Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Əs-Səcdə Surəsinin Ayələrinə Qayıt →
Əs-Səcdə Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Səcdə surəsi, 1-5-ci ayələr.

Səcdə surəsi, 1-5-ci ayələr.



بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ


الم .١


تَنْزِيلُ الْكِتَابِ لَا رَيْبَ فِيهِ مِنْ رَبِّ الْعَالَمِينَ .٢


أَمْ يَقُولُونَ افْتَرَاهُ بَلْ هُوَ الْحَقُّ مِنْ رَبِّكَ لِتُنْذِرَ قَوْمًا مَا أَتَاهُمْ مِنْ نَذِيرٍ مِنْ قَبْلِكَ لَعَلَّهُمْ يَهْتَدُونَ .٣


اللَّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَى عَلَى الْعَرْشِ مَا لَكُمْ مِنْ دُونِهِ مِنْ وَلِيٍّ وَلَا شَفِيعٍ أَفَلَا تَتَذَكَّرُونَ .٤


يُدَبِّرُ الْأَمْرَ مِنَ السَّمَاءِ إِلَى الْأَرْضِ ثُمَّ يَعْرُجُ إِلَيْهِ فِي يَوْمٍ كَانَ مِقْدَارُهُ أَلْفَ سَنَةٍ مِمَّا تَعُدُّونَ .٥


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. Əlif, Lam, Mim.

2\. Bu, aləmlərin Rəbbi tərəfindən nazil edilmiş bir kitabdır. Onda heç bir şəkk-şübhə yoxdur.

3\. Ya da onlar: "(Muhəmməd) bunu özündən uydurmuşdur!" - deyirlər. Lakin bu, səndən əvvəl heç bir qorxudanın gəlmədiyi cəmiyyəti qorxutmağın üçün Rəbbinə aid haqq sözdür. Bəlkə doğru yola yönələlər.

4\. Allah göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra da ərşdə qərarlaşan varlıqdır. Sizin Ondan başqa nə bir haminiz, nə də bir şəfaətçiniz vardır. Məgər diqqətli olub xatıralamayacaqsınız?

5\. O bu dünyanın göydən (tutmuş) yerə qədər bütün işlərini idarə edir. Sonra da sizin hesabınızla min ilə bərabər olan bir gündə Ona doğru yüksəlir.

Ayələrin təfsiri.



Quranın əzəməti, başlanğıc (yaradılış) və son ( axirət) Yenə də bu surədə "müqəttəə” hərfləri (Əlim, Lam, Mim) ilə qarşılaşırıq. Artıq on yeddinci dəfədir ki, Quran surələrinin əvvəlində bu cür hərflərə rast gəlirik.

"Bəqərə", "Ali-İmran" və "Əraf" surələrinin əvvəlindəki bu hərflər haqqında müxtəlif təfsirləri geniş qeyd etdik. Bu hərflərdən sonra dərhal Quranın əhəmiyyəti haqqında söhbət açılması bir daha göstərir ki, “Əlif, Lam, Mim" hərfləri Quranın əzəmətinə işarədir. Yəni Muhəmməd peyğəmbərin (s) əbədi möcüzəsi olan bu böyük və dərin məzmunlu kitab hər kəsin bildiyi sadə əlifba hərflərindən təşkil olunmuşdur.

Buyurulur: "Bu, aləmlərin Rəbbi tərəfindən nazil edilmiş bir kitabdır. Onda heç bir şəkk-sübhə yoxdur.

(تتريلُالْكِتَابِلَارَيْبَفِيهِمِنرَّبِّالْعَالَمِينَ)


Bu ayə əslində iki suala cavabdır. Sanki öncə bu səmavi kitabın məzmunu haqqında sual olunur və cavab verilir ki, onun məzmunu haqdır və onda heç bir şəkk-şübhə yoxdur.

Sonra onu göndərən haqqında sual olunur və cavab verilir ki, bu kitab aləmlərin Rəbbi tərəfindən göndərilmişdir.

