Quran TəfsiriQURANI KƏRIM

“Nəml” surəsi

“Nəml” surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

  1. Ta, Sin. Bu, Quranın və aydınlıq gətirən açıq-aşkar bir kitabın ayələridir.
  2. Möminlərə doğru yolu göstərən bələdçi və müjdədir.
  3. O kəslərə ki, namaz qılır, zəkat verir və axirətə qətiyyətli inamları var.
  4. Axirətə iman gətirməyənlərin (pis) əməllərini onlara gözəl göstərdik. Odur ki, onlar sərsəri gəzirlər.
  5. Bunlar əzabı ağır olacaq kimsələrdir. Onlar axirətdə ən çox ziyana uğrayanlardır.
  6. Həqiqətən, bu Quran sənə müdrik və bilən tərəfindən təlqin edilir.
  7. Bir zaman Musa öz ailəsinə: “Mən, uzaqdan bir od gördüm. (Burada qalın,) tezliklə ondan sizə bir xəbər və ya bir köz gətirim ki, qızınasınız”, – demişdi.
  8. Odun yanına gəlib çatanda bir nida ucaldı: “Odun içindəki də, ətrafındakı da mübarək olsun. Aləmlərin Rəbbi olan Allah pak və müqəddəsdir!
  9. Ey Musa! Mən yenilməz qüdrət və hikmət sahibi olan Allaham!
  10. Əsanı (yerə) at!” (Musa) onun ilan kimi qıvrıldığını gördükdə dönüb qaçdı, hətta arxasına da baxmadı. “Ey Musa! Qorxma! Elçilər Mənim hüzurumda qorxmazlar.
  11. Ancaq kim haqsızlıq edib sonra da pisliyi yaxşılığa çevirərsə, (Mən onun tövbəsini qəbul edərəm,) Mən bağışlayanam, rəhmliyəm!
  12. Əlini qoynuna sal; çıxanda heç bir qüsursuz, ağappaq və parlaq olacaq. Bu, Firon və onun tərəfdarlarına göndərilən doqquz möcüzədən biridir. Onlar fasiq və həddi aşmış bir qövmdür!”
  13. Açıq-aydın möcüzələrimiz onlara gəldikdə: “Bu, açıq-aşkar bir sehrdir!” – dedilər.

—————————————————————————————

“Nəml” surəsinin ümumi məzmunu: Məkkə surələrinə xas olan məzmun bu surə üçün də spesifikdir. Etiqad baxımından daha çox xilqət və məad mövzularını, elmi və etik yöndən beş böyük peyğəmbərin (Musa, Davud, Süleyman, Saleh və Lut (ə)) həyatını və yollarını azmış qövmləri ilə mübarizələrini əhatə edir. Bununla da həm həmin vaxt Məkkədə azlıqda olan möminlərə təsəlli və ürək-dirək verilir, həm də inadkar və zalım müşriklərə xəbərdarlıq edilir. Bu surənin üstün cəhətlərindən biri burada həzrət Süleymanla (ə) Səba hökmdarının əhvalatının böyük bir hissəsinin yer alması, onun necə iman gətirməsindən danışılması, şanapipik quşu və qarışqanın Süleymanla (ə) danışmasından bəhs edilməsidir. Surədə Allahın sonsuz elmi, Onun varlıq aləmindəki hər şeyə nəzarət etməsi və bəndələri üzərindəki hakimiyyətindən qanışılır[1].

  1. Reallıq və iman: İnsan həyatının ən mühüm cəhətlərindən biri budur ki, gerçəkliyi olduğu kimi dərk etsin, onunla bağlı mövqeyini aydınlaşdırsın, düşüncələri, azğın meylləri, sevgisi və qəzəbi gerçəkləri görməyə və dərk etməyə mane olmasın. Buna görə də məsumların (ə) Allahdan istədiyi ən mühüm istəklərdən biri belə idi: “İlahi, gerçəkləri və mövcüdatı mənə olduğu kimi göstər!” Bu hal iman olmadan mümkün deyil. Çünki nəfsani istəklər bu yolun ən böyük maneəsidir. Maneə isə yalnız təqva, nəfsani istəklərin cilovlanması sayəsində aradan qalxa bilər. Bu həqiqətin aşkar və faktiki nümunəsini dünyapərəstlərin həyatında görmək olar. Onlar yalnız utanc verən, çirkaba bulaşmış və rüsvayçılıq gətirən vasitələri, anarxiyanı, çılpaqlığı, dəbdəbəli həyat tərzini və sairəni fəxr mənbəyi hesab edib mədəniyyət göstərcisi kimi qəbul edirlər. Pis və utancverici əməlləri onlara elə gözəl göstərilir ki, onlara görə utanmamaqla yanaşı, fəxr edib qürur duyurlar[2].
  2. Odda olan kim idi, onun ətrafında olan kim: Təfsirçilər burada kimlərin nəzərdə tutulması ilə bağlı müxtəlif fikirlər irəli sürmüşlər. Daha ağlabatan rəy odda olan şəxsin Musa (ə), ətrafdakıların isə həmin vaxt bu ərazini əhatə edən yaxın mələklər olduğu deyilən rəydir. Belə ki, Musa (ə) yaşıl ağacın ortasından qalxan oda o qədər yaxınlaşır ki, sanki onun ortasında yer alır. Bunun əksi də ola bilər, odun içində olan mələklər, kənarında olan isə Musadır (ə). Üçüncü təfsirdə “odda olan” deyilərkən Allahın odun içində olan nurunun, “odun ətrafında olan” deyilərkən isə Musanın (ə) nəzərdə tutulduğu qeyd edilmişdir. Hər halda, burada Allahın cism olması ilə bağlı şübhə yaranmaması, Allahın eyib, nöqsan və cisimlikdən uzaq olduğunu çatdırmaq üçün ayənin sonunda Allah-taala “aləmlərin rəbbi olan Allah pak və müqəddəsdir”, – deyə buyurmuşdur[3].
  3. Ürəklərində buna qəti əmin halda, haqsızcasına və özlərini üstün tutaraq onu inkar etdilər. Bax gör, fəsad törədənlərin aqibəti necə oldu!
  4. Biz Davuda və Süleymana böyük bir elm verdik. Onlar dedilər: “Həmd bizi öz mömin qullarının çoxundan üstün tutan Allah üçündür!”
  5. Süleyman Davuda varis oldu və dedi: “Ey insanlar! Bizə quşların dili öyrədildi və bizə hər şeydən ve­­rildi. Bu, açıq-aşkar üstünlükdür”.
  6. Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət qoşunu onun üçün toplandı. O qədər çox idilər ki, bir-birinə qoşulmaq üçün dayanmalı idilər.
  7. Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və qoşunu özləri də hiss etmədən sizi tapdayıb məhv etməsin”.
  8. (Süleyman) onun bu sözünə gülümsədi və dedi: “Ey Rəbbim! Mənə həm özümə, həm də valideynlərimə əta etdiyin nemətə şükür etmək, Sənin razılığına səbəb olacaq yaxşı əməl etmək üçün ilham ver və məni əməlisaleh bəndələrinin sırasında Öz mərhəmətinə qovuşdur!”
  9. (Süleyman) o (şanapipiyi) axtarıb dedi: “Şanapipiyi nə üçün görmürəm? Yoxsa o burada yoxdur?
  10. O, mənə aşkar bir dəlil gətirməsə, ya ona şiddətli bir əzab verəcəyəm, ya da başını bədənindən qoparacağam”.
  11. Çox keçmədi (şanapipik gəldi və) dedi: “Mən sənin bilmədiyin bir şeyi öyrəndim. Sənə Səbadan qəti bir xəbər gətirmişəm.

