“Səcdə” surəsi
Rəhman və Rəhim Allahın adı ilə!
- Əlif, Lam, Mim.
- Bu, aləmlərin Rəbbi tərəfindən nazil edilmiş bir kitabdır. Onda heç bir şəkk-şübhə yoxdur.
- Ya da onlar: “(Mühəmməd) bunu özündən uydurmuşdur!” – deyirlər. Lakin bu, səndən əvvəl heç bir qorxudanın gəlmədiyi cəmiyyəti qorxutmağın üçün Rəbbinə aid haqq sözdür. Bəlkə doğru yola yönələlər.
- Allah göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra da ərşdə qərarlaşan varlıqdır. Sizin Ondan başqa nə bir haminiz, nə də bir şəfaətçiniz vardır. Məgər diqqətli olub xatıralamayacaqsınız?
- O, bu dünyanın göydən (tutmuş) yerə qədər bütün işlərini idarə edir. Sonra da sizin hesabınızla min ilə bərabər olan bir gündə Ona doğru yüksəlir.
- O, gizli və aşkarı bilir, yenilməz qüdrət sahibidir, mərhəmətlidir.
- O, həmin varlıqdır ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmışdır. O, insanı ilk olaraq palçıqdan xəlq etdi.
- Sonra onun nəslini bir damla dəyərsiz sudan yaratdı.
- Sonra onu şəkilə saldı və ona Öz ruhundan üfürdü, sizə qulaqlar, gözlər və ürək verdi. Siz Onun nemətlərinə az şükür edirsiniz!
- Onlar dedilər: “Biz torpağın içində yox olandan sonra yenidənmi yaradılacağıq?” Doğrusu, onlar öz Rəbləri ilə qarşılaşacaqlarını inkar edirlər.
- De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da sizi Rəbbinizə qaytaracaqlar!”
—————————————————-
“Səcdə” surəsinin ümumi məzmunu: Bu surə Məkkədə nazil olduğu üçün Məkkə surələrinin əsas sujet xəttini təşkil edən xilqət, məad, müjdə və qorxutmaq mövzularını ehtiva edir və bir neçə hissəyə bölünür:
- Quranın əzəməti. 2. Allahın göydəki və yerdəki nişanələri. 3. İnsanın torpaqdan və sudan yaranması, nütfə, ilahi ruh, elm əldə etmək üçün zəruri olan vasitələrin verilməsi. 4. Qiyamət, ondan əvvəl baş verəcək hadisələr, yəni ölüm. 5. Müjdə və qorxutma məsələsində təhrikedici rol oynayan məsələlər. 6. İsrail oğullarının tarixinə qısa bir baxış. 7. Keçmiş xalqların taleyi və acı aqibətləri ilə bağlı qısa bir xatırlatma. 8.
Tövhid və Allahın əzəmət nişanələrinə yenidən qayıdış. 9. Surə inadkar düşmənləri təhdidlə sona yetir.[1] - Min günə bərabər gün: Təfsirçilər bu ayə ilə bağlı müxtəlif versiyalar irəli sürmüşlər. Ancaq digər ayələr və bu ayənin təfsiri ilə bağlı olan ayələrə nəzər saldıqda məlum olur ki, Allah bu dünyanı yaradıb, yerə və göyə xüsusi nizam bəxş edib, insanlara və digər varlıqlara həyat libası biçib. Ancaq dünyanın sonu çatdıqda bu nizamı dəyişəcək, günəş qaralacaq, ulduzlar sönəcək, Quranın buyuruğu ilə desək, “o gün səmanı yazılı dürmək kimi bükəcəyik. Yaradılışı heçdən yaratdığımız kimi, yenidən qaytaracağıq”[2], bundan sonra yeni bir nizam-intizama və daha geniş bir dünya sisteminə start veriləcək. Bu məzmuna Quranın digər ayələrində də rast gəlirik (Rum-27, Yunus-34). Bu və sonda bütün işlərin Allaha qayıdacağından bəhs edən cümlələrə (Hud-123) nəzər saldıqda, bu ayədə də dünyanın başlanğıcından, idarəçiliyindən, sonundan və Qiyamət gününün baş verəcəyindən danışıldığı aydın olur. Bütün bu deyilənlərə əsasən ayənin məzmunu belə olur: Bütün kainat Allah tərəfindən, məna aləmi tərəfindən idarə