Bu ehtimal da var ki, (aləmlərin Rəbbi tərəfindən) cümləsi" (onda heç bir şəkk-şübhə yoxdur) cümləsi üçün dəlildir. Sanki kimsə soruşur: "Hansı dəlilə görə bu kitab haqdır və onda şəkk-şübhə yoxdur?” Cavab verilir: “Dəlil budur ki, o aləmlərin Rəbbi tərəfindəndir. O Rəbb ki, vücudundan haqq və həqiqət qaynayır”.

Eyni zamanda, Müqəddəs kitabın Allahın sifətləri arasından "" (aləmlərin Rəbbi) sifəti üzərində dayanması buna işarə ola bilər ki, bu kitab varlıq aləminin qəribəliklərindən ibarət bir kitabdır. Varlıq aləmi həqiqətlərinin özəyidir. Çünki aləmlərin Rəbbi tərəfindən göndərilmişdir.

Bunu da qeyd etmək lazımdır ki, Quran burada sırf iddia ilə kifayətlənmək istəmir. Əksinə, demək istəyir ki, əyan olanın bəyana ehtiyacı yoxdur. Bu kitabın məzmunu özü onun haqq və doğru olmasına şahiddir.

Sonra Quran imansız müşrik və münafiqlərin dəfələrlə bu səmavi kitaba qarşı irəli sürdüyü ittihama eyham vuraraq buyurur: "Ya da onlar: “(Muhəmməd) bunu özündən uydurmuşdur!” – deyirlər”.

Onların əsassız iddialarına cavab verir: "Lakin bu, Rəbbinə aid haqq sözdür”.

(بَلْهُوَالْحَقُّمنرَّبِّكَ)


Onun haqq olmasının sübutu özündəcə aşkardır.

Sonra Allah-taala onun nazilolma məqsədinə toxunur və buyurur: "Səndən əvvəl heç bir qorxudanın gəlmədiyi cəmiyyəti qorxutmağın üçün (göndərilmişdir). Bəlkə doğru yola yönələlər”.

نَّذِيرٍمِّنقَبْلِكَلَعَلَّهُمْيَهْتَدُونَ


Hərçənd İslam peyğəmbərinin (s) dəvəti (təbliği) həm müjdədir, həm də təhdid və Peyğəmbər (s) qorxudan olmaqdan daha artıq müjdə verəndir. Amma azğın və inadkar qövmə münasibətdə daha çox qorxutmaq və təhdid üzərində dayanır.

“هُوَ الْحَقُّ مِن رَّبِّكَ”

cümləsi bir daha Quranın haqq olması dəlilinin elə onun özündə olması həqiqətinə işarə vurur.

“ləəlləhum yəhtədun” cümləsi Quranın hidayətə zəmin yaratmasını bildirir. Amma hər bir halda son qərar insanın özünə aiddir.

Burada iki sual meydana çıxır:

1\. Peyğəmbərdən (s) öncə heç bir qorxudanın gəlmədiyi qövm hansı qövmdür?

2\. Bundan başqa, Quran demirmi ki, “وَإِنْ مِنْ أُمَّة إِلَّا خَلَا فِيهَا نَذِيرٌ” "Keçmişdə hər bir ümmətin bir qorxudanı olmuşdur”?

Bəzi təfsirçilər birinci suala belə cavab vermişlər: Söhbət Qüreyş qəbiləsindən gedir və İslam peyğəmbərindən (s) qabaq onlara Allah tərəfindən qorxudan gəlməmişdir.

Bəzilər isə demişlər: Burada İsa peyğəmbərlə (ə) Muhəmməd (s) peyğəmbər arasında olan fasilə nəzərdə tutulur.

Amma bu iki cavabın heç biri doğru görünmür. Çünki dəlillərə əsaslanan etiqada görə, yer üzü heç zaman ilahi höccətsiz qalmır. Hər bir əsrdə, hər bir dövrdə insanlar arasında dəlilləri tamamlamaq üçün mütləq peyğəmbər və ya canişini olur.

Buna görə də düşünürük ki, burada "qorxudan" dedikdə nəzərdə tutulan - dəvətini (təbliğini) aşkar şəkildə möcüzələrlə əsaslandıran və geniş bir mühitə müraciət edən böyük peyğəmbərdir. Bilirik ki, Ərəbistanda və Məkkə qəbilələri arasında belə bir peyğəmbər olmamışdır.

