Quran TəfsiriQURANI KƏRIM

“Ənkəbut” surəsi

“Ənkəbut” surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

  1. Əlif, Lam, Mim.
  2. İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!” – deyən kimi onlardan əl çəkiləcək və imtahan edilməyəcəklər?
  3. Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Allahın doğru və yalan danışanlarla bağlı elmi aşkara çıxmalıdır.
  4. Yaramaz işlər görənlər Bizim qüdrətimizi üstələyəcəklərinimi güman edirlər? Necə də pis mühakimə yürüdürlər!
  5. Allahla görüşəcəyinə ümid bəsləyənələr (Onun əmrinə itaət göstərməyə çalışmalıdırlar), çünki Allahın müəyyənləşdirdiyi zaman, hökmən, gələcəkdir. O, eşidəndir, biləndir.
  6. Ciddi-cəhdlə fəaliyyət göstərən özü üçün çalışır. Çünki Allahın aləmlərə qətiyyən ehtiyacı yoxdur.

—————————————————————————————-

  1. Quranın başqa bir öncəgörənliyi: Peyğəmbər (s) Məkkədən Mədinəyə hicrət etmək qərarına gəldikdə vətəni Məkkə üçün darıxdı, simasına qəm çökdü. Bu vaxt vəhy mələyi Cəbrail (ə) enib ondan soruşdu: “Doğulduğun şəhəri doğurdanmı çox sevirsən?” Peyğəmbər (s) buyurdu: “Bəli.” Cəbrail dedi: “Allah sənə belə bir xəbər göndərdi: “Quranı sənə vacib buyuran səni qayıdacağın yerə (vətəninə) mütləq qaytaracaqdır.” Bu vədin reallaşdığından, Peyğəmbərin (s) güclü bir ordu, qüdrət, əzəmət və qələbə ilə Məkkəyə qayıtmasından, Allahın əmin-amanlıq evinin ona müharibəsiz və qan tökülmədən təslim edildiyindən xəbərimiz var.[1]

“Ənkəbut” surəsinin ümumi məzmunu: Bu surənin ehtiva etdiyi mövzular dörd bölmədə ümumiləşdirilmişdir: 1. Sınaq və münafiqlərin vəziyyəti; 2. Peyğəmbərlər tarixindən, onların kafir və günahkarlarla mübarizəsindən fraqmentlər; 3. Tövhid, şirkin inkar edilməsi, Allahın yaradılış aləmindəki nişanələri; 4. Həm qondarma tanrılar, həm də onlara ibadət edənlərin hörümçək qədər zəif və acizliyi, habelə Quranın əzəməti, İslam peyğəmbərinin haqq olmasının dəlilləri, namaz, ata-anaya yaxşılıq, saleh əməllər, müxaliflərlə məntiqli davranış tərzi kimi bəzi tərbiyəvi məsələlər və sair mövzular.[2]

2-3. Sınağın müxtəlif formaları: Bu ayələr göstərir ki, imtahan Allahın əbədi və dəyişməz qanunudur. Hər bir zümrə və cəmiyyət bu ilahi qanunda özünəməxsus pay sahibidir. Allahın sınağı onlar üçün fərqli-fərqli simalarda təzahür edir. Bəzən bir qrup insan hər cəhətdən günah çirkabına bulaşmış mühitdə yaşamaq məcburiyyətində qalır, fitnə-fəsad vəsvəsəsi onları hər tərəfdən əhatə edir. Onların ən böyük sınağı mühitin rəngini almamaq, öz təmizliklərini qorumaqdır. Bəzi insanlar məhrumiyyətlərə məruz qalırlar. Varlıqlarının əsas sərmayəsindən imtina edəcəkləri təqdirdə məhrumiyyətləri və yoxsulluqları da sona yetəcəyi halda, imanlarını, təqvalarını, azadlıqlarını, izzət və şərəflərini qorumaq üçün bunu etmirlər. Onların sınağı budur. Bəziləri bol nemət içində üzür, ixtiyarlarında bütün maddi imkanlar olur. Belə bir imkana malik olanların sınağı şükür etməkdir. Bəzən elə ölkələr olur ki, əhalisi Allahdan, ilahi dəyərlərdən və əxlaqdan uzaq olduğu halda, göz qamaşdıran maddi mədəniyyətə, yüksək sosial rifaha malik olur. İnsanları sirli bir cazibə bu həyat tərzinə doğru sürükləyir, inandıqları bütün dəyərləri ayaqları altına atmaları, zillət və xarlığı qəbul etmək müqabilində belə bir həyat tərzinə malik ola bilərlər. Bu da digər bir sınaq formasıdır. Müsibətlər, dərdlər, çətinliklər, müharibələr, münaqişələr, qıtlıq, bahalıq, inflyasiya, insanları əsarət boyunduruğuna salmağa çalışan, despot proqramlara təhrik edən diktator hökumətlər, nəfsani istəklər və ehtirasların güclü dalğaları və sair, hər biri Allah bəndələrinin yolu üzərində duran sınaqlardır. İnsanların imanı, şəxsiyyəti, təqvası, təmizliyi, əmanətdarlığı, azadlığı məhz bu cür səhnələrdə bəlli olur. Bu çətin sınaqlardan üzüağ və qalib çıxmaq üçün davamlı çalışmaq, Allahın xüsusi lütf və mərhəmətinə sığınmaq yeganə xilas yoludur. Bu ayənin təfsirini ehtiva edən bir hədisdə belə deyilir: “Qızıl kürədə yoxlandığı kimi yoxlanırlar, od qızılın xalis olmayan qatqılarını sıradan çıxarıb saflaşdırdığı kimi saflaşırlar.”[3] Möminlərin əmiri İmam Əlinin (ə) bir hədisində belə deyilir: “Bəla zalım üçün ədəb, mömin üçün sınaq, peyğəmbərlər üçün dərəcə, övliyalar üçün kəramətdir.” İmam Əlinin (ə) peyğəmbərlərin xüsusiyyətlərindən bəhs edən bir xütbəsində deyilir: “Allah peyğəmbərlərini aclıqla imtahan etdi, çətiniliklərlə qarşılaşdırdı, qorxulu hadisələrlə sınadı, çətinliklərlə saflaşdırdı.”[4] Hər halda, iman gətirdiklərini elan edən kimi cənnətliklərlə eyni yerdə olacaqlarını düşünənlər yanılırlar.[5]

  1. İman gətirib yaxşı işlər görənlərin günahlarının üstünü örtərik və onları etdikləri əməllərdən daha üstün olanı ilə mükafatlandırarıq.
  2. Biz insana ata-anası ilə gözəl davranmağı tövsiyə etdik. Əgər onlar (müşrik olsalar və) bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səy göstərsələr, onlara tabe olma. Dönüşünüz Mənə olacaq, Mən də sizi bütün etdiklərinizdən xəbərdar edəcəyəm.
  3. İman gətirib yaxşı işlər görənləri əməlisalehlər zümrəsinə daxil edəcəyik.
  4. İnsanlardan: “Allaha iman gətirdik!” – deyənlər də vardır. Amma Allah yolunda əzab-əziyyətə məruz qaldıqda insanların işkəncələrini Allahın əzabı ilə eyni tuturlar. Rəbbin tərəfindən bir zəfər gəldikdə isə: “Biz də sizinlə idik!” – deyərlər. Məgər Allah yaradılmışların kökslərində olanları ən yaxşı bilən deyilmi?
  5. Şübhəsiz ki, Allah iman gətirənləri də tanıyır, münafiqləri də.
  6. Kafirlər möminlərə: “Bizim yolumuzla gedin, biz sizin günahlarınızı öz üstümüzə götürəcəyik” – deyirlər. Halbuki onlar bunların heç bir günahının altına girən deyillər. Şübhəsiz ki, onlar yalançıdırlar.
  7. Onlar həm öz (günah) yüklərini və həm də onlarla yanaşı, neçə-neçə yükləri daşıyacaqlar. Qiyamət günü onlar uydurduqları şeylər barəsində, mütləq, sorğu-suala çəkiləcəklər.
  8. Biz Nuhu öz qövmünə doğru göndərdik. O, onların arasında doqquz yüz əlli il qaldı. Nəhayət, tufan onları zülm etdikləri zaman yaxaladı.