—————————————————————————————

  1. Kafirin məlumatı: Bu ayəyə əsasən deyə bilərik ki, həqiqi iman ilə elm və yəqin bir-birindən fərqli şeylərdir. Həmçinin küfrün elm və yəqinə malik olmaqla yanaşı inkar üzündən baş verməsi də mümkündür. Başqa sözlə desək, həqiqi iman haqq qarşısında tam şəkildə təslim olmaqdır. Deməli, insan nəyəsə qəti əmin olduğu halda, əmin olduğu həqiqət qarşısında zahirən və daxilən təslim olmazsa, iman gətirmiş sayılmır. Bu cür insanlar bilərəkdən inkarçı olan insanlar qrupuna aid edilir. İmam Sadiq (ə) küfrün beş qismini bəyan edərkən inkar etməni onlardan biri kimi qeyd edir. Qəsdən inkarçılığı isə belə izah edir: “Qəsdən inkarçılıq insanın nəyinsə haqq olduğuna qəti şəkildə əmin olduğu halda, inkar etməsinə deyilir”. Daha sonra İmam (ə) sözügedən ayəni oxumuşdur[4].
  2. Quşların dili: Bu ayədə quşların danışa bilməsi, şüur və dərk sahibi olduqları açıq şəkildə qeyd edilmişdir. Quşlar digər heyvanlar kimi, müxtəlif vəziyyətlərdə fərqli-fərqli səslər çıxarırlar. Dəqiq araşdırma və diqqət sayəsində bu səs fərqlərindən onların vəziyyətlərini müəyyən etmək olar. Qəzəb, sevinc, aclıq və sair halları ifadə edən səslər demək olar ki, bir-birindən fərqlənir. Lakin haqqında danışdığımız ayələrdə daha fərqli məzmundan danışılır. Ayələrdə onların dəqiq məlumatları əks etdirən, insanlarla ünsiyyəti ehtiva edən nitq sahibi olduqları qeyd edilmişdir. Bu, bəzilərinə qəribə görünsə də, alimlərin apardığı araşdırmalar və bəzi quşlarla bağlı müşahidələr burada heç bir qəribəliyin olmadığını göstərir. Heyvanların, xüsusilə quşların zəkası ilə bağlı daha heyrətamiz məlumatlar mövcuddur. Onların yuva düzəltmə qabiliyyəti, balalarının gələcək vəziyyəti, ehtiyacları və çətinlikləri ilə bağlı məlumatları, bir neçə ay öncədən havanın necə olmasıni bilmələri, baş verməzdən əvvəl zəlzələdən xəbərdar olmaları, ümumiyyətlə, quşlar və heyvanlarla bağlı əlimizdə olan bu qəbil məlumatlar canlıların çox yüksək şüur və idraka malik olduqlarından xəbər verir. Bütün bu faktlara əsasən onların özlərinə məxsus danışıq qabiliyyətinə malik olması, onların dillərini bilən insanlarla bildikləri dildə danışa bilmələri heç də təəccüblü deyil. Quranın digər ayələrində də bu mövzunun müxtəlif formalarına işarə edilmişdir (Ənam surəsi-38). Hədislərdə də bu mövzu haqqında çox danışılmışdır. İmam Sadiqin (ə) hədislərinin birində İmam Əlinin (ə) İbn Abbasa belə buyurduğu qeyd edilmişdir: “Allah həzrət Süleymana öyrətdiyi kimi, bizə də quşların, quruda və suda yaşayan bütün canlıların dilini öyrətdi.”[5]
  3. Həzrət Süleymanın (ə) hökmranlığının sərhədləri: Bu ayəni təfsir edərkən bütün insanların, cinlərin, quşların, yoxsa onların bir qisminin həzrət Süleymanın (ə) ordusunu təşkil etməsi bəzi təfsirçilər arasında fikir ayrılığının yaranmasına səbəb olmuşdur. Əslində, Süleyman (ə) bütün yer üzünün hakimi deyildi, onun hakimiyyətinin sərhədləri Şam, Beytül-müqəddəs və ehtimal ki, bəzi ətraf əraziləri əhatə edirdi. Hətta sonrakı ayələrdən belə məlum olur ki, şanapipiyin əhvalatına qədər Yəmən onun hökmranlığı altında olmamışdır. Yəmən yalnız şanapipiyin əhvalatından və Səba hökmdarı təslim olduqdan sonra onun hakimiyyəti altına keçmişdir. Habelə, bu ayələrdən belə məlum olur ki, onun əmrinə tabe olan quşlar arasında yalnız bir şanapipik var idi. Çünki Süleyman (ə) onu görmədikdə axtarmışdır. Əgər söhbət bütün quşlar, o cümlədən minlərlə şanapipikdən getsəydi, bu ifadə düzgün olmazdı[6].
  4. Mən onlara hökmranlıq edən, ixtiyarında hər şey və çox böyük bir taxtı olan bir qadın gördüm.
  5. Mən onun və tayfasının Allahı qoyub günəşə səcdə etdiklərinin şahidi oldum. Şeytan əməllərini onların gözündə gözəl göstərib yoldan çıxartdığına görə haqqın yolunu tapa bilmirlər.”
  6. Nə üçün göylərdə və yerdə gizli olanı aşkara çıxardan, sizin gizlətdiklərinizi də, üzə çıxartdıqlarınızı da bilən Allaha səcdə etməsinlər?
  7. Böyük ərşin Rəbbi olan Allahdan başqa tanrı yoxdur.
  8. (Süleyman) dedi: “Araşdıraq görək, doğru deyirsən, yoxsa yalançılardansan?
  9. Mənim bu məktubumu apar onların yanına at. Sonra qayıt (bir guşədə dayan) və bax gör nə əksüləməl göstərəcəklər!”
  10. (Səba hökmdarı) dedi: «Ey əyanlar! Mənə çox qiymətli bir məktub atıldı.
  11. Bu məktub Süleymandandır və onda deyilir: “Rəhman və Rəhim Allahın adı ilə!
  12. Tövsiyəm budur ki, mənə qarşı təkəbbür göstərməyin və yanıma Haqqa təslim olan halda gəlin!”
  13. (Sonra Səba hökmdarı) dedi: “Ey əyanlar! Bu əhəmiyyətli məsələ barəsində fikrinizi mənə bildirin. Mən heç bir mühüm işi sizin iştirakınız (və məsləhətiniz) olmadan etməmişəm.”
  14. Dedilər: “Biz kifayət qədər böyük qüdrətə və çox böyük hərbi gücə malikik. Ancaq son qərar sənindir, bax gör, nə qərar verirsən!”
  15. Dedi: “Hökmdarlar hər hansı bir məmləkətə soxulduqları zaman oranı viran qoyar, xalqının hörmətli adamlarını da xar edərlər. Onlar bax belə edərlər.
  16. Mən onlara bir hədiyyə göndərəcəyəm və baxacağam görüm elçilər nə xəbər gətirəcəklər.

