Quran TəfsiriQURANI KƏRIM

“Qəsəs” surəsi

“Qəsəs” surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

  1. Ta, Sin, Mim.
  2. Bu, açıq-aydın kitabın ayələridir.
  3. Biz iman gətirən insanlar üçün Musa ilə Fironun əhvalatını olduğu kimi sənə oxuyacağıq.
  4. Firon yer üzündə təkəbbürlük göstərib onun əhalisini zümrələrə bölürdü, bir zümrəni zəiflədir, oğlan uşaqlarının başını kəsir, qadınlarını isə sağ buraxırdı. Həqiqətən, o, fitnə-fəsad törədənlərdən idi.
  5. Biz istəyirdik ki, yer üzünün aciz qalanlarına minnət qoyaq, onları yer üzünün öndərləri və varisləri edək,

—————————————————————————————-

  1. 89. “Yaxşı iş” deyilərkən nə nəzərdə tutulur? Təfsirçilər ayədə işlənmiş “yaxşı iş” ifadəsi haqqında müxtəlif fikirlər irəli sürmüşlər. Bəziləri bu ifadə ilə “la ilahə illəlah” cümləsinin və Allaha iman gətirilməsinin nəzərdə tutulduğunu qeyd etmişlər. Bəziləri bu sözlə möminlərin əmiri İmam Əli (ə) və məsum imamların (ə) rəhbərliyinə işarə edildiyini bildirmiş və bu fikri sünni mənbələrində mövcud olan çoxlu sayda hədislə əsaslandırmışlar. İmam Baqir (ə) hədislərinin birində belə buyurmuşdur: “Əlinin (ə) dostlarından biri yanına gəldi. İmam buyurdu: “Yaxşı bir iş görənlərə ondan daha yaxşı mükafat veriləcək” cümləsinin izahını verimmi? Həmin şəxs: “Bəli, sənə fəda olum, ey möminlərin əmiri!” – deyə cavab verdi. İmam buyurdu: “Yaxşı iş biz Əhli-beytin rəhbərliyini qəbul etmək, pis iş isə rəhbərliyimizi inkar etmək və bizə qarşı düşmənçilikdir.” Yaxşı və pis iş bu ayədə çox geniş məzmun ifadə edir, bütün yaxşı və pis işlərə şamil olur. Allaha, İslam peyğəmbərinə (s) və imamların rəhbərliyinə (ə) iman gətirmək bütün yaxşı işlərin başında dayansa da, ifadənin bütün saleh əməllərə şamil olmasına mane olmur[1].

“Qəsəs” surəsinin ümumi məzmunu: Bu surə, möminlərin say etibarı ilə çox, güc və qüdrət baxımından üstün olan düşmənlərin təqiblərinə məruz qaldıqları bir vaxtda nazil olmuşdur. Müsəlmanların azlığı, düşmənlərin isə çoxluğu bəzilərinin İslamın gələcəyi ilə bağlı qorxu və narahatlıq keçirməsinə səbəb olmuşdu. Qeyd olunan vəziyyət İsrail oğullarının Firon tərəfdarlarının təqib və təzyiqlərinə məruz qaldıqları vəziyyətə daha çox bənzədiyi üçün, bu surənin ayələrinin yarısında Musa (ə), İsrail oğulları və Firon tərəfdarlarından bəhs edilir. Surənin əvvəlində zəiflər üçün olan haqq-ədalət hökumətinin qalib gələcəyi, zalımların məğlubiyyətə uğrayacağı xəbər verilir. Surənin digər hissəsində öz elm və sərvətinə güvənən, təkəbbürü sayəsində Fironun aqibəti ilə qarşılaşan təkəbbürlü və zəngin Qarunun əhvalatından danışılır. Firon suya batdığı halda Qarun torpağa batmışdı. Bu iki hissə arasında birinci hissə üçün nəticə, ikinci hissə üçün isə giriş səciyyəsi daşıyan tövhid, məad, Quranın əhəmiyyəti, müşriklərin Qiyamətdəki vəziyyəti, haqq yola yönəlmə və azma, zəif insanların bəhanələrinə cavab mövzularını əhatə edən qiymətli dərslər yer almışdır[2].

  1. Bizim istəyimiz, zəiflərin qələbəsi: Bu ayə çox aşkar və ümidvericidir. Ümumi bir qanun ehtiva edən bu ayədə feil davamedici zaman formasında təqdim edilmişdir. Bununla da istəyin təkcə İsrail oğullarının zəifləri və Firon hökuməti ilə məhdudlaşmadığı xəbər verilmişdir. Belə ki, Firon İsrail oğullarının axırına çıxmaq, onları məhv etmək istəyirdi. Ancaq Allah-taala zəifləri yer üzünün varisləri və rəhbərləri etmək istəyini xəbər verir. Bu, haqqın batil, imanın küfr üzərində qələbə çalacağı müjdəsidir. İsrail oğullarının hökuməti və Firon tərəfdarlarının hökumətinin süqutu bu ilahi istəyin reallaşmasının ən bariz nümunəsidir. İslam zühur etdikdən sonra Peyğəmbər (s) və səhabələrinin, öz dövrlərinin fironları tərəfindən təzyiqlərə məruz qalan, məsxərə olunan, təhqir edilən imanlı ayaqyalınların, yoxsulların, təmiz qəlbli məzlumların hakimiyyəti isə onun ən kamil nümunəsidir. Allah-taala bu sinfin əli ilə kəsraların saraylarının qapılarını açdı, onları qüdrət taxtından saldı. Bunun ən irimiqyaslı nümunəsi həzrət Mehdinin (ə) bütün yer üzünü əhatə edəcək haqq-ədalət dövlətinin hökmranlığı olacaq. Çoxlu sayda hədislərdə bu böyük zühurdan danışılmışdır. İmam Əli (ə) bu ayəni təfsir edərkən belə buyurmuşdur: “Bu dəstə Ali-Mühəmməddir (s). Allah onların Mehdisini təzyiq və əzablardan sonra qaldıracaq, onlara güc-qüdrət bəxş edəcək, düşmənlərini xar edəcək.”[3]
  2. hökmranlıqlarını yer üzündə möhkəmləndirək, Firona, Hamana və onların qoşunlarına qorxub çəkindikləri şeyi göstərək.
  3. Biz Musanın anasına: “Onu əmizdir. Ondan ötrü qorxduqda isə onu çaya at. Qorxma və kədərlənmə. Çünki Biz onu sənə qaytaracaq və onu elçilərimizdən biri edəcəyik” – deyə vəhy etdik.
  4. Fironun ailəsi onu sudan götürdü ki, axırda onlara düşmən kəsilib başlarına bəla olsun. Həqiqətən, Firon, Haman və onların qoşunları günahkar idilər.
  5. Fironun zövcəsi (onların uşağı öldürmək niyyətində olduğunu görüb) dedi: “(Bu uşaq) mənim və sənin gözünün işığıdır. Onu öldürməyin. Ola bilsin ki, o, bizə bir fayda verər, yaxud da onu oğulluğa götürərik”. Onlar (bu işin sonunu) bilmirdilər.
  6. Musanın anasının ürəyi boş qalmışdı (övlad dərdindən başqa heç bir şey haqda düşünmürdü). Əgər Biz, inananlardan olsun deyə, onun qəlbini möhkəmlətməsəydik, az qala məsələnin üstünü açacaqdı.
  7. (Anası Musanın) bacısına: “Onun dalınca get!” – dedi. O da onlar hiss etmədən uzaqdan göz qoyurdu.
  8. Daha öncə Biz bütün süd verən qadınları ona haram etmişdik. (Musanın bacısı məmurların dayə axtarışında olduğunu görüb) dedi: “Sizin üçün bu körpənin qayğısına qalacaq və ona qarşı xeyirxah olacaq bir ailəni sizə göstərimmi?”
  9. Beləliklə, Biz onu öz anasına qaytardıq ki, gözü aydın olsun, kədərlənməsin və Allahın vədinin haqq olduğunu bilsin. Lakin onların çoxu (bunu) bilmir.