İkinci suala cavab olaraq qeyd etmək lazımdır ki, “Keçmişdə hər bir ümmətin bir qorxudanı olmuşdur. “وَإنْ مِنْ أُمَّة إِلَّا خَلَا فِيهَا نَذِيرٌ” ayəsinə görə hər bir ümmətin qorxudanı olmuşdur. Amma bu qorxudanın hər bir məkanda şəxsən hazır olması zəruri deyil.

Məsələn, hər bir ümmətin ülul-əzm peyğəmbəri olmuş, ona səmavi kitab verilmişdir. Bu o deməkdir ki, bu peyğəmbərin səsi, onun səmavi kitabı nümayəndələri və canişinləri vasitəsilə tarix boyu bütün ümmətə çatdırılmışdır.

Quranın əzəmətini və Peyğəmbərin (s) risalətini bəyan etdikdən sonra digər ən mühüm İslam əqidələrindən birinə - tövhidə toxunulur və şirk inkar edilir. Buyurulur: “Allah göyləri, yeri və onların arasındakıları altı gündə yaradan varlıqdır”.

اللهالذيخَلَقَالسَّمَاوَاتِوَالْأَرْضَوَمَابَيْنَهُمَافِيسِتَّةِأَيَّامٍ


Dəfələrlə dediyimiz kimi, bu ayələrdə altı gün dedikdə altı dövr nəzərdə tutulur. Çünki bildiyimiz kimi, “gün” sözünün mənalarından biri dövrdür. Məsələn, deyirik: "Bir gün mütləqiyyət hökmranlıq edirdi. İndi isə parlamentli hakimiyyət iş başındadır". Mütləqiyyət hökm sürən rejimlərin min illər boyu mövcud olduğunu bildiyimiz halda, “gün” deyə ifadə edirik.

Digər tərəfdən, bilirik ki, göy və yer müxtəlif dövrlərdən keçmiş- dir. Bir gün bütün Günəş sistemi vahid maye kütlə şəklində olmuşdur. Bir gün planetlər Günəşdən ayrılmış və onun ətrafına fırlanmağa başlamışlar. Bir gün Yer kürəsi bütövlükdə od idi. Bir gün soyudu, bitkilərin və heyvanların həyatı üçün əlverişli vəziyyətə gəldi. Sonra müxtəlif mərhələlərdən keçməklə canlı varlıqlar meydana gəldilər.

Məlumdur ki, Allahın sonsuz qüdrəti bu dünyanı bir anda, hətta ondan da qısa bir zamanda yaratmağa yetər. Amma bu tədrici sistem bütün mərhələlərdə Allahın əzəmətini, elmini və tədbirini daha yaxşı bəyan edir.

Məsələn, əgər rüşeym bir anda bütün təkamül mərhələlərini keçsə və dünyaya gəlsəydi, onun qəribəlikləri insanın fikrindən yayınardı. Amma onun doqquz ay ərzində hər gün və hər həftə yeni bir şəklə düşdüyünü, heyrətləndirici mərhələləri bir-birinin ardınca keçdiyini gördükdə Allahın əzəməti ilə daha yaxşı tanış oluruq.

Yaradılış məsələsindən sonra Quran Allahın varlıq aləmində hökm sürməsinə toxunur və deyir: "Sonra da ərşdə qərarlaşdı”.

(ərş) sözü, öncə də dediyimiz kimi, əslində uca taxt deməkdir və adətən iqtidar, hakimiyyət ifadə edir. Necə ki adi danışıqda deyirik: Filankəsin (iqtidar) taxtı sarsıldı, yəni hakimiyyəti əlindən çıxdı.

Buna görə də Allahın taxtda qərarlaşması cismani məna daşımır. Yəni bununla demək istənilmir ki, Allahın padşahlar kimi taxtı var və onun üzərində oturmuşdur. Əksinə, bu o deməkdir ki, O həm varlıq aləminin Yaradıcısı, həm də bütün aləmə hakimdir.