———————————————————————————

29-30. Məktub yazmaq üsulu: Bu ayələrdə mühüm və tale yüklü məsələlərdən bəhs edən məktubun hansı formada yazılması göstərilmişdir. Süleymanın (ə) məktubu “Rəhman və Rəhim olan Allahın adı ilə” cümləsi ilə başlayır və əsas mətləb iki cümlə ilə çatdırılır. Bizim böyük imamlarımız məktubların qısa və lakonik, lazımsız və artıq sözlərə yol verilmədən, tamamilə ölçülüb-biçilərək yazılmasını israrla tövsiyə etmişlər. Möminlərin əmiri İmam Əli (ə) məktublarının birində məmurlarından birinə belə yazmışdır: “Qələmlərinizin ucunu iti edin, sətirləri bir-birinə yaxın edin, məktublarınızda mənə artıq sözlər yazmaqdan çəkinin, daha çox məzmuna fikir verin, uzunçuluğa yol verməyin. Çünki müsəlmanlar bu zərər və xərci ödəyəcək imkana malik deyillər.” Bu göstəriş müsəlmanların malına qənaət edilməsi ilə yanaşı, yazıçının və oxucunun da vaxtının qənaət edilməsinə səbəb olur. Bu qaydalara riayət edilməməsi məktubun əsas məqsədinin şablon cümlələr arasında itib-batması, yazıçı və oxucunun öz məqsədlərinə çatmaması ilə nəticələnir. Adətən, məktub insanın şəxsiyyətindən xəbər verir. İmam Əli (ə) hədislərinin birində belə buyurmuşdur: “Sənin başqalarına göndərdiyin elçi ağlının tərcümanıdır, məktubun sənin tərəfindən danışan ən parlaq vasitədir.” İmam Sadiq (ə) buyurmuşdur: “Məktub insanın ağlının miqyasının və bəsirətinin ölçüsünün göstəricisidir.” Hədislərdə məktubun cavabının salama cavab qədər vacib olduğu qeyd edilmişdir. İmam Sadiq (ə) buyurmuşdur: “Salamın cavabı vacib olduğu kimi, məktubun da cavabı vacibdir.”[7] Təfsirçilər həzrət Süleymanın (ə) məktuba “Rəhman və Rəhim Allahın adı ilə” cümləsi ilə başlaması və bu məzmunu ehtiva edən hədislərə istinad edərək bu cümlənin təkcə məktub deyil, bütün işlərin əvvəlində qeyd edilməsinin faydalı, hətta lazımlı olduğunu bildirmişlər. Məsələn, dəstəmaz alarkən bu cümlənin deyilməsi bədənin tam şəkildə pak olması, Həmd və surənin astadan oxunması lazım olan namazlarda (zöhr və əsr), habelə müstəhəb namazlarda ucadan deyilməsi namaz vaxtı şeytanın namaz qılandan uzaqlaşmasına, çətinliklərlə qarşılaşdıqda deyilməsi çətinliklərin aradan qalxmasına, miniyə minərkən təhlükələrdən qorunmaya, hər hansı məkana və evə daxil olarkən bərəkətin oraya nazil olmasına, şeytanların həmin yerdən qovulmasına səbəb olur. Evin və ev sakinlərinin bəlalardan qorunması üçün bu cümlənin evlərin giriş qapısına yazılması məsləhətdir[8].

34-35. Hökmdarların xüsusiyyətləri: Bu ayələrdə despot hökumət və imperiyaların məmləkətlərin məhvinə və hörmətli insanların xar olmasına səbəb olduğu qeyd edilmişdir. Belə ki, despot hakimiyyətlər şəxsiyyətli insanları idarəçilikdən kənarlaşdırır, yaltaqları işə götürür, yalnız öz mənfəətlərini güdürlər. Onlar hədiyyə, rüşvət, var-dövlət düşkünü olurlar, bu işlərlə məşğul olanlar onlar üçün daha əzizdir. Şahların fikri və düşüncələri var-dövlət və şan-şöhrət əsiri olduğu halda, peyğəmbərlər yalnız xalqların islahını düşünürlər. Şahlar hədiyyələrə çox düşkün olurlar, zəif cəhətləri də məhz elə budur. Onları qiymətli hədiyyələrlə ram etmək olar. Buna görə də Səba hökmdarı Süleymana (ə) hədiyyə göndərib onun şah, yoxsa peyğəmbər olduğunu öyrənmək istəyir. O fikirləşir ki, əgər Süleyman (ə) hədiyyəni qəbul etsə, deməli, istək və arzularının arxasınca düşüb ölkələr fəth etmək istəyən bir şahdır, yox əgər hədiyyələri qəbul etməsə, deməli, onun məqsədi hökmranlıq, işğal və şan-şöhrət deyil, başqadır. Buna görə də onunla ağılla davranmaq lazımdır[9].

  1. (Səba hökmdarının elçiləri) Süleymanın yanına gəldikdə o dedi: “Siz mənə mal-dövlətləmi yardım etmək istəyirsiniz? Allahın mənə bəxş etdiyi sizə verdiyindən daha yaxşıdır. O sizlərsiniz ki, öz bəxşişlərinizlə fərəhlənirsiniz.
  2. Onların yanına qayıt! Biz onların üstünə qarşısında dura bilməyəcəkləri bir ordu ilə gəlib onları oradan xar və alçalmış vəziyyətdə çıxaracağıq!”
  3. (Süleyman) dedi: “Ey əyanlar! Onlar müti olaraq yanıma gəlməmiş sizlərdən hansınız onun taxtını mənə gətirə bilər?”
  4. Cinlərdən olan bir ifrit dedi: “Sən yerindən qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam!”
  5. Kitabdan xəbəri olan bir nəfər isə belə dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm!” (Süleyman) onu (taxtı) yanında hazır durmuş görən kimi dedi: “Bu, Rəbbimin lütfündəndir ki, məni sınağa çəksin, görək şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim şükür etsə, öz xeyrinə şükür etmiş olur, kim də nankor olsa, (öz zərərinə olur,) Rəbbim ehtiyacsız və kərimdir!”
  6. (Süleyman) dedi: “Onun taxtını tanınmaz hala salın, görək onu tanıyacaq, yoxsa haqqı tapmayanlardan olacaq?”
  7. O gəldikdə ona: “Taxtın bu cürdürmü?” – deyildi. O: “Deyəsən odur! Biz bundan öncə bilmiş və müsəlman olmuşuq!” – deyə cavab verdi.
  8. (Süleyman) onu Allahdan başqa tapındığı şeydən çəkindirdi. Çünki o, kafir bir tayfadan idi.
  9. Ona: “Həyətə (sarayın həyətinə) daxil ol!” – deyildi. Oraya baxdıqda oranın göl olduğunu güman etdi və (sudan keçmək üçün) ətəyini çırmaladı. (Süleyman) dedi: “Bu, (su deyil,) hamar büllurdan düzəldilmiş bir saraydır!” (Səba hökmdarı) dedi: “Ey Rəbbim! Mən özümə zülm etmişəm. İndi isə Süleymanla aləmlərin Rəbbi olan Allaha təslim oldum!”

