Allah və praktiki məntiq
Sosial şərait, tarixi amillər, tərbiyə və məşğulluq formasının fitri meyllər, psixi və emosional halların fəaliyyətinə təsiri danılmazdır. Bu şərait müxtəlifliyi insanın mövqe seçimində məcburiyyət yaratmasa da, müəyyən qrup insanın seçimi üçün münbit şərait yaradır ki, bu da insanların dünya görüşünün formalaşmasında mühüm rol oynayır, hətta bəzən qeyri-ixtiyari olaraq insanın azadlığı və seçim gücü qarşısında maneələr yaradır.
Beyinin daha çox elmi və praktiki dəlillərlə ünsiyyətdə olması və onlara adət etməsi insanı əqli dəlillərdən, xüsusilə tədqiqat mövzusu maddi olmayan və hiss edilməyən məsələlər olduğu zaman rasional mühakimədən uzaq salır.
Ümumiyyətlə, insan beyni hər hansı sahədə çox işləyərsə, həmin sahədə güclü olur, digər məsələlər onun üçün orijinallığını itirir və ixtisası ilə müqayisədə qeyri-əsas və ikinci dərəcəli məsələlər kimi qəbul edilir. Buna görə də hər bir şeyə münasibəti öz baxış bucağından bildirir.
Allahla bağlı düşüncələrə qarşı ən azdırıcı və ən destruktiv amillərdən biri fikir və düşüncəni epmrik elmlər məntiqi ilə məhdulaşdırmaq, fikir və düşüncələrin sərhədlərindən xəbərsizlikdir. Emprik elmlərin nümayəndələri bütün təfəkkür gücünü intuitiv (hissi) elmlərə sərf edirlər. Buna görə də fikir və düşüncələri hissdən kənar məsələlərə qarşı özgələşir. Bu özgələşmə, hissdən kənar məsələlərdən uzaqlaşma və emprik elmlərin nailiyyətlərinə yüksək dərəcədə etimad elə həddə çatır ki, təcrübə onların təfəkkür tərzlərini və dünya görüşlərini formalaşdırır, nəticədə, emprik elmləri yeganə məqbul tanıma vasitəsi və miqyası kimi qəbul edir, bütün problemlərin yalnız onun vasitəsilə həll edilə biləcəyini düşünürlər. Onlara görə vəzifəsi hadisələr arasındakı əlaqəni izah etmək olan elmlərin məqsədi Allahla insan arasında deyil, hadisələrin öz aralarında əlaqə yaratmaqdır. Emprik elmlər çərçivəsində araşdırma aparan insan ümumiyyətlə, Allah haqqında düşünmür.
Ümumiyyətə, intuitiv miqyas vasitəsilə hisslərin fövqündə olan həqiqətlərin dərk edilməsi, Allahın laboratoriyalarda görülməsi mümkün deyil. Elmlər laboratuar təcrübənin nəticəsi ilə Allahın varlığı arasında müqayisə aparıb müşahidə edilməyən, laboratoriyada öyrənilə bilməyən və riyazi hesablamalarla hesablana bilinməyən nəsnənin həqiqət olmadığını deyə bilməzlər.
Heç bir təcrübə ilə qeyri-maddinin mövcud olub-olmamasını söyləmək olmaz. Çünki təcrübə ilə yalnız inkar edilə biləni sübuta yetirmək olar. Elm və metafizika hər biri digəri qədər orijinallığı olan iki bilik mənbəyidir. Metafizik qanun nə təcrübəyə əsaslanır, nə də təcrübə ilə inkar edilir. Minlərlə elmi təcrübə hər şeyin maddi olduğunu sübuta yetirmək üçün kifayət etməz.
Təcrübəçi alimin mən tapmışam və ya tapmamışam deməyə haqqı çatsa da, belə bir şey yoxdur deməyə haqqı çatmır. Çünki o, hələ yüksək laboratuar vasitələri ilə təcrübəyə cəlb etdiyi ünsürlərin naməlum, qaranlıq və geniş dünyasına yol tapa, sonsuz zərrələrin daxilindəki bütün gizli həqiqətləri dərk edə və hətta maddənin öz həqiqətindən də baş çıxara bilməmişdir.