Ayənin sonunda hamilik və şəfaətdə tövhid məsələsinə toxun- maqla Quran tövhid mərhələlərini təkmilləşdirir. Buyurur: "Sizin Ondan başqa nə bir haminiz, nə də bir şəfaətçiniz vardır".

Bu dəlildən aydın olur ki, dünyanın Yaradıcısı olmaq ona hakim olmağın nişanəsidir. Hakimiyyət haminin, şəfaət edənin və məbudun vahid olmasına sübutdur. Nə üçün yanlış yolla gedir, bütlərə sığınırsınız? "Məgər diqqətli olub xatırlamayacaqsınız?"

Əslində, yuxarıdakı ayədə keçən üç tövhid mərhələsinin hər biri digərinin sübutu hesab olunur. Yaradıcının vahid olması hakimiyyətin vahid olmasına, hakimiyyətin vahid olması hami və məbudun vahid olmasına dəlildir.

Burada bəzi təfsirçilərdə sual yaranmışdır ki, cavabı bir o qədər də mürəkkəb deyil. Sual budur ki, son cümlədə deyilir: "Allahdan başqa nə bir haminiz, nə də bir şəfaətçiniz vardır”. Demək istənilir ki, sizin haminiz və şəfaətçiniz yalnız Allahdır. Belə olan halda, kimsə şəfaət edə bilərmi? Bu suala üç yolla cavab vermək olar:

1\. Əgər nəzərə alsaq ki, bütün şəfaətçilər Onun izni ilə şəfaət edirlər. “مَنْ ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا بِإِذْنه” Onun fərmanı olmadan yanında kim şəfaət edə bilər?" - o zaman deyə bilərik ki, şəfaət, iltimas peyğəmbərlər və ilahi övliyalar tərəfindən olsa da, yenə Onun pak zatına aiddir. İstər şəfaət günahların bağışlanması üçün olsun, istər ilahi nemətlər əldə etmək üçün.

Buna sübut "Yunus" surəsinin əvvəlində yer alan və həmin məzmunu ehtiva edən ayədir. Orada oxuyuruq:

يُدَبِّرُالْأَمْرَمَامِنْشَفِيعٍإِلَّامِنْبَعْدِإِذْنِهِ


"Onun izni olmadan heç bir şəfaət edən olmaz".

2\. Allah dərgahına təvəssül edərkən Onun sifətlərinə tapınırıq. Rəhmanlığından, rəhimliyindən, əfv və bağışlamasından, səxavət və kəramətindən mədəd umuruq. Sanki Onu Öz yanında şəfaətçi edirik. Bu sifətləri özümüzlə Onun pak zatı arasında vasitə sayırıq. Hərçənd Onun sifətləri zatının özüdür.

Bu, "Kümeyl" duasında İmam Əlinin (ə) dolğun kəlamında öz əksini tapmışdır: “Mən Sənin vasitənlə Sənin yanında şəfaət diləyirəm”. 3. Burada şəfaətçi - yardımçı və köməkçidir. Bilirik ki, kömək edən və dada yetişən yalnız Allahdır. Bəzilərinin burada şəfaəti yaradılış və nəfslərin təkmilləşdirilməsi kimi izah etməsi də əslində həmin q mənaya gəlib çıxır.

Haqqında danışdığımız son ayədə Rəbbin vahid olmasına, sonra isə məad məsələsinə toxunulmuşdur. Beləliklə, ötən ayədə haqqında danışılan üç tövhid mərhələsi (xaliqlik, hakimlik və ibadətdə tövhid) burada Rəbbin vahid olması, yəni varlıq aləmini yalnız Allahın idarə etməsi məsələsi ilə təkmilləşir.

Buyurulur: "O, bu dünyanın göydən (tutmuş) yerə qədər bütün işlərini idarə edir”.

Başqa sözlə, bütün varlıq aləmini – göydən tutmuş yerə qədər - öz idarəsi altına almışdır. Bu dünyada Ondan başqa idarəçi yoxdur. Sonra Quran əlavə edir: "Sonra da sizin hesabınızla min ilə bǝrabər olan bir gündə Ona doğru yüksəlir”. “رُجُ إِليه في يَوْم كَانَ مقْدَارُهُ أَلْفَ سَنَة” Həmin bu gün - Qiyamət günüdür.

