Əl-Möminun Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
Muminun surəsi, 1-11-ci ayələr
Muminun surəsi, 1-11-ci ayələr
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ .١
الَّذِينَ هُمْ فِي صَلَاتِهِمْ خَاشِعُونَ .٢
وَالَّذِينَ هُمْ عَنِ اللَّغْوِ مُعْرِضُونَ .٣
وَالَّذِينَ هُمْ لِلزَّكَاةِ فَاعِلُونَ .٤
وَالَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَافِظُونَ .٥
إِلَّا عَلَى أَزْوَاجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ .٦
فَمَنِ ابْتَغَى وَرَاءَ ذَلِكَ فَأُولَئِكَ هُمُ الْعَادُونَ .٧
وَالَّذِينَ هُمْ لِأَمَانَاتِهِمْ وَعَهْدِهِمْ رَاعُونَ .٨
وَالَّذِينَ هُمْ عَلَى صَلَوَاتِهِمْ يُحَافِظُونَ .٩
أُولَئِكَ هُمُ الْوَارِثُونَ .١٠
الَّذِينَ يَرِثُونَ الْفِرْدَوْسَ هُمْ فِيهَا خَالِدُونَ .١١
Ayələrin tərcüməsi
Rəhman və Rəhim Allahın adı ilə!
1\. Möminlər nicat tapıblar;
2\. O kəslər ki, namazlarında müti və təvazökardırlar,
3\. o kəslər ki, faydasız, əbəs işlərdən qaçırlar,
4\. o kəslər ki, zəkat verirlər,
5\. o kəslər ki, öz iffətlərini (cinsi orqanlarını) qoruyurlar,
6\. yalnız öz zövcələri və sahib olduqları cariyələrlə münasibətdə olurlar. Onlara görə qınanmazlar.
7\. Bundan başqa vasitəyə can atanlar həddi aşanlardır.
8\. O kəslər ki, əmanətlərini və vədlərini qoruyurlar.
9\. O kəslər ki, namazlarını qoruyurlar.
10\. Onlardır varis olanlar.
11\. Firdövs Cənnətinə varis olanlar orada əbədi qalacaqlar.
Ayələrin təfsiri.
Möminlərin mühüm əlamətləri.
Öncə də dediyimiz kimi, bu surəyə "Muminun" (Möminlər) adının verilməsi onun ilk ayələrində möminlərin xüsusiyyətlərindən bəhs edən qısa və ifadəli ibarələrə görədir. Maraqlı burasıdır ki, Allah-taala ilk olaraq – sözügedən xüsusiyyətləri saymaqdan qabaq – bu böyük şərəfə nail olmaq rəğbətini alovlandırsın deyə möminlərin xoş və şərəfli taleyinə toxunur.
Buyurur: “Möminlər nicat tapıblar”.
(əfləhə) sözü (fəlh) və (fəlah) kökündən olub, yarmaq və kəsmək mənasını ifadə edir. Daha sonra hər cür qələbəyə, məqsədə çatmaq və xoşbəxtliyə aid edilmişdir.
Əslində qalib insanlar qurtulmuş və xoşbəxt insanlardır. Onlar məqsədə doğru gedən yolda mövcud olan maneələri yarır və irəliləyirlər.
Əlbəttə, xilas olmaq və qurtulmaq sözü çox geniş məna daşıyır. Belə ki həm maddi qələbələrə, həm də mənəvi qələbələrə şamil olur. Möminlər haqqında danışdıqda hər ikisi nəzərdə tutulur.
Dünyadakı qalibiyyət və qurtuluş ondadır ki, insan azad, başıuca və ehtiyacsız yaşasın. Bu məsələlər iman olmadan mümkün deyil. Axirətdə qurtuluş isə bundadır ki, Allahın rəhmətinin sayəsində Onun əbədi nemətləri içində, ləyaqətli və pak dostların yanında, tam izzət və baş ucalığı ilə yaşayasan.