——————————————————————————————

  1. Cinlərdən olan ifrit və kitabdan xəbəri olan şəxs: “İfrit” təkəbbürlü və hiyləgər deməkdir. “Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam!” cümləsi də bu ifritin xəyanət edə biləcəyindən ehtiyat edildiyini göstərir. Buna görə də ifrit özünü müdafiə edərək əmanətdar və vəfalı olacağına söz verir. Soruşula bilər ki, cinlərdən olan bir ifrit belə bir qeyri-adi işi necə bacara bilərdi? Qeyd etməliyik ki, hətta imanı olmayan şəxslər də bəzən nəfsi ilə mübarizə və ağır məşqlər sayəsində qeyri-adi işlər görə bilərlər. Lakin onların gördükləri qeyri-adi işlərlə möcüzənin fərqi ondadır ki, bu işlər insanın məhdud gücünə əsaslandığı üçün hər zaman məhduddur. Möcüzə isə Allahın sonsuz qüdrətindən qaynaqlanır, digər nişanələri kimi bu da sonsuzdur. Bu fərqi əks etdirən ən bariz nümunə cinlərdən olan ifritlə kitabdan xəbəri olan şəxsin fərqini ehtiva edən ayələrdir. Ayədə işarə edilən şəxsin kimliyi, malik olduğu elmi haradan əldə etməsi “kitabın elmi” deyilərkən nə nəzərdə tutulması məsələsi təfsirçilər arasında fikir ayrılıqlarına səbəb olmuşdur[10]. Əhli-beyt (ə) hədislərində həmin şəxsin həzrət Süleymanın (ə) vəziri və özündən sonrakı canişini olan Asəf ibn Bərxiya olduğu qeyd edilmişdir[11]. Bəziləri bildirir ki, bu imanlı şəxs Allahın əzəmətli adlarından xəbərdar olmuşdur. Belə ki, hər bir şey bu adlar qarşısında təzim edir və onlar insana qeyri-adi güc bəxş edir. Əlbəttə, bu, o demək deyil ki, insan onları deməklə onlar güclü təsir yaradırlar. Allahın əzəmətli adlarını bilmək deyərkən insanın onları öz ruhuna və canına hopdurması, bilik, əxlaq, təqva və iman baxımından həmin adların təzahürünə çevriləcək kamilliyə çatması nəzərdə tutulur. Bir şöləsi də əzəmətli ad olan bu mənəvi və ruhi kamillik insana belə bir qeyri-adilik yaratmaq gücü bəxş edir[12]. Ayənin məzmunundan belə məlum olur ki, həmin şəxsin xüsusi bir elmi və Allahla yaxınlığı olmuşdur. Çünki nə zaman Allahdan bir şey istəsəydi və istəyini dilə gətirsəydi, Allah istəyini verərdi[13].

41-44. Süleymanın (ə) tərbiyə metodu: Ayələrdə Süleymanın (ə) Səba hökmdarının iman gətirməsinə səbəb olacaq iki davranış tərzindən söhbət açılır. Birincisi bu idi ki, o, Səba hökmdarının taxtını qeyri-adi şəkildə öz sarayına gətirib tanınmaz şəkilə salmışdı. Halbuki yüksək zəkaya və düşüncəyə malik olan hökmdar öz taxtını görən kimi onu tanımış və Süleymanın (ə) ilahi və qeyri-adi gücə malik olduğunu başa salmaq istəyində olduğunu anlamışdı. Buna görə də ona “buna ehtiyac yox idi, biz bundan əvvəl Süleymanın qüdrətindən xəbərdar olmuş və ona tabe olmuşuq” demişdi. Süleyman (ə) daha sonra öz peyğəmbərliyini sübuta yetirmək üçün başqa bir əlamət göstərmiş, hökmdarı sarayın hamar büllurdan düzəlmiş həyətinə dəvət etmişdir. Sarayın həyətinin döşəməsi elə düzəldilmişdi ki, hökmdar oranın su hovuzu olduğunu güman etmiş, buna görə də oradan keçmək üçün ətəyini çırmalamışdır. Ancaq sonra başa düşmüşdür ki, burada heç bir su yoxdur, büllur döşəmə o qədər hamardır ki, saf su kimi görünür. Burada artıq Süleymanın (ə) adi bir insan olmaması, həqiqətən, Allahla əlaqəsinin olması ilə bağlı onda heç bir şək-şübhə qalmamışdır. Hökmdar şanapipiyin gəliş forması, Süleymanın (ə) hədiyyə qəbul etməməsi, taxtın gətirilməsi hadisələrini gördükdən sonra tərəddüd etmədən dərhal öz qaranlıq keçmişini etiraf etmiş, Allah qarşısında təslim olub Ona iman gətirmişdir. Süleyman (ə) ordu yürütmədən və qan tökmədən bu cür məsələlərə əhəmiyyət verən qadın psixologiyasını nəzərə alaraq, hökmdarı heyrətləndirir və müharibə olmadan istəyinə nail olur[14].

  1. Biz Səmud tayfasına – Allaha ibadət edin deyə, qardaşları Salehi göndərdik. Onlar isə bir-biri ilə düşmənçilik edən iki firqəyə bölündülər.
  2. O dedi: “Ey qövmüm! Nə üçün yaxşılıqdan qabaq pisliyə tələsirsiniz? Nə üçün Allahdan bağışlanmağınızı diləmir­­siniz? Ola bilsin ki, sizə rəhm oluna”.
  3. Onlar dedilər: “Biz sənin və səninlə birlikdə olanların ucbatından uğursuzluğa düçar olduq”. (Saleh) dedi: “Sizin uğursuzluğunuz Allah yanındadır. Siz aldanmış bir camaatsınız”.
  4. O şəhərdə doqquz kiçik qrup var idi ki, yer üzündə fitnə-fəsad törədir, yaxşı işlər görmürdülər.
  5. Onlar dedilər: “Gəlin Allaha and için ki, gecə ona və ailəsinə basqın edəcək (onları öldürəcək), sonra da onun qan qohumuna deyəcəyik ki, biz onun ailəsinin öldürüldüyündən xəbər tutmamışıq və biz düzünü deyirik”.
  6. Onlar plan cızıb tədbir tökdülər, Biz də tədbir tökdük. Lakin onlar hiss etmədilər.
  7. Bax gör onların hiylələrinin aqibəti necə oldu. Biz onları bütün tayfaları ilə birlikdə yerlə-yeksan etdik.
  8. Zülm və haqsızlıqları ucbatından boş qalmış evləri də budur. Bunda bilən adamlar üçün əlamət vardır.
  9. İman gətirib təqvalı olanları isə xilas etdik.
  10. Lutu (yada sal.) Bir zaman öz qövmünə demişdi: “Gözünüz görə-görə çirkin işmi görəcəksiniz?
  11. Siz qadınları qoyub ehtiras ucbatından kişilərin yanınamı gedəcəksiniz? Siz nadan bir qövmsünüz!”

