“Sad” surəsi
Rəhman və Rəhim Allahın adı ilə!
- Sad. Xatırladan Qurana and olsun!
- Kafirlər təkəbbür və ixtilaf içindədirlər.
- Biz onlardan öncə də neçə-neçə nəsilləri məhv etmişik. Əzab nazil olanda onlar yalvarıb imdad diləyirdilər, lakin artıq xilas vaxtı keçmişdi.
- Öz aralarından onlara qorxudan bir peyğəmbərin gəlməsinə təəccübləndilər və kafirlər dedilər: “Bu, çox yalançı bir sehrbazdır!
- O, bütün bu tanrıları bir tanrımı ilə əvəz etdi? Bu, qəribə bir şeydir”.
- Onların adlı-sanlı adamları çıxıb gedərək dedilər: “Gedin öz məbudlarınızdan bərk-bərk yapışın. Bu, (onların sizi sapdırmaq) istədikləri bir şeydir.
- Biz bunu sonuncu dində eşitməmişik. Bu, uydurmadan başqa bir şey deyil.
- Məgər içimizdən Quran təkcə onamı (Mühəmmədə) vəhy edilmişdir?” Əslində, onlar Mənim vəhyimə şəkk gətirirlər. Onlar Allahın əzabını hələ dadmayıblar.
- Yoxsa sənin qüdrətli və bəxş edən Rəbbinin rəhmət xəzinələri onlardadır?
- Ya da göylərin, yerin və onların arasında olanların üzərindəki hakimiyyət onlaramı məxsusdur? (Əgər belədirsə,) qoy onda mümkün olan istənilən vasitə ilə göylərə qalxsınlar (və vəhyin Peyğəmbərə nazil olmasının qarşısını alsınlar).
- Bunlar müttəfiq qrupların məğlubiyyətə uğramış kiçik bir dəstəsidir.
- Onlardan əvvəl Nuh və Ad qövmü, qüdrət sahibi olan Firon da (peyğəmbərlərimizi) yalançı saymışdılar.
- Həmçinin Səmud, Lut qövmü və Əykə əhli (Şüeybin qövmü) də. Bunlar müttəfiq dəstələr idi.
- Hər biri elçiləri yalançı hesab etdi və Allahın cəzası onların haqqında gerçəkləşdi.
- Onlar (bu əməlləri ilə) yalnız və yalnız heç bir möhlət və qayıdışı olmayan səmavi səs gözləyirlər.
- Onlar dedilər: “Ey Rəbbimiz! Bizim əzab payımızı hesablaşma günü gəlməmişdən əvvəl, çox tez ver!”
————————————————————————————
“Sad” surəsinin ümumi məzmunu: Bu surənin məzmununu beş hissəyə bölmək olar: 1. Tövhid, şirklə mübarizə, İslam peyğəmbərinin peyğəmbərliyi, müşrik düşmənlərin bu iki mövzu qarşısında inadkarlıq göstərməsi. 2. Allahın doqquz peyğəmbərinin, xüsusilə Davud (ə), Süleyman (ə), Əyyub (ə) peyğəmbərin həyat tarixindən fraqmentlər qeyd edilmiş, onların həyatlarında və dəvətləri zamanı qarşılaşdıqları çətinliklərdən söhbət açılmış, bununla da ciddi təzyiqlərə məruz qalmış ilk müsəlmanlara dərs verilmişdir. 3. Üsyankar və yağı kafirlərin Qiyamətdəki aqibətindən, onların Cəhənnəmdə bir-biri ilə apardıqları mübahisələrin təsviri verilmiş, imansız kafirlərə aqibətlərinin necə olacağı göstərilmişdir. 4. İnsanın yaranışı, onun böyük məqam sahibi olması, mələklərin Adəmə (ə) səcdə etməsindən danışılmış, insanın yüksəliş və eniş qövsü arasında nə qədər böyük məsafə olduğu başa salınmışdır. 5. İnadkar düşmənlər təhdid edilmiş, İslam peyğəmbərinə təsəlli verilmiş, çağırışının qarşılığı olaraq kimsədən haqq və muzd istəməməsi, habelə kiminsə ağrı-acı çəkməsini diləməməsindən bəhs edilmişdir.[1]