—————————————————————————————

  1. Haman kim idi? Haman Fironun tanınmış vəziri olmuşdur. Fironun hökumət sisteminə elə nüfuz etmişdi ki, ayədə Misir qoşunları Firon və Hamanın qoşunları kimi qeyd edilmişdir[4]. Hədislərdə onun çox hiyləgər və tədbirli adam olduğu, Fironun cinayətlərinin çoxunda rol oynadığı, hətta bir çox məqamlarda Fironu yönləndirdiyi bildirilmişdir. Hədislərdə qeyd edilir ki, həzrət Musa (ə) Fironu Allaha inanmağa çağırır, iman gətirəcəyi təqdirdə onun firavan həyata malik olacağını, öldükdən sonra isə Cənnətə gedəcəyini vəd verir. Musanın (ə) bu dəvəti Firona az da olsa, təsir göstərir. Ancaq o, heç bir addımı Hamanla məsləhətləşmədən atmadığı üçün bu məsələdə də Hamanla məsləhətləşir. Haman hiyləgərliklə Fironun iman gətirməsinin qarşısını alır. Habelə Fironun sehrbazlarının Musa (ə) qarşısında məğlub olması və Allaha iman gətirməsi ilə İsrail oğullarının çoxu Musaya (ə) iman gətirir. Bu vaxt Haman Firona təklif edir ki, Musanın (ə) dininə üz tutan hər kəsi həbsə salsın, Firon da belə edir. “Əraf” surəsinin 123-cü ayəsində də qeyd edildiyi kimi, Allah bir-birinin ardınca onlara tufan, çəyirtkə, bitki xəstəlikləri, qurbağa, qan bəlalarını göndərir[5]. Buna görə də hədislərdə onun Fironla birlikdə fəsad törətdiyi kimi, Cəhənnəmdə də onula birlikdə yanacağı qeyd edilmişdir. İmam Sadiqin (ə) babası İmam Səccada (ə) istinadən buyurduğu bir hədisdə belə deyilir: “Cəhənnəm odunun yeddi qapısı var, onun bir qapısı Firon, Harun, Haman və Qarun üçündür…”[6]
  2. Allahın qəribə proqramı: Güc və qüdrət nümayişi Allahın qüdrətli və zülmkar bir xalqı məhv etmək istədiyi vaxt göylərin və yerin qoşunlarını səfərbər etməsi deyil. Əsl qüdrət nümayişi təkəbbürlü zülmkarların özlərini məhv etmək üçün hərəkətə keçməsi, öz-özlərini yandırmaq üçün odun toplamalarıdır. Təcavüzkar və özbaşına Firon tərəfdarlarının da başına gələn məhz bu idi. Onlar Musanı (ə) öz əlləri ilə xilas edib böyütdülər. Musanın (ə) mamaçası qibtilərdən idi, qoyulduğu sandığı qibti bir dülgər düzəltmişdi. Musanı (ə) Nilin dalğalarından Fironun ailəsi xilas etmişdi. Sandığı Firon özü, ya da həyat yoldaşı Asya açmışdı. Qəhrəman Musanın (ə) əmin-amanlıqda yaşadığı, böyüyüb boya-başa çatdığı saray da məhz elə Fironun öz sarayı olmuşdur. Allahın qüdrət nümayişi bax elə budur[7].

12-13. Digər qadınların südünün Musaya (ə) haram edilməsinin fəlsəfəsi: Hədislərdə qeyd edilir ki, bütün süd verən qadınlar Musaya (ə) haram edildikdən və o, öz anasına qayıtdıqdan, onun sinəsini qəbul etdikdən sonra Fironun vəziri Haman deyir:

– Mən hiss edirəm ki, sən onun həqiqi anasısan. Nə üçün bu qədər qadının arasından təkcə sənin sinəni qəbul etdi?

Musanın anası:

– Ona görə ki, mən xoşətirli bir qadınam, südüm çox şirindir. Bu günə qədər mənə tapşırılanların heç biri sinəmdən imtina etməyib. Orada olanlar bu sözü təsdiq etdilər, hər biri ona qiymətli hədiyyələr verdi.

Hədislərinin birində İmam Baqir (ə) belə buyurmuşdur: “Üç gündən artıq çəkmədi ki, Allah körpəni öz anasına qaytardı.” Bəziləri yazır ki, başqa qadınların südü Musaya (ə) ona görə haram edilmişdi ki, Allah bu pak peyğəmbərin haram, oğurluq, cinayət, rüşvət, qəsbə bulaşmış süddən qidalanmasını istəmirdi. Pak olmayanlara qarşı mübarizə aparmaq üçün onun anasının südü kimi pak bir süddən qidalanmalı idi. Bəzi təfsirçilər yazırlar ki, yetkinlik yaşına çatana qədər sarayda Musaya (ə) böyük hörmət və ehtiram göstərilmişdir. Ancaq Musanın (ə) tövhidlə bağlı sözləri Fironu bərk narahat edirdi. Hətta iş o yerə çatır ki, onu qətlə yetirmək qərarına gəlir. Buna görə də Musa (ə) sarayı tərk edir, şəhərdə olarkən isə biri qibtilərdən, digəri isə sibtilərdən olan iki nəfərin mübahisə etdiyini görür[8].

  1. (Musa) yetkinləşib kamillik dövrünə çatdıqda Biz ona hikmət və elm əta etdik. Biz xeyirxah işlər görənləri belə mükafatlandırırıq.
  2. O, şəhərə əhalisi xəbərsiz ikən daxil oldu və birdən orada bir-biri ilə vuruşan iki kişi gördü. Biri onun ardıcıllarından (İsrail oğullarından), o biri isə düşmənlərindən idi. Ardıcıllarından olan kəs onu düşməninə qarşı köməyə çağırdı. Musa onun sinəsinə möhkəm bir yumruq vurub işini bitirdi. Musa dedi: “Bu (sizin davanız), Şeytan əməlindəndir. Həqiqətən, o, açıq-aşkar azdıran bir düşməndir!”
  3. (Musa) dedi: “Ey Rəbbim! Mən özüm-özümə zülm etdim. Məni bağışla!” O da onu bağışladı. Həqiqətən, O, bağışlayandır, rəhmlidir.
  4. Dedi: “Ey Rəbbim! Mənə nemət bəxş etdiyin üçün mən heç vaxt günahkarlara arxa olmayacağam!”
  5. Musa şəhərdə səksəkə içində idi və hər an bir hadisənin baş verəcəyini gözləyirdi. Birdən dünən onu köməyə çağıran adamın yenə də fəryad qoparıb ondan kömək dilədiyini gördü. Musa ona dedi: “Sən doğrudan da, açıq-aşkar yolunu azmış insansan!”
  6. İkisinin də düşməni olan adamın qarşısını alıb ona mane olmaq istədikdə, o, dedi: “Ey Musa! Sən dünən bir nəfəri öldürdüyün kimi, məni də öldürmək istəyirsən? Sən yer üzündə ancaq bir zülmkar olmaq istəyirsən. Sən islah edənlərdən olmaq istəmirsən”.
  7. Şəhərin ən ucqar yerindən bir kişi qaça-qaça gəlib dedi: “Ey Musa! Bu camaat səni öldürmək barəsində məşvərət edir­­. Tez çıx get! Mən sənin yaxşılığını istəyənlərdənəm!”
  8. Musa səksəkə içində ətrafa baxa-baxa oradan çıxıb: “Ey Rəbbim! Məni bu zalım adamların əlindən qurtar!” – dedi.

—————————————————————————————–

15-16. Musa tərəfindən qətl hadisəsinin baş verməsi məsumluqla düz gəlirmi? Təfsirçilər qibti ilə İsrail oğullarından olan şəxsin mübahisəsi və qibtinin qətlə yetirilməsi hadisəsi ilə bağlı çox fikirlər irəli sürmüşlər. Təbii ki, hadisənin özü elə mühüm problem yaratmır. Çünki Firon tərəfdarlarından olan həmin cinayətkar şəxs İsrail oğullarından olan minlərlə körpənin başını kəsmiş, heç bir cinayətdən çəkinməyən rəhmsiz canilərdən idi. Buna görə də o, qanı İsrail oğullarına halal olan insanlardan idi. Sadəcə, təfsirçilər üçün çətinlik yaradan məsələ Musanın (ə) işlətdiyi sözlərin izahıdır. Bir yerdə Musa (ə) bu əməli Şeytan əməli adlandırır, başqa bir yerdə “ey Rəbbim! Mən özümə zülm etdim, məni bağışla!” – deyir. Bu ifadə formaları hətta peyğəmbərlik vəzifəsinə təyin edilməzdən əvvəl məsum olması zəruri olan peyğəmbərlərin günahsız olması prinsipi ilə necə düz gəlir? Qeyd etməliyik ki, Musanın (ə) törətdiyi hadisə uzaq başı “daha yaxşının tərk edilməsi” hesab edilməlidir. O, bu davranışı ilə özünü çətinə saldı. Çünki qibti olan bir nəfərin Musa (ə) tərəfindən qətlə yetirilməsi hadisəsi Firon tərəfdarlarının həzm edə biləcəyi yüngül bir hadisə deyildi. “Daha yaxşının tərki” onsuz da haram əməl sayılmır, sadəcə, heç bir yanlışa yol vermədən daha yaxşının tərkinə səbəb olur. Bu ayələri təfsir edərkən İmam Rza (ə) belə buyurmuşdur: “Bu, Şeytan əməlindəndir” cümləsində Musanın əməli deyil iki kişinin mübahisəsi nəzərdə tutulmuş və o, “Şeytan əməli” hesab edilmişdir. “Ey Rəbbim! Özümə zülm etdim”, yəni gəlməməli olduğum yerə gəldim, ümumiyyətlə mən bu şəhərə gəlməməli idim. “Məni bağışla”, yəni məni düşmənlərindən gizlət ki, məni tapa bilməsinlər (“ğüfran” sözünün bir mənası da “gizlətmək”dir). Daha ətraflı məlumat üçün bax: “Şuəra” surəsi, 20-ci ayə[9].

