Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Əl-Həcc Surəsinin Ayələrinə Qayıt →
Əl-Həcc Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Həcc surəsi, 1-2-ci ayələr

Həcc surəsi, 1-2-ci ayələr



بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ


يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمْ إِنَّ زَلْزَلَةَ السَّاعَةِ شَيْءٌ عَظِيمٌ .١


يَوْمَ تَرَوْنَهَا تَذْهَلُ كُلُّ مُرْضِعَةٍ عَمَّا أَرْضَعَتْ وَتَضَعُ كُلُّ ذَاتِ حَمْلٍ حَمْلَهَا وَتَرَى النَّاسَ سُكَارَى وَمَا هُمْ بِسُكَارَى وَلَكِنَّ عَذَابَ اللَّهِ شَدِيدٌ .٢


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. Ey insanlar! Rəbbinizdən qorxun! Çünki Qiyamətin zəlzələsi çox böyük bir şeydir.

2\. Onu görəcəyiniz gün süd verən ana südəmər körpəsini unudacaq, hamilə qadın bətnindəkini salacaqdır. Sərxoş olmadıqları halda, insanları sərxoş görəcəksən. Allahın əzabı şiddətlidir.

Ayələrin təfsiri.



Böyük Qiyamət zəlzələsi.

Bu surə Qiyamət və onun başlanğıcı haqqında iki həyəcanlandırıcı və sarsıdıcı ayə ilə başlayır. Bu ayələr insanı qeyri-iradi olaraq bu keçici maddi dünyadan qoparır və diqqətini onu gözləyən qorxunc gələcəyə yönəldir.

Elə bir gələcəyə ki, əgər bu gün onu düşünməsə və ona hazır olmasa, həqiqətən, qorxuncdur. Əgər hazır olsa, könül oxşayan və ləzzətvericidir.

Müqəddəs kitab öncə istisnasız olaraq bütün insanlara müraciət edir: "Ey insanlar! Rəbbinizdən qorxun! Çünki Qiyamətin zəlzələsi çox böyük bir şeydir”.

(يَاأَيُّهَاالنَّاسُاتَّقُوارَبَّكُمْإِنْزَلْزَلَةَالسَّاعَةِشَيْءٌعَظِيمٌ)


“Ey insanlar!" müraciəti onda heç bir irq, dil, zaman və məkan, coğrafi bölgə və tayfa-qəbilə fərqinin, hər hansı ayrı-seçkiliyin olmamasına aydın dəlildir. Mömin və kafir, kiçik və böyük, qoca və cavan, kişi və qadın - hamı bu gün də, gələcəkdə də həmin xitabda şərikdir.

"Rəbbinizdən qorxun!" əmri bütün səadət bəxş edən təlimlərin icmalıdır. Çünki bir tərəfdən, tövhidi açıqlayır, digər tərəfdən isə, təqvanı bəyan edir. Beləcə onda əməli və etiqadi təlimlər cəmlənmişdir.

“Qiyamətin zəlzələsi çox böyük bir şeydir”. “إِنَّ زَلْزَلَةَ السَّاعَةِ شَيْءٌ عَظِيم” cümləsi ilə Quranın bir çox ayələrində öz əksini tapmış bir həqiqət üstüörtülü şəkildə bəyan edilir. O da budur ki, Qiyamət varlıq aləminin quruluşunda şiddətli bir dəyişikliklə başlayır.

Dağlar yerindən qopur, dənizlər bir-birinə qarışır, yer və göy çarpışır, yeni dünya özünün yeni həyatına qədəm qoyur. İnsanlar Qiyamət ərəfəsində böyük bir qorxuya qapılır və özlərini itirirlər.

Növbəti ayədə Allah-taala bu böyük qorxunun inikasının bir neçə nümunəsini bəyan edərək deyir: "Onu görəcəyiniz gün süd verən ana südəmər körpəsini unudacaq”.

(يَوْمَتَرَوْنَهَاتَذْهَلُكُلِّمُرْضِعَةعَمَّاأَرْضَعَتْ)


“Hamilə qadın bətnindəkini salacaqdır”. Qiyamət qorxusunun üçüncü inikası budur ki, “Sərxoş olmadıqları halda, insanları sərxoş görəcəksən”.

(وَتَرَىالنَّاسَسُكَارَىوَمَاهُمبِسُكَارَى)


"Allahın əzabı şiddətlidir". Belə ki könüllərə qorxu salmış, insanları özündən xəbərsiz etmişdir.

İncəliklər:



1\. Dünyada baş verən zəlzələ və qorxunc hadisələrdə də bəzən Qiyamətdəkinə bənzər işlər baş verir. Yəni ana öz uşağını unudur, hamilə qadınlar uşaq salır, bəziləri məst insanlar kimi başlarını itirirlər. Amma bu, ümumi hal deyil. Qiyamət zəlzələsi elədir ki, onu müşahidə etdikdə bütün insanlar bu vəziyyətə düşürlər.

2\. Ola bilər ki, bu ayələr Qiyamətin başlanğıcı olan dünyanın sonuna işarədir. Bu halda "hamilə qadınlar” və “südəmər uşaqlar” öz həqiqi, birbaşa mənasını ifadə edəcəkdir. Amma belə bir ehtimal da var ki, söhbət məhz Qiyamət gününün zəlzələsindən gedir ("Allahın əzabı şiddətlidir” cümləsinə əsasən). Onda yuxarıdakı cümlələr misal xarakteri daşıyır. Yəni Qiyamət o qədər qorxunc səhnədir ki, əgər hamilə qadın o səhnəni görsə, uşağını salar, ana özünün südəmər körpəsini belə unudar.

3\. Bilirik ki, ərəb dilində uşağına süd verən qadına (murzi) deyilir. Amma bir qrup təfsirçinin və bəzi lüğətçilərin yazdığına görə, bəzən bu söz qadın cinsində işlənir ((murziə)) ki, südvermə anını ifadə etsin. Başqa sözlə, (murzi) uşağına süd verə bilən qadına, (murziə) isə hal-hazırda uşağını əmizdirən qadına deyilir. Demək, ayədə sözügedən ifadə xüsusi məqama işarə vurur. Çünki deyir: Qiyamət günü zəlzələsi o qədər qorxuncdur ki, hətta əgər ananın döşü uşağının ağzında olarsa, qorxudan qeyri-ixtiyari olaraq döşünü uşağın ağzından çıxarar və onu unudar.

4\. "Sərxoş olmadıqları halda, insanları sərxoş görəcəksən" “النَّاسَ سُكَارَى وَمَا هُم بِسُكَارَى” cümləsi buna işarədir ki, bu cümlənin müraciət etdiyi Peyğəmbər (s) (və ehtimal ki, onun yolunu gedən güclü imana malik möminlər) həmin böyük qorxudan amanda olacaqlar. Çünki deyir: İnsanları bu halda görərsən; bu isə o deməkdir ki, özün belə deyilsən və olmayacaqsan.

5\. Əksər təfsirçilər və hədis raviləri haqqında danışdığımız ayəni şərh edərkən İslam peyğəmbərindən (s) bir hədis nəql etmişlər ki, onu burada qeyd etmək yerinə düşərdi. Hədis belədir: "Bu surənin ilk iki ayəsi Bəni əl-Müstəliq döyüşü gecələrindən birində nazil oldu. Döyüşçülər savaş meydanına doğru hərəkət edərkən Peyğəmbər (s) onları çağırdı. Onlar dayandılar və onun ətrafına toplandılar. Həzrət (s) bu ayələri onlara oxudu. Ağlaşma səsi qalxdı. O gecə müsəlmanlar çox ağladılar. Səhər dünya və dünya həyatına o qədər rəğbətsiz idilər ki, hətta atların üzərinə yəhər bağlamadılar, çadır qurmadılar. Bir qrup ağlayırdı, digər bir qrup isə dərin fikrə getmişdi. Allahın elçisi (s) buyurdu: "Bunun hansı gün olduğunu bilirsinizmi?" Dedilər: “Allah və peyğəmbəri daha yaxşı bilir". Buyurdu: "Bu o gündür ki, hər min nəfərdən doqquz yüz doxsan doqquzu Cəhənnəmə yollanacaq və yalnız bir nəfəri Cənnətə gedəcək”.

Bu məsələ müsəlmanlara təsir etdi. Ağladılar və dedilər: "Elə isə, kim xilas olacaq?" Peyğəmbər (s) buyurdu: "Sizdən başqa günahkarlar var ki, əksəriyyəti təşkil edirlər. Mən ümid edirəm ki, siz heç olmasa Cənnət əhlinin dörddə birini təşkil edəcəksiniz”. (Müsəlmanlar təkbir dedilər.) Sonra buyurdu: "Ümid edirəm ki, heç olmasa Cənnət əhlinin üçdə birini təşkil edəcəksiniz”. (Müsəlmanlar yenə də təkbir dedilər.) Həzrət (s) yenə əlavə etdi: “Ümid edirəm ki, Cənnət əhlinin üçdə ikisi olacaqsınız. Çünki Cənnət əhli yüz iyirmi cərgədir və onun səksən cərgəsi mənim ümmətimdəndir".