Ən-Nəml Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
Nəml surəsi, 1-6-cı ayələr
Nəml surəsi, 1-6-cı ayələr
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
طس تِلْكَ آيَاتُ الْقُرْآنِ وَكِتَابٍ مُبِينٍ .١
هُدًى وَبُشْرَى لِلْمُؤْمِنِينَ .٢
الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ بِالْآخِرَةِ هُمْ يُوقِنُونَ .٣
إِنَّ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ زَيَّنَّا لَهُمْ أَعْمَالَهُمْ فَهُمْ يَعْمَهُونَ .٤
أُولَئِكَ الَّذِينَ لَهُمْ سُوءُ الْعَذَابِ وَهُمْ فِي الْآخِرَةِ هُمُ الْأَخْسَرُونَ .٥
وَإِنَّكَ لَتُلَقَّى الْقُرْآنَ مِنْ لَدُنْ حَكِيمٍ عَلِيمٍ .٦
Ayələrin tərcüməsi
Rəhman və Rəhim Allahın adı ilə!
1\. Ta, Sin. O, Quranın və aydınlıq gətirən açıq-aşkar bir kitabın ayələridir.
2\. Möminlərə doğru yolu göstərən bələdçi və müjdədir.
3\. O kəslərə ki, namaz qılır, zəkat verir və axirətə möhkəm inamları var.
4\. Axirətə iman gətirməyənlərin (pis) əməllərini onlara gözəl göstərdik. Odur ki, onlar şaşqın gəzirlər.
5\. Bunlar əzabı ağır olacaq kimsələrdir. Onlar axirətdə ən çox ziyana uğrayanlardır.
6\. Həqiqətən, bu Quran sənə hikmət sahibi və bilən tərəfindən təlqin edilir.
Ayələrin təfsiri.
Quran hikmət sahibi və bilən tərəfindəndir.
Bu surənin əvvəlində də müqəttəə hərfləri var: "Ta Sin". Bu hərflərdən dərhal sonra Quranın əzəmətindən danışıldığı üçün, çox güman ki, onun sirlərindən biri bu əzəmətli kitab və açıq-aydın ayələrin elə bu sadə əlifba hərflərdən təşkil edilməsi, bu sadə maddələrdən belə bir misilsiz əsər yaradan müəllifin sitayişə layiq olmasıdır. Biz "Bəqərə”, “Ali-İmran” və “Əraf” surələrinin əvvəlində bu barədə geniş danışmışıq.'
Buyurur: "O, Quranın və aydınlıq gətirən açıq-aşkar bir kitabın ayələridir”.
تلْكَآيَاتُالْقُرْآنوكتابمُّبِين
Uzağı işarə edən əvəzlikdən ("tilkə" "o") istifadə edilməsi bu ilahi ayələrin əzəmətini bəyan etmək üçündür. Həmçinin (mubin) sözü Quranın həm özünün aydın olmasına, həm həqiqətlərə aydınlıq gətirməsinə təkid məqsədi daşıyır.
Bəzi təfsirçilər "Quran" və "aydınlıq gətirən açıq-aşkar bir kitab" ifadələrinin iki ayrı mənaya işarə olması ehtimalını veriblər. Onlar "aydınlıq gətirən açıq-aşkar bir kitab" ifadəsinin "Lövhi-məhfuz"a işarə olduğunu deyiblər. Amma ayənin zahirindən belə məlum olur ki, onların hər ikisi bir həqiqətə işarə edir və onların biri söz və tilavət libasında, ikincisi isə yazı libasındadır.
Sözügedən ayələrin ikincisində Quranın daha iki sifəti bəyan edilib: "Möminlərə doğru yolu göstərən bələdçi və müjdədir”.
Üçüncü ayədə möminlər belə təqdim edilib:
“O kəslərə ki, namaz qılır, zəkat verir və axirətə möhkəm inamları var”.
