Əl-Məsəd (Əl-Ləhəb) Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
Məsəd surəsi, 1-5-ci ayələr
Məsəd surəsi, 1-5-ci ayələr
بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ
تَبَّتْ يَدَا أَبِي لَهَبٍ وَتَبَّ .١
مَا أَغْنَى عَنْهُ مَالُهُ وَمَا كَسَبَ .٢
سَيَصْلَى نَارًا ذَاتَ لَهَبٍ .٣
وَامْرَأَتُهُ حَمَّالَةَ الْحَطَب .٤
فِي جِيدِهَا حَبْلٌ مِنْ مَسَدٍ .٥
Ayələrin tərcüməsi
Rəhman və Rəhim Allahın adı ilə!
1\. Əbu Ləhəbin əlləri kəsilsin!
2\. Nə var-dövlətinin, nə də qazandıqlarının ona faydası olmayacaq.
3\. Tezliklə o, alovlanan oda girəcək.
4\. Onun odun daşıyan arvadı da.
5\. Arvadının boynunda xurma lifindən kəndir olacaqdır.
Ayələrin nazilolma səbəbi
İbn Abbasa istinad edilən bir məlumatda qeyd edilir ki, “Yaxın qohumlarını qorxut." (Şuəra-214) ayəsi nazil olduqdan və Peyğəmbərə (s) yaxın qohumlarını qorxutmaq və İslama dəvət etmək əmri verildikdən sonra o, Səfa dağına çıxıb camaatı səslədi: Ya sǝbbahu! (Bu çağırışdan ərəblər yalnız sübh zamanı qəfildən hücuma məruz qaldıqda bütün qəbilələri xəbərdar etmək üçün istifadə edərdilər.)
Məkkə camaatı bu səsi eşitdikdə: "Kimdir belə çağırır.” – deyə bir-birindən soruşdular. Bilənlər: "Muhəmməddir.” - deyə səsləndilər. Xülasə, qəbilələr və Məkkə camaatı dağın ətəyinə toplaşdıqdan sonra buyurdu:
Mənə deyin görüm, əgər sizə xəbər versəm ki, düşmən süvariləri səhər tezdən sizə hücum çəkəcək və ya gecə basqın edəcək, mənə inanarsınızmı?"
Onlar: "Biz səndən heç vaxt yalan eşitməmişik.” - deyə cavab verdilər.
O dedi:
# أنِّي نَذِيرٌ لَكُمْ بَيْنَ يَدَى عَذَابٍ شَدِيد
\- Mən sizi Allahın şiddətli əzabından xəbərdar edirəm. Əbu Ləhəb bu sözü eşidən kimi dedi:
# تباً لَكَ! أَما جَمَعتنا الا لهذا؟!
– Ölüm olsun sənə! Bizi elə bunu demək üçün toplamısan?” Bu surə elə həmin vaxt nazil olunaraq buyuruldu:
“Əbu Ləhəbin əlləri kəsilsin!"
Bəziləri əlavə olaraq qeyd edirlər ki, Əbu Ləhəbin arvadı (Ümmü Cəmil) bu surənin əri ilə onun haqıqnda nazil olduğunu eşitdikdə Peyğəmbərin (s) yanına gedir. O, Peyğəmbəri (s) tapa bilmir, əlinə bir daş götürüb deyir: - Eşitmişəm, Muhəmməd mənim haqqımda pis danışıb. And olsun Allaha! Əgər onu tapsam, bu daşı onun ağzına çırpacağam. Mən də şairəm. – Bunu deyib Peyğəmbər (s) və İslam haqqında nalayiq sözlər deyir.
Əlbəttə, Əbu Ləhəb və arvadının İslama qarşı olan ədavət və düşmənçiliyi bununla bitmirdi. Əgər Quran onlara kəskin münasibət bildirib açıq şəkildə pisləyibsə, deməli, daha tutarlı səbəblər var. Gələ- cək mövzularda bu barədə daha geniş danışılacaq.
Ayələrin təfsiri
Əbu Ləhəbin əlləri kəsilsin!
Surənin nazilolma səbəbindən də məlum olduğu kimi, surə İslamın ən qatı düşmənlərindən olan – Əbdülmüttəlibin oğlu və Peyğəmbərin (s) əmisi Əbu Ləhəbin düşmənçiliyinin cavabı olaraq nazil olmuşdur. Qeyd etdiyimiz kimi, Əbu Ləhəb Peyğəmbərin (s) dəvətini eşidən kimidedi:
“Ölüm olsun sənə! Bizi elə bunu demək üçün toplamısan?”
Quran bu azğın kişinin cavabında deyir:
(تَبَّتْ يَدَا أَبِي لَهَبٍ وَتَبَّ)
Əbu Ləhəbin əlləri kəsilsin!
Ayədəki (tǝbb) və ya (təbab) sözləri Rağib İsfahaninin lüğətinə əsasən, davamlı ziyan mənasındadır. Amma Təbərsi “Məcməül- bəyan” kitabında deyir: Bu sözün mənası sonu fəlakət və məhvlə bitən ziyandır.
Bəzi lüğətşünaslar bu sözü “kəsmək” kimi tərcümə etmişdir. Bəlkə də, sonu davamlı ziyan, fəlakət və məhvlə bitən iş, bir tərəfdən də əlaqələrin kəsilməsinə gətirib çıxardığı üçün bu şəkildə tərcümə edilmişdir.
Buradakı məhv və həlak olmaq, həm dünya, həm də axirət baxı- mından nəzərdə tutulur. Yəni həmin şəxsin nə dünyası, nə də axirəti abaddır.
Amma bir sual da yaranır: Necə olur ki, Quran öz adəti qaydalarına zidd olaraq şəxsin adını çəkir və daha sonra onu şiddətlə qınayaraq təhdid edir?
Əbu Ləhəbin məsələsi aydınlaşdıqca sualın cavabı da məlum ola- caqdır. Onun adı Əbdül Üzza (Üzza bütlərdən birinin adıdır), Ləqəbi isə Əbu Ləhəbdir. Onun “Əbu Ləhəb” kimi çağırılması üzünün rənginə görə ola bilərdi. Bildiyimiz kimi, “ləhəb” sözünün lüğətdəki mənası atəşin qırmızısı deməkdir. Əbu Ləhəbin də üzü təxminən bu rəngə bənzədiyi üçün onu belə çağırmışlar. O və Əbusüfyanın bacısı olan arvadı Ümmü Cəmil Peyğəmbərin (s) ən qatı düşmənlərindən idilər. Rəvayətdə gəlmişdir ki, Tariq Məharibi adlı şəxs belə demişdir: Mən Zil Məcaz bazarında idim. (Zil Məcaz məntəqəsi Ərəfata və Məkkəyəyaxın yerdə yerləşirdi.) Birdən bir cavanın belə səsləndiyini gördüm: "Ay camaat! Deyin "la ilahə illəllah!" Deyin və doğrulardan olun!" Daha sonra bir kişinin arxa tərəfdən onun ayağına daşla vurduğunu gördüm. Belə ki (vurulan) kişinin ayaqlarından qan axdığı zaman həmin kişi qışqırdı: Ay camaat, bu yalançıdır, ona inanmayın!
Mən həmin cavanın kim olduğunu soruşduqda, onun Muhəmməd olduğunu dedilər. O özünün peyğəmbər olduğunu güman edir. O kişi isə onun əmisi Əbu Ləhəbdir. Hansı ki öz qardaşı oğlunun yalançı olduğunu söyləyir.
Digər bir rəvayətdə Rəbiət ibn İbad demişdir: Mən atamla birlikdə idim. Birdən Rəsulallahı ərəb qəbilələrinə tərəf gedən gördüm. Həmin qəbilələrə tək-tək gedərək onlara deyirdi: "Mən Allahın elçisiyəm. Allah tərəfindən seçilmişəm. Allahdan başqasına ibadət etməyin və Ona digərlərini şərik qoşmayın!"
O, sözünü bitirdikdən sonra onun arxasınca yaşlı və xoş simalı bir kişi onun ardınca qışqırdı: "Ey filan qəbilə! Bu kişi istəyir ki, siz öz Lat və Üzza kimi böyük bütlərinizdən əl çəkib, onlara verdiyiniz əhdi pozub onun bidət və zəlalət yolunu seçəsiniz. Onun sözlərini dinləməyin və ardınca getməyin!"
Mən həmin şəxsin kimliyini soruşduqda: “Əbu Ləhəbdir.” – dedilər.
Bu mövzuda digər rəvayətdən oxuyuruq: Məkkənin ətrafında yaşayan ərəblər Məkkəyə gələrək Peyğəmbər barəsində maraqlanır, araşdırma aparırdılar. Amma onlar bunun üçün Peyğəmbərin (s) özündən deyil, qohumluq və yaş baxımına görə, Əbu Ləhəbdən soruşurdular. Əbu Ləhəb isə: "Muhəmməd sehrbazdır." - deyə onları yola salırdı. Onlar da Peyğəmbərlə (s) görüşməmiş Məkkəni tərk edirdilər. Amma bir dəfə yenə də bu məqsədlə Məkkəyə gələn bir dəstə insan: "Muhəmmədi görməyincə getməyəcəyik." - dedilər. Əbu Ləhəb onların israrını görüb dedi: "Biz daim onun dəliliyini müalicə etməklə məşğuluq. Allah ölüm versin ona!"
Bu rəvayətlərdən belə başa düşülür ki, o daim Peyğəmbərin (s) ardınca düşüb, Həzrətin bütün işlərinə əngəl törədirmiş. Xüsusən acı və təhqiramiz danışıqları ilə daim Peyğəmbərə mane olurmuş. Buna əsasən o, Peyğəmbərin (s) düşmənlərinin başçısı sayılırdı. Buna görə də Qurani-Kərim onun və arvadı Ümmü Cəmil barəsində qəti və təhdid- dolu sözlərlə çıxış edir.
O, Bəni-Haşimdən yeganə şəxsdir ki, Peyğəmbəri (s) qorumaq üçün Bəni-Haşimin imzaladığı əhdnaməni imzalamamış və Peyğəm- bərin (s) düşmənlərinin (müşriklərin) sırasında yer tutaraq onun əley- hinə olan bütün tədbirlərdə iştirak etmişdir. Bütün bu həqiqətlərə görə bu iki şəxsin Quranın mövqeyindən istisna olması aydınlaşır.
Ayə davamında buyurur:
“Nə var-dövlətinin, nə də qazandıqlarının ona faydası olmayacaq və ilahi əzabı ondan uzaqlaşdırmayacaq (مَا أَغْنَى عَنْهُ مَالُهُ وَمَا كَسَبَ) ”
Ayədən belə məlum olur ki, Əbu Ləhəb var-dövlətli biri olduğu üçün sərvəti ilə öyünür və ondan İslam dininin əleyhinə istifadə edirmiş. Ayənin davamında deyilir:
"Tezliklə o, alovlanan oda girəcək
(سَيَصْلَى نَارًا ذَاتَ لَهَبٍ) ".
Onun adı “Əbu Ləhəb" olduğu üçün onun əzabı da “əbu ləhəb”- dən olacaqdır. (Burada “ləhəb” sözü tək və lüğəvi mənasında işlənmiş, alovlanan atəş deməkdir.)
Burada yalnız Əbu Ləhəb deyil, bütün kafir və müşriklər nəzərdə tutulur. Yəni kim mal-dövlətinə, ordusuna güvənərək Allahın dininin qarşısında sədd olursa, onları ilahi əzabdan qurtaracaq kimsə yoxdur. "Şuǝra" surəsinin 88-89-cu ayələrindən oxuyuruq:
يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُونَ إِلَّا مَنْ أَتَى اللَّهَ بِقَلْبٍ سَلِيمٍ
“O gün ki, nə var-dövlət, nə də oğul-uşaq bir fayda verməyəcək. Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!”
Burada (Tezliklə o, alovlanan oda girəcək.) ayəsi, şübhəsiz ki, Cəhənnəm atəşindən bəhs edir. Amma bəzi təfsirçilər bu ayənin dünya atəşinə də şamil ediləcəyini yazırlar.
Tarixdə belə nəql edirlər ki, bildiyimiz kimi, Bədr döyüşündə Məkkə müşrikləri və xüsusən Qüreyş kafirləri İslam ordusuna məğlub olmuşdular. Döyüşdən qayıtdıqdan sonra Əbu Ləhəb şəxsən döyüşdə iştirak etmədiyi üçün döyüşün gedişatını Əbusüfyandan soruşur. Əbu- süfyan döyüş təəssüratlarını belə nəql edir: “And olsun Allaha! Biz döyüşün qızğın yerində asimandan Muhəmmədin ordusuna kömək etmək üçün enən süvariləri müşahidə edirdik.”
Əbu Rafe adlı Abbasın qulamı da belə danışır: “Əbusüfyan bu hadisəni danışarkən mən də orada oturmuşdum. Əlimi qaldırıb söz demək üçün icazə istədim. Mənə icazə verilən kimi dedim: “Onlar asimandan enən mələklər idi."
Əbu Ləhəb bu sözü eşidən kimi bərk qəzəbləndi. Qəzəbindən bil- mirdi nə etsin. Sonda mənim üzümə möhkəm bir sillə vurdu. Bununla ürəyi soyumadı və məni ayağının altına salaraq təpikləməyə başladı. Bu zaman Abbasın arvadı Ümmü Fəzl gəldi. “Bu biçarəni sahibsiz görmüsən?" deyərək əlindəki ağacı Əbu Ləhəbin başına çırpdı. Bu zərbədən Əbu Ləhəbin başı paralandı və qan axmağa başladı. Bir həftə- dən sonra bədəni çirk etdi. Taun xəstəsi kimi bədəninin çirki dərisinə də keçməyə başladı. Daha sonra bu xəstəlikdən də dünyadan getdi.
Hətta deyilənə görə bədəninin üfunəti elə həddə çatır ki, camaat ona yaxın durmur, Məkkədən çıxarıb uzaqdan üstünə su tökürlər. Onun üstünə bədəni daşların altında görünməz olana qədər daş atırlar.
Növbəti ayədə isə onun arvadı Ümmü Cəmilin vəziyyətinə işarə edilərək buyurulur:
“Onun odun daşıyan arvadı da.”
“Arvadının boynunda xurma lifindən kəndir olacaqdır.”
Əbu Ləhəbin arvadı Ümmü Cəmil Əbusüfyanın bacısı və Müavi- yənin bibisi idi. Onun ərinə qoşularaq İslam dininə əngəl törətməsində və Peyğəmbərə (s) əzab-əziyyət etməsində heç bir şəkk-şübhəmiz yoxdur. Amma sual buradadır ki, Qurani-Kərim onu nə üçün (odun daşıyan arvad) - deyə tanıtdırır? Bu barədə müxtəlif təfsirlər mövcuddur. O cümlədən deyilənlərə əsasən, o, Peyğəmbəri (s) incitmək üçün tikan kollarını belində daşıyıb onun yoluna tökərmiş ki, keçəndə kollar ayaqlarına ilişsin və ona əziyyət etsin.Bəzilərinin dediklərinə əsasən, o, aravuran və söz gəzdirən olduğu üçün ayə məcazi mənada deyilmişdir. Eyni ilə ədəbiyyatda da aravuran və sözgəzdirən adam haqda belə deyilir:
# سخن چین بدبخت هیزم کش است! میان دو کس جنگ چون آتش است
“İki nəfərin arasındakı dava-dalaş atəşdirsə, bu atəşin odun daşı- yanı həmin sözgəzdirən və ara vurandır.”
Bəziləri isə onun paxıl insan olduğu üçün Quranın belə dediyini düşünür. Çünki bu qədər var-dövlətdən heç bir kasıba və fəqirə köməklik göstərməmişlər.
Bəzilərinin təfsirinə görə isə o, Qiyamət günü bir çox insanların günahını boynuna alacağı üçün ona odun daşıyan deyilir.
Bütün bu deyilənlərin hamısını qəbul etməkdə heç bir irad olmasada, birinci təfsir daha uyğun və münasibdir.
Ayədəki (cid) sözü "boyun-boğaz" mənasındadır. (ǝcyad) isə bu sözün cəm formasıdır. Lüğətşünasların fikrinə əsasən,(cid), (unuq) və(rəqəbə) sözlərinin təxminən üçü də eynimənalı sinonimlərdir. Amma "cid" sinənin yuxarı hissəsinə, “unuq” boyunun arxa və ya tam hissəsinə, “rəqəbə” isə boğaza deyilir. Bəzən “rəqəbə” sözü “qul” mənasında da işlənir. Məsələn, ifadəsi "qul azad etmək” deməkdir.
Ayədəki (məsəd) sözü ot-ələfdən toxunmuş ipə deyilir.
Bəzi təfsirçilərin rəyinə əsasən, (məsəd) sözü onun Cəhənnəmdə boynuna salınacaq ip mənasındadır. Bu söz eyni zamanda qəzəbin və Cəhənnəm atəşinin şiddətinə də işarə edir.
Bəzilərinin rəyinə görə isə bu söz varlıların boyunlarına saldıqları bahalı muncuqların əks mənasıdır. Yəni varlı və zadəgan xanımlar dünyada boyunlarına mirvari asdıqları kimi, Allah-taala Cəhənnəmdəonları təhqir etmək üçün boyunlarından xurma lifindən hazırlanmış ip salacaqdır. Və ya ümumiyyətlə, bu söz məcazilik bildirir və təhqir mənasında işlənmişdir.
