İnsanların həyatında dinin yaranışı necə baş vermişdir? Dindar insanlar xüsusi şəxsiyyətə malikdirlər? Dindarlıq fərdlərin həyatdan daha çox razı qalmasına səbəb olurmu? Onların evlilik, iş və digər sahələrdəki uğurunu sığortalayırmı? Dindarlar fiziki və psixoloji cəhətdən daha sağlam olurlar? Dindarlıq cinayətkarlığın, qanun pozuntularının azalmasında, humanizm, başqalarına yardım hissinin artmasında, xeyryyəçilik işlərinin görülməsində rol oynayırmı? Fərdlərin dindarlıq dərəcəsini necə ölçmək olar? Ümumiyyətlə, dindarlığın hansı yönləri var?
Bunlar din psixologiyasında tədqiq edilən və cavabları araşdırılan suallardır. Psixologiyanın ikinci dərəcəli bölmələrindən hesab edilən bu sahədə dinin elmi tədqiqatı psixoloji aspektə əsaslanır. Din psixoloqları bu sahə ilə bağlı müxtəlif tərif və izahlar versələr də, hamısının əsasında “dinin psixoloji aspektə əsaslanan elmi tədqiqi” məzmunlu tərif dayanır. Əslində digər təriflərdə bu konkret tərifin ehtiva etdiyi terminlərin daha geniş və əhatəli izahi verilir. Nümunə üçün aşağıda iki din psixoloqunun qeyd etdiyi tərifi təqdim edirik:
Kollins ən yaxşı tərifin Kembric Universitetinin dosenti Tavlisə aid olduğunu bildirir. Taules hesab edir ki, dinlə bağlı olan psixoloji araşdırmada “dini davranışın öyrənilməsi qeyri-dini davranışın tədqiqindən əldə edilən psixoloji qanunlara əsaslanır.” Yəni din psixologiyasında dini davranışı izah etmək üçün ona ümumi davranışların tədqiqi zamanı əldə edilmiş psixoloji prinsiplər tətbiq edilir.
Qeyd olunan tərifdə bu sahənin tədqiqat mövzuları arasından yalnız dini davranış konsepsiyasından söz açılmışdır. Bəlkə də elə buna görədir ki, Kollins həmin tərifdən sonra bu sahədə təkcə dini davranış deyil, eyni zamanda Allah və digər fövqəltəbii qüvvələrin varlığına və təsirinə inanan fərdlərin baxışlarını, dəyərlərini və təcrübələrini öyrənən psixoloji metodlardan istifadə edildiyini xatırlatmışdır (Krayd və Nemerof C.B., 2001, IV c., səh.1392 ).
Reymond Palotzianın tərifində belə bir çatışmazlıq yoxdur. O yazır: “Din psixologiyası dini inanc və davranışları psixoloji aspektdən öyrənən bir sahədir. Yəni burada məqsəd dini davranışlara və təcrübələrə təsir göstərən psixoloji prosesləri öyrənməkdir. Bu sahədə biz dini davranış və təcrübəyə təsir göstərən ətraf mühiti, fərdi və ictimai təsirləri diqqət mərkəzində saxlamağa, dindarlıqda vasitəçi rolunu oynayan psixoloji prosesləri müəyyənləşdirəcək imkana malik baxışları və tədqiqatları səciyyələndirməyə çalışırıq.” (Palotzian, 1996, səh.28-29).
Bu tərifdən də göründüyü kimi, din psixologiyası din və dindarlığın ehtiva etdiyi məsələlər haqqında psixoloji prinsiplərə əsaslanan elmi araşdırmadır. Qeyd olunan məsələlər həm dini davranışlara, həm də dini inanc və dəyərlərə şamildir. Buna görə də dini mövzuları istənilən psixoloji yanaşma və tərif əsasında araşdırmağımızdan asılı olmayaraq din psixlogiyası sahəsinin tədqiqatçısına çevrilmiş oluruq. Başqa sözlə desək, din psixologiyasının tərifində psixologiyanın öz tərifi diqqət mərkəzində olur. Haqqında malik olduğumuz mülahizə fərqlərindən asılı olmayaraq bu elm sahəsinin müxtəlif dini mövzularla bağlı tədqiqatlarının hasili din psixologiyası olacaqdır.