  1. Onların hər ikisinin düşməni olan şəxs: Təfsirçilərin çoxu hesab edir ki, Musaya (ə) “ey Musa! Sən dünən bir nəfəri öldürdüyün kimi, məni də öldürmək istəyirsən? – deyən şəxs əvvəlki gün Musadan (ə) köməklik diləyən şəxs olub. İsrail oğullarından olan şəxs Musanın (ə) bu cür məzəmmət etdiyini gördükdə elə güman edir ki, onu da dünənki gün qibti kişini öldürdüyü kimi öldürəcək. Buna görə də qorxusundan elə deyir. Bu gün dava etdiyi qibti onun bu sözündən dünənki qibtinin qatilinin Musa (ə) olduğunu başa düşür. Tez saraya gedib hadisəni danışır. Firon və saray adamları məsləhət və məşvərət edib Musanın (ə) qətlə yetirilməsi ilə bağlı qərar qəbul edirlər. Deməli, “ikisinin də düşməni olan adam” deyilərkən dünənki gün başqa bir qibti ilə mübahisə edən və Musanın (ə) kömək etdiyi şəxs nəzərdə tutulur. Tövratda qeyd edilənin əksinə olaraq bu cümlədən belə məlum olur ki, burada mübahisə edənlərin hər ikisi İsrail oğullarından olmayıb. Əslində, onların biri İsrail oğullarından, digəri isə Firon tərəfdarlarından olub[10].
  2. Musanı (ə) Fironun adamlarının planından xəbərdar edən kim idi? Bu kişi ehtimal ki, sonradan “Firon nəslindən olan mömin” adı ilə tanınan şəxsdir. Onun adının Cəzqil olduğu yazılıb və qeyd edilib ki, o, Firona onun adamların müzakirə, məsləhət və məşvərət məclislərində iştirak edəcək qədər yaxın adamlardan olub. O, Fironun adamlarının törətdikləri cinayətlərdən çox narahat olur, bu hakimiyyətə qarşı bir qiyam olmasını gözləyir, həmin qiyamda iştirak edəcəyinə ümid bəsləyirdi. O, Musaya (ə) ümid bəsləyir, onun simasında inqilabçı bir Allah adamının surətini görürdü. Buna görə də onun təhlükədə olduğunu hiss etdikdə özünü Musaya (ə) çatdırdı və onu təhlükənin caynağından xilas etdi. “Ğafir” surəsində onun təkcə bu hadisə deyil, başqa hadisələrdə də Musaya (ə) yardım göstərdiyi, Firon sarayında İsrail oğullarının “görən iti gözü” hesab edildiyi qeyd edilmişdir[11].
  3. Mədyən tərəfə üz qoyduqda dedi: “Ümidvaram ki, Rəbbim məni doğru yola yönəldəcək!”
  4. O, Mədyənin su (quyusu) olan ərazisinə gəlib çatanda orada heyvanlarını suvaran adamlar gördü. Onların yaxınlığında da (suya yaxınlaşmalarına mane olmaq üçün) qoyunlarına nəzarət edən iki qız görüb: “Nə etmək istəyirsiniz?” – dedi. Onlar dedilər: “Çobanların hamısı çıxıb getməyincə biz onları (qoyunlarımızı) suvarmırıq. Atamız da çox qocadır”.
  5. (Musa) onlar (onların qoyunları) üçün su çəkdi, sonra da kölgəyə doğru yön alıb dedi: “Ey Rəbbim! Sənin mənə göndərəcəyin istənilən xeyrə ehtiyacım var!”
  6. Qəfildən onlardan biri çox utana-utana onun yanına gəlib dedi: “Atam bizə (bizim qoyunlara) su verməyinin haqqını ödəməkdən ötrü səni çağırır”. Musa onun (Şüeybin) yanına gəlib başına gələni danışdıqda o dedi: “Qorxma! Sən zalım adamların əlindən xilas olmusan!”
  7. Qızlardan biri dedi: “Atacan! Onu işə götür, çünki işə götürülə bilənlərin ən yaxşısı güclü və etibarlı olanıdır”.
  8. (Şüeyb) dedi: “Səkkiz il mənə işləmək şərti ilə qızlarımdan birini sənə ərə vermək istəyirəm. Əgər sən (bu müddəti) on ilə çatdırsan, bu, sənin tərəfindən bir lütf olar. Mən sənin çiyninə ağır yük qoymaq istəmirəm. Allahın izni ilə mənim əməlisalehlərdən olduğumu görəcəksən”.
  9. (Musa) dedi: “Bu, ikimizin arasında bir razılaşmadır. Bu iki müddətdən hansınısa yerinə yetirsəm, mənə qarşı haqsızlıq olmayacaqdır. Allah dediyimizə şahiddir!”

——————————————————————————————-

  1. Musanın (ə) ədəb-ərkanı və zahidliyi: Musa (ə) yorğun və ac, həmin şəhərdə heç bir sığınacağı və adamı olmayan bir qərib idi. Amma bütün bunlara baxmayaraq, dözümsüzlük göstərmirdi. O qədər ədəbli idi ki, hətta dua edərkən də açıq şəkildə “ey Rəbbim, filan cür et!” demədi. Sadəcə, belə dedi: Ey Rəbbim! Sənin mənə göndərəcəyin istənilən xeyrə ehtiyacım var!” Bu duası ilə Musa (ə) yalnız ehtiyac duyduğunu dilə gətirir, qalanını Allahın Öz mərhəmətinə həvalə edir[12]. Möminlərin əmiri İmam Əli (ə) peyğəmbərlərin zahidliyi və dünyaya etinasızlıqlarından danışarkən belə buyurmuşdur: “Əgər ondan (İslam peyğəmbərindən (s)) başqa kimisə özünə öndər seçmək istəsən, Musanı (ə) seç. Çünki o buyurmuşdu: “Ey Rəbbim! Sənin mənə göndərəcəyin istənilən xeyrə ehtiyacım var!” And olsun Allaha! İstədiyi yalnız bir tikə çörək olmuşdur.”[13]
  2. Həya peyğəmbərlər və onların ailələrinin əxlaqıdır: Bu ayədə bizə verilən dərslərdən biri həya dərsidir. Əvvəlki ayələrdə Şüeybin qızlarının öz qoyunlarını suvarmamasına səbəb kimi orada qoyunlarını suvaran bir qrup kişinin olduğu qeyd edilmişdi. Onlar bütün çobanlar gedənə qədər gözləyir və qoyunlarını yalnız bundan sonra suvarırdılar. Bu ayədə də həmin qızlardan birinin yad bir gəncə çox utana-utana və həya ilə yaxınlaşdığı, çatdıracağı ismarışı (atam bizə (bizim qoyunlara) su verməyinin haqqını ödəməkdən ötrü səni çağırır) bir cümlə ilə ifadə etdiyi qeyd edilir. Digər tərəfdən, Musanın (ə) da həyası diqqətə layiqdir. Belə ki, hədislərdə yazılanlara görə, Musa (ə) Şüeybin (ə) qızı ilə birlikdə onların evlərinə doğru yola düşdükdə ona belə deyir: “Sən mənim arxamca gəl və yolu göstər. Çünki biz qadınlara hətta arxadan belə, baxmayan insanlardanıq.”[14] Bir gün Peyğəmbər (s) səhabələrindən “qadınlar üçün nə daha yaxşıdır?” – deyə soruşur. Heç kəs suala cavab verə bilmir. Bu xəbər gedib Fatiməyə (ə) çatır. O xanım belə buyurur: “Mən qadınlar üçün nəyin daha yaxşı olduğunu bilirəm. Naməhrəm kişilərə baxmasınlar, namərhrəm kişilər də onları görməsin.” Həzrət Zəhranın (ə) bu sözləri Peyğəmbərin (s) qulağına çatdıqda çox sevinir və buyurur: “Fatimə mənim bədənimin yarısıdır.”[15]
  3. Düzgün idarəetmə üçün lazım olan iki əsas şərt: Bu ayədə idarəetmədə tələb olunan iki mühüm və əsas şərt ümumi və yığcam şəkildə qeyd edilmişdir: güc və etibar. Təbii ki, güc deyilərkən burada təkcə fiziki güc nəzərdə tutulmur, ümumiyyətlə, güc-qüdrət deyilərkən insanın üzərinə düşən vəzifəni yerinə yetirə biləcəyi güc nəzərdə tutulur. Ən güclü idarəedici öz vəzifə səlahiyyətlərini yaxşı bilən, motivasiyalarıdan xəbərdar olan, proqramlaşdırmadan yaxşı başı çıxan, yetərli dərəcədə təşəbbüskar olan, fəaliyyətlərin nizama salınması işini yaxşı bacaran şəxsdir. O, öncə hədəfləri müəyyən etməli və yalnız bundan sonra həmin hədəfləri reallaşdıracaq gücləri səfərbər etməlidir. Yaxşı idarəedici bununla yanaşı ürəyiyanan, xeyirxah, etibarlı və dürüst olmalıdır. Öz işlərini gördürmək üçün yalnız etibarlılıq və təmizlik prinsipi ilə kifayətlənənlər, yalnız ixtisas şərti ilə kifayətlənənlər qədər səhvə yol verirlər. İslam məntiqi hər bir işin güclü, qüdrətli və etibarlı insana tapşırılmasını tələb edir. Yalnız bu zaman cəmiyyətdə nizam-intizama nail olmaq olar. Əgər tarix boyu hökumətlərin süqut səbəblərini araşdırsaq, onların süqutunun əsas səbəbinin vəzifələrin iki qrupdan birinə – xəyanətkar idarəedici və ya dürüst bacarıqsıza həvalə edildiyinin şahidi olarıq. Hər ikisinin nəticəsi eynidir[16].
  4. Musa müddətini başa vurub ailəsi ilə birlikdə yola çıxdığı zaman dağ tərəfdə bir od gördü və ailəsinə dedi: “Dayanın! Mən bir od gördüm. Mən ondan bəlkə də sizə bir xəbər və ya bir köz gətirərəm ki, qızınasınız”.
  5. Musa od götürmək üçün gəldikdə vadinin sağ tərəfindəki bərəkətli yerdə bitmiş bir ağacın ortasından səs ucaldı: “Ey Musa! Aləmlərin Rəbbi olan Allah Mənəm!
  6. Əsanı at!” (Musa) onun (əsanın) ilan kimi sürətlə qıvrıldığını görüb qorxdu, arxasına belə baxmadan geri qayıtdı. (Səs gəldi:) “Ey Musa! Qayıt, qorxma! Sən əmin-amanlıqda olanlardansan!
  7. Əlini qoynuna sal, çıxaranda eyibsiz-nöqsansız, ağappaq və parlaq olacaq. Qorxu keçib getsin deyə əlini sinənin üzərinə qoy. Bu ikisi (əsa və ağappaq əl) Firon və onun adamlarına qarşı sənin Rəbbindən olan iki parlaq dəlildir. Onlar fasiqdirlər”.
  8. Dedi: “Ey Rəbbim! Mən onlardan birini öldürmüşəm, qorxuram ki, məni öldürələr.
  9. Qardaşım Harun dildə məndən daha bəlağətlidir. Məni təsdiq və yardım etməsi üçün onu da mənimlə birlikdə göndər. Mən, onların məni yalançı sayacaqlarından qorxuram”.
  10. Buyurdu: “Tezliklə qollarını qardaşınla qüvvətləndirəcək, ikinizə də hökmranlıq və üstünlük verəcəyik. Dəlillərimiz sayəsində sizə qalib gələ bilməyəcəklər. Siz və sizə tabe olanlar qalib gələcəksiniz”.

