Arşdırmalar

Həzrət Rüqəyyənin (ə) həyatı və şəhadəti

İyul 20, 2026 Vusal 4 min read

Həzrət Rüqəyyənin (ə) həyatı və şəhadəti

Mənbə: Şeyx Abbas Qummi, Müntəhəl-Amal; Məhəmməd Baqir Məclisi, Biharül-Ənvar, c. 45; Seyid ibn Tavus, əl-Lühuf fi Qətlə’t-Tufuf.

İmam Hüseynin (ə) kiçik qızı Həzrət Rüqəyyənin (ə) anasının adı Ümmü-İshaqdır. O, 59-cu hicri-qəməri ilində Mədinə şəhərində dünyaya gəlmiş və 61-ci ilində atası ilə birlikdə Kərbəlaya səfər etmişdir. Bəzi rəvayətlərə əsasən, Həzrət Rüqəyyə (ə) şəhadətə yetdiyi zaman üç-dörd yaşında idi və hicri-qəməri 61-ci ilin Səfər ayının 5-də Şam şəhərində əsirlikdə ikən şəhadətə çatmışdır. Onun Dəməşq şəhərində yerləşən müqəddəs məqbərəsi şiələrin məşhur ziyarətgahlarındandır.

Həzrət Rüqəyyənin (ə) şəhadəti

Mənbə: İmadəddin Təbəri, Kamil Bəhai, c. 2, s. 179–181; Şeyx Abbas Qummi, Nəfəsül-Məhmum; Məhəmməd Baqir Məclisi, Biharül-Ənvar, c. 45.

İmam Hüseynin (ə) kiçik qızı Rüqəyyə (ə) Şam şəhərində Yezidin zindanında ikən gecələrin birində yuxuda atasını görür. Yuxudan oyandıqdan sonra atasını yanında görmədikdə ağlamağa başlayır və deyir: «Atam haradadır? Mənim atamı gətirin». Nə qədər təsəlli versələr də, sakitləşmir. Əhli-beyt (ə) əsirləri də onun naləsinə qoşularaq ağlayırlar.

Mənbə: İmadəddin Təbəri, Kamil Bəhai, c. 2, s. 179–181; Məhəmməd Baqir Məclisi, Biharül-Ənvar, c. 45.

Rəvayətə görə, Yezid hadisədən xəbər tutduqda İmam Hüseynin (ə) mübarək başının Həzrət Rüqəyyənin (ə) yanına aparılmasını əmr edir. Balaca Rüqəyyə (ə) atasının başını bağrına basır, onunla dərdləşərək deyir: «Atacan! Kaş mən sənə fəda olaydım və sənin mübarək saqqalının qana boyandığını görməyəydim». O qədər ağlayır ki, huşunu itirir və az sonra şəhadətə çatır.

Mənbə: Molla Məhəmməd Təqi Sepihr, Nasixut-Təvarix; Şeyx Abbas Qummi, Nəfəsül-Məhmum.

Həzrət Rüqəyyənin (ə) qüslü tamam olduqdan sonra onu əsirlikdə köhnəlmiş öz köynəyi ilə kəfən edib Şam xarabalığında dəfn edirlər.

Mənbə: Nasixut-Təvarix (sonrakı tarix mənbələri).

Həzrət Rüqəyyə (ə) dəfn olunan gecə Həzrət Ümmü-Gülsüm çox ağlayırdı. O deyirdi ki, keçən gecə Rüqəyyə (ə) ona belə demişdi: «Bibican! Bu şəhərdə mənim kimi əsir olan başqa uşaq varmı? Nə üçün bizə çörək və su vermirlər?»

Mədinədə Həzrət Rüqəyyəyə (ə) əza məclisi

Mənbə: Şeyx Abbas Qummi, Nəfəsül-Məhmum; Şeyx Müfid, əl-İrşad.

Əhli-beyt (ə) əsirləri Şamdan Mədinəyə qayıtdıqdan sonra matəm məclisləri təşkil etdilər. Onların qəm və kədəri o qədər böyük idi ki, uzun müddət normal həyatlarına qayıda bilmədilər.

Mənbə: İbn Quləveyh, Kamilüz-Ziyarat; Məhəmməd Baqir Məclisi, Biharül-Ənvar, c. 46; Şeyx Abbas Qummi, Nəfəsül-Məhmum.

Seyid ibn Tavus İmam Sadiqdən (ə) nəql edir ki, İmam Zeynəlabidin (ə) atasının müsibətinə qırx il ağladı. Hər dəfə qarşısına su və ya yemək gətiriləndə buyururdu:

«قُتِلَ ابْنُ رَسُولِ اللَّهِ جَائِعًا، قُتِلَ ابْنُ رَسُولِ اللَّهِ عَطْشَانًا»

«Allah Rəsulunun (s) oğlunu ac öldürdülər, Allah Rəsulunun (s) oğlunu susuz öldürdülər.»

Bu sözləri deyərək göz yaşları su və yeməyə qarışana qədər ağlayardı.

Mənbə: Molla Məhəmməd Təqi Sepihr, Nasixut-Təvarix, s. 507.

Mədinə əhalisi hər gün Əhli-beytin (ə) evinə gələrək başsağlığı verirdi. Həzrət Zeynəb (ə) Kərbəla, Kufə və Şam hadisələrini danışarkən Həzrət Rüqəyyəni (ə) xatırlayır və buyururdu:

«Amma Şamın xarabasında Rüqəyyənin şəhadəti belimi bükdü.»

Leave a comment