1-3. Kafirlər, təkəbbür və ixtilaf: İmam Baqir (ə) hədislərinin birində belə buyurmuşdur: “Əbu Cəhl və bir dəstə qüreyşli Peyğəmbərin (s) əmisi Əbutalibin yanına gedib dedilər: “Qardaşın oğlu bizi və tanrılarımızı incidir, narahat edir. Onu çağır və tapşırıq ver, tanrılarımızdan əl çəksin. Əvəzində biz də onun tanrısını söyməyək. Əbutalib Peyğəmbərin (s) dalınca adam göndərir. Peyğəmbər (s) otağa daxil olanda içəriyə göz gəzdirir, Əbutalibi dövrəyə alan adamların hamısının müşriklər olduğunu görür. “Salam olsun hidayət ardınca gedənlərə”, – deyə salam verir, sonra oturur. Əbutalib onların sözlərini Peyğəmbərə (s) çatdırır. Peyğəmbər (s) buyurur: “Onlar bir cümlədə mənimlə razılaşıb, həmin cümlə sayəsində bütün ərəblərdən üstün olmağa, onların üzərində hökmran olmağa hazırdırlarmı?” Əbu Cəhl: “Bəli, razıyam! Qəsd etdiyin cümlə hansıdır?” – deyə cavab verir. Peyğəmbər (s) buyurur: “Deyin: La ilahə illəllah”. Orada olanlar bu cümləni eşitdikdə elə qorxuya düşürlər ki, barmaqlarını qulaqlarına tutub, sürətlə oranı tərk etdilər. Çıxarkən isə belə deyirlər: “Biz bunu sonuncu dində eşitməmişik. Bu, uydurmadan başqa bir şey deyil.” Ardınca Allah-taala bu surənin 1-7-ci ayələrini göndərir.”[2]
- Məğlub olmuş kiçik qoşun: Bu ayə yelbeyin və özündənrazı kafirləri təhqir səciyyəsi daşıyır. “Hunalikə” (ora, oraya, orada) uzağı ifadə edən işarə əvəzliyidir. Deməli, bu cümlədə müşriklərin Məkkəyə nisbətən uzaqda yerləşən Bədrdəki məğlubiyyətinə işarə edilmişdir. “Əhzab” (koalisiya, tərəfdar dəstələr, ayrı qrupların ittifaqı) deyilərkən Peyğəmbərə (s) qarşı mübarizə aparan qruplar nəzərdə tutulur. Allah-taala onların hamısını məhv etmişdir. Müşriklər həmin qruplara aid olan kiçik bir qrupdur. Onlar da mənsub olduqları koalisiyanın aqibətini yaşayacaqlar. Gələcək ayələrdə bu faktın şahidi olacağıq. Bu surə Məkkə surələrindəndir. Allah-taala bu sözü müsəlmanlar azlıqda olduqları vaxt buyurmuşdur. Həmin vaxt müşriklər onları bir tikə kimi uda bilərdilər. Həmin vaxt müsəlmanların qalib gələcəyindən heç bir əsər-əlamət olmamış, Bədr, Əhzab və Hüneyn müharibələri baş verməmişdi. Ancaq Quran qətiyyətlə bu inadkar düşmənləri məğlubiyyətə uğrayacaq kiçik bir qoşun adlandırır. Bu gün də Quran hər tərəfdən təcavüzkar qüdrətlərin mühasirəsində olan dünya müsəlmanlarına müjdə verir, onlara Allahla olan əhdlərinə sadiq olacaqları təqdirdə Onun da koalisiyaları məğlubiyyətə uğradacağı ilə bağlı verdiyi vədinə əməl edəcəyini bəyan edir.[3]
- Onların söylədiklərinə qarşı dözümlü ol və çox-çox tövbə edən qüdrətli qulumuz Davudu yadına sal!
- Biz dağları ona ram etmişdik. Onlar axşam və səhər onunla birlikdə tərif deyirdilər.
- Biz quşları da toplu halda ona ram etdik. Hamısı ona tərəf qayıdırlar.
- Biz onun hakimiyyətini möhkəmləndirdik, ona elm və ədalətli hökm çıxarmaq qabiliyyəti verdik.
- Onun mehrabına qalxıb şikayət edənlərin əhvalatı sənə gəlib çatıbmı?
- Onlar Davudun yanına daxil olduqda onları görüb qorxdu. Dedilər: “Qorxma! Biz iki şikayətçiyik. Birimiz digərinin haqqını tapdalamışdır. Aramızda ədalətlə hökm ver, haqsızlıq etmə və bizə düz yolu göstər!