——————————————————————————————

  1. Ata-anaya yaxşılıq və onun istisnası: Quranda valideynə yaxşılıq edilməsi kimi mühüm və insani mövzuya bir neçə yerdə toxunulmuşdur. Surənin əvvəlki ayələrində qeyd edilən bu tövsiyə Allahın böyük sınaqlarından biridir. Bəzən valideynlər ömürlərinin elə çağına çatırlar ki, onlara baxmaq çətinləşir. Övladlar məhz belə bir vaxtda sınaqdan çıxmalı, boyunlarında olan haqları yerinə yetirməli, Allahın əmrinə itaət göstərməli, ata-analarına yaxşı baxmalıdırlar. Bir gün bir nəfər Peyğəmbərdən (s): “Mən kimə yaxşılıq edim?” – deyə soruşur. Peyğəmbər (s): “Anana”, – deyə cavab verir. Həmin şəxs: “Ondan sonra kimə?” – deyə soruşur. Peyğəmbər (s): “Anana”, – deyə cavab verir. Sual verən adam üşüncü dəfə: “Ondan sonra kimə?” – deyə soruşur. Peyğəmbər (s): “Anana”, – deyə cavab verir. Dördüncü dəfədə Peyğəmbər (s) ata və insana yaxın olan digər qohumlara yaxşılıq etməyi tövsiyə edir. Bir çox kitabda yer almış başqa bir hədisdə Peyğəmbərin (s) belə buyurduğunu görürük: “Cənnət anaların ayaqları altındadır!” Ancaq bu sevginin insan və Allah münasibətlərindən, habelə iman şərtlərindən üstün olması ehtimalının qarşısını almaq üçün Allah bir istisna ilə məsələyə aydınlıq gətirir: “Əgər onlar (müşrik olsalar və) bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səy göstərsələr, onlara tabe olma”. Buradan da məlum olur ki, heç nə Allah ilə insan münasibətindən üstün ola bilməz. Bu münasibət bütün həqiqətlərin fövqündə dayanır. İmam Əli (ə) hədislərinin birində belə buyurmuşdur: “Allaha itaətsizliklə şərtlənən yaradılmışa itaət doğru deyil.” Bənzər ayə “Loğman” surəsində də yer almışdır. “Loğman” surəsindəki ayədə sadəcə, bu cümlə artıqdır: “Dünyada onlarla gözəl davran”. Yəni onların şirkə dəvətini qəbul etməməklə yanaşı, dünya həyatında onlara yoldaş olmalı və onlarla yaxşı keçinməlisən. Quranın şirkə və digər günahlara dəvət etdikləri zaman ata-anaya qarşı çıxmağa icazə verməsi belə bir təsəvvür yaratmasın ki, onlarla pis davranılmasına icazə verilmişdir.[6]
  2. Az əziyyət çəkib çox istəyən münafiqlər: Əvvəlki ayələrdə saleh möminlər və müşriklərdən danışıldı. Bu ayədə üçüncü qrup insanlardan, yəni münafiqlərdən danışılır. Ayədə Allahın cəzası əzab, insanların yaratdığı çətinliklər fitnə adlandırılmışdır. Allah başa salmaq istəyir ki, insanların yaratdığı çətinliklər əzab deyil, sınaq və insanların kamilləşməsi üçün bir vasitədir. Buna görə də onlara bu ikisini müqayisə etməmək, müxaliflərin onlara əzab və işkəncə verdiklərini bəhanə etməmək, imanlarından əl çəkməmək göstərişi verir, bunun dünyada bir sınaq olduğunu bildirir. Nəzər nöqtəsi olan ayə bir məsələyə aydınlıq gətirir. O da budur ki, münafiq təkcə qəlbində iman olmayıb mömin olduğunu deyən şəxs deyil, imanı zəif olan, başqalarının təzyiqi ilə əqidəsini dəyişən də münafiq sayılır.[7] Təbii ki, təqiyyənin bu mövzuya heç bir aidiyyatı yoxdur. (Daha ətraflı məlumat üçün bax: Nəhl – 106).
  3. Siz günah edin, babalı bizim boynumuza: Bu ayədə müşriklərin zəif və puç bir məntiqlərinin bir nümunəsinə işarə edilmişdir. Bu gün də bir çox qıcıqçıların yanlış bir iş tutmağa çağırış edərkən “günahı mənim boynuma” demələrinə çox rast gəlirik. Halbuki kimsənin başqasının günahını götürə bilməyəcəyini yaxşı bilirik. Çünki Allah adildir və heç kəsi başqasının cinayətinə görə cəzalandırmaz. Bundan əlavə, bu cür əsassız sözlər insanı hər hansı davranışa görə daşıdığı məsuliyyətdən azad etmir. Bəzi dardüşüncəli insanların bu cür danışıqları insanın cəzasından iynə ucu qədər də azaltmır. Bu, şirkə, küfrə, bütpərəstliyə və zülmə dəvət edənlərin heç bir cəzasının olmayacağı təsəvvürünün qarşısını almaq üçün onların öz günah yüklərini daşımaqla yanaşı başqalarının da günah yüklərini daşıyacaqlarını buyurur. Hər hansı işə stimul vermək işin bir hissəsi sayıldığı üçün onların götürəcəkləri əlavə günah yükünə günaha çağırış və təhrik səbəb olur.[8]
  4. Biz onu və gəmidə olanları xilas edib onu bütün aləmlərə bir əlamət etdik.
  5. İbrahimi (də) göndərdik. Bir zaman o, öz qövmünə demişdi: “Allaha ibadət edin və Ondan qorxun! Əgər bilsəniz, bu sizin üçün daha xeyirlidir.
  6. Siz Allahı qoyub ancaq bütlərə ibadət edir və yalan uydurursunuz. Allahdan başqa ibadət etdikləriniz sizə ruzi vermək iqtidarında deyillər. Ruzini yalnız Allahdan diləyin, Ona ibadət edin və Ona şükür edin. Siz ancaq Ona qaytarılacaqsınız”.
  7. Əgər siz (məni) yalançı hesab etsəniz, (heç də təəccüblənmərəm,) sizdən əvvəlki qövmlər də (öz peyğəmbərlərini) yalançı saymışdılar. Peyğəmbərin vəzifəsi isə yalnız aydın şəkildə çatdırmaqdır.
  8. Onlar Allahın yaradılmışları necə xəlq etdiyini, sonra da yenidən qaytardığını görmürlərmi? Bu, Allah üçün asandır.
  9. De: “Yer üzünü gəzib dolaşın və Allahın məxluqatı ilk dəfə necə yaratdığına baxın. Sonra Allah axirət dünyasını yaradacaq. Həqiqətən, Allah hər şeyə qadirdir.
  10. O, istədiyinə əzab verir, istədiyinə də rəhm edir. Siz Ona doğru qaytarılacaqsınız.
  11. Siz əsla Allahın iradəsinə üstün gələ, nə yerdə, nə də göydə Onun qüdrətindən qaça bilməzsiniz. Allahdan başqa sizin nə bir himayədarınız, nə də bir yardımçınız olacaq”.
  12. Allahın ayələrini və Onunla görüşü inkar edənlər Mənim rəhmətimdən ümidlərini kəsənlərdir. Onlar üçün ağrılı-acılı bir əzab vardır.

