Oxunuşu / Transkripsiya və İzahı
Bu ziyarənamələr də iki yerə bölünür.
Birinci növ ziyarətnamələri gərək hər iki imam üçün ayrı-ayrılıqda oxuyasan. Möhtərəm şeyx Cəfər ibni Məhəmməd Quləvəyh “Kamiluz-ziyarət” adlı kitabıda nəql edir ki, həzrət imam Əliyyən Nəqi (ə) buyurub: “O iki imamı ziyarət etdikdə ayrı-ayrılıqda bu ziyarətnaməni oxu:
Salam olsun sənə, ey Allahın nümayəndəsi! Salam olsun sənə, ey Allahın höccəti! Salam olsun sənə, ey Allahın yer üzünün zülmətlərindəki nuru! Salam olsun sənə, ey Allahın onun məqamı ilə bağlı iradəsini aşkar etdiyi! Haqqını tanıdığım, düşmənlərinlə düşmən olduğum və dostlarını sevdiyim halda, ziyarətinə gəlmişəm. Belə isə, Rəbbinin dərgahında mənə şəfaət et, ey mənim mövlam!
Bu ziyarətnamə, mötəbər ziyarətnamələrdən biri olub, şeyx Kuleyni, şeyx Səduq və şeyx Tusi cüzi fərqlərlə onu öz kitablarında nəql edibdirlər.
İkinci növ ziyarətnamələr, hər iki imamı birgə ziyarət etmək üçün oxunur. Şeyx Müfid və Məhəmməd ibni Məşhədi buyurubdurlar ki, o iki məsum imamın zərihiniin kənarında dayanıb, bu ziyarətnaməni oxuyun:
Salam olsun sizə, ey Allahın nümayəndələri! Salam olsun sizə, ey Allahın höccətləri! Salam olsun sizə, ey Allahın yer üzün zülmətlərindəki nurları! Şəhadət verirəm ki, savab qazanmaq məqsədilə əcəliniz çatan vaxta qədər Allah tərəfindən sizə həvalə olunanları layiqincə təbliğ etdiniz, sizə tapşırdıqlarını qoruyub-saxladınız, Allahın halalını halal, haramını isə haram bildiniz, Allahın hökm və cəza tədbirlərini bərpa etdiniz, Allahın kitabını tilavət etdiniz və Allah yolunda əzab-əziyyətlərə səbir etdiniz. Allahın dərgahında düşmənlərinizə nifrət edir və sizə məhəbbət bəsləməklə Allaha yaxınlaşıram. Haqqınızı tanıdığım, dostlarınızı sevdiyim, düşmənlərinizlə düşmən olduğum, sizin olduğunuz doğru yolu tanıdığım və sizinlə müxalif olanların zəlalətdə olduğunu bildiyim halda, ziyarətinizə gəlmişəm. Belə isə, Rəbbinizin dərgahında mənə şəfaət edin ki, həqiqətən, Sizin Allah dərgahında böyük heysiyyət və bəyənilən (şəfaət) məqamınız vardır!
Sonra oranın müqəddəs türbətini öp və sağ üzünü onun üzərinə qoy. Bu əməli yerinə yetirdikdən sonra qəbirlərin baş tərəfinə keç və bu ziyarətnaməni oxu:
Salam olsun sizə, ey Allahın yer və səmasındakı höccətləri! Bəndə və dostunuz sizin ziyarətinizə gəlib ki, ziyarətinizlə Allaha yaxınlaşsın. İlahi, seçilmiş dostların barəsində (doğru danışmaq üçün) mənə doğru dil ver, onların ziyarətgahlarını mənə sevimli et və məni dünya və axirətdə onlarla birgə qərar ver, ey mehribanların ən mehribanı!
Sonra hər imam üçün iki rükət ziyarət namazı qıl və Allahdan öz istəyini dilə.