- Bu, mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu, mənim isə bircə qoyunum vardır. İsrarla: “Onu mənə ver!” – dedi və mübahisədə mənə üstün gəldi”.
- (Davud) dedi: “O, sənin qoyununu öz qoyunlarına qatmaq üçün istəməklə sənə qarşı haqsızlıq etmişdir. Şəriklərin çoxu bir-birinin haqqını tapdalayar. Yalnız iman gətirib yaxşı işlər görənlərdən başqa. Onların sayı isə çox azdır!” Davud Bizim onu (bu hadisə ilə) sınağa çəkdiyimizi başa düşdü. Buna görə də Rəbbindən bağışlanma dilədi, səcdəyə qapanıb tövbə etdi.
- Biz bu davranışı ona bağışladıq. O, Bizim yanımızda yüksək məqam sahibi və aqibəti yaxşı olanlardandır.
- Ey Davud! Biz səni yer üzündə xəlifə təyin etdik. Elə isə insanlar arasında ədalətlə hökm ver, nəfsin istəyinə uyma, yoxsa o, səni Allahın yolundan azdırar. Allahın yolundan azanları hesablaşma gününü unutduqları üçün şiddətli bir əzab gözləyir.
————————————————————————————-
21-25. Davudun (ə) böyük sınağı: Quranın bu ayələrindən belə başa düşülür ki, şikayət etmək üçün onun mehrabına iki nəfər qalxır. Davud (ə) əvvəl qorxur, sonra şikayətçinin şikayətini dinləyir. Şikayətçi deyir: Mənim bir, qardaşımın doxsan doqquz qoyunu var. O deyir ki, bu bir dənəni də mənə ver. Davud şikayətçinin haqlı olduğunu bildirir, bu tələbin qarşı tərəfə zülm və haqsızlıq olduğunu deyir. Sonra öz qərarından peşman olur, Allahdan bağışlanılma diləyir, Allah da onu bağışlayır. Burada iki nüans daha çox diqqət çəkir: 1. Sınaq; 2. Bağışlanma diləyi və tövbə. Quran bu iki mövzudan heç birini digərindən ayırmır. Ancaq bu ayələrin konteksti və ayələrin təfsirini ehtiva edən ayələrdən belə məlum olur ki, Davud (ə) yüksək mühakimə istedadına malik olmuşdur. Buna görə də Allah onu sınağa çəkmək istəyir, qarşısına qeyri-adi bir hadisə çıxarır. Davud (ə) hökm çıxararkən azacıq tələskənlik edir, qarşı tərəfin fikrini öyrənmədən hökm çıxarır. Davudun qərarı ədalətli olsa da, mühakimə şərtlərindən kənar çıxmışdı. Ayələrdən də görünür ki, şikayətçi tərəflər onun qərarını eşitdikdən sonra qərarla razılaşır və heç nə demədən oranı tərk edirlər. Ancaq Davud (ə) fikrə dalır, ədalətli qərar verdiyini bilsə də, mühakimə şərtlərini pozduğunu, tələskənlik göstərdiyi başa düşür. O bilir ki, qarşı tərəfi də dinləməli, yalnız bundan sonra qərar qəbul etməli idi. Yanlışını başa düşür, dərhal daha yaxşını tərk etdiyi üçün Allahdan bağışlanılmasını diləyir. Allah da onu bağışlayıb əfv edir.[4]
- Azğınlıqların mənşəyi: Bu ayədən belə məlum olur ki, bütün sapmalar və azğınlıqlar Qiyamət gününü unutmaqdan qaynaqlanır. Bu prinsip məada diqqətin insanın tərbiyəsində nə qədər rol oynadığını açıq şəkildə göstərir. Bu mövzunu ehtiva edən hədislər çox böyük diqqət tələb edir. Peyğəmbər (s) və İmam Əliyə (ə) istinad edilən bir hədisdə belə deyilir: “Ay camaat! Hər şeydən çox iki şeyə düçar olacağınızdan daha çox qorxuram. Bunlar nəfsin istəklərinə tabe olmaq və uzun-uzadı arzulardır. Nəfsin istəklərinə tabe olmaq sizi haqdan uzaq salır, uzun-uzadı arzular Qiyaməti sizə unutdurur.” Bu cümlə qızıl hərflərlə yazılıb hər kəsin, xüsusilə dövlət rəhbərlərinin, hakimlərin, məsul şəxslərin görə biləcəyi bir yerdən asılmağa layiq bir cümlədir. İmam Baqir (ə) buyurmuşdur: “Üç şey insanı məhv edir: itaət göstərilən paxıllıq, itaət göstərilən nəfs, insanın özündən razı olması.”[5]
- Biz göyü, yeri və onların arasındakıları əbəs yerə xəlq etməmişik. Bu, kafirlərin gümanıdır. Vay o kafirlərin oddakı halına!
