Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Əl-Qəsəs Surəsinin Ayələrinə Qayıt →
Əl-Qəsəs Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Qəsəs surəsi, 1-6-ci ayələr

Qəsəs surəsi, 1-6-ci ayələr



بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ


طسم.١


تِلْكَ آيَاتُ الْكِتَابِ الْمُبِينِ .٢


نَتْلُو عَلَيْكَ مِنْ نَبَإِ مُوسَى وَفِرْعَوْنَ بِالْحَقِّ لِقَوْمٍ يُؤْمِنُونَ .٣


إِنَّ فِرْعَوْنَ عَلَا فِي الْأَرْضِ وَجَعَلَ أَهْلَهَا شِيَعًا يَسْتَضْعِفُ طَائِفَةً مِنْهُمْ يُذَبِّحُ أَبْنَاءَهُمْ وَيَسْتَحْيِي نِسَاءَهُمْ إِنَّهُ كَانَ مِنَ الْمُفْسِدِينَ .٤


وَنُرِيدُ أَنْ نَمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِينَ .٥


وَنُمَكِّنَ لَهُمْ فِي الْأَرْضِ وَنُرِيَ فِرْعَوْنَ وَهَامَانَ وَجُنُودَهُمَا مِنْهُمْ مَا كَانُوا يَحْذَرُونَ .٦


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. Ta, Sin, Mim.

2\. O, açıq-aydın kitabın ayələridir.

3\. Biz iman gətirən insanlar üçün Musa ilə Fironun əhvalatının bir hissəsini olduğu kimi sənə oxuyacağıq.

4\. Firon yer üzündə təkəbbürlülük göstərib onun əhalisini zümrələrə bölürdü, bir zümrəni əzir, oğlan uşaqlarının başını kəsir, qadınlarını isə sağ buraxırdı. Həqiqətən, o, fitnə-fəsad törədənlərdən idi.

5\. Biz istəyirdik ki, yer üzündə əzilən kəslərə minnət qoyaq, onları yer üzünün öndərləri və varisləri edək,

6\. hökmranlıqlarını yer üzündə möhkəmləndirək, Firona, Hamana və onların qoşunlarına qorxub çəkindikləri şeyi göstərək.

Ayələrin təfsiri.



Biz əzilən kütlənin qələbəsini istəyirik!

Biz on dördüncü dəfədir ki, Quran surələrinin əvvəlində müqəttəə hərfləri ilə qarşılaşırıq. (ta sin mim) hərfləri ilə qarşılaşmağımız isə üçüncü və sonuncu dəfədir.

Dəfələrlə qeyd etdiyimiz kimi, Quranın müqəttəə hərfləri müxtəlif cür təfsir edilmiş və biz "Bəqərə", "Ali-İmran" və "Əraf” surələrinin əvvəlində bu barədə geniş danışmışıq.

Bundan əlavə, (Ta sin mim) hərfləri barəsindəki çoxsaylı hədislərdən belə məlum olur ki, bu müqəttəə hərfləri Allahın sifətlərinin, ya müqəddəs məkanların adının qısaldılmış formasıdır. Amma eyni zamanda bu, dəfələrlə təkid etdiyimiz məşhur təfsirlə - "Allah hamıya bu həqiqəti bəyan etmək istəyir ki, bəşəriyyət tarixində böyük inqilab və dəyişiklik mənbəyi olmuş, eləcə də insanların kamil xoşbəxtlik proqramı olan bu əzəmətli səmavi kitab hər bir uşağın tələffüz edə bildiyi əlifba hərfləri kimi sadə vasitədən təşkil olunub” – ziddiyyət təşkil etmir. Olduqca böyük əhəmiyyətə malik bu məhsulun hamının ixtiyarında olan belə sadə maddələrdən hazırlanması əzəmətin son həddidir.

