Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Əş-Şuəra Surəsinin Ayələrinə Qayıt →
Əş-Şuəra Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Şüǝra surəsi, 1-6-cı ayələr

Şüǝra surəsi, 1-6-cı ayələr



بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ


طسم .١


تِلْكَ آيَاتُ الْكِتَابِ الْمُبِينِ .٢


لَعَلَّكَ بَاخِعٌ نَفْسَكَ أَلَّا يَكُونُوا مُؤْمِنِينَ .٣


إِنْ نَشَأْ نُنَزِّلْ عَلَيْهِمْ مِنَ السَّمَاءِ آيَةً فَظَلَّتْ أَعْنَاقُهُمْ لَهَا خَاضِعِينَ .٤


وَمَا يَأْتِيهِمْ مِنْ ذِكْرٍ مِنَ الرَّحْمَنِ مُحْدَثٍ إِلَّا كَانُوا عَنْهُ مُعْرِضِينَ .٥


فَقَدْ كَذَّبُوا فَسَيَأْتِيهِمْ أَنْبَاءُ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ .٦


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. Ta, Sin, Mim.

2\. Bunlar açıq-aydın kitabın ayələridir.

3\. Onlar iman gətirmədiyinə görə, görünür, qəm-qüssədən özünü həlak etmək istəyirsən.

4\. Əgər Biz istəsək, göydən onlara elə bir əlamət göndərərik ki, onun önündə boyunları itaətkarlıqla əyilər.

5\. Rəhman Allahdan onlara elə bir yeni zikr gəlməz ki, ondan üz çevirməsinlər.

6\. Onlar yalan saydılar. Məsxərəyə qoyduqlarının (cəza) xəbəri onlara yetişəcəkdir.

Ayələrin təfsiri.



Onlar hər yeni şeydən vahimələnirlər.

Bu surənin əvvəlində də müqəttəə hərflərinin başqa nümunəsi ilə qarşılaşırıq. "Ta, Sin, Mim".

Bu və buna bənzər digər müqəttəə hərflərinin təfsiri barədə "Bəqərə", "Ali-İmran" və "Əraf” surələrinin əvvəlində geniş izah vermişik və burada onları təkrar etməyə ehtiyac yoxdur.

Bundan əlavə, Həzrət Peyğəmbərdən (s) və səhabələrdən "Ta, Sin, Mim” hərflərinin təfsiri barədə bir çox hədis nəql edilib və onlardan belə məlum olur ki, bu hərflər Allahın, Quranın, müqəddəs məkanların, bəzi Cənnət ağaclarının və sairənin adlarının qısaldılmış formasıdır. Həmin hədislər bu kitabın altıncı cildində "Əraf" surəsinin əvvəlində bu barədə qeyd etdiyimiz təfsiri təsdiqləyir. Həmçinin onlar “Bəqərə” surəsinin əvvəlində dediklərimizlə - "onlarda məqsəd Quranın möcüzəvi cəhətini və əzəmətini, yəni bu böyük kəlamın bu sadə və adi hərflərdən təşkil edilməsini bəyan etməkdir” fikri ilə ziddiyyət təşkil etmir.

Sonrakı ayə Quranın əzəmətini belə bəyan edir: "Bunlar açıq-aydın kitabın ayələridir”.

تِلْكَآيَاتُالْكِتَابِالْمُبِينِ


Ərəb dilində (tilkə) sözü uzağa işarə üçün işlədilən əvəzilikdir və onun mənası "o" və ya "onlar"dır. Ərəb dilində bir şeyin əzəmətini bəyan etmək üçün onun barəsində uzağa işarə edən əvəzlikdən istifadə edirlər. Bunun mənası həmin məsələnin bizim əlimiz çatmayacaq qədər mühüm, uca və göylərdə olmasıdır.

Bu ayənin tam eynisi "Yusif" və "Qəsǝs" surələrinin əvvəlində də mövcuddur. O, qeyd edilən yerlərin hamısında müqəttəə hərflərindən sonra gəlib və bu, həmin hərflərlə Quranın əzəməti arasında əlaqənin olduğunu göstərir.