- Biz heç iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərə tay tutarıqmı? Ya da Allahdan qorxanları günahkarlara tay tutarıqmı?
- Bu bərəkətli kitabı, (insanların) onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də xatırlaması üçün sənə nazil etdik.
- Biz Davuda Süleymanı bəxş etdik. O, necə də gözəl qul idi! Çünki daima Allaha qayıdardı (Onu xatırlayardı).
- Bir dəfə axşam çağı ona cəld və itiqaçan atlar təqdim etdilər.
- Dedi: “Mən bu atları Allahıma xatir sevirəm (və onlardan cihadda istifadə etmək istəyirəm).” Gözündən itənə qədər (onlara baxmaqda davam etdi).
- “Onları yanıma qaytarın!” – dedi. O, atların qıçlarını və boyunlarını tumarlamağa başladı.
- Biz Süleymanı sınağa çəkib taxtının üstünə bir cəsəd atdıq. Sonra o, tövbə etdi.
- O dedi: “Ey Rəbbim! Məni bağışla və mənə məndən sonra heç kəsə nəsib olmayacaq bir səltənət ver. Həqiqətən, Sən bəxş edənsən.
- Biz də, onun əmri ilə istədiyi yerə sakitcə hərəkət edib getməsi üçün küləyi ona ram etdik.
- Həmçinin şeytanları da, onlardan olan bənnaları, dalğıcları
- və başqalarını da zəncirlənmiş halda (ona tabe etdik).
- (Və ona buyurduq:) “Bu, Bizim hədiyyəmizdir! İstədiyinə versən də, verməsən də səndən haqq-hesab tələb olunmayacaqdır”.
- O, Bizə yaxın olanlardandır və onun üçün gözəl qayıdış yeri hazırlanmışdır.
- Qulumuz Əyyubu da xatırla! Bir zaman o, öz Rəbbinə yalvarıb demişdi: “Şeytan məni əzab-əziyyətə salmışdır!”
- (Ona dedik): “Ayağını yerə vur! Bu sərin sulu bulaq yuyunmaq və içmək üçündür!”
————————————————————————————-
31-33. Süleyman (ə) öz ordusuna baxış keçirir: Bu ayə və hadisə ilə bağlı olan müxtəlif faktlardan belə başa düşülür ki, Süleyman (ə) axşamçağı itiqaçan və cəld hərəkət edən döyüş atlarına baxış keçirir, məmurlar döyüş atları ilə onun qarşısından keçirlər. Güclü ordu qurmaq ədalətli və nüfuzlu şah üçün ən zəruri məsələlərdən və itiqaçan miniklər də ordunun ən vacib hissəsi olduğu üçün Quranda bu məsələyə Süleymanın (ə) yüksək məqam sahibi olduğu qeyd edildikdən sonra toxunulur. Süleyman (ə) atlara olan marağının dünyapərəstlikdən qaynaqlanmadığını göstərmək üçün “mən bu atları Allaha xatir sevirəm və onlardan döyüşdə istifadə etmək istəyirəm”, – deyə əlavə edir. Atlar gözdən itənə qədər onlara baxır. Səhnə Süleyman (ə) üçün o qədər ürəkaçan olur ki, onları təkrar görmək istəyir. Məmurlar bu əmrə itaət göstərib atları qaytarırlar. Süleyman (ə) atları tumarlayır, onların qıçlarına və boyunlarına sığal çəkir, bununla da həm onlara baxanlara stimul verir, həm də öz təşəkkürünü ifadə edir. Hər hansı miniyə görə təşəkkür bildirərkən adətən, onun başına, üzünə, yalına, boynuna və ayağına tumar çəkirlər. Əlbəttə, Süleyman (ə) kimi böyük bir peyğəmbərin insanın yüksək hədəflərə çatmasında rol oynayan bir vasitəyə bu cür sevgi bəsləməsi heç də təəccüblü deyil.[6]