—————————————————————————————–

  1. Ruzini Allahdan istəyin: Bütpərəstlər bütləri mələk və cinlərin atributları hesab edir, onları razı salmaq üçün bu atributlara sitayiş edir, əvəzində onların xeyir-bərəkət, ruzi göndərdiklərinə inanırdılar. Ancaq həzrət İbrahim (ə) onlara xeyir-bərəkətin və ruzinin bütlərin deyil, onları yaradan, həyatlarını davam etdirmək üçün ruzilərini də verən Allahın əlində olduğunu xatırladır. Daha sonra İbrahim (ə) daha mühüm məsələyə işarə edərək ruzi və onun səbəblərinin sitayiş və ibadət səbəbi olmadığını bildirir. Ruzinin xüsusi səbəbləri var və fərdlərin imanından və küfründən asılı deyil. Kafirə çox ruzi nəsib ola biləcəyi halda, möminə az ruzi nəsib ola bilər. İnsan elə tanrıya şükür və ibadət etməlidir ki, qayıdışı Ona tərəfdir, Onun əli ilə qaldırılacaq, əbədi xoşbəxtlik və ya bədbəxtliyinə Onun əmri ilə qovuşacaq.[9]
  2. Dünyanı gəzmək: Dünyanın müxtəlif yerlərində qədim dövrlərdən qalmış abidələr tarixin canlı sənədləridir. Hətta biz yazılı tarixdən daha çox məhz onlardan faydalanırıq. Keçmiş dövrlərdən qalmış abidələr, şəkillər, rəsmlər və kitabələr bizə xalqların ruhu, qəlbi, təfəkkürü, gücü, qüdrəti, əzəməti və süqutu ilə bağlı məlumat verir. Halbuki tarix onların yalnız baş vermiş hadisələrini, cansız və quru şəkillərini təcəssüm etdirir. Diktatorların saraylarının xarabalıqları, əsrarəngiz Misir ehramları, Babil qəsri, Kəsranın sarayları, Səba xalqının mədəniyyət qalıqları və dünyanın ayrı-ayrı yerlərində mövcud olan digər abidələrin hər biri danışmasa da min dilə malikdir, danışır. Canlı tarixdən bir sətir oxumaq bir tarix kitabını oxumağa bərabərdir. İnsanın ruhunun oyanışında rol oynayan bu oxunuş heç nə ilə müqayisə edilə bilməz. Qədim dövrlərə aid abidələrin qarşısında dayandıqda xarabalıqlar sanki canlanır, çürümüş sümüklər torpağın altından qalxır, öz əvvəlki simalarında hərəkət etməyə başlayırlar. Yenidən baxdıqda hamısını sakit, unudulmuş və tərk edilmiş halda görərik. Bu iki vəziyyətin müqayisəsi ötəri istəklər üçün minlərlə cinayətlərə əl atan təkəbbürlü və özlərini başqalarından üstün tutan insanların nə qədər dardüşüncəli olduqlarının şahidi oluruq. Buna görə də Quran insanlara yer üzünü gəzmək, səyahət etmək, yerin altında olan qədim abidələri öz gözləri ilə görmək, baxıb ibrət dərsi çıxarmaq göstərişi verir. İslamda səyahət və turizmə çox böyük əhəmiyyət verilir. Məqsəd isə keçmiş xalqların abidələrini araşdırmaq, onların aqibəti ilə yaxından tanış olmaq, dünyanın müxtəlif nöqtələrində Allahın əzəmətini müşahidə etməkdir. Quranda bu məsələ öz əksini “yer üzünü gəzin” göstərişində tapır. Quranın bir çox ayəsində bu mövzuya toxunulmuşdur. Nəml-69; Ənkəbut-20; Həcc-46 və sairəni buna misal göstərə bilərik. Təəssüf ki, İslamın bu faydalı göstərişi bir çox digər göstərişi kimi müsəlmanların diqqətindən kənarda qalmışdır.[10]
  3. Qövmünün cavabı isə ancaq: “Ya onu öldürün, ya da yandırın!” – deməsi oldu. Lakin Allah onu oddan qorudu. Bu hadisədə mömin adamlar üçün nişanələr vardır.
  4. (İbrahim) dedi: “Siz Allahı qoyub dünya həyatında aranızda sevgi və məhəbbətə səbəb olan bütləri özünüzə tanrı seçmisiniz. Sonra isə Qiyamət günü bir-birinizdən uzaqlaşıb, bir-birinizi lənətləyəcəksiniz. Yeriniz oddur. Sizə yardım edəcək heç bir dost və yoldaş olmayacaq”.
  5. Lut ona (İbrahimə) iman gətirdi. (İbrahim) dedi: “Mən Rəbbimə doğru hicrət edirəm. Həqiqətən, O, qüdrətlidir, müdrikdir”.
  6. Biz ona İshaqı və Yaqubu bağışladıq. Onun nəslinə peyğəmbərlik və kitab verdik. Dünyada onun mükafatını verdik. Axirətdə də əməlisalehlərdən olacaqdır!
  7. Lutu da göndərdik. Bir zaman o, öz qövmünə belə demişdi: “Siz özünüzdən əvvəl dünya xalqlarından heç kəsin etmədiyi çox çirkin bir əməli etdiniz.
  8. Siz kişilərin yanına gedir, yol kəsir (nəsil artımının qarşısını alır) və məclislərinizdə murdar işlər görürsünüz?” Qövmünün cavabı isə ancaq: “Əgər doğru danışanlardansansa, bizə Allahın əzabını gətir!” – deməsi oldu.
  9. (Lut) dedi: “Ey Rəbbim! Fitnə-fəsad törədən bu qövmə qarşı mənə kömək et!”

———————————————————————————-

  1. Bütlərin seçilməsi bütpərəstlər arasında necə sevgi səbəbi olur? Bu suala bir neçə yöndən cavab vermək olar: 1. Sitayiş və pərəstiş hər bir xalq və qəbilə üçün vəhdət rəmzi sayılırdı. Çünki hər zümrə özü üçün bir büt seçmişdi. Bütlərin ayrı-ayrı şəhər və qəbilələrə aid olduğunu yazırlar. Məsələn, “Üzza” Qüreyş qəbiləsinə, “Lat” Səqif, “Mənat” Ovs və Xəzrəc qəbilələrinə məxsus idi. 2. Bütlərə sitayiş onlarla əcdadları arasında əlaqə vasitəsi hesab edilirdi. Elə məhz buna görə onların atalarının mirası olduğunu bəhanə gətirib onlara sitayişi bununla izah edirdilər. 3. Kafirlərin rəhbərləri öz ardıcıllarını bütlərə pərəstiş etməyə çağırırdılar. Bu, başçı ilə ardıcılları arasında bir əlaqə vasitəsi hesab edilir. Ancaq Qiyamətdə bütün bu puç, çürümüş, saman çöpündən olan əlaqələr darmadağın olacaq, bir-birlərini günahlandıracaq, lənətləyəcəklər. Hətta xam xəyalları ilə Allahla onlar arasında vasitəçi olduğunu düşündükləri və “biz bunlara yalnız ona görə pərəstiş edirik ki, bizi Allaha yaxınlaşdırırlar” (Zümər-3) – deyə iddia etdikləri tanrılar onlardan qaçacaq. Allah-taala belə buyurur: “Tezliklə məbudlar onların ibadətlərindən imtina edəcək, onlara qarşı çıxacaqlar”. (Məryəm-82)Qiyamət günü bir-birinizdən uzaqlaşıb, bir-birinizi lənətləyəcəksiniz deyilərkən onların Qiyamət günü bir-birindən uzaqlaşması, dünyada yalançı məhəbbətlərinə səbəb olan vasitənin axirətdə ədavət və düşmənçiliklərinə səbəb olacağı nəzərdə tutulur. “Zuxruf” surəsinin 67-ci ayəsində belə buyururlur: “O gün müttəqilərdən başqa (bütün) dostlar bir-birinə düşmən kəsiləcəklər”. Bəzi hədislərdən belə məlum olur ki, bu məsələ təkcə bütpərəstlərə deyil, batil bir rəhbəri özünə başçı seçən, batilin yolunu gedən, onunla dostulq edən hər kəsə aiddir. Onlar Qiyamətdə bir-birinə düşmən kəsiləcək, bir-birini lənətləyəcəklər. Ancaq münasibətləri bu dünyada tövhid, allahpərəstlik, Allahın əmrinə boyun əymək prinsipinə əsaslanan möminlərin bir-birinə qarşı olan məhəbbəti əbədilik rəngi alacaq, və orada daha da möhkəmlənəcək. Bəzi hədislərdə qeyd olunanlara görə, möminlər orada bir-biri üçün bağışlanma diləyəcək, müşriklər isə bir-birini lənətələmək və nifrin etməklə məşğul olacaqlar[11].
  2. İbrahimin (ə) hicrəti: İlahi rəhbərlər öz missiyalarını hər hansı bir məkandan başlayırdılar. Həmin məkanların mühiti o qədər çirkin və oradakı despotların təzyiqləri o qədər güclü olurdu ki, missiyanın inkişafının tamamilə qarşısını alırdı. Buna görə də ilahi rəhbərlər Allahın dinini yaymaq üçün hicrət etmək məcburiyyətində qalırdılar. İbrahim (ə) də Lut peyğəmbər (ə) və həyat yoldaşı Sara ilə birlikdə Babildən Şama doğru hərəkət etmək və tövhid inancını oradan yaymaq məcburiyyətində qalmışdı. İbrahim (ə) özü bu barədə belə buyurmuşdur: “Mən Rəbbimə doğru (Onun dinini yaymaq üçün) hicrət edirəm.” Çünki bu yol Allah yolu, Onun razı qaldığı yol, göndərdiyi dinin yolu idi[12].
  3. İbrahimin (ə) mükafatı: Təfsirçilər bu mükafatın nə olması ilə bağlı müxtəlif fikirlər irəli sürmüşlər. Bəziləri bunun dünyadakı gözəl maddi və mənəvi həyat olduğunu bildirirlər. Belə ki, “Nəhl” surəsinin 123-cü ayəsində Allah-taalanın belə buyurduğunu görürük: “Biz dünyada ona yaxşılıq bəxş etdik, o, axirətdə yaxşılardandır.” Bəziləri hesab edirlər ki, o, digər möminlərin də axirətdə nail olacağı Allaha yaxınlıq məqamıdır. Allah bu məqamı İbrahimə (ə) bu dünyada bəxş etmişdir[13]. Bəziləri hesab edirlər ki, bəlkə də bu mükafat bütün ümmətlər arasında onun bir örnək kimi yaxşı adla xatırlanmasıdır. Belə ki, hər kəs İbrahimə (ə) böyük bir peyğəmbər kimi hörmət bəsləyir, onun varlığı ilə fəxr edir. Onun duası ilə Məkkənin əmin-amanlıq məkanına çevrilməsi, hər il həcc mərasimi dövründə bütün qəlblərin ona doğru cəzb olunması, onun imana səbəb olan əzəmətli xatirələrinin yada salınması bu mükafatların bir hissəsi hesab edilə bilər.[14]
  4. Elçilərimiz İbrahimə (övladının olacağı ilə bağlı) müjdə gətirdikləri zaman dedilər: “Biz (Lutun ezam olunduğu) bu şəhərin sakinlərini məhv edəcəyik. Çünki oranın sakinləri zalımdırlar”.
  5. (İbrahim) dedi: “Orada Lut da var!” Onlar dedilər: “Biz orada kimin olduğunu yaxşı bilirik. Biz onu da, onun ailəsini də xilas edəcəyik. Yalnız arvadından başqa. O, (günahkar) qövmün arasında qalacaq”.
  6. Elçilərimiz Lutun yanına gəldikdə o, onlara görə kədərləndi və ürəyi sıxıldı. Onlar dedilər: “Qorxma və kədərlənmə! Biz səni və sənin ailəni xilas edəcəyik. Yalnız arvadından başqa. O, (günahkar) qövmün arasında qalacaq.
  7. Biz günah əməllər törətdiklərinə görə bu şəhərin sakinlərinin üstünə göydən bir əzab endirəcəyik”.
  8. Biz düşünən adamlar üçün o şəhərdən açıq-aydın bir əlamət saxladıq.
  9. Mədyən əhalisinə də qardaşları Şüeybi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin, axirət gününə ümid bəsləyin və yer üzündə fəsad törətməyin”.
  10. Onlar isə onu yalançı saydılar. Buna görə də onları zəlzələ yaxaladı və səhər tezdən onlar evlərində ölü və üzüqoylu düşmüşdülər.
  11. Ad və Səmud qövmünü də (məhv etdik). Onların məskənləri sizə bəllidir. Şeytan onlara etdikləri əməlləri gözəl göstərib haqq yoldan çıxardı. Halbuki onların görən gözləri var idi.

 

————————————————————————————-

  1. İbrahimin (ə) Lutun (ə) qövmünə ürəyi yanır: Həzrət İbrahim (ə) “orada Lut da var” deyərkən Lutun (ə) da xilas olması üçün əzabın Lut qövmünün üzərindən götürülməsini istəyir. Mələklər isə ona belə cavab verirlər: Bizim bundan xəbərimiz var. Biz Lut və ailəsi istisna olmaqla hər kəsi məhv edəcəyik. Arvadı da məhv olanların içində olacaq. İbrahim (ə) Lutun (ə) peyğəmbər olduğunu, Allahın onu da şəhər əhalisi ilə birlikdə məhv etməyəcəyini bilirdi. Mələklərin əzab xəbəri onda Lutla (ə) bağlı bir qorxu da yaratmamışdı. Sadəcə, İbrahim (ə) həzrət Lutun (ə) hesabına başqalarının da əzabdan xilas olmasını istəyirdi. (Bu mövzu haqqında “Hud” surəsinin 74-76-cı ayələrində bir qədər ətraflı məlumat verilmişdir.) İmam Sadiq (ə) hədislərinin birində mələklərin İbrahimin (ə) yanına gəlməsi və ona verilən müjdədən danışarkən sözlərinə bunları əlavə edir:

“İbrahim mələklərə deyir:

– Nə üçün gəlmisiniz?

Mələklər:

– Lut qövmünü məhv etməyə.

İbrahim (ə):

– Əgər onların yüz nəfəri mömin olsaydı, necə?

Cəbrail (ə):

– Xeyr (əzab nazil olmazdı).

İbrahim (ə):

– Əgər onların əlli nəfəri mömin olsaydı, necə?

Cəbrail (ə):

– Xeyr (əzab nazil olmazdı).

İbrahim (ə):

– Əgər onların otuz nəfəri mömin olsaydı, necə?

Cəbrail (ə):

– Xeyr (əzab nazil olmazdı).

İbrahim (ə):

– Əgər onların iyirmi nəfəri mömin olsaydı, necə?

Cəbrail (ə):

– Xeyr (əzab nazil olmazdı).

İbrahim (ə):

– Əgər onların on nəfəri mömin olsaydı, necə?

Cəbrail (ə):

– Xeyr (əzab nazil olmazdı).

İbrahim (ə):

– Əgər onların beş nəfəri mömin olsaydı, necə?

Cəbrail (ə):

– Xeyr (əzab nazil olmazdı).

İbrahim (ə):

– Əgər onların bir nəfəri mömin olsaydı, necə?

Cəbrail (ə):

– Xeyr (əzab nazil olmazdı).

İbrahim (ə):

– Lut həmin şəhərdədir.

Cəbrail (ə):

– Biz orada olanları yaxşı tanıyırıq. Onu və ailəsini xilas edəcəyik, təkcə arvadından başqa. O, geridə qalanlardan olacaq.” İmam Həsən ibn Əli (ə) bu hədis haqqında belə buyurmuşdur: “Mən İbrahimin (ə) söhbətindən yalnız belə qənaətə gəlirəm ki, o, Lut qövmünün yaşamasını istəmişdir. Bunu Allah-talanın “Lut qövmü ilə bağlı bizimlə mübahisə edirdi” ayəsindən başa düşmək olar.” (Hud-74).[15]

  1. Lutun (ə) ürəyinin sıxılması: Lut (ə) mələkləri tanımadığı üçün narahat olmuşdu. Onlar gözəl gənclər surətində gəlmişdilər. Bu cür qonaqların belə çirkin mühitə gəlişi Luta (ə) problem yarada və qonaqların yanında onun utanmasına səbəb olacaq hərəkətlərin baş verməsinə gətirib çıxara bilərdi. Buna görə də azğın, həyasız və utancverici qövmünün bu qonaqlar qarşısında necə davranacağından bərk narahat idi. “Hud” surəsindən də məlum olur ki, bu həyasız qövm qonaqlardan xəbər tutduqda durmadan Lutun (ə) evinə axışır və onlara hörmətsizlik etmək istəyirlər. Hələ də mələklərin həqiqi kimliyindən xəbərsiz olan Lut (ə) təşivşə düşür. Gah nəsihət, gah təhdid etməklə, gah vicdanları oyatmaq üçün “aranızda alicənab bir kişi yoxdurmu?” deməklə, gah da qızları ilə evlənmələrini təklif etməklə onlara mane olmağa çalışır. Ancaq bu utanmazlar heç nə ilə qane olmur, yalnız öz mənfur və utancverici məqsədlərini düşünürlər. Bu vaxt Allahın elçiləri özlərini Luta (ə) tanıtdırır, ilahi möcüzə ilə hücum çəkmiş qövmün gözünə pərdə çəkir, Allahın bu böyük peyğəmbərinin qəlbini sakitləşdirirlər.[16]
  2. Açıq-aydın əlamət: Bax:”Hicr” surəsi, 76-cı ayə.
  3. Göz sahibi olanlar: Bəzi təfsirçilər “onların görən gözləri var idi” cümləsini təfsir edərkən bu sözlə onların görən gözə, ağıl və dərrakəyə, bəziləri, sağlam fitrətə malik olduqlarının, bəziləri isə doğru yolu göstərən peyğəmbərlərlə təmin olunduqlarının nəzərdə tutulduğunu qeyd etmişlər. Bu sözün bütün bu mənaları eyni anda ifadə etməsinin heç bir problemi yoxdur. Yəni Allah demək istəyir ki, onlar üzrlü cahillər deyildilər, haqqı tanıyırdılar, vicdanları oyaq idi, kifayət qədər ağıllı və dərrakəli idilər, peyğəmbərlər də onlara hər şeyi başa salmışdı. Ancaq bütün bunlara baxmayaraq, ağıl və vicdanın səsinə, peyğəmbərlərin çağırışına əhəmiyyət vermir, Şeytanın vəsvəsələrinin arxasınca düşür, çirkin əməllərinin gözlərində gözəl görünməsi günbəgün artırdı. Özlərini dönüşü olmayan bir həddə çatdırmışdılar. Yaradılış qanunu bu quru və faydasız “odun”ları oda məhkum etdi[17].
  4. Qarunu, Fironu və Hamanı da (məhv etdik.) Musa onlara aydın dəlillər gətirdi. Onlar isə yer üzündə təkəbbürlük etdilər, ancaq (Allahdan) üstün ola bilmədilər.
  5. Biz onların hər birini öz günahına görə yaxaladıq. Onlardan bəzisinin üstünə çınqıl tufanı göndərdik, bəzisini göydən gələn qorxunc səs yaxaladı, bəzisini yerə batırdıq, bəzisini də (suya) qərq etdik. Allah onlara əsla zülm etmədi, amma onlar özləri özlərinə zülm edirdilər.
  6. Allahdan başqasını özlərinə rəhbər tutanlar özünə yuva qurmuş hörümçəyə bənzəyirlər. Yuvaların ən zəifi isə, əlbəttə ki, hörümçək yuvasıdır. Kaş ki, biləydilər!
  7. Allah onların Onu qoyub nəyi çağırdıqlarını bilir. O, yenilməz qüdrət sahibidir, müdrikdir.
  8. Bunlar bizim insanlar üçün çəkdiyimiz məsəllərdir. Onları isə yalnız bilən adamlar dərk edər.
  9. Allah göyləri və yeri haqq olaraq yaratmışdır. Bunda möminlər üçün bir əlamət vardır.
  10. Kitabdan sənə vəhy olunanı oxu və namaz qıl. Çünki namaz (insanı) çirkinliklərdən və günahdan çəkindirir. Allahı xatırlamaq daha böyükdür. Allah nə etdiyinizi bilir.