Bəlkə də, elə bu səbəbdən Allah-taala həmin müqəttəə hərflərindən sonra Qurani-Kərimin əzəmətindən söz açaraq belə buyurur: "Bu (əzəmətli ayələr), (həm özü aydın olan, həm də insanların xoşbəxtlik yolunu işıqlandıran) açıq-aydın kitabın ayələridir".

"Açıq-aydın kitab" ifadəsinin "Yunus" surəsinin 61-ci ayəsində - “Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın “وَلَا أَصْغَرَ مِن ذَلِكَ وَلا أَكْبَرَ إِلا في كتاب مُّبِين” və Hud surəsinin 6-cı ayəsində – “Bunların hamısı açıq-aşkar bir kitabda qeyd edilmişdir” (s) – işlənməsinə və həmin yerlərdə “Lövhi-məhfuz” mənasında təfsir edilməsinə baxmayaraq, sözügedən ayədəki “ayələr” sözü va ondan sonrakı ayədəki "sənə oxuyacağıq" ifadəsi onun mənasının Quran olmasına dəlalət edir.

Ayənin ərəbcə orijinalında Quran barəsində (mubin) sözü işlədilmişdir. Lüğət kitablarından da məlum olduğu kimi, (mubin) sözü həm təsirsiz - "aydın" - həm də təsirli – “aydınlıq gətirən" mənası verir. Qurani-Məcid öz açıq-aydın məzmunu ilə həm haqqı batildən, həm də düz yolu azğınlıqdan seçib ayırır və aydınlaşdırır.

Quran bu qısa müqəddimədən sonra Həzrət Musa (ə) ilə Fironun hekayətinə keçərək belə buyurur: "Biz iman gətirən insanlar üçün Musa ilə Fironun əhvalatının bir hissəsini olduğu kimi sənə oxuyacağıq"

. تَتْلُواعَلَيْكَمِننَّبَإِمُوسَىوَفِرْعَوْنَبِالْحَقِّلِقَوْمٍيُؤْمِنُونَ)


Ayənin ərəbcə orijinalında hər hansı bir şeyin hamısını deyil, yalnız bir hissəsini ifadə etmək üçün işlədilən (min) sözündən belə məlum olur ki, burada qeyd edilənlər macəradolu həmin hekayətin mövcud şəraitə uyğun olan bir hissəsidir.

Həmçinin (olduğu kimi) ifadəsindən anlaşılır ki, ayədə qeyd edilənlər hər hansı xurafat, yalan, əfsanə və uydurmadan uzaqdır, yalnız haqq, həqiqət, gerçəklikdən ibarətdir. “İman gətirən insanlar üçün" ifadəsi bu həqiqətə təkid edir ki, Məkkədə təzyiq altında olan, eləcə də digər möminlər - düşmən hər nə qədər güclü, sayca çox, imanlılar isə hər nə qədər az, təzyiq altında və zahirdə əzilsələr də - özlərində zəiflik və süstlük hiss etməməlidirlər. Çünki Allahın qüdrəti qarşısında hər şey asandır.

Musanı (ə) Fironu məhv etmək üçün elə Fironun öz qucağında böyüdən, əzilən qulları yer üzünün hakimi, azğın zalımları isə xar və zəlil edən, südəmər körpəni təlatümlü dalğalar arasında qoruyan, Fironun sayca milyonlarla olan qüvvətli adamını dalğalar arasında dəfn edan Allah sizi xilas etməyə qadirdir.

Bəli, bu ayələr onlardan ilhamlanan və çoxsaylı problemlər arasında öz hədəflərinə doğru irəliləyən möminlərə görə nazil olmuşdur. Əslində, bu, ümumi işarə idi. Ayələrin davamında məsələ daha müfəssəl izah edilərək buyurulur: "Firon yer üzündə təkəbbürlülük göstərdi”.

إِنَّفِرْعَوْنَعَلَافِيالْأَرْضِ


O, zəif bir bəndə idi, nadanlıq üzündən öz həddini aşdı və hətta allahlıq iddiası etmək həddinə qədər irəlilədi.