- Süleymanın (ə) çətin sınağa çəkilməsi: Təfsirçilər və mühəddislər bu ayəni təfsir edərkən hədislərə istinad etmiş, müxtəlif izahlar vermişlər. Bu təfsirlər arasında ən qanedicisi budur: Bir gün Süleyman (ə) ölkənin idarə edilməsi, xüsusilə düşmənlə müharibədə ona kömək edə biləcək abırlı və cəsur bir oğlunun olmasını arzu edir. Onun çoxlu arvadı var idi. Öz-özünə düşünür ki, hədəflərimə çatmaqda mənə kömək edəcək çoxlu övladım olacaq. Ancaq bu zaman bir anlıq diqqətsizlik edib bütün hallarda insanın Allaha təvəkkül etdiyini göstərən “inşallah” (Allahın izni ilə, Allah istəsə) ifadəsini demədiyi üçün heç bir arvadından övladı olmur. Təkcə bir övladı olur, o da dünyaya ölü gəlir. Həmin ruhsuz cəsədi gətirib Süleymanın (ə) taxtının üzərinə qoyurlar. Süleyman (ə) fikrə dalır və bir anlıq diqqətsizlik göstərdiyini və təkcə özünə güvəndiyini xatırlayıb bərk narahat olur. Buna görə də tövbə edib Allahdan bağışlanmasını diləyir. Bu ayəyə verilmiş ikinci izahda belə deyilir: Allah Süleymanı (ə) ağır bir xəstəliklə sınağa çəkir. İş o yerə çatır ki, Süleyman (ə) taxtında cansız bir ruh kimi yıxılıb qalır. Nəhayət tövbə edir, Allah da onu əvvəlki vəziyyətinə qaytarır.[7]
- Süleyman (ə) nə üşün belə bir hakimiyyət istəyir? Bu ayəni şərh edərkən İmam Kazim (ə) belə buyurur: “Hakimiyyət iki cürdür: Zülm və zor gücünə əldə edilmiş, Allah tərəfindən verilmiş. İkinciyə İbrahimin (ə) soyunu, Talut və Zülqərneynin hakimiyyətlərini misal göstərə bilərik. Süleyman (ə) əl açıb Allaha deyir, ey Rəbbim, mənə elə bir hakimiyyət bəxş et, heç kəs deyə bilməsin ki, bu, zor gücünə zülm və haqsızlıq edilərək insanlardan alınmışdır. Allah-taala küləyi…, şeytanları… Süleymana (ə) ram edir… ona quşların dilini öyrədir, hakimiyyətini yer üzündə bərqərar edir. Bununla da bütün insanlar onun hökumətinin insanların seçiminə əsaslanan, zülm və zor gücünə əldə edilmiş hökumətlərin heç birinin ona bənzəmədiyini başa düşürlər.” Daha sonra İmam Kazım (ə) belə buyurur: “And olsun Allaha! Süleymana (ə) və bütün peyğəmbərlərə verilənlərin hamısı bizə (Əhli-beytə) verilmişdir.” Bu hədis onu göstərir ki, Süleyman (ə) analoqu olmamış və olmayacaq deyil, insanların heç bir etiraz etməyəcəkləri, zülm və zor gücünə mənimsənildiyi iddia edilməyəcək bir hökumət istəyir. Allah-taala bu hökumətin zor gücünə alınmadığını, insanlar tərəfindən, Allah tərəfindən verildiyini göstərmək üçün onu heyrətamiz möcüzələrlə çulğalayır.[8]
- Bizdən bir mərhəmət və ağıl sahiblərinə bir xatırlama olsun deyə, ailəsini ona (yenidən) və üstəlik bir o qədər də bəxş etdik.
- (Ona dedik:) “Əlinə bir dəstə buğda çubuğu (və ya bənzər bir şey) götür və onunla (arvadını) vur. Andını pozma”. Biz onun dözümlü olduğunu gördük. O, Allaha çox-çox tövbə edən necə də gözəl bəndə idi!
- (Güclü) qolları və (görən) gözləri olan bəndələrimiz İbrahimi, İshaqı və Yaqubu xatırla!
- Biz axirət evini xatırlamağı onların əsas xüsusiyyəti etdik.
- Onlar Bizim yanımızda seçilmiş və yaxşılardandırlar.
- Hamısı yaxşılardan olan İsmaili, əl-Yəsəi və Zülkifli də xatırla!
- Bu, bir xatırlatmadır. Allahdan qorxanları gözəl bir qayıdış yeri gözləyir –
- qapıları onlar üçün açılmış əbədi Cənnət bağları.
- Onlar orada taxtlara dirsəklənəcəklər, qarşılarında çoxlu-çoxlu meyvələr və (Cənnətə məxsus) içkilər olacaq.