(الَّذِينَيُقِيمُونَالصَّلَاةَوَيُؤْتُونَالزَّكَاةَوَهُمبِالْآخِرَةِهُمْيُوقِنُونَ)
Beləcə, onların həm yaradılış və məada etiqadı möhkəmdir, həm də Allah və insanlarla əlaqələri möhkəmdir. Buna görə də qeyd edilən sifətlər onların kamil etiqad və geniş əməli proqramlarına işarədir.
Burada qarşıya belə bir sual çıxır ki, əgər bu dəstə möminlər həm etiqad, həm də əməl baxımından düz yoldadırlarsa, daha onların hidayəti üçün Quranın gəlməsinə nə ehtiyac var?
Amma hidayətin özünün müxtəlif mərhələlərinin olmasını və hər bir mərhələnin digər üstün mərhələ üçün müqəddimə olmasını nəzərə alanda bu sualın cavabı məlum olur.
Bundan əlavə, hidayətin davam etməsinin özü mühüm məsələdir. Biz gecə-gündüz namazlarımızda "bizi düz yola yönəlt" deməklə Allahdan bizi bu yolda sabit saxlamasını istəyirik. Onun lütfü olmadan bu davamiyyətin olması mümkün deyil.
Buradan belə nəticə çıxır ki, Quran ayələri və aydınlıq gətirən açıq- aşkar kitabdan yalnız haqsevər ruha malik olan və həqiqət axtaran şəxslər - hətta kamil hidayətə çatmasalar belə - istifadə edə bilər.
Quranın bir yerdə təqvalılar, bir yerdə müsəlmanlar, burada isə möminlər üçün hidayət mənbəyi kimi təqdim edilməsinin bir səbəbi də budur ki, insanın qəlbində, heç olmasa, təqva, Allaha təslim olmaq və imanın müəyyən mərhələsi olmadıqca, o, həqiqət arxasınca getmir və aydınlıq gətirən bu aşkar kitabın nurundan bəhrələnmir. Çünki onu qəbul edən yerin ləyaqəti də olmalıdır.
Bütün bunlardan əlavə, hidayət mənbəyi və müjdənin birlikdə olması ancaq möminlərə aiddir. Buradan da belə məlum olur ki, bəzi ayələrdə Quranın geniş mənada bütün insanlar üçün hidayət mənbəyi kimi təqdim edilməsində ("insanları doğru yola yönəldən") məqsəd haqqı qəbul etmək ləyaqəti və hazırlığı olan kəslərdir. Yoxsa ki, təəssübkeş və inadkarların qəlbi o qədər kordur ki, onlara bir Günəş əvəzinə min Günəş işıq saçsa da, ondan zərrəcə bəhrələnən deyillər.
Sonra dördüncü ayədə möminlərin müqabilində dayanan dəstənin halına işarə edilib və onların ən təhlükəli vəziyyətlərindən biri belə təsvir edilib: "Axirətə iman gətirməyənlərin (pis) əməllərini onlara gözəl göstərdik. Odur ki, onlar sərsəri gəzirlər”.
Onların gözünə napaklıq paklıq, çirkinlik gözəllik, alçaqlıq şərəf, bədbəxtlik xoşbəxtlik kimi görünür.
Bəli, səhv yolda addımlayan və o yoldan vaz keçməyən şəxslərin vəziyyəti belədir. Bildiyimiz kimi, insan çirkin və səhv iş görəndə həmin işin pislik və çirkinliyi onun gözündə tədricən azalmağa başlayır və o, həmin işə adət edir. Bir müddət sonra o, həmin işə vərdiş edir, onun üçün bəhanələr tapır, onu gözəl görməyə başlayır, hətta bu əməllər onun gözünə vacib bir vəzifə kimi görünür. Bir çox cinayətkar və murdar insanlar öz əməlləri ilə həqiqətən öyünür və onu özləri üçün iftixar mənbəyi hesab edirlər.
