Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Əl-Furqan Surəsinin Ayələrinə Qayıt →
Əl-Furqan Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Furqan surəsi, 1-2-ci ayələr

Furqan surəsi, 1-2-ci ayələr



بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ


تَبَارَكَ الَّذِي نَزَّلَ الْفُرْقَانَ عَلَى عَبْدِهِ لِيَكُونَ لِلْعَالَمِينَ نَذِيرًا .١


الَّذِي لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَلَمْ يَتَّخِذْ وَلَدًا وَلَمْ يَكُنْ لَهُ شَرِيكٌ فِي الْمُلْكِ وَخَلَقَ كُلَّ شَيْءٍ فَقَدَّرَهُ تَقْدِيرًا .٢


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. Aləmdəkiləri xəbərdar edib qorxutmaqdan ötrü Öz quluna Furqanı (Quranı) nazil edən kəs əbədi və çox bərəkətlidir!

2\. Göylərin və yerin hökmranlığı Ona məxsusdur. Özünə övlad götürməmişdir və hökmranlıq və mülkiyyətində şəriki yoxdur. Hər şeyi yaradıb dəqiq bir biçim vermişdir.

Ayələrin təfsiri.



Ən üstün tanıma meyarı.

Bu surə (təbarəkə) sözü ilə başlayır və onun kökü (bərəkət) sözüdür. Bildiyimiz kimi, hər hansı bir şeyin bərəkətli olmasının mənası onun davamlı və kamil şəkildə xeyir və faydalı olmasıdır.

Ayə belə buyurur: "Aləmdəkiləri xəbərdar edib qorxutmaqdan ötrü Öz quluna Furqanı (Quranı) nazil edən kəs əbədi və çox bərəkətlidir”.

(تَبَارَكَالَّذِينَزَّلَالْفُرْقَانَعَلَىعَبْدِهِليَكُونَلِلْعَالَمِينَنَذِيرًا)


Allah-taalanın zatının xeyir və bərəkət mənbəyi olması Furqanın, yəni haqq ilə batili bir-birindən ayıran Quranın nazil edilməsi ilə bəyan edilmişdir. Buradan belə bir nəticə əldə olunur ki, insanın an üstün xeyir-bərəkəti onun haqqı batildən ayıran bir vasitəyə sahib olmasıdır.

"Furqan" sözü bəzən Quran, bəzən haqq ilə batili bir-birindən ayıran möcüzə, bəzən də Tövrat mənasında işlədilib. Lakin bu ayə və ondan sonrakı ayələrdə olan əlamətlərdən burada "Furqan" deyilərkən Quran nəzərdə tutulduğu məlum olur.

Bəzi hədislərdə İmam Sadiqdən (ə): “Quran ilə Furqan arasında fərq varmı?" - deyə soruşublar və o Həzrət (ə) belə buyurub: "Quran bu səma kitabının hamısına, Furqan isə “möhkəm” ayələrə işarədir”.

Bu hədis Quranın bütün ayələrinin “furqan” olması ilə ziddiyyət təşkil etmir. Hədisin nəzərdə tutduğu məna Quranın "möhkəm” ayələri "furqan"ın və haqq ilə batilin bir-birindən ayrılmasının ən aydın və bariz nümunələrindən sayılmasıdır.

Qurani-Kərim furqan nemətini təqvalılara verilən böyük mükafat kimi qeyd edib:

ياأَيُّهَاالَّذِينَآمَنُواإِنتَتَّقُوااللهَيَجْعَللَّكُمْفُرْقَانَاً


"Ey iman gətirənlər! Əgər təqvalı olsanız, Allah sizə "furqan" (haqla-nahaqı ayırmaq üçün bir vasitə) verər".

Təqvaya malik olmadan haqq ilə batili bir-birindən ayırd etmək mümkün deyil. Çünki sevgi, nifrət və günah haqqın üstünə qalın pərdə çəkərək insanın ağlını və gözünü kor edir.

Qurani-Kərim ən üstün "furqan”dır.

O, insan həyatının bütün mərhələlərində haqqı batildən ayırmaq üçün vasitədir.

Furqan fərdi və ictimai həyatda haqqı batildən ayıran vasitə, etiqad, əqidə, qanun, hökm, qayda və əxlaq barədə meyar və ülgüdür.

Ayədəki "Öz quluna Furqanı nazil etdi" ifadəsi diqqət cəlb edən ifadədir. Çünki Furqanın nazil edilməsi və haqq ilə batili bir-birindən seçib ayırmaq ləyaqəti xalis bəndəlik və qulluq məqamı nəticəsində yaranır.

Nəhayət, bu ayədə qeyd edilən son məsələ Furqanın nazil edilməsində məqsəd aləmdəkilərin qorxudulmasıdır. Bu, insanın boynuna düşən vəzifələrə görə məsuliyyət hiss etməsi ilə nəticələnən bir təhdiddir. (lil-aləmin - aləmdəkiləri) ifadəsindən İslam dininin cahanşümul xarakter daşıdığı və onun hansısa bölgə, soy və xalqa məxsus olmadığı məlum olur. Hətta bəziləri bu ifadədən Həzrət Peyğəmbərin (s) son peyğəmbər olması mənasını çıxarıblar. Çünki "aləmdəkilər" nəinki məkan, heç zaman baxımından da heç bir məhdudiyyətə malik deyil və o, bütün gələcək nəsillərə də şamil olur. (Diqqət edin!)

Sözügedən ikinci ayədə Furqanı nazil edən Allah dörd sifətlə vəsf edilir. Əslində, həmin sifətlərin biri təməl, qalanları isə onun nəticə və qollarıdır.

Əvvəlcə belə buyurur: "Göylərin və yerin mülkiyyət və hökmranlığı yalnız Ona məxsusdur”.

(الَّذِيلَهُمُلْكُالسَّمَاوَاتِوَالْأَرْضِ)


O, bütün varlıq aləminə, göylərə və yerə hakimdir və heç nə Onun hökmranlıq dairəsindən kənar deyil. Ayənin ərəbcə orijinalında (ləhu) sözünün (mulkus-səmavat) ifadəsindən əvvələ keçməsi ərəb dili qrammatikası baxımından inhisara, yəni həmin şeyin yalnız onda məhdudlaşmasına dəlalət edir. Buna görə də həmin cümlənin mənası həqiqi hökmranlığın, göylərə və yerə hakimliyin yalnız Onda məhdudlaşmasıdır. Çünki Onun hökmranlığı həqiqi, əbədi və gerçəkdir. Başqalarının hökmralığı isə məhdud, müvəqqəti və Ondan asılıdır. Sonra bir-birinin ardınca müşriklərin etiqadını inkar edərək buyurur:

“Özünə övlad götürməmişdir".

Ümumiyyətlə, övlada ehtiyacın yaranmasına bir neçə şey səbəb olur. İnsan ya işlərində onun əməyindən faydalanmaq məqsədi güdür, ya qocalıb zəifləyəndə və ömrün acizlik dövründə onun köməyindən istifadə etmək, ya da yalqızlıq zamanı onunla ünsiyyətdə olmaq istəyir. Şübhəsiz, Onun pak zatında bu ehtiyacların heç biri mövcud deyil.

Beləliklə, bu cümlə xaçpərəstlərin Həzrət İsanın (ə) Allahın oğlu olması, yəhudilərin Üzeyirin Allahın övladı olması və müşrik ərəblərin (Allahın övladının olması) etiqadını inkar edir.

Daha sonra buyurur: "Və (varlıq aləminə) hökmranlıq(ında) və mülkiyyətində şəriki yoxdur”.

(وَلَمْيَكُنلَّهُشَريكَفيالْمُلْكِ)


Müşrik ərəblər Allahın bir və ya bir neçə şərikinin olmasına etiqad bəsləyirdi. Onlar həmin şəriklərin ibadətdə Allaha şərik olmasına inanır, şəfaət üçün onlara üz tutur, öz ehtiyaclarını onlardan istəyirdilər. Hətta həcc üçün "lǝbbeyk" deyərkən aşkar şəkildə “Sənin çağırışını eşidib gəldim, ey bir şərikdən başqa şəriki olmayan və həmin şərikin də sahibi olan Allah! Sən həm o şərikin, həm də onun qullarının sahibisən” və buna bənzər çirkin sözlər deyirdilər.

Quran bu puç və əsassız fikirlərin hamısını inkar və rədd edir. Və ayənin sonuncu cümləsində belə buyurur: "Hər şeyi yaradıb dəqiq bir biçim vermişdir”.

(وَخَلَقَكُلِّشَيْءٍفَقَدَّرَهُتَقْدِيرًا)


O, bütün varlıqları yaradıb; nəinki yaradıb, hələ onların müqəddərat, idarəçilik və ölçülərini də tam dəqiqliklə müəyyənləşdirib.

Bu, dünyanı xeyir və şər, yaxşılıq və pislik toplusu hesab etdikləri kimi, ondakı varlıqların bir hissəsinin Yəzdan, digər bir hissəsinin isə Əhrimən tərəfindən yaradıldığına, yəni yaradılışın Əhrimǝən ilə Yəzdan arasında bölündüyünə etiqad bəsləyən ikiallahlılıq etiqadındakı kimi deyil. Həqiqi təkallahlı insanın nəzərincə, varlıq aləmində xeyirdən başqa bir şey yoxdur. Əgər biz haradasa şər görürüksə, o ya nisbidir, ya yoxluq qismindəndir,' ya da öz əməllərimizin nəticəsidir. (Diqqət edin!)