- Yanında gözlərini ərlərindən çəkməyən həmyaşıd zövcələri olacaq.
- Bunlar hesablaşma günü üçün sizə vəd olunanlardır.
- Bu, Bizim verdiyimiz tükənməz nemətdir.
- Bax belə (bu, təqva sahiblərinin mükafatıdır)! Hədlərini aşanları çox pis qayıdış yeri gözləyir –
- daxil olacaqları Cəhənnəm. Necə də pis yataqdır!
- Bu, dadmalı olacaqları qaynar su və irindir!
- Bunlardan başqa buna bənzər cəzalar da vardır.
- (Onlara deyiləcək): “Bu, sizinlə birlikdə Cəhənnəmə daxil olan dəstədir. (Onlar insanları haqq yoldan azdıran başçılardır.) “Onlara salam olmasın (rahatlıq üzü görməsinlər)! Hamısı odda yanacaq”.
- Onlar (öz başçılarına) deyəcəklər: “Xeyr, sizin özünüzə salam olmasın! Bunu bizə siz hazırladınız. Bura necə də pis qərar tutulan yerdir!”
- Deyəcəklər: “Ey Rəbbimiz! Bunu bizə kim hazırlayıbsa, onun əzabını odda ikiqat artır!”
- Əyyubun (ə) həyat yoldaşının xətası: Məşhur təfsirçi İbn Abbasa istinad edilən bir şərhdə belə deyilir: Şeytan (ya da şeytansifət bir adam) bir gün insan surətində Əyyubun (ə) həyat yoldaşının qarşısına çıxıb deyir: Mən sənin ərini müalicə edərəm. Ancaq bir şərtim var, sağalandan sonra sağalmasının yeganə səbəbkarının mən olduğunu desin, başqa bir haqq istəmirəm. Ərinin xəstəliyinin daha da şiddətlənməsindən bərk narahat olan arvad bu təklifi Əyyuba (ə) çatdırır. Bunun Şeytan tələsi olduğunu başa düşən Əyyub (ə) əsəbləşir və zövcəsini tənbeh edəcəyinə and içir. Başqa bir şərhdə deyilir ki, Əyyub (ə) onu bir iş dalınca göndərir, o isə gecikir. Əyyub (ə) xəstəlikdən əziyyət çəkdiyi üçün arvadını cəzalandıracağına and içir. Amma hər halda arvadı belə bir cəzaya layiq olsa da, Allahın peyğəmbərinə uzun müddət xidmət göstərdiyi üçün ayədə qeyd edilən əfvə layiq idi. Bir dəstə buğda samanı və ya xurma salxımının çubuğu ilə vurmanı Əyyubun (ə) öz andına sadiq qalması üçün deyil, Allahın adına hörməti qorumaq və qanun pozuntusunun yayılmaması üçün etdiyini hesab edirlər. Əlbəttə, bu cür davranış cəzaya layiq görülən tərəf əfv edildiyində və insanın əfv olunmaqla yanaşı, qanunun formal tərəfini qorumaq istədiyi təqdirdə məqbuldur. Əks təqdirdə, yəni cəzaya layiq görülən tərəf əfv olunmadığında bu davranış forması yolverilməzdir.[9] Daha ətraflı məlumat almaq istəyənlər “Ənbiya” surəsinin 83-cü ayəsinə baxa bilələr.
