Əl-Adiyat Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
Adiyat surəsi, 1-11-ci ayələr
Adiyat surəsi, 1-11-ci ayələr
بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيم
وَالْعَادِيَاتِ ضَبْحًا .١
فَالْمُورِيَاتِقَدْحًا.۲
فَالْمُغِيرَاتِصُبْحًا .٣
فَأَثَرْنَ بِهِ نَقْعًا .٤
فَوَسَطْنَبهجَمْعًا .٥
إِنَّالْإِنسَانَلِرَبِّهِلَكَنُودٌ .٦
وَإِنَّهُعَلَىذَلِكَلَشَهِيدٌ .٧
وَإِنَّهُ لِحُبِّ الْخَيْرِ لَشَدِيدٌ .٨
أَفَلَايَعْلَمُإِذَابُعْثِرَمَافِيالْقُبُورِ .٩
وَحُصِّلَ مَا فِي الصُّدُورِ .١٠
إِنَّ رَبَّهُمْ بِهِمْ يَوْمَئِذٍ لَخَبِيرٌ .١١
Ayələrin tərcüməsi
Rəhman və Rəhim Allahın adı ilə!
1\. And olsun tövşüyə-tövşüyə qaçan atlara!
2\. And olsun dırnaqları ilə qığılcım çıxaranlara!
3\. And olsun sübh çağı hücum edənlərə ki,
4\. tozanaq qaldıraraq
5\. düşmən qoşununun içərisinə soxulurlar.
6\. İnsan Rəbbinin nemətlərinə qarşı yaman nankor və xəsisdir.
7\. Özü də bunun şahididir.
8\. O, var-dövlətə çox hərisdir.
9\. Məgər o bilmir ki, qəbirlərdə olanların çıxardılacağı zaman
10\. və kökslərdə olanların aşkar ediləcəyi zaman
11\. o gün Rəbbi onlardan tam xəbərdardır?
Ayələrin nazilolma səbəbi
Bir hədisdə bu surənin "Zatüs-səlasil” döyüşündən sonra nazil olduğu qeyd edilmişdir. Həmin döyüş belə olmuşdur: Hicrətin səkkizinci ilində Peyğəmbərə (s) xəbər verirlər ki, on iki min süvari Yabis ərazi- sində toplaşaraq Peyğəmbər (s) və Əlini (ə) qətlə yetirib müsəlmanların axırına çıxmayınca oturmamaq haqqında qərara gəlib. Peyğəmbər (s) səhabələrindən bir dəstəni onların üzərinə göndərir. Ancaq danışıqlar- dan sonra onlar heç bir nəticə hasil etmədən geri dönürlər. Nəhayət, Peyğəmbər (s) İmam Əlinin (ə) başçılığı ilə mühacir və ənsardan ibarət bir qoşun göndərir. Qoşun düşmənin düşərgəsinə doğru çox böyük sürətlə hərəkət edir, gecə yol gedib səhər vaxtı düşməni mühasirəyə alır. Öncə onları İslama dəvət edirlər. Qəbul etmədiklərini görüb hələ hava qaranlıq ikən hücuma keçərək onları darmadağın edir, bir dəstəsini öldürür, qadın-uşaqlarını əsir götürür, külli-miqdarda qənimət əldə edirlər. İslam ordusu hələ Mədinəyə qayıtmamış "Adiyat” surəsi nazil olur. Peyğəmbər (s) həmin gün məsciddə sübh namazını qılarkən bu surəni oxuyur. Namaz bitdikdən sonra səhabələr: “Bu, hansı surədir ki, biz bu vaxta qədər onu eşitməmişik?" - deyə soruşduqda, Peyğəmbər (s) buyurur: "Bəli, Əli düşmənlər üzərində qələbə çalıb. Cəbrail də dünən gecə bu surəni gətirməklə mənə müjdə verib."
Bir neçə gündən sonra Əli (ə) İslam ordusu, əsirlər və qənimət- lərlə birlikdə Mədinəyə daxil olur.
Bəzilərinin fikrinə görə, bu hadisə surənin naziolma səbəbi deyil, birbaşa ayələrin bariz nümunəsidir.
Ayələrin təfsiri
Oyaq mücahidlərə and olsun!
Dedik ki, surə ayıldıcı andlarla başlayır. Birinci ayədə deyilir: "And olsun tövşüyə-tövşüyə qaçan atlara!"
Ya "and olsun Ərəfat çölündən "Məşərül-həram"a dəvələrlə gələn hacılara." Bütün həcc mərasimlərində hacılar Ərəfat çölündən üzü Minaya hərəkət edirlər (Burada iki rəy olduğu üçün müəllif hər ikisini qeyd edir. Həm cihad vaxtı atları, həm də həcc zamanı dəvələri.)
Ayədəki (adiyat) sözü (adiyə) sözünün cəm forması olub, (ǝdv) söz kökündən götürülmüşdür. Sözün əsl lüğəvi mənası “ayrılmaq”, “keçmək”, “qopmaq”dır. Qəlbən ayrılmağa “ədavət”, xarici hərəkətə isə "ədv" deyilir. Müamilə zamanı baş verən ayrılığa isə "ǝduvan" deyilir. Əlbəttə, burada bu söz sürətlə qaçaraq ayrılmaq mənasında işlənir.
(zəbh) sözü ərəb dilində atların qaçaraq tez-tez nəfəs çəkməsinə deyilir. Bu sözün azəri dilində bütöv izahı “tövşümək”dir.
Yuxarıda qeyd etdiyimiz kimi, bu ayə barəsində iki təfsir irəli sürülmüşdür. Birinci təfsirdə cihad zamanı tövşüyərək qaçan atlar nəzərdə tutulur. Bildiyimiz kimi, cihad etmək İslam dinində olduqca müqəddəs əməllərdən sayılır. Bu müqəddəs yolda çaparaq qaçan və tövşüyən atların da əməllə bağlılığı olduğu üçün müqəddəslik onlara şamil edilir. Odur ki, Allah tərəfindən and içilməyə layiq görülür.
İkinci təfsir isə yuxarıdakı mövzudan fərqli olaraq həcc mövsümünə aid edilir. Bu təfsirə əsasən, burada həcc mövsümündə tövşüyərək hərəkət edən dəvələr nəzərdə tutulur. Hansı ki hacıları bir müqəddəs məkandan digər müqəddəs məkana doğru daşıyır. Məhz buna görə də and içilmək şərəfinə layiq görülmüşdür.
İbn Abbasdan belə nəql olunur: "Mən Kəbə evinin yaxınlığında, "İsmail daşı"nın yanında əyləşmişdim. Bir kişi "vəl adiyati zəbhə” ayəsi barə sində soruşdu. Mən sualın cavabında dedim ki, burada cihad zamanı hücuma keçən, gecələr isə tövləyə qayıdan atlar və yemək bişirmək üçün ocaq yandıran əsgərlər nəzərdə tutulur. Həmin şəxs məndən uzaqlaşıb Əli ibn Əbutalibin yanına getdi. İmam bu zaman Zəmzəmin kənarında idi. Yenidən həmin ayə barəsində İmamdan soruşdu. İmam buyurdu:
\- Bu sualı məndən öncə kimdənsə soruşmusan?
Bəli, İbn Abbasdan soruşdum. Onun deməyinə əsasən, cihad zamanı hücum edən atlar nəzərdə tutulub.
Get, onu mənim yanıma çağır!
İmamın yanına çatanda dedi:
\- Nə üçün camatın bilmədikləri haqqında onlara fitva verirsən? İslam dininin ilk döyüşü Bədr idi ki, orada cəmi iki at var idi. O atlardan biri Zübeyrin, digəri isə Miqdadın atı idi. Bəs burada “adiyat” sözünü necə “atlar” kimi təfsir edirsən? Xeyr. Elə deyil, burada Ərəfatdan Məşərə, Məşərdən Minaya gedən dəvələr nəzərdə tutulur.”
İbn Abbas deyir: İmamdan bu sözü eşitdikdən sonra öz fikrimdən daşındım və İmamın sözünü qəbul etdim.
"Adiyat” sözünün genişmənalı olmasını əsas götürərək onu həm cihad zamanı qaçan atlara, həm də həcc mövsümündə hacıları daşıyan dəvələrə aid etmək olar. Yuxarıdakı hədisə gəlincə, biz ayənin izahını mütləq şəkildə cihad zamanı tövşüyən atlarla məhdudlaşdırmayaq. Çünki "tövşüyən atlar" təfsiri hamı tərəfindən qəbul edilmir. Daha vazeh və aydın olan təfsir dəvələrin hərəkətidir. Əlbəttə, bu təfsir daha uyğun və daha münasibdir.
Ayənin davamında buyurulur:
"And olsun dırnaqları ilə qığılcım çıxaranlara,"
\- Mücahidlər atlarını meydana sarı elə sürətlə çapırlar ki, atların dırnaqlarının altından çıxan çınqıllar qığılcım kimi sanki od saçır.
Həcc mövsümündə sürətlə qaçan dəvələrin ayaqları altından çıxan çınqıllar qayalara dəyərək qığılcım çıxarır.
\- Həcc mövsümü üçün toplanmış tayfaların və dəstələrin yemək hazırlamaq üçün alovlandırdıqları ocaqdan ayrılan qığılcımlara;
\- Döyüş və cihad alovlarını alovlandıranlara;
\- Kəsici sözləri ilə düşmənlərin ürəklərinə od vuranlara;
\- Və ya bəzi təfsirçilərin dediklərinə əsasən, (and olsun) insanların çətinlikləri üçün ürəklə çalışan, niyyətlərini həyata keçirən, çaxmaq daşlarını bir-birinə sürtdükdə onlardan çıxan atəş kimi canfəşanlıq edənlərə.
Bu ehtimal olduqca ayənin məzmunundan kənardır. Amma yuxarıdakı ilk iki təfsir daha uyğun və münasibdir.
Ayədəki (muriyat) sözü (iyra) sözündən alınmış, (muriyə) sözünün cəmi olub, atəş alovlandırmaq mənasındadır. (qədhən) sözünün mənası isə iki daşı, iki dəmiri, iki taxtanı və ya çaxmaq daşını qığılcım üçün bir-birinə vurmağa deyilir.
