Yunus Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
Yunus surəsi, 1 və 2-ci ayələr
Yunus surəsi, 1 və 2-ci ayələr
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
الر تِلْكَ آيَاتُ الْكِتَابِ الْحَكِيمِ .١
أَكَانَ لِلنَّاسِ عَجَبًا أَنْ أَوْحَيْنَا إِلَى رَجُلٍ مِنْهُمْ أَنْ أَنْذِرِ النَّاسَ وَبَشِّرِ الَّذِينَ آمَنُوا أَنَّ لَهُمْ قَدَمَ صِدْقٍ عِنْدَ رَبِّهِمْ قَالَ الْكَافِرُونَ إِنَّ هَذَا لَسَاحِرٌ مُبِينٌ .٢
Ayələrin tərcüməsi
Rəhman və Rəhim Allahın adı ilə!
1\. Əlif, Lam, Ra. Bunlar möhkəm və hikmətli kitabın ayələridir!
2\. İçərilərindən bir adama: “İnsanları (küfr və günahın nəticələri ilə) qorxut, iman gətirənlərə Rəbləri yanında gözəl mükafat olduğunu müjdə ver!” – deyə, vəhy etməyimiz xalqa təəccüblümü gəldi ki, kafirlər: “Bu kişi açıq-aşkar bir sehrbazdır!” – dedilər.
Ayələrin təfsiri.
Peyğəmbərin (s) risaləti.
Bu surədə də “Əlif, Lam, Ra” formasında qeyd olunan müqəttəə hərfləri ilə üzləşirik. Biz "Bəqərə", "Ali-İmran" və "Əraf” surələrinin əvvəllərində bu hərflər haqda kifayət qədər danışdıq. Allahın istəyi ilə gələcəkdə bu haqda bəhs edəcək və ona yeni mətləblər əlavə edəcəyik.
Bu hərflərdən sonra Allah-taala Quran ayələrinin əzəmətinə işarə edərək buyurur: "Bunlar möhkəm və hikmətli kitabın ayələridir!"
"Bunlar" (yaxına işarə edərək) demək yerinə “onlar” (uzağa işarə edǝrǝk) deməsi, belə bir ayə "Bəqərə” surəsinin əvvəlində də mövcud idi. Bu, Quranın incə təbirlərindəndir. Bunun səbəbi Quran ayələrinin əzəmət və böyük mənasını çatdırmaqdır. Çünki sadə mətləblər adətən yaxını bildirən işarə əvəzliyi ilə işlənir. Amma önəmli mətləblər, sanki səmaların üstündə və uca bir yerdə yerləşdiyinə görə, uzağı bildirən işarə əvəzliyi ilə işlənilir.
Biz gündəlik danışığımızda da bir şəxsin yaxınlığında da olsaq, onun əzəmətini bildirmək üçün ona "bu cənab" və ya "bu həzrət" deyil, "o cənab" və ya "o həzrət" - deyə, müraciət edirik. Özümüzü təqdim edəndə isə təvazökarlıqla "bəndəniz" - deyə, təqdim edirik.
Quranın "həkim" adlanması onun ayələrinin möhkəm, nizam- intizamlı və batildən uzaq olduğunu bildirir. Yalnız Quranda haqq gəlmişdir. Yalnız haqqa dəvət edir.
İkinci ayədə birinci ayədə Quranın ilahi vəhy adlandırılmasına əsasən, müşriklərin Peyğəmbərə (s) dəfələrlə yönləndirdiyi irad qeyd olunur:
İlahi vəhy niyə Allah tərəfdən insana nazil olundu?
Bu böyük risaləti niyə mələk öhdəsinə götürməmişdir?!
Quran bu suallara belə cavab verir: "İçərilərindən bir adama vəhy etməyimiz xalqa təəccüblümü gəldi?”.
Onların cavabı, əslində, (özlərindən) sözü ilə verildi. Yəni: Rəhbərin insanların özlərindən olması, onların problemlərini anlaması və ehtiyaclarını bilməsi təəccüblü deyil. Təəccüblü budur ki, özlərindən olmayan bir rəhbər onları tanımadığı halda rəhbərlik edə bilsin.
Qurani-Kərim sonra bu vəhyin məzmununa toxunaraq onu iki şeydə xülasə edir:
1-Ona vǝhy göndərdik ki, “İnsanları (küfr və günahın nəticələri ilə) qorxut”
2-"İman gətirənlərə Rəbləri yanında gözəl mükafat olduğunu müjdə ver!”
(qədəmə sidqin) söz birləşməsinin mənası haqda alimlər arasında müxtəlif fikirlər var. Bu fikirlərin üçünü qəbul etmək olar:
1-Məqsəd budur ki, iman fitri keçmişə söykənir. Möminlər iman- larını aşkar etməklə, əslində, öz fitrətlərinin tələblərini təsdiqləmişlər.
Çünki (qədəmə) sözünün mənalarından biri "keçmişdir. Necə ki deyilir:
Filankəsin İslamda və ya müharibədə təcrübəsi var.
2-Qayıdış və axirət nemətlərinə işarədir. Çünki (qədəm) sözünün mənalarından biri məqam və mövqedir. Yəni, möminlərin Allah dərgahında qəti və dəyişməz məqamları var. Onu heç bir şey dəyişə bilməz.
3-(qədəm) sözünün mənası öndər və rəhbərdir. Yəni, mömin bəndələrə sadiq öndər və rəhbərlər göndərilmişdir. Şiə və sünni təfsirlərində bu ayədə "qədəmə sidq" deyilərkən Həzrət-Peyğəmbər (s) və ya Həzrət Əlinin (ə) öndərliyinin nəzərdə tutulduğunu qeyd edən hədislər də bu mənanı təsdiq edir.
Bundan öncə də qeyd etdiyimiz kimi, yuxarıdakı təbirdə bunların hamısının nəzərdə tutulması mümkündür.
Qurani-Kərim ayənin sonunda müşriklərin dəfələrlə Peyğəmbəri (s) ittiham etdikləri məsələni qeyd edərək buyurur: "Kafirlər: “Bu kişi açıq- aşkar bir sehrbazdır!" - dedilər."
(innə), təkid (lam)ı və (mubin) sifəti müşriklərin bu töhmətə nə qədər təkid etməsinin nişanəsidir. (haza - "bu" - yaxın işarə əvəzliyi) sözü Peyğəmbərin (s) məqamını təhqir etmək üçün işlənmişdir.
Peyğəmbərə (s) sehrbaz demələrinin də səbəbi məlumdur. Çünki onlar Peyğəmbərin (s) möcüzəli sözlərinə, parlaq qanunlarına və digər möcüzələrinə qaneedici bir cavab verə bilmirdilər. Yalnız bu möcüzələri sehr adlandırırdılar. Bu yolla cahil insanları aldadırdılar.