Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Ər-Rəd Surəsinin Ayələrinə Qayıt →
Ər-Rəd Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Rəd surəsi, 1-4-cü ayələr.

Rəd surəsi, 1-4-cü ayələr.



بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ


المر تِلْكَ آيَاتُ الْكِتَابِ وَالَّذِي أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ الْحَقُّ وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لَا يُؤْمِنُونَ .١


اللَّهُ الَّذِي رَفَعَ السَّمَاوَاتِ بِغَيْرِ عَمَدٍ تَرَوْنَهَا ثُمَّ اسْتَوَى عَلَى الْعَرْشِ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ كُلٌّ يَجْرِي لِأَجَلٍ مُسَمًّى يُدَبِّرُ الْأَمْرَ يُفَصِّلُ الْآيَاتِ لَعَلَّكُمْ بِلِقَاءِ رَبِّكُمْ تُوقِنُونَ .٢


وَهُوَ الَّذِي مَدَّ الْأَرْضَ وَجَعَلَ فِيهَا رَوَاسِيَ وَأَنْهَارًا وَمِنْ كُلِّ الثَّمَرَاتِ جَعَلَ فِيهَا زَوْجَيْنِ اثْنَيْنِ يُغْشِي اللَّيْلَ النَّهَارَ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَتَفَكَّرُونَ .٣


وَفِي الْأَرْضِ قِطَعٌ مُتَجَاوِرَاتٌ وَجَنَّاتٌ مِنْ أَعْنَابٍ وَزَرْعٌ وَنَخِيلٌ صِنْوَانٌ وَغَيْرُ صِنْوَانٍ يُسْقَى بِمَاءٍ وَاحِدٍ وَنُفَضِّلُ بَعْضَهَا عَلَى بَعْضٍ فِي الْأُكُلِ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَعْقِلُونَ .٤


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. Əlif, Lam, Mim, Ra. Bunlar kitabın ayələridir. Rəbbin tərəfindən sənə nazil edilən haqdır, lakin insanların çoxu inanmır.

2\. Göyləri gözlə görülə bilən sütunlarsız yüksəldən, sonra da ərşə ucalan (dünyanın idarəçiliyini hakimiyyəti altına alan), müəyyən vaxta qədər hərəkət edən Günəşi və Ayı ram edən Allahdır. O, işləri yoluna qoyur və ayələrini izah edir ki, bəlkə, Rəbbinizlə görüşə əminliklə inanasınız.

3\. Yeri döşəyən, orada möhkəm dağlar, çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yetişdirən də Odur. Gecəni gündüzün üzərinə örtür. Bunlarda fikirləşənlər üçün əlamətlər vardır.

4\. Yer üzündə bir-birinə yaxın müxtəlif hissələr, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ila suvarılır. Biz meyvə baxımından birini digərindən üstün edirik. Bunlarda ağıllarını işlədənlər üçün əlamətlər vardır.

Ayələrin təfsiri.



Göy, Yer və bitkilərdə Allahın nişanələri.

Quranın 29 surəsinin əvvəlində yer alan müqəttəə hərflərə biz bu surənin əvvəlində də rast gəlirik. Sadəcə, buradakı müqəttəə hərfləri digər surələrin əvvəlindəki (Əlif, Lam, Mim) və (Əlif, Lam, Ra) hissələrini özündə birləşdirən yeganə surədir. Yəni təkcə "Rəd” surəsinin əvvəlində (Əlif, Lam, Mim, Ra) tərkibli müqəttəə hərfləri yer alır. Müfəssirlərin ümumi nəzərinə görə, hər surənin başında gələn müqəttəə hərflərinin həmin surənin məzmunu ilə sıx bağlılığı var. Bu baxımdan, ehtimal olunur ki, “Rəd” surəsindəki müqəttəə hərfləri (Əlif, Lam, Mim) və (Əlif, Lam, Ra) ilə başlayan surələrin hər iki qrupunun məzmununu ümumi şəkildə əhatə etməlidir. Həmin surələrin məzmununa diqqət yetirəndə biz bu ehtimalın doğru olduğunu görürük.

Biz bundan öncə Qurandakı müqəttəə hərflərinin təfsiri barədə “Bəqərə”, “Ali-İmran” və “Əraf” surələrinin əvvəlində gəlmiş müqəttəə hərflərindən söz açarkən geniş açıqlama verdiyimiz üçün yenidən onları təkrarlamağa ehtiyac görmürük.