Ayənin ərəbcə orijinalında işlənmiş (yer üzü) ifadəsi Misir və onun ətraf bölgələrinə işarədir. Belə ki yer üzünün abad ərazilərindən biri həmin bölgə olduğu üçün bu ifadə qeyd-şərtsiz işlədilmişdir. İfadənin əvvəlindəki müəyyənlik artiklinin "əhd ǝlif-lamı" olması və Misirin nəzərdə tutulması ehtimalı da var.

Hər halda, o, öz təkəbbürlülüyünün təməlini möhkəmləndirmək üçün bir neçə cinayətə əl atıb:

Birincisi, ayədə də buyurulduğu kimi, Misir əhalisi arasında təfriqə salmağa çalışaraq “onun əhalisini zümrələrə bölürdü”.

Bu, tarix boyu təkəbbür sahiblərinin hakimiyyətinin əsasını təşkil edən siyasət olub. Çünki çox kiçik bir azlıq böyük bir çoxluğa yalnız “Parçala, hökm sür!” prinsipi ilə hökmranlıq edə bilər. Onlar həmişə birlikdən və tövhiddən qorxublar və bu, indi də belədir. Zalımlar xalqın birlik və vəhdətindn çox qorxurlar. Buna görə də onların hakimiyyətinin qorunmasının yeganə yolu məhz təbəqələşmədir. Bu işi Firon və hər bir əsrin öz fironları görüblər və bu gün də görməkdədirlər.

Bəli, Firon da Misir xalqını iki bəlli dəstəyə böldü: həmin diyarın yerli sakinləri olan və rifah vasitələrini, sarayları, sərvətləri və vəzifələri öz əlinə almış qibtilər və bir də qul, kölə və kəniz kimi onların əlinə keçmiş sibtilər, yəni Bəni-İsrail mühacirləri.

Onlar - Bǝni-İsrail mühacirləri yoxsulluğa qərq olmuşdular, ən çətin işlər heç bir mənfəəti olmadan onların boynuna düşürdü. (Hər iki dəstə barəsində "əhali" sözünün işlədilməsinin səbəbi İsrail oğullarının bir müddət orada yaşaması və artıq oranın həqiqi əhalisinə çevrilməsidir.)

Misir fironlarının özləri üçün bir qəbir tikmək məqsədilə (Misirin paytaxtı Qahirə yaxınlığındakı məşhur Xeops ehramı) iyirmi il yüz min qul işlətdiyini, həmin iş əsnasında onlardan minlərlə nəfərinin şallaq zərbələri, yaxud çox işlətmək nəticəsində öldüyünü eşidəndə vəziyyətin nə yerdə olduğunu daha yaxşı başa düşmək olur.

Fironun ikinci cinayəti həmin diyarın bəzi insanlarını əzməsi idi. Quran belə buyurur: “Bir zümrəni əzir, oğlan uşaqlarının başını kəsir, qadınlarını isə sağ buraxırdı”.

(يَسْتَضْعِفُطَائِفَةًمِّنْهُمْيُذَبِّحُأَبْنَاءهُمْوَيَسْتَحْيِينِسَاءهُمْ)


O, göstəriş vermişdi ki, diqqətlə baxsınlar, Bəni-İsrail oğullarından dünyaya gələn oğlan uşaqlarını qılıncdan keçirsinlər, amma əgər doğulan körpə qız olsa, xidmət etmək üçün kəniz kimi saxlasınlar. Görəsən, o, bu hərəkəti ilə nə etmək istəyirdi?

Məşhur nəzərə əsasən, o, yuxuda görmüşdü ki, Beytül-müqəddəs tərəfdən bir alov qalxır və Misirin bütün evlərini bürüyür, qibtilərin evlərini yandırır, lakin İsrail oğullarının evlərinə toxunmur.

O, yuxuyozanlardan onun yuxusunu yozmalarını istəyir. Ona deyirlər ki, Beytül-müqəddəsdən bir kişi çıxacaq, Misir və fironların hökuməti onun əli ilə məhv olacaq."

Həmçinin nəql edilənlərə əsasən, bəzi kahinlər ona deyirlər ki, Bəni- İsraildə bir oğlan uşağı doğulacaq və o, sənin hökumətini məhv edəcək. Buna görə də Firon Bəni-İsraildən dünyaya gələn oğlan uşaqlarını məhv etmək qərarına gəlir.

Başqa bir qrup təfsirçilərin ehtimalına görə, keçmiş peyğəmbərlər Musanın (ə) zühur etməsi müjdəsini vermiş, onun bəzi xüsusiyyətlərini qeyd etmişdilər. Fironçular bunu biləndən sonra qorxuya düşmüş və mübarizəyə qalxmışdılar."

Lakin ayədə “bir zümrəni əzir” ifadəsinin ardınca “oğlan uşaqlarının başını kəsir" cümləsinin gəlməsi başqa şeyi bəyan edir. Yəni fironçular Bəni-İsraili zəiflətmək üçün belə bir plan hazırlamışdılar ki, onların qiyam etmək iqtidarında olan və fironçularla vuruşa bilən kişilərini məhv etsinlər, təkbaşına qiyam etmək və mübarizəyə qalxmaq gücü olmayan qız və qadınlarını isə xidmətçi kimi saxlasınlar.

Bu nəzərin digər bir dəlili “Ğafir” surəsinin 25-ci ayəsidir. Həmin ayədən belə məlum olur ki, oğlan uşaqlarının öldürülüb qızların saxlanılması hətta Musanın (ə) qiyamından sonra da davam edib:

فَلَمَّاجَاءَهُمبِالْحَقِّمِنْعِندِنَاقَالُوااقْتُلُواأَبْنَاءالَّذِينَآمَنُوامَعَهُوَاسْتَحْيُوانِسَاءهُمْوَمَاكَيْدُالْكَافِرِينَإِلَّافِيضَلَالٍ.


"Tərəfimizdən onlara həqiqəti bəyan etdikdə onlar dedilər: "Musa ilə birlikdə iman gətirənlərin oğullarını öldürün, qadınlarını isə sağ buraxın!" Amma kafirlərin planı boşa çıxar".

"Qadınlarını isə sağ buraxırdı" cümləsinin zahirindən bəlli olur ki, onlar qız və qadınların sağ qalmasında israrlı idilər və bunun səbəbi onlardan xidmətçi kimi, ya cinsi həzz almaq üçün istifadə etmək, ya da bunların hər ikisi olub.

Bu ayənin son cümləsində öncə deyilənlərdən ümumi nəticə çıxarılır və Fironun bu əməllərinin səbəbi bəyan edilərək belə buyurulur: "Həqiqətən, o, fitnə-fəsad törədənlərdən idi".

Xülasə, Fironun işi yer üzündə fitnə-fəsad törətməkdən ibarət idi. Onun təkəbbürlülük etməsi də, Misirdə təbəqələşmə yaratması da, İsrail oğullarına işgəncə verməsi, oğullarını öldürüb qızlarını kəniz kimi saxlaması da fitnə-fəsad idi. Onun qeyd edilənlərdən başqa digər fitnə-fəsadları da olub.

Təbii ki, təkəbbürlü və eqoist insanlar yalnız öz mənafelərini düşünürlər. Şəxsi mənafe ilə ədalət, fədakarlıq və altruizm tələb edən ictimai mənafe heç vaxt bir-biri ilə düz gələ bilməz. Buna görə də həmin vaxt baş verəcək şey həyatın bütün sahələrini əhatə edən fitnə- fəsaddan başqa bir şey ola bilməz.

Həmçinin kökü (zibh) sözü olan (yuzǝbbihu) feilindən belə məlum olur ki, fironçular İsrail oğulları ilə qoyun və heyvan kimi davranmışlar və həmin günahsız insanların başını heyvan başını kəsən kimi kəsmişlər.

Fironun bu cinayətkar əməli barədə müxtəlif hekayətlər nəql edilmişdir. Bəzilərinin nəzərincə, Firon Bəni-İsraildən olan hamilə qadınların çox ciddi nəzarətdə saxlanılması və onlara ancaq qibti və fironçu qadınların mamaçalıq etməsi göstərişini vermişdi. O, bunu ona görə etmişdi ki, əgər dünyaya gələn körpə oğlan olsa, mamaça dərhal Misirin hökumət məmurlarına xəbər versin və cəlladlar gəlib öz "qurbanlıqlar"ını götürüb aparsınlar.

Fironun bu cinayəti nəticəsində Bəni-İsraildən dəqiq nə qədər adamın qurban getməsi məlum deyil. Bəziləri onların sayının doxsan min, bəziləri isə yüz min olduğunu qeyd etmişlər. Firon və onun ətrafındakılar bu qəddar cinayətləri ilə Bəni-İsrailin qiyamının və Allahın qəti istəyinin qarşısını ala biləcəklərini düşünürdülər.

Bu ayədən dərhal sonra buyurulur: "Biz istəyirdik ki, yer üzündə əzilən kəslərə minnət qoyaq, onları yer üzünün öndərləri və varisləri edək”.

وَنُرِيدُأَننَّمُنَّعَلَىالَّذِينَاسْتُضْعِفُوافِيالْأَرْضِوَنَجْعَلَهُمْأَئِمَّةًوَنَجْعَلَهُمُالْوَارِثِينَ


"Hökmranlıqlarını yer üzündə möhkəmləndirək, Firona, Hamana və onların qoşunlarına qorxub çəkindikləri şeyi göstərək”.

الْأَرْضِوَنُرِيفِرْعَوْنَوَهَامَانَوَجُنُودَهُمَامِنْهُممَّاكَانُوايَحْذَرُونَ


Son iki ayə nə qədər dolğun və ümudvericidir! Çünki bu ayələr ümumi qanun şəklində və davamlılığa dəlalət edən indiki-gələcək zaman feili ilə bəyan edilmişdir ki, kimsə onun ancaq Bəni-İsrailin əzilən kütlələrinə və Firon hökumətinə aid olduğunu güman etməsin. Allah-taala "Biz istəyirdik ki..." buyuraraq Özünün filan şeyi elə etmək istədiyini bəyan edir. Yəni Firon İsrail oğullarını məhv etmək, onların cah-calalını dağıtmaq istəyirdi, amma Biz onların güclü və qalib olmasını istəyirdik. O, hökmranlığın əbədi olaraq təkəbbürlülərin əlində qalmasını istəyirdi, amma Biz hakimiyyəti əzilənlərə həvalə etmək istəyirdik və sonda elə də oldu.

Öncə də qeyd etdiyimiz kimi, ayədəki (minnət qoyaq) ifadəsinin mənası "nemət bəxş etmək”dir və o, qarşı tərəfi alçaltmaq məqsədilə edilən və pis olmasında şübhə olmayan "dil minnəti”ndən tamamilə fərqli bir şeydir.

Allah-taala bu iki ayədə əzilənlər barəsindəki Öz istəyini bəyan edərək bu barədə bir-biri ilə sıx bağlı olan beş məsələni qeyd etmişdir. Birincisi, Biz onlara Öz nemətlərimizi bəxş etmək istəyirik: “Biz istəyirdik ki, yer üzündə əzilən kəslərə minnət qoyaq”.

İkincisi, Biz onları rəhbərlər etmək istəyirik: "Onları yer üzünün öndərləri edək".

Üçüncüsü, Biz onları zalımların hökmranlığının varisi etmək istəyirik: "....və varisləri edək".

Dördüncüsü, Biz onlara güclü və sabit hökmranlıq verəcəyik: “Hökmranlıqlarını yer üzündə möhkəmləndirək”.

Və nəhayət, beşincisi, düşmənlərin qorxduğu və əleyhinə bütün qüvvələrini səfərbər etdiyi şeyi onlara göstərək: "Firona, Hamana və onların qoşunlarına qorxub çəkindikləri şeyi göstərək".