—————————————————————————————–

  1. İstiğfar etməyin (bağışlanma diləməyin) əsl mahiyyəti: Bu ayədə həzrət Salehin (ə) iatiğfarın Allahın rəhmətini cəlb edən amil olduğunu dediyini görürük. Yaddan çıxarmamalıyıq ki, istiğfar dillə ifadə etməkdən daha üstün məzmun daşıyır. Bir nəfər İmam Əlinin (ə) yanında “əstəğfirullah” deyir. İmam Əli (ə) buyurur: “Anan matəmində otursun. Bilirsən istiğfar nə deməkdir? İstiğfar böyük insanlara xasdır. İstiğfar altı mənanı ehtiva edir: 1. Keçmişlə bağlı peşmançılıq; 2. Günaha dönmənin həmişəlik tərk edilməsində qərarlılıq; 3. Allahla günah yükündən xilas olmuş halda görüşmək üçün insanların haqlarını geri qaytarmaq; 4. Yerinə yetirilməmiş bütün vaciblərin yerinə yetirilməsi; 5. Bədəndə haramdan yaranmış əti dəri sümüyə bitişincəyə və dəri ilə sümük arasına yeni ət gələnə qədər qəm-qüssə çəkmək; 6. Bədənə günahın şirinliyini daddığı kimi, itaət əziyyətini daddırmaq. Yalnız bundan sonra “əstəğfirullah” de!”[15]

48-49. Fəsad törədən doqquz qruplaşma: Bu ayədə işarə edilən şəhər “Hicr” şəhəridir. Şəhər Şamla Hicazın arasında Səmud qövmünün yaşadığı “Vadil-qura” adlı ərazidə yerləşirdi. Orada doqquz kiçik qrup var idi. Onlar qərara gəlirlər ki, gecə vaxtı Salehin (ə) evinə basqın edib onu ailəsi ilə bilikdə həlak etsinlər və sonra da Salehin (ə) qan qohumuna bu qətldən xəbərsiz olduqlarını desinlər. Bənzər planı müşriklər Peyğəmbərin (s) zamanında da düşünmüşdülər. Belə ki, Məkkə müşrikləri Peyğəmbəri (s) aradan götürməklə bağlı qərar qəbul edirlər. Ancaq bu qərarı necə icra edəcəkləri ilə bağlı konkret fikrə gələ bilmirlər. Bu vaxt Şeytan qoca bir kişi simasında məclisə daxil olur, qırx qəbilədən qırx nəfərin toplanmasını, gecə ikən Peyğəmbərin (s) evinə basqın edib onu qətlə yetirmələrini təklif edir. Bu minvalla Peyğəmbərin (s) qətlində qırx nəfərin əli olduğu üçün qanı itəcək və yaxın qohumları qanbahası istəmək məcburiyyətində qalacaqdılar. Əlbəttə, ilahi yardımlar və həzrət Əlinin (ə) fədakarlığı sayəsində onların planları alt-üst olur (Bəqərə – 207). Bəzi təfsirçilər yazırlar ki, Salehi (ə) öldürmək istəyən doqquz qrup mələklər tərəfindən atılmış daşlar vasitəsilə həlak edilir. Bəziləri yazır ki, Saleh (ə) kimsə hiss etmədən onların arasından keçib getmiş və o getdikdən sonra Allah-taala əzab göndərərək onları məhv etmişdi. Bəziləri isə onların dağa qalxdığını, orada Salehi (ə) gözləyərkən dağın üzərlərinə aşıb onları məhv etdiyinı yazırlar[16].

  1. Boş evlər: “Xaviyət” sözünün kökü “xavə”, mənası isə süquta uğrayan, viran qalan və boşalandır. Bu ifadə axan ulduzlar haqqında da işlədilir. “Xavən-nəcm”, yəni ulduz axdı. Əslində, “xavə” sözünün əsl mənası boşalmaqdır. Bu söz ac qarınlar, puç qoz, yağışsız ulduzlar (Cahiliyyət dövrünün ərəblərinin inancına görə üfüqdə görünən hər bir ulduzun bir yağışı vardır) haqıqnda işlədilir. Bu ayədə Səmud qövmünün evlərinin törətdikləri zülm və haqsızlıq nəticəsində boş qaldığı, onlardan heç bir səs-səmir, hənirti gəlmədiyi, günah dolu məclislər, naz-nemətlər və təmtəraqdan heç bir əsər-əlamət qalmadığı buyurulur. Əlbəttə, zülm və haqsızlıq odu onları yandırıb viran qoymuşdu[17].
  2. Qövmünün cavabı isə ancaq: “Lutun ailəsini şəhər və diyarınızdan çıxarın. Çünki onlar ismətli insanlardır!” – demələri oldu.
  3. Biz onu və ailəsini xilas etdik. Yalnız arvadından başqa. Biz onun geridə qalanlardan olmasını istədik.
  4. Biz onların üstünə yağış yağdırdıq. Qorxudulanların yağışı necə də pisdir!
  5. De: “Həmd Allaha məxsusdur, salam olsun Onun seçilmiş bəndələrinə! Allah yaxşıdır, yoxsa Ona şərik qoşduqlarınız?
  6. (Şərik qoşduğunuz bütlər yaxşıdır,) yoxsa göyləri və yeri yaradan? Sizin üçün göydən su göndərdik, onunla gözəl və ürək oxşayan bağlar saldıq. Halbuki siz onların ağaclarını da böyüdə bilməzdiniz. Heç Allahla yanaşı başqa bir məbudmu var? Xeyr, onlar (nadanlıqları ucbatından yaranmışları Rəblərinə) bərabər tutanlardır.
  7. Yoxsa yeri sabit edən, arasından çaylar axıdan, üzərində möhkəm dağlar yaradan və iki dənizin arasında maneə qoyan? Allahla yanaşı başqa bir məbudmu var? Xeyr, onların çoxu bilmir.
  8. Yoxsa dara düşən şəxs dua etdiyi zaman onu qəbul edən, şəri sovuşduran və sizi yer üzünün xəlifələri edən? Allahla yanaşı başqa bir məbudmu var? Çox az xatırlayırsınız.
  9. Yoxsa səhranın və dənizin qaranlıqlarında sizi yönləndirən, küləkləri rəhmətindən əvvəl (yağışdan qabaq) müjdəçi kimi göndərən? Allahla yanaşı başqa bir məbudmu var? Allah onların qoşduqları şəriklərdən ucadır.

————————————————————————————–

  1. “Həmd aləmlərin Rəbbi üçündür” ifadəsinin savabı: Əhli-beyt (ə) hədisrlərində “həmd aləmlərin Rəbbi üçündür” ifadəsini (“əlhəmdulillah” zikrini) deməyin çox savabı olduğu qeyd edilmişdir. Bir gün Müfəzzəl İmam Sadiqdən (ə) “mənə ümumi və əhatəli bir dua öyrət”, – deyə xahiş etdikdə İmam (ə) buyurur: “Allaha həmd və şükür et. Elə bir namaz qılan qalmaz ki, sənə dua etməsin. Çünki onlar namaz qılarkən “səmiəllahu limən həmidəh” (Allah həmd və şükür edənin həmd və şükürünü eşidir)”, – deyirlər.” Başqa bir hədisdə belə deyilir: Əgər bir nəfər gün ərzində dörd dəfə həmd desə, həmin günün şükürünü etmiş sayılır; əgər gecə həmd desə, həmin gecənin şükürünü etmişdir. İnsan hətta xoşluq və çətinlik vaxtları da Allaha həmd və şükür etməlidir. Nemət verildikdə “bu nemətə görə Allaha həmd olsun”, bəla ilə qarşılaşdıqda “hər bir vəziyyətə görə Allaha həmd olsun” desin.”[18]
  2. Allahın seçilmiş bəndələrinə salam olsun: “Seçilmiş bəndələr” deyilərkən peyğəmbərlər və pak imamlar (ə) nəzərdə tutulur. “Ali-İmran” surəsinin 33-cü ayəsində belə deyilir: “Allah Adəmi, Nuhu, İbrahimin nəslini və İmranın nəslini seçib aləmlərdən üstün etdi.” Təfsirçilər yazırlar ki, Allah-taala bu cümlə ilə məsumların, yəni peyğəmbər və imamların digər insanlardan üstün olduğunu, Əhli-beyt imamları (ə) İbrahimin (ə) nəslindən olduğunu yazırlar[19]. Hədislərdə də Peyğəmbərin (s) pak ailəsinin bu ayənin aşkar nümunələrindən olduğu qeyd edilmişdir (Daha ətraflı məlumat üçün bax:“Ali-İmran” surəsinin 33-cü ayəsi)[20].
  3. Dara düşən şəxsin duası: Bu ayədə Allah tərəfindən problemlərin həlli və duaların qəbul edilməsindən danışılır. Səbəblər dünyasının bütün qapıları insanın üzünə bağlandıqda, bıçaq sümüyə dirəndikdə, insanın əli hər tərəfdən üzüldükdə problemlər düyününü açan, müşkülləri aradan qaldıran, qəlblərə ümid nuru bəxş edən, rəhmət qapılarını dara düşmüş insanın üzünə açan yalnız Allahdır. Allah bütün dua şərtlərini özündə cəm edən duaçının duasını qəbul etməsinə baxmayaraq, bu ayədə “dara düşən şəxs” ifadəsini xüsusi olaraq qeyd edir. Çünki duanın şərtlərindən biri insanın bütün səbəblər aləmindən əl üzməsi, bütün qəlbini və ruhunu Allahın ixtiyarına verməsi, hər şeyin Ondan olduğuna, bütün müşküllərin həllinin Onun əlində olmasına əmin olmasıdır. Bu düşüncə isə özünü yalnız insan darda olduğu vaxt büruzə verir. Doğrudur ki, bu dünya səbəblər dünyasıdır və mömin bütün səy və fəaliyyətlərini bu istiqamətdə həyata keçirir, ancaq səbəblər dünyasında itib-batmır, hər şeyin Onun pak zatının bərəkətindən qaynaqlandığını yaddan çıxarmır. Bu isə duanın qəbul olunmasının ən mühüm şərtidir. Bəzi hədislərdə bu ayə İmam Mehdinin (ə) qiyamına yozulmuşdur. İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “Bu ayə Ali-Mühəmmədin Mehdisi haqıqnda nazil edilmişdir. And olsun Allaha, qəm-qüssə içində olan və çıxılmaz vəziyyətdə qalan odur. İbrahim məqamında iki rükət namaz qılıb əlini Allah dərgahına qaldıraraq dua etdiyində Allah-taala onun duasını qəbul edəcək, narahatlıqlara son qoyacaq və onu yer üzünün xəlifəsi edəcək.” Təbii ki, ayənin məzmunu daha genişdir. Onun nümunələrindən biri həzrət Mehdinin (ə) varlığıdır. Yer üzünü fitnə-fəsad bürüdüyü, insanların çətinliklər içində çıxılmaz vəziyyətdə qaldığı, bütün dünyanı qəm-qüssə bürüdüyü vaxt o, dünyanın ən müqəddəs yerində dua edəcək, çətinliklərin aradan qalxmasını istəyəcək və Allah-taala da onun duasını müqəddəs dünya inqilabının başlanğıcı edərək, “sizi yer üzünün xəlifəsi edəcək” ayəsində də buyurulduğu kimi, onu və dostlarını yer üzünün canişinləri edəcək[21].
  4. Yoxsa məxluqatı əvvəldən yaradan, sonra onu yenidən qaytaran, sizə göydən və yerdən ruzi verən? Allahla yanaşı başqa bir məbudmu var?” De: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin”.
  5. De: “Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz. Nə zaman diriləcəklərini də bilmirlər.
  6. Onların (müşriklərin) axirət haqqında heç bir doğru-düzgün məlumatları yoxdur, əksinə, onun barəsində şəkk-şübhə içindədirlər, hətta ona qarşı kordurlar”.
  7. Kafirlər dedilər: “Biz və atalarımız torpağa qarışdıqdan sonra torpaqdan çıxardılacağıq?
  8. Bu, həm bizə, həm də daha əvvəl atalarımıza verilmiş bir vəddir. Bu, keçmişdəkilərin uydurma əfsanələrindən başqa bir şey deyildir”.
  9. De: “Yer üzündə gəzib dolaşın və görün günahkarların aqibəti necə olmuşdur!”
  10. Onlara görə kədərlənmə və qurduqları hiylələrdən ötrü də ürəyini sıxma.
  11. Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?” – deyirlər.
  12. De: “Bəlkə də tələsik istədiyiniz şeyin bir qismi artıq sizə yaxınlaşmışdır”.
  13. Həqiqətən, sənin Rəbbin insanlara qarşı lütfkardır, lakin onların çoxu naşükürdür.
  14. Şübhəsiz ki, sənin Rəbbin onların qəlblərində gizli saxladıqlarını və aşkar etdiklərini bilir.
  15. Göydə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın yazıda (lövhi-məhfuzda və Allahın sonsuz elm xəzinəsində) olmasın.
  16. Bu Quran İsrail oğullarının ixtilafda olduqları şeylərin çoxunu onlara bəyan edir.

—————————————————————————————–

  1. Kor dünyapərəstlər: “İddarəkə” sözü “tədərəkə” sözündən düzəlmiş, mənası bir şeyin hissələrinin hamısının zəncirin halqaları kimi tamamlanana qədər birinin digərinin ardınca gəlməsdir. Deməli, ayənin mənası belə olur: Onlar bütün elmlərini və biliklərini axirətdən başqa şeylərə sərf etdilər, nəhayət, axirət üçün heç bir dərk yolu saxlamadılar. Bu cəhətdən sözügedən ayə “Bizi xatırlamaqdan üz çevirib yalnız dünya həyatı istəyən şəxsdən üz çevir. Onların bilik səviyyəsi budur…” (Nəcm-29-30) ayələrinə bənzəyir. Ayədə elmin axirət bilgisindən məhrum olma mərhələlərinə və inadkar müşriklərin onun ən yüksək həddində olmasına işarə edilmişdir. “Onların (müşriklərin) axirət haqqında məlumatları yoxdur”, yəni onların axirət haqqında heç bir bilgiləri yoxdur, “əksinə, onun barəsində şəkk-şübhə içindədirlər”, yəni, Qiyamət haqqında eşitsələr də, bildikləri qəlblərinə nüfuz etməmiş, bu haqda qəti inama malik olmamış, əksinə, ona şək-şübhə ilə yanaşırlar. “Hətta ona qarşı kordurlar”, yəni Qiyamətə inanmamaları çirkin inanclarının və əməllərinin ruhlarının gözünü kor etməsi, nəticədə, düşüncə və dərkdən məhrum qoyması ilə bağlıdır. Onlar bu səbəbdən axirət günündən xəbərsizliyin son həddindədirlər və onunla bağlı bütün dərk yolları bağlıdır[22].
  2. Tələskənlik nə üçündür? “Rədifə” sözü “rədf” sözündən götürülmüş, mənası hər hansı şeyi izləməyə deyilir. Buna görə də at minənə “radif” deyilir. Habelə, bu söz bir-birinin ardınca düzülmüş fərdlər və əşyalar haqqında işlədilir. Bəziləri hesab edir ki, “əzab” deyilərkən burada müsəlmanlarla kafirlərin ilk döyüşü olan Bədr müharibəsində müsəlmanların inadkar kafirlərə endirdiyi zərbə, nəticədə, kafirlərdən yetmiş nəfərin öldürülməsi və yetmişinin də əsir götürülməsi nəzərdə tutulur. Belə bir ehtimal da var ki, burada ümumi əzab nəzərdə tutulur. Sadəcə, aləmlərə rəhmət olan Peyğəmbərin (s) varlığı əzabın gəlməməsinə səbəb olmuşdur. “Ənfal” surəsinin 33-cü ayəsində də bu məsələyə işarə edilmişdir. “Bəlkə də” ifadəsi Peyğəmbərin (s) dilindəndir. Hətta bu ifadə Allahın dilindən olsa belə, heç bir problem yaratmır. Çünki sözügedən ifadə ilə nəyinsə baş verəcək ərəfədə olduğuna eyham vurulur. Təbii ki, baş verəcək hadisə ilk mərhələlərdə hər hansı maneə ilə qarşılaşa və yarımçıq da qala bilər[23].
  3. Quran İsrail oğulları arasında mövcud olan ixtilafa aydınlıq gətirir: İsrail oğulları arasında bir çox məsələlərdə, o cümlədən Məryəm (ə), İsa (ə), Tövratda gələcəyi haqqında müjdə verilmiş peyğəmbərin kimliyi və bir çox dini məsələlərlə bağlı ixtilaf var idi. Quran onların ixtilafda olduqları məsələlərə aydınlıq gətirdi, İsanın (ə) açıq şəkildə “mən Allahın bəndəsiyəm, mənə səmavi kitab verib peyğəmbər təyin etmişdir” (Məryəm-30) dediyini elan etdi, Məsihin (ə) anadan atasız olaraq dünyaya gəldiyini, bunun qeyri-mümkün bir hadisə olmadığını buyuraraq onu Adəmin (ə) atasız və anasız olaraq torpaqdan yaranması ilə əsaslandırdı (Ali-İmran-59). Habelə, haqqında Tövratda məlumat verilmiş peyğəmbərin Mühəmməd (s) olduğunu açıqladı. Hər halda Quranın missiyalarından biri peyğəmbərlərin çatdırdıqları həqiqətlərlə xurafatların qarışması nəticəsində meydana çıxmış ixtialflarla mübarizədir. Ümumiyyətlə, təhriflərdən, haqla batilin qarışmasından meydana çıxmış ixtilaflara son qoymaq hər bir peyğəmbərin vəzifəsidir. Dərs oxumamış və cəhalət mühitindən çıxmış bir fərdin belə bir addım atması qeyri-mümkün olduğu üçün onun Allah tərəfindən göndərildiyi aydın olur[24].
  4. O, möminlər üçün hidayət və rəhmətdir.
  5. Sənin Rəbbin Qiyamətdə onların arasında Öz hökmü ilə hakimlik edəcək. O, qüdrətlidir, biləndir!
  6. Elə isə Sən Allaha təvəkkül et! Çünki sən açıq-aydın haqq yoldasan.
  7. Sözsüz ki, sən sözünü ölülərə eşitdirə və dönüb gedən karları geri çağıra bilməzsən.
  8. Habelə, korları düşdükləri azğınlıqdan doğru yola çıxara bilməzsən. Sən sözünü yalnız ayələrimizə iman gətirməyi qəbul etməyə hazır olan və haqq qarşısında təslim olanlara eşitdirə bilərsən.
  9. Onlara verilən əzab fərmanı gəlib çatdığı zaman onlar üçün yerdən elə bir canlı (şəxs) çıxardarıq ki, onlarla danışıb ayələrimizə inanmadıqlarını söyləyər.
  10. (Yada sal) bir vaxt hər ümmətin ayələrimizi yalan sayanlarından bir dəstə toplayacağıq. Sonra da onları bir yerə toplaşana qədər saxlayacağıq.
  11. Nəhayət, (haqq-hesab yerinə) gəldikləri zaman (onlara) deyər: “Ayələrimizi araşdırma aparmadanmı yalan hesab etdiniz? Siz nə iş görürdünüz?”
  12. Bu vaxt zülm etdiklərinə görə əzab fərmanı onları haqlayacaq və onlar danışa bilməyəcəklər.
  13. Məgər gecəni onların istirahət etməsi və gündüzü işıq saçması üçün yaratdığımızı görmədilərmi? Bu hadisələrdə iman gətirənlər üçün açıq-aşkar əlamətlər vardır.
  14. (Yada sal) bir gün sur üfürüləcək, Allahın istədiklərindən başqa, göylərdə və yerdə olanlar dəhşətə düşəcək və hamısı Onun hüzuruna baş əyərək gələcəkdir.
  15. Sən dağlara baxıb onların hərəkətsiz durduğunu güman edirsən, halbuki onlar bulud kimi hərəkət edirlər. Bu, hər şeyi nizam-intizamlı şəkildə yaradan Allahın işidir. O, sizin etdiklərinizdən heç şübhəsiz, xəbərdardır.