Qeyd etdik ki, bu surənin ilk ayəsi Quranın əzəmətindən danışır. Həmin ayədə deyilir: "Bunlar kitabın ayələridir."

(وَالَّذِي أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ الْحَقُّ)


“Rəbbin tərəfindən sənə nazil edilən haqdır.”

Daha öncə də qeyd etmişdik ki, yaxına işarə (həzihi) sözünün yerinə uzağa işarə edən (tilkə) sözünün işlənməsi Quran ayələrinin əzəmətini bildirmək üçündür.

Ayə bəyan edir ki, Quranın dediklərində heç bir şəkk-şübhə gözə dəymir. Çünki onun ayələri yaradılış aləminin müşahidə olunan sadə gerçəkliklərini və onların insanla əlaqələrini bəyan edir. Bu, batillə qarışığı olmayan bir haqdır. Buna görə də onun haqq olduğu üzündən oxunur və artıq dəlilə ehtiyacı yoxdur.

Amma buna baxmayaraq əksəriyyəti təşkil edən həvəsbaz və nadan insanlar bu ayələrə iman gətirmirlər: “lakin insanların çoxu inanmır”.

وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لَا يُؤْمِنُونَ


İnsan özbaşına qaldığı zaman əgər ona həyat dərslərini öyrədən, düzgün istiqamət verən qəlbi, niyyəti pak bir müəllimin tərbiyəsindən imtina edib öz nəfsi istəkləri ilə baş-başa qalarsa, əksər hallarda yolu azıb əyri yollara düşəcəkdir. İnsanların həyat yolunda bələdçisi ilahi mürəbbilər, haqq yolun bələdçiləri olarsa, onların əksəriyyəti azmaz, haqq yolla addımlayarlar.

Ayələr sonra Allahın yaradılış aləmindəki nişanələrini, tövhidin əhəmiyyətli dəlillərini şərh edir, insanları göylərin əsrarəngiz quruluşu ilə tanışlığa səsləyir. Göy cisimlərinin nizamlı hərəkətini, mükəmməl quruluşunu insana göstərərək onu Allahın tükənməz gücü, sonsuz hikməti barədə düşünməyə vadar edir. Necə də gözəl buyurur: "Göyləri gördüyünüz şəkildə sütünsuz (və ya gözəgörünməz sütunlarla) ucaldan Allahdır”.

(الله) الذي رَفَعَ السَّمَاوَات بغَيْرِ عَمَد تَرَوْنَهَا)


(gördüyünüz şəkildə sütünsuz) ifadəsinə iki açıqlama vermişlər. Birinci təfsirə görə, bu cümlənin mənası belədir: “Gördüyünüz kimi, göylər sütunsuzdur". Sanki, cümlə, əslində, belə olmuşdur:

İkinci təfsirə görə, (tərəvnəha) sözü (əməd) sözünün sifəti ola bilər. Bu halda ayənin mənası belə olacaqdır: “Göyləri görünməz sütunlarla ucaltdı." Bu variantda göylərin ucalmasında sütunun olması zəruridir. Amma bu sütunlar görünməzdir. Ayənin bu təfsiri İmam Rzadan (ə) nəql olunmuş bir hədislə də təsdiqini tapır. Həmin hədisdə nəql olunur ki, Hüseyn ibn Xalid adlı bir nəfər İmam Rzadan (ə): "Allah "Zariyat” surəsinin yeddinci ayəsində “yollara malik olan göyə and olsun" - deyərkən nəyi nəzərdə tutmuşdur?” – deyə, soruşduqda İmam (ə) buyurmuşdur: “Bu, göydən yerə doğru uzanmış yollardır". Hüseyn ibn Xalid soruşmuşdur: "Allah: "göylər sütunsuz- dur" deyə, buyurduğu halda yerlə hansı yol əlaqəsi ola bilər ki?" İmam (ə) buyurmuşdur:

# تَرَونَها


# سُبحانَ الله، أَلَيسَ اللهُ يَقولُ بغَير عَمَد تَرَونَها؟ قُلتُ بَلَى، فَقَالَ ثَمَّ عَمَدٌ وَ لكن لا


“Allah pak və müqəddəsdir. Məgər Allah: "sizin görə biləcəyiniz sütunlarsız” - deyə, buyurmayıbmı?" Hüseyn ibn Xalid: “Bəli” – deyə, cavab vermişdir. İmam (ə) belə davam etmişdir: "Deməli, sütunlar var, sadəcə, siz onları görmürsünüz.

Bu hədis əsasında nəzər nöqtəsi olan ayənin Quranın nazil olduğu vaxt heç kəsə məlum olmayan bir həqiqətdən xəbər verdiyi məlum olur. Belə ki həmin dövrdə elm dünyasına Ptolomey nəzəriyyəsi hakim idi. Adıçəkilən nəzəriyyəyə əsasən, göylər soğanın qatları kimi kürələr şəklində bir-birinin üzərində yerləşmişdir. Heç biri sütunsuz və boşluqda asılı deyil, hamısı bir-birinə söykənmiş vəziyyətdədir. Elm inkişaf etdikdən sonra göylərin soğan qabığına bənzər formada olması fikrinin tamamilə yanlış olduğu ortaya çıxdı. Əsl həqiqət isə budur ki, səma cisimləri, planetlər nəyəsə söykənməmiş, hər biri öz orbitində sabit və asılı vəziyyətdədir. Onları öz orbitlərində sabit saxlayan yeganə amil cazibə və itələmə qüvvəsinin balansıdır. Bu qüvvələrdən biri planetlərin kütləsi, digəri isə hərəkəti ilə bağlıdır. Cazibə və itələmə qüvvəsinin bu balansı görünməz bir sütun kimi səma cisimlərini, planetləri öz yerlərində qoruyub saxlayır.

Bu barədə Həzrət Əmirəlmöminin Əlidən də (ə) çox maraqlı bir hədis nəql olunmuşdur. Həzrət Əli (ə) həmin hədisdə belə deyir: “Göydə gördüyünüz bu ulduzlar yerdə olan şəhərlər kimidir. O şəhərlərin hər biri digərinə (hər ulduz başqa ulduza) nurdan ibarət bir sütunla bağlanır."

O zamanın ədəbiyyatı, düşüncə səviyyəsi üçün “gözəgörünməz sütunlar” və ya “nurdan sütunlar” ifadəsindən daha sadə, daha anlaşıqlı hansı ifadəni seçmək lazım idi ki, yeddinci əsr insanına cazibə və itələmə qüvvəsinin balansını anlada biləsən?!?

Əzəmət və gücünün göstəricisi olan sütunsuz göyləri yaratdıqdan sonra Allah-taala göyləri istila etdi: "Sonra da ərşə ucalan" ((dünyanın idarəçiliyini hakimiyyəti altına alan)

(ثُمَّ اسْتَوَى عَلَى الْعَرْشِ)


(ərş) sözünün mənası və Allahın onu istilası barədə "Əraf" surəsinin 54-cü ayəsinin təfsirində kifayət qədər bəhs aparmışıq.

Göylərin yaradılması və Allahın onların üzərində hakimiyyətini bəyan etdikdən sonra Qurani-Kərim sözü Günəş və Ayın ram edilməsinə yönəldir, deyir: "O, Günəşi və Ayı ram edən, Öz xidmətinə alan, itaətinə götürən Allahdır”.

وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَسَ


Bundan daha artıq itaət, xidmət necə olar?! Günəş və Ay Allahın fərmanı altında daim insanlara, bütün yaradılmışlara xidmət göstərməkdədir. Onlar dayanmadan nur saçır, dünyanı işıqlandırır, Yer üzünə həyat bəxş edir. Bir sözlə, onların fasiləsiz hərəkəti ilə Yerə bərəkət ələnir, Yerin üzərindəki həyat tənzimlənir.

Bununla belə, unutmayaq ki, maddi aləm və orada müşahidə etdiyimiz hər bir yaradılmış nə qədər uzunömürlü, nizamlı olsa belə əbədi deyildir. "Günəş də, Ay da Allahın onlara təyin etdiyi bir zamana qədər fəaliyyətdə olacaq”.

كُلٌّ يَجْرِي لأَجَلٍ مُّسَمًّى


Bu cümlənin ardınca deyir: "Kainatdakı planet və cisimlərin hərəkəti, onlarda baş verən dəyişikliklər hesab-kitabsız, məqsədsiz deyil. “Bütün işləri yoluna qoyan Odur."

Hər hərəkət hesablanır, hər hesab isə müəyyən məqsədə xidmət edir.

"Və ayələrini izah edir ki, bəlkə Rəbbinizlə görüşə əminliklə inanasınız”.

يُفَصِّلُ الآيَاتِ لَعَلَّكُم بلقَاء رَبِّكُمْ تُوقِنُونَ


Göründüyü kimi, Quran bu ayədə insanı göylərə seyrə aparır, ilahi ayələri kosmik aləmdə bizə göstərir. Tövhid ayələrindən olan bu ayənin ardınca ikinci ayə bizi göylərin seyrindən ayırıb Yeri, onun üzərindəki dağları, çayları, müxtəlif meyvələri, Günəşin çıxıb-batmasını müşahidə etməyə dəvət edir; insanın məskən saldığı kürreyi-ərzin əvvəl nə olduğuna, bu şəklə necə düşdüyünə diqqət çəkir.

Ayədə deyilir: "Yeri döşəyən Odur.”

Allah-taala Yeri insanların və digər canlıların yaşaması üçün hazır və münasib vəziyyətə gətirmişdir. İlkin vəziyyətdə çalalar, sərt və təhlükəli yarğanlardan ibarət olan Yeri dağların parçalanıb xırdalanması, sonra torpaq halına düşməsi hesabına doldurmuş, yaşayış üçün düz hala salmışdır. Başqa bir ehtimala görə, "Yeri döşədi” cümləsi geoloq alimlərin Yerin yaranması haqqında irəli sürdükləri nəzəriyyəyə işarə edir. Yerin yaranması barədə məşhur nəzəriyyədə deyilir ki, Yer əvvəl bütünlüklə su ilə örtülmüşdür. Sonra su çalalara çəkilmiş, suyun səthin- dən tədricən quru hissə baş qaldırmışdır. Get-gedə quru hissə genişlənib müəyyən forma almağa başlamış və indiki şəklə düşmüşdür.

Sonrakı cümlədə Quran dağlara işarə edib deyir: “Allah Yerdə möhkəm dağlar yerləşdirdi”.

(وَجَعَلَ فِيهَا رَوَاسيَ)


Digər ayələrdə bu söz, yəni “dağlar" "Yerin mıxları” ifadəsi ilə təqdim olunmuşdur. Bu ifadə ilə görünür Quran dağların yerin alt qatında yerləşən hissəsinin şəbəkə halında birləşərək möhkəm bünövrə yaratmasına və bununla həm içəridəki təzyiqlərə, həm də Ayın cazibə qüvvəsi ilə üst qatda yaranan qabarma və çəkilmələrə qarşı Yerin müqavimətini tənzimləməsinə işarə etmək istəmişdir. Dağların yerin altındakı kökləri Yerə möhkəm saplanmaqla Yer üzünü davamlı olaraq baş verən yeraltı təkanlardan, yırğalanmaqdan qoruyur, insanların rahat yaşaması üçün Yer səthindəki müvazinəti təmin edir.

Yerin döşənməsinin ardınca dağlardan söz salmaqla, sanki, Quran anlatmaq istəyir ki, Yer üzü nə bütünlüklə düzdür, nə də dağlıq və təpəlikdir. Əgər Yer üzü tamam düzənlikdən ibarət olsaydı, bu halda onun üzərində su istiqaməti üzrə axmaz və ya bataqlığa çevirilərdi. Hava cərəyanını, külək axınını idarə etmək olmazdı. Eləcə də, əgər Yer üzü tamam dağlar və dərələrdən ibarət olsaydı, bu halda da yaşamaq mümkün olmayacaqdı. Yer üzünü həm düz, həm də dağlıq ərazilərə ayırmaqla Allah-taala insanların və digər canlıların yaşaması üçün ən mükəmməl tarazlığı təmin etmişdir.

(وَأَنْهَارًا)


Sonrakı cümlədə çaylara işarə olunur: "Orada çaylar yaratdı.”