Təfsirçilər yuxarıdakı ayənin izahı ilə bağlı çox danışmış, müxtəlif ehtimallar irəli sürmüşlər:

1\. Bəziləri onun bu dünyada aləmin idarə olunmasında inkişaf və tənəzzülə işarə olduğunu bildirmişlər.

2\. Bəziləri ilahi mələklərə işarə olduğunu hesab edirlər. Belə ki göy və yer arasındakı fasiləni beş yüz ilə qət edir və həmin müddətdə də geri qayıdırlar. Allahın əmri ilə bu dünyanı idarə edirlər.

3\. Bəziləri isə onun Allahın bu aləmdə idarəçilik mərhələlərinə işarə olduğunu bildirmişlər. Onların fikrincə, hər bir idarəçilik dövrü (mərhələsi) min ildir. Hər min ildə Allah Öz mələklərinə göyü və yeri idarə etmək əmrini təzələyir. Bu min illik dövr başa çatdıqdan sonra digər dövrlər başlayır.

Bu təfsirlər qaranlıq olmaqla yanaşı, bu ayə və eləcə də digər ayələr tərəfindən təsdiqlənmir.

Fikrimizcə, ayədə - digər Quran ayələrinə və onları izah edən rəvayətlərə əsasən - tamam başqa şey nəzərdə tutulur.

Burada demək istənilir ki, Allah bu dünyanı, göyü və yeri xüsusi tədbirlə tənzimləmiş, insanlara və digər varlıqlara həyat bəxş etmişdir. Amma dünyanın sonunda bu tədbiri ləğv edəcək. Günəş tutqun, ulduzlar solğun olacaq. Quranın təbiri ilə desək, göylər yazılı kağız səhifələri kimi büküləcək və kainat genişlənmədən öncəki şəklinə düşəcək.

يَوْمَنَطْوِيالسَّمَاءَكَطَيِّالسِّجلللكتبكَمَابَدَأْنَاأَوَّلَخَلْقٍنُعِيدُهُ


"O gün göyü yazılı dürmək kimi bükəcəyik. (Məxluqatı) ilk dəfə yaratdığımız kimi yenə əvvəlki halına qaytaracağıq. Bu, bizim verdiyimiz vəddir".!

Bu dünya dağılandan sonra yeni bir şəklə düşəcək, daha geniş bir kainat formalaşacaq. Yəni bu dünyanın sonu çatdıqdan sonra başqa bir dünya başlayacaq.

Bu məna digər Quran ayələrində də keçmişdir. O cümlədən “Bəqərə” surəsinin 156-cı ayəsində oxuyuruq: "Biz Allahınıq və Ona tərəf qayıdacağıq”.

إِنَّاللهِوَإِنَّاإِلَيْهِرَاجِعُونَ .


"Rum" surəsinin 27-ci ayəsində deyilir:

وَهُوَالَّذِييَبْدَأُالْخَلْقَثُمَّيُعِيدُهُوَهُوَأَهْوَنُعَلَيْهِ


"Məxluqatı ilk dəfə yaradan, sonra onu bir daha qaytaran Odur.

Bu da Onun üçün çox asandır".

"Yunus" surəsinin 34-cü ayəsində buyurulur:

قُلِاللَّهُيَبْدَأُالْخَلْقَثُمَّيُعِيدُهُفَأَنَّىتُؤْفَكُونَ


De: "Yalnız Allah məxluqu yoxdan yaradıb sonra onu qaytarır. Elə isə nə üçün üz döndərirsiniz?"

Bu ibarələrdən və eləcə də “وَإِلَيْهِ يُرْجَعُ الْأَمْرُ كُلُّهُ” “Bütün işlər də Ona qaytarılacaqdır” kimi ibarələrdən aydın olur ki, haqqında danışdığımız ayə məhz dünyanın başlanmasından, sona yetməsindən və Qiyamətin baş verməsindən danışır.

Bütün bunlara nəzərən ayənin mənası belə olur: "Allah bu dünyanı göydən yerə doğru idarə edir (göydən başlayır, yerdə bitirir). Sonra bütün bunlar hamısı Qiyamətdə Ona doğru qayıdır”.