——————————————————————————————

  1. “Dabbətul-ərz (yerin canlısı): “Dabbətul-ərz” ərəb dilində canlıya deyilir. Bəzilərinin düşündüklərinin əksinə olaraq, bu söz təkcə insan olmayan canlılar üçün işlədilmir, daha geniş məzmun ifadə edərək, insanlara da şamil olur. Lakin Quranda bu sözün məna çalarları haqqında heç bir söz deyilməmişdir. Ayədə söz ümumi mənada işlənsə də, bu sözün prototipinin insanlarla danışa biləcəyi və imansız insanları ümumi şəkildə müəyyən edəcəyi qeyd edilmişdir. Hədislərdə və təfsirçilərin yazılarında bu mövzu haqqında çox məlumat verilmişdir. Bir qrup təfsirçi hədislərə əsaslanaraq, onun əsas fəaliyyətinin müsəlmanları münafiqlərdən ayırmaq və onlara əlamət qoymaq olan qeyri-adi və çox aktiv bir insan olduğunu qeyd etmişlər. Hədislərinin birində Peyğəmbər (s) həmin şəxsi belə səciyyələndirmişdir: “O, heç kəsin malik olmadığı bir gücə malikdir, kimsə onun əlindən qaça bilməyəcək. Möminin alnına əlamət qoyub “mömin”, kafirin alnına əlamət qoyub “kafir” yazacaq. Musanın əsası və Süleymanın üzüyü ondadır.” Hədislərin çoxunda bu canlının möminlərin əmiri İmam Əli (ə) olduğu qeyd edilmişdir. İmam Sadiqin (ə) bir hədisində belə deyilir: “Əli (ə) məsciddə yatmışdı. Peyğəmbər (s) oraya gəlib buyurdu: “Qalx, ey Allahın canlısı”. Səhabələrdən biri soruşdu: “Ey Allahın elçisi, biz də bir-birimizi bu adla çağıra bilərikmi?” Peyğəmbər (s) buyurdu: “Xeyr, bu ad ona məxsusdur. Allahın Quranda “onlara verilən əzab fərmanı gəlib çatdığı zaman onlar üçün yerdən elə bir canlı (şəxs) çıxardarıq”, – deyə buyuraraq, haqqında xəbər verdiyi “dabbətül-ərz” odur.” Sonra buyurur: “Ey Əli! Axırzamanda Allah səni ən gözəl surətdə dirildəcək və sənin əlində düşmənlərə əlamət qoymaq üçün bir vasitə olacaq.” Bu hədisə əsasən nəzər nöqtəsi olan ayə sonrakı ayədə haqqında məlumat verilən “qayıdışla” (rəcət) bağlıdır[25].
  2. Rəcət (qayıdış): Bu ayədə Qiyamətin əlamətlərindən başqa birisinə işarə edilmişdir. Bu ayədən belə məlum olur ki, elə bir gün gələcək ki, Allah hər bir ümmətdən bir qrupu toplayacaq və onları cəzalandırmaq üçün hazır edəcək. Alimlərin bir çoxu bu ayədə Qiyamət ərəfəsində bir qrup yaxşı və bir qrup pis insanın bu dünyaya qaytarılacağına işarə edildiyini qeyd etmişdir. Əgər burada Qiyamətin özü nəzərdə tutulsaydı, “hər ümmətin ayələrimizi yalan sayanlarından bir dəstə toplayacağıq” ifadəsi düzgün olmazdı, çünki Qiyamət günü təkcə bir qrup deyil, hər kəs toplanacaq. Qayıdış şiə məzhəbinin məşhur inanclarındandır. Həmin inancın ümumi məzmunu belədir: İmam Mehdinin (ə) zühurundan sonra Qiyamət ərəfəsində xalis möminlərdən bir qrupu və həddini aşmış pis kafirlərdən də bir qrupu bu dünyaya qayıdacaq. Birinci qrup kamillik mərhələlərini adlayacaq, ikinci qrup isə şiddətli əzaba məhkum olacaq. Məlumdur ki, Qiyamət günü bütün insanların diriləcəyi qeyri-mümkün olmadığı kimi, bu dünyada bəzi ölülərin dirilməsi də mümkünsüz deyil. Quranda keçmiş ümmətlərdən beş qrupunun öldükdən sonra dirildiyi qeyd edilmişdir (Bəqərə-56; 73; 247; 259 və Maidə-110). Bu inancla bağlı verilən ən mühüm suallardan biri budur ki, Qiyamətdən öncə bütün insanların qayıtması hansı məqsədi daşıyır? Hədislərdən belə məlum olur ki, qayıdış bütün insanlara deyil, yalnız iman mərhələsinin ən yüksək həddində olan layiqli insanlara, həmçinin zülm və küfrün ən son həddində olan insanlara aiddir. Mənəvi kamillik yolunda irəliləyən, ancaq maneələrlə qarşılaşmış və təkamülü natamam qalmış insanlar dünyaya qayıtdıqdan sonra kamillik irəliləyişlərini davam etdirəcək, cahanşümul haqq-ədalət dövlətinin şahidi olacaq, həmin hökumətin təşkili və onun bərəkətindən faydalanmaqda ortaq olacaqlar. Qatı kafir və münafiqlər isə axirət əzabı ilə yanaşı Firon, Ad və Səmud qövmü kimi qövmlərin düçar olduğu əzaba düçar olmaq üçün bu dünyada da cəzalandırılacaqlar. Bunun üçün yeganə yol qayıdışdır[26].
  3. Yaxşı bir iş görənlərə ondan daha yaxşı mükafat veriləcək. Onlar o günün qorxusundan uzaq olacaqlar.
  4. Pis bir iş görənlər isə üzüstə oda atılacaqlar. “Məgər siz ancaq etdiyiniz əməllərə görə cəzalandırılmırsınız?”
  5. (De:) “Mənə ancaq bu şəhərin (Məkkənin) Rəbbinə ibadət etmək əmr edilmişdir. O kəsə ki, bu şəhəri hörmətli etmişdir. Hər şey yalnız Ona məxsusdur. Mənə əmr olunub ki, müsəlman olum
  6. və Quran oxuyum!” Kim doğru yola yönəlsə, öz xeyrinə doğru yola yönəlmişdir. Haqq yoldan azana isə (belə) de: “Mən ancaq qorxudanlardanam!”
  7. De: “Həmd və sitayiş Allaha məxsusdur! Sizin Onu tanımağınız üçün O, dəlillərini sizə göstərəcək. Rəbbin etdiyiniz əməllərdən xəbərsiz deyildir!”

 

[1] Nümunə, c.15, səh.391

[2] Nümunə, c.15, səh.400

[3] Nümunə, c.15, səh.406

[4] Nümunə, c.15, səh.413

[5] Nümunə, c.15, səh.422

[6] Nümunə, c.15, səh.432

[7] Nümunə, c.15, səh.456

[8] Ətyəbül-bəyan, c.15, səh.133

[9] Nümunə, c.15, səh.455

[10] Nümunə, c.15, səh.468

[11] Əl-Mizan, c.15, səh.364

[12] Nümunə, c.15, səh.470

[13] Əl-Mizan, c.15, səh.364

[14] Nümunəyə istinadən, c.15, səh.479; əl-Mizan, c.15, səh.366

[15] Nəhcül-bəlağə, Qısa kəlamlar, 417-ci kəlam

[16] Ətyəbül-bəyan, c.10, səh.152

[17] Nümunə, c.15, səh.498

[18] Ətyəbül-bəyan, c.10, səh.163

[19] Ətyəbül-bəyan, c.10, səh.164

[20] Əl-Mizan, c.15, səh.393

[21] Nümunə, c.15, səh.517-520

[22] Əl-Mizan, c.15, səh.388

[23] Nümunə, c.15, səh.533

[24] Nümunə, c.15, səh.537

[25] Nümunə, c.15, səhh.551

[26] Nümunə, c.15, səh.548, 555, 559

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir