QURANI KƏRIM

Qurani-Kərim Allahın ən üstün nemətidir

25.08.2026 9 baxış
Qurani-Kərim Allahın ən üstün nemətidir

Allah-taala mübarək “Rəhman” surəsində yaradılış aləmindəki varlıqların, maddi və mənəvi nemətlərin bir qrupunun, dünya, axirət, insan, mələk və cinin adını çəkir. İnsanın yaranışı və kamilliyindən, Cənnət və əbədi səadətdən, görünən, görünməyən və s. nemətlərdən danışır.

Adı çəkilən surənin əvvəlində Allahın “Rəhmət” adı qeyd edildikdən sonra Quranın insana öyrədilməsi vurğulanır:

 

الرَّحْمَنُ. عَلَّمَ الْقُرْآنَ. خَلَقَ الْإِنْسَانَ. عَلَّمَهُ الْبَيَانَ

“Rəhman Allah Quranı öyrətdi. İnsanı yaratdı və ona danışmağı öyrətdi”.[1]

Bu işıqlı ayələr Qurani-Kərimin Allahın birinci, ən mühüm və ən bərəkətli neməti olduğunu göstərir. Belə ki, insan təkcə Allahın təlimlərinin sayəsində Quranı mənimsəməklə və onun təlqini ilə özünün son kamillik zirvəsinə yüksələ bilər. Əgər Quran olmazsa, heç kəs insanlıq məqamına nail ola bilməz.

Allahın ən uca neməti olan Qurani-Kərim həm də “ən gözəl kəlam”dır. Quran, həm sözlər, ifadələr, fəsahət və bəlağət, həm də insan düzəldən  (insan tərbiyə edən) məzmun zənginliyi baxımından, Allahın nazil etdiyi ən yaxşı söz və ən gözəl kəlamdır. Əgər Qurandan gözəl və dərin kəlam olsaydı, Allah mütləq onu peyğəmbərlərinin sonuncusuna (Həzrət Muhəmmədə) göndərərdi. Əgər Qurandan daha üstün bir kəlamın olması və Allahın onu sonuncu elçisinə nazil etməməsi fərz edilərsə, onda belə çıxır ki, Allah ya onu bilməyib, ya deməyi bacarmayıb, ya da göndərməkdə paxıllıq edib. Bu cəhətlər Allahda yoxdur və onların heç bir cəhalətə yer olmayan, zatı “elm” olan Allaha aid edilməsi qeyri-mümkündür. Bir şey mövcud olduğu halda, zatı “sonsuz elm” olan Allahın ondan xəbərsiz olması mümkün deyil. Bir şeyin yaranması mümkün və yaradılışı da “وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ” (Hər şeyə qadir)[2] olan sonsuz qüdrət sahibindən asılı olduğu halda, yaranmaması necə mümkün ola bilər?

Paxıllıq və simicliyə gəlincə, bu xüsusiyyətlər nöqsan və zəiflikdən irəli gəlir. Allahın sonsuz kamilliyi bu xüsusiyyətlərdən uzaqdır. Buna görə də Qurani-Kərim Allahın ən yaxşı mesajı, ən kamil əbədi hədiyyəsi və ən üstün nemətidir. Ondan üstün kəlam mümkün olmayacaq. Qeyd edim ki, daha üstün kəlamın olmaması məsələsi hər biri “işgörənə” – danışana aid edilən bu üç səbəbdən (zatının mütləq olması, zatında cəhalətə qətiyyən yer olmaması və paxıl olmaması) başqa bir amillə də izah edilə bilər. Ehtimal edilə bilər ki, daha üstün kəlamın olmaması onun alıcısının – “qəbuledicisi və ya dinləyicisinin” bu potensiala malik olmaması ilə bağlıdır.[3] Lakin hər nə olursa-olsun, məqsəd hasil olacaq və Qurandan üstün kəlam olmayacaq. Səbəbi də insanın ondan daha üstününü qəbul edə biləcək potensialda olmamasıdır. Buna Allahın gözəl adlarından olan bəzi “Müstəsirə adları” misal göstərmək olar.[4] Bu adların gizliliyi və haqlarında məlumat verilməməsinin səbəbi zatı “elm” və “qüdrət” olan mütləq bağışlayıcının cəhaləti və acizliyi deyil, insanların onu qəbul edə biləcək imkan və potensialda olmamalarıdır.



[1]Rəhman, 1-4

[2] Hədid, 2

[3] Daha üstün kəlamın olmaması iki tərəfə xas olan cəhətlərlə izah edilə bilər: tərəflərdən biri onu deyən, digəri isə dinləyəndir. Deyən tərəfin zatında zərrə qədər də cəhalətə yerin olmaması, zatı “mütləq elm” olması və paxıl olmaması daha üstün kəlamın göndərilməsini, ondan daha üstününün olmamasını tələb edir. Yəni Allah tərəfindən bundan üstün kəlam göndərilə bilməz. Qəbul edən və ya dinləyiciyə gəldikdə isə, dinləyicinin potensialı yalnız mövcud səviyyədə olan kəlamı qəbul edə bilir. Bu cəhətdən də, ondan üstününün göndərilməsi doğru deyil. Potensial və tutumu nədirsə, ona uyğun kəlam göndərilib. Yəni insan daha böyük potensiala malik olsaydı, daha yüksəyi göndərilərdi. Sonsuz elm sahibinin sonsuz dərəcədə üstün kəlam göndərmək qüdrəti sonsuzdur, sadəcə, insanın tutumu yalnız mövcud olanın göndərilməsinə imkan verir (tərc.)

[4] “Müstəsirə” sözünün mənası “gizli” deməkdir. Hədislərdə qeyd edilir ki, Allah özü üçün heç kəsin bilmədiyi və maddi dünyada heç bir görüntüsü, təzahürü olmayan bəzi adlar seçmişdir. Gizli qalan və “İsmi-əzəm”dən olan bəzi adlar da buraya daxildir. Allahın həmin adlardan xəbər verməməsi Onun acizliyi və ya buna gücünün çatmaması deyil, insanların onları qəbul edə biləcək gücdə olmamasıdır (tərc.)

Oxşar Məqalələr

Şərhlər (0)

Məqaləyə şərh yazmaq üçün hesabınıza daxil olun və ya yeni qeydiyyatdan keçin. Giriş / Qeydiyyat

Hələ heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!