—————————————————————————————

  1. Sağ tərəfdəki vadinin kənarı: “Şati” ərəb dilində kənara, qırağa, “vadi” isə sel sularının axdığı yerə, dərəyə deyilir. İki dağ arasına da vadi deyilir. “Buq’ə” ətraf əraziləri olmayan torpaq parçasına, “əymən” isə sağ tərəfə deyilir. Bərəkətli torpaq sahəsi vadinin sağ tərəfində xüsusi bir yerdir. “Ey Musa” çağırışı həmin yerdə olan ağacdan ucalmışdır. Ağacın bərəkətli olması da məhz bu nidanın həmin ağacdan ucalması ilə bağlıdır. Allahın çağırışı bu ərazidən ucaldığı üçün ora şərafətli hesab edilir. Məhz həmin şərafət və müqəddəslik həzrət Musanın (ə) ayaqqabılarını çıxarmasına səbəb olmuşdur[17].
  2. Qorxudan xilas olmaq üçün əllərin sinə üzərinə qoyulması: Boş səhrada qaranlıqlar içində o möcüzələri görmək Musanı (ə) bərk həyəcanlandırdı. Buna görə də ürəyinin sakitləşməsi üçün ona əllərini sinəsinin üzərinə qoymaq göstərişi verildi. Bəziləri hesab edir ki, bu cümlədə peyğəmbərlik vəzifəsinin yerinə yetirilməsində qətiyyət və əzmkarlığın olmasına, heç bir güc və qüdrətdən qorxmamağa eyham vurulur. Bəziləri ehtimal edir ki, əsa ilana çevrildiyində Musa (ə) əlini irəli verib özünü müdafiə etmək istəyir. Allah isə ona müdafiə olunmağa ehtiyac olmadığını, əl-qolunu yığışdırmasını və qorxmamasını göstəriş verir. Ayədə əl əvəzinə qanad sözündən istifadə edilməsi bədii təsvir xarakteri daşıyır. İnsanın təhlükə hiss etdiyi və sakitləşdiyi vaxt keçirdiyi psixoloji vəziyyətlər quşun eyni şəraitlərdə keçirdiyi hisslərə bənzədilmişdir. Belə ki, quş təhlükə gördükdə və ya hiss etdikdə qanadlarını çırpır, ancaq sakitləşdikdə qanadlarını bir yerə yığır[18]. Bəzi təfsirçilər ehtimal edir ki, bu göstərişlə Allah Musanın (ə) təvazökar olmasını istəmişdir. Çünki təkəbbürlü və xudpəsənd insanlarin adəti qollarını bədənlərindən bir qədər aralı tutmaqdır. Bu ayə “Hicr” surəsinin Peyğəmbərə (s) “qanadlarını möminlər üçün endir”, – deyə xitab edilən 88-ci ayəsinə bənzəyir[19].
  3. Yalançı sayılmaqdan qorxmağın səbəbi nə idi? Bu ayədə Musanın (ə) Allahdan qardaşı Harunu onunla birlikdə göndərməsini istəməsinin səbəbi qeyd edilmişdir. O, Fironun tərəfdarlarının onu yalançı sayacaqlarından, onun da qəzəblənib dəlillərini açıq şəkildə bəyan edə bilməyəcəyindən qorxur. Belə ki, “Şüəra” surəsinin 12-13-cü ayələrində Musanın (ə) dilindən belə deyildiyini görürük: “Ey Rəbbim! Qorxuram ki, onlar məni yalançı hesab edələr, (belə olduqda) hövsələdən çıxam, dilim də söz tutmaya. Buna görə Haruna da mənimlə göndər.” Nəticədə, ayənin mənası belə olur: “Qardaşım Harun məndən daha fəsahətlidir, məndən daha səlis danışır. Onu mənimlə birlikdə göndər ki, dəvətimdə düzdanışan olduğumu təsdiq etsin, camaat mənimlə mübahisəyə qalxdığında onları qane etsin. Çünki onların məni yalançı sayacaqlarından bu zaman iddiamın düzgünlüyünü aydın şəkildə bəyan edə bilmərəm.” (Harunun Musadan (ə) daha fəsahətli olması ilə bağla daha geniş məlumat əldə etmək üçün bax: Şüəra – 12)[20].
  4. Musa onlara açıq-aşkar möcüzələrimizi göstərdikdə onlar: “Bu, Allahın adına uydurulmuş sehrdən başqa bir şey deyil. Biz ulu babalarımızdan belə bir şey eşitməmişik”– dedilər.
  5. Musa dedi: “Rəbbim Öz tərəfindən kimin doğru yolu göstərən yönləndirici gətirdiyini və gözəl aqibətin kimə nəsib olacağını daha yaxşı bilir. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!”
  6. Firon dedi: “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir məbud tanımıram. Ey Haman! Mənim üçün palçığın üzərində od qala və bir qüllə düzəlt ki, Musanın məbudundan xəbər tutum. Mən onun yalançılardan olduğunu düşünürəm.
  7. Firon və onun qoşunları yer üzündə haqsız yerə təkəbbür göstərdilər və elə güman etdilər ki, hüzurumuza qaytarılmayacaqlar.
  8. Biz də onu və onun qoşunlarını tutub dənizə atdıq. Bax gör zalımların aqibəti necə oldu!
  9. Biz onları oda çağıran rəhbərlər etdik. Qiyamət günü onlara kömək edilməyəcəkdir.
  10. Bu dünyada onları lənətlik etdik. Qiyamət günü isə onlar üzüqaralardandırlar.
  11. Biz əvvəlki nəsilləri məhv etdikdən sonra Musaya insanları ayıldan, doğru yolu göstərən və rəhmət səbəbi olan kitab verdik ki, bəlkə xatırlasınlar.

