“Yasin” surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

  1. Ya Sin!
  2. And olsun hikmətli Qurana!
  3. Əlbəttə, sən göndərilmiş elçilərdənsən,
  4. doğru yoldasan.
  5. Bu Quran qüdrətli və rəhmli Allah tərəfindən nazil edilib ki,
  6. ataları qorxudulmamış, buna görə də özləri qafil olan bir qövmü qorxudasan.
  7. Əmr onların çoxu barəsində gerçəkləşdi. Buna görə iman gətirmədilər.
  8. Biz onların boyunlarına, çənələrinə qədər uzanan və başlarını dik saxlayan buxovlar keçirtdik.
  9. Biz onların önlərindən bir sədd, arxalarından da başqa bir sədd çəkdik və gözlərini bağladıq. Buna görə də onlar görmürlər.
  10. Sən onları qorxutsan da, qorxutmasan da, onlar üçün eynidir, iman gətirməyəcəklər.
  11. Sən ancaq Allahın bu xatırlatmasına tabe olub mərhəmətli Allahdan gizlində qorxan şəxsi qorxuda bilərsən. Beləsini bağışlanma və çox qiymətli bir mükafatla müjdələ.
  12. Həqiqətən, Biz ölüləri dirildir, onların qabaqcadan göndərdiklərini və özlərindən sonra qoyub getdikləri əməlləri yazırıq. Biz hər şeyi aydınlıq gətirən kitabda qeydə almışıq.

—————————————————————————————

“Yasin” surəsinin ümumi məzmunu: Bu surənin ehtiva etdiyi məzmunları dörd qrup üzrə ümumiləşdirmək olar: 1. İslam peyğəmbərinin (s) peyğəmbərliyindən və əzəmətli Qurandan danışılır; 2. Allahın göndərdiyi üç peyğəmbərin peyğəmbərlik missiyasından, onların tövhid inancına çağırış formasından, şirklə əzmkar mübarizələrindən bəhs edilir; 3. Mövcudat aləminin Allahın əzəmətini ehtiva edən nişanələri və Onun birliyini göstərən incəliklərdən danışılır. 4. Məad və onun müxtəlif dəlillərlə sübuta yetirilməsi, qəbirdən qalxma, dirilmə, Qiyamət gününün sual-cavabı, dünyanın sonu, Cənnət və Cəhənnəmdən söhbət açılır. Hədislərə əsasən bu surə Quranın qəlbi adlandırılmışdır.[1]

7-10. Dərketmə vasitələrinin yararsızlığı: 7-ci ayədə Şeytanın ardıcıllarına Cəhənnəm əzabı vəd verilir. Belə ki, Allah-taalanın “Səcdə” surəsinin 13-cü ayəsində belə buyurduğunu görürük: Mənim: “Cəhənnəmi, mütləq, bütün (günahkar və imansız) cin və insanlarla dolduracağam!” sözüm və vədim doğrudur. Əlbəttə, bu, Allahla olan əlaqəsini tamamilə kəsənlərə, inadkarlıq və əbləhliyi son həddə çatdıran şəxslərə aiddir. İnsan yalnız o zaman islah ola və doğru yola yönələ bilər ki, tövhid fitrətini çirkin əməllər və pis əxlaqla tamamilə zay etməsin. Əks təqdirdə qaranlıq onun bütün qəlbinə hakim kəsilər, bütün ümid işartılarını bağlayar. İnsanın ətraf aləmlə bağlı məlumat əldə etmək istədikdə istifadə etdiyi vasitələr idrak vasitələri adlanır. Bu vasitələrin bəzisi daxili, bəzisi xarici vasitələr adlanır. Daxili vasitələrə ağıl, vicdan və fitrəti, xarici vasitələrə, görmə, eşitmə və sair hiss üzvlərini misal göstərə bilərik. Əgər bu vasitələrdən doğru-düzgün istifadə edilsə, günbəgün güclənər, həqiqətləri daha yaxşı və daha dəqiq göstərər. Ancaq bir müddət yanlış yollarda istifadə edilsələr və islahat üçün onlardan istifadə edilməzsə, tədricən dəyişərək həqiqətləri yanlış göstərər. İnsanın yanlış düşüncələri və əməlləri idrak vasitələrini ondan alır. Deməli, bu nemətlərdən məhrum olmanın əsas səbəbkarı insan özüdür. Buna görə də Quran və hədislərdə israrla təkid edilir ki, insan hər hansı xətaya yol verdikdə dərhal tövbə etsin, tövbəni təxirə salmasın, günahı davam etdirməkdən çəkinsin, kiçik maneələri böyük səddə çevrilməzdən əvvəl dağıtsın, inkişaf yolunu açıq qoysun, gözləri önündəki toz-torpağı təmizləsin.[2]