Üçüncü andda buyurulur:
“And olsun sübh çağı hücum edənlərə ki,”
Mərhum Təbərsi “Məcməül-bəyan” kitabında qeyd etdiyi kimi, ərəblərdə belə bir döyüş adəti var idi ki, onlar hücum edəcəkləri yerə axşam günbatan vaxtı yetişər, pusqu qurar və sübh zamanında hücuma keçərdilər.
Bu ayələrin nazilolma səbəbində bildirilir ki, İslam ordusu İmam Əlinin (ə) rəhbərliyi altında gecənin qaranlığında döyüş meydanına tərəf irəliləyir, orada pusqu qurur və sübh vaxtı hücum edərək onları tərki-silah edirlər. Düşmən ordusu hücumun qarşılığında müdafiə mövqeyi nümayiş etdirsələr də, faydası olmur.
Əgər ayənin andını dəvələrə şamil etsək, o zaman təfsir dəyişəcək və belə nəticə alacağıq ki, gecə Məşərdən hərəkət edən dəvələr sübh vaxtı Minaya doğru hərəkət edərək Qurban bayramını Minada oldu.
Ayədəki (muğiyrat) sözü (muğəyrət) sözünün cəmi olub, (ǝğarǝt) sözkökündən alınmış və düşmənin üzərinə edilən“hücum” mənasındadır. Sözün mənası yalnız düşmən üzərinə hücum deyil, mal-dövlət toplamaq üçün harasa hücum etmək, şığımaq məna- larında da işlənir. Hətta fars dilində bu sözdən kimisə qarət etmək, mal dövlətini zorla əlindən almaq mənalarında da işlənir.
Bəzi təfsirçilərin izahına əsasən, sözün mənası hücum olsa da, məğzində atla hücum etmək gizlənmişdir. Yəni sözün mənəvi lüğəti atla düşmən üzərinə edilən hücum deməkdir. Amma sözün müxtəlif mənalarda işlənməsinə nəzər saldıqda həmin mənəvi mənanın sıradan çıxdığı məlumdur. Yəni ola bilsin ki, əvvəllər bu sözdən həmin məna üçün istifadə olunub, amma hazırda məhz həmin mənadan daha əhatəli mənaları ehtiva edir.
Bəzilərinin ehtimalına əsasən, “muğiyrat” sözü bəzi tayfaların və qəbilələrin döyüş meydanına tərəf hücum etməsi və ya dəvələrin tələsik şəkildə Minaya tərəf hərəkət etməsi deməkdir. Amma bu təfsir ayənin zahiri ilə belə uyğun və münasib deyil. Çünki ayədəki əsas məqsəd atların və ya dəvələrin sahibləri deyil, əksinə, döyüşdə çapan atlar və ya Minaya sarı tələsən dəvələr nəzərdə tutulur.
Daha sonra mücahidlərin tək-təkinə və onların miniklərinə işarə edilərək buyurulur:
“Tozanaq qaldıraraq,”
Ola bilsin ki, hacıların dəvələrlə birgə Məşərdən Minaya tərəf hücum gətirməsi nəticəsində qalxan toz duman nəzərdə tutulur.
Ayədəki (əsərnə) sözü, (əsarə) söz kökündən alınmış, toz-duman və tüstü mənalarındadır. Bəzən də “həyəcanlanmaq”, səsin havada əks- səda verməsi mənasında işlənir.
(nəqʻ) sözü “qatı toz” mənasında işlənir. Amma sözün əsl mənası suyun altına girmək və ya suyun altında qalmaq mənalarındadır.
Qatı toza bulaşmaq da təxminən suyun insanı və ya hansısa əşyanı əhatə etməsi kimidir. Yəni suyun altında qalanı su, qatı toza bulaşanı toz tamamilə əhatə edir. Bu mənalara istinadən dayanmış sakit suya (nəqi') deyilir.
Qurani-Kərim onların (mücahid və ya hacılar) sonuncu xüsusiy- yətindən sonuncusunu qeyd edərək buyurur:
“Düşmən qoşununun içərisinə soxulurlar."
Onlar xüsusi döyüş taktikası ilə ildırım tək düşmən qoşunlarına sarı hücum edərək, özlərini qoşunun ortasına vurub onları pərakəndə saldılar. Bir anda düşməni çaş-baş salaraq zəfər əldə edib düşmənə qalib gəldilər. Onların bu şücaətli əməlləri öncədən buna hazır olmaları, yüksək ruhiyyədə yaşamaları və şəhadətə hazır olmalarının nəticəsi idi.
Burada, ola bilsin ki, hacıların Məşərdən Minaya tərəf şövqlə sanki hücum etmələri nəzərdə tutulur.
Bəzi təfsirçilərin fikrinə əsasən, bu, düşməni mühasirəyə almaq mənasındadır. Bu təfsir o qədər də münasib və uyğun deyil. Amma bunu da qeyd edək ki, – (fəvəsətnə) sözündəki (sin) hərfi təşdid əlaməti ilə yazılıb oxunsaydı, uyğun ola bilərdi. Məşhur olan oxunuş qaydası belə olmadığı üçün birinci qeyd etdiyimiz təfsir düzgündür.