————————————————————————————

  1. Fironun uca qəsri: İstəmədikləri, arzu etmədikləri hər hansı mühüm hadisə ilə qarşılaşdıqda kütlənin fikrini yayındırmaq və diqqətləri öz üzərlərinə cəlb etmək üçün yeni bir səhnə yaratmaq qədim dövr siyasətçilərinin tez-tez əl atdıqları vasitələrdən olmuşdur. Musanın (ə) sehrbazlar üzərində qələbə çalması xəbəri bütün Misirə yayıldıqdan və sehrbazların Musaya (ə) iman gətirməsi Firon hökumətinin mövqeyini təhlükəyə atdıqdan sonra nəyin bahasına olursa-olsun, kütlənin fikrini yayındırmaq, hədiyyələr, bəxşişlər paylayıb insanları qəflət yuxusuna vermək, onların başını qatacaq bir məşğuliyyət planını işə salmaq zərurəti yaranmışdı. Bəzi tarixi mənbələrin yazdığına görə, Haman saray üçün böyük bir ərazi ayırtdırır. Qəsri tikmək üçün işə əlli min usta və memar, minlərlə fəhlə cəlb edir. Bina o qədər hündür olur ki, üzərindən hər yeri görmək mümkün olur. Bəziləri yazır ki, memarlar onun pilləkənlərini elə tikmişdilər ki, süvari adam atla pilləkənlərlə onun başına qədər dırmaşa bilərdi. Qəsrin tikintisi başa çatdıqdan sonra Firon qəsrin üstünə çıxır və göyün elə yerdən göründüyü şəkildə olduğunu görür. Deyilənə görə kamana ox qoyub göyə atır. Ox göydə uçan quşa dəyir, ya da elə özünün əvvəldən planlaşdırdığı kimi qana bulaşmış halda yerə düşür. Firon qəsrdən enərək üzünü camaata tutub deyir: “Gedin, artıq rahat olun. Musanın tanrısını öldürdüm.” Buna inanan sadəlövh camaat bu xəbəri camaata yayır. Bəzi mənbələrin yazdığına görə tikili davam gətirmir, tezliklə uçur və nəticədə, xeyli adam həlak olur[21]. Bəziləri ehtimal edir ki, Firon uca qəsr tikdirmək istəyərkən ulduzlara baxmaq, ulduzlar vasitəsilə peyğəmbər göndərildiyini, Musanın (ə) dediklərinin həqiqət olub-olmadığını müəyyən etmək üçün bir rəsədxana tikdirmək məqsədi güdmüşdür[22].
  2. 39. Təkəbbür, özünü böyük tutmaq Fironun boyundan uzun bir libasdır: Ayədə Firon və adamlarının təkəbbüründən, xilqət və məad prinsipləri qarşısında təslim olmamasından danışılır. Doğrusu, bəzən bir milçəyi belə özündən uzaqlaşdırmağa qüdrəti çatmayan, bəzən mikrob adlanan mikroskopik bir varlıq qarşısında davam gətirməyib torpaqlar altına dəfn edilən zəif insan özünü necə böyük tuta, allahlıq iddiası edə bilər? Məşhur bir qüdsi hədisdə belə deyilir: “Təkəbbür və böyüklük Mənim xələtim, əzəmət Mənim böyüklüyümün əyninə biçilmiş bir libasdır. Bu xüsusiyyətlərdə Mənimlə mübarizəyə qalxan şəxsi Cəhənnəmə göndərərəm.” Təbii ki, Allahın Özünü bu cür səciyyələndirməsinə ehtiyacı yoxdur. Mühüm olan cəhət insanın həddini aşması, təkəbbür və qürurun onun beynini doldurduğu vaxt başlayır[23].
  3. Nur və od öndərləri: Quran məntiqində iki qrup rəhbər və lider var; doğru yolda olan təqvalıların rəhbəri, haqq yoldan azmışların rəhbəri olan liderlər, başqa sözlə desək, od rəhbərləri. Bu iki qrup liderin xüsusiyyətləri hədislərdə, o cümlədən İmam Sadiqin (ə) bir hədisində belə qeyd edilmişdir: “Birinci qrup adamlar Allahın əmrini insanların əmrindən və öz iradələrindən üstün tutanlar, Onun hökmünü hökmlərin ən üstünü hesab edənlərdir. Halbuki ikinci qrupun adamları öz əmrlərini Allahın əmrindən, öz hökmlərini Allahın hökmündən üstün tutanlardır.” Bu meyarla sözügedən iki qrupu tanımaq çox asandır. Qrupların bir-birindən fərqləndiyi Qiyamət günü hər bir qrup öz rəhbərinin arxasınca gedəcək. Quranda belə buyurulmuşdur: “Hər bir qrupu öz rəhbəri ilə çağırdığımız gün…” (İsra-71). Qiyamət bu kiçik dünyanın böyük təcəssümüdür. Bu dünyada hər hansı rəhbərə bağlı olan və onun ardınca gedən şəxs orada da onunla birlikdə olacaq. Yaddan çıxarmamalıyıq ki, dünyada öz ardıcıllarının önündə gedən və onları Nilin dalğaları qoynunda batıran Firon Qiyamətə də onların önündə gedib od dənizinə batıracaq[24].
  4. Biz Musaya peyğəmbərlik əmri verəndə sən qərb tərəfdə deyildin. Sən (möcüzələri Musanın ixtiyarına verəndə) şahid olanlardan da deyildin.
  5. Lakin Biz müxtəlif dövrlərdə neçə-neçə nəsillər yaratdıq və onlar uzun ömür sürdülər. Sən Mədyən sakinləri arasında olub ayələrimizi onlara oxumurdun. Lakin səni göndərən Biz idik.
  6. Biz çağırdığımız zaman sən dağın yanında deyildin. Lakin səndən əvvəl heç bir qorxudan gəlməmiş bir tayfanı xəbərdar edəsən deyə, bu, Rəbbin tərəfindən bir mərhəmətdir. Bəlkə xatırlayalar.
  7. Əgər (peyğəmbər göndərilmədən) etdikləri əməllərin nəticəsində onlara bir müsibət üz versəydi, deyəcəkdilər: “Ey Rəbbimiz! Nə üçün bizə bir peyğəmbər göndərmədin ki, biz də Sənin ayələrinə tabe olub möminlərdən olaq?”
  8. Bizim tərəfimizdən onlara haqq gəldikdə onlar: “Nə üçün Musaya verilənin eynisi ona da verilmədi?” – dedilər. Məgər onlar daha öncə Musaya verilən möcüzələri inkar edib: “Bu iki nəfər (Musa və Harun bizi azdırmaq üçün) ələ-ələ vermiş iki sehrbazdır. Biz onların heç birinə inanmırıq!” – deməmişdilər?
  9. De: “Əgər doğru deyirsinizsə (Tövrat və Quran Allah tərəfindən nazil edilməyibsə), Allah tərəfindən bu ikisindən daha doğru yol göstərən elə bir kitab gətirin ki, mən ona tabe olum!”
  10. Əgər sənin bu təklifini qəbul etməsələr, bil ki, onlar yalnız nəfslərinin istəklərinə uymuşlar. Öz nəfsani istəklərinə tabe olan və heç bir düz yol göstərən ilahi rəhbəri qəbul etməyən şəxsdən daha azğın kim ola bilər?! Şübhəsiz ki, Allah zalımları doğru yola yönəltməz.

—————————————————————————————-

  1. Qərb tərəf haradır? Bir məsələyə xüsusilə diqqət yetirmək lazımdır ki, Mədyəndən Misir istiqamətinə hərəkət edərkən Musanın (ə) Sina səhrasından keçib getdiyi istiqamət şərq-qərb, İsrail oğullarının Misirdən Şama doğru hərəkət edərkən Sinadan keçdikləri istiqamət qərb-şərq istiqamətidir. Bəzi təfsirçilər hesab edirlər ki, bu və 46-cı ayədə Allahın həzrət Musaya (ə) verdiyi ilk əmrə və onu Firona doğru yollaması məsələsinə işarə edilmişdir. 46-cı ayə əslində, 44-cü ayəni təsdiq edir[25]. Bəzi təfsirçilər hesab edirlər ki, bu ayədə Musanın (ə) Turda qalmasına və Tövratın nazil olmasına işarə edilmişdir. 46-cı ayədə isə ilk peyğəmbərlik əmrinin verilməsinə və Musanın (ə) Firona doğru göndərilməsinə işarə edilib[26].
  2. Bir suala cavab: Burada belə bir sual yaranır ki, yer üzündə hər zaman ilahi bir nümayəndə olması, Peyğəmbərin (s) müasirləri olan ərəblər arasında da peyğəmbər canişinlərinin olması zərurətini bildiyimiz halda, Quranda “səndən qabaq bu qövmə heç bir qorxudan gəlməmişdir”, – deyilməsi nə qədər məntiqlidir? Qeyd etməliyik ki, burada kitab sahibi və aşkar qorxudan nəzərdə tutulmuşdur. Belə ki, İsanın (ə) zamanından Peyğəmbərin (s) zamanına qədər uzun illər ötmüş, şəriət sahibi olan peyğəmbərlər gəlməmiş, bu da inkarçıların əlinə bir bəhanə vermişdir. İmam Əli (ə) belə buyurmuşdur: “Pak və müqəddəs olan Allah ərəblər arasında bir kitab oxuyan və ya peyğəmbərlik iddiası ilə çıxış edən bir şəxs olmadığı halda, Mühəmmədi (s) peyğəmbər göndərdi. Mühəmməd (s) onlara rəhbərlik edib çatmaları lazım olan yerə çatdırdı və onlara qurtuluş gətirdi.”[27]
  3. İki sehr: “Sihrani” iki sehr-cadu deməkdir. Kafirlər bu ifadə ilə Tövrat və Quranı nəzərdə tuturdular. Çünki əvvəlki ayədə də oxuduğumuz kimi, onlar bəhanə gətirərək, Quranın da Tövrat kimi bir dəfəyə nazil olmadığına etiraz etmişdilər. Quran bu suala belə cavab verir: Musanın (ə) dövrünün kafirləri sizin kimi Allah peyğəmbərinin səmavi kitabını inkar etmiş, sizin kimi onun sehr-cadu olduğunu demişdilər[28]. Bəzi təfsirçilər isə “iki sehr” deyilərkən, iki sehrbaz və cadugərin nəzərdə tutulduğunu bildirmişlər. Onlar bu sözlə Musa ilə Harunu nəzərdə tuturdular. İfadə mübaliğənin yüksək həddini göstərir. Çünki ərəblər kiminsə haqqında mübaliğə ilə danışdıqda, həmin şəxsi xüsusiyyətin özü kimi təqdim edirlər. Adilin ədalət, zalımın zülm, sehrbazın sehr kimi təqdim edilməsi buna misaldır[29]. Məsələn, Əlinin (ə) ədalətin daha yüksək həddində olduğunu göstərmək üçün onu “Əli ədalətdir” kimi səciyyələndirmişlər. (Tərcümə ikinci ehtimala əsaslanır).
  4. Biz Quran ayələrini onlara biri digərinin ardınca gətirdik ki, bəlkə xatırlasınlar.
  5. Daha öncə kitab verdiyimiz kəslər ona (Qurana) iman gətirirlər.
  6. Onlara (Quran) oxunduğu zaman: “Biz ona iman gətirdik. Bunlar həqiqətən də, Rəbbimizdən olan haqdır. Biz ondan əvvəl də müsəlman idik!” – deyirlər.
  7. Onlar səbir etdiklərinə görə ikiqat mükafat alan, pisliyi yaxşılıqla dəf edən və verdiyimiz ruzidən Allah yolunda xərcləyən şəxslərdir.
  8. Onlar boş və mənasız sözlər eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahilləri istəmirik!” – deyirlər.
  9. Sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğru yolda olanları da daha yaxşı tanıyır.
  10. Onlar dedilər: “Əgər biz doğru yola yönəlməyi (hidayəti) səninlə birlikdə qəbul etsək, yurdumuzdan qovularıq”. Məgər Bizim tərəfimizdən ruzi olaraq hər tərəfdən məhsulların gətirildiyi əmin-aman və təhlükəsiz bir yeri onların ixtiyarına vermədik? Lakin onların çoxu bilmir.
  11. Biz nemətin bolluğundan məst olub qürrələnən neçə-neçə şəhər və kəndi məhv etdik. Bu, onların evləridir. Onlardan sonra az adam istisna olmaqla orada heç kəs məskunlaşmadı. Biz onların varisi olduq.
  12. Sənin Rəbbin ayələrimizi oxumaq üçün mərkəzlərinə bir peyğəmbər göndərməmiş şəhərləri və kəndləri məhv etmədi. Biz yalnız əhalisi zalım olan şəhərləri və kəndləri məhv etdik.

