Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Əl-Əhzab Surəsinin Ayələrinə Qayıt →
Əl-Əhzab Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Əhzab surəsi, 1-3-cü ayələr

Əhzab surəsi, 1-3-cü ayələr



بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ


يَا أَيُّهَا النَّبِيُّ اتَّقِ اللَّهَ وَلَا تُطِعِ الْكَافِرِينَ وَالْمُنَافِقِينَ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا .١


وَاتَّبِعْ مَا يُوحَى إِلَيْكَ مِنْ رَبِّكَ إِنَّ اللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا .٢


وَتَوَكَّلْ عَلَى اللَّهِ وَكَفَى بِاللَّهِ وَكِيلًا .٣


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. Ey Peyğəmbər! Allahdan qorx, kafirlərə və münafiqlərə itaət etmə. Allah biləndir və hikmət sahibidir.

2\. Rəbbindən sənə vəhy olunana tabe ol ki, Allah nə etdiyinizdən xəbərdardır.

3\. Allaha təvəkkül et! Allahın qoruyan və müdafiəçi olması kifayatdir.

Ayələrin nazilolma səbəbi.



Təfsirçilər burada müxtəlif nazilolma səbəbləri nəql etmişlər ki, təqribən hamısı eyni mövzunun ətrafında dolanır.

Məsələn, nəql edirlər ki, bu ayələr Əbu Süfyan və bəzi başqa küfr və şirk öncülləri haqqında nazil olmuşdur. Belə ki onlar Ühüd döyüşün- dən sonra İslam peyğəmbərindən (s) aman alıb, Mədinəyə daxil oldular. Abdullah ibn Übǝyy və digər dostları ilə Peyğəmbərin (s) hüzuruna gəlib dedilər: "Ey Muhəmməd! Gəl, bizim bütlərimiz (Lat, Uzza, Mənat) haqqında pis danışmaqdan vaz keç. De ki, onlar pərəstiş edənlər üçün şəfaət edirlər. Əvəzində biz də səndən əl çəkək. Allahı istədiyin kimi vəsf etməkdə azadsan”.

Bu təklif Peyğəmbəri (s) narahat etdi. Ömər ayağa qalxıb dedi: “İcazə ver, onları qılıncdan keçirim". Peyğəmbər (s) buyurdu: “Bu mümkün deyil. Mən onlara aman vermişəm". Amma onların Mədinədən çıxarılmasını əmr etdi. Yuxarıdakı ayələr nazil oldu və Peyğəmbərə (s) bu cür təkliflərə etina göstərməməyi əmr etdi.

Ayələrin təfsiri.



Yalnız ilahi vəhyə tabe olun!

Böyük rəhbərlərin yolu üzərində qərarlaşan ən təhlükəli uçurum müxalifləri tərəfindən irəli sürülən saziş təklifləridir. Burada rəhbərlərin önündə sapma cığırları yaranır ki, onları əsas yoldan yayındırmağa çalışır. Bu onlar üçün böyük sınaqdır.

Məkkə müşrikləri və Mədinə münafiqləri dəfələrlə çalışdılar ki, saziş təklifləri ilə Peyğəmbəri (s) tövhid xəttindən yayındırsınlar. Onlardan biri də sözügedən ayələrin nazilolma səbəbi olan hadisədir. Amma "Əhzab" surəsinin ilk ayəsi endi və əlüstü onların fitnəsinə son verdi. Peyğəmbəri (s) isə tövhid xəttini qətiyyətlə davam etdirməyə, sazişə getməməyə çağırdı.

Bu ayələr Peyğəmbərə (s) ümumilikdə dörd mühüm göstəriş verir: Birinci göstəriş başqa hər bir əmələ zəmin yaradan təqva və pəhrizkarlıq haqqındadır. Belə ki buyurur: "Ey Peyğəmbər! Allahdan qorx!

(يَاأَيُّهَاالنَّبِيُّاتَّقِاللَّهَ)


“Təqva”nın həqiqəti daxili məsuliyyət hissidir. Bu məsuliyyət olmasa, insan heç bir qurucu proqram ardınca getməz.