Müəllif deyir: “O zamanlarda şiələri çox sıxışdırdıqları üçün dövrün zalım hökmüdarlarının şərrindən amanda qalsınlar deyə təqiyyə üzündən şiələrə bu iki imamın (ə) müxtəsər ziyarətnamələri təlim edilirdi. Əgər zəvvar, uzun bir ziyarətnaməni oxumaq istəyirsə, onlardan ən yaxşısı “Camiə ziyarətnamələri”dir. Bu ziyarətnamələrin içərisində bir ziyarətnamə vardır. Onun şərhindən belə məlum olur ki, onu imam Musa Kazimə (ə) oxumağın artıq savabı vardır. Bu ziyarətnamə, “Camiə ziyarətnamələr”i fəslində qeyd olunubdur. Bu iki məsum imamla ayrılmaq istəyən zəvvarlar onlarla vida dualarını oxuyaraq ayrılsınlar. O dualardan birini şeyx Tusi (ə.r.) “Təhzib” adlı kitabında qeyd etmiş və buyurmuşdur: “İmam Musa Kazimlə (ə) vidalaşdıqda, onun müqəddəs qəbrinin kənarında dayanıb, de:
Salam olsun sənə, ey mənim mönvlam, ey Əbəlhəsən! Allahın rəhmət və bərəkətləri olsun sənə! Səni Allaha tapşırır və sənə salam verirəm. Allaha, Peyğəmbərə və onun gətirdiklərinə iman gətirmişik və sən onlara doğru yol göstərmisən. İlahi, bizim adımızı şahidlərlə birgə yaz!
Həmçinin imam Məhəmməd Təqi (ə) ilə vidalaşdıqda bu duanı oxu:
Salam olsun sənə, ey mənim mönvlam, ey Rəsulullahın övladı! Allahın rəhmət və bərəkətləri olsun sənə! Səni Allaha tapşırır və sənə salam verirəm. Allaha, Peyğəmbərinə və onun gətirdiklərinə iman gətirmişik və sən onlara doğru yol göstərmisən. İlahi, bizim adımızı şahidlərlə birgə yaz!
Bu duanı oxuduqdan sonra Allahdan istə ki, bu ziyarət, sənin sonuncu ziyarətin olmasın və yenidən ziyarətə gəlməyə müvəffəq olasan. Sonra qəbri öpüb, üzünü onun üzərinə qoy.
Müəllif deyir: “Burada münasib bildik ki, salehli və təqvalı şəxsin, hacı Əli Bağdadinin əhvalatını sizin üçün nəql edək. Bu əhvalatı şeyx, “Cənnətül- məva” və “Nəcmüs-saqib” adlı kitablarında nəql etmişdir. O, “Nəcmüs-saqib” adlı kitabında buyurub: “Əgər bu kitabımda yalnız, bizim yaxınlığımızda baş verən, ibrətamiz və doğruluğuna şəkk olmayan bu əhvalatı dərc etsəydim, bu kitab, öz nəfisliyini və dəyərini yenə də itirməzdi.” Müqəddimədən sonra şeyx, buyurur ki, hacı Əli Bağdadi (əyyədəllah) belə nəql edibdir: “Boynumda səksən tümən imam (ə) pulu var idi. Odur ki, Nəcəfi-Əşrəfə gedib, onun iyirmi tümənini cənab Ələmül-hüda Şeyx Mürtəzaya (ə`ləllahu məqaməh), iyirmi tümənini cənab şeyx Məhəmmədhüseyn Müctəhid Kazimeyniyə, iyirmi tümənini cənab şeyx Məhəmmədhəsən Şuruquyə verdim və qalan axırıncı iyirmi tüməni də geri döndüyüm vaxt cənab şeyx Məhəmmədhəsən Kazimeyni Ali-Yasinə (əyyədəllah) vermək qəsdində idim. Tezliklə Bağdada yetişib, boynumda qalan borcu sahibinə çatdırmaq arzusunda idim. Mən, cümə axşamı Kaziməyn imamlarının (ə) ziyarətinə müşərrəf oldum və oradan çıxıb, cənab şeyx Məhəmmədhəsən Kazimeynin (səlləməhullah) görüşünə getdim. İyirmi tümənin bir miqdarını ona təqdim etdim və söz verdim ki, qalanını da bəzi mallarım satıldıqdan sonra haqq sahibinə çatdırım. Həmin gün axşamüstü Bağdada geri dönmək qərarına gəldim. Cənab şeyx məndən xahiş etdi ki, o günü onlarda qonaq qalım. Lakin mən, ondan üzürxahlıq edib, bildirdim ki, malik olduğum ipqayırma fabrikinin işçilərinin əmək haqqını verməliyəm. Çünki həmişə həftəlik əmək haqqını cümə axşamı paylayırdım. Odur