Emprik metod insanın yaradılış aləminin dəqiq sistemini öyrənməsi üçün çox faydalıdır. Yaradılış aləminin strukturunun tədqiqi üçün istifadə edilən emprik metoddan böyük Allaha olan imanı artırmaq üçün parlaq və yeni əsas kimi istifadə etmək olar. Çünki dünyanın bütün fenomenləri möhkəm və dəqiq nizama, hesablanmış assosiasiyaya malikdir. Bu da alim və qüdrətli yaradıcının mövcudluğundan xəbər verir. Sadəcə, təbiət alimlərinin tədqiqat məqsədi adətən, davamlı olaraq varlığın sirlərini kəşf etməkdir. Bu alimlər elmlərinin işığında özlərinin dar və məhdud bilgi mərhələsindən çıxıb fenomenlərin əlaqələndirilməsi və sistemli tənzimləndirilməsi mərhələsinə keçid etmirlər. Yəni ilk olaraq hiss və təcrübə vasitəsilə əldə edilənləri toplamır, sonra da onları əqli və fikri izahını verib nəticə əldə etmirlər. Başqa sözlə, bir tərəfdən hiss və təcrübənin nəticələrini toplamır, digər tərəfdən əqli və rasional aspektdən onları analiz edib nəticə hasil etmirlər. Belə ki, hikmətli Yaradanın varlığını etiraf etmədən ayrı-ayrı elmlərin müxtəlif nailiyyətlərini, onlar arasında mövcud olan əlaqələri qənaətbəxş şəkildə izah etmək mümkün deyil.
Elmi metod və fəaliyyət öz qaydalarını və araşdırmalarını Allahdan kənar müəyyən edir, bu şəkildə Allahdan kənar düşüncəni fəaliyyətlərinin əsas sujet xətti edərək digər məsələlərə özgə münasibət bəsləyir.
Ümumiyyətlə, insanların praktiki həyatı qaçılmaz olaraq elmlərdən asılı olduğu, emprik elmin məhsulu olduğu üçün maddi həyatın bütün yönlərini əhatə edir və insan onun aşılmayacaq divarları ilə mühasirə olunur. Belə ki, bu keyfiyyətlər insanın elmlərə etimadının artması ilə nəticələnir, onlar insanların davranışlarına təsir göstərir və onda bir növ şübhə, tərəddüd yaradır.
Metafizik mövzuların əksinə olaraq emprik araşdırma obyekti olan fenomanelərin faydası hər kəs üçün hiss olunan və aşkardır. Metafizik məsələlərdən fərqli olaraq maddi fenomenlərin tədqiqat mövzusu tamamilə bilinəndir və elm də bu bilinən ətrafında araşdırma aparır.
Bundan başqa, dini məsələlərin orta əsrlər kilsəsinin səhv metodu ilə təqdim edilməsi və istənilən elmi tapıntıya qarşı çıxması insanların fəlsəfi və metafizik araşdırmalardan çox elmi təcrübələrə üz tutmasının ən mühüm səbəblərindəndir. Başqa sözlə desək, keçmişdə elm dinlə şaquli deyil, üfüqi istiqamətdə bərabər tutulurdu.
Elmi məntiq bütün düşüncələri öz qəlibinə saldığı zaman dünya görüşləri bu məntiqin rəngini alır. İş o yerə çatır ki, yeganə bilginin elmi bilgi olduğu önə çəkilir, problem bu kontekstdən təqdim edilir, yalnız ona etibar edilir. Xülasə, hissdən kənar nə varsa, bilgidən kənar hesab edilir və onun heç bir halda sübut edilə bilinməyəcəyi iddia edilir.
Deməli, Allah tanıyanların metodlarına özgə münasibət bəsləyən təcrübəçi alim həyat kontekstində elmi məntiq və fikirlə uyğunluq təşkil edənləri qəbul edir, elmi metodla uyğunluq təşkil etməyən hər bir şeyi etibarsız sayır. Onun qarşıya qoyduğu və etimad göstərdiyi metod təcrübə və dəlildir. Dəlillərin düzgünlüyünü isə əsaslandığı vasitə ilə ölçür. Dini fikrin əsaslarının unudulduğu bir şəraitdə, əsasən, əmr və qadağa qəlibində təzahür edən, heç bir elmi prinsipin izah edə bilmədiyi ikinci dərəcəli dini məsələlər üzərində mühakimə yürüdən, elm dilinə öyrəşmiş, işi-gücü formullar olan, seçim etdiyi metoda bərk-bərk yapışmış adam dinin universal, sadə və çətinlikdən uzaq olan göstərişlərini qiymətsiz və məzmunsuz hesab edir.