Bu, Allahın əzilən kütlə barəsindəki lütf və mərhəmətidir. Bəs, görəsən, onlar kimlərdir və hansı xüsusiyyətlərə malikdirlər? Biz, inşallah, "İncəliklər" başlığı altında bu barədə danışacağıq.

Haman Fironun məşhur vəziri olmuşdur. Onun Firon hökumətindəki nüfuzu o qədər güclü idi ki, sözügedən ayədə Misir qoşununun Firon və Hamanın qoşunu olması qeyd edilmişdir. (Haman barəsində, inşallah, bu surənin 38-ci ayəsinin təfsirində daha ətraflı məlumat verəcəyik.)

İncəliklər:



1\. Əzilənlərin cahanşümul hakimiyyəti.

Öncə də qeyd etdik ki, bu ayə ancaq Bəni-İsrailə aid bir məsələdən danışmır, bütün zaman və əsrlər, bütün millət və cəmiyyətlər üçün ümumi bir qanunu bəyan edir. Ayədə belə buyurulur: "Biz istəyirdik ki, yer üzündə əzilən kəslərə minnət qoyaq, onları yer üzünün öndərləri və varisləri edək”.

( وَنُرِيدُأَننَمُنَّعَلَىالَّذِينَاسْتُضْعِفُوافِيالْأَرْضِوَنَجْعَلَهُمْأَئِمَّةًوَنَجْعَلَهُمُالْوَارِثِينَ)


Bu, haqqın batilə, imanın küfrə qələbəsi barədə bir müjdədir.

Bu, bütün azad, haqq-ədalətin hakim olmasını, zülmün kökünün kəsilməsini istəyən insanlar üçün müjdədir.

Həqiqətdə bu ilahi istəyin gerçəkləşməsinin nümunələrindən biri İsrail oğullarının hökmranlığı və fironçuların hökumətinin sona çatmasıdır.

Onun daha kamil nümunəsi İslamın zühurundan sonra Peyğəmbərin (s) və o Həzrətin (ə) səhabələrinin qurduğu hökumət olmuşdur. Belə ki bu hökumət öz dövrlərinin fironları tərəfindən daim təhqir və istehza edilən, təzyiq, zülm və haqsızlığa məruz qalan yoxsul və kasıb, amma qəlbi pak iman sahiblərinin hökuməti idi.

Nəhayət, Allah-taala həmin dəstənin əli ilə xosrovların, imperatorların saraylarını fəth etdi, onları hökmranlıq taxtından saldı, təkəbbür sahiblərini xar etdi.

Qeyd edək ki, bunun daha geniş nümunəsi Həzrət Mehdi (ə.f) vasitəsilə bütün yer kürəsində qurulacaq haqq-ədalət hökuməti olacaq.

Bu ayələr aydın şəkildə elə bir hökumətin bərqərar olacağı müjdəsini verən ayələrdəndir. Buna görə də hədislərdə Əhli-beyt imamları (ə) bu ayənin təfsirində həmin böyük zühura işarə etmişlər.

"Nəhcül-bəlağə”də İmam Əli (ə) belə buyurmuşdur:

# لَتَعْطِفَنَّالدُّنْياعَلَيْنَابَعْدَشِمَاسِهَاعَطْفَالضَّرُوسِعَلَىوَلَدِهَاوَتَلَاعَقِيبَذَلِكَ


# وَنُرِيدُأَنْنَمُنَّعَلَىالَّذِينَاسْتُضْعِفُوافِيالْأَرْضِ.


“Dünya südünü sağmaq istəyən şəxsə verməkdən imtina edib bala- sına saxlayan dəvə kimi tərslik və itaətsizlikdən sonra bizə üz tutacaq..."

Daha sonra o Həzrət (ə) "Biz istəyirdik ki, yer üzündə əzilən kəslərə minnət qoyaq..." ayəsini oxudu.