———————————————————————————–

  1. 53. Sonuncu Peyğəmbərin (s) gəlişindən qabaqkı müsəlmanlar: Kitab əhlinin Peyğəmbər (s) və Quran qarşısında təslim olduğu qeyd edilən bu ayənin “biz ondan əvvəl də müsəlman idik!” cümləsi kitab əhlinin Qurandan və onun haqq olduğundan xəbərdar olduqlarını göstərir. Onlar bu cümlə ilə Quran qarşısında o göndərilməzdən əvvəl təslim olduqlarını, Quranın dəvət etdiyi və İslam adlandırdığı dinə iman gətirdiklərini elan edirlər. Sözügedən cümlə kitab əhlinin Allah rəsulunun (s) xüsusiyyətlərindən və ona endirilmiş kitabdan xəbərdar olduğunu göstərir. Çünki bu xüsusiyyətlər haqqında onlara göndərilmiş səmavi kitabda məlumat verilmişdi. Quranda bu bardə belə deyilir: O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bilməyən peyğəmbərin, ardınca gedərlər. (Əraf – 157), İsrail oğullarından olan alimlərin ondan yaxşı xəbərdar olması bunlar üçün yetərli dəlil deyilmi? (Şüəra – 197)[30].
  2. Doğru yola yönəltmək yalnız Allahın əlindədir: Öncəki ayələrdə iki qrup insandan danışılırdı: Allah rəsulunun (s) səylərinə baxmayaraq, iman nuru qəlblərinə nüfuz etməyən inadkar Məkkə müşrikləri və Allahın haqq yola çağırışını qəbul etmiş, İslam yolunda fədakarlıq göstərən, sevgi ilə dayanmış, qohumlarının, yaxınlarının, özündənrazı cahillərin müqavimətindən qorxmayan kitab əhli və Məkkədən uzaqda yaşayan insanlar. Allah-taala bu ayə ilə həqiqət üzərindən pərdə götürür, doğru yola yönəltməyin başqasının deyil, yalnız Allahın əlində olduğunu, hansı şəxsin iman gətirməyə layiq, hansı başlarda ilahi eşq sevdasının olduğunu, hansı qəlblərin haqq üçün döyündüyünün yalnız Allaha bəlli olduğunu çatdırır. O, layiqli insanları daha yaxşı tanıyır, onlara uğur bəxş edir, iman yolunu tutmaları üçün lütf və mərhəmətini onlara yoldaş edir. Allah qəlblərində Onunla düşmənçilik edən, var gücləri ilə Onun elçiləri ilə mübarizəyə qalxan, iman nuruna layiq görülməyəcək qədər utancverici həyata malik olan, zülmət qəlbli, çirkin insanların yolu üzərində uğur işığı yandırmaz. Çünki burada “hidayət” deyilərkən “yol göstərilməsi” nəzərdə tutulmur. Belə ki, yol göstərmək peyğəmbərlərin işidir, o, istisnasız olaraq doğru yolu hər kəsə göstərir. Əslində, nəzər nöqtəsi olan bu ayədə “hidayət” deyilərkən “mənzil başına çatdırmaq” nəzərdə tutulur. Bu isə yalnız Allaha məxsusdur. İman toxumunu qəlblərə məhz O səpir. Onun işləri də hesab-kitabsız deyil. O, hazır olan qəlblərə nəzər salır, səmavi nuru onlara çiləyir. Hər halda, bu ayədə Allah bir növ Peyğəmbərə (s) təskinlik verir, ona başa salmaq istəyir ki, nə Məkkə müşriklərinin öz şirklərindəki qətiyyəti, nə də Həbəşistan və Nəcran camatının, Salman və Büheyraların ixlasla iman gətirməsi səbəbsiz deyil. Birincilərin iman gətirmədiyinə görə narahat olmasın, çünki Allah nuru hazır qəlblərə daxil olur, onlarda məskən salır. Oxşar məzmunlara Quranda çox rast gəlmək olar. Həmin ayələrdən belə məlum olur ki, Allahın bu qruplarla bağlı istəyi səbəbsiz deyil. Allahın istəyi hikmət, proqram, insanların ləyaqəti, səy və fəaliyyətlərinə əsaslanır. Allah yalnız bu əsasla bir qrupu doğru yola yönəldir, bir qrupu isə bundan məhrum edir[31].
  3. Sizə verilən ancaq dünya malı və onun bərbəzəyidir. Allah yanında olanlar isə daha xeyirli və daha davamlıdır. Məgər başa düşmürsünüz?
  4. Verdiyimiz gözəl bir vədə qovuşan kimsə dünya malı verdiyimiz, sonra da Qiyamət günü gətiriləcək kimsə ilə eynidirmi?
  5. O gün Allah onları çağırıb deyəcəkdir: “Güman etdiyiniz ortaqlarım haradadır?”
  6. Haqlarında əzab əmrinin gerçəkləşəcəyi qəti olan kimsələr deyəcəklər: “Ey Rəbbimiz! Biz bunları haqq yoldan azdırdıq. Özümüz azdığımız kimi onları da azdırdıq. Biz onlardan uzaqlaşıb Sənə üz tuturuq. Doğrusu, onlar bizə ibadət etmirdilər”.
  7. Onlara: “Allaha şərik qoşduğunuz tanrıları çağırın!” – deyiləcək. Məbudlarını çağıracaqlar, ancaq (şərikləri) onlara cavab verməyəcəklər. Onlar əzabı görəcəklər. Arzu edəcəklər ki, kaş haqq yola yönələnlərdən olaydılar.
  8. Bir gün Allah onları çağırıb: “Peyğəmbərlərə nə cavab verdiniz?” – deyəcək.
  9. O gün bütün xəbərlər onlardan gizli qalacaqdır. Hətta bir-birindən soruşa bilməyəcəklər.
  10. Tövbə edib iman gətirən və yaxşı işlər görən kimsə ümid var ki, nicat tapanlardan olsun.
  11. Rəbbin istədiyini yaradır və istədiyini seçir. Onların isə ixtiyarı yoxdur. Allah pakdır, müqəddəsdir və onların qoşduqları şəriklərdən ucadır.
  12. Sənin Rəbbin onların qəlbinin həm gizli saxladıqlarını, həm də aşkar etdiklərini bilir.
  13. O, Allahdır. Ondan başqa məbud yoxdur. Dünyada da, axirətdə də həmd Ona məxsusdur. Hökmranlıq Ona məxsusdur və siz Ona doğru qaytarılacaqsınız.

——————————————————————————————-

  1. Tanrıların onlara ibadət edənlərdən qaçıb uzaqlaşması: Müşriklərin ibadət etdiyi tanrılar iki qrupa bölünür: Bəzi insanlar Allahın əziz bəndələri olan mələklərə və Məryəm oğlu İsaya (ə) ibadət edir və onları tanrı sayırdılar. Bəziləri isə İblis kimi çirkin cinlər, Firon, Nəmrud və sair kimi azğın insanlara ibadət edir, onları tanrı sayırdılar. Ayədə ikinci qrupa aid məbudlardan danışılır. Belə ki, birinci qrupa aid edilən tanrılar kimisə haqq yoldan azdırmadığı halda, ikinci qrupa aid edilən tanrılar özləri haqq yoldan azmaqla yanaşı, başqalarını da azdırmışlar. Ayədə buyurulur ki, bu qrupa aid edilən tanrılar onlara ibadət edən insanlardan uzaq durub deyəcəklər: “Özümüz azdığımız kimi onları da azdırdıq” Yəni düzdür ki, onları biz aldadıb azdırmışıq, ancaq onları buna məcbur etməmişik. Biz öz ixtiyarımızla azdığımız kimi, onlar da öx ixtiyarları ilə azıblar, heç bir zor və gücə məruz qalmayıblar. “İbrahim” surəsinin 22-ci ayəsində İblisin Qiyamət günü öz ardıcıllarına belə deyəcəyi qeyd edilmişdir: “…Mənim sizin üstünüzdə heç bir hökmranlığım yox idi. Mən sizi (azğınlığa) dəvət etdim, siz də (dəvətimi) qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın.” Saffat surəsinin 28-33-cü ayələrində belə buyurulur: (Qiyamətdə) bir qrup deyəcək: “Siz (azğın rəhbərlər idiniz, üzdə) xeyirxahlıq və yaxşılıqla daxil olurdunuz (ancaq işiniz aldatmaqdan və kələk gəlməkdən ibarət idi)”. (Onlar) deyəcəklər: “Xeyr! Siz mömin deyildiniz (bizim nə günahımız var). Bizim sizin üzərinizdə heç bir hökmranlığımız da yox idi. Xeyr, siz özünüz həddi aşmış adamlar idiniz… Biz özümüz azğın olduğumuz kimi, sizi də azdırdıq. Çünki biz özümüz də azmış adamlar idik”. Bunların hamısı (həm rəhbərlər, həm də ardıcılları), həmin gün Allahın əzabında ortaqdırlar.[32]