  1. Aydınlıq gətirən rəhbər: Təfsirçilərin çoxu bu ayədəki “aydınlıq gətirən rəhbər” ifadəsini “lövhi-məhfuz” kimi izah etmişlər. Bu, edilən bütün əməllərin və bu dünyada baş verən bütün hadisələrin qeydə alınıb saxlanıldığı kitabdır. Onun rəhbər adlandırılması bəlkə də Qiyamətdə savab və əzab məmurlarına rəhbərlik edəcəyi və yol göstərəcəyi, insanların əməllərinin ölçülməsi, mükafat və cəzalarını təyin edəcəyi üçündür.[3] Hədislərdə “aydınlıq gətirən rəhbər” ifadəsi ilə İmam Əliyə (ə) işarə edildiyini oxuyuruq. İmam Əliyə (ə) aid olan hədislərin birində belə buyurulur: “And olsun Allaha, mən aydınlıq gətirən rəhbərəm. Haqqı batildən ayırıram, bu, mənə Peyğəmbərdən (s) miras qalıb.” Hədislərinin birində Peyğəmbərin (s) İmam Əli (ə) haqqında belə buyurduğunu oxuyuruq: “O, elə bir imamdır ki, Allah-taala bütün elmləri ona vermişdir.” Əlbəttə, bu hədislər ayənin daha öncə qeyd etdiyimiz mənası ilə heç bir təzad təşkil etmir. Çünki hədislərdə ayənin batini və daha üstün mənasına işarə edilmişdir. Belə ki, Allahın misilsiz hesab etdiyi və bəndəliyini Özünə görə xalis etdiyi bir bəndəsinə aydınlıq gətirən kitabdakı elmləri lütf etməsinin heç bir problemi yoxdur. Bu şəxs isə Peyğəmbərdən (s) sonra təkallahlıların rəhbəri olan İmam Əlidən (ə) başqası deyil.[4]
  2. Sən onlara o zaman elçilər gəlmiş şəhər (Antakya) sakinlərini misal çək.
  3. İki nəfəri onlara elçi göndərdiyimiz zaman onlar elçiləri yalançı saydılar. O ikisini qüvvətləndirmək üçün üçüncü şəxsi də göndərdik. Onlar dedilər: “Biz sizə göndərilmiş elçilərik”.
  4. Onlar isə dedilər: “Siz də bizim kimi sadəcə bir insansınız. Mərhəmətli Allah heç bir şey nazil etməmişdir. Siz ancaq yalan danışırsınız”.
  5. (Elçilərimiz) dedilər: “Rəbbimiz bilir ki, biz, həqiqətən də, sizə göndərilmiş elçilərik.
  6. Bizim vəzifəmiz ancaq açıq şəkildə çatdırmaqdır”.
  7. Onlar dedilər: “Biz sizdə nəhslik gördük. Əgər (bu sözlərinizə) son qoymasanız, sizi daşqalaq edəcəyik və ağrılı-acılı işkəncəmizə tuş gələcəksiniz.
  8. (Elçilər) dedilər: “Əgər doğru fikirləşsəniz, uğursuzluğunuz öz ucbatınızdandır. Doğrusu, siz həddi aşmış bir zümrəsiniz”.
  9. Şəhərin ən ucqar nöqtəsindən bir kişi sürətlə gəlib dedi: “Ay mənim qövmüm! Elçilərə tabe olun!
  10. Sizdən heç bir haqq istəməyən, özləri də doğru yolda olan şəxslərin ardınca gedin!
  11. Məni yaradan və hüzuruna qaytarılacağınız varlığa nə üçün ibadət etməyim?
  12. Mən heç Ondan başqa məbudlar qəbul edərəmmi? Əgər mərhəmətli Allah mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər.
  13. Əgər belə etsəm, açıq-aydın bir azğınlıq içində olaram.
  14. Mən sizin Rəbbinizə iman gətirdim. Elə isə, mənə qulaq asın!”
  15. (Nəhayət onu şəhid etdilər,) ona: “Cənnətə daxil ol!” – deyildi. O dedi: “Kaş qövmüm biləydi ki,
  16. Rəbbim məni bağışladı və məni hörmətli adamlardan etdi”.