ki, Bağdada geri döndüm. Yolun təqribən üçdə birini getmişdim ki, Bağdaddan üzü mənə tərəf gələn bir seyidi gördüm. Bir-birimizə yetişdikdə o seyid qollarını açıb, mənimlə salamlaşaraq, əl-ələ və üz-üzə görüşdü və buyurdu: “Əhlən və səhlən (ərəbcə hal-əhval soruşmaq).” Xülasə, o, məni qucaqladı və biz, bir-birimizlə görüşüb, öpüşdük. Onun başında açıq yaşıl rəngdə əmmamə və mübarək üzündə iri qara xal var idi.O, məndən soruşdu: “Xeyir ola, hacı Əli, hara gedirsən?” Cavab verdim ki, Kazimeyndəki imamların ziyarətindən gəlirəm. O, dedi: “Bu gecə, cümə gecəsidir, geri qayıt.: Mən dedim: “Ey seyid, mümkün deyil.” O, buyurdu: “Mümkündür, geri qayıt. Mən, sənin, cəddim Əmiril-möminin Əlinin (ə) və bizim dostlarımızdan olduğuna şəhadət vermək istəyirəm. Çünki Allah taala buyurdubdur ki, hər bir iş üçün özünüzə iki şahid tutun”. Mən, fikrimdə tutmuşdum ki, cənab şeyxdən mənim Əhli-beyt (ə) dostlarından olduğum barədə bir şəhadətnamə yazıb, verməyi xahiş edəcəyəm . Bu yazını kəfənimə qoymaq məqsədində idim. Odur ki, ona dedim: “Sən bunu haradan bilirsən və necə şəhadət vermək istəyirsən?” O, buyurdu: “Bir kəs ki, haqqı öz sahibinə çatdırır, necə ola bilər ki, haqq sahibi, haqqını ona çatdıranı tanımasın?” Soruşdum ki, hansı haqqı nəzərdə tutmusunuz? O, buyurdu: “Mənim vəkilimə çatdırdığın haqqı”. Ondan soruşdum ki, sənin vəkilin kimdir? O, buyurdu: “Şeyx Məhəmmədhəsən”. Mən soruşdum: “O sizin vəkilinizdir?” O, bir daha təsdiq etdi ki, bəli, o, mənim vəkilimdir.
Hacı Əli Bağdadi cənab seyid Məhəmmədə demişdir: “Bir anlıq zehnimdən keçdi ki, mən, bu seyidi tanımadığım bir halda o, məni öz adımla çağırdı. Öz-özümə fikirləşdim ki, ola bilsin ki, o, məni tanıyır və mən isə onu xatırlamıram. Yenə də öz-özümə fikirləşdim ki, deyəsən bu seyid, seyidlərin haqqından bir pay istəyir və yaxşı olar ki, imam malından ona bir pay verim. Odur ki, ona dedim: “Ey seyid, malımdan sizə düşən payın bir miqdarını ödəməmişdim və bu barədə şeyx Məhəmmədhəsənə müraciət edib, siz seyidlərin haqqını əda etmək icazəsini mənim öhdəmə qoymağı ondan xahiş etdim”. O, təbəssüm edib, buyurdu: “Bəli, bilirəm, bizim haqqımızın bir miqdarını Nəcəfdəki vəkillərimizə çatdırmısan.” Ondan soruşdum: “Görəsən əda etdiyim borc, Allah tərəfindən qəbuldurmu?” O: “Bəli” -deyə, cavab verdi. Zehnimdən keçdi ki, bu seyid, söhbəti əsnasında “ ...ələm alimlərdən olan bizim vəkillərimizə yetirdin” cümləsini işlətdi və bu söz mənə maraqlı gəldiyi üçün dedim: “Mən heç bilmirdim ki, alimlər, seyidlərin haqqını alıb, sahibinə yetirməkdə də vəkil hesab olunurlar.” Bu vaxt o seyid mənə buyurdu: “Kazimeynə geri dön və cəddimi ziyarət et!” Biz, birgə yola düşdük və o, sağ əli ilə mənim sol əlimdən tutmuşdu. Yola düşdükdə müşahidə etdim ki, bizim sağ tərəfimizdə zülal və şəffaf su arxı axır və fəsli olmamasına baxmayaraq, limon, narınc, nar, üzüm və s. ağacları bar gətirmiş halda bizim başımızın üstünə kölgə salıbdırlar. Ondan soruşdum: “Bu su arxı və bu ağaclar haradan peyda oldular?” O buyurdu: “Hər vaxt bizim dostlarımız, bizim və cəddimizin ziyarətinə gəlsələr, bu ağaclar və bu su arxıları onun ətrafında yaranarlar.” Mən dedim: “Olar sizdən bir şey soruşum?” O: “Buyur” -deyə, cavab verdi.
