“Vaqiə” surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

  1. Böyük hadisə (Qiyamət) qopacağı zaman,
  2. heç kəs onu inkar edə bilməz.
  3. Bəzilərini alçaldacaq, bəzilərini də ucaldacaqdır.
  4. Yer şiddətlə titrədiyi zaman,
  5. dağlar bir-birinə çırpıldığı
  6. və (ətrafa) səpələnmiş toz-torpağa döndüyü zaman
  7. siz üç dəstəyə ayrılacaqsınız.
  8. (Birinci dəstə:) Xöşbəxtlər. Onlar necə də xoşbəxtdirlər!
  9. (İkinci dəstə:) Bədbəxtlər. Onlar necə də bədbəxtdirlər!
  10. (Üçüncü dəstə:) Öndə gedənlər, öndədirlər!
  11. Onlar (Allaha) yaxın olanlar
  12. Cənnətin nemət dolu bağlarında (olacaqlar).
  13. Onların çoxu əvvəlki nəsillərdən,
  14. az bir qismi də sonunculardandır.
  15. Onlar sıraya düzülmüş və bir-birinə birləşdirilmiş taxtlar üstündə
  16. qarşı-qarşıya əyləşib dirsəklənəcəklər.

———————————————————————————-

“Vaqiə” surəsinin ümumi məzmunu: Bu surədə Qiyamət və onun xüsusiyyətlərindən bəhs edilir. Bu məzmun surənin ayələrinin çoxunu əhatə edir.[1]

1-3. Böyük hadisə: Baş verəcəyi qəti olduğu üçün Qiyamət “Vaqiə” (hadisə) adlandırılmışdır. Hətta bəziləri hesab edir ki, o, Qiyamətin adlarından biridir. Bəzi təfsirçilər “kazibə” (yalan) sözünü məsdər kimi götürərək onu Qiyamətin heç kəsin inkar və təkzib edə bilməyəcəyi şəkildə zahir olacağı kimi izah etmişlər. Bəziləri isə bu sözü feli sifət kimi götürərək Qiyaməti heç bir kəsin inkar etməyəcəyi şəklində izah etmişlər. Hər halda Qiyamətdə təkcə kainat deyil, insanlar da dəyişəcək. 3-cü ayədə də buna işarə edilmişdir: Bəzilərini alçaldacaq, bəzilərini də ucaldacaqdır. İtaət göstərməyən təkəbbürlülər və yuxarı başda əyləşən zalımlar tənəzzülə uğrayacaq, zəif və məzlum möminlər, saleh bəndələr yüksək zirvələrə qaldırılacaqlar. Bir dəstə Cəhənnəm dərəsinə yuvarlanacaq, bir dəstə Cənnətin ən yüksək yerində qərarlaşacaq. İmam Səccadın (ə)  bu ayənin təfsirini ehtiva edən bir hədisində belə buyurulur: “Qiyamət alçaldandır. And olsun Allaha, o, Allahın düşmənlərini oda atacaqdır. Qiyamət ucaldandır. And olsun Allaha, o, Allahın dostlarını uca Cənnətə qaldıracaqlar.”[2]