İmam Əli (ə) sözügedən ayənin təfsirində nəql edilmiş digər bir hədisdə belə buyurmuşdur:

# عدوهم.


# هُمْآلُمُحمّد (صلىاللهعليهوآله) يبْعَثُاللهمَهْدِيهُمْبَعْدَجَهْدِهِمْ،فَيعِزُّهُمْوَيَذِلُّ


"Onlar Muhəmmədin (s) əhli-beytidir. Zəhmət və təzyiqdən sonra Allah onların Mehdisini (ə.f) göndərəcək, onlara izzət verəcək, düş- mənlərini xar edəcək"

İmam Zeynül-abidin Əli ibn Hüseyndən (ə) nəql edilmiş hədisdə belə oxuyuruq:

# وَالَّذِيبَعَثَمُحَمَّداًبالْحَقِّبَشِيرًاوَنَذِيراً،إِنَّالْاَبْرَارَمِنَاأَهْلَالْبَيتِوَشِيعَتَهُمْ


# بِمَنْزِلَةِمُوسىوَشِيعَتِهِ،وَإِنْعَدُوَّناوَأَشْيَاعَهُمْبِمَنْزِلَةِفِرْعَوْنَوَأَشْيَاعِهِ


"And olsun Muhəmmədi (s) haqq olaraq müjdə verən və qorxudan kimi göndərən Allaha, biz Əhli-beytin yaxşıları və onların davamçıları Musa və onun davamçıları kimidirlər, bizim düşmənlərimiz və onların davamçıları Firon və onun davamçıları kimidirlər”. (Sonda biz qalib gələcəyik və onlar məhv olacaqlar; haqq-ədalət hökuməti bizim olacaq.)

Əlbəttə, Mehdinin (ə.f) sonda qurulacaq cahanşümul hökuməti ondan qabaq əzilən kütlənin təkəbbürlülər əleyhinə qiyam edib məhdud çərçivədə İslam hökuməti qurması ilə ziddiyyət təşkil etmir. Onlar nə vaxt belə bir şəraitə malik olsalar, Allahın qəti vədi və istəyi onların barəsində də gerçəkləşəcək və bu qələbə onlara da nəsib olacaq.

2\. "Əzilənlər" və "təkəbbürlülər” kimlərdir?

Bildiyimiz kimi, (müstəzəf) sözünün kökü (zəf) sözüdür və o, “istifal" babına salındığı üçün onun mənası “zəif hala salınmış və zəncirlənmiş kəs"dir. Başqa sözlə desək, (müstəzəf) sözünün mənası “zəif, aciz və gücsüz” demək deyil. (müstəzəf) faktiki və potensial qüvvəyə malik olan, amma zalımlar tərəfindən güclü təzyiqə məruz qalan, lakin əl-qolunda əsarət zəncirinin olmasına baxmayaraq, sakit oturmayan, təslim olmayan, zəncirləri parçalamaq, azad olmaq, zalımların şərini uzaqlaşdırmaq və haqq-ədalət dinini bərqərar etmək üçün daim səy göstərib çalışan şəxsdir.

Allah-taala yardım etmək və onları yer üzünə hakim etmək vədini nəinki mübarizə meydanına qədəm basıb qurban verməyə, heç fəryad qoparmağa belə, hazır olmayan fərsiz və qorxaqlara deyil, qeyd edilən xüsusiyyətlərə malik şəxslərə verib.

Bəni-İsrail də öz rəhbəri Musanın (ə) başına toplaşandan, qüvvə- lərini səfərbər edəndən, hamısı eyni sırada yer alandan, babaları İbrahimdən (ə) onlara miras qalmış imanın qalıqlarını Musanın (ə) dəvəti ilə təkmilləşdirəndən, xurafatları zehinlərindən təmizləyəndən və qiyama hazır olandan sonra fironçuların hökumətinin varisi ola bildi.

