Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Ər-Rum Surəsinin Ayələrinə Qayıt →
Ər-Rum Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Rum surəsi, 1-7-ci ayələr

Rum surəsi, 1-7-ci ayələr



بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ


الم .١


غُلِبَتِ الرُّومُ .٢


فِي أَدْنَى الْأَرْضِ وَهُمْ مِنْ بَعْدِ غَلَبِهِمْ سَيَغْلِبُونَ .٣


فِي بِضْعِ سِنِينَ لِلَّهِ الْأَمْرُ مِنْ قَبْلُ وَمِنْ بَعْدُ وَيَوْمَئِذٍ يَفْرَحُ الْمُؤْمِنُونَ .٤


بِنَصْرِ اللَّهِ يَنْصُرُ مَنْ يَشَاءُ وَهُوَ الْعَزِيزُ الرَّحِيمُ .٥


وَعْدَ اللَّهِ لَا يُخْلِفُ اللَّهُ وَعْدَهُ وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ .٦


يَعْلَمُونَ ظَاهِرًا مِنَ الْحَيَاةِ الدُّنْيَا وَهُمْ عَنِ الْآخِرَةِ هُمْ غَافِلُونَ .٧


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. Əlif, Lam, Mim.

2\. Rumlular məğlub oldular;

3\. (Bu məğlubiyyət) ən yaxın bir yerdə (baş verdi). Lakin onlar (bu) məğlubiyyətdən sonra qələbə çalacaqlar;

4\. bir neçə il ərzində. İstər (bu məğlubiyyətdən) əvvəl olsun, istərsə də sonra, bütün işlər Allaha məxsusdur. O gün möminlər sevinəcəklər;

5\. Allahın köməyi ilə. O, istədiyinə kömək edir. O, qüdrət sahibidir, rəhmlidir.

6\. Bu, Allahın verdiyi vəddir. Allah Öz vədinə xilaf çıxmaz. Amma insanların çoxu bilmir.

7\. Onlar dünya həyatının yalnız görünən tərəfini bilir, axirətdən isə qafildirlər.

Ayələrin nazilolma səbəbi.



Böyük təfsirçilərin yekdil nəzərinə əsasən, bu surənin ilk ayələrinin nazilolma səbəbi Həzrət Peyğəmbər (s) Məkkədə olanda və möminlərin azlıq təşkil etdiyi dövrdə iranlılarla rumlular arasında müharibənin baş verməsi və bu müharibədə iranlıların qələbə qazanması olmuşdur.

Məkkə müşrikləri bunu özləri üçün müsbət əlamət və bütpərəstliyin dəlili hesab etmişlər. Onlar iranlıların məcusi və müşrik (ikiallahlı), rumluların isə xaçpərəst və kitab əhli olduğunu deyirdilər. İranlılar rumlulara qalib gəldilərsə, deməli, son qələbə şirkə məxsusdur; tezliklə İslamın da “kitabı bağlanacaq” və biz qalib gələcəyik.

Bu cür deduksiyalar əsassız olsa da, həmin mühitdə nadan insanlara təsir göstərirdi. Bu, müsəlmanlara ağır gəlirdi. Həmin vaxt sözügedən ayələr nazil oldu və qətiyyətlə bəyan etdi ki, bu müharibədə iranlılar qalib gəlsələr də, tezliklə rumlulara məğlub olacaqlar. Ayədə öncədən verilən bu xəbərin hətta təxmini vaxtı da qeyd edildi və bildirildi ki, bu iş bir neçə ilin içində baş verəcək.

Quranın öncədən qətiyyətlə verdiyi bu xəbər bir tərəfdən bu səmavi kitabın möcüzə olmasının və onu gətirənin Allahın sonsuz qeyb elminə əsaslanmasının nişanəsi, digər tərəfdən iranlıların rumlulara qələbəsini özləri üçün müsbət nişanə sayan müşriklərə cavab idi. Bu ayələr müsəlmanların ruhiyyəsini elə gücləndirmişdi ki, deyilənlərə görə, onlar bəzi müşriklərlə bu məsələyə görə mərc də gəlmişdilər. (Qeyd edək ki, o zaman bu cür mərclərin haram olması hökmü hələ nazil olmamışdı.)

Ayələrin təfsiri.



Gələcək barədə qeyri-adi xəbər.

Bu surə Quranın müqəttəə hərfləri ilə başlayan iyirmi doqquz surəsindən biridir. “Əlif, Lam, Mim”.

Biz öncə bir neçə dəfə (xüsusilə “Bəqərə”, “Ali-İmran” və “Əraf” surələrinin əvvəlində) müqəttəə hərfləri barədə danışmışıq.

Diqqətçəkən yeganə məqam budur ki, müqəttəə hərfləri ilə başlayan surələrin çoxunda müqəttəə hərflərindən sonra Quranın əzəmətindən danışılıb, amma burada Quranın əzəmətindən deyil, rumluların məğlub olmasından və gələcəkdə qalib gələcəyindən danışılıb. Amma bir az diqqət edəndə görürük ki, bu məsələ də Quranın əzəmətini bəyan edir. Çünki gələcək barəsindəki bu qeyb xəbəri bu səma kitabının möcüzə olmasının və əzəmətinin bariz nişanələrindəndir.

Müqəttəə hərflərindən sonra belə buyurulur: “Rumlular məğlub oldular”.

“(Bu məğlubiyyət) ən yaxın bir yerdə (baş verdi)”

Bu, siz məkkəlilərə yaxın yerdə - Ərəbistan yarımadasının şimalında, Şam ərazisində Busra ilə Əzrǝat bölgələri arasında baş verdi.

Buradan da belə məlum olur ki, ayədə Qərbi Roma İmperatorluğu deyil, Şərqi Roma İmperatorluğu nəzərdə tutulur.

Bəzi təfsirçilərin, məsələn, Şeyx Tusinin “Tibyan” kitabındakı ehtimalına əsasən, ayədə “iranlılara yaxın yer” nəzərdə tutulur. Yəni həmin müharibə İranla Roma arasındakı ən yaxın nöqtədə baş vermişdi.

(əl-ərz) sözündəki “əhd əlif və lamı” ilə birinci təfsir daha uyğun gəlir. Amma qarşıdakı bəhsdə görəcəyik ki, bəzi cəhətlərdən ikinci təfsir daha düzgün görünür.

Üçüncü bir təfsir də vardır ki, nəticə baxımından ikinci təfsirdən elə də fərqlənmir. Həmin təfsirə əsasən, sözügedən yer Rum torpağıdır. Yəni onlar sərhədlərinə ən yaxın yerdə iranlılara məğlub oldular. Bu, onların məğlubiyyətinin böyük olmasına işarədir. Çünki uzaqda və sərhəddən kənarda məğlub olmaq elə də mühüm deyil. Mühüm olan hər hansı bir ölkənin düşmənə hər yerdən daha qüvvətli olduğu sərhədləri yaxınlığında məğlub olmasıdır.

Belə olan halda “ən yaxın bir yerdə” ifadəsi həmin məğlubiyyətin əhəmiyyətinə işarə olacaq. Təbii ki, bu halda məğlub tərəfin qarşıdakı bir neçə il ərzində qalib gəlməsi barədə əvvəlcədən xəbər vermək daha əhəmiyyətli olacaq və bu, yalnız möcüzə yolu ilə mümkündür.

Daha sonra buyurulur: “Lakin onlar (bu) məğlubiyyətdən sonra qələbə çalacaqlar”.

وَهُم مِّن بَعْدِ غَلَبِهِمْ سَيَغْلِبُونَ


Əslində, məqsədin çatdırılması üçün “qələbə çalacaqlar” ifadəsi də yetərli idi. Amma ona “onlar (bu) məğlubiyyətdən sonra” ifadəsi də əlavə edilib ki, bu qələbənin əhəmiyyəti daha yaxşı aydın olsun. Çünki məğlub olmuş özü də sərhədlərinin ən yaxın və ən güclü yerində məğlub olmuş – bir cəmiyyətin qısa bir müddət ərzində qalib gəlməsi gözlənilməz hadisədir və Quran bu gözlənilməz hadisə barədə əvvəlcədən xəbər verib.

Sonra bu qələbənin təxmini ili bəyan edilərək buyurulub: “Bir neçə il ərzində”.

Bildiyimiz kimi, ayənin ərəbcə orijinalında işlənmiş (biz’ə) sözünün mənası “ən azı üç, ən çoxu doqquz il olan zaman kəsimi”dir.’ Allahın gələcəkdən xəbər verməsinin səbəbi budur ki, “istər (bu məğlubiyyətdən) əvvəl olsun, istərsə də sonra, bütün işlər Allaha məxsusdur”.

Təbii ki, hər şeyin Allahın əlində, Onun əmrinə tabe və Onun istəyindən asılı olması bizim ixtiyar və iradə azadlığına malik olmağımızla və nəzərdə tutulan məqsədlər istiqamətinə çalışıb cihad etməyimizlə ziddiyyət təşkil etmir. Başqa sözlə desək, bu ifadə başqalarının iradə azadlığını əlindən almaq istəmir, sadəcə başa salmaq istəyir ki, zatən qadir və mütləq olan varlıq Allahdır və kimin nəyi varsa, Ondandır.

Daha sonra Allah-taala buyurur ki, əgər bu gün rumlular məğlub olanda müşriklər sevinirlərsə, “o gün (də) möminlər sevinəcəklər”.

(وَيَوْمَئِذٍ يَفْرَحُ الْمُؤْمِنُونَ)


Bəli, “Allahın köməyi ilə” sevinəcəklər.

“O, istədiyinə kömək edir. O, qüdrət sahibidir, rəhmlidir”.

“Müsəlmanların həmin gün keçirəcəyi sevinc” deyildikdə nəyin nəzərdə tutulması barədə müxtəlif ehtimallar verilmişdir. Bəzilərinin nəzərincə, bununla müsəlmanların rumluların qələbəsinə sevinmələrinə işarə edilib. Düzdür, rumlular kafir idilər, amma onların kitab əhli olması və müşrik məcuslara qalib gəlməsi tövhidin şirkə qalib gəlməsinin bir mərhələsi idi.

Bəzilərinin nəzərincə, möminlərin sevincinin səbəbi onların bunu müsbət nişanə hesab etmələri və özlərinin müşriklərə qalib gəlmələrinin əlaməti saymaları olub.

Yaxud da onlar Quranın əzəmətinin və öncədən qətiyyətlə verdiyi xəbərin həmin gün gerçəkləşməsinə görə seviniblər. Çünki bunun özü də müsəlmanlar üçün mənəvi bir qələbə idi.

Belə bir ehtimal da vardır ki, rumluların qələbəsi müsəlmanların müşriklərə qələbəsi ilə eyni vaxta təsadüf edib. Bəzi təfsirçilərin qeydlərinə əsasən, həmin qələbə Bədr müharibəsi, ya Hüdeybiyyə sülhü ilə eyni vaxta təsadüf edib və o da öz-özlüyündə böyük qələbə sayılırdı. Ayədəki “Allahın köməyi ilə” ifadəsi də bu məna ilə uyğun gəlir.

Hər halda, müsəlmanlar həmin gün müxtəlif səbəblərdən – həm kitab əhlinin məcusilərə Allaha ibadətin şirkə qələbəsinin bir nümunəsi olan qələbəsinə, həm Quranın möcüzəsinin gerçəkləşməsindən ibarət mənəvi qələbəyə, həm də onunla eyni vaxta təsadüf edən qələbəyə (Hüdeybiyyə sülhünə və ya müsəlmanların başqa bir fəthinə) görə - sevinc içində olmuşlar.

Daha artıq təkid üçün bir daha belə buyurulur: “Bu, Allahın verdiyi vəddir. Allah Öz vədinə xilaf çıxmaz. Amma insanların çoxu bilmir”.

(وَعْدَ اللهِ لَا يُخْلِفُ اللهُ وَعْدَهُ وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ)


Səbəb insanların məlumatsızlığı, Allahı və Onun elm və qüdrətini yaxşı dərk etməmələridir. Onlar Allahı yaxşı tanımayıblar. Buna görə də onlar Allahın Öz vədinə xilaf çıxmasının qeyri-mümkün olmasını bilmirlər. Çünki vədə xilaf çıxmaq ya nadanlıqdan və bir şeyin gizli olub sonradan üzə çıxmasından və əqidənin dəyişməsindən olur, ya da zəiflik və bacarıqsızlıqdan irəli gəlir. Yəni vədə verən şəxsin əqidəsi dəyişmir, sadəcə o, vədini yerinə yetirmək qüdrətinə malik olmur.

Amma həm işlərin sonundan xəbərdar olan, həm də qüdrəti bütün qüdrətlərin fövqündə dayanan Allah heç vaxt vədinə xilaf çıxmaz.

Sonra buyurulur: “Onlar dünya həyatının yalnız görünən tərəfini bilir, axirətdən isə qafildirlər”.

( يَعْلَمُونَ ظَاهِرًا مِّنَ الْحَيَاةِ الدُّنْيَا وَهُمْ عَنِ الْآخِرَةِ هُمْ غَافِلُونَ)


Onlar ancaq dünya həyatından xəbərdardırlar, hələ onun da ancaq zahiri ilə kifayətləniblər. Onların dünya həyatından gəldiyi qənaət əyləncə, müvəqqəti ləzzətlər, yuxu və xəyaldan ibarətdir. Bu qənaətin qəflət və təkəbbürə əsaslanması heç kəsə gizli deyil.

Əgər onlar dünya həyatının batinindən də xəbərdar olsaydılar, o, axirətin dərk edilməsi üçün kifayət idi. Çünki bu müvəqqəti həyata lazımınca diqqət yetirdikdə aydın olur ki, o, uzun bir zəncirin bir halqası, uzun bir yolun bir mərhələsidir. İnsanın ana bətnində rüşeym olduğu dövrə də diqqət edəndə məlum olur ki, son hədəf həmin həyat deyil, sadəcə o, daha geniş həyat üçün bir müqəddimədir.

Bəli, onlar bu dünya həyatının ancaq zahirini görürlər və onun məzmun, məna və batinindən xəbərsizdirlər.

Ayənin ərəbcə orijinalında (hum) əvəzliyinin iki dəfə təkrar edilməsi bu xəbərsizliyin səbəbkarının onların özü olmasına işarə etmək üçündür. Bu eynilə birinin bizə “məni bu işdən sən xəbərsiz qoydun” deməsinə və bizim ona “sən özün xəbərsiz qaldın” deməyimizə oxşayır. Yəni həmin xəbərsizliyin səbəbkarı sən özünsən.

İncəliklər:



1\. Quranın möcüzə olması (qeyb elmi baxımından).

1-Quranın möcüzə olmasının isbat edilməsinin yollarından biri onda olan qeyb xəbərləridir ki, onların da bariz nümunələrindən biri sözügedən ayələrdə qeyd edilib. Belə ki bir neçə ayədə müxtəlif təkidlərlə məğlub olmuş qoşunun bir neçə il ərzində böyük qələbə qazanacağı bildirilib və bu, Allahın xilaf çıxmayacaq vədi kimi təqdim edilib.

Bir tərəfdən qələbə xəbəri verilib “وَ هُمْ مِنْ بَعْدِ غَلَبِهِمْ سَيَغْلِبُون” (lakin onlar (bu) məğlubiyyətdən sonra qələbə çalacaqlar”), bir tərəfdən həmin vaxtla eyni zamanda müsəlmanların kafirlərə qələbəsindən xəbər verilib “o gün möminlər sevinəcəklər, Allahın köməyi ilə”), bir tərəfdən bu işin yaxın bir neçə il ərzində baş verəcəyi vurğulanıb (”bir neçə il ərzində”), başqa bir tərəfdən iki dəfə təkid etməklə bu ilahi vədin qəti olması bildirilib (“bu, Allahın verdiyi vəddir. Allah Öz vədinə xilaf çıxmaz”).

Tarixin yazdığına əsasən, doqquz il keçməmiş bu iki hadisə baş verib. Rumlular bir başqa müharibədə iranlılara qalib gəliblər və onunla eyni vaxtda müsəlmanlar Hüdeybiyyə sülhündə (bir başqa hədisə əsasən, Bədr müharibəsində) düşmən üzərində böyük qələbə qazanıblar.

İndi qarşıya belə bir sual çıxır ki, görəsən, insan adi elmlə bu cür mühüm məsələ barəsində belə qətiyyətlə xəbər verə bilərmi? Hətta əgər o, siyasi proqnoz olsaydı əslində, siyasi proqnoz deyil - belə aydın və qətiyyətli deyil, ehtiyatla və ehtimal şəklində qeyd edilməli idi. Çünki əgər birdən deyilən kimi olmasaydı, o, düşmənlərin əlində peyğəmbərliyin batil olmasının ən yaxşı dəlili sayıla bilərdi.

Əslində, Rum kimi böyük bir ölkənin qalib gəlməsi, ya “mübahilə” hadisəsi kimi məsələlər haqqında əvvəlcədən xəbər verilməsindən bəlli olur ki, İslam Peyğəmbərinin (s) qəlbi başqa yerə bağlı olub və o Həzrət (s) başqa yerə arxalanıb. Əgər belə olmasaydı, adi şəraitdə heç kəs belə bir iş görə bilməz və heç kəsin buna cürəti çatmazdı.

Xüsusilə Həzrət Peyğəmbərin (s) həyatını araşdıranda görürük ki, o Həzrət (s) ehtiyatsız adam olmayıb və işlərini hesab-kitabla görüb. Belə bir şəxsin belə bir iddia etməsindən anlaşılır ki, o, təbiət aləmi xaricinə, ilahi vəhyə və Allahın sonsuz elminə arxalanıb.

Quranın öncədən xəbər verdiyi məsələlərin tarixi baxımdan gerçəkləşməsi barədə tezliklə danışacağıq.

2\. Zahirpərəstlər

Mömin və Allaha imanı olan şəxslə materialist və ya müşrik şəxsin baxışları arasında çox böyük fərq var.

Mömin tövhidə əsaslanan dünyanın hikmət və elm sahibi olan və bütün işləri hesab və proqrama söykənən Allah tərəfindən yaradıldığını düşünür. Buna görə də onun nəzərincə, dünya dəqiq sirr və rəmzlər toplusudur və bu dünyada sadə bir şey yoxdur, bu kitabın bütün kəlmələri dərin məna və məzmuna malikdir.

Tövhid dünyagörüşü ona heç bir məsələnin yanından sadəliklə keçib getməməyi tövsiyə edir. Çünki ola bilər, ən sadə məsələ, əslində, onların ən mürəkkəbi olsun.

O, daim bu dünyanın dərinliyinə nəzər salır və onun zahiri ilə kifayətlənmir. O, bu dərsi tövhid məktəbində öyrənib. O, dünyanın böyük məqsədinin olmasına etiqad bəsləyir və hər şeyə həmin məqsəd çərçivəsində baxır.

Halbuki imansız və materialist insan dünyaya kor, kar və heç bir məqsədi olmayan hadisələr toplusu kimi baxır və onun ancaq zahiri barədə düşünür, ümumiyyətlə, onun batininin olmasına etiqad bəsləmir. Məgər körpə uşağın qələmi kağız üzərində gəzdirməsi nəticəsində yaranmış xətlərdən ibarət kitabı mühüm saymaq və onun dərinliyinin olmasına etiqad bəsləmək olar?!

Hətta bəzi təbiət elmləri alimlərinin nəzərincə, hansı təbəqə və dəstədən olmalarından asılı olmayaraq, dünyanın quruluşu barədə düşünən mütəfəkkirlərin hamısı bir növ dini təfəkkürə malik olublar. (Diqqət edin!)

Məşhur alim Eynşteyn demişdir: “Dünyanın düşünən beyinləri arasında özünəməxsus dini hissə malik olmayan adam tapmaq çox çətindir. Bu din ilə avam bir şəxsin dini arasında böyük fərq var... Həmin alimin dini kainatın qeyri-adi və dəqiq quruluşundan yaranan misilsiz heyranlıqdır ki, bəzən bir sıra sirlərin üzə çıxmasına səbəb olur. Bəşəriyyətin bütün sistematik səy və düşüncəsi onunla müqayisədə cüzi əksüləməldən başqa bir şey deyil”.

O, başqa bir yerdə belə deyib: “Ümumiyyətlə, bütün əsr və zamanlarda alim, mütəfəkkir və ixtiraçıların tənhalığa çəkilib varlıq aləminin sirlərini araşdırmalarının səbəbi onların bu dini etiqadı olub”.