Mərhum şeyx Əbdürrəzzaq müəllim idi. Bir gün onun yanına getmişdim. O, deyirdi ki, hər kəs ömrü boyu gündüzləri oruc tutub, gecələri ibadətlə məşğul olsa, qırx həcc və qırx ümrə ziyarəti yerinə yetirib, Səfa ilə Mərva dağları arasında dünyadan köçsə, lakin Əmiril-möminin Əlinin (ə) dostlarından olmasa, bu ibadətlərin ona heç bir faydası olmayacaqdır. Bunlar doğrudurmu?”
-And olsun Allaha ki, doğrudur, bu ibadətlərin heç bir faydası yoxdur.
Mən, ondan qohumlarımın biri haqqında soruşdum ki, görəsən o, Əmiril-möminin (ə) dostlarından hesab olunur? O, buyurdu: “ Bəli. O şəxs və sənin bütün qohumlarının hamısı Əmiril-möminin Əlinin (ə) dostlarındandırlar.”
-Ey seyid, mənim bir sualım var.
-Soruş.
-İmam Hüseynin (ə) rövzəxanları rövzələrində belə oxuyurlar ki, Süleyman Əməş bir nəfərə yaxınlaşıb, Seyyidüş-şühədanın (ə) ziyarətinin fəziləti barəsində soruşubdur. Bu söz doğrudurmu?”
-Bidətdir.
-O şəxs yuxusunda görür ki, göy ilə bir kəcavə hərəkət edir və ətrafındakılardan soruşur ki, o kimin kəcavəsidir? Ona deyirlər ki, bu, Fatimeyi-Zəhra və Xədiceyi Kübranın (ə) kəcavəsidir. O, yenə də soruşur ki, onlar hara gedirlər? Ona deyirlər ki, cümə axşamında imam Hüseynin (ə) ziyarətinə gedirlər. Həmçinin o görür ki, kəcavədən yerə kağız parçaları tökülür və onların üzərində bu cümlələr yazılıbdır: “Əmanun minən nari li zuvvaril Husəyn ələyhissəlam fi ləylətil cumuəti. Əmanun minənnari yəvməl Qiyaməh.” Bu hədis doğrudurmu?
-Bəli, tamamilə doğrudur.
-Ey seyid, bu deyilənlər doğrudurmu ki, hər kəs cümə axşamı gecəsi imam Hüseyni (ə) ziyarət etsə, cəhənnəm odundan amanda qalar?
-And olsun Allaha ki, doğrudur.
O, bu sözləri dedikdə, gözləri yaşardı və özünü saxlaya bilməyib, ağladı.
-Ey seyid, başqa bir sualım da var.
-Soruş.
-Min iki yüz altmış doqquzuncu ildə imam Rzanın (ə) ziyarətinə getmişdik. Dərrud adlı yerdə Nəcəf şəhərinin şərq tərəflərinin bədavi (səhrada yaşayan) ərəblərindən biri ilə tanış olduq və onu qonaq etdik. Ondan soruşduq ki, imam Rzanın (ə) diyarı necədir? O, cavab verdi: “Bura cənnətdir. Bu gün on beş gündür ki, mən, mövlam imam Rzanın (ə) malından (yəni, o həzrətin mətbəxində bişirilən xörəkdən) yemişəm. Mənim ətim və qanım, o həzrətin mehmanxanasında ehsan edilən yeməkdən əmələ gəlib, İnkir-Münkirin nə cürəti vardır ki, mənə yaxınlaşsınlar.” Bu doğrudur ki, imam Əli ibni Musa Rza (ə) qəbir sorğu-sualı zamanı gələcək və İnkir-Münkirin əlindən onu xilas edəcək?
-And olsun Allaha ki, doğrudur. Mənim cəddim ona zamindir.
-Ey seyid, kiçik bir məsələni də soruşmaq istəyirdim.
-Soruş.
-Mənim imam Rza (ə) ziyarətim qəbuldurmu?
-İnşaallah ki, qəbuldur.
-Mərhum hacı Əhməd Bəzzazbaşının oğlu hacı Məhəmmədhüseyn Bəzzazbaşının ziyarəti də qəbuldurmu? O, imam Rzanın (ə) ziyarəti səfərində mənimlə həmsəfər və yol məxaricində mənimlə şərik idi.
-Salehli bəndənin ziyarəti qəbuldur.
-Bağdadlı filankəsin də ziyarəti qəbuldurmu?
O, sükut etdi. Mən yenə də soruşdum:
-Filankəsin ziyarəti qəbuldurmu? Deyəsən, bayaq soruşanda eşitmədiniz.
O, yenə də cavab vermədi. Hacı Əli Bağdadi özü nəql edir ki, o kəslər, Bağdad əhlindən olan bir neçə fasiq şəxslər idilər və yol boyu çalıb, oynamaqla məşğul idilər. O filankəs hətta öz anasını da qətlə yetirmişdi. Biz, hər iki tərəfi yaşıllıq və bostan olan Kazimeyn şəhərinə gedən geniş yola yetişdik. Yolun sağ tərəfinin Bağdaddan gələn yolla kəsişən hissəsindəki bostanlıqlar, əvvəllər yetim seyid uşaqların mülkü idi və dövlət onu zorla onların əlindən alıb, oradan yol çəkmişdi. Odur ki, bu iki şəhərin təqvalı şəxsləri yolun bu hissəsi ilə hərəkət etməzdilər. Mən gördüm ki, o seyid, yolun o hissəsi ilə hərəkət edir və dedim: “Ey seyid, yolun bu hissəsi bir neçə yetim seyid uşaqların mülküdür və oradan keçmək düzgün deyil.” O, buyurdu: “Bu yer, cəddim Əmiril-möminin Əlinin (ə), onun zürriyyəsinin və bizim övladlarımızındır. Odur ki, bizim dostlarımıza bu yerdən istifadə etmək halaldır.” Bu yerin sağ tərəfində yerləşən bağ, Bağdad sakini olan tanınmış əcəm mütəməvvili hacı Mirzə Hadi adlı bir şəxsin idi. Mən soruşdum: “Ey seyidim, bu deyilənlər doğrudurmu ki, hacı Mirzə Hadinin bağ sahəsi həzrət Musa ibni Cəfərin (ə) mülküdür?” O: “Sənin nəyinə gərəkdir.”- deyib, bu suala cavab verməkdən boyun qaçırdı.
Biz, iki yolayrıcına yetişdik. O məntəqədəki bostan və bağların suvarılması üçün Dəclə çayından çəkilən su arxları yolu iki yerə bölürdü. Yollardan biri “Sultan yolu” və digəri “Seyidlərin yolu” adlanırdı. O seyid “seyidlərin yolu” na tərəf yönəldi. Odur ki, mən ona dedim: “Gəlin bu yoldan (yəni, “sultan yolun”dan ) gedək!” O dedi: “Gəl öz yolumuzdan gedək.” Seyid dediyi yol ilə bir neçə addım getmişdik ki, həzrət Museyi Kazimin (ə) hərəminin həyətində və ayyaqqabı qəfəsələrinin yanında olduğumu gördüm. Biz, heç bir küçə və bazarı keçmədən buraya yetişmişdik. Xülasə, eyvana çıxıb, ağanın ayaq tərəfindən və hərəmin şərq tərəfindən açılan “Murad qapısı” adlanan qapıdan içəriyə daxil olduq. O seyid, hərəmin qapısı ağzında dayanmadı və izni-düxul oxumadı. O, günbəz olan səhnin qapısı ağzında dayanıb, buyurdu:
“ Ziyarətnaməni oxu.” Mən dedim: “ Mən qari deyiləm.”
-Sənin üçün hündürdən oxuyummu?
-Bəli.
O seyid buyurdu: “Əədxulu ya Əllah, əssəlamu ələykə ya rəsuləllah. Əssəlamu ələykə ya əmirəl mu`minin...” Bu qayda ilə o, digər məsumlara salam verdi və həzrət Həsən Əskəriyə (ə) yetişdikdə buyurdu: “Əssəlamu ələykə ya Əba Muhəmmədinil Həsənil Əskəriyy.” Bunu deyib, məndən soruşdu: “İmam zamanını tanıyırsanmı?” Mən cavab verdim: Əlbəttə ki, tanıyıram.”
-Öz imam zamanına salam göndər.
-Əssəlamu ələykə ya Huccətəllahi, ya Sahibəz zəman yəbnəl Həsən.
O, təbəssüm edərək, buyurdu: “Ələykəs səlam və rəhmətullahi və bərəkatuh.”
Bu söhbətlərdən sonra hərəmə daxil olduq və o həzrətin mütəhhər zərihini qucaqlayıb, öpdük. O seyid yenə də mənə dedi: “Ziyarətnaməni oxu.” Mən də cavab verdim ki, qari deyiləm. O buyurdu: “Sənin üçün ziyarətnamə oxuyummu?”
-Bəli.
-Hansı ziyarətnaməni oxuyum?