7-14. Üç dəstə insan: Bu ayədə Qiyamət günü insanların vəziyyətinin necə olacağından və üç dəstəyə – öndə gedənlər, xoşbəxtlər və bədbəxtlərə bölünəcəklərindən danışılır. Möminlərin əmiri İmam Əlinin (ə)  bir hədisi bu mənanı yaxşı izah edir: 1. Yaxşı işdə öndə gedənlər xilas olacaq; 2. Əməldə gecikənlər bağışlanmaya ümid edəcəklər; 3. Vəzifələrinə laqeyd yanaşmış, nəfslərinin istəklərinə tabe olanlar Cəhənnəm oduna yuvarlanacaqlar.[3] Birinci “öndə gedənlər” ifadəsi ilə xeyir işdə öndə gedənlər, ikinci “öndə gedənlər” ifadəsi ilə isə Allahın rəhmət və mərhəmətinə ilk daxil olanlar nəzərdə tutulur. Onlar xeyir işlərdə öndə getdikləri üçün rəhmət və mərhəmət ilk olaraq onlara şamil olacaq, onların yeri Cənnətdir. Allah-taala bu dəstənin insanlarını dərgahına yaxın bəndələr adlandırır. Onlar ən xoşbəxt insanlardır. Bu məqam yalnız iradə və əməli ilə öz sahibinə tam itaət göstərən, yalnız onun istəklərini yerinə yetirən insanlara aiddir. Bu məqam Allahın himayəsi altına tam keçmək deməkdir. Onlar Allahın dostlarıdırlar.[4] Xeyir işlərdə önə keçmək ağıl parlaqlığının və qəlb səfasının nişanəsidirsə, bu qiymətli gövhərin başqa təsirləri də olacaqdır. Allah-taala “Muminun” surəsinin 57-61-ci ayələrində öndə gedənlərdən danışarkən onların xüsusiyyətlərini belə sıralayır: Rəblərinin qorxusundan əsim-əsim əsirlər, Rəblərinin ayələrinə iman gətirirlər, Rəblərinə şərik qoşmurlar, maliyyə öhdəliklərini yaxşı yerinə yetirirlər. Qəlblərində hər zaman Allah qorxusu var. Bu qorxu ona görədir ki, qayıdışa inanırlar. Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər.[5] Öndə gedənlərin çoxu keçmiş ümmətlərdəndir. Keçmiş ümmətlərin bir yerdə yüz iyirmi dörd min məsum peyğəmbəri olmuşdur. Bu ümmətin isə cəmi on dörd məsumu var. Məsumlar istisna olmaqla, İslam ümmətinin neçə nəfərinin bu dəstəyə aid olduğunu qətiyyətlə söyləyə bilmərik.[6] İbn Abbas Peyğəmbərdən (s) “öndə gedənlər, öndədirlər!” ayəsinin mənası haqqında soruşduqda Peyğəmbərin (s) Cəbrayilin (ə) bu barədə belə xəbər verdiyini buyurur: “Onlar Əli və onun Cənnətə doğru öndə gedən ardıcıllarıdır, Allah onlara ehtiram göstərdiyi üçün Allah dərgahına yaxın olan adamlardır.”[7]

  1. Əbədi təravət və əzəmətə malik (xidmətçi) yeniyetmələr onların ətrafında fırlanacaqlar;
  2. Cənnətdə axan bulaqlardan (pak şərab) doldurulmuş badələr, bardaqlar və qədəhlərlə –
  3. ondan başları ağrımaz və məst olmazlar,
  4. seçdikləri hər növ meyvələr
  5. və ürəklərindən keçən quş əti ilə.
  6. Onlar üçün iri qaragözlü hurilər var –
  7. sədəf içində gizlənmiş mirvariyə bənzər (hurilər).
  8. Bunlar onların etdikləri əməllərin mükafatıdır.
  9. Onlar orada nə boş söz, nə də günaha səbəb olan söhbət eşidəcəklər.
  10. Eşidəcəkləri yeganə söz “salam! Salam!” olacaq.
  11. Sağ tərəf yoldaşları və xoşbəxtlər. Nə xoşbəxtdir sağ tərəf yoldaşları!
  12. Onlar tikansız sidr ağacları arasında,
  13. bol yarpaqlı “təlh” ağacının kölgəsində,
  14. uzanmış kölgəlikdə,
  15. şəlalələr kənarında,
  16. bol meyvələr,
  17. tükənməz və qadağan edilməyən (meyvələr) içində
  18. uca məqamlı həyat yoldaşları ilə olacaqlar.
  19. Biz onlara (qadınlara) yeni biçim bəxş edəcəyik
  20. Onları bakirə qızlar edəcəyik –
  21. ərlərini sevən, gözəl danışan həmyaşıdlar.
  22. Bunlar hamısı sağ tərəf sahibləri üçündür.
  23. Onların bir qismi əvvəlki nəsillərdən,
  24. bir qismi də sonunculardandır.
  25. Sol tərəf yoldaşları. Nə bədbəxtdir sol tərəf yoldaşları!
  26. Onlar öldürücü küləklər və qaynar su içində,
  27. qalın və yandırıcı tüstülərin kölgəsində olacaqlar.
  28. O, nə sərindir, nə də rahatlıq gətirən.
  29. Onlar bundan əvvəl (dünyada) nemət içində məst olmuşdular,
  30. böyük günah işlətməkdə israr edirdilər
  31. və deyirdilər: “Biz ölüb torpaq və sür-sümük olduqdan sonra yenidənmi dirildiləcəyik?
  32. Yaxud bizim əcdadlarımız (dirildiləcəklərmi)?”
  33. De: “Əvvəlkilər də, sonrakılar da,
  34. hamısı vəd edilmiş bəlli bir gündə toplanılacaqlar.

