Oxunuşu / Transkripsiya və İzahı
Bilin ki, bir çox hədislərimizdə bu iki məsum imamın ziyarətinin böyük fəzilətə malik olduğu bildirilimişdir. Bir sıra hədislərdə nəql olunur ki, imam Musa Kazimi (ə) ziyarət etmək, həzrət Rəsulullahı (s.ə.s.) ziyarət etmək kimi sayılır. Bu məzmundakı başqa bir hədisdə isə nəql olunur ki, o həzrəti ziyarət etmək, həzrət Rəsulüllahı (s.ə.s.) və Əmiril-möminini (ə) , yaxud da imam Hüseyni (ə) ziyarət etmək kimi sayılır. Hədislərin birində də buyurulur ki, o həzrəti ziyarət edən şəxs, cənnətə daxil olar. Möhtərəm şeyx Məhəmməd ibni Şəhr Aşub “Bağdadın tarixi” kitabına dair yazdığı “Mənaqib”də nəql edir ki, o kitabın müəllifi Xətib Bağdadi, Əli ibni Xəlalın belə buyurduğunu söyləyir: “Mən, qarşılaşdığım hər hansı bir çətinliyimin həll olması üçün nə vaxt həzrət Musa ibni Cəfərin (ə) ziyarətinə gedib, ona təvəssül etmişəmsə, Allah taala o çətinliyimi həll edib.” Həmçinin Şəhr Aşub nəql edir ki, bir gün Bağdadda bir qadının küçələrdən qaça-qaça ötdüyünü görürlər və yoldan keçənlər ondan, hara tələsdiyini soruşur. O, cavab verir ki, oğluma dua etmək üçün Musa ibni Cəfərin (ə) ziyarətinə gedirəm, çünki onu həbs etdilər. Hənbəli məzhəbinə mötəqid olan bir kişi o qadını istehza etmək məqsədilə ona deyir: “Oğlun zindanda öldü.” O qadın deyir: “İlahi, səni and verirəm zindanda şəhid edilən imamına – nəzərdə o həzrəti tutur- öz qüdrətini mənə göstər.” Gözlənilmədən o qadının oğlunu azad edib, əvəzində o hənbəli məzhəbli kişinin oğlunu həbs edirlər.
Şeyx Səduq nəql edir ki, İbrahim ibni Əqəbə dedi: “İmam Əliyən Nəqiyə (ə) yazdığım məktubda soruşmuşdum ki, Əba Əbdillahil Hüseynin (ə) ziyarəti daha fəzilətlidir, yoxsa imam Musa (ə) və imam Məhəmməd Təqinin (ə). O həzrət cavabında yazmışdı ki, Əba Əbdillahın (ə) ziyarəti müqəddəmdir, lakin bu iki məsumun da ziyarətinin böyük savabı var.”
“Kaziməyn” ziyarəti barəsində bilməlisiniz ki, bu ziyarətnamələrdən bəzisi, xüsüsi və bəzisi isə o iki məsum arasında müştərəkdir.