Əli ibn İbrahimin təfsirində bu ayənin şərhi ilə bağlı oxuyuruq: "Söhbət o işlərdən gedir ki, Allah onları idarə edir. Həmçinin şəriətdə göstərilən əmr və qadağalar, bütün bəndələrin əməlləri hamısı Qiyamət günü aşkara çıxacaq. O gün bu dünya illərinə nisbətdə min ildir". Burada belə bir sual yaranır ki, “Məaric” surəsinin 4-cü ayəsində Qiyamət gününün uzunluğu haqqında bildirilir:

تَعْرُجُ


الْمَلَائِكَةُوَالرُّوحُإِلَيْهِفِييَوْمٍكَانَمِقْدَارُهُخَمْسِينَأَلْفَسَنَةِ


"Mələklər və Ruh (Allaha yaxın mələk) Ona doğru sayı əlli min ilə bərabər bir gün ərzində qalxırlar".

Qiyamət gününü yalnız min il kimi göstərən haqqında danışdığımız ayə ilə "Məaric" surəsinin sözügedən ayəsini bir yerə necə toplamaq, bir-birinə necə uyğunlaşdırmaq olar?

Bu sualın cavabı Şeyx Tusinin “Əmali” kitabında İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə verilmişdir:

# اِنفِيالْقِيامَةِخَمْسِيْنَمَوْقِفاً،كُلَّمَوْقِفمِثْلُأَلْفِسَنَةمِمَّاتَعُدُّونَ،ثُمَّتَلاهذه


# الآية : فييَوْمكانَمِقدارُهُخَمْسِينَأَلْفَسَنَة.


“Qiyamətdə (əməllərin haqq-hesab olunması üçün) əlli dayana- caq var. Hər dayanacaq sizin saydığınız illərdən min ilə bərabərdir". Sonra bu ayəni oxudu: “Ona doğru sayı əlli min ilə bərabər bir gün ərzində qalxırlar".

Əlbəttə, həmin ifadələr bu mətləblə ziddiyyət təşkil etmir ki, burada min və əlli min il rəqəmində ədəd nəzərdə tutulmur. Əksinə, bunların hər biri çoxaltma mənası daşıyır. Yəni Qiyamətdə əlli dayanacaq var ki, insan hər bir dayanacaqda çox uzun müddət dayanmalı olacaq.

İncəliklər:



"yudəbbirəl umur" ayəsindən sui-istifadə olunması.

Dövrümüzdə bəzi uydurma cərəyanlar öz düşüncələrini əsaslandırmaq üçün yuxarıdakı ayəyə əl atmışlar. Yanlış yanaşma və səfsətə, həqiqətə bənzər, azdırıcı yalan ilə onu öz məqsədlərinə uyğunlaşdırmağa çalışmışlar. Onların əksər təbliğatçıları ilə qarşılaşdıqda göstərdikləri ilk dəlillərdən biri bu ayədir: "O, bu dünyanın göydən (tutmuş) yerə qədər bütün işlərini idarə edir. Sonra da sizin hesabınızla min ilə bərabər olan bir gündə Ona doğru yüksəlir”.

Onlar bildirirlər ki, bu ayədə (əmr) – din və məzhəb, (tədbir) – dini göndərmək, (uruc) isə onu qüvvədən salmaqdır. Demək, heç bir din min ildən artıq ömür sürə bilməz. Onun yerini başqa bir din tutmalıdır. Beləliklə, biz Quranı qəbul edirik. Amma Qurana görə, min il keçdikdən sonra başqa bir din gələcəkdir.

İndi tərəfsiz bir fərd olaraq sözügedən ayəni tədqiq və təhlil edirik ki, görək bu iddia ilə arasında bir əlaqə var, ya yox? Hərçənd deyilən məna ayənin məfhumundan o qədər uzaqdır ki, heç bir bitərəf oxucunun fikrindən belə keçməz.

Diqqət etdikdən sonra görürük ki, ayəni onların dediyinə uyğunlaşdırmaq nəinki ayənin mənasına düz gəlmir, hətta bir çox cəhətdən aydın iradlar doğurur:

1- (əmr) sözünü din kimi izah etmişlər. Halbuki buna heç bir dəlil yoxdur. Amma əksinə, digər Quran ayələri onu rədd edir. Çünki digər ayələrdə (əmr) sözü “yaradılış əmri” mənasında işlənmişdir. Məsələn, “Yasin” surəsinin 82-ci ayəsində oxuyuruq:

إِنَّمَاأَمْرُهُإِذَاأَرَادَشَيْئًاأَنْيَقُولَلَهُكُنْفَيَكُونُ


"Onun əmri belədir, bir şeyi (yaratmaq) istədikdə ona təkcə: "Ol!" deyər, o da dərhal olar”.

Bu və digər (Qəmər, 50; Muminun, 27; Əraf, 54; İbrahim, 32; Nǝhl, 12; Rum, 25; Casiyə, 12) ayələrdə (əmr) sözü din yox, “genetik əmr” – “yaradılış əmri” mənasında işlənmişdir.

Əsas etibarilə, harada göy, yer, yaradılış və s. bu kimi mövzulardan söhbət açılırsa, (əmr) bu mənada işlənir (diqqət edin).

2- (tədbir) sözü də yaradılış və varlıq aləminin vəziyyətini tənzimləmək haqqında işlənir, nəinki din göndərmək. Buna görə də görürük ki, digər Quran ayələrində (ayələr bir-birini təfsir edir) din haqqında heç zaman (tədbir) sözü işlənməmişdir. Əksinə, din haqqında (təşri), (tənzil) və (inzal) sözü işlənmişdir. Məsələn:

"Nuha tövsiyə etdiyi dini sizin üçün qanun etdi".

"Allahın nazil etdiyi hökmlər əsasında hökm etməyənlər kafirdirlər!”.

“نَزَّلَ عَلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيْهِ”


"(O, həmin varlıqdır ki,) sənə əvvəlki kitabların əlamətləri ilə üst-üstə düşən Kitabı haqq olaraq nazil etdi".

3-Haqqında danışdığımız ayədən əvvəlki və sonrakı ayələr dinlərin göndərilməsi ilə yox, dünyanın yaradılması ilə əlaqədardır. Çünki öncəki ayədə göyün və yerin altı gündə (başqa sözlə, dörd mərhələdə) yaradılmasından söhbət açılmışdır. Sonrakı ayələrdə isə insanın yaradılışından söhbət gedir.

Məlumdur ki, ayələrin uyğunluğu “yaradılış” ayələrinin arasında yer alan bu ayənin də yaradılış və onun idarə olunması haqqında olma- sını tələb edir. Buna görə də yüz illər öncə yazılan təfsir kitablarında bu ayənin təfsiri ilə bağlı müxtəlif fikirlərin irəli sürüldüyünü görsək də, heç kim onu dinlərin göndərilməsi kimi izah etməmişdir. Məsələn, müəllifi hicri 6-cı əsrdə yaşamış ən məşhur İslam təfsirlərindən olan "Məcməül-bəyan"da bu ayənin təfsiri ilə bağlı müxtəlif ehtimallar irəli sürülsə də, müfəssir (eynilə digər İslam alimləri kimi) onun dinlərin göndərilməsi haqqında olduğunu bildirməmişdir.

4.-(uruc) sözü dinlərin qüvvədən düşməsi yox, yüksəlmək, qalxmaq deməkdir. Quranın heç bir yerində (uruc) sözü “qüvvədən düşmək” mənasında işlənməmişdir (Bu söz Quranın beş ayəsində işlənmişdir və heç birində də bu mənanı ifadə etmir). Əksinə, dinlər haqqında (nəsx), (təbdil) və s. kəlmələr işlənmişdir.



Əsas etibarilə, din və səmavi kitablar elə bir şey deyil ki, məsələn, insan ruhu kimi ömrü bitdikdən sonra səmaya qalxsın. Əksinə, qüvvədən düşmüş dinlər elə yerdədirlər. Amma bəzi məsələlərdə etibardan düşmüşlər. Prinsipləri isə öz qüvvəsində qalır.

