِمْ أَلَسْتُ بِرَبِّكُمْ قالُواْ بَلى شَهِدْنَا «Sənin Allahının Adəm övladlarından onlar atalarının belində olduqları vaxt peyman aldığını və onlarda fitri olan Allahı tanımağı və tovhidi etiraf etmələri üçün onları özlərinə şahid tutduğunu yada sal. Sonra dedi: «Mən sizin Tanrınız deyiləmmi?» Dedilər: «Bəli, şəhadət veririk ki, sən bizim Tanrımızsan». Lakin öz fitri əhd–peymanlarına vəfa etmədilər.
[37] Öz ümmətinə onun peyğəmbərliyinin müjdəsini vermişdi. Qur’ani-Kərimin Səff surəsinin 6-cı ayəsində buyurulduğu kimi: وَإِذْ قَالَ عِيسَى ابْنُ مَرْيَمَ يَا بَنِي إِسْرَائِيلَ إِنِّي رَسُولُ اللَّهِ إِلَيْكُم مُّصَدِّقًا لِّمَا بَيْنَ يَدَيَّ مِنَ التَّوْرَاةِ وَمُبَشِّرًا بِرَسُولٍ يَأْتِي مِن بَعْدِي اسْمُهُ أَحْمَدُ İsa ibn Məryəmin «Ey Bəni-İsrail, mən Allahın sizə göndərdiyi elçi və məndən əvvəlki Tövratı təsdiqləyənəm, məndən sonra adı «Əhməd» (səlləllahu əleyhi və alih) olacaq peyğəmbərin müjdəsini verirəm» dediyini yada sal».
[38] Peyğəmbərlər də onun risalətini izhar etməli və onun seçilməsini, sonuncu peyğəmbər olmasını və peyğəmbərliyin onunla sona çatmasını öz ümmətlərinə xəbər verməli idilər.
[39] Onun xəlq edilmişlər kimi bədən üzvləri və məkanı olduğunu sanan «mucəssimə» tayfası kimi.
[40] Allahın adlarını seçərək öz bütlərinə qoymuşdular. Bütpərəst ərəblər Allahdan Latı, Əzizdən Uzzanı, Mənnandan Mənatı götürərək onları öz mə’budları hesab edirdilər.
[41] Təbiəti və planetlərin hərəkətinin, vaxtın ötməsinin bütün işlərin səbəbi olduğuna inanan materialistlər kimi. Bir sözlə, bu kimi batil din və inanclar dünyanı zülmətə qərq etmişdi.
[42] O Kitabın halalı: Maidə surəsinin 1-ci ayəsində olduğu kimi, أُحِلَّتْ لَكُم بَهِيمَةُ الْأَنْعَامِ yəni, «dili bağlı dördayaqlıların əti sizə halaldır və onda heç bir qadağa yoxdur». Onun haramı isə Maidə surəsinin 3-cü ayəsində göstərildiyi kimi حُرِّمَتْ عَلَيْكُمُ الْمَيْتَةُ وَالْدَّمُ وَلَحْمُ الْخِنْزِيرِ «ölmüş heyvanın əti, qan və donuz əti sizə haram və qadağan olmuşdur». Onun vacibi, Bəqərə surəsinin 43-cü ayəsində olduğu kimi أَقِيمُواْ الصَّلاَةَ وَآتُواْ الزَّكَاةَ «namaz qılın və zəkat verin», müstəhəbbi isə İsra surəsinin 79-cu ayəsindəkiوَمِنَ اللَّيْلِ فَتَهَجَّدْ بِهِ نَافِلَةً «nafilə namazı üçün gecənin bir vaxtı oyan», nasixi Tövbə surəsinin 5-ci ayəsindəki kimi فَاقْتُلُواْ الْمُشْرِكِينَ حَيْثُ وَجَدتُّمُوهُمْ «müşrikləri harda görsəniz öldürün». Bu ayə sülh barəsində olan ayənin nasixidir, məsələn Kafirun surəsinin 6-cı ayəsi لَكُمْ دِينُكُمْ وَلِيَ دِينِ «İndi ki, öz şirkinizdən əl çəkmirsiniz, sizin, din və ayinləriniz sizin, tovhid isə mənim dinim olsun», bu ayənin mənsuxudur; ruxsətləri, yəni, bəndələrin işlərinin yüngülləşməsi üçün yaradılmış əhkamları, məsələn Bəqərə surəsinin 184-cü ayəsindəki kimi فَمَن كَانَ مِنكُم مَّرِيضًا أَوْ عَلَى سَفَرٍ فَعِدَّةٌ مِّنْ أَيَّامٍ أُخَر «Sizlərdən Ramazan ayında xəstə və ya səfərdə olanlar, Ramazandan qeyri aylarda, xəstə və müsafir olarkən tutmadığınız günlər qədər oruc tutsun», onun əzaimləri, yəni, keçilməsi mümkün olmayan əhkamları Bəqərə surəsinin 185-ci ayəsində olduğu kimi فَمَن شَهِدَ مِنكُمُ الشَّهْرَ فَلْيَصُمْهُ «Səfər etməyən və vətənində olan hər bir şəxs ayı gördükdə oruc tutmalıdır», onun xassı, yəni, xüsusi halallar barəsində deyilən, amma mənası ümumi hallara da aid olan sözlər; Maidə surəsinin 32-ci ayəsində deyildiyi kimi مِنْ أَجْلِ ذَلِكَ كَتَبْنَا عَلَى بَنِي إِسْرَائِيلَ أَنَّهُ مَن قَتَلَ نَفْسًا بِغَيْرِ نَفْسٍ أَوْ فَسَادٍ فِي الْأَرْض فَكَأَنَّمَا قَتَلَ النَّاسَ جَمِيعًا وَمَنْ أَحْيَاهَا فَكَأَنَّمَا أَحْيَا النَّاسَ جَمِيعًا «Adəmin oğlu Qabil qardaşı Habili öldürdüyünə görə peşman olduğundan Bəni–İsrailə göstəriş verdik ki, hər kəs heç kəsi qətlə yetirməyən və yer üzündə ölümlə nəticələnən bir fəsad törətməyən bir kəsi öldürərsə, bütün camaatı öldürmüş kimidir. Bir kəsin həyat və yaşayışına səbəb olan kimsə isə sanki bütün camaatı diriltmişdir». Bu ayə Bəni–İsrail barəsində nazil olsa da mənası bütün insanlara şamildir. Onun ümumu isə Bəqərə surəsinin 47-ci ayəsində deyildiyi kimi يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُواْ نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَنِّي فَضَّلْتُكُمْ عَلَى الْعَالَمِينَ «Ey Bəni–İsrail, sizlərə bəxş etdiyim nemətlərimi və sizi dünya əhlindən üstün etdiyimi yada salın». Burada dünya əhli sözü ümumi məna daşıyır və bütün dünya əhalisinə şamil edilir. Lakin onun mənası Bəni–İsrail dövrünün insanlarına məxsusdur. Onun ibrətləri isə heyrətamiz və bir növ öyüd–nəsihətdir, Naziat surəsinin 25 və 26 –cı ayələrindəki kimi: فَأَخَذَهُ اللَّهُ نَكَالَ الْآخِرَةِ وَالْأُولَى إِنَّ فِي ذَلِكَ لَعِبْرَةً لِّمَن يَخْشى «Böyük Allah Fironu axirət əzabı olan odda yanmağa və dünya əzabı olan suda batmağa mübtəla etdi, onun batması qorxan hər kəs üçün hər zaman ibrətdir. Onun məsəlləri, yəni, təşbihlərə şamil olan ayələri, məsələn Cumə surəsinin 5-ci ayəsində olduğu kimi, مَثَلُ الَّذِينَ حُمِّلُوا التَّوْرَاةَ ثُمَّ لَمْ يَحْمِلُوهَا كَمَثَلِ الْحِمَارِ يَحْمِلُ أَسْفَارًا «Tövratı oxuyub–öyrənməyə məmur olunan, lakin ona əməl etməyənlər böyük kitabları daşıyan uzunqulaq kimidir», onun mütləqi, yəni, qeyd vurulmamış kəlmələri, Maidə surəsinin 6-cı ayəsində olduğu kimi: يَآ أَيُّهَا الَّذِينَ امَنُواْ إِذَا قُمْتُمْ إِلَى الصَّلاةِِ فاغْسِلُواْ وُجُوهَكُمْ «Ey iman gətirənlər, namaza dayandıqda, üzlərinizi yuyun», onun müqəyyədi, yəni, qeyd vurulan kəlmələri, Maidə surəsinin 6-cı ayəsində olduğu kimi وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ «Dəstəmaz alarkən əllərinizi dirsəklərinizlə (birlikdə) yuyun», onun möhkəmi, yəni, mənasında səhv və şübhə yeri olmayan kəlmələri, Bəqərə surəsinin 231-ci ayəsindəki kimi: وَاعْلَمُواْ أَنَّ اللّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ «Bilin ki, Allah hər şeydən agahdır», onun mütəşabihi, yəni, mənası aydın olmayan kəlmələri, Bəqərə surəsinin 228-ci ayəsində olduğu kimi وَالْمُطَلَّقَاتُ يَتَرَبَّصْنَ بِأَنفُسِهِنَّ ثَلاَثَةَ قُرُوءٍ «Təlağı verilmiş qadınlar iki heyzdən ibarət olan üç paklanma dövrü və ya üç heyz müddəti gözləsinlər», çünki ərəb dilində «قُرُوء» kəlməsinin tək forması olan «قُرْء» kəlməsi hicazlılar arasında «طهر» paklanma, iraqlılar arasında isə «heyz» mənasındadır. Onun mucməli, Bəqərə surəsinin 43-cü ayəsində olduğu kimi: أَقِيمُواْ الصَّلوةَ «Namaz qılın», onun müşkülü Məryəm surəsinin 1-ci ayəsi kimi; كهيعص «Kaf, hə, yə, əyn, sad».
[43] Böyük Allahın vahidliyini bilmək kimi, necə ki, İbrahim surəsinin 52-ci ayəsində buyurulur: لِيَعْلَمُواْ أَنَّمَا هُوَ إِلَـهٌ وَاحِدٌ «Bilməlisiniz ki, odur vahid olan Allah»,
[44] Fussilət surəsinin 1-ci ayəsi olan حم «ha, mim»in mənasını bilməmək kimi,
[45] Nisa surəsinin 15-ci ayəsində olduğu kimi وَاللاَّتِي يَأْتِينَ الْفَاحِشَةَ مِن نِّسَآئِكُمْ فَاسْتَشْهِدُواْ عَلَيْهِنَّ أَرْبَعةً مِّنكُمْ فَإِن شَهِدُواْ فَأَمْسِكُوهُنَّ فِي الْبُيُوتِ حَتَّىَ يَتَوَفَّاهُنَّ الْمَوْتُ أَوْ يَجْعَلَ اللّهُ لَهُنَّ سَبِيلاً «Sizin qadınlarınız arasında zina edən ərli arvadların pis işlərinə öz içinizdən həddi–buluğa çatmış, ağıllı, ədalətli, dörd mömin kişini şahid tutun. Onlar şəhadət versələr, o qadınları öz evlərində ölüncəyə və ya Allah onları həbsdən azad edincəyə qədər saxlayın». Deməli, bu ayənin məzmununa görə, zinakar qadınların hökmü ölüncəyə qədər öz evlərində saxlanaraq, həbs olunmaları idi. Sünnədə həbs hökmü nəsx olaraq, daşqalaq edilmə ilə dəyişdi,
[46] İslamın ilk dövrlərində Beytül–Müqəddəsə doğru namaz qılmaq sünnəyə görə vacib idi. Qur’anda isə nəsx olundu. Bəqərə surəsinin 144-cü ayəsində buyurulur: فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ وَحَيْثُ مَا كُنتُمْ فَوَلُّواْ وُجُوِهَكُمْ شَطْرَهُ «Kə’bə evi olan, Beytül–Hərama tərəf namaz qılın, harada olursunuz–olun, üzlərinizi ona tərəf döndərin»,
[47] Cumə surəsinin 9-cu ayəsində buyurulduğu kimi: يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نُودِىَ لِلصَّلَاةِ مِن يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْا إِلَى ذِكْرِ اللَّهِ «Ey iman gətirənlər, cümə günü namaza çağırıldığınız zaman namaz qılmağa tələsin»; Beləliklə, cümə namazı yalnız cümə gününə məxsusdur, başqa günlərdə isə vacib deyil.
[48] Nisa surəsinin 93-cü ayəsində buyurulur: وَمَن يَقْتُلْ مُؤْمِنًا مُّتَعَمِّدًا فَجَزَآؤُهُ جَهَنَّمُ خَالِدًا فِيهَا «Qəsdən mömin öldürənin cəzası cəhənnəmdir və əbədi olaraq orada qalacaqdır»;
[49] Rə’d surəsinin 6-cı ayəsində buyurulur: وَإِنَّ رَبَّكَ لَذُو مَغْفِرَةٍ لِّلنَّاسِ عَلَى ظُلْمِهِمْ «Sənin Rəbbin camaatın etdiyi zülm və sitəmə görə bağışlayandır». Bağışlanan zülm dedikdə, kiçik günahlar nəzərdə tutulur.
[50] Muzzəmmil surəsinin 20-ci ayəsində olduğu kimi فَاقْرَؤُوا مَا تَيَسَّرَ مِنَ الْقُرْآنِ1 «Mümkün olan qədər Qur’an oxuyun». Deməli, onun az oxunmasını da qəbul edir, çox oxunmasını isə bəndələrin öz ixtiyarına qoyub və bunu etməyən kəsin boynuna bir şey gəlməz.
[51] Onların savaba çatmaq üçün həmin Evdə izdihamlı hərəkətləri, təşnə dördayaqlıların su başına toplaşması kimidir.
[52] Ora getmək üçün Qur’ani–Kərimin Həcc surəsinin 27-ci ayəsində buyurulduğu kimi: وَأَذِّن فِي النَّاسِ بِالْحَجِّ يَأْتُوكَ رِجَالًا وَعَلَى كُلِّ ضَامِرٍ يَأْتِينَ مِن كُلِّ فَجٍّ عَمِيقٍ «Ey İbrahim, xalqı səslə və onu həccə dəvət et. Xalq sənin tikdiyin Evə minikləri zəif, arıq dəvə olsa da belə hər uzaq yoldan atlı–piyada gələr,