Bura kimi dediklərimizdən ümumi nəticə alaraq kontekstin xülasəsini təqdim edirik:
And olsun (ayədə sözü geçən) şücaətlə meydana sarı şığıyan atlara, hansı ki bu sürətdən onların ayaqları altında qalan daşlardan çaxmaq daşından çıxan qığılcım çıxırdı. Onlar gecənin zülmətini yararaq düş- mənin döyüş meydanına yaxın yerdə pusqu qurdu və sübh zamanında düşmənin üzərinə ildırım surəti ilə hücum edərək onları pərakəndə saldı. Onların hücumu nəticəsində qalxan toz-duman düşmənin ətrafını sararaq onları çaş-baş salıb, sıralarını dağıdaraq onları məğlubiyyətə uğratdı.
And olsun qüdrətli atlara! - And olsun şücaətli süvarilərə!
\- And olsun mücahidlərin tövşüyən atlarına!
\- And olsun cihad zamanı, atların sürətli qaçışı nəticəsində dır- naqlarından çıxan qığılcıma!
\- And olsun mücahidlərin gözlənilmədən etdikləri hücuma! - And olsun atların hücumu nəticəsində havaya qalxan toz-dumana! - Və sonda and olsun düşmənin ürəyinə edilən hücuma və bu hücumdan doğan zəfərə!
Yuxarıdakı andların hamısı surədə gəlməsə də, məzmun qeyd etdiyimiz andların hamısını özündə ehtiva edir.
Yuxarıda qeyd etdiklərimizdən aydın olur ki, mücahidlərin cihadı Allah-taala üçün o qədər mühüm və əhəmiyyətlidir ki, hətta onların atlarının tövşüməsi, atların dırnaqlarından çıxan qığılcımlar, atların qaldırdıqları toz-duman belə, Allahın andına layiq görülür. Bəli, cihad zamanı qalxan toz-duman belə dəyərli və əzəmətlidir.
Bəzi din alimlərinin təfsirinə əsasən, burada içilən andların mənəvi və mistik olması ehtimal edilir. Əlbəttə, məcazi mənada desək, daha uyğun şəkildə izah edə bilərik. Məsələn: Atların dırnaqlarından sıçrayan qığılcımlar kamaldan doğulan və ətrafa sıçrayaraq başqalarını da qidalandıran elm, bilik, eləcə də düzgün düşünmə tərzidir ki, bundan bəh- rələnənlər bütün bunları özlərində təzahür etdirirlər. Nəticədə, həva- həvəslərinə, yəni bütün şeytani və nəfsi istəklərinə hücum edərək özlə- rində olan ilahi şövq ilə həvəsi digərləri arasında pərakəndə edir, sonda ilahi feyzi İlliyin (behiştin ən uca mərtəbəsi) sakinlərinin qəlblərində yerləşdirirlər.
Əlbəttə, aydın məsələdir ki, yuxarıdakı təfsiri ayələrin izahı və təfsiri kimi qəbul etmək olmaz. Amma ayələri bənzətmə ilə onların mənalarına uyğun şəkildə zehinə gələn izah kimi qəbul edə bilərik.
Qurani-Kərim bütün bu andlardan sonra andların əsas məqsədini, nə üçün and içdiyini nəticədə bəyan edərək buyurur:
"İnsan Rəbbinin nemətlərinə qarşı yaman nankor və xəsisdir."
(إِنَّالْإِنسَانَلِرَبِّهِلَكَنُودٌ)
Ayədə tərbiyə olunmamış, ilahi maarifin nurundan və peyğəmbərlərin təlimatlarından bəhrələnməmiş, sonda sonu bilinməyən nəfsi istəklərinə təslim olmuş insandan danışılır. Həmin insan naşükür və ilahi nemətlərə qarşı nankordur.
(kənud) sözü bəhrəsiz, özündə heç nə bitirmək qabiliyyəti olmayan torpağa deyilir. Naşükür və paxıl insanlar da eynilə bəhrəsiz torpaq kimidirlər.
Təfsirçilər (kənud) sözünə geniş izah vermişlər. Yuxarıdakı bənzətmədən də məlum olur ki, bu sözün mənası çox olmaqla yanaşı, həm də bu kimi mövzularda daha işləkdir. O cümlədən Əbülfütuh Razi bu sözə təxminən on beş məna vermişdir. Amma sözün əsl mənasını, sözün özündə ehtiva olunan və başa düşülən məzmunu yuxarıda qeyd etmişik. O cümlədən: İlahi nemətləri görməzdən gələrək bütün pislikləri tez üzə çıxaran, başqa sözlə desək, yaxşılıqları gizlədib, daim pisliklərdən danışaraq ilahi nemətlərə qarşı nankorluq edən şəxsə (kǝnud) deyilir. Bu tip insanlar daim pessimist ruhiyyədə olurlar.
