“Tur” surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

  1. And olsun Tur dağına!
  2. And olsun yazılmış kitaba –
  3. açılmış bir səhifə üzərində (olan kitaba)!
  4. And olsun Beytül-məmura (abad evə)!
  5. And olsun yüksəklmiş tavana!
  6. And olsun dolu və alovlanan dənizə!
  7. Rəbbinin əzabı, mütləq, olacaqdır.
  8. Heç nə onun qarşısını ala bilməyəcək.
  9. O gün göy şiddətlə titrəyəcək,
  10. dağlar yerindən qopub hərəkətə gələcəkdir.
  11. O gün vay halına yalan sayanların!
  12. O kəslərin ki, batil sözlər içində oynayırlar.
  13. O gün onları zorla Cəhənnəm oduna atacaqlar.
  14. (Onlara deyəcəklər:) “Bu, sizin inkar etdiyiniz Cəhənnəm odudur!

————————————————————————————

  1. Quran nöqteyi-nəzərindən insan yaranışının məqsədi: Hər kəsin öz-özünə verdiyi ən mühüm suallardan biri budur ki, biz nə üçün yaranmışıq? Allah natamam idimi ki, insanı yaratmaqla Öz natamamlığını tamamladı? Halbuki Allahın hər cəhətdən kamil və sonsuz bir varlıq olduğunu bilirik. Quran ayələrində insanın yaradılış məqsədi müxtəlif formalarda ifadə edilmişdir. “Mülk” surəsinin 2-ci ayəsində gözəl əməl cəhətdən insanın sınağa çəkilməsi bir məqsəd olaraq təqdim edilmişdir. “Təlaq” surəsinin 12-ci ayəsində Allahın elm və qüdrətindən xəbərdar olması göylərin və yerlərin yaradılış məqsədi kimi göstərilmişdir. “Hud” surəsinin 118-119-cu ayələrində bildirilir ki, insan Allahın rəhmətinə nail olmaq üçün yaradılmışdır. Nəzər nöqtəsi olan ayədə isə insanın yalnız ibadət etmək üçün yaradıldığı göstərilir. Allah-taala bu ayədə açıq şəkildə buyurur ki, cinləri və insanları yalnız Ona ibadət etməsi üçün yaradıb. Bu ayələrə azca diqqətlə baxdıqda onların arasında heç bir ziddiyyət olmadığının, əksinə, onların bəzisinin ilkin məqsəd, bəzisinin orta məqsəd, bəzisinin son məqsəd, bəzisinin isə nəticə olduğunun şahidi oluruq. Əsl hədəf isə bu ayədə qeyd edildiyi kimi, ibadət və bəndəlikdir, elm, qüdrət, imtahan, sınaq isə ibadət və bəndəlik yolu üzərində olan məqsədlərdir, Allahın rəhməti isə bəndəlik və ibadətin nəticəsidir. Əlbəttə, yaddan çıxarmamalıyıq ki, ibadət təkcə öz-özlüyündə mühüm əhəmiyyət daşıyan namaz və oruc kimi zahiri əməllərdən ibarət deyil, ibadət Allah qarşısında tam itaət göstərməkdir. Bəndəlik və ibadət bütün sahələrdə qeyd-şərtsiz itaətdən ibarətdir. Kamil bəndəlik budur ki, insan yalnız həqiqi məbud haqqında düşünür, Onun yolunda addım atır, Ondan qeyrisini, hətta özünü də unudur. Yaradılışın son məqsədi də məhz budur. Həmin məqsədə çatmaq üçün Allah imtahan və sınaq meydanı yaradıb, insana elm və ayıqlıq verib, nəticədə isə ona rəhmət okeanında qərq olmaq lütfü bəxş edib.[1]

“Tur” surəsinin ümumi məzmunu: Bu surə Məkkədə nazil olub. Surə yaxşılar, pak və təmiz insanlar, pislər, günahkarlar və cinayətkarların aqibətindən bəhs edir. Bundan əlavə burada müxtəlif etiqad məsələlərinə də toxunulur.[2]

1-6. Ayələrdə qeyd edilən andların izahı: “Tur” deyilərkən böyük ehtimalla Musaya (ə) vəhy nazil olan Turi-sina dağı nəzərdə tutulur. “Geniş səhifəyə yazılmış kitab” ifadəsi ilə lövhələr formasında nazil olan və səhifələr üzərində yazılmış Tövrata işarə edilir. “Beytül-məmur” sözü ilə bağlı iki versiya var: Birinci versiyaya görə o, Kəbə evidir. Çünki insanların ibadət etməsi üçün ilk tikilən, dövrümüzə qədər də abad qalmış ev məhz Kəbə evidir. İkinci versiyaya görə Kəbə evinə paralel olaraq göydə yerləşən və mələklərin ibadəti ilə abad olan evdir. Bu versiyaya bir çox hədislərdə də rast gəlinir. “Yüksəlmiş tavan” deyilərkən səma nəzərdə tutulur. Səmanın tavana bənzədilməsi ola bilsin ki, ulduz və planetlərin onu sıx şəkildə örtərək tavan şəklinə salmaları ilə bağlıdır. Ola bilsin ki, burada atmosfer təbəqəsi nəzərdə tutulur. Belə ki, o, yer küəsini tavan kimi möhkəm örtərək onu göydən yağan daş yağışlarından, kosmosdan gələn zərərli şüalardan qoruyur. “Bəhrül-məscur” sözünün də iki mənası var: dolu və alovlanan dəniz. Quran ayələri (Təkvir-6, İnfitar-2) və bəzi hədislərdə ikinci məna təsdiq edilir. Hədislərdə qeyd edilir ki, Qiyamət günü dənizlər yanacaq, oda çevriləcək. Bəzi hədislərdə də qeyd edilir ki, dənizlər, onlarda od yandırıldığı üçün quruyacaq.[3]

  1. Bu, sehrdir, yoxsa siz görmürsünüz?
  2. Oraya daxil olub yanın! Dözsəniz də, dözməsəniz də sizin üçün eynidir. Çünki sizə ancaq etdiyiniz əməllərin cəzası verilir”.
  3. Ancaq müttəqilər Cənnət bağları və bol nemətlər içindədirlər.
  4. Rəblərinin onlara bəxş etdiklərinə və onları Cəhənnəm əzabından xilas etdiyinə görə sevinirlər.
  5. (Onlara deyiləcək:) “Xeyirxah əməllərinizin əvəzi olaraq nuşcanlıqla yeyin, için!”
  6. Sıra ilə düzülmüş taxtlar üzərində bir-birinin yanında dirsəklənəcəklər. Biz onları iri qaragözlü hurilərlə evləndirəcəyik.
  7. Möminlərin imanda onların arxasınca gedən nəsillərini də (Cənnətdə) özlərinə qovuşduracağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs öz əməlinin girovudur.
  8. Onlara istədikləri meyvələrdən və ətlərdən bol-bol verəcəyik.
  9. Onlar Cənnətdə bir-birindən mənasız davranışlara və günaha təhrik etməyən pak şərabla dolu badələr alacaqlar.
  10. Ətraflarında onlara xidmət etmək üçün sədəf içindəki mirvarilər kimi yeniyetmə oğlanlar fırlanacaq.
  11. Onlar bir-birinə üz tutub (keçmişdən) soruşacaqlar.
  12. Deyəcəklər: “Biz ailəmiz içində olarkən (onların günahlarının bizə də bulaşacağından) qorxurduq.
  13. Amma Allah bizə minnət qoydu və öldürücü əzabdan qorudu.
  14. Biz əvvəllər Onu çağrırdıq. Çünki yaxşılıq edən və rəhmli olan Odur!”
  15. (Onlara) xatırlat! Sən öz Rəbbinin lütfü sayəsində nə kahinsən, nə də dəli!
  16. Yoxsa onlar: “O bir şairdir. Biz onun ölümünü gözləyirik!” – deyirlər?
  17. De: “Gözləyin, mən də sizinlə birlikdə gözləyirəm!”

———————————————————————————-

  1. Cənnət əhlinə qarşı böyük lütfkarlıq: Qiyamət günü Allahın möminlərə qarşı göstərəcəyi lütfkarlıqlardan biri budur ki, gözlərinə işıq bəxş etmək üçün onların mömin və sevdikləri övladlarını onlara qovuşduracaq. Əgər bu övladlar əməl cəhətdən büdrəmiş və təqsirkar olsalar, Allah əməlisaleh atalarının hörmətinə onları bağışlayacaq, dərəcələrini artıracaq. Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “İnsan Cənnətə daxil olduğu vaxt ata, ana, həyat yoldaşı və övladlarını axtaracaq. Ona deyiləcək: “Onlar sənin dərəcənə çatmayıblar”. Deyəcək: “Ya Rəbbim! Mən özümə və onlara görə əməl etmişəm.” Bu zaman övladlarının ona qovuşdurulmasına əmr veriləcək.” Övladların atanın dərəcəsinə yüksəlməsi məsələsində belə təsəvvür oluna bilər ki, atanın əməllərindən götürülüb övlada verilir. Ancaq ayənin davamında belə buyurulur: “Biz onların əməllərindən heç nə əskiltmirik”. Sonda isə belə buyurulur: “Hər kəs öz əməlinin girovundadır.” Buna görə də möminlərin əməllərinin və mükafatlarının azalıb-əskilməməsi heç də təəccüblü deyil. Çünki bu əməllər hər zaman insanla birlikdədir. Əgər Allah onların övladlarına lütfkarlıq və mərhəmət göstərib onları Cənnətdə təqvalılara qovuşdurursa, bu, Cənnətdəkilərin əməllərindən kəsilməsi nəticəsində baş vermir.[4]
  2. Mirvari kimi xidmətçilər: Allah Cənnət əhlinin nemətlərini tam edib, onlara hər şey verib, o cümlədən onlara yüksək səviyyədə xidmət göstərən xidmətçilər, ətraflarında dövrə vuran, onları pak şərabla sirab edən saqilər bəxş edib. Zahiri gözəllikləri, incə davranışları, gözəl əxlaqları, Cənnət əhlini elə məftun edəcək ki, dünyada olarkən Allaha itaət yolunda qatlaşdıqları bütün ağrı-acıları unudacaqlar. Quranın çox ayələrində Cənnətin xidmətçiləri sədəf içində olan mirvariyə bənzədilmişdir. Çünki bu gövhər o qədər şəffaf, gözəl və tərdir ki, ona heç bir hədd təyin etmək olmur. Sədəfdən çıxarılarkən isə o tamamilə başqa cür olur. Cənnətin xidmətçiləri də o qədər gözəl, ağbəniz və səfalıdırlar ki, sanki sədəfdən yeni çıxmış mirvarini xatırladırlar. “Onlar üçün” ifadəsi Cənnət sakinlərinin hər birinin özünə məxsus olan xidmətçiləri olduğunu göstərir. Cənnət qəm-qüssə yeri olmadığı üçün bu xidmətçilər Allahın xüsusi bəndələrinə xidmət göstərməkdən xüsusi zövq alacaqlar. Bir məsələni də qeyd etməliyik ki, “qılman” mənası qul deyil, yeniyetmə olan “qulam” sözünün cəmidir. Məlumdur ki, bu yaşda olanlar çevik, aktiv, şad və gülərüz olurlar. Ayə və hədislərə görə Cənnətdə ümumiyyətlə, xidmətçiyə ehtiyac olmayacaq. Nə istəyəcəklərsə, dərhal ona nail olacaqlar. Ancaq bu, Cənnət sakinlərinə qarşı Allah tərəfindən göstərilən yüksək hörmət və qayğının göstəricisidir. Bu ayədə onların konkret hansı xidmətləri göstərəcəkləri qeyd edilməsə də, digər ayələr onların işinin Cənnət sakinlərinə xidmət göstərmək, onlara növbənöv dadlı Cənnət içkiləri və yeməkləri verməkdən ibarət olduğu qeyd edilmişdir. Bir nəfər Peyğəmbərdən (s): “Xidmətçilər sədəfdəki mirvari kimidirlərsə, bəs xidmət göstərdikləri necədir?” – deyə soruşduqda buyurur: “Canım əlində olana and olsun ki, xidmət göstərilənlərin xidmətçilərdən üstünlüyü on dörd gecəlik ayın digər ulduzlardan üstünlüyü kimidir.”[5]
  3. Bu əməlləri onlara öz ağılları əmr edir, ya onlar həddi aşmış adamlardır?
  4. Ya onlar: “Quranı yalandan Allahın adına çıxırsan!” – deyirlər? Xeyr, onlar iman gətirmirlər.
  5. Əgər doğru söyləyirlərsə, onda ona (Qurana) bənzər bir kəlam gətirsinlər.
  6. Bəlkə onlar heçdən yaranıblar? Ya onlar öz-özlərini yaradıblar?
  7. Ya onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar yəqinlik axtarışında deyillər.
  8. Sənin Rəbbinin xəzinələrimi onlardadır? Ya onlar bütün kainatın hakimidirlər?
  9. Yoxsa onların, üstünə çıxıb vəhyin sirlərini dinlədikləri bir nərdivanlarımı vardır? Əgər onlardan bu iddiada olan varsa, qoy onda aydın bir dəlil gətirsin!
  10. Yoxsa qızlar Onun, oğlanlar isə sizindir?
  11. Yoxsa sən onlardan ağır yükü altında qaldıqları bir mükafat istəyirsən?
  12. Yoxsa onlar qeybi bilir və ona əsasən yazırlar?
  13. Yoxsa səninlə bağlı mənfur bir plan hazırlayırlar? Amma kafirlər bilsinlər ki, özləri o planın toruna düşəcəklər.
  14. Yoxsa onların Allahdan başqa bir məbudları var? Allah onların qoşduqları şəriklərdən uzaqdır.
  15. Əgər onlar göydən bir daş parçasının düşdüyünü görsələr: “Bu, topa buluddur!” – deyərlər.
  16. Sən onları ölümləri ilə görüşəcəkləri günə qədər tərk et!
  17. O gün tədbirləri onlara heç bir fayda verməyəcək və onlara kömək göstərilməyəcəkdir.
  18. Zalımlar üçün ondan qabaq bir əzab var. Lakin onların çoxu (bunu) bilmir.
  19. Rəbbinin hökmünün təbliğində dözümlü ol! Sən Bizim tam mühafizəmiz altındasan. Qalxdıqda Rəbbinə həmd və tərif de!
  20. Habelə gecə vaxtı Ona tərif de, bir də ulduzlar batandan sonra (səhər açılanda)!

————————————————————————————-

  1. Əgər doğru deyirlərsə, Qurana bənzər bir kəlam gətirsinlər: Bu, Quran möcüzəsini açıq şəkildə bəyan edən ayələrdən biridir, məzmunu təkcə Peyğəmbərin (s) dövrünə xas deyil. Cümlədəki xitab Quranın vəhy olması ilə bağlı şəkk-şübhəsi olan hər kəsə şamildir. Bu və eyni məzmunlu ayələrdə Quranın çağırış nidası çox yüksək olmuşdur. Peyğəmbərin (s) seçildiyi gündən və Quranın bu iddiasından bu vaxta qədər on dörd əsr keçir, bu müddət ərzində ona müsbət cavab verən tapılmamışdır. Doğrusu, nə üçün alimlər, xüsusilə uzun illər İslama qarşı təbliğata böyük vəsait xərcləyən kilsə xadimləri və yəhudilər Quranla mübarizəyə qalxmaq, “Qurana bənzər bir kəlam gətirsinlər” iddiasına cavab olaraq bir kəlam təqdim etmələri üçün mallarının bir hissəsini alim, ədib və söz bilicilərinin ixtiyarına vermirlər? Cavab aydındır. Quranın bu ümumi ecazkarlığı səmavi vəhyin orijinallığının canlı şahididir.[6]
  2. Peyğəmbərin (s) tam mühafizəsi: Ayənin ərəbcə orijinalındakı “sən bizim gözlərimiz önündəsən” cümləsi çox incə məna ifadə edir, həm Allahın elmindən xəbər verir, həm də Onun tam himayəsini və lütfkarlığını göstərir. Belə ki, insan böyük bir varlığın nəzarət etdiyini, himayəsində olanın bütün səy və fəaliyyətlərini gördüyünü, onu düşməndən qoruduğunu hiss etsə, həm özündə güc tapar, həm də daha çox məsuliyyətli olar.[7]

48-49. Allaha təriflər söylənilən vaxt: Allahla dərdləşmək, Ona ibadət etmək, təriflər söyləmək, pak və müqəddəs olduğunu etiraf etmək insana rahatlıq gətirdiyi üçün Allah-taala səbir və dözümlü olmaq göstərişi verdikdən sonra buyurur: “Qalxdıqda Rəbbinə həmd və tərif de!” – Sübh vaxtları ibadət etmək və namaz qılmaq üçün qalxanda, vacib namaz qılmaq üçün yuxudan qalxanda, məclis və yığıncaqlardan qalxanda Ona həmd və tərif de, ruhuna və canına Ona həmd və tərif deməklə işıq və səfa bəxş et, dilini Onu xatırlamaqla xoş ətirli et, Onu xatırlamaqdan yardım al, düşmənin xəyanətlərinə qarşı mübarizəyə hazır ol. Hədislərin birində belə deyilir: Peyğəmbər (s) məclisdən qalxarkən buyurdu: “Ey mənim Allahım, Sən ucasan, Sənə həmd edərək Səndən başqa məbud olmadığına şahidlik edirəm, Səndən bağışlanma diləyirəm, Sənə tövbə edirəm.” Soruşdular: Bunlar nədir belə, deyirsən? Buyurdu: “Bunlar Cəbrailin mənə öyrətdikləri, məclisdə baş verənlərin kəffarəsidir.”

Surənin son ayəsində belə buyurulur: Gecə vaxtı Ona tərif de, bir də ulduzlar batandan sonra. Təfsirçilərin çoxu “gecə vaxtı ona tərif de” cümləsi ilə gecə namazının, “ulduzlar batandan sonra” ifadəsi ilə dan yeri sökülməzdən əvvəl, ulduzlarn batdığı vaxt qılınan sübh namazının nafiləsinə işarə edildiyini qeyd etmişlər. Peyğəmbər (s) buyurmuşdur: “Sübh namazının iki rükət nafiləsi dünya və dünyada olanların hamısından yaxşıdır.”[8]

[1] Nümunə, 22, səh.384

[2] Nümunə, c.22, səh.408

[3] Nümunə, c.22, səh.411 və Əl-Mizan, c.19, səh.6

[4] Nümunə, c.22, səh.427

[5] Pəyame-Quran, c.6, səh.265

[6] Nümunə, c.22, səh.449

[7] Nümunə, c.22, səh.467

[8] Nümunə, c.22, səh.467