————————————————————————————

  1. Zəif himayədarlar hörümçək yuvaları kimidir: Bu ayədə Allahdan qeyrisini özünə tanrı və himayədar seçən insanlar üçün gözəl bir misal qeyd edilmişdir. Bu misal üzərində nə qədər çox düşünsək, daha çox incəliklərə vararıq. Hər bir heyvan və ya həşərat özü üçün ev düzəldir, yuva qurur. Ancaq bu evlərin heç biri hörümçək yuvası kimi zəif deyil. Nazik saplardan hörülmüş hörümçək yuvasının nə divarı olur, nə tavanı, nə həyəti, nə də qapısı. Üstəlik, yuvanın hörülməsində istifadə edilən ləvazimat o qədər zəif və davamsızdır ki, heç nəyə müqavimət göstərə bilmir. Mülayim külək əsdiyində bütün sapları sökülür, bir neçə yağış damcısı ilə darmadağın olur, azacıq od qarşısında məhv olur, hətta üzərinə toz-torpaq da qonduğunda davam gətirmir, parçalanıb evin tavanından sallanır. Yalançı tanrılar da belədir, nə bir xeyirləri var, nə ziyanları, nə bir problemi həll edirlər, nə də çıxılmaz vəziyyətdə sığınacaq olurlar. Bu yuva uzun və hündür ayaqlı hörümçək üçün həm istirahət yeridir, həm həşərat ovlayıb qida tədarük etmək üçün tələ. Ancaq digər heyvanların yuvaları ilə müqayisədə sonsuz dərəcə zəif və davamsızdır. Allahdan qeyrisinə güvənənlərin güvənc yerləri hörümçək toru kimidir. Fironların taxt-tacı, qarunların saysız-hesabsız var-dövləti, şah və hökmdarların qəsrləri, xəzinələri hörümçək toru kimi etimad edilməyəcək qədər zəifdir, hadisələr qasırğasına qarşı duruş gətirə bilmir. Ancaq Allaha iman gətirən və Ona təvəkkül edərək ömür sürənlər kürəklərini polad söykənəcəyə söykəmiş kimidirlər.[18]
  2. Namazın ən böyük fəlsəfəsi: Namazın təbiəti insana ən güclü daşındırıcı amili, yəni xilqət və məada etiqadı xatırlatdığı üçün onu çirkinliklərdən və günahdan daşındırır. Namaza durub təkbir deyən insan Allahın hər şeydən üstün və uca olduğunu dilinə gətirir, Onun verdiyi nemətləri xatırlayır, bu nemətlərə görə şükür edir, Onu rəhman və rəhim olması ilə öyür, Qiyamət gününü xatırlayır, Allahın bəndəsi olduğunu etiraf edir, Ondan yardım diləyir, onu doğru yola yönəltməsini, qəzəbləndiyi və yolunu azmış insanların yolundan çəkindirməsini istəyir. Şübhəsiz ki, belə bir insanın ruhunda və qəlbində haqqa doğru bir hərəkət, paklıq və təmizliyə doğru bir cəhd, təqvaya doğru bir sıçrayış yaranacaq. O, Allah üçün əyilir, qarşısında alnını yerə qoyur, əzəmətində qərq olur, xudbinliyi, özünü üstün tutmağı unudur, Allahın təkliyini və Mühəmmədin (s) peyğəmbərliyini təsdiq edir, Peyğəmbərə (s) və ailəsinə salam göndərir, Allahdan Onun saleh bəndələri sırasında yer almasını istəyir. Bütün bunlar namaz qılan bəndənin varlığında böyük bir mənəviyyat dalğası yaradır. Bu dalğa günah qarşısında güclü bir sədd çəkir. Bəndə bu əməli sutka ərzində bir neçə dəfə təkrar edir, günün müxtəlif vaxtlarında maddi fəaliyyətlərlə məşğul olduğu üçün Allahı unudan bəndə bu təkrarlarla ali başlanğıcı xatırlayır. Bundan başqa, namaza hazırlaşarkən yuyunur, özünü təmizləyir, haram və qəsb malı özündən uzaqlaşdırır, dost dərgahına doğru yol alır. Bütün bunlar çirkinliklər və günah qarşısında daşındırıcı rol oynayır. Namaza İslamda o qədər böyük əhəmiyyət verilir ki, digər əməllərin qəbulu onun qəbulu ilə şərtlənir. İmam Sadiq (ə) buyurmuşdur: “Əgər kimsə namazının Allah dərgahında qəbul olub-olmamasını bilmək istəyirsə, bu namazın onu çirkinliklərdən və günahlardan çəkindirib-çəkindirməməsinə baxsın. Əgər çəkindiribsə, namazı qəbuldur.” Əlbəttə, çirkinlik və günahların tərk edilməsi bir neçə mərhələdə gerçəkləşir. Namaz qılınma şərtlərindən asılı olaraq, bu mərhələlərdən bir neçəsini ehtiva edə bilər. Qılınan namaz nə qədər formal olsa da, namaz qılan nə qədər günaha bulaşmış olsa da, qıldığı namazının namaz qılana heç təsir etmədiyi mümkün deyil. Təbii ki, bu cür namazın təsiri çox az olur. Ancaq bir həqiqət də var ki, günahkar namazqılan sözügedən namazı qılmasa, daha çox günaha batar. Ənsardan olan bir gənc Peyğəmbərlə (s) birlikdə namaz qılsa da, çox çirkin günahlarla məşğul imiş. Bu barədə Peyğəmbərə (s) xəbər verildiyində “nəhayət, namazı bir gün onu bu əməllərdən daşındıracaq.” – deyə buyurmuşdu.[19]
  3. Yalnız zülm edənləri istisna olmaqla kitab əhli ilə ən gözəl tərzdə mübahisə edin və deyin: “Biz Allah tərəfindən bizə və sizə nazil olana iman gətirmişik. Bizim də, sizin də məbudunuz birdir. Biz yalnız Ona itaət edirik”.
  4. Beləcə, kitabı (bu Quranı) sənə nazil etdik. Kitab verdiyimiz şəxslər də ona iman gətirirlər. Bunların (müşriklərin) arasında da ona iman gətirənlər vardır. Bizim ayələrimizi ancaq kafirlər inkar edirlər.
  5. Sən bundan əvvəl nə bir kitab oxuyurdun, nə də əlinlə bir şey yazırdın. Yoxsa, sözlərini inkar etmək istəyənlər şübhəyə düşərdilər.
  6. Amma bu, elm verilmiş şəxslərin kökslərində qərarlaşmış açıq-aydın ayələrdir. Bizim ayələrimizi yalnız zalımlar inkar edirlər.
  7. Dedilər: “Nə üçün Rəbbi təfəindən ona möcüzə nazil olmadı?” De: “Möcüzələr hamısı yalnız Allah tərəfindəndir. Mən ancaq açıq-aydın qorxudanam”.
  8. Davamlı olaraq onlara oxuduğun kitabı sənə nazil etməyimiz onlar üçün kifayət deyilmi? Bunda iman gətirən adam­­lar üçün mərhəmət və xatırlatma vardır.
  9. De: “Mənimlə sizin aranızda Allahın şahid olması yetər. O, göylərdə və yerdə olanları bilir. Batilə inanıb Allahı inkar edənlər əsl ziyana uğrayanlardır”.