"Təqva" hidayət və Allahın ayələrindən faydalanma stimuludur. Necə ki "Bəqərə” surəsinin 2-ci ayəsində oxuyuruq:

هُدَىلِلْمُتَّقِين


“(Quran) təqvalılara doğru yol göstərən əzəmətli bir kitabdır”. Doğrudur ki, təqvanın son mərhələsi iman gətirdikdən və Allahın göstərişlərinə əməl etdikdən sonra hasil olur. Amma başlanğıc mərhələsi bu məsələlərdən öndə durur. Çünki insan məsuliyyət hiss etməsə, nə peyğəmbərlərin dəvətini araşdırar, nə də onların sözlərinə qulaq asar. Hətta kəlam və əqaid alimlərinin qeyd etdiyi, allahıtanıma səyinin asasını təşkil edən "ehtimal olunan zərərin dəf olunması" məsələsi də əslində təqvanın bir qoludur.

İkinci göstəriş kafir və münafiqlərə itaətin rədd olunmasıdır. Belə ki buyurulur: “Kafirlərə və münafiqlərə itaət etmə”. Sonda təkid üçün deyilir: "Allah biləndir və hikmət sahibidir".

(إِنَّاللَّهَكَانَعَلِيمًاحَكِيمًا)


Allah-taala sənə onlara itaət etməyi yasaqlayırsa, bu Onun sonsuz elm və hikmətindən irəli gəlir. Çünki bu itaət və sazişdə hansı üzücü müsibətlərin, saysız ziyanların gizləndiyini bilir.

Hər halda, təqva və məsuliyyət hissindən sonra ilk vəzifə könül səhifəsini əğyardan təmizləmək, mane olan tikanların kökünü bu diyardan qazıyıb çıxarmaqdır.

Üçüncü göstəriş tövhid toxumunu səpmək və ilahi vəhyə tabe olmaq haqqındadır. Belə ki Quran deyir: “Rəbbindən sənə vəhy olunana tabe ol”.

Ehtiyatlı ol və bil ki, “Allah nə etdiyinizdən xəbərdardır”.

(وَاتَّبِعْمَايُوحَىإِلَيْكَمِنرَّبِّكَ)


Demək, öncə insan öz daxilindən divi çıxarmalıdır ki, ora mələk yerləşə bilsin. Tikanları təmizləməlidir ki, orada gül bitsin. Tiranlığı aradan qaldırmalıdır ki, Allah hökmranlığı, ilahi sistem onun yerini tutsun.

Amma bu yolun davamında çox problemlər var. Olmazın təhdidlər, fitnə və xəyanətlər var. Buna görə də Müqəddəs kitab dördüncü fərmanı verir və buyurur: "Allaha təvəkkül et!"

“Allahın qoruyan və müdafiəçi olması kifayətdir”.

Əgər min düşmən yığılıb səni həlak etmək istəsə, Mən sənin yanında olduğum üçün onlardan qorxma!

Bu ayə birbaşa Peyğəmbərə (s) müraciət etsə də, məlumdur ki, göstəriş bütün möminlərə, bütün dünya müsəlmanlarına aiddir. Hər dövrdə, hər əsrdə həyatverici bir reseptdir.

Bəzi təfsirçilərə görə, (ya ǝyyuhə) nidası bir nəfərə müraciət etsə də, hamının diqqətini mətləbə cəlb etmək məqsədi daşıyır. (ya) nidası isə adətən müraciət ünvanı dinləyicinin özü olduqda işlənir.

Haqqında danışdığımız ayələrdə müraciət (ya əyyuhə) nidası ilə başladığı üçün ayələrin ümumi xarakter daşımasında israr edir.

Ayələrin ümumi xarakter daşımasına digər dəlil isə cəm şəklində verilən “إِنَّ اللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا” cümləsidir. Ayədə deyilir: “Allah nə etdiyinizdən xəbərdardır". Əgər yalnız Peyğəmbərə (s) aid olsaydı, "Allah nə etdiyindən xəbərdardır” deməli idi (diqqət edin).

Qeyd edək ki, bu göstərişlərin Peyğəmbərə (s) verilməsi heç də o demək deyil ki, o Həzrət (s) təqva məsələsində, kafirlərə və münafiqlərə itaət etməməkdə səhlənkar idi. Xeyr, bu açıqlamalar, bir tərəfdən, təkid xarakteri daşıyır, digər tərəfdən isə, bütün möminlər üçün dərsdir.