Oxunuşu / Transkripsiya və İzahı
Bu məsələ haqqında söhbət çoxdur, lakin bu qədər kifayətdir ki, ən fəzilətli dörd məsciddən biridir və müsafir bu məsciddə namazını tamam, yaxud qəsr qılmaqda ixtiyar sahibidir. Orada qılınan bir vacibi namaz başqa məkanlarda qılınan min namaz və min məqbul həccə bərabərdir. Hədislərdə nəql olunur ki, Kufə məscidi peyğəmbərlərin, eləcə də həzrət Məhdi (ə) namaz qıldığı məkandır. Bir rəvayətdə gəlmişdir ki, orada min peyğəmbər və min peyğəmbər vəsisi namaz qılmışdır. Bəzi rəvayətlərdən başa düşülür ki, Kufə məscidi “Beytül-müqəddəs”dəki “Əqsa” məscidindən fəzilətli və üstündür. İbni Quləveyh İmam Məhəmməd Baqir (ə)-ın belə buyurduğunu nəql etmişdir: “Əgər camaat Kufə məscidinin fəzilətinin nə qədər olduğunu bilsələr, uzaq şəhər və məntəqələrdən ora uz tutub gələrlər.” Həmçinin buyurmuşdur: “Kufə məscidində qılınan bir vacibi namaz məqbul həccə, bir müstəhəb namaz isə məqbul ümrə həccinə bərabərdir.” Başqa bir rəvayətdə buyurulur ki, hər kim bu məsciddə vacib, yaxud müstəhəb namaz qılsa, sanki Rəsuli-Əkrəm (s)-lə birlikdə həcc, yaxud ümrə yerinə yetirmişdir. Şeyx Kuleyni və digər alimlər Harun ibni Xaricədən nəql etmişlər ki, İmam Sadiq (ə) mənə buyurdu: “Ey Harun! Sənin yaşadığın yerlə Kufə məscidi arasındakı fasilə bir mildən artıq olarmı?” Dedim: “Xeyr, bu qədər olmaz!” Buyurdu: “Namazlarının hamısını orada qılırsanmı?” Dedim: “Xeyr!” Buyurdu: “Əgər mən o məscidə yaxın olsaydım, bütün namazlarımı orada qılar və orada bir namazı belə tərk etməzdim. Heç bilirsənmi ki, bu məscidin fəziləti nə qədərdir? Bütün peyğəmbərlər və Allahın saleh bəndələri Kufə məscidində namaz qılmışlar. Hətta Peyğəmbəri-Əkrəm (s) meraca aparıldığı gecə Cəbrail o həzrətə dedi: “Ey Allahın Rəsulu! Bilirsənmi ki, haradasan? Hal-hazırda Kufə məscidi ilə üzbəüz durmusan.” Peyğəmbəri-Əkrəm (s) buyurdu: “Onda Rəbbimdən icazə istə ki, mən orada iki rükət namaz qılım.” Bu zaman Cəbrail Allahdan icazə istədi, Allah taala da icazə verdi. Sonra Cəbrail o həzrəti yerə endirdi və Peyğəmbər (s) orada iki rükət namaz qıldı. Həqiqətən, bu məscidin həm sağ tərəfində, həm ortasında, həm də arxa tərəfində behişt bağlarından bir bağ vardır. Bu məsciddə qılınan bir vacib namaz başqa yerlərdə qılınan min namaza, bir müstəhəb namaz beş yüz namaza bərabərdir. Quran oxumadan, zikir etmədən o məsciddə əyləşmək ibadətdir. Əgər camaat bilsələr ki, onun fəziləti nə qədərdir, körpələr kimi iməkləyə-iməkləyə ona doğru axışarlar.” Başqa bir hədisdə nəql olunur ki, Kufə məscidində qılınan bir vacibi namaz bir həccə, bir müstəhəb namaz isə bir ümrəyə bərabərdir. Yeddinci ziyarəti qeyd etdiyimiz bölümdə Həzrət Əmirəl-möminin Əli (ə)-dan bu məscidin fəzilətli ilə bağlı buyruğunu qeyd etdik. Bəzi rəvayətlərdən məlum olur ki, Kufə məscidin sağ tərəfi sol tərəfindən fəzilətlidir.