Rağib “Müfrədat” əsərində bu mənanı şərh edərkən deyir: “Dünyəvi qurtuluş üç şeydə xülasə olunur: yaşamaq, zənginlik və izzət. Axirət qurtuluşu isə dörd şeydə xülasə olunur:
بقاءبلافَناء،وغنىبِلافَقْرِ،وَعِزَّبِلاذُلّ،وَعِلْمٌبِلاجَهْل
"Əbədi həyat, ehtiyacsızlıq, izzət və elm".
Sonra bu xüsusiyyətləri bəyan etməyə başlayır və hər şeydən qabaq namazın adını çəkərək deyir: “o kəslər ki, namazlarında müti və təvazökardırlar”.
(الَّذِينَهُمْفِيصَلَاتِهِمْخَاشِعُونَ)
(xaşiun) sözü (xuşu) kökündən olub, böyük bir şəxsin və ya mühüm bir həqiqətin qarşısında insanda yaranan və əlamətləri bədənin zahirində özünü göstərən cismani və ruhani (fiziki və mənəvi) təvazö halına deyilir.
Burada Quran namaz qılmağı yox, xüşunu möminlərin əlaməti hesab edir. Demək istənilir ki, onların namazı sadəcə sözlər və ruhsuz hərəkətlərdən ibarət deyil. Əksinə, onlar namaz qılarkən Allaha o qədər diqqətli olurlar ki, Ondan qeyrisindən qırılır, yalnız Ona bağlanırlar. Təfəkkür, diqqət və Allahla raz-niyaz halına elə dalırlar ki, bu, onların hər zərrəsində iz buraxır. Özlərini Onun sonsuz vücudu qarşısında ümmanın qabağında bir damla kimi görürlər.
Namazın hər anı onun üçün bir tərbiyə, özünüislah dərsi və ruhu saflaşdırma vasitəsidir.
Bir hədisdə oxuyuruq:
Peyğəmbər (s) namaz qılarkən saqqalı ilə oynayan bir kişini gördü. Buyurdu:
# أَماإِنَّهُلَوْخَشَعَقَلْبُهُلَخَشَعَتْجَوَارِحُهُ!
“Əgər onun qəlbində xüşu olsaydı, bədən üzvləri ilə oynamazdı”. Yəni xüşu zahirə təsir edən daxili bir haldır.
İslam rəhbərləri namaz qılarkən o qədər xüşu halında olmuşlar ki, Allahdan qeyri hər şeyə yadlaşmışlar. Belə ki bir hədisdə deyilir: “İslam Peyğəmbəri (s) namaz vaxtı səmaya nəzər salardı. Amma yuxarıdakı ayə nazil olduqdan sonra artıq başını qaldırmır və daim yerə baxırdı".! Xüşu sifətindən sonra möminlər haqqında bəyan olunan ikinci xüsusiyyət budur: “O kəslər ki, faydasız, əbəs işlərdən qaçırlar”.
# هُمْعَنِاللَّغْوِمُعْرِضُونَ
Əslində, onların bütün hərəkətləri, həyat xətləri müəyyən bir hədəfi təqib edir. Faydalı və qurucu, yaradıcı bir hədəfi. Çünki (ləğv) sözü hədəfsiz və faydalı nəticəsi olmayan işlərə deyilir.
Əslində, bəzi böyük təfsirçilərin də bildirdiyi kimi, (ləğv) nəzərə çarpacaq dərəcədə faydalı olmayan əməldir. Bəzi təfsirçilərin onu batil, bəzilərinin günahlar, bəzilərinin yalan, bəzilərinin nalayiq sözlər və ya nalayiq sözlərə verilən nalayiq cavab, bəzilərinin ğina, eyş-işrət və nəhayət, bəzilərinin şirk mənasında təfsir etdiyini görürük ki, bütün bunlar hamısı o əhatəli və ümumi məfhumun nümunələridir.
Əlbəttə, (ləğv) sözü yalnız faydasız sözlərə və əməllərə şamil olmur. Əksinə, insana Allahı unutduran və onu faydalı, qurucu, yaradıcı təfəkkürdən yayındıran bütün əsassız düşüncələr bu geniş məfhuma rahatlıqla sığır.
Əslində, möminlər elə islah olunublar ki, nəinki yanlış düşüncələrə, əsassız sözlərə və faydasız işlərə əl atmır, hətta Quranın təbiri ilə desək, ondan üz döndərirlər.
Növbəti ayədə həqiqi möminlərin ictimai və maddi əhəmiyyət daşıyan üçüncü xüsusiyyətinə toxunulur: “O kəslər ki, zəkat verirlər”.
(وَالَّذِينَهُمْلِلزَّكَاةِفَاعِلُونَ)
Öncə də qeyd etdiyimiz kimi, bu surə Məkkədə nazil olan surələrdəndir və o zaman hələ vacib zəkat hökmü nazil olmamışdı.
Təfsirçilər bu ayənin təfsiri ilə bağlı müxtəlif fikirlər irəli sürmüşlər. Doğru görünən odur ki, zəkat vacib zəkatla məhdudlaşmır. Əksinə, İslam şəriətində müstəhəb zəkatlar çoxdur. Mədinədə nazil olan vacib zəkat barədə göstəriş idi. Amma ondan öncə də müstəhəb zəkatlar var idi.
Bəzi təfsirçilər bu ehtimalı vermişlər ki, zəkat vacib bir hökm kimi Məkkə dövründə də mövcud olmuşdur. Amma onun hüdudları (miqdarı və s.) müəyyən edilməmişdi. Yəni müsəlmanlar öz mallarının bir miqdarını ehtiyacı olanlara vermək vəzifəsi daşıyırdılar. Lakin İslam hökuməti təşkil və beytülmal təsis edildikdən sonra zəkat müəyyən bir proqrama salındı. Onun üçün müəyyən miqdar təyin olundu. Məmurlar Peyğəmbər (s) tərəfindən zəkat yığmaq üçün bölgələrə göndərildilər.
Amma Fəxr Razi "əl-Kəbir"də, Alusi "Ruhul-məani"də və Rağib "Müfrǝdat"da ehtimal etmişlər ki, burada "zəkat" istənilən yaxşı iş və ya ruhu paklamaq, saflaşdırmaq deməkdir. Bu fikri düzgün hesab etmək çətindir. Çünki Quranda namaz və zəkat sözlərinin birgə işləndiyi bütün ayələrdə zəkat dedikdə maddi yardım nəzərdə tutulur. Onu burada başqa mənaya yozmaq üçün əlavə bir aşkar dəlil lazımdır.
Möminlərin dördüncü xüsusiyyəti olaraq Müqəddəs kitab iffət məsələsini, hər cür cinsi azğınlıqdan pəhriz etməyi qeyd edir və deyir: “O kəslər ki, öz iffətlərini (cinsi orqanlarını) qoruyurlar”.
لِفُرُوجِهِمْحَافِظُونَ
"Yalnız öz zövcələri və sahib olduqları cariyələrlə münasibətdə olurlar, Onlara görə qınanmazlar”.
(إِنَّاعَلَىأَزْوَاجِهِمْأوْمَامَلَكَتْأَيْمَانُهُمْفَإِنَّهُمْغَيْرُمَلُومِينَ)
İnsanın cinsi instinkti ən itaətsiz instinkt olduğuna görə özünü ona qarşı qorumaq üçün təqva, böyük pəhrizkarlıq, güclü iman lazımdır. Bu səbəbdən də Allah-taala bir daha bu məsələ üzərində dayanır və buyurur: "Bundan başqa vasitəyə can atanlar həddi aşanlardır".
وَرَاءذَلِكَفَأُوْلَئِكَهُمُالْعَادُونَ
“İffətlərini (cinsi orqanlarını) qoruyurlar” ifadəsi buna işarədir ki, əgər bu sahədə davamlı özünənəzarət olmasa, həmin pis vərdişə aludə olmaq qorxusu çoxdur.
"Zövcələr" dedikdə həm daimi, həm də müvəqqəti zövcələr nəzərdə tutulur. Hərçənd bəzi əhli-sünnə təfsirçiləri burada yanlışa yol vermişlər ki, bu haqda “İncəliklər” bölməsində danışacağıq.
