Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Hud Surəsinin Ayələrinə Qayıt →
Hud Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Hud surəsi, 1-4-cü ayələr

Hud surəsi, 1-4-cü ayələr



بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ


الر كِتَابٌ أُحْكِمَتْ آيَاتُهُ ثُمَّ فُصِّلَتْ مِنْ لَدُنْ حَكِيمٍ خَبِيرٍ .١


أَلَّا تَعْبُدُوا إِلَّا اللَّهَ إِنَّنِي لَكُمْ مِنْهُ نَذِيرٌ وَبَشِيرٌ .٢


وَأَنِ اسْتَغْفِرُوا رَبَّكُمْ ثُمَّ تُوبُوا إِلَيْهِ يُمَتِّعْكُمْ مَتَاعًا حَسَنًا إِلَى أَجَلٍ مُسَمًّى وَيُؤْتِ كُلَّ ذِي فَضْلٍ فَضْلَهُ وَإِنْ تَوَلَّوْا فَإِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ كَبِيرٍ .٣


إِلَى اللَّهِ مَرْجِعُكُمْ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ .٤


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. Əlif, Lam, Ra. Bu, ayələri möhkəmləndirilmiş, sonra izah edilmiş və Allah tərəfindən göndərilmiş bir kitabdır.

2\. (Mənim çağırışım budur ki,) siz Allahdan başqasına ibadət etməyəsiniz. Mən Allah tərəfindən sizi qorxudan və müjdələyənəm.

3\. Və Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz, sonra Ona doğru qayıdasınız ki, müəyyən bir müddətə qədər sizə yaxşı gün-güzəran versin və hər bir yaxşı əməl sahibinə əməli qədər bağışlasın. Əgər (bu əmrdən) üz döndərsəniz, mən böyük günün sizə üz verəcək əzabından qorxuram.

4\. Sizin qayıdışınız Allaha doğrudur. O, hər şeyə qadirdir!

Ayələrin təfsiri.



Peyğəmbərlərin dəvətində dörd mühüm prinsip.

Bu surə ondan əvvəlki surənin və Quranın əksər surələrinin başlanğıcında olduğu kimi, Qurani-Kərimin - bu əzəmətli asimani kitabın əhəmiyyətinin bəyanı ilə başlanır ki, camaat onun möhtəvasına daha çox diqqət yetirsin və ona dərindən nəzər salsın.

Surənin əvvəlində müqəttəə hərflərinin qeyd olunmasının özü bu əzəmətli asimani kitabın əhəmiyyətinə bir dəlildir. Belə ki Quran bütün əzəmət və ecazkarlığına baxmayaraq, hamının ixtiyarında olan sadə müqəttəə hərflərindən təşkil olunmuşdur: “Əlim, Lam, Ra".

Müqəttə hərflərinin ardınca gələn iki ayədə Quranın xüsusiyyətlərindən biri bəyan edilir. Birincisi, bütün ayələri möhkəm (tutarlı) olan bir kitabdır. İkincisi, insanın fərdi və ictimai, maddi və mənəvi yaşayış zəminəsindəki bütün ehtiyacları şərh edilmiş və təfsilatı ilə bəyan olunmuşdur.

Belə xüsusiyyətlərə malik olan əzəmətli bir kitab kim tərəfindən nazil edilmişdir? Hikmətli və xəbərdar olan Allah tərəfindən nazil edilmişdir.

Hikmətinin tələbinə uyğun olaraq Allah-taala Quran ayələrini möhkəm etmiş və xəbərdar olmasının tələbinə əsasən, Quran ayələrini müxtəlif zamanlarda insanın ehtiyaclarına uyğun şəkildə bəyan etmişdir. Ona görə ki, insanın cismani və ruhi ehtiyaclarının bütün xırdalıqlarından xəbərdar olmayan kəs onun təkamülünə səbəb olan layiqli göstərişlər verə bilməz. Həqiqətən də, bu ayədə qeyd olunan Quranın xüsusiyyətləri məhz Allahın sifətlərindən, Quran ayələrinin möhkəmliyi Onun hikmətindən, ayələrin şərh və təfsilatı isə Onun xəbərdar olmasından qaynaqlanır. (uhkimǝt) və (fussilət) sözləri arasındakı fərqin nədən ibarət olması barədə təfsirçilər çoxlu müzakirələr etmişlər, amma yuxarıdakı ayənin məfhumuna daha çox yaxın olan fikir belədir:

Birinci cümlədə Quranın möhkəm bir bina kimi yerində dayanan və bir-biri ilə bağlı olan vahid bir məcmuədən ibarət olması və yeganə Allah tərəfindən nazil olması həqiqəti bəyan edilmişdir. Həmin səbəbdən onun ayələri arasında heç bir təzad və ziddiyyət nəzərə çarpmır.

Amma ikinci cümlədə bu həqiqətə işarə edilmişdir ki, bu ilahi kitab vəhdətdə olduğu halda, insanın bütün cismani və ruhi ehtiyaclarını özündə birləşdirəcək qədər çoxlu şaxə və şöbələrə malikdir. Nəticədə, vahid olduğu halda çoxdur, çox olduğu halda isə vahiddir.

Sonrakı ayədə Quranın ən mühüm və ən əsas möhtəvası, yəni tövhid və şirklə mübarizə belə bəyan edilir: Mənim birinci dəvətim belədir: “Tək olan Allahdan başqa heç kəsə ibadət etməyin!”

Bu, əzəmətli kitabın göstərişlərinin ilkin təfsilatıdır. Dəvətimin ikinci prinsipi isə budur: "Mən sizə Onun tərəfindən olan qorxudan və mujdə verənəm”.

İtaətsizlik, zülm və fəsad, küfr və şirk müqabilində sizi qorxudur və işlərinizin əks təsiri və ilahi cəzalandırmadan sizi çəkindirirəm. İtaǝt, paklıq və təqva müqabilində isə sizi xoşbəxt aqibətlə müjdələyirəm.

Dəvətimin üçüncü prinsipi belədir: “Öz günahlarınızdan bağışlanmaq diləyin və öz çirkinliklərinizdən təmizlənin”.

Dəvətimin dördüncü prinsipi belədir: "Ona tərəf qayıdın!”

Günahdan təmizləndikdən və bağışlanmaq sayəsində pak olduqdan sonra özünüzü ilahi xüsusiyyətlərlə zinətləndirin ki, Ona tərəf qayıdış Onun xüsusiyyətlərini iqtibas etməkdən (əldə etməkdən) başqa bir şey deyil.

Həqiqətdə, Allaha doğru dəvətin mühüm olan dörd mərhələsi dörd cümlə əsasında bəyan edilmişdir ki, onun iki hissəsi etiqadi və struktur xüsusiyyətə, iki hissəsi isə praktiki və səthi xüsusiyyətə malikdir.

Tövhid prinsipinin qəbulu və şirklə mübarizə, eləcə də Peyğəmbərin (s) risalətini (peyğəmbərliyini) qəbul etmək iki etiqadi prinsipdir.

Praktiki baxımdan, sözün əsl mənasında, quruculuq xüsusiyyətinə malik olan günahdan paklanmaq və ilahi xüsusiyyətlərlə zinətlənmək Quranın iki əməli göstərişidir. Əgər düzgün düşünsək, Quranın bütün möhtəvası bu dörd hissədə xülasələnmişdir. Bu, bütün Qurana və həmin surənin bütün möhtəvasına bir mündǝricatdır.

Sonra bu dörd göstərişə müvafiq və ya onunla müxalifətçiliyin əməli nəticəsi belə bəyan olunur “يُمَتِّعْكُم ْمَتاعاًحَسَناًإلى أَجَلٍ مُسَمَّى” Bu əhatəli proqrama əməl etdiyiniz zaman Allah-taala sizi ömrünüzün sonuna qədər bu dünyanın səadətli həyatından faydalandıracaq.

Bundan daha üstünü isə budur ki, Allah-taala hər kəsə gördüyü işinin miqdarında fayda verəcək və insanların bu dörd prinsipə necə əməl etməsindəki fərqliliyə əsla göz yummayacaq, əksinə, hər bir fəzilət sahibinə fəziləti miqdarında bəxş edəcək.