Əlbəttə, (müstəzəf), yəni hər hansı bir kütlənin əzilməsi müxtəlif cəhətlərdən – ideoloji, mədəni, iqtisadi, əxlaqi, siyasi — ola bilər. Amma Quranda daha çox siyasi və əxlaqi baxımdan əzilən kütlələri nəzərdə tutulur.

Şübhəsiz, təkəbbürlü zalımlar özlərinin zalımanə siyasətlərinin təməlini möhkəmləndirmək üçün öz qurbanlarını hər şeydən qabaq ideoloji və mədəni baxımdan, daha sonra iqtisadi baxımdan əzməyə çalışırlar ki, əsla gücləri qalmasın və qiyam edib hakimiyyəti ələ almağı zehinlərindən belə keçirməsinlər.

Qurani-Məcidin beş yerində (müstəzəf) kəslərdən (əzilən kütlələrdən) danışılmış və ümumilikdə zalımların təzyiqləri altında olan möminlərdən söz açılmışdır.

Bir yerdə möminləri Allah və imanlı (müstəzəf) (əzilən kütlələr) yolunda mübarizə aparmağa və cihad etməyə dəvət edərək belə buyurmuşdur:

وَمَالَكُمْلاَتُقَاتِلُونَفِيسَبيلِاللهِوَالْمُسْتَضْعَفِينَمِنَالرِّجَالِوَالنِّسَاءِوَالْوِلْدَانِالَّذِينَيَقُولُونَرَبَّنَاأَخْرِجْنَامِنْهَــذِهِالْقَرْيَةِالظَّالِمِأَهْلُهَاوَاجْعَللَّنَامِنلَّدُنكَوَلِيًّاوَاجْعَللَّنَامِنلَّدُنكَنَصِيرًا


"Nə üçün "Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən (Məkkədən) kənara çıxart, bizə Öz tərəfindən himayəçi göndər, yardımçı yolla!” - deyə dua edən zəiflədilmiş, çarəsiz hala salınmış kişilər, qadınlar və uşaqlar uğrunda Allaha xatir vuruşmursunuz?”

Təkcə bir yerdə zalım olan, kafirlərlə əməkdaşlıq edən, amma (müstəzəf) olmaq iddiasında olan kəslərdən söz açılmışdır. Quran onların iddiasını rədd edərək buyurur ki, siz küfr və fəsad diyarından hicrət edərək onların əlindən qurtula bilərdiniz və bunu etmədiyiniz üçün yeriniz Cəhənnəmdir.

Quran hər yerdə “مستضعف” kəsləri himayə edib, onlar xoşluqla yad edərək təzyiq altında olan, Allahın lütfünün şamil olunduğu mücahid və çalışqan möminlər hesab etmişdir.

3\. Tarixin bütün təkəbbürlülərinin ümumi davranış tərzi Bəni-İsraili əsir etmək üçün kişilərini öldürüb qadınları xidmətçi kimi saxlayan təkcə Firon olmamışdır. Tarix boyu bütün zalımlar belə olmuş və onlar bütün vasitələrdən istifadə edərək fəal qüvvələri işdən salmışlar.

Kişiləri öldürə bilməyəndə də kişiliyi öldürür və fəsad vasitələrini və narkotik maddələri yayaraq pozğunluğa, şərab, qumar və digər qeyri- sağlam əyləncə vasitələrinə rəvac verərək onların şücaət, cəngavərlik və iman ruhunu öldürürdülər ki, rahatlıqla öz azğın hökmranlıqlarını davam etdirə bilsinlər.

Amma Allah elçiləri, xüsusilə İslam Peyğəmbəri (s) gənclərin yatmış qüvvələrini oyatmağa və onlara azadlıq verməyə, hətta qadınlara “kişilik” dərsi öyrətməyə, onları da təkəbbürlülərlə mübarizədə kişilərın sırasına qoşmağa çalışmışdır.

Bu iki proqramın nümunələrini həm tarixdə, həm də bu gün bütün müsəlman ölkələrində çox yaxşı görmək mümkündür və buna görə də onu ətraflı izah etməyə ehtiyac görmürük.