İlahi nemətləri yalnız özü yeyərək başqalarından gizlədən şəxsə (kənud) deyilir. Belə şəxslər barəsində Peyğəmbərdən nəql olunan hədisdə oxuyuruq:
# أَتَدْرُونَمَنِالْكَنُود
\- Bilirsiniz, kənud şəxs kimdir?
Dedilər:
\- Allah və Rəsulu daha agahdır.
Buyurdu:
# الكنُودُالَّذىيَأْكُلُوَحْدَهُ،وَيَمْنَعُرِفْدَهُ،وَيَضْرِبُعَبْدَهُ
– Kənud tapdığını tənha yeyən, başqalarını bundan məhrum edən və ixtiyarında olan şəxsi vuran şəxsdir.
Müsibətlər zamanı öz yaxınları və dostları ilə dərdləşməyən şəxsə kənud deyilir.
\- Xeyri daha az olan şəxsə kənud deyilir.
\- Nemətlər əldə etdikdə onu başqalarından gizlədən və çətinliyə düşən zaman asilik edən şəxsə kənud deyilir.
\- Allahın əta etdiyi nemətləri günah yolda sərf edən şəxsə kənd deyilir.
\- Allah-taalanın nemətlərini inkar edən şəxsə kənud deyilir. Ayədəki "insan" sözündə şər, nəfsi istəklərinə tabe, asi və itaətkar olmayan insanlar nəzərdə tutulur. Bəziləri isə bu sözü “kafir insan" kimi təfsir etmişlər. Təbii ki, bu təfsir bütün insanlara şamil edilmir. Çünki şükür edən, Allahın nemətləri qarşısında səcdəyə düşən, gözəl işlər görmək ruhuna hopmuş insanlar daha çoxdur. Həmçinin bu kimi insanlar kafir, naşükür insanlardan da bezardırlar. Bununla yanaşı, Allaha iman gətirərək eqoistlikdən çıxıb Allah istəyəni yerinə yetirən, əxlaqını ilahi meyarlar əsasında tənzimləyən, ilahi xüsusiyyətləri özündə cǝm edən insanlar da çoxdur. Bu insanlar Allahın mərifət səmasında qanad çalırlar.
Daha sonra buyurulur:
(وَإِنَّهُعَلَىذَلِكَلَشَهِيدٌ)
Özü de bunun şahididir
İnsan hamıdan daha çox özü haqda agahdır. Yəni insan hamıdan daha yaxşı özünü tanıyır və daxili istəklərindən xəbərdar olur. Hətta bunu başqalarından gizlətməyə çalışsa və bunu bacarsa belə, yenə də Allahdan, eləcə də vicdanından gizlin saxlaya bilmir. Bunu etiraf etsə də, etməsə də, bu belədir.
Bəzilərinin dediklərinə əsasən, ayədəki (innəhu) ədatının işarə əvəzliyi Allaha aid edilir. Yəni Allah-taala insanın kənud xüsusiyyətinə daha yaxın şahiddir.
Amma öncəki və sonrakı ayələrin işarə əvəzliklərini nəzərə alsaq, burada (innəhu) ədatının işarə əvəzliyi “insan” sözünə aid edilir. Bir çox təfsirçilərin bu fikri qəbul etmələrinə baxmayaraq, biz bu ehtimalı qəbul etmirik.
Bəzilərinin ehtimalına əsasən, ayədəki şahidlik məsələsi insanın Qiyamətdə öz günahlarına şahid olması kimi izah olunur. Əlbəttə, buna dair Qurani-Kərimdə ayələr çoxdur.
Bu təfsirin də burada tətbiq olunması üçün heç bir əsas yoxdur. Çünki ayə geniş mənada, açıq-aşkar insanın bu dünyada olan naşükürlüyünə və paxıllığına şahid olmasını bəyan edir. Yəni ayədə o biri dünyadan qətiyyən danışılmadığı üçün bu yuxarıdakı təfsiri də qəbul etmirik.
Düzdür, insan bəzən özünü tanımaqda acizlik edir. Bu da insanın özünü aldatmaqdan, vicdanın üzərinə pərdə çəkməkdən, şeytanın vəs- vəsələrini öz fikri bilməkdən, pis işlərə yaxşı don geyindirməkdən irəli gələn xüsusiyyətdir. Amma buna baxmayaraq, paxıllıq və nemətlərə küfr etmək məsələsi o qədər vazeh və aşkardır ki, insan bu məsələdə vicdanı pərdələyib özünü aldada bilməz.
Ayələrin davamında buyurulur:
“O, var-dövlətə çox hərisdir."
İnsanın dünya malına hədsiz, ifrat dərəcədə olan məhəbbəti onun başqalarına qarşı paxıl olmasına və nemətlərə qarşı naşükürlük etmə- sinə səbəb olacaqdır.
Ayədəki (xəyr) sözü olduqca geniş mənaya malikdir. Hǝmçinin bütün yaxşılıqlar, o cümlədən elm, bilik, təqva, behişt, səadət və bu kimi sözlər nəzərdə tutulur. Amma burada bunların heç biri olma- dığından Quran onu məzəmmət edir. Odur ki, təfsirçilər bu sözü dünya malı, var-dövlət kimi təfsir edirlər. Bu təfsir daha məqbuldur. Çünki öncəki və Quranın bəzi ayələri buna dəlalət edir. O cümlədən “Bəqərə” surəsinin 180-ci ayəsində Allah-taala buyurur:
كُتبَعَلَيْكُمْإِذَاحَضَرَأَحَدَكُمُالْمَوْتُإِنْتَرَكَخَيْرًاالْوَصِيَّةُلِلْوَالِدَيْنِوَالْأَقْرَبِينَ
"Sizlərdən birini ölüm haqlayanda qoyub gedəcəyiniz maldan valideynlərinizə, yaxınlarınıza (yaxın qohumlarınıza) verilməsi üçün layiqli vəsiyyət etməniz vacib edilmişdir."
"Xeyr" sözünün "mal" sözü kimi təfsir və tərcümə olunmasının dəlili budur ki, mal və var-dövlət özü-özlüyündə xeyir və yaxşıdır. Var-dövlətin çoxluğu ilə xeyli xeyriyyə işləri yerinə yetimək və bir çox ehtiyaclıların əlindən tutmaq olar. Amma burada mal və var-dövlət paxıl və naşükür insanların ixtiyarında olduğundan onu əsl hədəfindən yayındırmış və yalnız öz xeyirləri üçün istifadə olunmuşdur.
Surə ayələrin davamında sualın inkar forması ilə təhdid kimi buyurur:
"Məgər o bilmir ki, qəbirlərdə olanların çıxardılacağı zaman”
(أَفَلَايَعْلَمُإِذَابُعْثِرَمَافِيالْقُبُورِ)
“və kökslərdə (xeyir, iman, ixlas, təvazö, riya, qürur, təkəbbür) olanların aşkar ediləcəyi zaman (وَحُصلَمَافِيالصُّدُور)
"o gün Rəbbi onlardan tam xəbərdardır?”
Ayədəki (bu‘sirə) sözü “biəsərət” sözündən alınmış, alt-üst etmək, çölə çıxartmaq və xaric etmək mənasındadır. Ölülər diriləcəkləri gün qəbirləri alt-üst edərək oradan çölə çıxacaq və daxillərində gizlətdikləri aşkar olacaqdır. Həmçinin yuxarıdakı ayədə Qiyamət gününə, ölülərin dirilərək qəbirlərdən çıxan anına işarədir.
(qəbirlərdə olanları) ayəsindəki (ma) ədatı, adətən, canlı üçün deyil, əşya üçün istifadə olunur. Amma burada insan üçün istifadə olunmasına baxmayaraq, məlumdur ki, insan hələ dirilməyib və torpaq halında qəbirdədir. Və ya onların hələ kim və nə olduqları məlum olmadığı üçün bu ədatdan istifadə olunmuşdur.
Həmçinin ayədəki (qubur - qəbirlər) sözü ümumidir. Yəni qəbri olmayanlara da şamil edilir. Çünki bəziləri dəryada boğulmuş, qəbirlərini su aparmış, qəbri itib torpağa qarışmışdır. Əsl məqsəd oyanış və Qiyamətdir. Əvvəldə dediyimiz kimi, “qəbir” sözü burada ümumidir. Hazırda təsəvvürümüzdə olan qəbirlərlə yanaşı, qəbri olmayanlar da nəzərdə tutulur.
(hussilə) sözü “təhsil” sözündən alınmış, əsl mənası qabıqdan özəyi çıxartmaqdır. \[10\] Həmçinin mədənlərdən metal, qızıl, daş və sair çıxardılmasına “təhsil” deyilir. Burada isə daha geniş mənada, xaric etmək və tam bayıra çıxarmaq mənasında işlənmişdir. Hazırkı ayədə isə qəlblərdə olan xeyiri şərdən ayırmağa deyirlər. O cümlədən imanı küfrdən, gözəl xüsusiyyəti pis xüsusiyyətdən, yaxşı niyyəti pis niyyət- dən və sair kimi ayırıb-seçməyə deyilir. Təbii ki, o gün bütün bunlar baş verəcək və hər kəs bu meyarlara əsasən, cəza və ya mükafat alacaqdır. Qurani-Kərimin digər ayələri, o cümlədən “Tariq” surəsinin 9-cu ayəsində bu mövzuya işarə edilir. Ayədə deyilir:
يَوْمَتُبْلَىالسَّرَائِرُ
"Sirlərin aşkara çıxacağı gün"
Ayədəki (yəvməizin) sözü göstərir ki, insanların qəlbində gizlin olan bütün sirlər o gün aşkara çıxacaq. Əlbəttə, Allah-taalanın bütün sirlərdən, hətta qəlblərdən keçəndən belə agah olmasını yəqinliklə bilsək də, o gün məhz onlara əsasən, cəza və mükafat alacağımız üçün daxildəkilər də aşkara çıxacaqdır.
Bəzi təfsirçilərin dediklərinə əsasən, bu söz belə bir təhdid cümləsinə bənzəyir:
# سَأُعَرِّفُلَكَأَمْرَكَ
"Tezliklə etdiklərinlə səni tanış edəcəyəm; və ya tezliklə əməllərinlə səni tanış edəcəyəm.”
Əlbəttə, bu gün etdiklərimizlə özümüz tanışıq. Təbii ki burada söhbət etdiklərimizin acı nəticəsindən gedir.
Bəli, Allah-taala bütün hallarda və zamanlarda bizim etdiklərimizə şahid və agahdır. Amma Qiyamət günündə bu, daha da aşkar olacaq, cəza və mükafat üçün ortaya çıxacaqdır. Bu, bütün bəşəriyyət üçün açıq-aşkar xəbərdarlıqdır. Əgər biz, həqiqətən, bu deyilənlərə qəlbən iman gətirsək, şeytanın heç bir vəsvəsəsi bizi yolumuzdan azdıra və yaxşı əməllərimizin qarşısında sədd çəkə bilməz. İnsan bütün qüdrət və qüv- vətini şeytanın müqabilində səfərbər etməklə aşkar və gizlin olan bütün günahlardan özünü saxlayar, daha çox təqvalı olmağa üstünlük verər. Bu böyük etiqadın nə qədər tərbiyəvi əhəmiyyəti olması heç kəsə gizlin deyil.
İncəliklər:
1\. Surənin andlarının əlaqələri və onun hədəfi
Surə barəsində bir sıra suallar mövcuddur. Onlardan biri də budur ki, görəsən, mücahidlərin atlarına and içmək ilə (İnsan Rəbbinin nemətlərinə qarşı yaman nankor və xəsisdir.) ayəsinin nə kimi əlaqəsi var? Çünki Quranda apardığımız tədqiqata əsasən, adətən, and- larla onun hədəfinin aydın bağlılıqları olur. Bundan əlavə, Quranın dərinliyi, fəsahəti və bəlağəti bunu tələb edir.
Quran məntiqinə əsasən, burada andlarla nəticədə deyiləcək sözün belə bir əlaqəsinin olması mümkündür: “Elə insanlar var ki, dayanma- dan Allah yolunda çalışır, mətinliklə cihad edir, qəhrəmanlıq göstərir. Allah yolunda canı və malı ilə vuruşur, bir an da olsun, bu yoldan nəyinisə əsirgəmir. Amma təəssüflər olsun ki, bu kimi insanlarla müqayisədə naşükür, Allahın nemətlərinə qarşı asi olan, başqalarına qarşı paxıllıq edən insanlar nə verilən nemətlərə şükür edər, nə də Allah yolunda nələrindənsə keçərlər.”
Atlara and içilməsi ilk baxışdan o qədər də uyğunluq təşkil etməsə də, amma bilirik ki, onların əhəmiyyəti müqəddəs əməli yerinə yetirdikləri üçündür. Burada sözün əsl mənasında cihad zamanı mücahidlərə and içilir. (və ya həcc mövsümündə zəvvarların dəvələrinə deyil, bu müqəddəs əməl üçün tələsənlərə)
Bəzi din alimlərinin nəzərincə, ayələr arasındakı rabitə bundan ibarətdir: Heyvanlar Allahın əmrlərini yerinə yetirmək üçün bir an belə süstlük etmir və bu müqəddəs yolda dayanmadan qaçır, sən isə ey insan, nə üçün Ona təslim olmursan? Sən yaradılmışların ən şərəflisi və ən layiqlisisən! And içilməyə daha uyğun sənsən.
Amma birinci izah daha münasib və uyğundur.
2\. Məgər insan təbiətən naşükür və paxıldır?
insan Rəbbinin nemətlərinə qarşı yaman nankor və xəsisdir)
إِنَّالْإِنسَانَلِرَبِّهِلَكَنُودٌ
ayəsindən belə nəticə çıxarılır ki, ayədəki “kənud” xisləti, yəni paxıllıq və naşükürlük bütün insanların xislətində vardır. Digər tərəfdən isə deyirik ki, insanın xislətində şüküretmə duyğusu, isar və ehsan etmək, yaxşılığa meyil vardır. Bəs bu iki təzadlı xüsusiyyət insanın xislətində necə yer alır?
Buna bənzər suallar Quranın insanı vəsf edən bəzi ayələrinə də şamildir. Bəzən insan təriflənir, bəzən isə daha şiddətlə qınanır. Yəni bunların hamısı insan üçün deyilir. Məsələn, Quranın bir ayəsində insan “zalım və cahil”, bir ayəsində “həris və kəmhövsələ”, digər bir ayəsində “məyus və nankor” (məyus, naümid və kafir) adlanır, digər bir ayəsində isə insana “tüğyankar, həddini aşan” deyilir.
Görəsən, bütün bu zəif nöqtələr insanın yaradılışında, yəni xüsusiyyətində gizlənmişdir? Quran isə birbaşa insanın bütün məxluqlardan üstün olmasını, Allahın ən sevimli yaradılışı olduğunu elan edir:
وَلَقَدْكَرَّمْنَابَنِيآدَمَوَحَمَلْنَاهُمْفِيالْبَرِّوَالْبَحْرِوَرَزَقْنَاهُمْمِنَالطَّيِّبَاتِوَفَضَّلْنَاهُمْ
عَلَىكَثِيرمِمَّنْخَلَقْنَاتَفضيلا
"Biz, Adəm övladlarını hörmətli etdik, onları quruda və dənizdə (miniklərlə) daşıdıq, pak nemətlərdən onlara ruzi verdik və onları yaratdıqlarımızın çoxundan üstün etdik.”