Daha bir dəstə təfsirçiyə görə, Ümmü Cəmilin bahalı boyun- bağısı var imiş. O, əhd etmişdir ki, bu boyunbağını satıb İslam dininə və Peyğəmbərə (s) əngəl törətmək niyyəti ilə bu yolda xərcləyəcək. Odur ki, Allah-taala onun barəsində bu şəkildə təhqiramiz danışaraq belə bir şiddətli əzaba düçar olunacağından xəbər verir.
İncəliklər:
1\. Quranın növbəti möcüzələrindən bir nümunə.
Bildiyimiz kimi, bu surə Məkkədə nazil olmuşdur. Quran qətiyyətlə Əbu Ləhəb və arvadının yerinin Cəhənnəm atəşi olması barəsində xəbər verir. Yəni nəticə bundan ibarətdir ki, onlar heç vaxt iman gətir- məyəcəklər. Sonda, həqiqətən də, belə oldu. Məkkə müşriklərinin hamısı (yarı dildə və yarı da həqiqətən) iman gətirdilər. Amma bu iki nəfər nə dildə, nə də həqiqətdə iman gətirmədilər. Bu, Quranın gələcəkdən xəbər verməsinə dəlalət edir. Əlbəttə, Quranda bu kimi ayələr çoxdur. Quranın möcüzə şəklində gələcəkdən xəbər verən ayələri barəsində xüsusi fəsildə geniş şəkildə danışdığımız üçün burada təkrar qeyd etmirik.
2\. Bir suala cavab
Quranın gələcəkdən xəbər verən bu ayəsinə istinadən deyə bilərik ki, onlar heç vaxt iman gətirməyəcəklər. Əgər gətirsələr, Quranın xəbəri yalan çıxacaqdı. Məhz bu səbəbdən də onların iman gətirməsi qeyri-mümkün idi.
Əlbəttə, bu irad "Allahın elmi” mövzusunda da qeyd edilir. Yəni yeni sual deyil.
Bildiyimiz kimi, Allah-taala zati elminə əsasən, günahkarlar və itaətkarlar barəsində geniş biliyə malikdir. Yəni kimin iman gətirəcəyini və kimin küfr edəcəyini öncədən bilir. Buna əsasən də əgər günahkar günah etməzsə, Allahın elmində naqislik baş verər. Odur ki, günahkar öz günahında davam etməlidir.
Bütün bu iradların və bu kimi sualların cavabını İslam fəlsəfəsi qədim zamanlardan bəri vermişdir. Qısası bundan ibarətdir ki, Allah- taala Öz zati, əzəli elmi ilə insanların onlara verilmiş azadlıq və ixtiyar sayəsində necə yaşayacaqları barəsində kamil şəkildə məlumatlıdır. Məsələn, hazırda sözügedən ayədə Allah-taala əzəldən bilirdi ki, Əbu Ləhəb və arvadı öz ixtiyar və iradələri ilə iman gətirməyəcəklər. Burada heç bir icbardan danışılmır. Zatən onların əməllərini mütaliə edən şəxs sonda onların iman gətirməyəcəklərini təxmin edir. Odur ki, belə hadisələr onların məcburiyyətinə deyil, əksinə, iradə azadlıqlarına dəlalət edir.
3\. Bəsirətsiz qohumlar daim uzaqdırlar
Bu surə bir daha bizi belə bir həqiqətdən xəbərdar edir ki, qohumluq əlaqəsi eyni məktəb üzrə qurulmasa, heç bir dəyəri olmaz. Allahın ordusu yolun azmışlara, Allaha qarşı üsyan edənlərə qarşı lütfkar deyil. Bu azğınların arasında onların yaxınları olsa da, ilahi şəxsiyyətlər üçün bunun fərqi yoxdur.
Əbu Ləhəb Peyğəmbərin (s) ən yaxın qohumlarından olmasına baxmayaraq, əqidə və inanc baxımından yolları ayrıldığı üçün onunla digər yolunu ayırmış azğınlar və günahkarlar kimi rəftar edildi. Amma bunun əksi olaraq, Peyğəmbərə (s) uzaq olanlar, hətta milləti, dili eyni olmayanlar əqidədaş olduqları üçün o qədər ona (s) yaxın oldular ki, sonda Peyğəmbər (s) onların biri üçün: "Salman biz Əhli-beytdəndir." - dedi. Yəni çoğrafi məkan, dil və millət baxımından çox uzaq olanlar sonda Peyğəmbərin (s) ailəsindən sayıldılar.
Bu ayədə məqsəd yalnız Əbu Ləhəb və arvadı olmasına baxmayaraq, kim onlar kimi rəftar və əməl edərsə, qeyd olunan aqibət onların da sorağına gələcəkdir.
Məsəd surəsinin sonu.