Bu təfəkkür tərzi yanlışdır. Çünki elmlər çox mürəkkəb və dəqiq formullara malikdirlər. İnsan bu formulları öyrənmək üçün mürəkkəb və dərin mövzulara girmək məcburiyyətində qalır, ancaq bizim praktiki həyatımıza daxil olduqlarında elm qəliblərindən çıxır, alimlərin elmi dilindən uzaqlaşırlar. Əks təqdirdə, onların məskənləri elm və sənaye mərkəzləri, kitabxanalar və digər tədqiqat mərkəzləri ilə məhdudlaşar.
Bütün insanlar radio və telefondan istifadə edə bilərlər. Elmi vasitələrin hamısı belədir, bütün incəliklərinə baxmayaraq, mütəxəssisin kiçik bir təlimatı ilə hər kəs onlardan istifadə edə bilər. Mütəxəssis vasitənin elmi və texniki bilgilərini alıcılara vermir, ixtiraçıların ağır zəhmətlərinin məhsulunun yalnız istifadə qaydası ilə bağlı ümumi məlumat verirlər. Buna görə də elmi formul dilindən uzaq, sadə və hər kəsin başa düşə biləcəyi dildə olduğu üçün dini göstərişlərin yanlış təsəvvürlər kimi qəbul edilib əhəmiyyətsiz sayılması, təyinedici rol oynamamasının söylənilməsi, həyatımızdakı dərin təsirlərinin diqqətdən kənarda saxlanması insafsızlıqdır. Əməli göstərişlər sadə dildə təqdim edildiyi, fərdi və ictimai həyatda hər kəsin dərk edə biləcəyi şəkildə olduğu zaman qiymətlidir.
Bundan əlavə, əgər dini hökm və göstərişlər bizim təyin edə biləcəyimiz həddə olsaydı, o zaman dinə və peyğəmbərə ehtiyac olmazdı, özümüz onu yarada bilərdik.
Ümumiyyətlə, insan övladı bacardıqlarına əsaslanıb bacarmadıqlarını görməzdən gəlir. Müasir dünya elmprik elmlər sahəsində əldə etdiyi nailiyyətlər sayəsində o qədər qürurlanır ki, həqiqət dünyasını fatehcəsinə ram etdiyini, ona tamamilə hakim kəsildiyini düşünür. Halbuki heç kəs heç bir zaman dünyanın bütün sirrlərinə vaqif olduğunu, təbiət aləmi üzərindəki sir pərdələrini qaldırdığını iddia edə bilməz.
İnsan həqiqətlərə daha əhatəli baxsa, malik olduğu elmin gizli sirlər dəryası qarşısında bir damla qədər olduğunu görər. Belə ki, hər bir elmi kəşfdən sonra dünyada çoxlu sayda məchullar ortaya çıxır və ya məchulun üstü açılır. Yüzilliklər boyu insan yorulmadan maddi dünyanı daha yaxşı öyrənmək üçün bütün imkanlarını səfərbər edib, ancaq bütün səylərinin nəticəsi dünyanın saysız sirlərindən yalnız bir neçəsinin üstünü aşmaq olub, bu istiqamətdə yalnız bir neçə addım atıb, hələ də saysız-hesabsız müəmmalar insan elmini bir halə kimi əhatə edib.
Buna görə də hissi elmlərin elmi meydanını, fəaliyyət sahəsini və təsir çərçivəsini daha ayıq, həqiqət yolunda maneə yaradan istənilən önyarqıdan kənar şəkildə qiymətləndirmək, düzgün şəkildə analiz etmək lazımdır.