Sualın cavabı bir cəhətdən məlum olur. O da bundan ibarətdir ki, insanın ümumi olaraq xüsusiyyəti iki hissəyə bölünür. Bu istedadın nəticəsində o qədər ucalıb ali mərtəbələrə yiyələnə bilər ki, ondan o yana mələklər belə gedə bilməz. Eyni zamanda bu istedaddan istifadə edib elə tənəzzül edə bilər ki, hətta heyvandan da aşağı olaraq Cəhənnəmin dibinə yuvarlanar. Əgər həyat tərzini və yaşayış proqramını ilahi tərbiyəçilərin tərbiyəsi əsasında qursa, yuxarıdakı ayə onun ömrünə şamil olunacaqdır. Əks-halda, imandan üz çevirərək ilahi meyarlardan kənara çıxsa, yuxarıda sadaladığımız (cahil, nadan, qabiliyyətsiz, tələskən, zalım, paxıl) bütün mənfi xüsusiyyətlər ona şamil ediləcək. Buna əsasən, deyə bilərik ki, yuxarıdakı ayələr arasında heç bir təzad yoxdur. Sadəcə, bunu deyə bilərik ki, ayələrin hər biri insana xüsusiyyətinə uyğun olaraq müxtəlif cəhətlərdən yanaşır.
Bəli, insanın daxilində bütün gözəlliklər yer tapmışdır. İnsan ira- dəsinin sayəsində bütün fəzilətləri ələ gətirə və ilahi mərtəbədə sonu görünməyən dərəcədə yüksələ bilər. İnsana yaranmışların arasında bütün xüsusiyyətlərin kamili verilmişdir. Budur ki, onun qədər ucalan və onun qədər də alçala biləcək ikinci varlıq yoxdur. Heç bir yaranmışın yüksəlişi ilə enişinin arasında bu qədər geniş məsafə yoxdur. Bu, yalnız insandadır. (Diqqət edin!)
3\. Cihadın əzəməti
Bildiyimiz kimi, Qurani-Kərimdə cihadın əzəmətindən və fəzilətin- dən danışan ayələr çoxdur. Amma o ayələrin heç birində bu qədər geniş və əzəmətli təsvir olmamışdır. Hətta heç bir yerdə mücahidlərin atlarının nəfəs alması, tövşüməsi, atların dırnaqlarından çıxan qığılcımlardan danışılması, mücahidlərin düşmən üzərinə sübh vaxtı hücum etməsi, atların şığıyaraq çapmasından əmələ gələn toz-dumanın belə hörmətlə yad olunması olmamışdır. Bütün bu sadaladığlarımız Allah tərəfindən and içilməyə belə layiq görülmüşdür. Xüsusən döyüş taktikası olaraq mücahidlərin sürətlə, qorxmadan düşmən üzərinə çapması, qəflətən hücum əmri verilməsi ilə hücuma keçmələri, nəticədə, məhz bu səbəbdən qələbə çalması ayədə özəlliklə vurğulanmışdır.
Bütün bunlar cihad proqramı əsasında olan təlimlərdir.
Ayənin nazilolma səbəbində oxuyuruq:
Həzrət Əli (ə) göstəriş verir gecənin qaranlığında hamı öz miniyini hazırlasın, onlara yemək versin və hamı atların yüyənini əlində hazır vəziyyətdə saxlasın. Elə ki, gecənin qaranlıq pərdəsi aradan qalxdı və dan yeri sökülməyə başladı, hamı namazını yanındakı yoldaşı ilə birlikdə qılsın və dərhal düşmən üzərinə hücuma keçsin.
Düşmən bir vaxt ayılır ki, artıq İslam ordusunun atlarının ayaqları altındadır. Düşmənin xəbəri olmadan, gözlənilməz hücum veriləcək tələfatı minimum həddinə çatdırmaqla yanaşı, həm də döyüşün uzanacaq saatını da qısaldaraq döyüşün tez bitməsinə səbəb olur. Daha təəccüblüsü budur ki, bütün bu hadisələr surədə olduqca zərif və zahiri baxımdan qısa, məna baxımdan isə olduqca geniş şəkildə öz əksini tapmışdır.
Aydın məsələdir ki, nə at, nə də atın dırnaqlarından çıxan qığılcımların, nə səhranın daşlarının, nə də toz-dumanın o qədər də ciddi əhəmiyyəti yoxdur. Ciddi əhəmiyyəti olan cihad məsələsi və onun vəsilələridir. Bura bütün döyüş təlim sursatlarını da əlavə etmək olar. Həmçinin bu barədə – “Ənfal” surəsinin 60-cı ayəsində qaçan atlar və döyüş qüvvəsi barəsində danışılmışdır.
Adiyat surəsinin sonu.