İncəliklər:



1\. Varlıqların dəqiq ölçülməsi.

Dünyanın hesaba əsaslanan və möhkəm quruluşu tövhid və Allahı tanımağın əsas dəlillərindəndir. Bundan əlavə, onun dəqiq ölçüsü tövhid və Allahı tanımağın digər bir dəlilidir. Biz dünyada olan müxtəlif varlıqların ölçülərinin, onların hesaba əsaslanan kəmiyyət və keyfiyyətinin əsla ehtimal nəzəriyyəsi ilə düz gəlməyən təsadüfə söykəndiyini deyə bilmərik. Alimlər bu barədə bir sıra araşdırmalar aparıblar və bəzi sirləri aşkar ediblər. İnsan bu sirlərlə tanış olduqda heyrətlə dərin fikrə dalır və özündən asılı olmayaraq Allahın əzəmət və qüdrətini mədh etməyə başlayır.

Biz indi onların bəzisini sizə də təqdim edirik.

Alimlərin nəzərincə, əgər yer kürəsinin üst qabığının qalınlığı indikindən on addım çox olsaydı, oksigen, yəni həyat üçün lazım olan ən əsas maddə mövcud olmazdı. Yaxud əgər dənizlərin dərinliyi indikindən bir neçə addım çox olsaydı, yer üzündə olan bütün oksigen və karbon qazları sovrular və yer üzündə bioloji həyat qalmazdı. Böyük ehtimalla yer üzündə olan oksigenin hamısını yer və dəniz suyu özünə çəkər, insan inkişaf etmək üçün bitkilərin böyüməsini və onların vücudundan insana lazım olan oksigenin gəlib ona çatmasını gözləməli idi.

Aparılmış dəqiq hesablamalardan belə məlum olur ki, insanın nəfəs alması üçün müxtəlif yollarla oksigen əldə etmək olar. Lakin burada mühüm məqam havadakı oksigenin miqdarının bizim nəfəs almağımız üçün lazımi qədər olmasıdır.

Əgər yer kürəsini əhatə edən atmosfer qatı mövcud olandan bir az boş olsaydı, hər gün ona dəyib partlayaraq məhv olan milyonlarla səma cismi və meteor yer kürəsinə daxil olar və onun hər tərəfi meteorların hücumuna məruz qalardı.

Bu səma cismləri 6-40 mil/san. arası sürətlə hərəkət edir və dəydiyi yeri partladaraq yandırır. Əgər həmin cisimlərin sürəti olduğundan az, məsələn, bir güllə sürəti qədər olsaydı, onların hamısı yerə düşərdi və bunun da nə fəsadlar törədəcəyi məlumdur.

Əgər insan həmin səma cisimlərinin ən kiçiyinin hərəkət etdiyi yolda dayansa, onların güllədən 90 dəfə çox sürətlə hərəkət edən istiliyi onu yandırıb məhv edər.

Atmosferin sıxlığı elə həddədir ki, o, kosmik şüaların bitkilərin inkişafı üçün lazım olan qədərini yerə buraxır, bütün zərərli mikrobları elə fəzada məhv edir, xeyirli vitaminlər yaradır.

Yerdən əsrlər boyu davamlı şəkildə müxtəlif qazların - onların əksəriyyəti də zəhərli qazlardır - qalxmasına və havada yayılmasına baxmayaraq, yer üzünün havası çirklənməyib və insanın öz həyatını davam etdirməsi üçün lazım olan özünün normal halını qoruyub saxlayıb.

Bu heyrtamiz tarazlığı yaradan və qoruyub saxlayan dəniz və okeanlardır. Həyat əhəmiyyətli maddələr, qida məhsulları, yağış, havanın normal olması, bitkilər və nəhayət, insanın vücudu onun bərəkətindəndir. Dərrakəli şəxs dənizin əzəməti müqabilində baş əyməli və nemətlərinə görə ona minnətdar olmalıdır...

2\. Tənasüb və tarazlıq.

Heyvan və bitki həyatının yaranması üçün oksigenlə karbonat turşusu arasında yaradılmış heyrətamiz tənasüb və dəqiq tarazlıq alimlərin diqqətini çəkib və onları düşünməyə vadar edib. Lakin karbonat turşusunun həyat əhəmiyyətli olmasını insanların çoxu bilmir. Karbonat turşusu camaat arasında qazlı suların hazırlandığı qaz xüsusiyyəti ilə məşhurdur.

Xoşbəxtlikdən, karbonat turşusu yerə yaxın məsafədə yerləşən və oksigendən ayrılması çətin olan ağır və qatı qazdır. Yanan od üzərinə oksigen, karbon və hidrogendən ibarət odun qoyulanda istilik nəticəsində kimyəvi parçalanma baş verir və karbon son dərəcə sürətlə oksigenlə qarışaraq karbonat turşusu yaradır. Həmçinin hidrogen də həmin sürətlə oksigenlə qarışaraq su buxarı yaradır. Tüstü xalis və heç nə ilə tərkibə daxil olmamış karbondan ibarətdir.