Quranın kökü (bəyan) sözü olan (mubin) sözü ilə vəsf edilməsinin mənası onun əzəmət və möcüzəvi cəhətinin aşkar olmasıdır. İnsan Quranın məzmununa diqqət etdikcə onun möcüzə olduğunu daha yaxşı başa düşür.

Bundan əlavə, Quran haqqı batildən ayıran, xoşbəxtlik və qələbə yoluna aydınlıq gətirərək onu azğınlıqdan xilas edən vasitədir.

Sonra Həzrət Peyğəmbərə (s) təsəlli verərək buyurur: "Onlar iman gətirmədiyinə görə, görünür, qəm-qüssədən özünü həlak etmək istəyirsən”.

(لَعَلَّكَبَاخِعٌنَفْسَكَأَلَّايَكُونُوامُؤْمِنِينَ)


Ayənin ərəbcə orijinalında işlənmiş (baxi) sözünün kökü (bəx) sözüdür və onun mənası “insanın qəm-qüssənin çoxluğundan özünü həlak etməsi"dir. Bu ifadə Həzrət Peyğəmbərin (s) insanlara nə qədər ürəyinin yandığını, öz peyğəmbərlik missiyasının yerinə yetirilməsində nə qədər israrlı olduğunu, teşnə insanların saf Quran və İslam çeşməsinin başında oturub yenə də susuzluqdan ah-nalə etməsini gör- məkdən narahat olduğunu göstərir. O Həzrət (s) ağılı olan şəxsin bu qədər işıq saçan çırağın olmasına baxmayaraq, yenə də yolunu azmasından, uçuruma yuvarlanıb məhv olmasından narahat idi.

Bütün peyğəmbərlər, xüsusilə İslam Peyğəmbəri (s) belə olub və bu ifadə Quranda onun barəsində dəfələrlə təkrar edilib.

Bəzi təfsirçilərin nəzərincə, bu ayənin nazilolma səbəbi Həzrət Peyğəmbərin (s) məkkəliləri davamlı olaraq tövhidə dəvət etməsi, amma onların iman gətirməməsi olub. O Həzrət (s) onların iman gətirməməsindən çox narahat idi və bu narahatlığın əlaməti onun üzündən də məlum olurdu. Həmin vaxt bu ayə nazil olur və o Həzrətə (s) təsəlli verir.

Sonrakı ayə Allahın hər şeyə, hətta onların hamısını məcburi şəkildə iman gətirməyə vadar etməyə qadir olduğunu sübut etmək üçün buyurur: "Əgər Biz istəsək, göydən onlara elə bir əlamət göndərərik ki, onun önündə boyunları itaətkarlıqla əyilər”.

Yəni Biz istəsək, onların gözünü qamaşdıran möcüzə göstərməyə və ya onlara çox ağır və dəhşətli əzab nazil etməyə qadirik və nəticədə, onların hamısı qeyri-ixtiyari şəkildə təzim edər, təslim olar. Lakin bu məcburi imanın heç bir dəyəri yoxdur. Əsas məsələ onların haqq qarşısında öz istəkləri ilə, ixtiyari və şüurlu şəkildə, düşünərək baş əymələridir.

"Boyunun itaətkarlıqla əyilməsi” deyilərkən onların sahibinin əyilməsi nəzərdə tutulur. Ərəb dilində “boyun" insan bədəninin mühüm üzvü sayıldığı üçün o, məcazi olaraq insanın özü barəsində işlədilmişdir. Buna görə də birinin tabe olması barədə “boyun əymək”, güclü və istismarçı insanlar barəsində "boynuyoğun”, yazıq və fağır insanlar barəsində isə "boynubükük” sözü işlədilir.

Buradakı "boyunlar” sözünün təfsiri barədə başqa ehtimallar da verilib. Məsələn, "boyunlar” sözünün mənası “başçılar" və ya "insanların bir dəstəsi"dir. Lakin bunlar zəif ehtimallardır.

Sonra müşrik və kafirlərin Qurana qarşı çıxmalarına işarə edərək buyurur: "Rəhman Allahdan onlara elə bir yeni zikr gəlməz ki, ondan üz çevirməsinlər”.