Şübhəsiz ki, emprik elmlər yalnız zahiri görüntülərdən xəbər verəcək. Emprik elmlərin tədqiqat dairəsinə yalnız laboratoriyada araşdırıla biləcək maddə və maddi fenomenlər daxildir. Bu elmlərin qarşıya qoyduqları məqsədlərə nail olmaq üçün tətbiq edilən yeni üsul müşahidə və təcrübədir. Emprik elmlərin qənaətləri xarici aləmi araşdırmaq prinsipinə əsaslandığı üçünb bir elmi nəticənin düz və ya yalnış olduğunu təyin etmək üçün onu xarici aləmdə tətbiq edir, təcrübədən keçiririk. Əgər xarici aləmdə bu eksperiment öz təsdiqini tapsa, onu qəbul edirik, əks təqdirdə qəbul etmirik. Elə isə, emprik elmlərin mövzu və metoduna əsasən soruşmaq lazımdır ki, metafizik həqiqətlər hiss və laboratoriya vasitəsilə təcrübə edilə bilərmi? Hansı təcrübi tədqiqat iman və etiqad sahəsinə müdaxilə edə bilər və emprik elmlərin hansı hissəsi Allaha aiddir?
Elmi təcrübədə hər hansı məsələnin doğru və ya yanlış olduğunu müəyyən etmək üçün amillər və şərtləri dəyişmək və ya ixtisar etmək lazımdır. Halbuki əbədi, sabit və mücərrəd varlıq üçün bu mümkün deyil.
Maddi elm öz işığı ilə yalnız bir sıra naməlumlara işıq sala biləcək bir çıraqdır. Ancaq o, bütün qaranlıqları işıqlandıra biləcək bir çıraq deyil. Hər bir sistemin bilgi dairəsi o sistemin məcmusunu əhatə dairəsindən və bilginin bütün hissələrini öz əhatə dairəsinə daxil edəcək və ümumi baxışla nəticələnəcək bilgidən asılıdır. Ancaq insanın idrakını hissi elmlərin dar və məhdud hasarları içində həbs etmək onu ümumi və əhatəli baxışa nail etmir. İdrakı təcrübi yönlərlə məhdudlaşdırmaq onu varlığın batinində olan daha dərin hissəciklərdən xəbərsiz etməkdir.
Ümumiyyətlə, “biz” anlayışı Allaha iman gətirib, gətirməməyimizdən asılı olmayaraq emprik elmlər mövzusuna daixl deyil. Çünki tədqiqat mövzusu maddə olduğu zaman maddi fenomenlərdən bəhs edən elmlər qeyri-maddi olan heç bir şey haqqında müsbət və ya mənfi rəy verə bilməz. Çünki dini məktəblərin inacına əsasən Allah cisim deyil, hisslər vasitəsilə dərk edilmir, zman və məkana sığmır, varlığı zaman və məkanla məhdudlaşmır, ona ehtiyacı yoxdur, substansiyası yoxsulluq və ehtiyacdan uzaqdır, gizli və aşkarı bilir, dünya onun qarşısında aşkardır, bütün kamilliklərin uca zirvəsinə malikdir, insanın düşüncəsinə sığan bütün fikirlərdən ucadır, özümüz, güclərimiz, bilgi imkanlarımızda çatışmazlıq olduğu üçün zatını dərk edə bilmirik.
Buna görə də əgər bütün emprik elmlərin bütün kitablarını araşdırsaq, orada Allaha aid bir təcrübənin olduğundan söz açıldığını və ya Allah haqqında bir qərar qəbul edildiyini görmərik. Əgər reallıqların yalnız hisslər vasitəsilə kəşf edildiyini düşünsək, o zaman hisslər vasitəsilə hiss dünyasından kənar nəyinsə olduğunu sübuta yetirmək olmaz. Bu iddianın özü də heç bir hissi və təcrübi dəlilə əsaslanmayan qeyri-təcrübi bir iddiadır.
Əgər ilahi məktəblərin ardıcıllarının da öz iddialarını sübuta yetirmək üçün dəlilləri olmasa, hisslərdən kənar yoxluğun hökmranlıq etdiyini qətiyyətlə iddia etsələr, onların bu iddiası təxəyyül və gümana əsaslanan qeyri-elmi bir seçim hesab edilməlidir. Sadəcə, onlar öz düşüncələrini elm kontekstində yaymaq, bu cür metod seçimini elmi təfəkkürün tələbi kimi təqdim etmək istəyirlər. Bu cür əsassız inkar elmi və fəlsəfi təhlilə sığmır, hətta təcrübə məntiqi ilə də təzad təşkil edir.