65-66. Peyğəmbərə (s) nə cavab verdiniz? Bu ayənin məzmunu müşriklərdən bəhs edən və Qiyamət günü onlara veriləcək sualı ehtiva edən ayələrin məzmununun davamıdır. Onlardan tapındıqları haqda soruşulduqdan sonra Peyğəmbərlə (s) necə davranmaları soruşulacaq. Şübhəsiz ki, kafirlərin heç bir cavabı olmayacaq. Əgər desələr ki, çağırışlarını qəbul etdik, yalan danışmış olacaqlar. Yalanın isə orada heç bir faydası olmayacaq. Əgər desələr ki, onları yalançı hesab etdik, iftira atdıq, sehrbaz, dəli adlandırdıq, onlara qarşı silahlı mübarizəyə qalxdıq, davamçılarını qətlə yetirdik, verdikləri cavablar xar və rüsvayçılıqlarına səbəb olacaq. Qiyamət günü Allahın böyük peyğəmbərlərindən “insanlar sizə nə cavab verdilər?” – deyə soruşulduqda, onlar deyəcəklər: “Biz heç nə bilmirik, Sən bütün gizli sirlərdən xəbərdarsan.” (Maidə-109). Qəlbi kor olan bu müşriklər bu sual qarşısında nə cavab verə bilərlər?[33]

  1. İxtiyar Allahın bir nemətidir: Bu ayə şirkin inkarı və müşriklərin inancının yanlış olmasına bir dəlildir. Bu ayədə yaradılışın və şəfaət ixtiyarının Onun əlində, peyğəmbərlərin göndərilməsi ixtiyarının isə Onun iradəsindən, xülasə, bütün mövcudat aləminin ixtiyarının Allahın istəyindən asılı olduğu qeyd edilir. Onun icazəsi olmadan nə bütlər, nə də mələk və peyğəmbərlər heç nə edə bilməzlər. İxtiyarın qeyd-şərtsizliyi onun ümumiliyini ifadə edir. Yəni həm obyektiv, həm də subyektiv hadisələrin ixtiyarı Allahın əlindədir. Hər ikisi Onun yaratmaq məqamından qaynaqlanır. Belə olan halda, onlar şirk yolunu necə seçir və Allahdan qeyrisinə üz tuturlar? Əhli-beyt (ə) hədislərində bu ayənin ixtiyar və məsum imamın Allah tərəfindən göndərilməsi mövzularına işarə etdiyi qeyd edilmişdir. “Onların ixtiyarı yoxdur” cümləsi qeyd olunan mənanı ifadə edir. Təbii ki, bu məna yükü ayənin parlaq məna çalarlarından biridir. Çünki dinin qorunması və bu məqsədlə də məsum rəhbərin təyin edilməsi yalnız Allaha məxsusdur[34].
  2. De: “Deyin görüm, əgər Allah gecəni üstünüzdə Qiyamətə qədər uzatsa, Allahdan başqa hansı məbud sizə bir işıq gətirə bilər? Eşitmirsinizmi?”
  3. De: “Deyin görüm, əgər Allah gündüzü üstünüzdə Qiyamətə qədər uzatsa, Allahdan başqa hansı məbud dincəldiyiniz gecəni sizə gətirə bilər? Məgər görmürsünüz?”
  4. Onun mərhəmətindəndir; gecəni və gündüzü yaratdı ki, dicələsiniz, Allahın lütfündən faydalanmaq üçün çalışasınız və bəlkə də şükür edəsiniz.
  5. Bir gün Allah onları çağırıb: “Öz nəzərinizdə Mənə tay tutduğunuz şəriklər haradadırlar?” – deyəcəkdir.
  6. (O gün) Biz hər bir ümmətdən bir şahid seçəcək və (müşriklərə): “Dəlilinizi gətirin!” – deyəcəyik. Onlar bilirlər ki, haqq yalnız Allaha məxsusdur. Uydurduqları hər şey gözdən itəcək.
  7. Qarun Musanın qövmündən idi. Amma onlara zülm etdi. Biz ona elə xəzinələr vermişdik ki, onların açarlarını daşımaq bir dəstə qüvvətli adama ağır gəlirdi. Qövmü ona dedi: “Öyünmə! Allah öyünənləri sevmir.
  8. Allahın sənə verdiyi ilə axirət yurduna can at. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə çalışma. Allah fitnə-fəsad törədənləri sevmir”.

—————————————————————————————–

  1. Qiyamət gününün şahidləri: Bu ayədə şahidlər deyilərkən peyğəmbərlər nəzərdə tutulur. Hər bir peyğəmbər öz ümmətinin şahididir, həzrət Mühəmməd (s) isə bütün peyğəmbərlərin və ümmətlərin şahididir. (Bax: Nisa – 41). Deməli, peyğəmbərlərdən ibarət bir məclis təşkil ediləcək. İnadkar və qəlbi kor olan müşriklər həmin məclisdə sorğuya çəkiləcək. Məhz orada şirkin dərinliklərindən xəbər tutulacaq, Allahın haqq və bütlərin isə puç olduğunu açıq-aşkar şəkildə müşahidə edəcəklər.[35]
  2. İsrail oğullarından olan eqoist varlı: Qarun Musanın (ə) yaxın qohumlarından (əmisi oğlu, yaxud xalası oğlu) olmuşdur. Tövratla yaxından tanış idi, oradakı məlumatların çoxundan xəbərdar idi. İlk əvvəllər möminlərin sırasında yer almışdı. Lakin var-dövlət qüruru onu küfrün qoynuna ataraq yerin dibinə batırdı. Tarixi mənbələrdə onun həm Fironun İsrail oğulları arasındakı nümayəndəsi, həm də Firon xəzinələrinin xəzinədarı olduğu yazılmışdır. Firon İsrail oğullarını qarət edib bütün var-yoxlarını yağmalamaq üçün İsrail oğulları arasından hiyləgər və rəhmsiz bir adam seçir. İsrail oğullarını zalım hakimiyyətinin xeyrinə istismar etmək, bu yolla külli miqdarda sərvət əldə etmək üçün həmin şəxsi İsrail oğulları üzərində tam səlahiyyətli nümayəndəsi təyin edir. Firon həlak olduqdan sonra onun sərvətinin və xəzinələrinin böyük bir hissəsi Qarunda qalır. Musa (ə) Fironun külək gətirən bu sərvətini ondan alıb yoxsullara paylamağa fürsət tapmır. Nəhayət, Musa (ə) ondan zəkat almaq qərarına gəldiyində üzündəki pərdə cırılır və çirkin siması üzə çıxır. (Daha ətraflı məlumat üçün bax: Bu surənin 81-ci ayəsi)[36].
  3. Dinin sərvətlə bağlı mövqeyi: Bu ayədə qövmünün ağıllı adamlarının bir neçə nəsihəti qeyd edilmişdir. Bu xülasədə onların ikisinin qısa izahını verəcəyik:
  4. Onlar dedilər: “Allahın sənə verdiyi ilə axirət yurduna can at.” Bu, onu göstərir ki, mal və sərvət bəzilərinin yanlış təsəvvürlərinin əksinə olaraq pis bir şey deyil. Mühüm olan cəhət sərvətin harada xərclənməsidir. Əgər sərvət vasitəsilə axirət qazanmağa səy göstərilərsə, ondan yaxşı nə ola bilər ki? Əgər sərvət təkəbbür, qəflət, zülm, təcavüz, nəfsani istəklərin həyata keçirilməsi üçün bir vasitəyə çevrilərsə, ondan pis heç nə ola bilməz. Bu, İmam Əlinin (ə) dünya ilə bağlı söylədiyi məşhur bir cümləsində öz əksini tapmışdır: “Ona ibrət gözü ilə baxanın gözlərinə işıq gələr. Ona arzu və təmənna gözü ilə baxanın gözü kor olar.” Qarun sahib olduğu külli miqdarda sərvətlə cəmiyyətə xeyri dəyən çoxlu işlər görə bilərdi, ancaq təkəbbürü həqiqətləri görməsinə imkan vermədi.
  5. Onlar dedilər: “Dünyadakı nəsibini unutma.” Hər bir insanın dünyada bir nəsibi var. Bu miqdar onun fiziki tələbatını, geyim və yaşayış yerini ödəyəcək qədərdir. Bundan artığı ehtiyacdan kənardır. İnsan bu həqiqəti əsla unutmamalıdır. Bir insan nə qədər yemək yeyə, nə qədər paltar geyinə, neçə evdən, neçə maşından istifadə edə, ölərkən özü ilə neçə kəfən apara bilər? Deməli, bu zəruri ehtiyaclardan artığı başqalarının payıdır. Əgər insan bundan artığını qazanarsa, həmin hissə əmanət sayılır. İmam Əli (ə) belə buyurmuşdur: “Ey Adəm övladı! Öz ruzindən artıq qazancında başqalarının xəzinədarısan.” Dünyadakı nəsibini unutma cümləsi ilə bağlı başqa bir yozum da verilmişdir. Bu yozum yuxarıdakı izahların hamısını əhatə edir. İmam Əli (ə) bu cümlə haqqında belə buyurmuşdur: “Sağlamlığını, gücünü, azadlığını, gəncliyini, şadlığını, ehtiyacsızlığını unutma, bunların vasitəsilə axirətini qazan.” Bu izaha əsasən ayənin bu hissəsi insanları xəbərdar edir ki, fürsət əldən çıxmamış sərmayələrini əldən verməsinlər. Çünki fürsətlər bulud kimi ötüb keçir[37].
  6. (Qarun) dedi: “Bu sərvətə malik olduğum bilik vasitəsilə nail olmuşam”. Məgər o bilmirdi ki, Allah ondan əvvəl ondan daha qüvvətli və daha varlı qövmləri məhv etmişdir? (Allahın əzabı yetişdiyində) günahkarlardan cinayətləri barəsində soruşulmaz.
  7. (Bir gün Qarun) bütün zinət əşları ilə xalqının qarşısına çıxdı. Dünya həyatını arzulayanlar dedilər: “Kaş ki, Qaruna verilənin bənzəri bizdə də olaydı! Həqiqətən, o, böyük qismət sahibidir”.
  8. Elm verilmiş kəslər isə dedilər: “Vay halınıza! İman gətirib yaxşı əməl işlədən kimsə üçün Allahın mükafatı daha xeyirlidir. Buna isə yalnız səbir edənlər nail olarlar”.
  9. Biz onu evi ilə birlikdə (yerə) batırdıq. Allahın əzabı qarşısında ona yardım edəcək kimsə yox idi. Özü də özünə kömək edə bilmədi.
  10. Dünən onun yerində olmağı arzulayanlar (bu səhnəni gördükdə) dedilər: “Vay olsun bizə! Deməli, Allah Öz qullarından istədiyi kəs üçün ruzini artırar da, azaldar da. Əgər Allah bizə minnət qoymasaydı, bizi də yerin dərinliyinə batırardı. Ah, demək kafirlər nicat tapmayacaqlarmış!”
  11. Biz bu axirət yurdunu yer üzündə özlərini üstün tutmaq və fitnə-fəsad törətmək istəməyənlərə nəsib edirik. Gözəl aqibət müttəqilərindir.
  12. Kim yaxşı iş görsə, ona bundan daha yaxşı mükafat verilər. Kim də pis işlər görsə, pis iş görənlərin cəzası yalnız əməlləri (qədər) olar.