(وَمَايَأْتِيهِممِّنذِكْرٍمِّنَالرَّحْمَنِمُحْدَتَإِلَّاكَانُواعَنْهُمُعْرِضِينَ)


“Zikr” sözünün işlədilməsi Quranın bütün surə və ayələrinin oyadıcı və maarifləndirici olmasına, lakin bu dəstənin oyaqlıq və maariflənməkdən uzaq durmasına işarədir. Həmçinin "Rəhman” sözü bu ayələrin rəhməti ümumi olan Allah tərəfindən nazil olmasına və Onun bütün insanları xoşbəxtlik və kamala dəvət etməsinə işarədir.

Ola bilər, onda məqsəd insanların şükür hissini təhrik etmək olsun. Yəni bu kəlamlar nemətləri sizi bütünlüklə əhatə etmiş Allah tərəfindəndir. Belə olan halda, sizə nemət verəndən necə üz döndərirsiniz?! Onun sizi cəzalandırmaqda tələsməməsi də rəhmətindən qaynaqlanır. Ayənin ərəbcə orijinalında işlənmiş (muhdǝs - yeni, təzə) sözü Quran ayələrinin bir-birinin ardınca nazil olmasına, hər birinin məzmununun yeni olmasına, amma onların bu yeni həqiqətlərlə də uyğunlaşmamasına və ata-babalarının keçmiş xurafatları ilə sanki həmişəlik əhd-peyman bağlamalarına və nadanlıq, azğınlıq və xurafatdan əl çəkmək istəməmələrinə işarədir. Nadan, təəssübkeş və inadkar insanlar həmişə yeni şeylərə hətta onların hidayət, agahlıq və qurtuluşuna səbəb olsa belə, qarşı çıxırlar.

"Muminun" surəsinin 68-ci ayəsində belə buyurulur:

أَفَلَمْيَدَّبَّرُواالْقَوْلَأَمْجَاءَهُممَّالَمْيَأْتِآبَاءهُمُالْأَوَّلِينَ


"Məgər onlar bu söz haqqında düşünmürdülər? Yoxsa onlara ulu babalarına gəlməyən bir şey gəlib (onunla yeni olması bəhanəsi ilə mübarizə aparırlar)?"

Son ayədə buyurulur ki, onlar yalnız üz döndərməklə kifayətlənmir, təkzib, ondan da pisi istehza mərhələsinə çatırlar. "Onlar yalan saydılar. Məsxərəyə qoyduqlarının (cəza) xəbəri onlara yetişəcəkdir (və onlar öz əməllərinin ağır cəzasından xəbərdar olacaqlar)”.

فَسَيَأْتِيهِمْأَنْبَاءِمَاكَانُوابِهِيَسْتَهْزِئُونَ


Ayənin ərəbcə orijinalında işlənmiş (ənba) sözü (nəbə) sözünün cəmidir və onun mənası "mühüm xəbər"dir. Burada nəzərdə tutulan fikir bu dünyada və axirətdə onları haqlayacaq ağır cəzalardır.

Bəzi təfsirçilər - məsələn, Şeyx Tusi "Tibyan" təfsirində bu cəzaları ancaq axirət cəzalarında məhdudlaşdırsalar da, əksəriyyəti onun mənasının ümumi olduğunu və hər iki dünya cəzalarını ehtiva etdiyini deyiblər. Bu, həqiqətən də belədir. Çünki ayənin mənası ümumidir. Bundan əlavə, küfr və inkar insanın həyatında geniş əks təsirə malikdir və onlara necə göz yummaq olar?!

Bu və bundan əvvəlki ayədən belə məlum olur ki, insan əyri yola düşəndə onun haqq ilə fasiləsi durmadan artır. Belə ki o, əvvəl haqdan üz döndərir və ona etinasızlıq göstərir, sonra tədricən təkzib və inkar mərhələsinə çatır, sonra bir az da irəli gedib haqqı lağa qoyaraq rişxənd edir. Bundan sonra Allahın cəzası onu haqlayır. (Buna bənzər ifadə "Ənam" surəsinin əvvəlində - 4 və 5-ci ayəsində də işlədilib.)