—————————————————————————————

  1. Antakya şəhərinin sakinləri: Antakya Şamın ən qədim şəhərlərindən biridir. Bəziləri onun miladdan üç yüz il əvvəl salındığını qeyd edirlər. Bu şəhər keçmişdə sərvət, elm və ticarət baxımından Bizans imperatorluğunun üç böyük şəhərindən biri hesab edilirdi. Bu ayə ilə bağlı olan hədislərdə həzrət İsanın (ə) iki həvarisini əhalisi bütpərəst olan Antakya şəhərinə göndərdiyi qeyd edilmişdir. Həvarilər bu şəhərə gedib camaatı təkallahlıq inancına dəvət edir, dəvətlərinin doğru olduğunu sübuta yetirmək üçün xəstələrə şəfa vermək kimi möcüzələr göstərirlər. Şəhərin hakimi onları tutub həbs etdirir. Bu zaman həzrət İsa (ə) həvarilərin başçısı Şəmun Səfanı onların dalınca göndərir. O da şəhərin hakimini və camaatı allahpərəstliyə dəvət edir, möcüzələr göstərir. Quran ayələrindən belə məlum olur ki, şəhər sakinləri iman gətirmir və göy gurultusu vasitəsilə məhv edilirlər. Bəzi hədislərdə qeyd edilir ki, şəhər hakimi iman gətirmir, həm də şəhər əhalisi ilə əlbir olub həmin üç elçini qətlə yetirmək qərarına gəlir. Bu xəbər, haqqında 20-27-ci ayələrdə danışılan Həbib Nəccara çatır. O, şəhərin ən ucqar nöqtəsindən qaça-qaça gəlir, onlara xatırlatma verir, camaatı elçilərə itaət göstərməyə çağırır. Quran ayələrində onun da sonda bu kafir camaat tərəfindən qətlə yetirildiyi qeyd edilir. Hədislərdə bu haqq yolunun şəhidi haqqında qeyd edilmiş çox yüksək fikirlər Allah yanında onun çox yüksək məqam sahibi olduğundan xəbər verir. Hədislərinin birində İslam peyğəmbəri (s) belə buyurmuşdur: “Ümmətlərin bir göz qırpımı qədər də Allaha kafir olmayan ən qabacıl şəxsləri üç nəfərdir: Əli ibn Əbutalib, Barəsində Yasin surəsində danışılan şəxs (Həbib Nəccar) və Firon nəslinin mömini. Onlar öz dövrlərinin peyğəmbərlərini təsdiq etmişlər. Əli onların ən üstünüdür.” 26-cı ayədə Həbib Nəccar haqqında belə buyurulmuşdur: Ona: “Cənnətə daxil ol!” – deyildi. Bu ayə sözügedən mömin kişinin şəhid olan kimi Cənnətə daxil olduğunu göstərir. Bu iki hadisə arasındakı fasilə o qədər qısadır ki, Quran çox incə ifadə ilə Həbibin şəhid olması yerinə onun Cənnətə daxil olmasını bəyan etmişdir. Təbii ki, burada söhbət Bərzəx Cənnətindən gedir. Çünki hədislərdə əbədi Cənnətin möminlərə Qiyamət günü nəsib olacağı qeyd edilmişdir. Kafirlərə vəd edilən Cəhənnəm də həmin günə aiddir. Hədislərinin birində İmam Əli (ə) qəbir haqqında belə buyurmuşdur: “Qəbir ya Cənnət bağlarından, ya da Cəhənnəm quyularından biridir.” Diqqət çəkən cəhət budur ki, bu Allah adamı (Həbib Nəccar) şəhid olduqdan sonra da xalqının iman gətirməsini arzu etmişdir. Peyğəmbər (s) belə buyurmuşdur: “Bu imanlı kişi həm həyatda olduğu vaxt, həm də öldükdən sonra qövmünün xeyrini istəmiş, onların haqq yola yönəlməsini arzu etmişdir.”[5]

 

  1. Biz ondan sonra qövmünün üstünə göydən heç bir qoşun göndərmədik və heç göndərən də deyildik.
  2. Ancaq təkcə dəhşətli bir göy gurultusu oldu. Qəfildən hamısı sükuta qərq oldu.
  3. Doğru yola yönəltmək üçün gələn bütün peyğəmbərləri iztehza edən bu qulların vay halına!
  4. Onlar özlərindən əvvəl neçə-neçə qövmləri məhv etdiyimizi və onların bir daha bunların yanına qayıtmadıqlarını görmürlərmi?
  5. Onların hamısı hüzurumuza gətiriləcəklər.
  6. Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu diriltdik, oradan toxum çıxardırıq, onlar da ondan yeyirlər.
  7. Biz orada xurma bağları və üzümlüklər yaratdıq, bulaqlar qaynadıb çıxartdıq ki,
  8. onların meyvələrindən yesinlər. Halbuki onların yaranmasında heç bir rol oynamırlar. Allaha şükür etməyəcəklərmi?
  9. Yerin bitirdiklərindən, insanların özlərindən və bilmədiklərindən bütün cütləri yaradan Allah pakdır, müqəddəsdir.
  10. Gecə də onlar üçün bir dəlildir. Biz gündüzü ondan ayırıb çıxaran kimi, qəfildən onları qaranlıq bürüyür.
  11. Öz təyin olunmuş yerinə doğru daim hərəkətdə olan Günəş də (onlar üçün bir dəlildir). Bu, qüdrətli və bilən Allahın əzəli hökmüdür.
  12. Ay üçün də mənzillər müəyyən etmişik. Nəhayət, o dönüb xurma ağacının qövs şəkilli və sarı rəngli qurumuş budağının şəklini alır.
  13. Nə günəş aya çata, nə də gecə gündüzü keçə bilər. Onların hər biri öz orbitində üzür.

—————————————————————————————-

  1. Onların bilmədikləri şeylər: Böyük ehtimalla, “cüt” deyilərkən, bu ayədə qadın və kişi cinsi nəzərdə tutulur. Quranın bu ayəsində bütün bitkilər, insanlar və insanların bilmədiyi digər varlıqların cütlərinin olduğu xəbər verilir. “Onların bilmədikləri şeylər” deyilərkən, ola bilsin ki, o dövrdə xurma ağacları və sair istisna olmaqla, cüt olduqları insanlara hələ məlum olmayan bitkilər nəzərdə tutulmuşdur. Halbuki bu gün cütləşmə prosesinin bitki aləminə xas olan ümumi bir xüsusiyyət olduğu artıq sübuta yetmiş bir məsələdir. Ola bilsin ki, ayədə dənizlərin dərinliklərində yaşayan və o dövrdə heç kəsə məlum olmayan, bu gün yalnız bəzi növləri kəşf edilmiş heyvanat aləmi nəzərdə tutulmuşdur. Burada “cüt” deyilərkən atomların daxilindəki müsbət və mənfi yüklü zərrəciklərə işarə edildiyi də ethimal edilmişdir. Bilirik ki, bu dünyada bütün əşyalar atomdan təşkil olunmuş və atom bu kainat binası üçün sanki təməl daşı rolunu oynayır. Atom parçalanmayana qədər heç kəsin bu cütlükdən xəbəri olmamışdır. Atom daxilində müsbət və mənfi yüklü zərrəciklərin olması və onların ətrafına fırlanan elektronların mövcudluğu sonradan sübuta yetmişdir.[6]
  2. Ayın mənzilləri: Mənzillər deyilərkən tam qaranlıq olmazdan qabaq ayın qət etdiyi 28 günlük dayanacaqlar nəzərdə tutulur. Ayın otuz gün olduğu vaxtlarda ay iyirmi səkkizinci günə qədər səmada görünür. Ancaq iyirmi səkkizinci gün çox nazik, sarı rəngdə və az işıqlı olur. Qalan iki gündə görünmür. Ayın iyirmi doqquz gün olduğu vaxtlarda ay səmada iyirmi yeddinci günə qədər görünür, qalan iki gündə görünmür. Bu dayanacaqlar çox dəqiq hesablanmışdır. Belə ki, astronomlar yüz illər öncədən dəqiq hesablamalar əsasında onları təyin edə bilirlər. Bu heyrətamiz sistem insanların həyatına nizam-intizam bəxş edir. Bu, elə bir təbii səma təqvimidir ki, savadlı və ya savadasız olmasından asılı olmayaraq, hər kəs onu oxuya bilər. Əgər insan azacıq diqqətli olsa və ayrı-ayrı gecələri nəzərdən keçirsə, ayın vəziyyətindən hansı ayın hansı gecəsi olduğunu dəqiq və ya təxmini şəkildə təyin edə bilər. Ayın əvvəlində hilalın ucları yuxarıya doğru olur, tədricən ayın həcmi böyüyür, yeddinci gecəyə, yəni ayın tam diskinin yarısının aşkar olduğu vaxta qədər bu böyümə davam edir. Böyümə on dördüncü gecəyə yəni ayın tam bədirləndiyi vaxta qədər davam edir. Bundan sonra ay kiçilməyə doğru gedir və iyirmi birinci gün yarımdairə şəklini alır. Kiçilmə iyirmi səkkizinci günə qədər davam edir və zəif hilal formasını alır. Bu vaxt hilalın ucları üzüaşağı olur.[7]

 

  1. Onların övladlarını dolu gəmidə daşımağımız onlar üçün bir dəlildir.
  2. Biz onlar üçün buna bənzər minik vasitələri yaratdıq.
  3. Əgər istəsək, onları qərq edərik. Onda nə onların imdadına çatan olar, nə də onlar xilas ola bilərlər.
  4. Yalnız Bizim onlara rəhm etməyimiz və müəyyən vaxtadək bu həyatdan faydalanmaları istisnadır.
  5. Onlara: “Önünüzdə olan və arxanızca gələndən  (Allahın əzabından) qorxun ki, bəlkə sizə rəhm oluna!” – deyildikdə (etinasızlıq göstərirlər).
  6. Onlara öz Rəblərinin ayələrindən elə bir ayə gəlmir ki, ondan üz döndərməsinlər.
  7. Onlara: “Allahın sizə verdiyi ruzidən Allah yolunda xərcləyin!” – deyildikdə, kafirlər möminlərə deyirlər: “Allahın istədiyi təqdirdə yedirdəcəyi kimsəni bizmi yedirdək? Siz ancaq aşkar azğınlıq içindəsiniz”.
  8. Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?” – deyə soruşurlar.
  9. Onlar sadəcə, bir-biri ilə höcətləşərkən onları yaxalayacaq böyük bir səsi gözləyirlər.
  10. Onlar vəsiyyət edə və ailələrinin yanına qayıda bilməyəcəklər.
  11. Sur üfürüldüyündə onlar dərhal qəbirlədən çıxıb Rəblərinə tərəf sürətlə axışacaqlar.
  12. Deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, mərhəmətli Allahın vəd etdiyidir. Elçilər doğru deyirdilər”.
  13. Təkcə dəhşətli bir səsdir. Dərhal hamısı hüzurumuza gətiriləcək.
  14. Bu gün heç kəsə zərrə qədər haqsızlıq edilməyəcəkdir. Sizə ancaq etdiyiniz əməllərin əvəzi veriləcəkdir.