İnsanın gözündə dəyərlərin dəyişməsi və meyarların alt-üst olması onun həyatın dolanbac yollarında sərgərdan qalması ilə nəticələnir və bu, insanın düşə biləcəyi ən pis durumdur.
Maraqlıdır ki, sözügedən ayədə və Quranın digər bir ayəsində "gözəl göstərmək" Allaha, səkkiz yerdə isə şeytana nisbət verilib, on yerdə isə məchul feil ("gözəl göstərilib”) şəklində qeyd edilib. Əgər diqqət etsək, onların hamısının bir həqiqəti bəyan etdiyini görərik.
Onun Allaha nisbət verilməsinin səbəbi Allahın varlıq aləmində "səbəblər səbəbi” olması və hər bir varlığın sonu gedib Allaha çıxan təsirə malik olmasıdır. Bəli, Allah-taala əməlin təkrar edilməsində belə bir xüsusiyyət qoyub ki, insan hər hansı bir əməli təkrarladıqca yavaş- yavaş ona adət edir və onun fərqləndirmə hissi dəyişir. Bu nə insanın boynundan məsuliyyət hissinin götürülməsinə, nə də Allaha irad tutulmasına səbəb olur. (Diqqət edin!)
Onun şeytan, ya nəfsi istəyə nisbət verilməsinin səbəbi də onların yaxın və vasitəsiz səbəb olmalarıdır.
Onun bəzən də məchul feil kimi qeyd edilməsi bunun - təkrar nəticəsində vərdiş, adət, sevgi və bağlılıq yaranmasının əməlin təbiətindən qaynaqlanmasına işarə etmək üçündür.
Beşinci ayədə əməllərin gözəl göstərilməsinin nəticəsinə işarə edir və həmin şəxslərin aqibətini belə bəyan edir: "Bunlar, əzabı ağır olacaq kimsələrdir”.
( أَوْلَئِكَالَّذِينَلَهُمْسُوءُالْعَذَابِ)
Onlar dünyada sərgərdan, məyus və pərişan qalacaq, axirətdə isə qorxulu əzablara düçar olacaqlar.
وَهُمْفِيالْآخِرَةِهُمُالْأَخْسَرُونَ
“Onlar axirətdə ən çox ziyana uğrayanlardır“
Onların axirətdə ən çox ziyana uğrayan olmasının səbəbi "Kəhf” surəsinin 103-104-cü ayələrində qeyd edilib:
قُلْهَلْتُنَبِّئُكُمْبِالْأَخْسَرِينَأَعْمَالًا. الَّذِينَضَلَّسَعْيُهُمْفِيالْحَيَاةِالدُّنْيَاوَهُمْيَحْسَبُونَأَنَّهُمْيُحْسِنُونَصُنْعًا
"De: "Sizə əməllərində ən çox ziyana uğrayanların kimlər olduğunu xəbər verimmi? O kəslər haqqında ki, dünya həyatındakı səyləri boşa çıxdığı halda, yaxşı işlər gördüklərini güman edirdilər".
İnsanın çirkin əməllərini gözəl əməl kimi görməsindən, müsbət iş gördüyünü güman edib bütün səy və təlaşını həmin istiqamətə yönəlt- məsindən, amma sonda bədbəxtlikdən başqa heç nə əldə etməməsindən böyük ziyan ola bilərmi?!