——————————————————————————————-

  1. Təhsil almayan şəxsin yazması: Oxumaq və yazmaq hər bir insan üçün imtiyaz hesab edilir. Ancaq şərait elə gətirir ki, yazmamaq və oxumamaq imtiyaz hesab edilir. Bu məsələ özünü peyğəmbərlər, xüsusilə də sonuncu peyğəmbərdə (s) daha çox doğruldur. Çünki təhsil görmüş alimlər, məlumatlı və çox mütaliə etmiş filosoflar peyğəmbərlik iddiası etsəydilər, səmavi kitab deyə bir kitab gətirdiklərini desəydilər, bu, həmin kitabın onların öz düşüncələrinin məhsulu olması ilə bağlı şübhə yaranmasına səbəb olardı. Amma çox geri qalmış bir cəmiyyətdən çıxmış, heç bir təhsil görməmiş, kitab oxumamış, hətta bir səhifə belə yazı yazmamış bir insan qalxıb çox ali məzmuna malik, varlıq aləmini əhatə edən bir kitab təqdim etdiyində artıq bu kitabın onun öz beyninin məhsulu deyil, səmavi vəhy və ilahi təlimin məhsulu olması ilə bağlı heç bir şübhəyə yer qalmır. Quranın başqa ayələrində də Peyğəmbərin (s) təhsil almadığı qeyd edilmişdir. Ümumiyyətlə, Hicazda İslam peyğəmbərinin (s) təhsil alacağı bir məktəb, dərs oxumaq üçün bir müəllim olmamışdı. Tarixi mənbələrin yazdığına görə, o dövrdə Məkkədə oxumaq və yazmaq savadı olan insanların sayı biri qadın olmaqla, on səkkiz nəfərdən çox olmamışdır. Təbii ki, ibtidai təhsillilərin sayının bu qədər az olduğu bir mühitdə kiminsə təhsil aldığı halda, camaatın ondan xəbər tutmaması qeyri-mümkün idi. Kiminsə qətiyyətlə “mən təhsil almamışam”, – deyə iddia etməsi, heç kəsin də buna etiraz etməməsi iddiaçının doğru danışmasının aşkar göstəricisidir. Hər halda Peyğəmbərin (s) bu ayələrdə qeyd edilmiş önəmli xüsusiyyəti Quran möcüzəsinin təkmilləşməsində və bəhanəçilərin bəhanələrinin qarşısının alınmasında mühüm rol oynayır. O, yalnız vəhy məktəbindən bəhrələnmiş böyük və misilsiz alim olmuşdur.[20]
  2. Alimlərin köksündəki parlaq ayələr: Əvvəlki ayədə Peyğəmbərin (s) təhsil almadığı və əsla yazı yazmadığı qeyd edilmişdir. Buradan Quranın insan tərəfindən yazılmadığı məlum olur. Burada ortaya belə bir sual çıxır: Bəs Quran nədir? Quran nəzər nöqtəsi olan ayədə bu suala belə cavab verir: “Bu, elm verilmiş şəxslərin kökslərində qərarlaşmış açıq-aydın ayələrdir.”[21] “Açıq-aydın ayələr” ifadəsi Quranın haqq olduğunu göstərən ayələrin Quranın özündə yer aldığını, ayələrin özlərinin bəyan etdiyini və ayələrin dəlillərinin elə onların özlərində olduğunu göstərir. Əsl həqiqətdə Quranın ayələri obyektiv aləmin nişanələri kimidir; insan onları araşdırdıqca, heç nəyə ehtiyac duymadan onların gerçək olduğunu dərk edir. Qanunvericiliklə bağlı olan ayələr də məzmun və forma baxımından düz olduqlarını sübuta yetirirlər. Bundan əlavə, bu ayələrə tabe olanlar və ona ürək bağlayanların əlləri nə qədər boş və ayaqları nə qədər yalın olsa da, elm və ayıqlıqdan nəsibi olan insanlardır. Daha dəqiq desək, hər hansı məktəbin orijinallığını öyrənməyin yollarından biri həmin məktəbə inanan möminlərin vəziyyətinin araşdırılmasıdır. Əgər insanın ətrafını nadan və fırıldaqçılar bürüyərsə, həmin şəxsin də eyni xüsusiyyətin daşıyıcısı olduğu ehtimalı böyük olur. Kökslərində elmlərin sirləri yatmış insanlar hər hansı məktəbə qarşı sədaqət nümayiş etdirərlərsə, bu, həmin məktəbin düzlüyünün göstəricisidir. Belə ki, biz kitab əhlindən olan bir qrup alimin, Əbuzər, Salman, Miqdad, Əmmar Yasir və Əli (ə) kimi seçilən, təqvalı və böyük şəxsiyyətlərin bu məktəbin himayəçiləri və aşiqləri olduğunu görürük. Bir çox hədislərdə bu ayənin Əhli-beyt imamlarına (ə) aid olduğu qeyd edilmişdir. Təbii ki, ayənin məzmunu təkcə onlarla məhdudlaşmır, əslində, onlar ayənin ən parlaq nümunələridir. Bəzi hədislərdə burada təkcə imamların nəzərdə tutulduğu qeyd edilsə də, əsl məqsəd Quranın bütün elmlərinin İmamların (ə) ixtiyarında olmasıdır. Bu da alimlərin və düşüncəli insanların Quran elmlərindən faydalana bilməsi ilə heç bir təzad təşkil etmir.[22]
  3. Onlar səndən əzabın tez gəlməsini tələb edirlər. Əgər qərarlaşdırılmış bir vaxt təyin edilməsəydi, əzab onlara gələrdi. Nəhayət, bu əzab onlara qəfildən, özləri də hiss etmədən gələcəkdir.
  4. Cəhənnəm kafirləri əhatə etdiyi halda, onlar səndən əzabın tez gəlməsini istəyirlər.
  5. Əzabın onları başlarının üstündən və ayaqlarının altından əhatə edəcəyi və onlara: “Etdiyiniz əməllərin (cəzasını) dadın!” – deyəcəyi gün (çox çətin və ağrılı olacaq).
  6. Ey Mənim iman gətirmiş bəndələrim! Mənim bu yerim genişdir. Elə isə yalnız Mənə ibadət edin. (Düşmənlərin təzyiqləri qarşısında təslim olmayın!)
  7. Hər kəs ölümü dadacaqdır. Sonra sizi Bizə doğru qaytaracaqlar.
  8. İman gətirib layiqli işlər görənləri əbədi qalacaqları Cənnətdə altından çaylar axan otaqlarda yerləşdirəcəyik. Əməl sahiblərinin mükafatı necə də gözəldir!
  9. O kəslərin ki, (çətinliklər qarşısında) dözümlü olmuş və yalnız öz Rəblərinə təvəkkül etmişlər.
  10. O qədər canlı var ki, öz ruzisini daşıya bilmir. Allah onların da, sizin də ruzinizi verir. O, eşidəndir, biləndir.
  11. Əgər sən onlardan: “Göyləri və yeri kim yaradıb, günəşi və ayı kim ram edib?” – deyə soruşsan, onlar: “Allah!” – deyəcəklər. Bununla belə, onları (Allaha ibadət etməkdən) necə də sapdırırlar!
  12. Allah qullarından istədiyinin ruzisini genişləndirər, istədiyininkini də məhdudlaşdırar . Allah hər şeyi bilir.
  13. Əgər sən onlardan: “Göydən yağış nazil edib onunla yeri öldükdən sonra dirildən kimdir?” – deyə soruşsan, onlar: “Allahdır!”– deyəcəklər. De: “Həmd və tərif Allaha məxsusdur!” Lakin onların çoxu bilmir.