edilir, sonra da Qiyamət günü bütün bunlar Allaha doğru qayıdacaq. Dünya işlərinin Allaha doğru qaldırılacağı min illik bir gün deyilərkən Qiyamətin beş mərhələsindən biri nəzərdə tutula bilər. Belə ki, “Məaric” surəsinin 4-cü ayəsində Allah-taala belə buyurmuşdur: “Mələklər və ruh əlli min ilə bərabər olan bir gündə Ona doğru yüksələcəklər” Hədislərin birində İmam Sadiq (ə) belə buyurmuşdur: “Qiyamətdə əlli dayanacaq var. Hər dayanacağın müddəti sizin saydığınız min ilə bərabərdir.” Daha sonra “Məaric” surəsinin bu ayəsini buyurmuşdur: “Müddəti əlli minə bərabər olan o gündə.”[3]
- Ölüm mələyi: Quranın bir çox ayələrindən məlum olur ki, Allah bu dünyanı bir qrup mələk vasitəsilə idarə edir (Naziat-5). Çünki Öz istəklərini vasitələrlə icra etmək Allahın dəyişməz qanunudur. Mələklərdən bir qrupu insanların canlarını almaq vəzifəsi daşıyır (Nəhl-22 və 28). Onların başında ölüm mələyi dayanır. Bu mələk haqqında çoxlu hədislər nəql olunmuşdur. Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Xəstəliklər və bəlalar ölümün qasidləri və elçiləridir. İnsanın ömrü başa çatdıqda ölüm mələyi enərək deyir: “Ey Allahın bəndəsi, sənə nə qədər xəbər dalınca xəbər, elçi dalınca elçi göndərdim? Ancaq mən sonuncu xəbərəm, artıq məndən sonra xəbər yoxdur. Rəbbinin çağırışını öz istəyinlə və ya məcburi olaraq qəbul et.” Sonra onun canını aldqıda və yaxınlarının ah-naləsi göyə ucaldıqda o qışqıraraq deyər: “Kimin üçün fəryad qoparır, ah-nalə edirsiniz? And olsun Allaha, mən ömrünün sonunda ona heç bir zülm etmədim, ruzisini yemədim. Onu Rəbbi çağırdı. Ona görə də hər kəs özü üçün ağlasın. Mən sizin aranıza o qədər qayıdacağam ki, bir təkiniz belə qalmayacaq.”[4] Bəzi hədislərdən ölüm mələyinin adının Əzrail olduğu məlum olur.[5]
- Kaş ki, günahkarların öz Rəbləri qarşısında başlarını aşağı dikərək: “Ey Rəbbimiz! Vəd verdiyini gördük və eşitdik. Bizi geri qaytar ki, yaxşı işlər görək. Həqiqətən də, biz qəti inandıq!” – dediyini görəydin!
- Əgər istəsəydik, hər bir insanı ona lazım olan doğru yola (zorla) yönəldərdik. Lakin (Mən onları azad buraxmışam) sözüm və vədim haqdır: “Cəhənnəmi bütün (günahkar) cin və insanlarla dolduracağam!”
- Bu gününüzlə qarşılaşacağınızı unutduğunuza görə dadın (Cəhənnəm əzabını)! Biz də sizi unutduq. Etdiyiniz əməllərə görə dadın əbədi əzabı!
- Ayələrimizə ancaq o kəslər iman gətirirlər ki, bu ayələrimiz onlara xatırlanarkən təkəbbür göstərmədən səcdəyə qapanır, Rəblərinə həmd-səna və tərif deyirlər.
- Onlar gecə yarısı böyürlərini yataqdan qaldırır (yerlərindən qalxır), öz Rəblərini qorxu və ümidlə çağırır, onlara verdiyimiz ruzilərdən Allah yolunda xərcləyirlər.
- Onlar üçün göz oxşayan hansı böyük mükafatların gizlədildiyini heç kəs bilmir. Bu, onların etdiyi əməllərin mükafatıdır.
- Məgər möminlə fasiq eynidir? Xeyr! Bu ikisi əsla bərabər ola bilməz.
- İman gətirib yaxşı işlər görənləri gördükləri əməl qarşılığında əbədi Cənnət bağları gözləyir.
- Fasiqlərə gəldikdə isə, onların yeri oddur. Hər dəfə onlar oradan çıxmaq istədikdə yenidən oraya qaytarılacaq və onlara deyiləcək: “İnkar etdiyiniz odun əzabını dadın!”
—————————————————————————————-
- Səcdə edilməsini tələb edən ayələr: Bu ayə Quranın vacib səcdəsi olan ilk ayəsidir. Bu ayəni oxuyan və ya eşidən hər bir şəxsin səcdə etməsi vacibdir. Bu səcdə üçün dəstamaz almaq vacib deyil. Sadəcə ehtiyat vacibə əsasən səcdə edilərkən alın səcdədə şərt hesab edilən yerə (torpağa, daşa və s.) qoyulmalıdır.[6] Quranın vacib səcdəsini yerinə yetirərkən insan səcdə niyyəti etməlidir. Səcdəni elə yerinə yetirməlidir ki, kənardan həmin adamın səcdə etdiyi bəlli olsun. Bu səcdə üçün namazda vacib olan, ayıb yerlərin örtülməsi, səcdə edilən yerin pak olması, səcdə edilən yerin ayaq, əl və diz səviyyəsindən hündür olmaması, böyük barmaqların ucunun yerə qoyulması və sair kimi şərtlər vacib deyil. Baxmayaraq ki, ehtiyat bu qaydalara riayət edilməsini tələb edir. Quranın vacib səcdəsinin xüsusi bir zikri yoxdur. Səcdə qəsdi ilə alnı yerə qoymaq kifayətdir. Zikr (subhanəllah vəlhəmdulillah və sair) demək isə müstəhəbdir. Yaxşı olar ki, səcdə zamanı bu zikr deyilsin: “La ilahə illəllahu həqqən həqqa, la ilahə illəllahu imanən və təsdiqa, la ilahə illəllahu ubudiyyətən və riqqa, səcədtu ləkə ya rəbbi təəbbudən və riqqa, la mustənkifən və la mustəkbirən, bəl ənə əbdun zəlilun, zəifun, xaifun, mustəcir.”[7] Səcdənin vacib olduğu digər üç ayə bunlardır: Fussilət-37, Nəcm-62, Ələq-19.
16-17. Heç kəsin bilmədiyi böyük mükafatlar: Qiyamət dünyası bu dünyadan çox-çox böyükdür. Hətta Qiyamətlə bu dünyanın müqayisəsini ana bətnindəki körpənin həyatı ilə bu dünya həyatının müqayisəsinə bənzətmək olar. Qiyamət aləminin müqayisə nisbəti daha böyükdür. Bu böyüklük dünyanın dörd divarı arasında həbs edilmiş bizlər üçün təsəvvürəgəlməzdir. Biz onun haqqında yalnız eşidirk və bizə xəyal kimi görünür. O dünyanı görüb dərk etməyincə onun əhəmiyyətini də dərk etmək bizə mümkün deyil. Anasının bətnində olan körpəni buna misal göstərə bilərik. Əgər anasının bətnində olan körpə üçün tam ağıl və dərk fərz etsək belə, bu dünya nemətlərini dərk etmək qeyri-mümkün olacaq. Qüdsi hədislərinin birində Peyğəmbər (s) Allahın belə buyurduğunu qeyd etmişdir: “Saleh bəndələrimə elə nemətlər hazırlamışam ki, nə göz görüb, nə qulaq eşidib, nə də kiminsə fikrinə gəlib.”[8] Bu ayənin təfsirini ehtiva edən hədislərdə gecəni oyaq qalmaq və gecə namazının qılınmasına xüsusi əhəmiyyət verildiyinin şahidi oluruq. İmam Sadiq (ə) buyurmuşdur: “Elə bir yaxşı əməl yoxdur ki, Quranda ona bəlli bir mükafat təyin edilməsin. Təkcə gecə namazıdır ki, çox böyük dərəcəyə malik olduğu üçün Allah onun mükafatını açıq şəkildə buyurmamışdır. Allah-taala “onlar üçün nəyin gizlədildiyini heç kəs bilmir ”, – deyə buyurmuşdur.” Əlbəttə, hədislərdə mükafatı yalnız Allaha bəlli olan başqa əməllər haqqında da məlumat verilmişdir. Belə ki, hədislərinin birində İmam Sadiq (ə) belə buyurmuşdur: “Bir möminə yemək verib onu doyuzduran şəxsə axirətdə hansı mükafatın veriləcəyini aləmlərin Rəbbi olan Allahdan başqa heç kəs bilmir.”[9]
- Böyük əzabdan əvvəl Biz onlara yaxın əzabdan daddıracağıq ki, bəlkə qayıtsınlar.
- Rəbbinin ayələri yadına salındıqdan sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər? Biz günahkarlardan mütləq intiqam alacağıq.
- Biz Musaya kitab verdik. Sən onun Allahın ayələrini qəbul etdiyinə şübhə etmə. Biz onu İsrail oğullarına doğru yol göstərən vasitə etmişdik.
- Səbir etdiklərinə və ayələrimizə qətiyyətlə inandıqlarına görə Biz əmrimizlə onlardan doğru yolu göstərən rəhbərlər təyin etmişdik.
- Sənin Rəbbin Qiyamət günü ixtilafda olduqları məsələlər barəsində onların arasında hökm verəcəkdir.
- Yurdlarında gəzib-dolaşdıqları əvvəlki neçə-neçə nəsilləri məhv etməyimiz onların doğru yola yönəlməsi üçün kifayət etmədimi? Bunda nişanələr vardır. Onlar eşitmirlərmi?
- Məgər onlar quru yerə su axıdıb onunla həm heyvanlarının, həm də özlərinin qidalandığı tarlaları yetişdirdiyimizi görmürlər? Görmürlərmi?
- Onlar: “Əgər doğru danışırsınızsa, (deyin görək) bu qalibiyyətiniz nə vaxt olacaqdır?” – deyirlər.
- De: “Qələbə günü iman gətirməyin kafirlərə heç bir faydası olmayacaq və onlara möhlət də verilməyəcəkdir”.
- İndi ki belədir, onlardan üz çevir və gözlə. Onlar da gözləyirlər. (Sən Allahın rəhmətini, onlar isə əzabını).
—————————————————————————————-
- Musa (ə) və Allahın ayələri: Peyğəmbərə və İslamı qəbul etmiş ilk möminlərə ürək-dirək vermək, əvvəlki ayələrdə də barələrində məlumat verilmiş müşriklərin iftiraları qarşısında möminləri səbirli və dözümlü olmağa çağırmaq, müsəlmanların sonda inadkar kafirlər üzərində qələbə çalacağı və onların yer üzünün öndərləri olacağının müjdəsini vermək üçün bu ayədə Musa (ə) və İsrail oğullarının əhvalatına ötəri işarə edilmişdir. Musa (ə) böyük peyğəmbərlərdən olduğu üçün həm yəhudilərin, həm də xristianların ona inamı var idi. Buna görə də kitab əhlinin İslama meyl göstərməsində motivasiya rolunu oynaya bilərdi. “Min liqaihi” birləşməsindəki “hi” (o) bitişən əvəzliyinin cümlədə kimi və ya nəyi ifadə etməsi ilə bağlı müxtəlif ehtimallar irəli sürülmüşdür. Bəzi təfsirçilər bu əvəzliyin Musaya (ə) aid olduğunu qeyd etmişlər. Bu yanaşmaya görə, cümlənin mənası belə olur: Ey Mühməmməd, Musanın ruhu ilə görüşəcəyinə şübhən olmasın. Bəziləri bitişən əvəzliyin kitaba, yəni Qurana aid olduğunu ehtimal etmişlər. Bu yanaşma ilə məna belə olur: Ey Mühəmməd, Quranın Allah tərəfindən vəhy olunduğuna şübhən olmasın. Bəziləri bitişənəvəzliyin Allaha aid olduğunu irəli sürmüşlər. Yəni məada heç bir şübhən olmasın. Əslində, böyük ehtimalla bitişən əvəzlik kitaba (Tövrata) aiddir. Bu zaman isə bitişən əvəzlik cümlənin obyekti, Musa (ə) isə subyekti olur. Nəticədə, cümlənin ümumi mənası belə olur: Musanın Allahın kitabı ilə görüşə nail olduğuna, onun Allah tərəfindən göndərilən bu kitabı aldığına şübhən olmasın.[10]
- Əmr nədir? Burada əmr deyilərkən şəriət (Allahın şəriət əmrləri), yoxsa obyektiv əmrin (Allahın yaranış aləmi üzərindəki hökmü) nəzərdə tutulması ilə bağlı fikir ayrılıqları olsa da, ayənin məzmunu birinci mənanın nəzərdə tutulduğunu deməyə əsas verir. Hədislər və təfsirçilər də birinci mənanın olduğunu təsdiq edir. Lakin bəzi böyük təfsirçilər burada obyektiv əmrin nəzərdə tutulduğunu iddia etmişlər. Belə ki, ayə və hədislərdə haqq yola yönəltmənin (hidayətin) iki mənasının olduğu göstərilmişdir: yolu göstərmək; məqsədə çatdırmaq. İlahi rəhbərlərin bələdçiliyi hər iki vasitə ilə həyata keçir. Bəzən onlar, sadəcə, əmr və qadağa ilə kifayətlənir, bəzən isə layiqli və potensialı olan insanların qəlblərinin dərinliklərinə nüfuz edərək onları mənəvi məqamlara çatdırırlar. Bəzi ayələrdə əmr sözü obyektiv əmr mənasında işlədilmişdir. “Yasin” surəsinin 82-ci ayəsində belə buyurulmuşdur: “Bir şeyi istədiyi zaman Onun əmri yalnız ona: “Ol!” deməkdir. O da dərhal olar.” Sözügedən ayədə də “Bizim əmrimizlə yönləndirirlər” cümləsi eyni mənadadır. Yəni onlar Allahın qüdrəti ilə tutumu olan ruhlara nüfuz edən, ali və insani hədəflərə çatdıran rəhbərlər idilər.[11]
- Qələbə günü: Qələbə günü deyilərkən hansı günün nəzərdə tutulması ilə bağlı müxtəlif ehtimallar irəli sürülmüşdür. Birincisi, möminlərlə kafirlərin ayrılacağı Qiyamət günü. Möminlər əbədi xoşbəxtliyə, kafirlər isə əbədi Cəhənnəmə gedəcəklər. İkincisi, bu dünyadakı yaxın əzab (21-ci ayədə də buna işarə edilmişdir) və ya dünyada kafirlərdən intiqam alınması. Buna görə də bəziləri həmin gün ilə Bədr döyüşünə işarə edildiyini ehtimal etmişlər. Çünki öldükdən və əzabı gördükdən sonra gətirəcəkləri imanın kafirlərə heç bir faydası yoxdur. Bəziləri burada Məkkənin fəthinə işarə edildiyini qeyd etmişlər. Çünki uzun illər Peyğəmbərlə (s) düşmənçilik etmiş inadkar kafirlərin gətirdiyi iman həqiqi iman deyildi. Onların ikiüzlülük və riyakarlıq edərək gətirdikləri imanın onlara heç bir xeyri yoxdur. Bu ayədə Allahın axırzamanda Peyğəmbərlə (s) ümməti arasında hökm verəcəyi də nəzərdə tutula bilər. “Yunus” surəsinin 47-ci ayəsində də buna işarə edilmişdir: “Hər ümmətin bir peyğəmbəri vardır. Onlara peyğəmbər gəldiyi zaman aralarında ədalətlə hökm olunar və onlara zülm edilməz!” Əlbəttə, 30-cu ayənin məzmunundan belə başa düşülür ki, qələbə və fəth deyilərkən axirətdə deyil, dünyadakı qələbə nəzərdə tutulur.[12] Ehtimallar arasında ən çox həqiqətə yaxın olanı “qələbə günü” deyilərkən bu dünyadakı əzabın göndərilməsinin nəzərdə tutulduğu irəli sürülən ehtimaldır. Kafirlərin kökünü kəsmək üçün göndərilmiş bu əzab zamanı onların iman gətirməsinə macal verilmir. Başqa sözlə desək, tamamilə məhv etmək üçün göndərilmiş əzab bütün bəhanələrə son qoyacaq dəlillər tam təqdim edildikdən sonra, günahkarların kökünü kəsmək üçün göndərilmiş dünya əzabıdır.[13]
[1] Nümunə, c.17, səh.104
[2] Ənbiya surəsi, 104-cü ayə
[3] Nümunəyə istinadən, c.17, səh.115; Əl-Mizan, c.16, səh.252
[4] Nümunə, c.17, səh.140
[5] Təfsiri-Bürhan, c.6, səh.197
[6] Nümunə, c.17, səh.145
[7] Dörd müctehidin risaləsi, Lətif Raşidi, Peyame-mehrab, səh.268
[8] Nümunə, c.17, səh.150
[9] Əl-Mizan, c.16, səh.275
[10] Nümunə, c.17, səh.163
[11] Nümunə, c.17, səh.167
[12] Əl-Mizan, c.16, səh.273
[13] Nümunə, c.17, səh.176