İnsan nəfəs alanda müəyyən qədər oksigen udur və qan oksigeni bədənin hər tərəfinə çatdırır. Yeməyi müxtəlif hüceyrələrdə yavaş-yavaş, asta və zəif istiliklə yandıran da həmin oksigendir. Bu zaman onun karbonat turşusu və su buxarı da çıxır.

Bu səbəbdən zarafatla deyilən "filankəs təndir kimi ah çəkir” cümləsi, əslində, həqiqətdir.

Qidanın hüceyrələrdə "yanma"sı nəticəsində əmələ gələn karbonat turşusu qazı ağ ciyərə daxil olur, növbəti tənəffüslə ətraf mühitə qayıdır. Beləliklə, bütün canlılar oksigen alır, karbonat turşusu buraxırlar.

3\. Nəzarət və tarazlıq.

Bu dünyada mövcud olan nəzarət və tarazlıq həqiqətən də heyrət doğurur. Təbiətdə mövcud olan bu tarazlıq heyvanların hər nə qədər böyük, yırtıcı və vəhşi olsalar da, dünyaya hakim olmasına mane olur. Təbiətdə olan bu tarazlığı yalnız insan pozur və o, bitki və heyvanları bir yerdən başqa bir yerə aparır. Lakin tez bir zamanda özünün bu "dəcəlliyinin bədəlini ödəyir. Çünki bitkilərdən gələn bəlalar və heyvan xəstəlikləri insana sağalmaz yaralar vurur.

Aşağıda qeyd edəcəyimiz hadisə insanın öz həyatını davam etdirməsi üçün həmin nəzarət və tarazlığa necə riayət etməsi barədə çox yaxşı nümunədir.

Neçə il bundan əvvəl Avstraliyada əkin sahələrinin ətrafındakı hasarların kənarına kaktus kimi tanınan bitkinin bir növünü əkirlər. Çünki həmin vaxt Avstraliyada bu bitkiyə düşmən olan həşərat olmayıb. Kaktuslar heyrətamiz şəkildə çoxalıb artmağa başlayır və çox keçmədən İngiltərə adasının ərazisi qədər bir ərazini tutur, camaatın öz ev- eşiyini tərk etməsinə, əkin sahələrinin məhv olmasına, əkinçiliyin qeyri- mümkün hala düşməsinə səbəb olur.

Yerli sakinlər əllərində olan bütün vasitələrdən istifadə edirlər, lakin heç bir müsbət nəticə əldə edə bilmirlər. Avstraliya səssiz və inadkar kaktus “ordusunun işğalına məruz qalmaq təhlükəsi ilə üzləşir.

Alim və mütəxəssislər bu bəlaya çarə axtarmağa başlayırlar və nəhayət, yalnız kaktusun gövdə və yarpağı ilə qidalanan, ondan başqa heç nə yeməyən, asanlıqla törəyib artan və Avstraliyada heç bir "düşməni” olmayan həşərat tapırlar. Beləcə, həmin həşərat bitkiyə qalib gəlir və kaktus hücumu təhlükəsi tamamilə aradan qalxır. Kaktuslar məhv olduqdan sonra həmin həşəratlar da məhv olurlar. Onların yalnız cüzi bir hissəsi qalır və onlar davamlı şəkildə kaktusun inkişaf və artımını nəzarətdə saxlayırlar.

Yaradılış təbiətdə belə bir nəzarət və tarazlıq bərqərar edib və onun çox böyük faydası da var.

Nə üçün qütbdə çoxlu ağcaqanad olduğu halda, malyariya bütün yer üzünü bürüməyib və insan nəslinin kəsilməsinə səbəb olmayıb?

Nə üçün bir vaxtlar Nyu-Yorkun yaxınlığına kimi gedib çıxmış sarı qızdırma ağcaqanadları dünyanı viran qoymayıblar?

Yaxud nə üçün yalnız ekvatorial-tropik bölgələrdə yaşaya bilən və yuxu xəstəliyi törədicisi olan qlossina milçəkləri yer üzündə insanların nəslini kəsməyib? (Bunların hamısının qarşısı hesaba əsaslanan bir sistem vasitəsi ilə alınıb.)

Bu barədə bizim tarix boyu hansı afət və xəstəliklərlə əlbəyaxa olduğumuzu, onlardan qorunmaq üçün heç bir vasitəyə malik olmadığımızı, heç bir gigiyenik qayda barədə məlumatımızın olmamasını yada salmağımız kifayətdir. Əgər biz bunları yada salsaq, vücudumuzun heyrətamiz şəkildə necə qorunduğunu başa düşərik.