———————————————————————————-

  1. Cənnətin ağaclarının ifadəli təsviri: Bu ayədə Cənnətin ağacları dilimizdə işlənən sözlərin imkanları çərçivəsində ifadəli şəkildə təsvir edilmişdir. Belə ki, sidr hündürlüyü qırx metrə çatan iri bir ağacdır. Deyilənə görə iki min il yaşayır, çox böyük və zərif kölgəsi olur. Bu ağacın yeganə nöqsanı tikanlı olmasıdır. Ancaq Allah-taala Cənnətdə bu ağacın tikansız olacağını buyurur. Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Allah o Cənnət ağacının tikanlarını təmizləyib və hər tikanın yerinə meyvə bitirib, hər meyvənin heç biri digərinə bənzəməyən yetmiş iki növ qidası vardır.”[8]

35-37. Cənnətdəki həyat yoldaşlarının təsviri: Bu ayələrdə Cənnətdəki həyat yoldaşlarının gözəlliyini ifadə edən dörd xüsusiyyətə işarə edilmidşir: Biz onlara yeni biçim bəxş edəcəyik. Yəni biz onları xüsusi görkəmdə və xüsusiyyətdə yaradacağıq. Gənc, yaşlı, gözəl və çirkin olmasından asılı olmayaraq, həyat yoldaşları Cənnətdə gəncliyin, gözəlliyin və cazibənin ən yüksək zirvəsində olacaqlar; Hamısını bakirə edəcəyik; Onlar yalnız öz həyat yoldaşlarını sevəcəklər. “Urub” sözü mənası öz həyat yoldaşına qarşı mehriban olan, yalnız ona naz-qəmzə edən, yalnız öz həyat yoldaşının aşiqi olan “ərub” sözünün cəmidir.[9] Bir-birinin hisslərini tam dərk etmək üçün həmyaşıddırlar, bir yerdə yaşamaq onlar üçün çox zövqlüdür.[10]

  1. Sağ tərəf yoldaşları: “Yəmin” ərəbcə sağ tərəfə deyilir. Sağ tərəf yoldaşları, yəni Allahın sınağından uğurla adlamanın göstəricisi olaraq əməl dəftərinin sağ əllərinə verilmiş xoşbəxt insanlar. “Süllət” sıx cəmiyyət deməkdir. Bu ayəyə əsasən həm özləri, həm də peyğəmbərlərinin sayı çox olduğu üçün keçmiş ümmətlərin öndə gedənlərinin sayı İslam ümmətinin öndə gedənlərinin sayından çoxdur. Buna görə də sağ tərəf yoldaşlarının çox hissəsini keçmiş ümmətlər təşkil edəcək. İslam ümmətinin də böyük bir hissəsi sağ tərəf yoldaşlarından olacaq. Çünki bu ümmətin də əməlisaleh və mömin bəndələri çoxdur.[11] Hədislərinin birində İslam peyğəmbəri (s) belə buyurmuşdur: “Mən ümidvaram ki, Cənnət sakinlərinin yarısını mənim ümmətim təşkil edəcək.” Sonra Peyğımbər (s) bu ayələri buyurmuşdur: Onların bir qismi əvvəlki nəsillərdən, bir qismi də sonunculardandır. Sağ tərəf yoldaşları Quranda üç mərhələ üzrə səciyyələndirilmişdir: 1. Dünya həyatında. Onlar Allahın əmr və qadağalarına tabe olurlar, dinin vaciblərinin çarxını əzmkarlıqla və usanmadan fırladırlar. Allaha bəndəlik vəzifəsini yerinə yetirməklə yanaşı başqalarını da buna cəlb edirlər (Bələd-11-18). 2. Ölüm vaxtı. Həmin vaxt üzləri gülür, tam rahatdırlar, heç bir narahatlıq onları incitmir (Vaqiə-90-91). 3. O biri dünyada. Əməl dəftərləri sağ əllərinə verilir. Sorğu-sualları asan olur, yoldaşlarının yanına böyük sevgi və fərəh içində qayıdırlar, Cənnətin ən yüksək yerində qərarlaşırlar. Cənnətin növbənöv nemətlərini heç bir zəhmət çəkmədən əldə edirlər (Haqqə-19, İnşiqaq-7-9, Haqqə-22-24).[12]
  2. Onlar nemət içində məst olmuşdular: Bu ayə sol tərəf yoldaşlarının cəhənnəmlik olmasının səbəbini onların nemətlər çoxluğundan yollarını azıb başlarını itirmələri ilə izah edir. “Mutrəfin” gününü Allahın nemətləri ilə xoş keçirib, buna görə də itaətsizlik göstərən şəxslərə deyilir. Onlar nemətlərin zövqü ilə elə sərməst olurlar ki, ondan yuxarısını unudurlar. Təbii ki, “mütrəfin” heç də yalnız varlı adamlar demək deyil, dünya malından nəsibinin az olmasına baxmayaraq, əlində olana tamamilə Allahı unudacaq dərəcədə bağlanan insan da ola bilər. Bu cür insanlar da “mütrəflər” sırasına daxildir.[13]