————————————————————————————-

  1. Öndən və arxadan: Təfsirçilər bu barədə müxtəlif fikirlər irəli sürmüşlər. Ümumiyyətlə, burada “öndən” deyilərkən dünya əzabları nəzərdə tutulur. Əvvəlki ayələrdə onlardan bir neçəsi qeyd edilmişdir. “Arxadan” deyilərkən isə axirət əzabları nəzərdə tutulur. Axirət əzabı üçün “arxadan” ifadəsindən ona görə istifadə edilib ki, hələ baş verməyib, sanki insanın ardınca hərəkət edir və nəhayət, bir gün ona çatacaq, onu yaxalayacaq. “Bu əzablardan qorunmaq deyilərkən”, onlara səbəb olan amillərdən qorunma nəzərdə tutulur. İnsan onu yaxalayacaq əzablara səbəb olan olan işlərdən uzaq durmalıdır.[8] İmam Sadiqin (ə) bu ayənin təfsirini ehtiva edən hədislərinin birində belə buyurulmuşdur: “Yəni önünüzdə olan günahlardan və arxanızca gələn cəzalardan qorunun.”[9]
  2. Allah yolunda xərcləməkdən boyun qaçırmaq üçün bəhanə: Bu ayədə kafirlərin dilindən nəql edilən fikir hər bir dövrdə eqoist və paxıl insanların gətirdikləri əsassız bəhanələrdəndir. Məsələn, əgər filankəs yoxsuldursa, yəqin elə bir iş tutub ki, Allah onun yoxsul olmasını istəyib, əgər varlıdırsa, yəqin elə bir iş görüb ki, Allah ona qarşı lütfkarlıq göstərib. Deməli, həm onların yoxsulluğu, həm də bizim zənginliyimiz əbəs deyil. Bu sözü deyən adam dünyanın imtahan meydanı olduğundan xəbərsizdir. Allah birini yoxsulluqla sınağa çəkir, başqasını var-dövlətlə. Bəzən bir insanı ayrı-ayrı vaxtlarda bu ikisi ilə sınağa çəkir. İnsan yoxsul olarkən əmanətə qarşı sədaqət nümayiş etdirirmi? Mətinlik nümayiş etdirib şükür edirmi? Habelə, varlı olduğu vaxt ixtiyarında olanlardan Allah yolunda xərcləyirmi? Əslində, obyektiv sistem Allahın bütün nemətlərini insanların ixtiyarına verməsini, kamilləşmələri üçün etdikləri əməllərdə onları azad buraxmasını, eyni zamanda onların hər bir insanı bir tərəfə sövq edən instinktlərlə təmin etməsini tələb edir. Subyektiv sistem isə instinktlərin cilovlanması, özünütəmizləmə, fədakarlıq, güzəşt, Allah yolunda xərcləmə, Allahın xəlifəsi məqamına çatma bacarığı və sair ilə özünütərbiyə qanunlarının təyin edilməsini tələb edir. İnsan Allahın xəlifəsi olmaq bacarığı ilə bu məqama çata bilər, zəkat vasitəsilə özünü islah edə, xərcləməklə paxıllığı qəlbindən silib ata, insan həyatında minlərlə fəsadın mənşəyi olan sinfi fasilələri aradan qaldıra bilər. Təsəvvür edin, bir nəfər deyir ki, bizim təhsil almağımıza və dərs deməyimizə nə lüzum var? Əgər Allah istəsəydi, bizim hamımıza elm verərdi və kiminsə təhsil almağa ehtiyacı qalmazdı. Hansı ağıllı bu məntiqi qəbul edər?[10]

49-53. Qiyamətin dəhşətli səsləri: 49-cu ayədə “səs” deyilərkən birinci surun ilk dəfə üfürülməsi nəzərdə tutulur. Bu üfürülmə zamanı hər kəsi bir anın içində olduğu yerdə və olduğu vəziyyətdə canından edən, döyüş və mübarizələr səhnəsinə çevrilmiş maddi çəkişmələrlə dolu həyatlarına son qoyan böyük səmavi səs ucalacaq. Hədislərinin birində İslam peyğəmbəri (s) belə buyurmuşdur: “İki nəfər parçalarını (süfrələrini) açacaq. Onu yığışdırmazdan əvvəl Qiyamət qopacaq. Bir nəfər tikəsini ağzına tərəf aparacaq, onu ağzına qoymazdan əvvəl Qiyamət qopacaq. Bir nəfər heyvanlarını suvarmaq üçün qabını doldurub onları suvarmazdan əvvəl Qiyamət qopacaq.” 51-ci ayədə ikinci sura işarə edilmişdir. İkinci sur üfürüləndə ölülər dirilib qəbirlərindən qalxacaqlar, çürümüş sümüklər və torpaqlar Allahın əmri ilə həyata qayıdacaq, ölülər qəbirlərindən dirilib qalxacaq, mühakimə olunmaq və hesabat vermək üçü nməhkəmədə hazır olacaqlar. Bir səslə öldükləri kimi, bir səslə də dirilib həyata qayıdacaqlar. Deməli, insanların ölməsi üçün uzun zamana lüzum olmadığı kimi, ölülərin dirilməsi və Allahın ədalət məhkəməsində iştirak etməsi üçün də uzun zamana ehtiyac yoxdur. Birinci səs ölüm əmri, ikinci səs həyata qayıdış və Allahın ədalət məhkəməsində iştirak əmridir.[11]

 

  1. Cənnət əhli həmin gün nemətlər içində şad-xürrəm olacaq.
  2. Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənəcəklər.
  3. Onlar üçün Cənnətdə çox dadlı meyvələr və istədikləri hər şey vardır.
  4. Rəhmli Rəbb tərəfindən onlara salam deyiləcək.
  5. “Bu gün ayrılın, ey günahkarlar!
  6. Ey Adəm övladları! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin? O, sizin açıq-aydın düşməninizdir,
  7. Mənə ibadət edin! Doğru yol budur!
  8. Çoxunuzu yoldan çıxarmışdır. Məgər düşünmürdünüz?
  9. Bu sizə vəd edilmiş Cəhənnəmdir.
  10. Bu gün oraya daxil olun və kafir olduğunuza görə orada yanın!”
  11. Bu gün onların ağızlarına möhür vurarıq, əlləri Bizimlə danışar, ayaqları etdikləri əməllər üçün şahidlik edər.
  12. Əgər istəsək, gözlərini kor edərik, sonra onlar yoldan keçmək üçün bir-birini qabaqlamağa çalışarlar. Amma necə görə bilərlər?
  13. Əgər istəsək, onları yerlərindəcə başqa bir şəklə salarıq, nə irəli gedə, nə də geri qayıda bilərlər.
  14. Kimə uzun ömür veririksə, onu xilqətcə tərsinə çeviririk. Məgər düşünmürlər?
  15. Biz ona (Mühəmmədə) şeir öyrətmədik, bu, ona heç yaraşmaz. Bu, ancaq xatırlatma və aydınlıq gətirən Qurandır ki,
  16. diri olanları qorxutsun və əzab əmri kafirlər üçün gerçəkləşsin.

—————————————————————————————–

  1. Cənnət sakinlərinin ən böyük neməti: Cənnətliklər Cənnətə daxil olan kimi Allah salamı ilə qarşılaşırlar. Əli ibn İbrahim bu ayəni təfsir edərkən belə yazmışdır: “Salam deyilərkən əmin-amanlıq nəzərdə tutulur.” Həqiqi möminlərə Allah tərəfindən əmin-amanlıq bəxş ediləcək. Onlar daim əmin-amanlıq içində olacaqlar. Allah Cənnətə daxil olan saleh bəndəsinə “salam” və “xoş gəldin” deyəcək, bundan sonra bəndələri Onun əmin-amanlıq evində əbədi qalacaqlar.[12] Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Cənnət sakinləri Cənnət nemətləri içində qərq olduqları vaxt başları üzərində bir nur aşkar olacaq; Allahın lütfkarlıq nuru onlara işıq saçacaq. Bu vaxt “salam olsun sizə, ey Cənnət sakinləri!” – deyə bir nida ucalacaq. Bu Allah-taalanın Quranda “Rəhmli Rəbb tərəfindən onlara salam deyiləcək”, – deyə buyurduğu ayədir. Allahın lütf və mərhəməti onları elə cəzb edəcək ki, Allahdan başqa hər şeyi unudacaqlar, bütün Cənnət nemətlərini yaddan çıxaracaqlar, mələklər isə onlara hər tərəfdən salam deyəcəklər.”[13]

60-61. Allaha itaət əhd-peymanı: “Şeytana ibadət” deyilərkən onun vəsvəsə və göstərişlərinə tabe olmaq nəzərdə tutulur. Allah və Allahın icazə verdikləri istisna olmaqla, heç kəs itaətə layiq deyil. İmam Baqir (ə) belə buyurmuşdur: “Danışanın sözünə qulaq asan şəxs ona itaət etmiş olur. Əgər danışan Allah tərəfindən danışarsa, dinləyici Allaha, əgər danışan İblis tərəfindən danışarsa, dinləyici İblisə itaət etmişdir.” Başqa bir hədisində isə belə buyurmuşdur: “Allaha qarşı üsyanda kiməsə itaət göstərən şəxs həmin şəxsə itaət etmişdir.” “Allahın Adəm övladlarından əhd alması” deyilərkən peyğəmbərinin dilindən bəndələrinə İblisə itaət göstərməmələri ilə bağlı göndərdiyi ismarış nəzərdə tutulur. Buna aşağıdakı ayələri misal göstərə bilərik: “Ey Adəm övladları, Şeytan ata və ananızı Cənnətdən çıxardığı kimi, sizi də aldatmasın…” (Əraf-27); “Şeytan sizi Allah yolundan saxlamasın, o, sizin aşkar düşməninizdir.” (Zuxruf-62). Allah-taala Şeytana itaətin qadağan edilməsinin səbəbini belə izah etmişdir: “O, sizin aşkar düşməninizdir” Quran ayələri və hədislərdə bu düşmənçilik haqqında çox məlumat verilmişdir. Möminlərin əmiri İmam Əli (ə) hədislərinin birində belə buyurmuşdur: “Elə isə, ey Allahın bəndələri! Allahın düşmənindən qorxun. Məbada Şeytan sizi öz xəstəliyinə yoluxdusun, öz çağırışı ilə sizin yerinizdən oynatsın, atlılarını və piyadalarını başınıza töksün. And olsun öz canıma, o, təhdid oxunu kamana qoyub, kamanını tarıma çəkib. Yaxın yerdən sizə ox yağır. Çünki o, “ey Rəbbim, Sən məni azdırdığın üçün mən maddi nemətləri yer üzündə onlara gözəl göstərib, ilxaslı bəndələr istisna olmaqla, hamısını haqq yoldan azdıracağam”, – deyə söz vermişdir.”[14]

  1. İxtiyar dövrü və ya xilqətin tərsinə çevrilməsi: Bu ayədə “çevrilmə” deyilərkən insanın tamamilə uşaqlıq dövrünə qayıdışı nəzərdə tutulur. Doğrusu, çətinlikləri çox çətin təsvir edilə biləcək ağrılı-acılı günlər yetişir. Allah-taala “Həcc” surəsinin 5-ci ayəsində belə buyurmuşdur: “Bəziləri həyatlarının ən pis mərhələsinə, ixtiyar dövrünə çatacaq qədər ömür edir, bildiyi şeyləri unudur.” Bəzi hədislərdə 72, bəzilərində isə 90 yaşlı insanlar Allahın yer üzündəki əsirləri adlandırılmışdır. Hər halda “məgər düşünmürlər? cümləsi insanlara “sizə verilən bu qədər güc və qüdrət bir əmanət olmasaydı, belə asanlıqla sizdən alınmazdı. Bilin ki, başınız üzərində bir qüdrət əli var. Gənclik və təravətli dövrlərinizin qədrini bilin ki, zəif və yaşlı olduğunuz vaxtda əlinizdən heç nə gəlməyəcək”, – deyə bir xəbərdarlığı ehtiva edir. Peyğəmbər (s) belə buyurmuşdur: “Beş şeyi beş şeydən qabaq qənimət bil – qocalmazdan qabaq gəncliyi, xəstələnməzdən qabaq sağlamlığı, yoxsulluqdan qabaq zənginliyi, çətinlikdən qabaq asudəliyi, ölməzdən qabaq həyatı.”[15]

 

  1. Məgər sahib olduqları heyvanları onlar üçün öz qüdrətimizlə yaratdığımızı görmürlərmi?
  2. Heyvanları onlara ram etdik, həm onlardan minik kimi faydalanır, həm də qidalanırlar.
  3. Bunlarda onlar üçün başqa mənfəətlər və dadlı içkilər vardır. Yenə də şükür etmirlərmi?
  4. Müşriklər yardım edəcəklərinə ümid edərək özlərinə Allahdan başqa məbudlar seçdilər.
  5. Amma məbudları onlara heç bir kömək edə bilməzlər. Onlar (məbudları) bunlar üçün Cəhənnəm oduna çağırılmış bir qoşun olacaq.
  6. Onların sözləri səni kədərləndirməsin. Biz onların nəyi gizli saxladıqlarını və nəyi aşkar etdiklərini bilirik.
  7. Məgər insan Bizim onu dəyərsiz bir nütfədən yaratdığımızı bilmirmi? O indi (güc, qüdrət, şüur və nitq sahibi olduqdan sonra Bizimlə) açıq-aşkar mübahisəyə qalxır.
  8. O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unudaraq dedi: “Çürüdükləri halda bu sümükləri kim dirildər?”
  9. De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir yaradılmışa yaxşı bələddir.
  10. O, sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız”.
  11. Göyləri və yeri yaradan onların (torpağa çevrilmiş insanların) eynisini yarada bilməzmi?! Şübhəsiz ki, O, bilici yaradandır.
  12. Onun əmri belədir, bir şeyi (yaratmaq) istədikdə ona təkcə: “Ol!” deyər, o da dərhal olar.
  13. Əlində hər şeyin hökmü və mülkiyyəti olan Allah pak və müqəddəsdir. Sizi Ona doğru qaytaracaqlar.

—————————————————————————————–

  1. Çürümüş sümüklər: İmam Sadiqə (ə) istinad edilən bir hədisdə belə deyilir: “Übeyy ibn Xələf adlı bir şəxs Peyğəmbərin (s) yanına gedir, yerdən çürümüş bir sümük çıxarıb əzərək deyir: “Biz çürüyüb dağılmış sümüklər olduqdan sonra yenidən yaradılıb qaldırılacağıq?” Allah-taala bu ayəni nazil edir: “…Bu sümükləri kim dirildər?[16] Bu ayə ətrafında araşdırma aparıldığı zaman görürük ki, məad sual verən şəxsə iki cəhətdən qeyri-mümkün görünmüşdür: 1. Çürüdükdən sonra sümüklərin yenidən həyata qayıtması qeyri-mümkündür; 2. Başqa varlıqların bədən üzvləri ilə qarışmış insan bədəninin üzvlərini ayırd etmək mümkün deyil. Allah-taala birinci etiraza cavab vermək üçün insanın ilk yaradılışını misal çəkir. Bununla da başa salmaq istəyir ki, ölüləri diriltmək onları ilk yaratmaq kimidir. Onu qeyri-mümkün hesab etmək yersizdir. İkinci şübhəyə cavab vermək üçün sonsuz elm sahibi olduğunu xatırladır.[17]
  2. Enerjilərin dirilməsi: Təfsirçilər hesab edirlər ki, burada badam və qırmızı söyüd ağacına işarə edilmişdir. Bu iki ağac bir-birinə sürtüldükdə alışır. Keçmişdə insanlar ocaq qalamaq üçün bu iki ağacın hərəsindən bir parça götürüb, qırmızı söyüdü altda, badam ağacını isə üstə qoyar və onları bir-birinə sürtərmişlər. Yaş olmalarına baxmayaraq, ağaclar Allahın izni ilə odlanarmış. Ölünü diriltmək isə heç də yaş ağacı alışdırmaqdan təəccüblü deyil. Çünki su ilə od bir-birinə zidd şeylərdir.[18] Bu təfsirlə yanaşı daha dəqiq bir təfsir də mövcuddur. Belə ki, bitkilərin ən böyük funksiyalarından biri havadakı karbonu udub selluloz hazırlamaqdır. Bitki hüceyrələrinin bu sellülozu havadakı karbon qazını alıb parçalayır, oksigeni buraxır, karbonu özlərində saxlayır. Daha sonra onu su ilə birləşdirib gövdə və budaqların əsas hissəsinə çevirir. Diqqət çəkən məqam ondan ibarətdir ki, cisimləşən hər bir kimyəvi tərkib ya əsas enerjinin cəzb edilməsi, ya da onun azad edilməsi ilə birlikdə olmalıdır. Deməli, bu qanuna əsasən ağaclar karbonu alarkən, günəş işığı və istiliyinin yaydığı enerjiyə ehtiyacları var. Bu qayda ilə, ağacların gövdə və budaqlarının yaranışı zamanı günəş enerjisinin bir miqdarı onlarda qalır. Budaqları yandırarkən həmin enerjilər azad olur, karbon havadakı oksigenlə birləşərək karbon qazını təşkil edir, oksigen və hidrogen (H2O-su) azad olur. Buna görə də günəş enerjisi Yer kürəsində olan bütün enerjilərin mənbəyi hesab edilir. Burada biz enerjilərin bərpasının şahidi oluruq. Belə ki, fəzaya yayılmış, ağacların yarpaqlarını, gövdə və budaqlarını təşkil edən işıq və hərarət əsla məhv olmayıb və olmur, formasını dəyişir, biz insanların gözlə görə bilmədiyi bir şəkildə ağacların gövdəsi, budaqları və yarpaqlarında toplanır, od şöləsi bir parça oduna toxunduqda həmin toplanmış enerjilər bərpa olur, ağacların ayır-ayrı hissələrində toplanmış enerji həmin an aşkara çıxır, bir şam işığı qədər işartı da ondan azalmır.[19]
  3. Allahın istəyi – əşyaların varlığı: Təbii ki, “Allahın əmri” deyilərkən bu ayədə sözlü ifadə nəzərdə tutulmur. Habelə “ol” sözü də Allahın sözlə ifadə etdiyi bir kəlmə deyil. Çünki Onun sözlü ifadəyə ehtiyacı yoxdur. Əslində, burada Allahın yaratmaq və icad etmək istəyi nəzərdə tutulmuşdur. “Ol” sözündən istifadə isə onun çox qısa olması ilə yanaşı çox geniş məna ifadə etməsi ilə bağlıdır. Allahın nəyisə istəməsi artıq həmin şeyin yaranması deməkdir. Möminlərin əmiri İmam Əli (ə) belə buyurmuşdur: “Nəyisə istədikdə “ol!” deyir və həmin şey də dərhal olur. Bu demək qulaq vasitəsilə eşidilə biləcək şəkildə deyil. Əslində, pak və uca Allahın sözü yaratdığı işin özüdür.”[20]

[1] Nümunə, c.18, səh.309

[2] Nümunə, c.18, səh.320

[3] Nümunə, c.18, səh.332

[4] Əl-Mizan, c.17, səh.71

[5] Nümunə, c.18, səh.340; Əl-Mizan, c.17, səh.82

[6] Nümunə, c.18, səh.377

[7] Nümunə, c.18, səh.383

[8] Nümunə, c.18, səh.399

[9] Əl-Mizan, c.17, səh.97

[10] Nümunə, c.18, səh.401

[11] Nümunə, c.18, səh.406; Əl-Mizan, c.17, səh.98

[12] Təfsiri-mövzui, c.5, səh.324

[13] Nümunə, c.18, səh.419

[14] Əl-Mizan, c.17, səh.102; Nümunə, c.18, səh.422

[15] Nümunə, c.18, səh.435

[16] Əl-Mizan, c.17, səh.118

[17] Mənşuri-cavid,c.9, səh.67

[18] Əl-Mizan, c.17, səh.113

[19] Nümunə, c.18, səh.463

[20] Nümunə, c.18, səh.471