——————————————————————————————

  1. Hicrət etmək lazımdır: Təfsirçilərin çoxu hesab edir ki, bu ayə Məkkədə kafirlərin təzyiqlərinə məruz qalmış və üzərlərinə düşən dini vəzifələri yerinə yetirə bilməyən möminlər haqqında nazil olmuşdur. Buna görə də onlara oradan köçmək göstərişi verilmişdir. Əlbəttə, bu qanun təkcə Məkkə möminlərinə aid deyil. Azadlığın müsəlmanlardan tamamilə alındığı, müsəlmanların ilahi proqramlardan uzaq düşdüyü, yalnız zillət və xarlığa məruz qaldıqları hər bir zamanda və məkanda müsəlmanların vəzifəsi tam və ya nisbətən azadlıq olduğu məkanlara hicrət etməkdir. Başqa sözlə desək, insan yaradılışının məqsədi Allaha bəndə olmaqdır. İnsanın azad, başıuca və bütün cəbhələrdə qalib olması onun həqiqi bəndəliyinin əlamətidir. “Yalnız Mənə ibadət edin!” cümləsində məhz bu məsələyə işarə edilmişdir. Bu əsas və son hədəf ayaqlar altına alındığı zaman yeganə yol hicrət etməkdir. Allahın yeri genişdir, başqa bir yerə köçmək və etnik, irqi, yerlibazlıq hisslərinin təsiri altına düşüb onların əsirinə çevrilməmək lazımdır. Bu anlayışlar əsl hədəfə təhlükə yaratmayacaq qədər dəyərlidir. İmam Əli (ə) buyurmuşdur: “Sənin üçün heç bir şəhər başqasından yaxşı deyil. Ən yaxşı şəhər səni qəbul edən və asudə yaşadığın şəhərdir.”[23]
  2. Allah sizə ruzi verir: İnsandan başqa digər canlılar, heyvanlar və həşəratlar arasında öz qidasını səhra və düzənliklərdən toplayıb yuvasına daşıyan və ehtiyat saxlayan çox az sayda canlı növü var. Digər canlılar adətən, hər gün yeni ruzi dalınca düşür. Ətrafımızda, uzaq və yaxın ərazilərdə, səhraların dərinliklərində, dağların zirvələrində, dənizlərin dibində milyonlarla canlının Allahın nemət süfrəsindən qidalandığından xəbərin olduğu, ruzi əldə etmək üçün onlardan daha zəkalı olduğunu bildiyin halda, nə üçün ruzinin kəsiləcəyindən qorxub çirkin və utancverici həyat tərzini qəbul edir, özünü zülm və zillətli həyat tərzinə məhkum edirsən? Bu darısqal və qaranlıq həyat çərçivəsindən çıx, Rəbbinin geniş süfrəsinin kənarında əyləş, qəm yemə. Ananın qarnında zəif və çarəsiz qaldığın, heç kəsin, hətta mehriban ata və ananın da əlinin çatmadığı vaxt Rəbbin səni unutmadı, ehtiyacın olanı ixtiyarına verdi. Bu gün isə sən artıq güclü və qüdrətlisən, öz ruzinin dalınca özün gedə bilərsən.[24]
  3. Ürəkdə Allah, dildə büt deyirlər: Ərəbistan yarımadasının bütpərəstləri varlıq aləminin tək Allah tərəfindən yaradıldığını qəbul etsələr də, kainatın idarə edilməsində şirkə düşmüşdülər. Onlar hesab edirdilər ki, dünyanı yaratdıqdan sonra Allah kainatın bəzi idarəçilik işlərini üstün məxluqlara həvalə etmiş, özü isə bir kənara çəkilmişdir. Bu məxluqlar mələklər, cinlər, müqəddəs ruhlar və sairədən ibarət idi. Onlara görə, bu varlıqların hər biri dünyanı ayrı-ayrı yönlərdən idarə edir; yaratmaqla idarəçilik ayrı-ayrı mövzulardır. Allahın işi yalnız yaratmaqdan ibarətdir. İdarəçilik yaratmaqdan fərqləndiyi üçün o, bu dünyanın sahibləri olan digər məxluqlara məxsusdur.[25]
  4. Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Həqiqi həyat axirət evidir. Kaş ki, biləydilər!
  5. Gəmiyə mindikləri zaman Allahı ixlasla çağırır (Ondan qeyrisini yaddan çıxarırlar). Allah onları quruya çıxarıb xilas edən kimi, yenidən müşrik olurlar.
  6. (Qoy onlar) Bizim onlara verdiyimizə (ayələrə) nankorluq etsinlər və həyatın keçici ləzzətlərindən bəhrələnsinlər. Amma tezliklə başa düşəcəklər.
  7. İnsanların onların ətrafında (Məkkədən kənarda) oğurlandığı halda, onlar üçün təhlükəsiz və toxunulmaz bir yer təyin etdiyimizi görmədilərmi? Onlar batilə inanıb Allahın nemətinə qarşı nankorluq edirlər?
  8. Allaha qarşı yalan uyduran və yaxud haqq gəldikdən sonra onu yalan sayan kəsdən daha zalım kim ola bilər? Kafirlərin yeri Cəhənnəmdə deyilmi?
  9. Yolumuzda (ixlasla) cihad edənləri, mütləq, Öz yolumuza yönəldəcəyik. Allah xeyirxah əməl sahibləri ilədir.

 

[1] Nümunə, c.16, səh.184

[2] Nümunə, c.16, səh.198

[3] Nümunə, c.16, səh.206

[4] Pəyame-Quran, c.4 ,səh.476 və 481

[5] Nümunə, c.16, səh.207

[6] Nümunə, c.16, səh.215-218

[7] Nümunə, c.16, səh.215-218

[8] Nümunə, c.16, səh.222

[9] Əl-Mizan, c.16, səh.118

[10] Nümunə, c.3, səh.124

[11] Nümunə, c.16, səh.246

[12] Nümunə, c.16, səh.248

[13] Əl-Mizan, c.16, səh.126

[14] Nümunə, c.16, səh.250

[15] Əl-Mizan, c.16, səh.128-132

[16] Nümunə, c.16, səh.263

[17] Nümunə, c.16, səh.271

[18] Nümunə, c.16, səh.277

[19] Nümunə, c.16, səh.284

[20] Nümunə, c.16, səh.306

[21] Əl-Mizan, c.16, səh.144

[22] Nümunə, c.16, səh.304

[23] Nümunə, c.16, səh.326

[24] Nümunə, c.16, səh.332

[25] Mənşuri-cavid,c.2, səh.281

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir