Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
#253

Birinci hissə Həzrətin ziyarətinin fəziləti

Məfatihül-Cinan • Şeyx Abbas Qummi

Orijinal Ərəbcə Mətni

لُذْ إِلَى جُودِهِ تَجِدْهُ زَعِيما بِنَجَاةِ الْعُصَاةِ يَوْمَ لِقَاهَا
عَائِدٌ لِلْمُؤَمِّلِينَ مُجِيبٌ سَامِعٌ مَا تُسِرُّ مِنْ نَجْوَاهَا

إِذَا مُتُّ فَادْفِنِّي إِلَى جَنْبِ حَيْدَرٍ
أَبِي شَبَّرَ أَكْرِمْ بِهِ وَ شُبَيْرٍ
فَلَسْتُ أَخَافُ النَّارَ عِنْدَ جِوَارِهِ
وَ لا أَتَّقِي مِنْ مُنْكَرٍ وَ نَكِيرٍ
فَعَارٌ عَلَى حَامِي الْحِمَى وَ هُوَ فِي الْحِمَى
إِذَا ضَلَّ فِي الْبَيْدَاءِ عِقَالُ بَعِيرٍ

Oxunuşu / Transkripsiya və İzahı

Şeyx Tusi səhih və düzgün sənədlə Məhəmməd ibni Müslimdən İmam Sadiq (ə)-ın belə buyurduğunu nəql etmişdir: “Allah-Taala mələklərdən çox bir məxluq yaratmamışdır. Hər gün yer üzünə yetmiş min mələk nazil olub, “Beytül-məmur”a gələr və onun ətrafını təvaf edərlər. Oranı təvaf etdikdən sonra Kəbə evini təvaf edər, onu da təvaf etdikdən sonra Peyğəmbər (s)-in qəbrinin yanına gəlib, o həzrətə salam verərlər. Sonra Əmirəl-möminin Əli (ə)-ın, ondan sonra isə İmam Hüseyn (ə)-ın qəbrinin yanına gedər, onlara salam verib, göyə qalxarlar. Bu iş qiyamət gününə qədər, hər gün davam edər.” Həzrət əlavə edərək buyurdu: “Hər kim həzrət Əmirəl-möminin Əli (ə)-ı haqqını tanıdığı (itaətinin vacib və Peyğəmbəri-Əkrəm (s)-dən sonra dərhal xəlifə olduğunu bildiyi) və təkəbbür etmədiyi halda ziyarət etsə, Allah-Taala ona min şəhidin savabını verər, onun keçmiş və gələcək günahlarını bağışlayar, qiyamət gününün dəhşətli qorxusundan amanda saxlayar, hesab-kitabı ona asanlaşdırar. Qiyamətdə mələklər onu pişvaz edər; ziyarətdən qayıtmaq istədikdə, onu evinə qədər müşaiyət edər, əgər xəstələnsə, onun iyadətinə (görüşünə) gələrlər; əgər ölsə, cənazəsində iştirak edər və qəbrə qədər bağışlanmasını Allahdan diləyərlər!
Seyid Əbdül-Kərim ibni Tavus “Fərhətul-qəra” kitabında o həzrətdən belə nəql etmişdir: “Hər kəs Əmirəl-möminin Əli (ə)-ın ziyarətinə piyada getsə, Allah taala onun hər qədəminə bir həcc və bir ümrənin savabını verər; əgər ziyarətdən piyada qayıtsa, hər qədəminə iki həcc və iki ümrənin savabını yazar!” Yenə də o həzrətin İbni Maridə belə buyurduğunu nəql etmişdir: “Ey Maridin oğlu! Hər kim cəddim Əmirəl-möminin Əli (ə)-ı haqqını tanıdığı halda, ziyarət etsə, Allah taala ona hər arddımının sayı qədər bir qəbul olunmuş həccin və bəyənilmiş ümrənin savabını verər. Ey Maridin oğlu! Allaha and olsun, cəhənnəm atəşi həzrət Əmirəl-möminin Əli (ə)-ın ziyarətində toz-torpağa bulaşan qədəmləri yandırmaz, ziyarətə istər piyada, istərsə də miniklə getmiş olsun. Ey Maridin oğlu! Bu hədisi qızıl su ilə yaz.” Yenə də İmam Sadiq (ə)-dan nəql etmişdir ki, o həzrət buyurdu: “Biz deyirik ki, Kufənin arxa tərəfində bir qəbir vardır ki, yalnız dərdi-qəmi olanlar ora pənah aparar və bununla da, Allah taala onlara şəfa verər!”
Müəllif deyir: “Mötəbər rəvayətlərdən məlum olur ki, Allah taala Əmirəl-möminin Əli (ə)-ın, pak və məsum övladlarının qəbirlərini yer əhlinin amanı, dərdli-qəmli insanların sığınacaq yeri qərar vermişdir. Dərdi-qəmi olan hər bir kəs onlara pənah aparsa, şəfa tapar, qəm-qüssəsi aradan gedər və amanda qalar. Seyid Əbdül-Kərim ibni Tavus, Məhəmməd ibni Əli Şeybanidən belə nəql etmişdir: “Mən, atam və əmim Hüseyn, 260-cı hicri qəməri ilində gecə vaxtı gizli şəkildə Əmirəl-möminin Əli (ə)-ın ziyarətinə getdik. Mən kiçik bir uşaq idim. O həzrətin qəbrinə yaxınlaşdıqda, qəbrin ətrafına qara daşların qoyulduğunu gördük. Qəbrin üstündə heç bir şey tikilməmişdi. Biz qəbrə yaxınlaşdıq; kimi Quran oxuyur, kimisi namaz qılır, kimisi də ziyarət edirdi. Bu zaman gördük ki, bizə tərəf bir şir gəlir. Biz qorxumuzdan oradan bir az uzaqlaşdıq. Şir qəbrə yaxınlaşıb, ayaqlarını qəbrə sürtməyə başladı. Bizlərdən biri şirə tərəf yaxınlaşdı, lakin şir ona hücum etmədi. Bununla da bizim qorxu və vəhşətimiz aradan getdi. Hamılıqla şirə yaxınlaşıb, ayağının yaralandığını gördük. Şir yaralı ayağını o həzrətin qəbrinə sürtürdü. Bu, bir saat davam etdi, sonra şir çıxıb getdi. Biz yenidən ziyarət və ibadətlə məşğul olmağa başladıq.
Şeyx Mufid belə nəql etmişdir: “Bir gün Harunər-Rəşid ov məqsədilə Kufədən çıxıb, “Qürəyyin” və “Səviyyə” məntəqələrinə tərəf yola düşdü. Orada ceyran sürüsünə rast gəlib, ov itlərini onların ardınca buraxdı. Ceyran sürüsü qaçıb, bir təpənin arxasına sığındılar. İtlər də həmin yerə getdilər, lakin ceyranlara heç bir zərər yetirmədən geri qayıtdılar. Harunər-Rəşid bu hadisədən təəccübləndi. Ceyran sürüsü yenidən təpənin arxasından çıxıb yollarına davam etdilər. İtlər onlara hücum çəkdikdə, yenidən ceyranlar həmin təpənin arxasına qayıdıb sığındılar və itlər də geri qayıtdılar. Bu hadisə üç dəfə təkrar olundu. Harun heyrət içərisində donub qalmışdı. Qulamlarından birinə əmr etdi ki, ceyranların sığındığı yerdən bir məlumat əldə etsin. Qulam gedib, Bəni-Əsəd qəbiləsindən bir qoca kişini tutub gətirdi. Harun ondan soruşdu: “Bu təpənin hikməti nədir?” Qoca kişi dedi: “Əgər mənə əziyyət verməyəcəksənsə, onu deyim!” Harun dedi: “Allaha and içirəm ki, sənə heç bir zərər yetirməyəcəm, tam əmin-amanlıqda olacaqsan, indi isə nə bilirsən de!” Qoca dedi: “Atam öz ata-babalarından mənə xəbər vermişlər ki, həzrət Əmirəl-möminin Əli (ə)-ın qəbri bu təpədədir. Allah-Taala oranı əmin-amanlıq yeri qərar vermişdir, hər kim ora pənah aparsa, əmin-amanlıqda olar.”
Müəllif deyir: “Ərəblərdə belə atalar sözü vardır: “Əhma min muciril-cərad!” Yəni, filankəsin öz pənahında olan kəsi himayə etməsi çəyirtkələrə pənah verənin himayəsindən çoxdur!” Hadisə belə olmuşdur: Günlərin birində “Teyy” qəbiləsindən Mudlic ibni Süveyd adlı bədəvi ərəblərdən bir kişi öz xeyməsində oturmuşdu. “Teyy” tayfasından bir qrup camaatın əllərində qab-qaşıq olduğu halda, ona tərəf gəldiyini görüb soruşdu: “Nə olub?” Onlar dedilər: “Sənin xeymənin ətrafında çoxlu çəyirtkə vardır, gəlmişik ki, onları tutaq.” Mudlic bunu eşitcək, ayağa qalxıb atına mindi, nizəsini əlinə götürüb dedi: “Allaha and olsun! Hər kim bu çəyirtkələrə bir zərər yetirsə, mən onu öldürəcəyəm. Bu çəyirtkələr mənə pənah gətirdikləri halda, siz onları tutmaq istəyirsiniz? Belə bir iş heç vaxt baş tutmaz!” Mudlic bu sözlərilə çəyirtkələrdən himayə edirdi. Nəhayət, günorta çağı çəyirtkələr uçub getdilər. Bu zaman Mudlic dedi: “Artıq çəyirtkələr mənim pənahımdan çıxıb getdilər, indi nə bilirsiniz, onu da görün!”
“Qamus” kitabının müəllifi yazır: “Muzər” tayfası hər il (bəzilərinin dediyinə görə, Əksəm ibn Seyfinin cəddi olan) “Zul-əvad” adlı əziz və hörmətli bir şəxsin illik xərcini verirdilər. O, qocaldığı zaman bir taxtın üstündə əyləşdirib, gündəlik xərcini yığmaq üçün tayfalar arasında gəzdirirdilər. Onu o qədər əzizləyirdilər ki, xar və zəlil olan hər kəs onun taxtına yaxınlaşsaydı, onu da əziz tutar, ac adam ona yaxınlaşsaydı, aclıqdan canını qurtarardı. Əgər bir ərəb kişinin taxtına bu qədər izzət və hörmətlə yanaşırdılarsa, Allah taalanın öz vəlisi Əmirəl-möminin Əli (ə)-ın qəbrini dərdli-qəmli, kimsəsiz və fəqir şəxslərin sığınacaq yeri qərar verməsi təəccüblüdürmü? Belə isə, harada olsan, özünü ona çatdır, hacətini ondan istə ki, o, sənin fəryadına çatar, səni dünya və axirətin həlakından xilas edər!”
Onun böyüklüyünə pənah apar ki, onu qiyamət günü günahkarların qurtuluşunda böyük şəxsiyyət görəcəksən. O, arzu edənləri arzularına çatdıran, dualarını qəbul edən və sirlərini eşidəndir.
“Darus-səlam”kitabında Şeyx Deyləmidən nəql olunur ki, Nəcəfi Əşrəfin saleh camaatından biri yuxuda Əmirəl-mömininin (ələyhis-salam hərəmində və onun ətrafında olan hər bir qəbirdən) həzrətin hərəminin günbəzinə bir ip çəkilməsini görür və sonra həmin şəxs aşağıdakı şeiri oxuyur:

Öldükdən sonra məni Şəbbər (Həsən) və Şübeyrin (Hüseynin) atası Heydərin (ə) kənarında dəfn edin. Mən onun kənarında olsam, cəhənnəm odu, Nəkir və Münkərdən qorxmaram. Çünki qarovul zamanı öz qarovul məntəqəsində bir dəvənin ayaq qandalının itməsi qarovulçu üçün ar sayılır.

Azərbaycan Dili Tərcüməsi

Luz ila cudihi təcidhu zəimən binəcatil usati yəvmə liqaha
Aidun lil muəmmilinə mucibun samiun ma tusirru min nəcvaha

İza muttu fədfinni ila cənbi həydəri
Əbi şəbbərə əkrim bihi və şubəyri
Fələstu əxafun narə ində civarihi
Və la əttəqi min munkərin və nəkiri
Fəarun əla hamil hima və huvə fil hima
İza zəllə fil bəydai iqalu bəiri.
Əvvəlki: #252. DÖRDÜNCÜ FƏSİL Mövla Əmirəlmöminin Əlinin (ə) ziyarəti Bütün Dualar ↑ Növbəti: #254. İkinci hissə Ziyarət etmək qaydası