 

 

  1. Sonra, siz ey (doğru yoldan) azanlar, (haqqı) yalan sayanlar!
  2. Mütləq, zəqqum ağacından yeyəcəksiniz,
  3. qarınlarınızı onunla dolduracaqsınız,
  4. üstündən də qaynar su içəcəksiniz.
  5. Onu susuzluq xəstəliyinə tutulmuş dəvələr kimi içəcəksiniz”.
  6. Bu onların haqq-hesab günündəki ziyafətidir.
  7. Biz sizi yaratdıq. Bəs nə üçün (yenidən yaradılışı) təsdiq etmirsiniz?
  8. Rəhimlərə axıtdığınız nütfədən xəbərdarsınızmı?
  9. Onu siz yaradırsınız, yoxsa Biz?
  10. Aranızda ölümü Biz müəyyən etdik və heç kəs Bizdən önə keçə bilməz.
  11. Bir dəstəni başqa bir dəstənin yerinə gətirərik və sizə bilmədiyiniz bir dünyada yeni yaradılış bəxş edərik (kimsə Bizdən önə keçə bilməz).
  12. Siz birinci dünyadan xəbərdar oldunuz. Bəs necə olur ki, (ondan sonra bir dünyanın olacağını) xatırlamırsınız?
  13. Heç əkdiyiniz barəsində düşünürsünüz?
  14. Onu siz cücərdirsiniz, yoxsa Biz cücərdirik?
  15. Əgər Biz istəsək, onu döyülmüş saman çöpünə döndərər, siz də heyrətlənərsiniz
  16. (və deyərdiniz): “Doğrusu, biz ziyana uğradıq.
  17. Daha doğrusu, tamamilə məhrum olduq!”
  18. İçdiyiniz su haqqında düşündünüzmü?
  19. Onu buluddan siz endirmisiniz, yoxsa Biz endiririk?
  20. Əgər istəsək, bu şirin suyu acı və şor edərik. Bəs nə üçün şükür etmirsiniz?
  21. Yandırdığınız od haqqında düşünmürsünüzmü?
  22. Onun ağacını siz yaratmısınız, yoxsa Biz yaratmışıq?
  23. Biz onu yada salmaq və müsafirlərin istifadəsi üçün yaratdıq.
  24. Elə isə Ulu Rəbbinin adına təriflər de!
  25. Ulduzların (doğduğu və batdığı) yerlərinə and olsun!
  26. Kaş bunun çox böyük bir and olduğunu biləydiniz.

————————————————————————————–

58-59. İnsanın mürəkkəb varlığına diqqət: Nütfə üzərində aparşdırma aparan alimlər belə qənaətə gəliblər ki, insanın yaranmasında sperma (kişinin nütfəsi) və toxum (qadının nütfəsi) birləşməsi rol oynayır. Sperma çox kiçik mikroskopik bizquyruqlardır. Hər axıdılan miqdarda iki milyondan beş milyonadək bizquyruq ola bilər. Bu kiçik varlıq qadının nütfəsi ilə birləşdikdən sonra sürətlə inkişaf edir, başgicəlləndirici şəkildə çoxalaraq insanın bədən hüceyrələrini yaradır. Bu hüceyrələr zahirən bir-birinə bənzəsə də, qruplar şəklində ayrılaraq bir qrupu ürəyi, başqa bir qrupu əlləri, ayağı, bir başqası qulağı, gözləri təşkil edir və hər biri özünə aid yerdə qərarlaşır. Nə ürəyi təşkil edən hüceyrələr böyrəyin yerinə gedir, nə də böyrəyi təşkil edən hüceyrələr ürəyin yerinə. Xülasə, nütfə döl vaxtı heyrətamiz aləmlər qət edir, nəhayət, körpə surətində dünyaya gəlir. Bütün bunlar Allahın davamlı idarəçiliyi sayəsində baş verir. Halbuki insanın bu yaranışdakı sadə rolu təkcə nütfənin axıdldığı vaxt sona yetir. Məgər bu, qayıdışın həqiqət olması, Allahın ölüləri yenidən diriltməsi üçün bir dəlil deyilmi?[14]

63-65. Cücərdən Allahdır, yoxsa sizsiniz? Təbii ki, insanın işi yalnız əkməkdən ibarətdir, ancaq cücərtmək Allaha məxsus bir işdir. Hədislərinin birində İslam peyğəmbəri (s) belə buyurmuşdur: “Heç biriniz “cücərtdim” deməsin, “əkdim” desin. (Çünki həqiqi cücərdən Allahdır)”. Əkmək eynilə insanın uşağın yaranmasında oyandığı rola bənzəyir. Əkinçi dəni səpir və çıxıb gedir. Ancaq Allah toxumun içrəsində canlı bir hüceyrə yaradıb. Həmin hüceyrə əlverişli şəraitdə öncə toxumun içindəki maddələrdən istifadə edir, sonra cücərir, kök atır, heyrətamiz sürətlə torpaqdakı qida maddələrini mənimsəyir, bitkinin daxilində olan sirli vasitələr işə düşür, qeyri-adi bir aləm yaranır, gövdə, budaq, sünbül yaranır. Bəzən bir toxumdan yüzlərlə, minlərlə toxum qalxır. Alimlər hesab edirlər ki, bir bitkinin tərkibindəki təşkilatlanma böyük sənaye şəhəri və ya müxtəlif zavod və fabriklərdəki təşkilatlanmadan daha heyrətamiz və daha mürəkkəb olur. Belə bir qüdrətə malik olan varlıq ölülərini yenidən dirildə bilməzmi?[15]

  1. Bu şirin su kimin tərəfindəndir? Allah-taala bu ayədə insana başa salır ki, əgər Allah istəsəydi, suyun tərkibində olan duzların da su zərrəcikləri ilə birlikdə buxarlanmasına imkan verərdi, onlar da su ilə birlikdə havaya qalxar, şor və duzlu buludlar yaranar, yağış damcıları dəniz suyu kimi şor və duzlu yağardı. Ancaq o, bu duzlanmaya icazə vermir. Təkcə duzlanma deyil, hətta ziyanverici mikroblara da buxarla birlikdə havaya qalxıb yağış damcılarını çirkləndirməyə icazə vermir. Buna görə də əgər hava çirkli olmasa, yağış damcıları ən təmiz, ən saf və ən şirin su olar. Peyğəmbər (s) su içərkən belə deyərmiş: “Şükürlər olsun Allaha ki, bizi şirin və ləzzətli su ilə sirab etdi, onu bizim günahlarımıza görə acı və şor etmədi.”[16]

 

  1. Bu, ehtirama layiq Qurandır,
  2. qorunub saxlanılan kitabda (lövhi-məhfuzda) yer alır.
  3. Ona yalnız pak olanlar toxunur.
  4. Aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
  5. Siz bu kəlamı zəif və kiçik hesab edirsiniz?
  6. Sizə verilən ruzilərə görə şükür etmək əvəzinə, onu yalan sayırsınız?
  7. Bəs nə üçün (can) boğaza yetişdiyi zaman (onu geri qaytara bilmirsiniz)?
  8. O an siz yalnız baxırsınız.
  9. Biz ona sizdən daha yaxın oluruq, siz isə görmürsünüz.
  10. Madam ki siz haqq-hesab olunmayacaqsınız
  11. və doğru danışanlarsınızsa, onda, o canı geri qaytarın.
  12. Əgər o, (Allaha) yaxın olanlardandırsa,
  13. onda ruh və reyhana, bol nemətli Cənnətə yetişər.
  14. Əgər o, sağ tərəf yoldaşlarındandırsa,
  15. (onda ona): “Sağ tərəf yoldaşlarından sənə salam olsun!” – (deyilər.)
  16. Yox əgər o, (haqqı) yalan sayanlardan və (doğru yoldan) azanlardandırsa,
  17. Cəhənnəmin qaynar suyu ilə qarşılanacaq,
  18. Onun aqibəti Cəhənnəm oduna girmək olacaq.
  19. Bu, şübhə doğurmayan bir həqiqətdir.
  20. Elə isə ulu Rəbbinin adına təriflər de!

[1] Nümunə, c.23, səh.193

[2] Nümunə, c.23, səh.199

[3] Mənşuri-cavid, c.9, səh.436

[4] Əl-Mizan, c.19, səh.125

[5] Mənşuri-cavid,c.9, səh.437

[6] Ətyəbül-bəyan, c.12, səh.395

[7] Nurus-səqəleyn, c.7, səh.236

[8] Nümunə, c.23, səh.220

[9] Əl-Mizan, c.19, səh.128

[10] Nümunə, c.23, səh.225

[11] Nümunə, c.23, səh.219-216

[12] Mənşuri-cavid,c.9, səh.442

[13] Əl-mizan, c.19, səh.129

[14] Nümunə, c.23, səh.241

[15] Nümunə, c.23, səh.249

[16] Nümunə, c.23, səh.256