Qısası, (uruc) sözü Quranın heç bir yerində dinlərin sıradan çıxması mənasında işlənməməkdən başqa, prinsipcə də dinlərin sıradan çıxması ilə uyğun gəlmir. Çünki sıradan çıxan, qüvvədən düşən dinlər səmaya yüksəlmirlər.

5-Bütün bunlardan başqa, bu məna reallığa qətiyyən uyğun deyil. Çünki keçmiş dinlərin aralarındakı fasilə min il olmamışdır. Məsələn, Həzrət Musa (ə) ilə Həzrət İsa (ə) arasında 1500 ildən çox fasilə olmuşdur. Həzrət İsa (ə) ilə İslam peyğəmbəri (s) arasında 600 ildən az bir zaman fasiləsi olmuşdur.

Gördüyünüz kimi, bunların heç biri nəinki onların dediyi min ilə uyğun gəlmir, hətta min ili aşır və ya min ilə çatmır.

Ülul-əzm və şəriət gətirən peyğəmbərlərdən biri olan Həzrət Nuhun (ə) peyğəmbərlik dövrü ilə digər şəriət gətirən peyğəmbərin, tövhid qəhrəmanı İbrahimin (ə) peyğəmbərlik dövrü arasında 1600 ildən çox zaman fasiləsi var. İbrahimlə (ə) Musa (ə) arasında zaman fasiləsinin isə 500 il olduğu söylənilir.

Buradan belə nəticə alırıq ki, hətta bir nümunə olaraq keçmiş dinlərdən heç birinin özündən sonrakı dinlə zaman fasiləsi min il olmamışdır.

6-Bütün bunlar bir yana, bu qədər yozumu onun üçün üzərlərinə aldıqları Seyid Məhəmməd Əli Bab özü bu hesablamaya uyğun gəlmir. Çünki onların etirafına görə, o, 1235-ci ildə dünyaya gəlmiş, hicri- qəməri 1260-cı ildə isə bu iddia ilə çıxış etmişdir. Nəzərə alsaq ki, İslam peyğəmbərinin (s) dəvəti hicrətdən 13 il əvvəl başlayıb, arada 1273 il zaman fasiləsi var. Yəni 273 il artıqdır. Bu 273 ilə hansı niyyətlə göz yummaq olar? Bu böyük rəqəmi necə gizlətmək olar? Bunu onların özündən soruşmaq lazımdır.

7-Fərz edin ki, bütün bu altı iradı bir kənara qoyduq. Bu aydın təhlilə göz yumur və sadəcə ağlı mühakiməyə dəvət edirik. Görəsən, biz Quranın əvəzində gələcək insanların yeni peyğəmbərlik iddiasına qarşı vəzifəsini müəyyən etmək istəsəydik, “min il sonra yeni bir peyğəmbər gələcək” deməli olsaydıq, bunu bu qədər sirli şəkildəmi deyərdik? Elə bir şəkildəmi deyərdik ki, 12-13 əsr sonraya qədər heç bir alim və qeyri-alim ayənin mənasını az da olsa anlamasın və 1273 il keçdikdən sonra bir qrup yeni bir kəşf kimi və yalnız özlərinin qəbul etdiyi örnəklə bağlı onu üzə çıxarsınlar?

Daha məntiqlisi “mən sizə müjdə verirəm, min il sonra bu adda bir peyğəmbər gələcək" - deyilməsi olmazdımı? Necə ki Həzrət İsa (ə) İslam peyğəmbəri (s) haqqında demişdi:

# مُبَشِّرًابِرَسُولِيَأْتِيمِنْبَعْدِياسْمُهُأَحْمَدُ


"Məndən sonra gələcək Əhməd adlı elçisi ilə (sizi) müjdələyən bir elçisiyəm!"

Bəlkə də, bu məsələ barəsində bu qədər geniş danışmağa ehtiyac yox idi. Amma gənc müsəlman nəslini dünya müstəmləkəçilərinin qurduğu tələlərdən, İslam dünyasını zəiflətmək üçün ortaya atdıqları cərəyanlardan xəbərdar etmək üçün onların məntiqinin kiçik bir hissəsini qeyd etməkdən başqa çarəmiz yox idi. Gerisini özünüz düşünün.