İncəliklər:



1\. Məcburi iman.

İmam Əli (ə) xütbələrinin birində bu həqiqətə işarə edərək buyurub ki, Allah-taala peyğəmbərləri insanların iman gətirmək üçün azad şəkildə qərara gəlmək imkanına malik olduğu bir şəraitdə göndərib. Əks-təqdirdə iman məcburi olar və onun heç bir faydası olmazdı. O Həzrət (ə) belə buyurub: "Əgər Allah istəsəydi, Öz peyğəmbərlərini göndərəndə qızıl xəzinələrinin və mədənlərinin, yamyaşıl bağların qapısını onların üzünə açardı. Həmçinin Allah istəsəydi, göydəki quşları və yer üzünün yırtıcı heyvanlarını onlarla birlikdə göndərərdi. Lakin Allah bu işi görsəydi, onda sınaq olmaz, mükafat və əzab heç bir əhəmiyyət daşımazdı”.

"Kafi” kitabında sözügedən ayə barəsində belə nəql edilib: “Əgər Allah istəsəydi, göydən bir əlamət göndərərdi və boyunlar onun qarşısında itaətkarlıqla təzim edərdi. Əgər belə etsəydi, sınaq bütün insanların boynundan götürülərdi”.

Müfidin "İrşad" kitabında, həmçinin "Rövzətül-kafi", Səduqun "Kəmalud-din" və "Təfsiri-Qumi" kimi məşhur kitablarda İmam Sadiqin (ə) "əgər Biz istəsək, göydən onlara elə bir əlamət göndərərik ki..." ayəsinin təfsirində belə buyurması nəql edilib: “Nəzərdə tutulan şəxslər Əməvi azğınlarıdır. Mehdi (ə) qiyam edəndə onlar göydə bir əlamət görəcək və çarəsizlikdən onun qarşısında təslim olacaqlar”.

Bu qəbildən olan hədislər ayənin geniş mənasının bariz nümunələrindən birini bəyan etmək xarakteri daşıyır və demək istəyir ki, cahanşümul hökumətə rəhbərlik edəcək Həzrət Mehdi (ə) zühur edəndə Əməvilərin yolunu davam etdirən bütün zalım hökumətlər məcbur qalıb Həzrət Mehdinin (ə) qüdrəti və Allahın ona göstərdiyi yardımlar qarşı- sında təslim olacaqlar.

2\. Quranın "hadis", yoxsa "əzəli" olması.

İslamın erkən çağlarında müsəlmanlar arasında gedən mühüm bəhslərdən biri Allahın kəlamının "hadis", yoxsa "əzəli" olması olub. Bu mübahisə təfsir kitablarına da sirayət edib və bəzi təfsirçilər ayənin ǝrǝbcə orijinalında işlənmiş (muhdəs) sözünə istinad edərək onu Quranın "hadis" olmasına dəlil gətiriblər. Lakin bu bəhslərin heç birinin məntiqi əsası yoxdur. Bu kimi bəhslərin müsəlmanlar arasında qızışmasında həmin dövrlərin Əməvi və Abbasi hakimlərinin rolu olub və onlar bunu müsəlmanların diqqətini mühüm və ciddi məsələlərdən yayındırmaq üçün ediblər. Onların bu bəhsləri qızışdırmasında əsas məqsədi İslam alimlərinin marağını bu kimi məsələlərə yönəldərək öz istədiklərini həyata keçirmək olub.

Çünki "Allahın kəlamı" deyəndə Quranın məzmunu nəzərdə tutulursa, o, elə əzəldən Allahın elmində mövcud olub və Allah onun hamısından xəbərdar olub. Lakin məqsəd vəhyin, Quranın söz və hərflərinin nazil olmasıdırsa, şübhəsiz, o, "hadis"dir. Buna görə də onun bir baxımdan "hadis", digər baxımdan isə "əzəli" olması inkaredilməzdir və bunda şübhə yoxdur. İslam cəmiyyəti, xüsusilə alimlər ayıq olmalı, düşmən və zalımların ortaya atdığı azdırıcı bəhslərlə məşğul olmamalıdırlar.