Jorj Polister “Fəlsəfənin təməl prinsipləri” əsərində belə yazır:
“Zəman və məkanı olmayan, dəyişikliyə məruz qalmayan bir şeyin təsəvvürü qeyri-mümkündür”.
Təbii ki, bu sözlər nəyin və kimin axtarışında olduğunu bilməyən təfəkkür tərzini əks etdirir. Əgər nəyi axtardığını bilsəydi, o zaman necə axtarış aparmaq lazım olduğunu bilərdi. Onun fəaliyyət dairəsi təbiət və hiss olunanlarla məhdudlaşdığı üçün təfəkkür fəaliyyətindən kənar olan, hissi təcrübədə sübuta yetməyən nəsnənin varlığını qeyri mümkün sayır, ona etiqad edilməsinin elmi təfəkkür tərzinə zidd olduğunu bəyan edir. Halbuki təbiət aliminin yeganə fikir bildirmək səlahiyyəti yer kürəsi, daim təmasda olduğu hiss olunan cansız maddə ilə məhdudlaşır. Bununla belə, yaşadığı yer kürəsinin maddi aləmi də saysız-hesabsız sirrlərlə doludur. Buna görə də ən azı o belə deməlidir: “Metafizik aləm mənim fəaliyyət vasitələrimin xaricində olduğu üçün mən onu inkar etmir, bu barədə yalnız sükut edirəm.” Axı bütün kainat haqıqnda olan məlumat və bilgiləri sıfır həddində olduğu halda, o, varlıq sistemini əhatə edəcək bir elm iddiasına necə düşə bilər?
Elə bir dəlil varmı ki, onun vasitəsilə varlığın yalnız maddədən ibarət olduğunu, dünyanın maddiyyatla məhdudlaşdığını sübuta yetirmək mümkün olsun? Metafizik aləmi inkar edən hansı alim bu vaxta qədər öz inkarçı mövqeyini elm, məntiq və dəlillə əsaslandıra, hiss və təcrübədən kənarda yoxluqdan başqa bir şeyin olmadığına hər hansı dəlil təqidm edə bilib?
* * *
Elm naməlum olan şeylərə sahib olduğu vasitələrlə nail ola bilmədiyi üçün onları qəti və açıq şəkildə inkar etmir, sadəcə, bir gün kəşf edilə biləcəyini gözləyir. Amma materialistlər Allahın varlığını, hətta şübhə və tərəddüdlə də olsa, tədqiqat obyekti kimi də müəyyən etmirlər. Onlar yanlış və tələskən önyarqılarla Yaradanı inkar edirlər.
Bu cür şəxslər özləri üçün meyar və miqyaslar müəyyən etmiş, xüsusi bir nəsnə üçün müəyyən edilmiş hər hansı meyarı başqa bir hal üçün istifadə etmirlər. Məsələn, səth meyarını həcm üçün istifadə etmirlər. Ancaq məna aləminin ölçüsünü müəyyən etməyə gəldikdə, Allah, ruh və ilham mövzularını maddi dünyanın ölçü vasitələri ilə ölçməyə qalxırlar. Bu vasitələrlə onları öyrənə bilmədiklərində isə, inkar yolunu seçirlər.
Əgər öz təcrübə məntiqi ilə əhatə olunmuş bir adam varlıq aləmini hiss olunan təcrübələrin imkan verdiyi həddə qəbul edib ondan kənarda qalanları inkar etmək istəyərsə, bilməlidir ki, onun seçdiyi metod emprik elmlərin tədqiqat və təcrübələrinin məhsulu deyil. Bu, fikri üsyandan qaynaqlanan intellektuallıq, təbiət və fitrət mənbəyindən çıxmaqdır. Allahpərəstlərə görə təbiət alimlərinin öz təbii vasitələri ilə sübuta yetirməyə çalışdıqları Allah Allah deyil! Maddi elmlər belə bir məqsədə nail ola bilməzlər.