Yer üzünün suvarılmasında dağların rolu çox maraqlıdır. Bildiyimiz kimi, Yer üzərindəki dağların əksəriyyəti Yerin ehtiyat su anbarı vəzifəsini daşıyır. Dağların zirvəsində, yarıqlarında qar şəklində yığılan su anbarlarının tədriclə donu açılır, lazımi su payı cazibə qüvvəsinin hökmünə uyğun olaraq yüksəkliklərdən alçaq yerlərə doğru axmağa başlayır. Başqa heç bir köməyə ehtiyac olmadan bu qayda ilə təbii şəkildə Yer üzünün suya ehiyacı olan məntəqələri suyu anbarlardan özünə tərəf çəkir və suvarılır. Dağlara ehtiyat su yığılmasaydı, yerin yumşaq döngələri olmasaydı, əksər quru yerlərin suvarılması qeyri- mümkün olar, ya da böyük xərclər hesabına başa gələrdi.

Daha sonra ayə insanların sağlamlığı üçün vacibi vitamin mənbəyi olan müxtəlif meyvələrin yaranmasından söz açır: “Bütün meyvələrdən cüt-cüt yetişdirən də Odur”.

(وَمِن كُلِّ الثَّمَرَاتِ جَعَلَ فِيهَا زَوْجَيْنِ اثْنَيْنِ)


Qurani-Kərimin bu cümlədə meyvələrin canlı varlıq olduğuna, onların da erkək və dişi olmaqla mayalanma yolu ilə çoxaldıqlarına işarə edir.

Məşhur İsveç alimi Karl Linney 18-ci əsrin ortalarında bitkilər aləmində cinsi çoxalmanın təzahürünü kəşf etmiş, göstərmişdir ki, bitkilər də heyvanlar kimi dişi və erkək cütdən ibarət olub, mayalanma yolu ilə çoxalır. Qurani-Kərim 1100 il ondan qabaq bu barədə söz açmaqla öz elmi möcüzəsini ortaya qoymuş, böyük səmavi kitab olduğunu bir daha nümayiş etdirmişdir.

Şübhəsiz, Linneydən öncə alimlərin əksəriyyəti bitkilərin erkək və dişi cütlərdən ibarət olub mayalanmalarından xəbərdar idilər. Hətta adi insanlar qədim zamanlardan bilirdilər ki, xurmanın dişisini erkəyi ilə dölləndirməsən, xurma mayalanmır və ya yaxşı məhsul vermir. Amma Linneyə qədər heç kim bunun, demək olar ki, ümumi bir qanun olduğunu bilmirdi.

İstər insan olsun, istərsə də digər canlılar, bütün canlı varlıqların həyatı gecə və gündüzün dəqiq nizamlı dövrü olmadan davam edǝ bilməz. Ayənin sonrakı hissəsi bu mövzuya toxunur: "Gecəni gündüzün üzərinə örtür”.

(يُغْشِي اللَّيْلَ النَّهَارَ)


Gecənin dinclik bəxş edən qaranlığı olmasa, Günəşin şüaları bütün bitkiləri yandırar və ümumiyyətlə, bütün canlılardan əsər-əlamət qalmaz. Biz artıq bilirik ki, Ay planetində gündüz daimi deyil. Ayda günün uzunluğu Yer kürəsindəki gecə-gündüzün on beş gününə bərabərdir. Bu zaman Ayda istiliyin hərarəti o qədər yüksəlir ki, əgər orada su və ya digər maye olsa, qaynama dərəcəsinə, hətta daha yüksək temperatura qalxar. Yer üzərindəki canlılardan heç birinin elə bir istilikdə sağ qalacağını təsəvvür etmək olmaz.

Ayənin sonunda Qurani-Kərim deyir: "Bunlarda fikirləşənlər üçün əlamətlər vardır”.

(إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَتَفَكَّرُونَ)


Yaradılış sistemi, göydəki planet və göy cisimlərinin düzülüşü, hərəkəti, Günəş və Ayın Yeri işıqlandırması, insanların xidmətində durması, Yerin döşənməsi, üzərindəki dağların, çayların, bitkilərin bir-biri ilə əlaqəsi, yaranış sirləri barədə düşünənlər onların Yaradanın aydın nişanələri olduğunu görür və onlardakı yaradılış hikmətini dərk edirlər.

Müzakirə etdiyimiz ayələrin sonuncusu (4-cü ayə) geologiya və botanika elmi ilə bağlı bir sıra maraqlı məsələləri özündə ehtiva edir. Ayə Yerin qatlarına, onların quruluşu və xüsusiyyətinə işarə edir: "Yer üzündə bir-birinə yaxın (qonşu olan) müxtəlif hissələr vardır."

( وَفِي الْأَرْضِ قِطَعْ مُّتَجَاوِرَاتٌ)


Yer üzünün qatları bir-birinə bitişik olsalar da, onların hər biri özünəməxsus quruluşa, tərkibə və xüsusiyyətə malikdir. Bu müxtəliflik onların müxtəlif növdə bitki və meyvə ağaclarının yetişməsində, onların dad və rənglərinin müəyyənləşməsində ifa etdikləri rolla sıx əlaqəlidir. Bildiyimiz kimi, insan və digər canlıların qida ehtiyacları çox və fərqlidir. Bütün bu ehtiyacları ödəmək üçün, sanki, bu qatların hər biri ayrıca vəzifəni öhdəsinə götürmüş, onlara bu işi görmələri tapşırılmışdır. Əgər onların hamısı eyni olsaydı və ya tərkiblərinə görə Yer üzündə düzgün bölünüb paylanmasaydı, indi bir Allah bilir ki, insan hansı müşküllərlə üz-üzə qalmışdı.

Ayə belə davam edir: "Yerdə üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır”.

(وَجَنَّاتٌ مِّنْ أَعْنَابٍ وَزَرْعٌ وَنَخِيلٌ صِنْوَانٌ وَغَيْرُ صِنْوَانِ)


Ayədəki ən maraqlı məqam isə bu ağacların və onların müxtəlif növlərinin bəzən bir kök və gövdədən, bəzən isə müxtəlif köklərdən bitdiyi fikridir.

Ağac və bitkilər bəzən bir, bəzən ikibudaqlı olur. "Sinvan" ərəb dilində ağacın əsas gövdəsindən ayrılan budağa deyilir. Ümumiyyətlə, “sinvan” sözü gövdədən ayrılan budaqlar mənasını daşıyır. Çox maraq- lıdır ki, bu budaqların hər biri bəzən fərqli-fərqli meyvələr yetişdirir. Ola bilsin ki, bu ifadə ağacların peyvənd oluna biləcəyini göstərir. Bəzən bir gövdəyə bir neçə növ calaq edilir. Bu calaqların hər biri inkişaf edib fərqli-fərqli meyvələr yetişdirir.

Ayənin davamı daha maraqlıdır: "Onlar hamısı eyni su ilə suvarılır."

Bununla belə, "Biz meyvə baxımından birini digərindən üstün edirik”.

(يُسْقَى بِمَاء وَاحد)


(وَنُفَضِّلُ بَعْضَهَا عَلَى بَعْضٍ فِي الأُكُلِ)


Biz bir ağacdan, hətta bir budaqdan eyni cinsdən olan müxtəlif dadda və rəngdə meyvələrin yetişdiyini çox görmüşük. Bir şaxəsində, bir butasında ləçəkləri müxtəlif rəngdə güllərə də az rast gəlməmişik. Ağacların budağında hansı əsraramiz laboratoriya mövcuddur ki, onlar eyni kökdən qidalanmalarına baxmayaraq müxtəlif tərkiblərdə təzahür etməklə insanın uyğun ehtiyaclarını ödəməyə xidmət göstərir?! Bu əlamətlərin hər biri yaradılış aləmindəki sistemin bir hikmət sahibi tərəfindən idarə edildiyini, ilahi bir mənbəyə söykəndiyini demirmi?

Məhz bu məqamda ayənin sonu belə bitir: "Bunlarda ağıllarını işlədənlər üçün əlamətlər vardır”.

(إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَعْقِلُونَ)


İncəliklər:



1\. Tövhidin məadla bağlılığı.

Müzakirə etdiyimiz ayələr qrupunun ikinci ayəsində yaradılış sirləri və tövhiddən bəhs olunduğu halda nə üçün ayənin sonunda:

يُفَصِّلُ الآيَاتِ لَعَلَّكُمْ بِلقَاءِ رَبِّكُمْ تُوقِنُونَ


"Allah ayələri sizə izah edir ki, bəlkə, Rəbbinizlə görüşə (Qiyamət gününə) əminliklə inanasınız."- deyilir? Tövhidin məadla nə əlaqəsi var ki, sonda mǝad tövhid nişanələrinin nəticəsi olaraq yada salınır?

Aşağıdakı incəliyə diqqət yetirməklə bu sualın cavabı aydın olur: Birincisi, bu dünyanı yaradan Allahın gücü (dünya dağıldıqdan, mövcudat, o cümlədən insanlar məhv olduqdan sonra) onu yenidən (Qiyamət günü) qaytara biləcəyinə bir dəlildir. “Əraf” surəsinin 29-cu ayəsi bu məsələyə açıq işarə edir:

كَمَا بَدَأَكُمْ تَعُودُونَ


"Sizi ilk başlanğıcda yaratdığı kimi (Qiyamətdə) yenə qayıdacaqsınız!"

"Yasin" surəsinin 81-ci ayəsində oxuyuruq:

أَوَلَيْسَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِقَادِر عَلَى أَنْ يَخْلُقَ مِثْلَهُم


“Göyləri və yeri yaradan onların (torpağa çevrilmiş insanların) eynisini yarada bilməzmi?!"

İkincisi, bundan öncə məad bəhslərində qeyd etmişdik ki, axirət aləmi olmasa, bu dünyanın yaranışı mənasız olar. Çünki ancaq həyat sürüb bu dünyanı başa vurmaq geniş bir dünyanın yaranışı üçün məqsəd ola bilməz. Məadla əlaqəli “Vaqiə” surəsinin, 62-ci ayəsində) deyilir:

وَ لَقَدْ عَلِمْتُمُ النَّشْأَةَ الْأُولَى فَلَوْلَا تَذَكَّرُونَ


"Siz birinci dünyadan xəbərdar oldunuz. Bəs necə olur ki, (ondan sonra bir dünyanın olacağını) xatırlamırsınız?”

2\. Qurani-Kərimin elmi möcüzəsi.

Qurani-Kərimin əksər ayələrində o dövrün alimlərinə gizli qalmış bəzi elmi sirlərin üzərindən pərdə götürülür. Bunun özü bu ilahi kitabın əzəmətinə, möcüzəsinə bir nişanədir. Qurani-Kərimin möcüzələrini araşdıran tədqiqatçılar bu ayələrin əksəriyyətini öz araşdırmalarında qeyd etmişlər. Həmin ayələrdən birini biz bir az öncə qeyd etdik və göstərdik ki, bitkilərdə cinsiyyət məsələsi qədimdən insanlara məlum olsa da, onların sistemli şəkildə təsnifatını, elmi izahını ilk dəfə 18-ci əsrin ortalarında içveçli alim Karl Linney vermişdir. Amma Qurani- Kərim min il qabaq, hətta daha öncə müsəlmanlara bu məsələni aşkar etmişdir.

Bitkilərdə cinsiyyət məsələsinə "Loğman" surəsində belə işarə olunur:

وَأَنزَلْنَا مِنَ السَّمَاء مَاء فَأَنبَتْنَا فِيهَا مِن كُلِّ زَوْجٍ كَرِيمٍ


"Göydən yağmur yağdırıb onun vasitəsilə yer üzündə (cüt olmaqla) cürbəcür əhəmiyyətli bitkilər bitirdik."

Bu mövzuya digər ayələrdə də işarə olunmuşdur.

3\. Günəş və Ayın ram edilməsi.

"Rǝd" surəsinin əvvəlində oxuduq ki, Allah Günəşi və Ayı ram etmişdir. Qurani-Kərimin bir çox ayələri planetlərin, Yerdəki varlıqların, gecə və gündüzün Allah tərəfindən ram edilməsindən, insanlara xidmətə götürülməsindən söz açır. Belə ayələrin birində oxuyuruq:

وَسَخَّرَ لَكُمُ الأَنْهَار


"Çayları sizə ram edən Allahdır!”

Bu ayənin başqa bir yerində deyilir:

وَسَخَّرَ لَكُمُ الْفُلْكَ


"Gəmiləri sizə tabe edən Allahdır!"

Eyni surənin sonrakı ayəsində yenə deyilir:

وَسَخَّرَ لَكُمُ الشَّمْسَ وَالْقَمَرَ دَائِبِينَ وَسَخَّرَ لَكُمُ اللَّيْلَ وَالنَّهَارَ


“Günəşi və Ayı, həmçinin gecəni və gündüzü sizin ixtiyarınıza veran Odur.

Digər bir ayədə buyurulur:

وَسَخَّرَ لَكُمُ اللَّيْلَ وَالنَّهَارَ وَالشَّمْسَ وَالْقَمَرَ وَالنُّجُومُ مُسَخَّرَاتٌ بِأَمْرِهِ


“O, gecəni və gündüzü, Günəşi və Ayı sizə ram etdi. Ulduzlar da Onun əmri ilə sizə ram edilmişdir."

"Nəhl" surəsinin başqa bir ayəsində deyilir:

وَهُوَ الَّذِي سَخَّرَ الْبَحْرَ لتَأْكُلُواْ مِنْهُ لَحْمًا طَريًّا وَتَسْتَخْرِجُوا مِنْهُ حِلْيَةً تَلْبَسُونَهَا


“O, təzə ət yeməyiniz və taxmaqdan ötrü zinət əşyaları çıxarmağı- nız üçün dənizi də sizə ram etdi.".

Digər bir ayədə oxuyuruq:

أَلَمْ تَرَ أَنَّ اللَّهَ سَخَّرَ لَكُم مَّا فِي الْأَرْضِ وَالْفُلْكَ تَجْرِي فِي الْبَحْرِ بِأَمْرِهِ


"Məgər Allahın quruda olanları və Onun əmri ilə okeanlarda üzən gəmiləri sizə ram etdiyini görmürsənmi?”

وَسَخَّرَ لَكُم مَّا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ جَمِيعًا مِّنْهُ


Başqa bir ayədə oxuyuruq: “Göylərdə və yerdə olanların hamısını Özü sizə ram etmişdir.

Bu ayələrdən çıxardığımız ümumi nəticə:

1-İnsan bu dünyanın ən mükəmməl varlığıdır. İslam dünyagörüşü insana çox yüksək dəyər verir. Allah-taala bütün yaradılmışları insana xidmət göstərməyə proqramlaşdırmaqla ona ən yüksək məqamı vermiş- dir. Buna görə də insan “xəlifətullah", yəni Allahın yer üzərindəki canişini ləqəbi ilə tanınmış, onun qəlbi Allah nurunun məkanı kimi tövsif olunmuşdur.

2-Ayədəki "ram etdi" ifadəsi insanın bütün yaradılmışları öz fərmanına tabe etməsi anlamında başa düşülməməlidir. Bunu ayələrin məzmunundan da anlamaq olur. Ayələr onu çatdırmaq istəyir ki, digər xəlq olunmuşlar, xüsusən də planetlər yalnız insanın mənafeyi istiqamətindəki hərəkətləri çərçivəsində onun xidmətində durmuşdur. Məsələn, günəş və Ayın nizamlı hərəkəti dünyaya, eləcə də insana ehtiyacı olduğu bir çox faydaları verir. Heç bir dünyagörüşündə insana bu qədər yüksək qiymət verilmir. Heç bir fəlsəfi məktəbdə insanın şəxsiyyəti, məqamı bu qədər uca tutulmur. İslam məktəbinin özəlliklərindən biri də onun insanı bu həddə yüksək dəyərləndirməsi və bununla böyük tərbiyəvi xüsusiyyətə malik olmasıdır. Çünki insan düşünəndə ki, Allah-taala ona bu həddə yüksək dəyər vermişdir, Günəşi, Ayı, küləyi – bir sözlə bütün fələyi ona xidmət göstərməyə yönləndirmişdir, heç vaxt qəflətə qapılmaz, özünü keçici həvəslərə əsir etməz. Belə insan onu dünyaya bağlayan nəfs zəncirlərini qırıb göylərə pərvaz edər. Günəşin və Ayın insana ram olmadığını necə inkar etmək olar? Halbuki Günəş də, Ay da insanın həyatına nur saçır, öz hərəkətləri ilə onun zəruri həyat şərtlərini təmin edir. Günəş olmasa, Yer üzündə həyat olarmı? Ayın dəryalara göstərdiyi təsirlə Yerdəki qabarma və çəkilmələrdə oynadığı rolun özü bir çox faydalarla müşahidə olunur. Okeanlar, çaylar, gecə və gündüz – hamısı xüsusi ilahi təyinatla insanın mənafeyi istiqamətində hərəkətdədirlər. Onların bu xidmətləri, sistemli hərəkətləri Yaradanın əzəmət, hikmət və qüdrətinə aydın dəlildir.