Əgər müxalifətçilik yolunu tutsanız və dördlük təşkil edən əqidəvi və əməli göstərişlər müqabilində itaətsizlik etsəniz, mən sizinlə bağlı böyük günün (Qiyamətin) əzabından qorxuram. “Əgər (bu əmrdən) üz döndərsəniz, mən böyük günün sizə üz verəcək əzabından qorxuram."

Ümumilikdə bilin ki, kimliyindən və hansı məqamda olmasından asılı olmayaraq, sonunda sizin hamınızın dönüş yeri Ona tərəfdir.

Sizin qayıdışınız Allaha dogrudur.

Bu cümlə Quranın təfsilatı ilə olan prinsipinin beşincisinə, yəni "mǝad və yenidən dirilmə" məsələsinə işarədir.

Sizin qüdrətinizin Allahın qüdrəti müqabilində əhəmiyyətə malik olduğunu, yaxud Onun əmrindən və ədalət məhkəməsindən qaça bilə- cəyinizi əsla düşünməyin. "O, hər şeyə qadirdir!".

Həmçinin Onun sizin çürümüş sümüklərinizi öldükdən sonra bir yerə yığa və ona yeni həyat libası geyindirə bilməyəcəyini təsəvvür etməyin, çünki O, hər bir şeyə qadirdir!

İncəlik:



Din və dünya arasındakı rabitə.

Dindarlığın yalnız axirət evini abadlaşdırmaq və ölümdən sonra rahatlıqdan, yaxşı əməllərin digər aləm üçün azuqədən ibarət olduğunu güman edən, habelə pak və əsl dinin bu dünya yaşayışındakı roluna tamamilə etinasızlıq göstərən və ona az əhəmiyyət verən kəslər heç də az deyil. Halbuki din axirət aləmini abadlaşdırdıqdan sonra dünya alǝmini abadlaşdırır və ümumiyyətlə, əgər din bu həyatda təsir qoymasa, o biri yaşayışda da təsirə malik olmayacaq. Quran ayələrinin əksəriyyətində bu mövzuya aşkarcasına toxunulmuş və hətta bəzən məsələnin Xırdalıqlarına da işarə olunmuşdur. Belə ki "Nuh" surəsində bu əzəmətli peyğəmbərin dilindən qövmünə bu şəkildə xitab edilmişdir:

"Dedim: "Rəbbinizdən bağışlanmağınızı diləyin! O, çox bağışlayandır! O, göydən sizə ardıcıl bərəkətli yağışlar göndərər, var-dövlət və oğul-uşaqla sizə yardım edər, ixtiyarınıza yamyaşıl bağlar və axar çaylar verər".

Bəziləri bu maddi dünya nemətlərinin bağışlanmaq diləmək və günahdan paklanmaqla rabitəsinin mənəvi və bilinməyən bir rabitə ilə xülasələndiyini düşünürlər. Halbuki bunların hamısını məchul olaraq təfsir etməyə heç bir dəlil yoxdur. Kim yalan, saxtakarlıq, oğurluq və fəsadın cəmiyyətin sabitliyini pozduğunu bilmir? Kim zülm və ayrıseçkiliyin insan həyatının səmasını zülmətə bürüdüyünü bilmir? Kim tövhid prinsipi və peyğəmbərlərin rəhbərliyinin qəbul edilməsi ilə tövhidə mənsub olan bir cəmiyyətin yaradılması, mühitin günahdan təmizlənməsi və insani dəyərlərlə zinətləndirilməsi, yəni yuxarıdakı ayələrdə işarə edilən dörd prinsip əsasında cəmiyyətin təkamülə aparan bir hədəfə doğru getməsi, əmin-amanlıq, sülh və asayişdən ibarət abad və azad bir mühitin yaranması həqiqətində şəkk edir? Elə bu səbəbdən də sözügedən ayələrdə dörd prinsip qeyd olunduqdan sonra belə oxuyuruq: Əgər bu prinsipləri işə salsanız, ömrünüzün sonuna qədər yaxşı və ləyaqətli həyat tərzindən bəhrələnəcəksiniz”.