——————————————————————————————–

  1. Sərvət nümayişi xəstəliyi: Xudpəsənd varlılar adətən bəzi psixi xəstəliklərə tutulurlar. Bu xəstəliklərdən biri sərvət nümayişi xəstəliyidir. Onlar var-dövlətlərini başqalarına göstərməkdən, miniklərinə minməkdən, ayaqyalın yoxsullar arasından keçməkdən toz-torpağı onların üstünə qaldırmaqdan, onları təhqir etməkdən zövq alırlar. Əlbəttə, başqalarında özlərinə qarşı kin-küdurət yaratdıqları və onların hissləri ilə oynadıqları üçün çox vaxt sərvət nümayişi onların canlarının bəlasına çevrilir. Çox vaxt bu utancverici hərəkətləri həyat dəftərlərinin vərəqlərini qarışdırır və ya sərvətlərinin sovrulmasına səbəb olur. Bəziləri bu cür axmaq hərəkətləri ilə insanları tamahlandırmaq və onları özlərinə tabe etmək marağı güdə bilərlər, ancaq elələri də var ki, bu davranışlara heç bir maraq güdmədən yol verirlər. Bu isə artıq proqram deyil, nəfsin istəyidir. Hər halda Qarun bu qanundan istisna edilmir, hətta “onun bariz nümunəsidir” desək, yanılmarıq[38].
  2. Qarunun həyasızlığının sonu və əzab əmri: Qarun sərvətini yoxsul insanların qarşısında nümayiş etdirməklə itaətsizliyini son həddə çatdırır. Musa (ə) Qarundan malının zəkatını verməsini tələb etdiyində o, sadə bir hesablama ilə külli miqdarda sərvət ödəməli olduğunu anlayır. Buna görə də zəkat verməkdən boyun qaçırıb özünü təmizə çıxarmaq üçün çirkin bir plana əl atır. Allah rəsulunun heysiyyətini ləkələmək üçün əxlaqsız bir qadına pul verib onu insanların qarşısında Musa (ə) ilə çirkin bir münasibətdə olduğunu elan etməyə razı salır. Lakin qadın insanların qarşısına çıxdığı zaman Musa (ə) Allaha and verib ondan həqiqəti deməsini istəyir. Qadın Allahın istəyi ilə çirkin niyyətindən daşınıb əsl həqiqətin üstünü açır. Bu vaxt Musa (ə) Qarunu nifrin edir. Nəticədə, Allah çirkin təbiətli Qaruna əzab göndərir və onu evi ilə birlikdə yerə batırır[39].
  3. Axirət evi özlərini üstün tutmaq istəyində olanların evi deyil: Cinayətkar varlının ibrətamiz əhvalatı qeyd edildikdən sonra bu ayədə həmin hadisədən alınan nəticə bəyan edilir. Bu ayəyə görə, insanların ilahi nemətlərdən olan axirət evindən məhrum olmasına iki amil səbəb olur: Təkəbbür, özünü başqalarından üstün tutmaq və bütün günahları ehtiva edən fitnə-fəsad. Allahın qadağan etdiyi hər bir davranış insanın yaradılış sisteminə ziddir. Buna görə də həmin qadağaları pozmaq insanın yaranış sisteminə qarşı çıxmaq, kamilliyinə mane olmaq, yaranış qanunlarını pozmaq və yer üzündə fitnə-fəsad törətmək hesab edilir. Hətta təkəbbür də fəsadın bir nümunəsidir. Ancaq böyük təsir gücünə malik olduğu üçün ayrı şəkildə qeyd edilmişdir. Hədislərdə bu xüsusiyyətə xüsusi diqqət ayrılmışdır. İmam Əli (ə) hədislərinin birində belə buyurmuşdur: “Bəzən elə olur ki, insana ayaqqabısının bağının dostunun ayaqqabısının bağından yaxşı olması zövq verir, bununla da bu ayə ona şamil olur.” Çünki bu da özünü başqalarından üstün tutmağın kiçik bir formasıdır. Xəlifəliy dövründə İmam Əli (ə) bazarlarda gəzər, yolunu azmışlara yol göstərər, zəiflərə kömək edər, satıcıların və qazanc əldə edənlərin yanından keçərək sözügedən ayəni onlara tilavət edib buyurarmış: “Bu ayə ədalətli və təvazökar rəhbərlər, habelə cəmiyyətin digər qüdrət sahibləri haqqındadır.” Yəni mən rəhbərliyi üstünlük vasitəsi hesab etmədiyim kimi, siz də maddi imkanı üstünlük vasitəsinə çevirməyin. Çünki gözəl aqibət özlərini başqalarından üstün tutmayan və fitnə-fəsad törətməyənlərə məxsusdur[40]. Möminlərin əmiri İmam Əli (ə) xilafəti qəsb edən və özünün xəlifə olduğu dövrdə ona müxalif olanlardan şikayətləndikdən sonra belə buyurmuşdur: “Sanki onlar Allahın “Biz bu axirət yurdunu yer üzündə özlərini üstün tutmaq və fitnə-fəsad törətmək istəməyənlərə nəsib edirik. Gözəl aqibət müttəqilərindir”, – deyə buyurduğunu eşitməmişdilər. And olsun Allaha! Onu eşidib başa düşmüşdülər, lakin dünya gözlərini qamaşdırmış, onun bəzək-düzəyi onları aldatmışdı.”[41]
  4. Quranı sənə vacib buyuran səni qayıdacağın yerə (vətəninə) mütləq qaytaracaqdır. De: “Rəbbim kimin hidayət gətirdiyini və kimin açıq-aydın azğınlıq içində olduğunu yaxşı bilir”.
  5. Sən bu səmavi kitabın sənə nazil olacağına ümid etmirdin. Ancaq Rəbbinin mərhəməti sayəsində bu baş verdi. İndi ki belədir, əsla kafirlərə arxa durma!
  6. Allahın ayələri sənə nazil edildikdən sonra, məbada səni bu ayələrdən döndərsinlər. Sən Rəbbinə doğru dəvət et və müşriklərdən olma!
  7. Allahla yanaşı başqa bir məbudu çağırma! Ondan başqa heç bir məbud yoxdur. Onun zatından başqa hər şey fanidir. Hakimiyyət yalnız Ona məxsusdur və hamı Ona doğru qaytarılacaqdır.

 

 

[1] Nümunə, c.15, səh.572

[2] Nümunə, c.16, səh.6

[3] Nümunə, c.16, səh.15

[4] Nümunə, c.16, səh.16

[5] Daha çox məlumat əldə etmək üçün bax: Biharül-ənvar, c.13, səh.67

[6] Biharül-ənvar, c.31, səh.518

[7] Nümunə, c.16, səh.30

[8] Nümunə, c.16, səh.35

[9] Nümunə, c.16, səh.44

[10] Əl-Mizan, c.16, səh.21

[11] Nümunə, c.16, səh.51

[12] Nümunə, c.16, səh.57

[13] Nəhcül-bəlağə, 159-cu xütbə

[14] Əl-Mizan, c.16, səh.28

[15] Vəsailüş-şiə, c.20, səh.67

[16] Nümunə, c.16, səh.66

[17] Əl-Mizan, c.16, səh.32

[18] Nümunə, c.16, səh.77

[19] Əl-Mizan, c.16, səh.34

[20] Əl-Mizan, c.16, səh.34

[21] Nümunə, c.16, səh.85

[22] Əl-Mizan, c.16, səh.37

[23] Nümunə, c.16, səh.89

[24] Nümunə, c.16, səh.91

[25] Nümunə, c.16, səh.96

[26] Əl-Mizan, c.16, səh.50

[27] Nümunə, c.16, səh.98

[28] Əl-Mizan, c.16, səh.52

[29] Nümunə, c.16, səh.102

[30] Əl-Mizan, c.16, səh.54

Kitab əhlinin öncədən Peyğəmbərin (s) xüsusiyyətlərindən xəbərdar olması ilə bağlı daha ətraflı məlumat almaq üçün bax: Bəqərə – 89; Ənam – 20

[31] Nümunə, c.16, səh.115

[32] Əl-Mizan, c.16, səh.64

[33] Nümunə, c.16, səh.140

[34] Nümunə, c.16, səh.142

[35] Nümunə, c.16, səh.149

[36] Nümunə, c.16, səh.173

[37] Nümunə, c.16, səh.155

[38] Nümunə, c.16, səh.163

[39] Nümunə, c.16, səh.166

[40] Nümunə, c.16, səh.177

[41] Nəhcül-bəlağə, 3-cü xütbə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir