Müsəlmanın həyat tərzi

Sosial şəbəkələrdə itirilən zaman

İyul 29, 2026 Vusal 2 min read

Sosial şəbəkələrdə itirilən zaman

Bu gün insanların ən böyük itkilərindən biri pul yox, zamandır. Çünki itirilən pul geri qazana bilər, amma keçən bir saniyə belə heç vaxt geri qayıtmır.

Təəssüf ki, bu gün bir çox insan saatlarla sosial şəbəkələrdə məqsədsiz şəkildə vaxt keçirir. Bir videodan digərinə, bir paylaşımından başqasına keçərək fərqinə varmadan saatlarını sərf edir. Günün sonunda isə nə yeni bir elm öyrənib, nə ibadətini artırıb, nə də həyatına faydalı bir iş görüb.

Allah-Taala Qurani-Kərimdə buyurur:

“And olsun əsr! Həqiqətən, insan ziyan içindədir. Yalnız iman gətirənlər, saleh əməl edənlər, bir-birlərinə haqqı və səbri tövsiyə edənlər istisnadır.”
(Əsr surəsi, 1–3)

Diqqət edin, Allah bu surədə zamana and içir. Bu da göstərir ki, zaman insanın ən qiymətli sərvətidir. Əgər onu faydasız işlərə sərf etsək, Quranda buyurulduğu kimi ziyan edənlərdən olarıq.

Peyğəmbəri-Əkrəm (s) buyurur:

“İki nemət var ki, insanların çoxu onların qədrini bilmir: sağlamlıq və asudə vaxt.”

Asudə vaxt bizə verilmiş böyük bir fürsətdir. Bu fürsəti elm öyrənməyə, Qurani-Kərim oxumağa, ailəmizə vaxt ayırmağa, insanlara faydalı olmağa sərf etmək əvəzinə saatlarla telefonda keçirsək, bunun peşmanlığını bir gün mütləq çəkəcəyik.

Nəhcül-bəlağə kitabının 21-ci hikmətli kəlamında İmam Əli (ə) buyurur: “Fürsətlər buludlar kimi ötüb keçir. Odur ki, yaxşı işlər görmək üçün fürsətləri qənimət bilin.”

Gəlin özümüzə sual verək: Bu gün telefona sərf etdiyim vaxtın nə qədəri mənə dünya və axirətdə fayda verəcək? Əgər cavab “çox az”dırsa, deməli həyatımızda dəyişiklik etməyin vaxtıdır.

Allah bizə ömrümüzü Ona itaətdə, faydalı elmdə və xeyirli əməllərdə keçirməyi nəsib etsin. Amin.

 

Leave a comment