Əqaid

SƏMİMİ QƏLBDƏN TƏSLİM OLMAQ VƏ ONUN MƏRHƏLƏLƏRİ

01.09.2026 4 baxış

İman və tövhidin bütün məqamlarının ilk mərhələsi Allah-Təalaya səmimi qəlbdən təslim olmaqdır. Təslim olmaq imanın zəruri məsələlərindən biridir. Bu məna Loğman surəsinin 22-ci ayəsində çox gözəl şəkildə bəyan edilmişdir:

«Hər kim yaxşı əməl sahibi olub özünü səmimi qəlbdən Allaha təslim edərsə, o, artıq ən möhkəm ipdən – Qurandan və imandan yapışmış olur. Bütün işlərin axırı Allaha gəlib çıxacaqdır.»[1]

Səmimi qəlblə Allaha təslim olmaq imanın mühüm məsələlərindəndir. Hər kim Allahın varlığına, Onun yeganə Yaradan və Pərvərişverən olduğuna, bütün nemətlərin Onun ixtiyarında olduğuna etiqad bəsləyərsə, onda Allah qarşısında razılıq və təvazökarlıq hissi yaranar.

Allahdan razı olmaq və Onun qarşısında təvazökarlıq göstərmək səmimi qəlbdən təslim olmaq deməkdir.

Məlumdur ki, insanın imanı nə qədər çox olarsa, onun mərifəti də bir o qədər artar və Allahı daha dərindən və əzəmətlə dərk edər. Bu hiss getdikcə o qədər güclənər ki, insan özünü Allaha kamil şəkildə və səmimi qəlbdən təslim edər. Artıq onun üçün mənlik və qürur qalmaz. Onun bütün hərəkət və sükutu, varlığı, qəlbi, əqidəsi, düşüncəsi, xəyalı və əməlləri Allah üçün olar.

Qurani-Kərimin ifadəsi ilə desək, «və huvə möhsin» – yəni o, tam mənada yaxşı əməl sahibinə çevrilər.

Belə insan bütün mərhələlərdə yaxşı əməl sahibi olmaqla və Allaha səmimi qəlbdən təslim olmaqla qəlb rahatlığı və əmin-amanlıq əldə edər. Həmişə Allahla ünsiyyətdə olar və onun əsas hədəf və məqsədi Allaha yaxınlaşmaqdan başqa bir şey olmaz.

Quran belə kamil insanlar haqqında buyurur:

«O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayar, göylərin və yerin yaradılması haqqında düşünər və deyərlər: “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi Cəhənnəm odunun əzabından qoru!”»[2]

Belə insanların qəlbləri daim oyaq olar. Onlar öz Məhbubları olan Allahı və Onun yaratdıqlarını düşünər, yaradılışın hikmətləri üzərində təfəkkür edərlər.


[1] Loğman surəsi, 22-ci ayə.

[2] Ali-İmran surəsi, 191-ci ayə.

Oxşar Məqalələr

Şərhlər (0)

Məqaləyə şərh yazmaq üçün hesabınıza daxil olun və ya yeni qeydiyyatdan keçin. Giriş / Qeydiyyat

Hələ heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!