- Peyğəmbərlərə xas olan ixlas: “Ev” deyilərkən qeyd-şərtsiz olaraq axirət evi nəzərdə tutulur. Sanki ondan başqa heç bir ev yoxdur, ondan qeyriləri həmin evə doğru keçidlərdir. Peyğəmbərlər və Allah dostları axirət evini heç zaman unutmamış, baxışlarını bu dünyanın bir neçə günlük həyatı və ləzzətləri ilə məhdudlaşdırmamışlar. Onlar bu keçəri həyat üzərində nemətləri ilə birlikdə əbədi bir həyatın olduğunu görmüş və ona qovuşmaq üçün səy göstərmişlər. Başqaları da bəzən axirəti xatırlaya, xüsusilə dostlarından biri dünyasını dəyişdiyində və ya dəfn mərasimlərində, əzizlərinin anım məclislərində iştirak etdikləri vaxt təsirlənə və axirəti xatırlaya bilərlər, ancaq bu xatırlama xalis xatırlama olmur və ya dünya sevgisi ilə qarışmış xatırlama olur. Lakin Allah-taala xalis, dərin və davamlı xatırlama deyərkən fərqli bir məsələni nəzərdə tutur. Xalis xatırlamada Qiyamət günü hər zaman insanın gözləri önündə olur. Ayədə “xalis” deyilərkən məhz bu məna nəzərdə tutulur.[10]
- Əl-Yəsə və Zülkifl: Allah-taala bu ayədə iki böyük şəxsiyyətin adını çəkir, onların peyğəmbər olduğunu qeyd edib tərifləyir. Hədislərdə də bu ikisinin peyğəmbər olduğu bildirilmişdir. Katolikosla mübahisə edərkən İmam Rza (ə) belə buyurmuşdur: “Əl-Yəsə İsanın etdiklərini edirdi, suyun üzərində gedirdi, ölünü dirildirdi, kora şəfa verirdi, dəri xəstəliklərini sağaldırdı, ancaq ümməti onun Allah olduğunu söyləmirdi.” Hədislərinin birində İmam Cavad (ə) belə buyurmuşdur: “Zülkifl Davud oğlu Süleymandan sonra yaşamış, insanlar arasında mühakimə yürütmüşdür. Onun adı “Uveydiya” olmuşdur.”[11]
- Deyəcəklər: “Biz nə üçün pis adamlar hesab etdiyimiz kişiləri burada (Cəhənnəm odunda) görmürük?
- Biz onları məsxərəyə qoyurduq? Yoxsa (o qədər kiçikdirlər ki,) gözlər onları görmür?”
- Bu, Cəhənnəm sakinlərinin bir-biri ilə höcətləşməsi bir həqiqətdir.
- De: “Mən yalnız qorxudanam. Tək olan qalib Allahdan başqa məbud yoxdur”.
- Göylərin, yerin və onların arasında olanların Rəbbi yenilməz qüdrət sahibidir, bağışlayandır.
- De: “Bu, böyük bir xəbərdir,
- ancaq siz ondan üz döndərirsiniz.
- Uca aləmin sakinləri mübahisə edərkən mənim onlardan heç bir xəbərim yox idi.
- Mənə, yalnız mənim açıq-aydın qorxudan olduğum vəhy edilir.”
- Bir zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan yaradıram.
- Ona surət verib Öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin!”
- O zaman bütün mələklər səcdə etdi,
- yalnız İblisdən başqa! O təkəbbür göstərdi və kafirlərdən oldu.
- Dedi: “Ey İblis! Sənə Mənim Öz qüdrətimlə (iki əlimlə) yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa böyüklərdən olmuşdun?”
- Dedi: “Mən ondan daha yaxşıyam. Məni oddan, onu isə palçıqdan yaratmısan!”
- Dedi: “Səmalardan (və mələklərin sırasından) xaric ol! Sən Mənim dərgahımdan qovulmusan!
- Qiyamət gününə qədər lənətim sənin üzərində olacaqdır!”
- Dedi: “Ey Rəbbim! İnsanlar dirildiləcəkləri günə qədər mənə möhlət ver”.
- Dedi: “Sən möhlət verilənlərdənsən,
- amma müəyyən edilmiş günə və zamana qədər!”
- Dedi: “Sənin izzətinə and olsun ki, onların hamısını yoldan çıxaracağam;
- Onların arasından təkcə Sənin xalis bəndələrin istisnadır!”
——————————————————————————————-
62-63. Nə üçün pis adamlar hesab etdiyimiz kişiləri görmürük? Qiyamətdə Əbu Cəhl və Əbu Ləhəb kimi azğın liderlər Əmmar Yasir, Müseyyib və Bilal kimiləri Cəhənnəmdə görmədikdə ağılları başlarına gələcək və bir-birinə deyəcəklər: “Bəs bunlar necə oldu? Biz onları ictimai asayişi pozan, əcdadlarımızın qürur və iftixarlarını məhv etmək üçün ayağa qalxmış bir yığın pislər, quldur və dağıdıcı dəstələr adlandırırdıq. Biz onlara şər damğası vurmuşduq[12], dünyada onlara rişxənd edirdik. Bəlkə biz yanıldığımızı bilmirik, onlar xilas olublar, ya da gözlərimiz bizi aldadır, onlar da oddadırlar.”[13] İmam Sadiq (ə) səhabələrindən birinə belə buyurur: “Allah-taala Quranda siz Əhli-beyt davamçılarından söz açmışdır. Düşmənləriniz Cəhənnəmdə “biz nə üçün pis adamlar hesab etdiyimiz kişiləri burada (Cəhənnəm odunda) görmürük?…” soruşarlar. And olsun Allaha! Burada “kişilər” deyilərkən siz nəzərdə tutulursunuz. Bir qrup adam sizi düşmən hesab edir. And olsun Allaha! Siz Cənnətdə şad və xürrəm olacaqsınız. Halbuki Cəhənnəm sakinləri Cəhənnəmdə sizi axtaracaq.”[14]
- 67. Böyük xəbər: Bu hansı xəbərdir ki, bu ayədə ona işarə edilmiş və böyük olduğu vurğulanmışdır – Quran, Peyğəmbərin peyğəmbərliyi, Qiyamət, mömin kafirlərin aqibəti, Allahın təkliyi, yoxsa bunların hamısı birlikdə? Quran bütün bunları əhatə etdiyi, onları özündə cəm etdiyi və müşriklər ona etiraz bildirdikləri üçün onun nəzər nöqtəsi olması daha məqsədəuyğundur. Bu səmavi kitab, bu dünyanı yaradan yaradıcı tərəfindən endirilmiş böyük xəbər varlıq aləmi böyüklükdədir. Nazil olduğu vaxt böyük bir çoxluq onun böyüklüyünü dərk edə bilməmiş, bir qrup insan ona istehza etmiş, bir qrup onu cadu, başqa bir qrup isə şeir adlandırmışdır. Ancaq çox keçməmiş bu böyük xəbər öz batinini göstərmiş, insanlıq tarixinin axarını dəyişmişdir. Maraqlıdır ki, bu ayə hicrətdən əvvəl, müsəlmanların tamamilə gücsüz olduqları, qələbə qapılarının hamısının bağlı olduğu bir vaxt Məkkədə nazil olmuşdur. Hətta bu gün də bu xəbərin böyüklüyü dünya əhalisinə, hətta müsəlmanların özlərinə də tamamilə aydın deyil, gələcəkdə aydın olacaq. Quranın “siz üz döndərirsiniz” məzmunlu xitabı hələ də öz aktuallığını qoruyur. Müsəlmanların bu üz çevirməsi onların Allahın nemət çeşməsindən tam sirab ola, onun sayəsində inkişaf edə, fəxr və şərəf qüllələrini fəth edə bilməmələrinə səbəb olmuşdur.[15]
- Yuxarı aləmdə mübahisə: Şübhəsiz ki, mələklərin Allahla mübahisəsi olmamışdır. Ancaq Allah “Mən yer üzündə özümə bir xəlifə təyin edəcəyəm”, – deyə buyurduğu vaxt mələklər öz aralarında danışaraq deyirlər: “Qan töküb fəsad törədəcək bir şəxsi təyin edirsən?” Allah buyurur: “Mən elə həqiqətləri bilirəm ki, siz onları bilmirsiniz” (Bəqərə-30). Bu danışıq mübahisə adlandırılmış və Adəmin yaranışından bəhs edən sonrakı ayələr üçün giriş rolunu oynamışdır.[16]
- Buyurdu: “And olsun haqqa, haqq deyirəm!
- Cəhənnəmi səninlə və sənə tabe olanlarla dolduracağam!”
- (Ya peyğəmbər!) De: “Mən peyğəmbərlik vəzifəsinə görə sizdən heç bir mükafat istəmirəm və özümdən bir şey uydurmuram.
- Bu (Quran) aləmlərə bir xatırlatmadır.
- Siz onun verdiyi xəbəri bir müddətdən sonra eşidəcəksiniz!”
[1] Nümunə, c.19, səh.203
[2] Nümunə, c.19, səh.206
[3] Nümunə, c.19, səh.226
[4] Nümunə, c.19, səh.244
[5] Nümunə, c.19, səh.264
[6] Nümunə, c.19, səh.272
[7] Nümunə, c.19, səh.280
[8] Nurus-səqəleyn, c.6, səh.261; Pəyame-Quran, c.7, səh.129
[9] Nümunə, c.19, səh. 299
[10] Nümunə, c.19, səh.308
[11] Əl-Mizan, c.17, səh.217
[12] Nümunə, c.19, səh.325
[13] Əl-Mizan, c.17, səh.221
[14] Nümunə, c.19, səh.327
[15] Nümunə, c.19, səh.331
[16] Nümunə, c.19, səh.332