Digər tərəfdən bu dünyanı son mərhələ və əsas hədəf sayan şəxslə onu axtardığı əbədi həyat üçün bir tarla və sınaq meydanı sayan şəxs ona eyni gözlə baxa bilərmi?! Onların biri dünyanın ancaq zahirini görür, digəri isə onun dərinlikləri barədə düşünür.

Bu baxış fərqi onların bütün həyatına təsir göstərir:

Zahirpǝrǝst başqasına verilən ianəni ziyan sayır, amma tövhidə etiqad bəsləyən şəxs onu böyük gəliri olan ticarət hesab edir.

Zahirpǝrǝst sələmi gəlirinin artması amili sayır, tövhidə etiqad bəsləyən isə onu əzab, bədbəxtlik və günah amili hesab edir.

Onların biri cihadı dərdi-sər, şəhidliyi məhv olmaq, amma o biri cihadı başıucalıq amili, şəhidliyi isə əbədi həyat sayır.

Bəli, imansız şəxslər dünya həyatının ancaq zahirini görürlər və axirətdən xəbərsizdirlər:

يَعْلَمُونَ ظَاهِراً مِنَ الْحَيَاةِ الدُّنْيا وَ هُمْ عَنِ الْآخِرَةِ هُمْ غَافِلُونَ


“Onlar dünya həyatının yalnız görünən tərəfini bilir, axirətdən isə qafildirlər”.

3\. Tarixi uyğunluq.

Rumluların iranlılara məğlub olmasının, sonra qalib gəlməsinin tarixi baxımdan nə vaxt baş verdiyini bilmək üçün müasir tarix kitablarına nəzər salmaq kifayətdir. Tarixi mənbələrə əsasən, II Xosrovun zamanında iranlılarla rumlular arasında uzunmüddətli müharibə baş verib. Bu müharibə 604-cü ildən 628-ci ilə kimi – iyirmi dörd il davam edib.

616-cı ildə İranın iki məşhur sərkərdəsi Şəhrbǝraz ilə Şahin Şərqi Roma İmperatorluğu ərazisinə hücum edərək rumluları məğlubiyyətə uğradıb. Onlar Levant, Misir və Kiçik Asiya ərazilərinə hücum ediblər. Böyük məğlubiyyətə uğrayan Şərqi Roma İmperatorluğu dağılmaq həddinə çatıb və İran dövləti Misir də daxil olmaqla onun Asiyadakı bütün ərazilərini ələ keçirib.

Bu, Həzrət Peyğəmbərin (s) peyğəmbərliyinin təxminən yeddinci ilində baş verib.

Lakin Roma imperatoru I İrakli 622-ci ildən İrana hücum etməyə başlayıb və II Xosrovun qoşununu bir-birinin ardınca böyük məğlubiyyətlərə məruz qoyub. Rumluların xeyrinə olan bu müharibələr 628- ci ilə kimi davam edib və II Xosrov məğlub olub. İran xalqı onu hakimiyyətdən uzaqlaşdırıb və onun yerinə II Kavadı oturdub.

Həzrət Peyğəmbərin (s) 571-ci ildə dünyaya gəlməsini və 610-cu ildə peyğəmbərliyə təyin edilməsini nəzərə aldıqda belə məlum olur ki, rumluların məğlubiyyəti o Həzrətin (s) peyğəmbərliyə təyin edilmə- sinin yeddinci ilində, rumluların qələbəsi və II Xosrovun məğlubiyyəti isə hicrətin 5-6-cı ilində baş verib. Bildiyimiz kimi, beşinci ildə Xəndək müharibəsi, altıncı ildə Hüdeybiyyə sülhü, səkkizinci ildə isə Məkkənin fəthi baş verib. Əlbəttə, İran-Rum müharibəsinin xəbərlərinin Hicaz və Məkkə bölgəsinə gəlib çatması da adətən müəyyən qədər zaman aparıb. Beləcə, biz Quranın verdiyi bu xəbərin tarixi reallıqla üst-üstə düşməsinin şahidi oluruq. (Diqqət edin!)