-Mənim üçün hansı ziyarətnaməni oxumaq daha yaxşı olarsa, o ziyarətnaməni oxuyun.
-Əminullah ziyarətnaməsi daha əfzəldir.
Bu sözü deyib, ziyarətnaməni oxumağa başladı: “Əssəlamu ələykuma ya əminəyillahi fi ərzihi və huccətəyhi əla ibadihi...” Bu vaxt hərəmin çıraqlarını yandırdılar. Hərəmin şamları şövlələnib, yanırdı, lakin hərəm, günəş işığı kimi güclü bir işıq vasitəsilə işıqlanmışdı. Şam işıqları bu işığın yanında, günəşli havada yandırılan çıraqlara bənzəyirdi. Məni təəccüb bürüdüyü üçün o seyidin nə oxuduğunu bilmədim. O, ziyarətnaməni oxuyub qurtardıqdan sonra qəbrin ayaq tərəfindən geri çəkilib, hərəmin şərq tərəfində dayandı və buyurdu: “Cəddim Hüseyni (ə) ziyarət edirsənmi?” Mən dedim: “Bəli, cümə axşamı gecələri o həzrətin ziyarətnaməsini oxuyuram.” O, “Varis” ziyarətnaməsini oxuyub qur¬tar¬dıq¬da, azan çəkənlərin azanı da sona yetdi. Odur ki, mənə dedi: “Namazını camaatla qıl!” Hərəmin arxa tərəfindəki məscidə gəldik. Orada camaat namazı təşkil olunmuşdu. O, imam camaatın sağ tərəfində onun dayandığı sırada dayanıb, fərdi olaraq namazını qılmağa başladı. Mən də birinci sırada özümə bir yer tapıb, namazımı camaatla qıldım. Namazı qılıb qurtardıqdan sonra onu yerində görmədim. Məsciddən çıxdım və hərəmin daxilində onu axtarmağa başladım, lakin tapa bilmədim. Fikrimdə var idi ki, ona bir neçə riyal pul verib, gecəni onu qonaq saxlayım. Sanki indi ayılıb başa düşdüm ki, o seyid kim imiş və onunla birgə olduğumuz müddətdəki xariqüladə hadisələrin səbəbini anladım. Belə ki, mən, onun bircə təklifi ilə Bağdaddakı mühüm işimdən əl çəkdim, həmçinin mən onu tanımadığım bir halda o, məni öz adımla çağırdı, “bizim dostlarımız” -deyə mənə müraciət etdi, yolun kənarından axan su arxları və fəsli olmamasına baxmayaraq, bar gətirmiş meyvə ağacları və s. bu kimi möcüzəli hadisələri xatır¬la¬dıq¬dan sonra yəqinə çatdım ki, o seyid, həzrət Məhdi (ə.c.) imiş. Xüsusilə də o, hərəmə daxil olanda izni-duxul oxumadı və imamlara salam göndərdiyi vaxt həzrət Həsən Əskəriyə (ə) göndərdiyi salamdan sonra məndən soruşdu ki, imam zamanını tanıyırsanmı. Mən: “Bəli, tanıyıram” -dedikdə, mənə buyurdu ki, ona salam göndər. Mən, imam zamana salam göndərdikdən sonra o, təbəssümlə salamın cavabını verdi.
Mən, ayaqqabı nəzarətçisinə yaxınlaşıb, o seyidi soraqlaşdım. O, cavab verdi: “Bayıra çıxdı.” Sonra məndən soruşdu: “O seyid sənin dostun idi.?” Mən: “Bəli” -deyə cavab verdim və gecələmək üçün mehmandarımın evinə getdim. Sübh açıldıqda cənab şeyx Məhəmmədhəsənin yanına gedib, başıma gələnləri ona danışdım. O, əlini ağzımın üstünə qoyub, bu sirri ifşa etməkdən məni çəkindirdi və dedi: “Allah səni müvəffəq etsin.”
Mən bu hadisəni məxfi saxlayıb, heç kimə danışmırdım. Bu hadisənin üstündən bir ay keçmişdi. Günlərin birində həzrət Musa Kazimin (ə) mütəhhər hərəmində ikən bir seyid mənə yaxınlaşıb, o hadisəyə işarə edərək məndən soruşdu: “ O gün sən, nə görmüşdün?” Mən cavab verdim: “Heç bir şey.” Yenidən mənə o sualı verdi. Mən də o hadisəni qətiyyən inkar etdim. Birdən o, mənim nəzərimdən itdi və mən, bir daha onu görmədim.