“Qınanmazlar” ifadəsi xristianlıqda yanlış olaraq yaranmış bir fikrə işarədir. Belə ki onlar hər cür cinsi əlaqəni insan şəninə zidd hesab edirlər. Onun mütləq şəkildə tərk olunmasını fəzilət hesab edirlər. Hətta katolik keşişlər, eləcə də tərki-dünya kişi və qadınlar bütün ömürləri boyu subay qalırlar. Evliliyin bütün növlərini bu ruhani məqama zidd hesab edirlər. Hərçənd ki bu, çox vaxt zahiri xarakter daşıyır. Onların, bəlkə də, hər biri gizlində öz cinsi instinktlərini təmin etmək üçün müəyyən yollara əl atırlar. Xristianların öz müəlliflərinin kitabları bu haqda əhvalatlarla doludur.
Hər halda, ola bilməz ki, Allah insanda bunca gözəl yaradılışının bir hissəsi kimi bir instinkt xəlq etsin, amma sonra onu bütövlükdə qadağan etsin və ya insanın şəninə və məqamına zidd elan etsin.
Bu məsələni xatırlatmağa ehtiyac yoxdur ki, həyat yoldaşının halal olması - aybaşı və s. kimi - bəzi istisna halları ilə ziddiyyət təşkil etmir. Həmçinin kənizlərin (kölə qadınların) halal olması bir çox şərtlərdən asılıdır ki, fiqh kitablarında bu haqda geniş məlumatlar verilmişdir. Belə ki hər kəniz yalnız öz sahibinə halaldır. Əslində, bir çox baxımdan həyat yoldaşı ilə eyni şərtləri paylaşır.
Haqqında danışdığımız səkkizinci ayə möminlərin beşinci və altıncı seçmə xüsusiyyətinə toxunur və deyir: "O kəslər ki, əmanətlərini və vədlərini qoruyurlar”.
( وَالَّذِينَهُمْلِأَمَانَاتِهِمْوَعَهْدِهِمْرَاعُونَ)
Əmanəti qorumaq və sahibinə çatdırmaq, həmçinin Xaliq va məxluq qarşısında əhd-peymana bağlı və sadiq qalmaq möminlərin bariz əlamətlərindəndir.
Əmanət geniş mənada Allahın əmanətlərinə, ilahi peyğəmbərlərə, eləcə də camaatın əmanətlərinə şamil olur. Allahın müxtəlif nemətlərindən hər biri Onun əmanətidir. Haqq dini, səmavi kitablar, haqq yolu rəhbərlərinin göstərişləri, həmçinin mal-mülk, övladlar, vəzifələr, səlahiyyətlər hamısı Onun əmanətləridir. Belə ki möminlər bunların haqqını qorumağa və təmin etməyə çalışır, həyatda olduqları müddətdə bunları mühafizə edirlər. Həyatdan köçdükdə isə bunları gələcək güclü nəsillərə tapşırırlar. Bunları qorumaq üçün belə bir nəsil yetişdirirlər.
Burada əmanət anlayışının geniş məna ifadə etməsinə dəlil elə “əmanət” sözünün mənasını təfsir edən çoxsaylı rəvayətlərdir. Belə ki rəvayətlərdə "əmanət" bir məsum imamdan digərinə tapşırılan, ötürülən imamlıq məqamı, bəzən isə mütləq şəkildə vilayət və hakimiyyət kimi izah edilmişdir.
Maraqlıdır ki, İmam Baqir (ə) və İmam Sadiqin (ə) görkəmli şagirdlərindən olan Zürarə belə nəql edir: "Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı əmr edir”. “إن اللهَ يَأْمُرُكُمْ أَنْ تُؤَدُّوا الْأَمَانَات” ayəsində demək istənilir ki, hakimiyyəti əhlinə tapşırın”.
Bu göstərir ki, hakimiyyət ən mühüm ilahi əmanətdir və onu əhlinə – həqiqi sahibinə həvalə etmək lazımdır.
Həmçinin əhd-peymanın ümumi məna daşımasının dəlili digər Quran ayələrində yer alan ifadələrdir. Buna misal kimi “Allahla bağladığınız əhdə sadiq olun” ayəsini göstərmək olar.
Qeyd etmək lazımdır ki, bəzi Quran ayələrində əmanəti sahibinə qaytarmaq və ya əmanətə xəyanət etməmək ifadələri işlənmişdir. Halbuki haqqında danışdığımız ayədə “əmanətə riayət etmək” ifadəsindən istifadə olunur və bu həm onu sahibinə qaytarmağı, həm də onu tam olaraq qorumağı özündə ehtiva edir.
Odur ki, əgər əmanət alınan bir şeyin nizama salınmasında səhlənkarlıq ona zərər dəyməsinə, təhlükə ilə üzləşməsinə səbəb olursa, əmanətdar şəxs onu düzəltmək vəzifəsi də daşıyır. (Beləliklə, üç şey lazımdır: əmanəti qaytarmaq, qorumaq və nizama salmaq.)
Hər halda, şübhə yoxdur ki, öhdəliklərə sadiq qalmaq, əmanəti qorumaq və geri qaytarmaq insanın ictimai varlığının ən mühüm əsaslarından biridir. Bu olmadan hərc-mərclik bütün cəmiyyəti bürüyər. Buna görə də hətta ilahi və dini inancı olmayan fərdlər və xalqlar da əmanət və əhdə xəyanətdən doğan ictimai hərc-mərclikdən qorunmaq üçün - ən azı ümumi məsələlərdə bu iki prinsipi özlərinə vacib bilirlər.
Nəhayət, doqquzuncu ayədə Quran möminlərin son əlamətini - namazlarını qorumasını bəyan edir və deyir: "O kəslər ki, namazlarını qoruyurlar”.
( وَالَّذِينَهُمْعَلَىصَلَوَاتِهِمْيُحَافِظُونَ)
Maraqlıdır ki, möminlərin ilk xüsusiyyəti namazda xüșu, son xüsusiyyəti isə namazı qorumaq hesab olunur. Bu qisim namazla başlayır və namazla bitirir. Çünki namaz Xaliqin və məxluqun ən mühüm ünsiyyət vasitəsidir. Namaz ən yüksək tərbiyə məktəbidir. Namaz ruhun oyanış vasitəsi, insanın günahlara qarşı zəmanətidir. Xülasə, namaz qaydasında qılındığı təqdirdə hər kəs üçün etibarlı bir yaxşılıq zəmini olmuş olacaq.
Bir məsələni də xatırlatmaq lazımdır ki, ilk ayə və son ayə iki fərqli mətləbə toxunur və buna görə də namaz bildirən söz ilk ayədə tək şəklində, son ayədə isə cəm şəklində verilmişdir.
Birinci ayə namazın bütün üzvlərə təsir göstərən ruhuna - xüsusi daxili diqqət və xüşu məsələsinə toxunur.
İkinci ayǝ isə namazın qaydalarına - vaxtına, zamanına, məkanına, həmçinin namazların sayına toxunur və namaz qılanlara, möminlərə tövsiyə edir ki, namaz qılarkən bütün bu qaydalara riayət etsinlər.
Namazın əhəmiyyəti haqqında müxtəlif cildlərdə ətraflı söhbət açmışıq.
Bu seçmə əlamətləri qeyd etdikdən sonra Allah-taala onlara bu şəkildə yekun vurur: “Onlardır varis olanlar”.
"Firdövs Cənnətinə varis olanlar orada əbədi qalacaqlar”.
يَرِثُونَالْفِرْدَوْسَهُمْفِيهَاخَالِدُونَ
"Firödvs", əslində, bəzilərinin fikrincə, latın dilindən götürülmə sözdür. Bəziləri onu ərəb, bəziləri isə fars sözü hesab edirlər. "Bağ" deməkdir. Yaxud da bütün ilahi nemətləri özündə toplayan xüsusi bağı bildirir. Buna görə də onu Cənnətin ən üstün bağı adlandırmaq olar.
"Miras almaq" ifadəsi buna işarədir ki, möminlər onu zəhmət çəkmədən əldə edirlər. Necə ki mirası da zəhmətsiz əldə edirlər.
Düzdür, yüksək Cənnət məqamlarına nail olmaq üçün çox çalışmaq, paklanmaq, saflanmaq lazımdır. Amma bu az əməllərin qarşılığında verilən mükafat o qədər böyük və çoxdur ki, sanki insan onu zəhmət çəkmədən almışdır.
Bunu da qeyd etmək lazımdır ki, Peyğəmbərdən (s) nəql olunan bir hədisdə deyilir:
# مامِنْكُمْمِنْأَحَدإِلالَهُمَنْزِلان: مَنْزِلٌفِىالْجَنَّةِ،وَمَنْزِلُفِيالنَّارِ،فَإِنْمَاتَوَ
# دَخَلَالنَّارَوَرِثَأَهْلُالْجَنَّةِمَنْزِلَهُ
"Sizin hər birinizin istisnasız olaraq iki mənzili var. Bir mənzil Cənnətdə, digər mənzil isə Cəhənnəmdə. Əgər Cəhənnəmlik olub oraya getsəniz, Cənnətdəki evinizi Cənnət əhli miras alacaqdır”. Ayədə keçən "irs" ifadəsi həmin mətləbi da çatdıra bilər.
Bəzi təfsirçilər bu ehtimala üstünlük verirlər ki, burada "irs" ifadəsi möminlərinin işinin aqibətinə işarədir. Necə ki miras vərəsəyə sonda çatır.
Hər halda, Cənnətin bu yüksək mərtəbəsi, yuxarıdakı ayələrin zahiri mənasına əsasən, sözügedən xüsusiyyətlərə malik olan möminlərə məxsusdur. Deməli, digər Cənnət əhli daha aşağı mərtəbədədirlər.
İncəliklər:
1\. Möminlərin xilas olması haqqında (əfləhə) keçmiş zaman feilinin seçilməsi daha çox təkid üçündür. Yəni onların xilas olması o qədər qətidir ki, elə bil, artıq baş vermişdir. Ondan öncə (qǝd) sözünün qeyd olunması da bu mövzuda digər bir təkiddir.
(İndiki zaman feili-sifəti və ya indiki zaman şəklində verilmiş) “xaşiun”, “murizun”, “raun”, “yuhafizun” ifadələri isə göstərir ki, möminlərin bu xüsusiyyətləri müvəqqəti və məhdud deyil. Əksinə, daimidir.
2\. Daimi və müvəqqəti həyat yoldaşı.
Yuxarıdakı ayələrdən aydın olur ki, kişilərə yalnız iki qrup qadın halaldır. Birincisi, həyat yoldaşları, ikincisi isə kənizlər (xüsusi şərtlər altında). Bu ayəyə fiqh kitablarında, Nikah fəslində çox istinad edilmişdir. Bəzi əhli-sünnə təfsirçiləri və fəqihləri bu ayəni müvəqqəti evliliyi rədd etmək üçün dəlil kimi göstərmiş və onun da zina (hökmündə) olduğunu iddia etmişlər.
Amma nəzərə almaq lazımdır ki, müvəqqəti evlilik (mütə) Peyğəmbər (s) zamanında, heç şübhəsiz, halal iş idi və heç bir müsəlman onu danmırdı. Bəzilərinə görə, bu hökm İslamın ilk çağlarından mövcud olmuşdur və səhabələr də ona əməl etmişlər. Sonradan isə qüvvədən düşmüşdür. Bəzilərinə görə, onu Ömər ibn Xəttab qadağan etmişdir.
Bütün bunlara baxılarsa, bu qrup əhli-sünnə aliminin sözündən belə çıxır ki, Peyğəmbər (s) zinaya - qısa bir müddət də olsa – icazə vermişdir. Bu, əsla mümkün deyildir.
Bundan başqa, (diqqət edin) "mütə" onların zənnü-gümanının əksinə olaraq, bir növ, nikahdır. Bu nikah müvəqqətidir və daimi evliliyin əksər şərtləri ona da şamildir. Demək, şübhə yoxdur ki, ("yalnız öz zövcələri...") cümləsinə daxildir. Əslində də, müvəqqəti nikah müqaviləsi daimi nikah müqaviləsindən sadəcə “müddət”i qeyd etməklə fərqlənir. Bu, “mütə”nin nikah olmasına ən yaxşı dəlildir.
Müvəqqəti nikah, onun İslamda icazəli olması və bu hökmün sonradan qüvvədən düşməməsinin dəlilləri, həmçinin onun ictimai tərəfi və müxtəlif iradlara cavablar haqqında 3-cü cilddə, “Nisa” surəsinin 24-cü ayəsinin təfsirində ətraflı söhbət açmışıq.
3\. Xüşu namazın ruhudur.
Əgər rükunu, səcdələri, qiraəti və təsbihi namazın cismi hesab etsək, hüzuri-qəlb və daxili diqqət namazın həqiqəti və raz-niyaz etdiyimiz şəxs namazın ruhudur.
Xüşu da, əslində, təvazö, ədəb və ehtiramla yanaşı, hüzuri-qəlbdən başqa bir şey deyil. Beləliklə, aydın olur ki, möminlər namaza ruhsuz bədən kimi baxmırlar. Əksinə, bütün diqqətləri namazın həqiqətinə yönəlmişdir.
Namazda hüzuri-qəlbə, xüşu və xüzuya meyil edən, amma nə qədər çalışsa da, buna nail ola bilməyən insanlar olduqca çoxdur.
Namaz və digər ibadətlərdə hüzuri-qəlb və xüşu əldə etmək üçün aşağıdakı məsələlər tövsiyə olunur:
1-Dünyanı insanın gözündən salacaq və Allahı onun gözündə böyüdəcək bilik və dərkə nail olmaq. O cür ki, heç bir dünyəvi iş məbudla raz-niyaz zamanı insanın diqqətini özünə çəkə, Allahdan yayındıra bilməsin.
2-Dağınıq və müxtəlif işlərə diqqət etmək adətən hiss üzvlərinin təmərküzləşməsinə mane olur. İnsan dağınıq və həyəcanlandırıcı məşğuliyyətləri nə qədər azaltsa, bu onun ibadətində diqqətli olmasına kömək etmiş olacaq.
3-Namaz və digər ibadətlər üçün məkan seçimi də bu məsələyə təsir göstərir. Buna görə də insanın zehnini özünə məşğul edən, diqqətini yayındıran əşyaların qarşısında namaz qılmaq məkruhdur.
Həmçinin açıq qapıların qarşısında, insanların yolunun üstü olan məkanlarda, güzgü, şəkil və s. qabağında namaz qılmaq da bu qəbildəndir.
Buna görə də müsəlmanların məbədi nə qədər sadə, bəzəksiz, təntənəsiz olsa, daha yaxşıdır.
4-Günahdan çəkinmək də təsirli amildir. Çünki günah qəlbi Allahdan uzaqlaşdırır, insanın diqqətini azaldır.
5-Namazın mənasını, zikrlərinin və əməllərinin hikmətini bilmək də başqa bir təsirli amildir.
6-Namazın müstəhəb əməllərini, ona xas qaydaları - istər namaza giriş üçün olsun, istərsə də namazın özündə olsun - icra etmək bu məsələyə böyük kömək edir.
7-Bütün bunlardan əlavə, burada da - digər işlərdə olduğu kimi – məşq, davamlılıq və özünənəzarət əsas rol oynayır. Çox vaxt insan əvvəl-əvvəl, başlanğıcda bütün namazlarda yalnız bir anlığına, ötəri olaraq özünü cəmləşdirmə gücü tapır. Amma namaza davam etdikcə bu güc elə artır ki, namaz zamanı düşüncəsinin qapılarını Allahdan başqasının üzünə mütləq mənada bağlayır (diqqət edin).