Sözügedən son ayədə Quranın məzmununun əzəməti barədə qeyd edilənləri təkmilləşdirmək və peyğəmbərlərin həmin ayədən dərhal sonra başlayan hekayətinə giriş olaraq belə buyurur: “Həqiqətən, bu Quran sənə hikmət sahibi və bilən tərəfindən təlqin edilir"
الْقُرْآنَمِنلَّدُنْحَكِيمٍعَلِيمٍ
"Hikmət sahibi" və "bilən" sifətlərinin hər ikisi Allahın elminə işarə olsa da, "hikmət sahibi" adətən məsələnin əməli cəhətini bəyan edir, "bilən" isə nəzəri cəhətini bəyan edir. Başqa sözlə desək, “bilən” sifəti Allahın sonsuz elmindən, "hikmət sahibi" sifəti isə bu aləmin yaradılması və Quranın nazil edilməsində nəzərdə tutulan hikmət və məqsəddən xəbər verir. Belə bir Allah tərəfindən nazil olmuş bu Quran aydın, aydınlıq gətirən, möminlərin hidayət və müjdə mənbəyi olan bir kitab olmalı, onun hekayətləri hər hansı bir xurafat və təhrifdən uzaq olmalıdır.
İncəlik:
Realizm və iman.
İnsanın həyatında mühüm məsələlərdən biri gerçəklikləri olduğu kimi dərk etməsi və onun qarşısında düzgün mövqe seçməsi, güman, mülahizə, sapmış meyil, sevgi və məhəbbətin gerçəklikləri olduğu kimi görmək və dərk etməyə mane olmamasıdır. Fəlsəfə barəsində deyilmiş ən mühüm tərif budur ki, fəlsəfə əşyaların həqiqətini olduğu kimi dərk etməkdir.
Buna görə də məsumların Allaha etdikləri ən mühüm dua "İlahi, mənə əşyaları (gerçəklikləri, varlıqları) olduğu kimi göstər (ki, dəyərləri düzgün tanıyım və onların haqqını yerinə yetirim)!" olub.
Bu, imansız mümkün deyil. Çünki bu yolun ən böyük maneəsi itaətsiz nəfsi istəklərdir. Həmin maneənin aradan qaldırılması təqva və nəfsi istəklərin nəzarətdə saxlanılmasından başqa cür mümkün deyil.
Buna görə də öncə qeyd edilən ayədə oxuduq: "Axirətə iman gətirməyənlərin (pis) əməllərini onlara gözəl göstərdik. Odur ki, onlar sərsəri gəzirlər”.
Biz bunun canlı nümunəsini dövrümüzün dünyapərəstlərinin həyatında görürük. Onlar, əslində, xarlıq və rüsvayçılıqdan başqa bir şey olmayan şeylərlə öyünür və onları mədəniyyət sayırlar.
Onlar özbaşınalığı azadlıq, qadınların çılpaqlıq və çirkin işlərlə məşğul olmasını mədəniyyət, şöhrətpərəstlik yarışına girməyi şəxsiyyət nişanəsi, müxtəlif fəsadlara qərq olmağı hürriyyət əlaməti, qətl, cinayət və vurub-yıxmağı qüdrət nişanəsi, dağıdıcılıq və başqalarının sərmayəsini qəsb etməyi abadlaşdırma, kütləvi informasıya vasitələrinin əxlaqa zidd proqramlar istiqamətində istifadə edilməsini insanların istəyinə hörmətlə yanaşmaq, məhrumların haqlarının ayaq altına atılmasını insan hüquqlarına hörmət, çirkin vərdişlərə, nəfsi istəklərə, alçaq və rüsvayçı işlərə aludəçiliyi azadlığın bir növü, saxtakarlıq, hiyləgərlik və başqa hər nə yolla olur olsun mal və sərvət əldə etməyi istedad və ləyaqət nişanəsi, ədalət, insaf və başqalarının haqlarına riayət etməyi fərsizlik və bacarıqsızlıq, yalan, vədəxilaflıq, ikiüzlülük və riyakarlığı siyasət nişanəsi hesab edirlər.
Xülasə, pis və alçaq işlər gözlərinə elə gözəl görsənər ki, ondan nəinki xəcalət çəkməz, əksinə, onunla öyünərlər. Belə bir dünyanın necə olacağını və ona tərəf gedən yolun hansı olduğunu fikirləşəndə hər şey aydın olur.